azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

15 Eylül 2008 Pazartesi

TEHRAN QAFQAZDA AMERİKASIZ TƏHLÜKƏSİZLİK ZONASI İSTƏYİR Rusiya isə İranın Azərbaycanla sərhədində hərbi baza yerləşdirməyə hazırlaşır

TEHRAN QAFQAZDA AMERİKASIZ TƏHLÜKƏSİZLİK ZONASI İSTƏYİR Rusiya isə İranın Azərbaycanla sərhədində hərbi baza yerləşdirməyə hazırlaşır
İran Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanla ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır. Bu barədə xarici işlər naziri Manuçehr Möttəki şənbə günü Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə apardığı danışıqlar zamanı bildirib. İlham Əliyev isə Möttəkiyə bildirib ki, İran Azərbaycana dost və tərəfdaş ölkədir, onun regionda önəmli rolu var. Rəsmi məlumatlara görə, tərəflər regionda ekstremizmə qarşı mübarizədə də həmrəy olduqlarını ifadə ediblər.Xəbər verildiyi kimi, İran xarici işlər naziri Bakıya Moskvada apardığı danışıqlardan sonra gəlib. Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı baş verənləri sakit şəkildə müşahidə etməyə üstünlük verən Tehran regiona nəzarət uğrunda geosiyasi mübarizənin yeni mərhələsinin başladığını görərək hərəkətə keçib. Belə görünür ki, İran ABŞ-ın Xəzər regionundan sıxışdırılması üçün önəmli fürsət yarandığını görür və bu fürsətdən öz maraqları üçün istifadə etməyə çalışır. ABŞ-ın regiondan sıxışdırılmasında önəmli məsələ Azərbaycanın kimin tərəfində yer alması hesab edilə bilərdi. Bu baxımdan Möttəki Moskvada apardığı danışıqlardan sonra məhz Bakıya gəlib. Onun qəfil səfəri Gürcüstan ətrafında baş verənlərdən sonra Qərblə Rusiya arasında güclənən qarşıdurmanın fonunda və Tehranla Moskvanın hərbi müttəfiqlik münasibətləri yaratmağa hazırlaşdığına dair xəbərlərin yayıldığı bir vaxtda kifayət qədər maraqlı görünür.İranın “Şəhab News” agentliyinin yaydığı məlumata görə, Rusiya İranda iki hərbi baza qurmaq niyyətindədir. Həmin mənbə, bazalardan birinin Türkiyə və Azərbaycanla sərhəddə yerləşən İran Azərbaycanında, ikincisinin isə Fars körfəzində yerləşdirilə biləcəyini vurğulayır. Küveytdə nəşr edilən “Əldar” qəzetinin məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, Moskvanın Fars körfəzində yerləşən “Qeşm” adasında qurmaq istədiyi ikinci baza raketlərdən müdafiə qurğularından ibarət olacaq. Həmin mənbə əlavə edir ki, bu sistem ABŞ-ın Polşa və Çexiyada yerləşdirmək istədiyi raketlərdən müdafiə sistemlərindən və ABŞ-ın Fars körfəzindəki hərbi donanmasından gələn təhlükələrə cəvab olaraq nəzərdə tutulur. İranın “Cam-e Cəm” qəzeti isə İranda ən azı iki hərbi bazanın təsis edilməsinin vacibliyi barədə Kremlin qarşısında təkliflə ilk dəfə olaraq Rusiyanın İran Tədqiqat Mərkəzinin çıxış etdiyini qeyd edir.Yayılan xəbərlərə görə, bütün bunların qarşılığında Moskva Tehrana bir sıra şirnikləndirici vədlər verib. Belə ki, Rusiya tərəfi, İranın Buşehr nüvə qurğularının 2009-cu ilədək təkmilləşdirilərək istifadəyə verilməsinə və İsrail hücum etdiyi təqdirdə bu ölkəyə hərbi dəstək olacağına təminat verib. Bir neçə gün öncə, Rusiyanın Nüvə Agentliyi, İranın Buşehr Nüvə Stansiyasının təkmilləşdiriləcəyi ilə bağlı rəsmi açıqlama ilə çıxış etmişdi. Rusiya və İran xarici işlər nazirlərinin bu gün başlayan danışıqlarından öncə isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Buşehrlə bağlı əmakdaşlığın yaxşı səviyyədə olduğunu təsdiqləyib. Londonda nəşr edilən “Ceymz Defens” jurnalı hərbi-diplomatik mənbələrə istinadən Moskvanın 1992 və 1997-ci illərdə İrana təhvil verdiyi üç sualtı qayıqlarından birinin yenidən qurulması, izləmə cihazları, suda və quruda hədəfləri vura biləcək raket sistemi ilə silahlandırılması haqda məlumat yayıb. Qeyd edək ki, İran rəsmiləri ruslara hərbi baza verilib-verilməməsi kimi iddialara hər hansı münasibət bildirməyib.Qərb ekspertləri hesab edirlər ki, Rusiya ilə İran arasında hərbi ittifaq yaranarsa, bu ABŞ üçün dəhşətli yuxu hesab edilə bilər. Çünki bu zaman dünyada çox güclü yeni ittifaq meydana çıxmış olacaq, İran-Rusiya hərbi ittifaqı Yaxın Şərq regionu da daxil olmaqla Cənubi Qafqaza və enerji ehtiyatları ilə zəngin Xəzər bölgəsinə nəzarət etməyə imkan verəcək. Digər tərəfdən, İranın nüvə silahı əldə etməsi qaçılmaz olacaq. Çünki Rusiya Qərblə pisləşən münasibətlərin fonunda İrana nüvə silahı əldə etməyə kömək edə bilər. Bu isə o deməkdir ki, ABŞ-ın BMT Təhlükəsizlik Şurası vasitəsilə İrana sanksiyalar tətbiq edib bu ölkəni nüvə proqramlarını dayandırmağa məcbur etmək siyasəti tamamilə boşa çıxacaq.Təsadüfi deyil ki, Rusiya İran ərazisində hərbi bazalardan birini məhz Azərbaycanla sərhəddə yerləşdirməyi nəzərdə tutur. Həmin bazadan Rusiya Azərbaycanı cənub istiqamətindən nəzarətdə saxlaya biləcək. Bununla da İran Azərbaycan istiqamətindən ABŞ-ın mümkün hücumuna məruz qalmaq təhlükəsindən özünü sığortalayacaq. Belə görünür ki, Moskva ilə bu cür strateji anlaşamaların ərəfəsində olan İran Azərbaycana təklif edir ki, indidən regionda təşəkkül tapmaqda olan yeni təhlükəsizlik sisteminə daxil olsun. Bu təhlükəsizlik sistemini İran və Rusiya şübhəsiz ki, ABŞ-ın iştirakı və rolu olmadan qurmağa çalışır. Gürcüstan ətrafında yaranan böhranla eyni vaxtda Türkiyənin irəli sürdüyü Qafqaz təhlükəsizlik və əməkdaşlıq platformasında İran nəzərdə tutulmurdu. Bundan narazı qalan Tehran işarə edir ki, regionda təhlükəsizlik ancaq 3+3 formulu əsasında baş tuta bilər. Bu formul üç Cənubi Qafqaz respublikasının Rusiya, İran və Türkiyə ilə birlikdə yeni təhlükəsizlik sisteminə daxil olmasını nəzərdə tutur. Türkiyə NATO-nun üzvü olsa da, “Qafqaz platforması” ideyasını irəli sürməkdə daha çox regional aspektlərdən çıxış edir. Prezident Abdullah Gül Türkiyənin təklifini şərh edərkən açıq deyib ki, artıq ABŞ dünyaya təkbaşına nəzarət edə bilmir və yeni güc mərkəzləri yaranır.Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev sabah prezident Dmitri Medvedyevin dəvəti əsasında Moskvaya gedəcək. Şübhəsiz ki, bu dəvətin əsas məqsədi Azərbaycanı regionda Amerikasız yeni təhlükəsizlik sisteminə cəlb etmək üçün danışıqlar aparmaqdır. Siyasət şöbəsi musavat

Hiç yorum yok: