azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

24 Nisan 2009 Cuma

Azərbaycan tarixə 2003-2008-ci illərdə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil ediləcəkdir

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
– Nazirlər Kabinetinin bugünkü iclasında biz 2009-cu ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarını müzakirə edəcəyik. 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün yeni inkişaf dövrünün başlanması ilidir. Son beş il ərzində Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf etmişdir və Azərbaycan tarixə 2003–2008-ci illərdə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil ediləcəkdir. Bu, böyük nailiyyətdir. Ölkəmiz son beş il ərzində böyük yol keçə, böyük uğurlar əldə edə bilmişdir. İqtisadiyyat 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 3–4 dəfə aşağı düşmüş, büdcə xərcləri 10 dəfədən çox artmışdır. Ölkədə böyük sosial proqramlar icra edilməyə başlanmışdır. Bir sözlə, son beş il ərzində Azərbaycan çox böyük addım atmışdır və bu möhkəm zəmin əsasında biz gələcəyə ümidlərlə baxırıq.
2009-cu il xüsusi il olacaqdır. Bütün dünyanı bürümüş böhran artıq hər bir ölkəyə öz təsirini göstərir. Hər bir ölkə bu və ya digər formada bu böhrandan əziyyət çəkir. Bütövlükdə əgər dünya xəritəsinə baxsaq görərik ki, əksər ölkələrdə iqtisadi inkişaf dayanıb, yaxud da iqtisadiyyat tənəzzülə uğrayır, sənaye istehsalı aşağı düşür, tikinti dayanır. Ölkələrin milli valyutasının qiymətdən düşməsi nəticəsində kütləvi şəkildə müflisləşmə prosesi gedir, kütləvi şəkildə işsizlik yaranır. Yəni bütün bu xoşagəlməz amillər, demək olar ki, bütün dünyada özünü büruzə verir. Azərbaycanın iqtisadi inkişafı isə 2009-cu ilin birinci rübündə uğurlu olmuşdur.
Bütün çətinliklərə baxmayaraq, böhrana baxmayaraq, birinci üç ayda Azərbaycanda ümumi daxili məhsul 4,1 faiz artmışdır. Hesab edirəm ki, böhranlı il üçün bu, çox böyük nəticədir. Ən sevindirici hal ondan ibarətdir ki, bu üç ayda qeyri-neft sektorunda inkişaf təxminən 14 faiz olmuşdur. Bu da son beş il ərzində aparılan islahatların nəticəsidir. Onun nəticəsidir ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində əməli-praktik addımlar ata bilmişdik və bunların nəticələrini artıq görürük. Keçən dövr ərzində əsas istiqamətlərimiz iqtisadiyyatımızın neft amilindən asılılığının aradan götürülməsi idi və biz buna nail ola bilmişik. Əgər bu olmasaydı, qeyri-neft sektoru təxminən 14 faiz artmazdı.
Xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bölgələrdə dayanıqlı inkişaf üçün çox gözəl şərait yaradılmışdır. Yüz minlərlə yeni iş yerləri açılmışdır, minlərlə yeni müəssisə açılmışdır. Demək olar ki, ərzaq məhsulları sahəsində daxili tələbatı yerli istehsalla təmin etmək siyasətimiz çox gözəl nəticələr vermişdir. Yəni bunlar əsas amillərdir ki, 2009-cu ildə də bizə iqtisadi inkişafı təmin etməyə imkan verir.
Bizim nailiyyətlərimiz ancaq ümumi daxili məhsulun rəqəmləri ilə ölçülmür. Birinci üç ayda bizim ixracımız 20 faizdən çox artmışdır. Azərbaycana qoyulan investisiyaların həcmi 15 faiz artmışdır. Əhalinin pul gəlirləri 20 faizdən çox artmışdır. Orta əmək haqqı 20 faizdən çox artmışdır. Yəni bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı möhkəm iqtisadiyyatdır. Azərbaycan iqtisadi inkişaf baxımından istənilən məsələni həll edə bilər. Bizim əsas uğurlarımızın səbəbləri neft-qaz deyil, bizim əsas uğurlarımızın səbəbləri güclü iqtisadi siyasətdir, iqtisadi və siyasi islahatlardır. Bu islahatlar dünya birliyi tərəfindən də görünür və qəbul edilir. Əgər belə olmasaydı, dünyanın ən böyük maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ildə bir nömrəli islahatçı ölkə kimi tanımazdı. Əgər belə olmasaydı, Azərbaycan şəffaflıq sahəsində əldə edilmiş uğurlara görə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təltif edilməzdi. Yəni bu, bir daha onu göstərir ki, bizim uğurlarımızı ancaq neft və qaz amili ilə bağlamaq istəyən dairələrin bütün təbliğatı heç bir səmərə vermədi, heç bir nəticə vermədi.
Bir daha demək istəyirəm ki, bizim əsas uğurlarımızın səbəbi iqtisadi islahatlar, siyasi islahatlar, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, ölkə daxilində yaranmış vətəndaş birliyi, xalqla iqtidar arasında olan birlik və xarici investorların Azərbaycana çox etibarlı ölkə kimi baxmalarıdır. Bunun növbəti əlamətini biz bu yaxınlarda Bakıda 300 milyon avrodan çox dəyərində yeni sement zavodunun təməlqoyma mərasimində gördük. İndiki durumda bütün sənaye müəssisələri dayanır, ixrac dayanır, investisiyalar dayanır, banklar kreditlər vermir, banklarda likvidlik, demək olar ki, çox aşağı səviyyədədir. Azərbaycanda isə xarici investorların, beynəlxalq maliyyə qurumlarının və Azərbaycanın İnvestisiya Şirkətinin birgə iştirakı ilə nəhəng, bölgə üçün çox böyük sənaye müəssisəsi yaradılır. Biz düşünülmüş siyasətlə, investisiyaların cəlb edilməsi və lazımi səviyyədə qorunması nəticəsində Azərbaycanda çox gözəl investisiya mühiti yarada bilmişik.
Eyni zamanda, yerli sahibkarlığın inkişafı üçün də əməli-praktik işlər görürük. Biz bu il Sahibkarlığa Kömək Milli Fondundan veriləcək kreditlərin məbləğini artırdıq. Azərbaycanın gəlirlərinin müəyyən hissəsini biz neftin ixracı ilə təmin edirik və bildiyiniz kimi, son vaxtlar dünyada neftin qiyməti 3–4 dəfə aşağı düşmüşdür. Buna baxmayaraq, büdcədən sahibkarlara kömək məqsədi ilə ayrılan vəsaitin həcmi böyük dərəcədə artır. Artıq bu kreditlər verilməyə başlanmışdır və əminəm ki, onların hesabına yerli sahibkarlar yeni müəssisələr yaradacaq, yeni imkanlar əldə edəcək və ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verəcəklər.
Biz növbəti illərdə də bu siyasətə sadiq qalacağıq. Azərbaycanda özəl sektorun inkişafı üçün lazımi tədbirlər bundan sonra da görüləcəkdir. Bu yaxınlarda qəbul olunmuş və növbəti beş ili əhatə edən inkişaf proqramı təsdiq edilibdir. Bu proqram çox ciddi sənəddir. Orada inkişafın əsas istiqamətləri müəyyən olunub, lazımi tədbirlərin görülməsi təmin edilibdir. Proqramda hər şey açıq-aydın göstərilibdir – kim, nə vaxt, necə, hansı işi görməlidir. Beləliklə, mən şübhə etmirəm ki, növbəti beşillik proqramın icrası nəticəsində Azərbaycanın qarşısında duran əsas, ciddi sosial və iqtisadi problemlər tamamilə öz həllini tapacaqdır.
Biz iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, əlbəttə ki, sosial məsələlərin həlli ilə də ciddi məşğuluq. Bu, bizim siyasətimizin əsas istiqamətlərindən biri olmuşdur. Bir daha bunu demək istəyirəm ki, biz xalq üçün yaşayırıq, xalq üçün işləyirik və elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Bunu etmək üçün, əlbəttə ki, keçən beş il ərzində dəfələrlə maaşlar artırılmışdır, minimum əmək haqqı, minimum pensiyanın səviyyəsi dəfələrlə artırılmışdır. Bunu biz növbəti illərdə də edəcəyik.
Sosial infrastrukturun inkişafına böyük vəsaitlər qoyuldu, 2 minə yaxın yeni məktəb, yüzlərlə yeni xəstəxana, tibb, mədəniyyət ocaqları tikildi. Yəni bu sahə heç vaxt diqqətdən kənarda qalmamalıdır. Bizim bugünkü müzakirəmizin, demək olar ki, əsas mövzusu iqtisadi məsələlərlə bərabər, sosial məsələlər olacaqdır. Xüsusilə böhranlı vəziyyətdə bunun əhəmiyyəti artır. Çünki böhranlı vəziyyətdə bəziləri daha çox iqtisadi imkanlar barədə düşünürlər, bəziləri daha çox maliyyə resurslarının qıtlığı haqqında düşünürlər. Əlbəttə ki, bu, bizi də düşündürür və bu istiqamətdə bütün lazımi tədbirləri görürük. Ancaq bu, ona gətirib çıxarmamalıdır ki, sosial məsələlər yaddan çıxsın. Ona görə bu il və növbəti illərdə bu istiqamətdə bütün qəbul edilmiş proqramlar, layihələr icra olunmalıdır və beləliklə, biz Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcəyik.
Bizim uğurlu siyasətimiz artıq özünü göstərdi, özünü sübut etdi. Həm bölgədə yaşanan siyasi qarşıdurmalar, həm bu gün yaşanan iqtisadi-maliyyə böhranı Azərbaycana ən az səviyyədə təsir edə bilmişdir. Bunun da səbəbləri aydındır. Bu barədə mən öz fikirlərimi söylədim. Əminəm ki, bizim düşünülmüş və milli maraqlar əsasında qurulmuş siyasətimiz Azərbaycanı növbəti illərdə də böyük uğurlara gətirib çıxaracaq, Azərbaycanın bölgədəki mövqelərini daha da möhkəmləndirəcək, bizim təsir imkanlarımız daha da artacaqdır.
Bu barədə keçən beş il ərzində mən müxtəlif tədbirlərdə öz fikirlərimi söyləmişdim. Bu gün də bunu vurğulamaq istəyirəm, xüsusilə ona görə ki, həyat bizim sözlərimizi təsdiq etdi. Azərbaycan müstəqil siyasət aparır. Azərbaycanın bölgədəki təsir imkanları artır. Bunu biz özümüz, öz siyasətimizlə, öz cəsarətli addımlarımızla təmin etmişik. Ölkədə yaşanan vətəndaş həmrəyliyi müstəqil siyasətin aparılmasına ən böyük güc verən amildir.
Bu gün bölgədə gedən proseslər, əlbəttə ki, Azərbaycanın önəmini daha da artırır. Biz nəinki bu proseslərin iştirakçısıyıq, həm də bəzi təşəbbüslərin müəllifiyik. Həm iqtisadi, həm nəqliyyat, energetika sahəsində, həm də siyasi məsələlərin həllində Azərbaycanın mövqeyi mütləq nəzərə alınmalıdır və alınır. Azərbaycanın iştirakı olmadan bölgədə nə iqtisadi, nə siyasi addımlar atıla bilməz, Azərbaycanın milli maraqları təmin olunmadan bölgədə geniş mənada əməkdaşlıq mümkün deyildir. Bu, reallıqdır və bu reallıqları biz özümüz yaratmışıq.
Bu gün Azərbaycan o ölkədir ki, bizim sözümüzlə, bizim maraqlarımızla hesablaşırlar və o ölkədir ki, bölgədə sabitləşdirici rolunu oynayır və bu rol getdikcə artmaqdadır. Əgər kiməsə bu, aydın deyildisə, hesab edirəm ki, indi bölgənin imkanları ilə tanış olan hər bir kəsə bu, açıq-aydın bəllidir. Əlbəttə ki, bizim həm siyasi çəkimiz, həm iqtisadi gücümüz, həm də mühüm ölkə kimi önəmimiz artdıqca, təsir imkanlarımız da genişlənəcəkdir. Bizim xarici ölkələrlə çox səmərəli əməkdaşlığımız var və dünyada Azərbaycanın dostları artır. Biz bunu beynəlxalq tədbirlərdə, beynəlxalq təşkilatlarda əməkdaşlıqda görürük. Regional əməkdaşlıq məsələlərində Azərbaycan həmişə çox konstruktiv rol oynamışdır. Həmişə çalışmışdır ki, bütün ölkələrlə yaxşı münasibətlərdə olsun və öz milli maraqlarını maksimum dərəcədə təmin edə bilsin.
Bir sözlə, bu ilin üç ayı bir daha göstərdi ki, bizim siyasətimiz düzgün siyasətdir. Bu siyasət Azərbaycanı qoruyur, Azərbaycan xalqına xeyir gətirir, bu siyasət Azərbaycan dövlətini, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir.
Bu gün biz bu məsələlər ətrafında məruzələr eşidəcəyik və ilk növbədə, söz verilir iqtisadi inkişaf naziri Şahin Mustafayevə.

İqtisadi inkişaf naziri Şahin Mustafayevin çıxışı
– Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya 2003-cü ildən respublikaya inamla rəhbərlik edən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu strategiyanın yeni dövrün tələblərinə uyğun əhəmiyyətli dərəcədə zənginləşdirilməsi milli iqtisadiyyatın regional və qlobal sınaqlara dayanıqlığını artırmış, sosial-iqtisadi islahatlarla müəyyən edilmiş məqsədlərə nail olunmasını, o cümlədən həmin siyasətin əsasını təşkil edən əhalinin sosial vəziyyətinin yaxşılaşmasını təmin etmişdir.
Qlobal iqtisadi böhran əksər ölkələrdə əsas makroiqtisadi göstəricilərin pisləşməsi ilə, o cümlədən ümumi daxili məhsulun və xarici ticarət dövriyyəsinin azalması, işsizliyin kütləvi xarakter alması, ciddi likvidlik çatışmazlığı kimi problemlərlə müşahidə olunur. Lakin uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkəmizdə əhəmiyyətli strateji valyuta ehtiyatlarının yaradılması, konservativ xarici borclanma, xarici maliyyə bazarlarından asılılığın minimuma endirilməsi, manatın sabitliyinin təmin edilməsi sayəsində qlobal iqtisadi böhran digər ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir.
Təsadüfi deyildir ki, həm beynəlxalq maliyyə təşkilatları, həm də tanınmış reytinq agentlikləri və ekspertlər Azərbaycan iqtisadiyyatının dünya maliyyə-iqtisadi böhranına dayanıqlığını birmənalı ifadə etmişlər. Belə ki, Dünya Bankı mart ayında tərtib etdiyi İqtisadi Memorandumda Azərbaycanın başqa ölkələrlə müqayisədə qlobal böhranı daha güclü mövqe ilə qarşıladığını, böyük təsirlərə məruz qalmayacağını və maliyyə sektorunun böhrandan qaça bildiyini göstərmişdir. “Fitch Ratings” agentliyi Avropanın 21 ölkəsindən 19-da ümumi daxili məhsulun azalacağını, birində dəyişməyəcəyini və yalnız Azərbaycanda iqtisadi artım olacağını bildirmiş, Asiya İnkişaf Bankı isə bu artımı 8 faiz proqnozlaşdırmışdır.
Möhtərəm cənab Prezident!
Nazirlər Kabinetinin bu il yanvarın 16-da keçirilmiş geniş iclasında iqtisadiyyata yönəldilən resursların səmərəli istifadəsi, investisiya layihələrinin prioritetliyinin müəyyən edilməsi, sahibkarlığa dövlət dəstəyinin, istehlak bazarına nəzarətin və antiinhisar tədbirlərinin gücləndirilməsi, dövlət vəsaitlərindən istifadə üzərində nəzarətin təkmilləşdirilməsi Sizin tərəfinizdən qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana təsirinin azaldılması istiqamətində əsas tədbirlər kimi müəyyən edilmişdir. Bu tədbirlərin həyata keçirilməsi, eləcə də əvvəlki illərdə aparılmış uğurlu siyasət nəticəsində cari ilin birinci rübündə də ölkə iqtisadiyyatının dinamik inkişafı davam etmiş, hətta qlobal iqtisadi böhran şəraitində Azərbaycanda ümumi daxili məhsul 4,1 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 13,7 faiz artmışdır.
Neft hasilatında texniki səbəblərlə əlaqədar sənaye məhsulu istehsalının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz azalsa da, qeyri-neft sənayesində 1,4 faiz artım olmuşdur.
Həyata keçirilmiş tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı 4,3 faiz, ümumi yük daşımalarının həcmi 1,1 faiz, qeyri-neft yük daşımalarının həcmi 5 faiz, pərakəndə əmtəə dövriyyəsi 10 faiz, pullu xidmətlərin həcmi 20,5 faiz artmışdır.
İqtisadiyyata inflyasiya təzyiqləri azalaraq, keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz təşkil etmiş, ilin əvvəlindən isə istehlak qiymətləri indeksi 2,1 faiz azalmışdır.
Yanvar–fevral aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz artaraq, 2 milyard 418 milyon dollar təşkil etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu dövrdə ixracın həcmi 1 milyard 492 milyon dollar olmaqla 24,6 faiz artmış, idxalın həcmi isə 1 faiz azalmışdır.
Xarici ticarət dövriyyəsində 566 milyon dollarlıq müsbət saldo yaranmışdır ki, bu da ölkənin valyuta ehtiyatlarının və manatın sabitliyinin təmin edilməsində mühüm rol oynayır.
Cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 2 milyard 522 milyon manat və ya 92 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 537,6 milyon manat və ya 27,1 faiz çox olmuşdur.
Dövlət büdcəsinin xərcləri 2 milyard 345 milyon manat və ya 97,9 faiz icra edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 972 milyon manat və ya 70,8 faiz çoxdur.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilmiş və bu məqsədlə dövlət büdcəsinin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 42,6 faiz və ya 245 milyon manat artırılaraq 820 milyon manat təşkil etmişdir. Bu isə ümumi büdcə xərclərinin 35 faizinə bərabərdir.
Məqsədyönlü sosial siyasət nəticəsində əhalinin gəlirləri 25 faiz, onun adambaşına düşən həcmi 19,6 faiz, orta aylıq əmək haqqı 26,5 faiz artmışdır. Son aylar ərzində qiymətlərin aşağı düşməsi də əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin artmasına müsbət təsir göstərmişdir.
Əsas kapitala yönəldilmiş investisiyalar 15,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 72,3 faiz artmışdır. Dövlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmi daha da artaraq, rüb ərzində 1 milyard 79 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə və ya 521 milyon manat çoxdur.
Hazırkı qlobal iqtisadi böhran şəraitində investisiya qoyuluşları, eləcə də onun sahəvi və regional strukturunun düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.
Böhran şəraitində dünya ölkələri arasında məhdud investisiya resursları uğrunda rəqabətin daha da gücləndiyi bir vaxtda Azərbaycanda mövcud olan siyasi və iqtisadi sabitlik investorların ölkəmizə marağını əhəmiyyətli dərəcədə artırmışdır. Rüb ərzində 6 ölkənin iş adamlarının iştirakı ilə təşkil edilmiş biznes forumlar, eləcə də işçi qaydada keçirilmiş görüşlər bunu təsdiq edir.
70 faizini xarici mənbələrdən cəlb edilmiş vəsaitlər hesabına həyata keçirilən və ümumi dəyəri 350 milyon avroya yaxın olan “Qaradağsement” Səhmdar Cəmiyyətinin müasir texnologiyalar əsasında yenidən qurulmasının, cənab Prezident, bu günlərdə Sizin iştirakınızla təməlinin qoyulması buna sübutdur. Bu layihə çərçivəsində 30-dək yerli şirkətin cəlb edilməsi, 1100-dək iş yerinin açılması və ekoloji vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması gözlənilir.
Bununla yanaşı, regionlarda sənaye, tikinti, məişət, yeyinti və kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində 60-a yaxın müəssisənin tikintisi aparılır ki, bu müəssisələrdə də 15 mindən çox yeni iş yerləri açılacaqdır. İnvestisiyaların cəlb edilməsi sahəsində dövlət tərəfindən aparılan məqsədyönlü tədbirlər çərçivəsində Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti genişləndirilmiş, Küveyt Maliyyə Evi ilə “Küveyt–Azərbaycan İnvestisiya Şirkəti” Səhmdar Cəmiyyəti yaradılmışdır.
Sahibkarlığa dövlət dəstəyinin artırılması və şəffaflığın təmin edilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti yeni tələblərə uyğun təkmilləşdirilir, iş adamlarının güzəştli kredit almaq şərtləri sadələşdirilir, süni maneələr aradan qaldırılır və beynəlxalq auditin keçirilməsi planlaşdırılır. Bunun nəticəsində rüb ərzində istehsal və emal sahələri üzrə 99,5 faizi regionlarda olmaqla, 200 sahibkarlıq subyektinin 9,7 milyon manat məbləğində investisiya layihəsi maliyyələşdirilmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən verilmiş kreditlərin məbləği 2 dəfə, investisiya layihələrinin sayı isə 3,6 dəfə artmışdır.
Sahibkarların maarifləndirilməsi işinin təşkili üçün regionlarda Bakı Biznes Tədris Mərkəzinin filialları yaradılmış və investisiya layihələrinin tərtib edilməsi və fondun vəsaitlərindən istifadə qaydalarına dair Lənkəran, Şəki, Sumqayıt, Horadiz və Göyçayda seminarlar keçirilmişdir. Bu tədbirlərin bütün regionlarda mütəmadi olaraq həyata keçirilməsi biznes fəaliyyətinin ölkənin inkişaf prioritetlərinə uyğunlaşdırılmasına, layihələrin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək və ikinci rübdə verilən güzəştli kreditlərin həcminin 50 milyon manata çatdırılmasına imkan verəcəkdir. Eyni zamanda, sahibkarların güzəştli kreditlərə artan tələbatının ödənilməsi məqsədi ilə Dünya Bankı və OPEK Fondu ilə danışıqlar aparılır.
Biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və ixracyönümlü müəssisələrin dəstəklənməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində 60-a yaxın iri qeyri-neft ixracatçıları ilə görüş keçirilmiş, eyni zamanda, işçilərinin sayı 100 nəfərdən çox olan 200-dən artıq iri müəssisənin mövcud vəziyyəti haqqında toplanmış məlumatlar təhlil edilir. İlkin təhlillər göstərir ki, son 6 ayda əmək haqqı bu müəssisələrin 47 faizində artmış, 51 faizində dəyişməmiş, 2 faizində isə azalmışdır. Müəssisələrin 57 faizi cari ildə investisiya qoyuluşunu planlaşdırır.
Sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması məqsədi ilə aparılan bütün yoxlamaların və icazələrin elektron qeydiyyat sisteminin, eləcə də sorğuların cavablandırılması üzrə telefon-məlumat mərkəzinin yaradılması istiqamətində işlərin həyata keçirilməsinə başlanılmışdır.
Sahibkarlıq fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi davam etdirilmiş, “Rəqabət Məcəlləsi”nin layihəsi üçüncü oxunuşda müzakirə üçün hazırlanmış və “Xüsusi iqtisadi zonalar haqqında” Qanun Milli Məclisdə qəbul edilmişdir. Xüsusi iqtisadi zonaların yaradılması sahibkarlığın inkişafına müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyata əlavə investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, məşğulluğun və əhalinin gəlirlərinin artmasına imkan yaradacaqdır.
Bununla yanaşı, nəqliyyat infrastrukturunun modernləşdirilməsi sahəsində aparılmış ardıcıl işlər, o cümlədən cənub, şimal və qərb istiqamətlərində tikilmiş beynəlxalq standartlara cavab verən yollar və iri infrastruktur obyektləri, eləcə də yeni terminallar və loqistik mərkəzləri yaratmaqla bu sahədəki potensialdan səmərəli istifadə Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaqdır.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və əhalinin məşğulluğu baxımından kənd təsərrüfatının xüsusi əhəmiyyətini nəzərə alaraq, aqrar sektora dövlət dəstəyi davam etdirilmiş, bu sahəyə tətbiq edilən vergi güzəştlərinin müddəti növbəti dəfə uzadılmışdır. Bundan əlavə, subsidiyaların verilməsi mexanizminin və “Aqrolizinq” ASC-nin fəaliyyətinin təkmilləşdirilməsi, tədarük sisteminin, xarici investorların iştirakı ilə aqroservis və aqrofermaların yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. İnhisarçılığın və haqsız rəqabətin qarşısının alınması məqsədi ilə əmtəə bazarlarına giriş maneələrinin və ayrı-seçkilik hallarının, təbii inhisar subyektlərinin inhisarçılıq hərəkətlərinin qarşısı alınmış, sənaye mülkiyyəti hüquqlarının pozulması yolu ilə buraxılan malların istehsalının və satışının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
İstehlakçıların hüquqlarının müdafiəsi, istehlak bazarının saxta, keyfiyyətsiz, təhlükəli mallardan qorunması və süni qiymət şişirtmələrinin qarşısının alınması məqsədi ilə mütəmadi monitorinqlər keçirilir, nəticələri təhlil olunaraq müvafiq tədbirlər görülür.
Möhtərəm cənab Prezident!
Bütün sahələrdə əldə olunmuş nailiyyətlər zamanın sınağından uğurla çıxmış və xalqımızın layiqli həyat səviyyəsinin təmin edilməsində alternativsiz siyasətinizin tərkib hissəsi olan yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaqla etibarlı təminatı və ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş kompleks tədbirlərin sistemli və vaxtında yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur.
Sizin bir neçə gün öncə təsdiq etdiyiniz “Azərbaycan Respublikası regionlarının 2009– 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası, ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsini, iqtisadiyyatın şaxələndirilməsini, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafı və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını təmin edəcəkdir.
Diqqətinizə görə minnətdaram.

"Obama və Klintonun Qarabağ münaqişəsinə diqqəti artıb"

Enn Dersi: "Biz inanırıq ki, həmin diqqət regiona davamlı sülh gətirə bilər"

ABŞ Dövlət katibi Hillari Klintonun Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı verdiyi açıqlamada Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunması Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.



Dövlət katibinin açıqlamasına müxtəlif şərhlər verildiyindən dünən ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Hillari Kilintonun açıqlamalarını rəsmi şəkildə şərh edib. ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin yaydığı açıqlamada səfir Enn Dersi Hillari Klintonun sözlərindən ruhlandığını bildirib. "Dövlət katibi Klintonun sözləri məni ruhlandırıb. Ümid edirəm ki, Azərbaycan xalqı da Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişin olmasını gözləyir"- deyən səfir Enn Dersi ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın və digər həmsədrlərin regiona intensiv səfərlərinin müsbət dəyişikliklərə gətirib çıxaracağı barədə nikbin olduqlarını bildirib. "Dövlət katibinin müavininin köməkçisi və ABŞ tərəfindən olan həmsədər Metyu Brayza da daxil olmaqla, Minsk qrupu həmsədrləri bu gün Azərbaycana gəliblər. Bütün tərəflərin, yəni Azərbaycan və Ermənistan rəhbərlərinin və Minsk qrupu həmsədrlərinin daha intensiv səylərinin müsbət dəyişikliklərlə nəticələnməsində nikbinik". Enn Dersi DQ münaqişəsinin nizamlanması prosesinin ABŞ rəhbərliyi tərəfindən diqqətlə izlənildiyini bildirib. "Dövlət katibi Klinton və prezident Obamanın diqqəti bu prosesdədir və biz inanırıq ki, həmin diqqət regiona davamlı sülh gətirə bilər".

Xatırladaq ki, ABŞ Dövlət katibi Hillari Klinton ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsindəki çıxışı zamanı bəyan etmişdi ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üçün hər iki ölkənin hökumətləri Birləşmiş Ştatlardan dəstək istəyib. Eyni zamanda xanım Klinton Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində dinamikanın artmasına və bunun sonda müsbət dəyişikliklərlə nəticələnəcəyinə ümid etdiklərini deyərək bu ay amerikalı həmsədr Metyu Brayzanın üçüncü dəfə regiona göndərilməsinin ciddi səbəblərinin olduğuna dair işarələr vurub.


Vüsalə

Ərdoğan bazar ertəsi gəlir

O, prezident İlham Əliyevlə Qarabağ və sərhəd mövzusunu müzakirə edəcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfərə hazırlaşır. "OLAYLAR"ın məlumatına görə, Türkiyə hökuməti başçısının səfəri gələn həftənin bazar ertəsi realaşacaq. Ərdoğan Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və sərhədlərin açılması mövzusunda Türkiyə-Ermənistan danışıqları ilə bağlı yaranmış durumu müzakirə edəcəklər. Qeyd edək ki, Türkiyə tərəfi Dağlıq Qarabağ probleminin həllində irəliləyişə nail olunsa belə, qondarma "soyqırımı" araşdıran tarixçilərdən ibarət komissiya qurulmayınca, sərhədlərin açılmayacağını bildirib.

Azərbaycan ilk süni peykini 2011-ci ildə orbitə çıxaracaq

Azərbaycanın ilk milli süni rabitə peyki 2011-ci ildə geostasionar orbitə çıxarılacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata əsasən, sonrakı mərhələdə isə ikinci peykin buraxılması üçün hazırlıq işləri həyata keçirilməli, Avropa və ABŞ-ın nüfuzlu elmi mərkəzlərində müvafiq ixtisaslar üzrə kadrların hazırlanması, kosmik məlumatların qəbulu və sistemin idarə edilməsi üçün yerüstü infrastruktur şəbəkəsinin qurulması üzrə işlər aparılacaq.

İlkin mərhələdə kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin istismarı ilə əlaqədar lazım olan cihaz və avadanlıqların, həmçinin ehtiyat hissələrinin xarici ölkələrdən alınması planlaşdırılır, sonra isə Azərbaycanın mövcud istehsal imkanlarından, o cümlədən Müdafiə Sənayesi Nazirliyi müəssisələrinin, eləcə də Milli Aerokosmik Agentliyinin (MAKA) texniki bazasından istifadə etmək nəzərdə tutulub.

RİTN-in perspektiv baxımından rabitə peykinin orbitə çıxarılması ilə yanaşı, Yer səthinə operativ nəzarət edən, məsafədən zondlama peykinin buraxılması və istismara verilməsi də məqsədəuyğun sayılır. Azərbaycanın öz peykini orbitdə yerləşdirməsi kosmik məlumatlardan müstəqil istifadə etmə proseduralarında mövcud məhdudiyyətləri aradan qaldıracaq, eyni zamanda elmi-texniki potensialın imkanları daha geniş məkanda nümayiş etdiriləcək, dünya kosmik infrastrukturuna inteqrasiya etmək imkanı qazanılacaq.

Türkiyə Ermənistanla razılaşma imzalayır

Ərdoğanla Əli Babacan bağlı qapılar arxasında 3 saatlıq görüş keçirdi, Azərbaycan isə bəyanatı sərt qarşılamadı

Türkiyə Ermənistan münasibətləri Qarabağ münaqişəsi ilə paralel şəkildə nizamlanır

Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması barədə razılığa gəliblər. Bu barədə Ermənistan, Türkiyə və İsveçrə XİN rəhbərlərinin birgə bəyanatında deyilir. Bəyanatın mətnini Yerevanda Ermənistan XİN-in Çap və İnformasiya İdarəsi yayıb.
“Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə ikitərəfli münasibətlərini normallaşdırmaq, mehriban qonşuluq və qarşılıqlı hörmət çərçivəsində bölgədə barış, əmin-amanlıq və sabitlik məqsədi ilə intensiv səylər göstərməkdədir”, deyə bəyanatda qeyd edilir. «Hər iki tərəf bu prosesdə irəliləyiş və qarşılıqlı anlaşma əldə edib», deyə bəyanatda bildirilir.
«Onlar (Ermənistan və Türkiyə) ikitərəfli əlaqələrin hər iki tərəfi təmin edəcək şəkildə normallaşması üçün etibarlı bir çərçivə üzərində razılığa gəliblər», deyə bəyanatda vurğulanır.
«Bu çərçivədə həmçinin bir «yol xəritəsi» hazırlanıb», deyə Ermənistan, Türkiyə və İsveçrə XİN rəhbərləri bildirib.
«Üzərində dayanılan bu təməl davam edən danışıqlar üçün əlverişli perspektiv yaradır», deyə sənəddə qeyd edilir.
Türkiyə XİN-in Anadolu agentliyi tərəfindən yayılmış bəyanatında da deyilənlər öz əksini tapıb.
CNN Turk telekanalı qeyd edir ki, «Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmaq barədə razılaşma şəqiqətən də tarixi qərardır». Kanal vurğulayır ki, başlanmış işdə müəyyən irəliləyiş və “çərçivə razılığı” əldə olunub.
Türkiyə XİN-in yaydığı bəyanatdan dərhal sonra Türkiyə baş naziri Ərdoğan və xarici işlər naziri Əli Babacan bağlı qapılar arxasında üç saatlıq görüş keçiriblər.

Daşnakalar razılaşmanın əleyhinə çıxdılar

Daşnaksutyun Partiyası Ermənistan-Türkiyə münasibətləri ilə bağlı baş verən son proseslərə əlaqədar mövcud hökumət koalisiyasında iştirakına yenidən baxacaq.
APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi xəbərə görə, daşnaklar Ermənistan-Türkiyə danışıqlarında razılığa gəlindiyi və münasibətlərin “yol xəritəsi”nin hazırlandığına dair hər iki ölkənin rəsmi açıqlamasını müzakirəyə çıxarıblar. Müzakirənin sonunda qəbul olunan bəyanatda bildirilir ki, Daşnaksutyun “suveren və həyat qabiliyyətli erməni dövlətinin və gələcək nəsillərin milli dövlət hüquqlarının hesabına” Türkiyə ilə münasibət qurulmasını qəbul etməyəcək: “Bu prinsiplərə sadiq qalaraq biz aprelin 22-də Türkiyə ilə imzalanmış bəyanatı yolverilməz sayırıq.

XİN: «Azərbaycanın mövqeyi dəyişməzdir»

«Azərbaycanın mövqeyi dəyişməzdir. Dövlətin başqa ölkələrlə münasibətlər qurması onun suveren hüququdur. Lakin Azərbaycan hesab edir ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması prosesi ilə paralel aparılmalıdır». XİN-in mətbuat katibi səlahiyyətlərini icra edən Elxan Poluxov Türkiyə və Ermənistan XİN-lərinin ikitərəfli münasibətlərin normallaşması ilə bağlı bəyanatları haqqında yayılan məlumatları «Turan»a şərh edərkən belə deyib.
Ekspertlər nə düşünür?

«Yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həllinə və Türkiyə-Ermənistan sərhəddinin açılacağına inanmıram. Çünki bunlar bir-biri ilə bağlı proseslərdir». Sülh və Demokratiya İnstitutunun Konfliktologiya Departamentinin rəhbəri Arif Yunusov Türkiyə-Ermənistan sərhədlərinin açılması və Dağlıq Qarabağ münaqişəsinin yaxın aylarda nizamlanacağı ilə bağlı bəyanatları «Turan»a belə şərh edib.
Onun fikrincə, həm Türkiyə-Ermənistan münasibətlərində, həm də münaqişənin nizamlanması ilə bağlı çoxsaylı problemlər qalmaqdadır. «Digər tərəfdən, əsas məsələ Rusiyanın münasibətində dəyişikliyin hələ olmamasıdır. Rusiya isə indiki anda nə Dağlıq Qarabağ probleminin həllini, nə də Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəyir. Çünki bu problemlərin həlli Rusiyanın regionda təsirlərinin itirilməsi deməkdir. Sərhədlərin açılması və münaqişənin həlli ilə bağlı proseslər dərinləşərsə, Rusiya Ermənistan və Azərbaycanı yerli radikal qüvvələrin əli ilə vuracaq», - deyə konfliktoloq qeyd edib.

Rasim Musabəyov: «Proses Qarabağ münaqişəsinin nizamlanması ilə paralel aparılır»

Politoloq Rasim Musabəyovun fikrincə, yol xəritəsi sərhədlərin açılması ilə Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının paralel aparılmasını nəzərdə tutur. Onun dediyinə görə, Türkiyə və Ermənistan sərhədlərinin açılması ilə bağlı protokol imzalamaq istəyirdi, lakin bu baş tutmadı. «Bunun əvəzində, daha az öhdəlikləri nəzərdə tutan yol xəritəsi razılaşdırıldı».
Musabəyov hesab edir ki, Türkiyə Ermənistan sərhədləri Dağlıq Qarabağın ətrafında olan Azərbaycanın işğal olunmuş bütün rayonları azad edildikdən sonra açıla bilər. Artıq bu barədə Türkiyə prezidenti və baş naziri bəyanatlarla çıxış edib».
Politoloqun fikrincə, bu proses başa çatdıqdan sonra nizamlanmanın növbəti mərhələsi başlana bilər.


P.S. Dünən axşam saatlarında Türkiyə prezidenti Abdulla Gül Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək «Yol Xəritəsi» planı ilə bağlı onu məlumatlandırıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, Gül İlham Əliyevi Ermənistanla imzalanan razılaşmanın Azərbaycanın maraqlarına zidd olmadığına inandırmağa çalışıb.
Türkiyə mediasının yaydığı başqa bir məlumata görə isə baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki 23 Aprel qəbulu zamanı Azərbaycana səfər edəcəyini bildirib.

Xəbər Xidməti

Daşnaklar «yol xəritəsi»ni» pislədi

Rövşən Qənbərov
Ermənistan İnqilabi Federasiyası - Daşnaksutyun Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına dair aprelin 23-də imzalanan «yol xəritəsi»ni pisləyib. Daşnaklar hesab edirlər ki, bu, Ermənistanın və erməni xalqının maraqlarına zərbədir.

Partiya bunu Ermənistan hökumətinin xarici siyasətində «mənfi dəyişiklik» adlandırıb və bildirib ki, koalisyon hökumətdən çıxmağı nəzərdən keçirir.

Aprelin 24-nü ermənilər «1915-ci ildə Osmanlı imperiyasında soyqırıma məruz qalmalarının anım günü» kimi qeyd edirlər. Türkiyə soyqırımı iddialarını rədd etdiyi üçün «yol xəritəsi»nin «anım günü» ərəfəsində elan edilməsi daşnakları xüsusi olaraq narahat edir.

Ermənistan İnqilabi Federasiyası-Daşnaksutyun 1890-cı ildə yaradılıb. Sovet dövründə qadağan edilsə də, millətçiliyə əsaslanan bu partiya xaricdəki erməni icması arasında mövcudluğunu davam etdirib və 1990-cı illərdə Ermənistana qayıdıb.

1994-cü ildə o vaxtkı prezident Levon Ter-Petrosyan partiyanı qanundan kənar elan edəndən sonra 30-a yaxın daşnak həbs edilmişdi. Amma növbəti prezident Robert Koçaryanın ilk addımı onları azadlığa buraxmaq oldu.

Daşnaklar Ermənistan prezidenti Serj Sarkisyanın dəvətini qəbul edərək Respublikaçılar Partiyası ilə koalisiya qurmağa razılıq veriblər.

Daşnakların liderlərindən olan Qrant Markaryan Yerevanda «yol xəritəsi»nin elan edilməsindən əvvəl deyib ki, Ermənistan hakimiyyəti «Türkiyə və Ermənistan arasında gedən danışıqlar səhnəsində məğlubiyyətə uğrayıb».

Dağlıq Qarabağ məsələsi BMT-nin Təhlükəsizlik Şurasında

AZƏRBAYCANIN BMT-DƏKİ DAİMİ NÜMAYƏNDƏSİ AQŞİN MEHDİYEV: "MÜNAQİŞƏNİN HƏLL OLUNMAMASININ ƏSAS SƏBƏBİ ERMƏNİSTANIN MÖVCUD SİYASƏTİDİR"

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev qurumun Təhlükəsizlik Şurasının (TŞ) iclasında çıxış edərək Ermənistanı Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlar üzərində hüquqi suverenlik əldə etmək cəhdlərində ittiham edib. APA-nın ABŞ bürosunun məlumatına görə, TŞ-nin "Beynəlxalq sülhün təmin edilməsi və təhlükəsizlik: vasitəçilik və münaqişələrin çözülməsi" adlı iclasında Aqşin Mehdiyev rəsmi İrəvanı Dağlıq Qarabağı qanunsuz, beynəlxalq hüquq normalarına zidd olaraq silah tətbiq etmək və etnik təmizləmə apararaq ələ keçirdiyini deyib: "Ermənistan açıq olaraq BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrinə hörmətsizlik göstərir, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir, işğal olunmuş ərazilərdə hərbi qüvvələrini saxlamaqla işğalçı niyyətini ortaya qoyur. Bu yanaşma qeyri-konstruktiv və qeyri-realdır. Ermənistanın mövcud siyasəti münaqişənin həllinə xidmət etmir və onun həll olunmamasının əsas səbəbidir".

Səfir TŞ üzvlərinin diqqətinə çatdırıb ki, Ermənistanın siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, ölkənin hər 8-ci vətəndaşı məcburi köçkünə çevirib: "Rəsmi İrəvan bununla da əsas beynəlxalq hüquq normaları olan ərazi bütövlüyü, hərbi qüvvənin istifadəsini qadağan edən prinsipləri pozub".

A.Mehdiyev Dağlıq Qarabağın, Azərbaycan çərçivəsində özünü idarəetmə statusunun müəyyən edilməsi üçün bir neçə prinsipial şəraitin yaradılmasını labüd sayıb. O, işğal olunmuş ərazilərdə bu gün mövcud olan reallıqda ərazinin statusunu müəyyən etmək cəhdlərini beynəlxalq hüquq normaları, sülh, demokratiya, regionun stabilliyi və əməkdaşlıq ideyalarına zidd olduğunu deyib: "Dağlıq Qarabağın Azərbaycan çərçivəsində özünü idarəetmə statusu ilə bağlı danışıqlara başlamazdan əvvəl müəyyən əhəmiyyətli addımlar atılmalıdır. Birincisi və ən vacibi, hərbi işğal faktoru münaqişənin həlli kontekstindən çıxarılmalıdır. Ermənistan işğal olunmuş ərazilərdən hərbi qüvvələrini tam çıxarmalıdır. Ərazilərin qaytarılması prosesinin uzadılması onsuz da mürəkkəb vəziyyətdə olan münaqişənin həllini daha da çətin vəziyyətə sala bilər. İşğal olunmuş ərazilərin azad olunmasından sonra, məcburi köçkünlər rahat və təhlükəsiz şəraitdə Dağlıq Qarabağ və ətraf rayonlara qayıtmalıdırlar. Bundan sonra regionun iqtisadi inkişafına start verilməli və bütün kommunikasiya xətləri açılaraq hər iki tərəfin istifadəsinə verilməlidir".

Daimi Nümayəndəliyin rəhbəri kifayət qədər uzun müddət ATƏT çərçivəsində aparılan danışıqların hələ ki, heç bir nəticə vermədiyini deyib. Buna baxmayaraq, səfir Azərbaycanın münaqişənin siyasi üsullarla, konstruktiv şəkildə həllində israrlı olduğunu bildirib. Sözlərinə sübut kimi, o, Baş Assambleyanın 62-ci sessiyasında qəbul olunan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı" qətnamədə rəsmi Bakının beynəlxalq hüquq çərçivəsində konstruktiv güzəştlərə getməyə razı olması barədə mövqeyinin təsbit olunduğunu xatırladıb.

23 Nisan 2009 Perşembe

"YOL XƏRİTƏSİ"NƏ DAİR YENİ XƏBƏRLƏR

Ermənistan və Türkiyə arasında hazırlanmış “yol xəritəsi” yerinə yetiriləcək addımlar proqramını nəzərdə tutur“



Ermənistan və Türkiyə arasında hazırlanmış “yol xəritəsi” yerinə yetiriləcək addımlar proqramını nəzərdə tutur. "Novosti- Armeniya" agentliyinin məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Tiqran Balayan Türkiyə ilə Ermənistan arasında "yol xəritəsi"nin hazırlanmasını şərh edərkən bildirib. “Diplomatiya dilində istifadə olunan və qəbul olunan “yol xəritəsi” anlayışı yerinə yetiriləcək addımların proqramı deməkdir”,- deyə mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, aprelin 22 –si Ermənistan və Türkiyənin xarici işlər nazirlikləri, eləcə də İsveçrənin xarici işlər departamenti açıqlama ilə çıxış ediblər. Açıqlamada bildirilir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı danışıqlar prosesində «yol xəritəsi» hazırlanıb.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, Türkiyə və Ermənistan, İsveçrənin vasitəçiliyi ilə ikili münasibətləri normallaşdırmaq, yaxşı qonşuluq və qarşılıqlı hörməti inkişaf etdirmək məqsədilə səy göstərməkdədirlər və bununla da regionda sülh, sabitlik və təhlükəsizliyi möhkəmləndirməyə çalışırlar.

"Röyter"in məlumatına görə, Azərbaycan tərəfinin məlum "yol xəritəsi" ilə bağlı reaksiyası sərt olub. Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov bildirib ki, Ermənstan və Türkiyə arasındakı normallaşma prosesi Azərbaycanın işğal altındakı ərazisindən erməni hərbi qüvvələrinini çəkilməsi ilə paralel aparılmalıdır.

Ermənilər isə "yol xəritəsi"nin heç bir ön şərt nəzərdə tutmadığını bildirirlər.

TEHRANDA QADINLARDAN İBARƏT XÜSUSİ POLİS BÖLMƏLƏRİ YARADILIR

Bu ilin sonuna qədər Tehranda qadın və uşaqların işi ilə məşğul olacaq xüsusi polis bölmələri fəaliyyətə başlayacaq.

“Media forum” saytının məlumatına görə, məsələ ilə bağlı mediaya açıqlamasında Tehran hüquq mühafizə qüvvələrinin komandanı Əzizulla Rəcəbzadə deyib ki, bu bölmələrdə yalnız qadın polislər işləyəcək: “İlin sonuna qədər Tehranda bu cür dörd polis bölməsinin yaradılması nəzərdə tutulub. Həmin bölmələr fəaliyyətə başlayandan sonra qadınlar digər polis bölmələrində aça bilmədikləri problemləri, şikayətləri gəlib burda ifadə edə biləcəklər. Əlbəttə bu, onların digər polis bölmələrinə müraciət edə bilməməsi kimi başa düşülməməlidir”.

Ə.Rəcəbzadə gələn aylarda uşaq və yeniyetmələr üçün də polis bölmələrinin yaradılacağını vurğulayıb: “Həmin bölmələrdə 15 yaşına çatmamış uşaq və yeniyetmələrlə davranmağı bacaran mütəxəssislər işə cəlb olunacaq”.




«Media forum»

Türkiyə və Ermənistan arasında razılaşma sənədi!

“Əlaqələrin yaxşılaşdırılması və mehriban qonşuluq, qarşılıqlı hörmət ruhunda inkişafı...”

Türkiyə-Ermənistan danışıqlarında çərçivə razılaşması əldə edilib. Lent.az-ın “CNN Türk”ə istinadən məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Sənəddə bildirilir ki, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib və tərəflər barışıq planını nəzərdə tutan "yol xəritəsini" razılaşdırıblar: “Ermənistan və Türkiyə, İsveçrənin vasitəçiliyi ilə ikitərəfli əlaqələrin yaxşılaşdırılması və mehriban qonşuluq, qarşılıqlı hörmət ruhunda inkişafı üçün fəaliyyət göstəriblər. Bununla da bütün regionda sülh, stabillik və təhlükəsizlik təmin olunması üçün ciddi addım atılıb”.

Bəyanatda qeyd olunur ki, bu prosesdə hər iki tərəf ciddi tərəqqi və qarşılıqlı anlaşmaya nail olublar: “Danışıq aparan tərəflər razılığa gəldilər ki, hər iki tərəfi razı salacaq qədər münasibətləri yaxşılaşdırsınlar”.

Sənədin müəllifləri qeyd edirlər ki, tərəflərin razılaşdıqları prinsiplər danışıq prosesinin davam etdirilməsinə müsbət perspektiv yaradır.

“CNN Türk” xəbər verir ki, XİN-in bu bəyanatından az əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğanla xarici işlər naziri Əli Babacan 3 saatlıq görüş keçiriblər.

LENT.AZ

Daşnaksütun Ermənistan-Türkiyə razılaşmasının əleyhinə çıxdı

Partiya koalisiya hökumətində iştirakın məqsədəuyğunluğunu müzakirə edəcək

Daşnaksütun Partiyası Ermənistandakı hakim koalisiyada iştirakının məqsədəuyğunluğuna yenidən baxacaq. Lent.az-ın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, buna Türkiyə-Ermənistan münasibətindəki dəyişikliklər səbəb olub.

Partiyanın yaydığı bəyanatda bildirilir ki, Türkiyə ilə xoş qonşuluq münasibətləri ancaq Ankaranın “erməni soyqırımı”nı tanımasından və ermənilərin hüququnu bərpa etməsindən sonra mümkündür: “İlkin şərt olmadan blokadanın götürülməsi və diplomatik münasibətlərin qurulması bu yolda ancaq ilk addım ola bilər. Biz öz prinsiplərimizə sadiq qalaraq aprelin 22-də Türkiyə ilə birgə imzalanan bəyanatı yolverilməz hesab edirik”.

LENT.AZ

ABŞ: İrana qarşı sərt sanksiyalar yeridilə bilər

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton deyib ki, əgər İran özünün nüvə proqramı ilə bağlı danışıqlara getmək istəmirsə, Amerika bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq edəcək.
Bunları xanım Klinton Vaşinqtonda, Konqressin xarici məsələlər Komitəsində çıxış edərkən deyib.

Hillari Klintonun sözlərinə görə, Ağ Ev ümid edir ki, İranı bu məsələdə yola gətirmək mümkün olacaq, lakin danışıqlar baş tutmayacağı halda İran sərt sanksiyalarla üzləşməli olacaq.

İran nüvə danışıqlarına hazırdır

Bu arada İranın nüvə danışıqları üzrə aparıcı nümayəndəsi Səid Cəlili deyib ki, İran, ölkənin nüvə proqramına dair beynəlxalq siyasəti koordinə edən 6 nüvə dövləti ilə, onun ifadə etdiyi kimi, konstruktiv dialoqa hazırdır.

Cənab Cəlilinin dediyinə görə, İran, özünün nüvə planlarına dair ötən il irəli sürdüyü tədbirlər paketini təzələməklə acıq-aydın danışıqlar aparmağa hazır olduğunu bildirmişdir.

İran özünün nüvə proqramı məsələsində güzəştlərə getməyəcəyini artıq bildirib və Qərb ölkələri Tehranın ötən ilki paketini ciddi nəzərdən keçirməmişlər.

Tehran özünün nüvə fəaliyyətinin dinc məqsədlərə xidmət edəcəyini israr etsə də, bir sıra Qərb ölkələri ehtiyat edirlər ki, İran nüvə silahı əldə etməyə çalışır.

22 Nisan 2009 Çarşamba

BAXCP QMİ-ni İran - Ermənistan münasibətlərinə etiraz etməyə çağırıb

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən verilən məlumata görə, toplantıda İdarə Heyətinin üzvləri Türkiyədən

olan millət vəkillərinin Azərbaycana, qadın deputatlarımızın isə Türkiyəyə səfərinə münasibətlərini açıqlayıblar. Hər iki səfərin xüsusi önəm kəsb etdiyini vurğulayan BAXCP İdarə Heyətinin üzvləri əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.

BAXCP İdarə Heyəti hesab edib ki, son hadisələr Türkiyə və Azərbaycan türklərinin bir millət kimi bütövləşdiyini sübuta yetirib. Toplantıda Ermənistanın prezident Serj Sərkisyanın İrana səfəri və iki ölkə arasında imzalanan müqavilələrlə bağlı olub. İdarə Heyəti bununla bağlı açıqlamasında bildirilib ki, rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı verdiyi müxtəlif bəyanatlara baxmayaraq, İran regionda təcavüzkar Ermənistanla yaxından əməkdaşlıq edir və rəsmi İrəvanın işğalçılıq siyasətini davam etdirməsinə dolayısı ilə dəstək verir. Özünü İslam Respublikası adlandıran İran rejimi indi də təcavüzkar siyasətinə görə təcrid olunmuş Ermənistanın ayaq üstə dayana bilməsinə və işğalı davam etdirməsinə yardım göstərir: “Hesab edirik ki, Azərbaycanda fəaliyyət göstərən dini təşkilatlar, Qafqaz Müsəlmanları İdarəsi İranın işğalçı Ermənistanla olan münasibətlərini strateji müstəvidə inkişaf etdirməsinə kəskin etirazlarını bildirməlidir”.


Ria.Az

Türkiyə Kanadadakı səfirini geri çağırıb

Ankara – APA. Türkiyə hökuməti ölkənin Kanadadakı səfiri Rafət Akgünayı “məsləhətləşmələr üçün” Ankaraya geri çağırıb. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu diplomatik demarşın səbəbi Kanadanın hökumət üzvlərinin uydurma “erməni soyqırımı”nı anma gecəsində iştirak etməsidir.

Tədbir Kanadanın uydurma “erməni soyqırımı”nı tanımasının 5-ci ildönümündə təşkil olunub. Kanadanın baş naziri Stiven Harper tədbirə şəxsən qatılmasa da, məktub göndərib. Türkiyənin xəbərdarlıqlarına və tarixi sənədlərlə sübut olunmamasına baxmayaraq, Kanada hökumətinin 1915-ci il hadisələrini hələ də soyqırım kimi qiymətləndirməsi rəsmi Ankaranın səbrini daşırıb. Səfir Rafət Akgünay məsləhətləşmələr aparılması üçün təcili Ankaraya çağırılıb. Bu addımın diplomatik dildən tərcüməsi diplomatik əlaqələrin faktiki olaraq dondurulması deməkdir.