azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Aralık 2008 Perşembe

GÜNEYLİ MƏHBUS JURNALİSTİ MÜDAFİƏ KOMİTƏSİ YARADILIB

GÜNEYLİ MƏHBUS JURNALİSTİ MÜDAFİƏ KOMİTƏSİ YARADILIB
2008-12-04 - 16:00:00


Güneyli məhbus jurnalist Şahnaz Qulaminin hüquqlarını müdafiə komitəsi yaradılıb. Milli hərəkatın fəal üzvü, jurnalist və qadın hüquq müdafiəçisi Şahnaz Qulamini ETTELAAT noyabrın 9-da Təbrizdə həbs edib.

«Media forum» saytının məlumatına görə, güneyli fəalın azadlığa buraxılması məqsədi ilə yaranan müdafiə komitəsinin əsas üzvləri xaricdə yaşayan azərbaycanlılardır: Fərəhruz Rəncbər (İsveç), İnsafəli Hidayət (Kanada), Çingiz Göytürk (Finlandiya), Səməd Niknam (İsveç), Şahin Ostaclu (Danimarka), Şahrux Məzari (İngiltərə), Babək Azəri (İsveç), Əsəd Sadeqi (İsveç), Elnur Eltürk (Azərbaycan), Manaf Səbəbi (İsveç).

Müdafiə komitəsinin yaranması ilə bağlı yayılan bəyanatda jurnalistin taleyinin müəmmalı olduğu və onun hazırkı vəziyyəti barədə hər hansı bir məlumat əldə edilmədiyi vurğulanır, azadlığa qovuşması üçün bütün qüvvələrin səfərbər olunmasının vacibliyi qeyd olunur.




«Media forum»

HELSİNKİDƏ ATƏT-in MİNSK QRUPUNA HƏMSƏDRLİK EDƏN ÖLKƏLƏRİN BƏYANATI İMZALANIB

HELSİNKİDƏ ATƏT-in MİNSK QRUPUNA HƏMSƏDRLİK EDƏN ÖLKƏLƏRİN BƏYANATI İMZALANIB
2008-12-04 - 15:28:00


Helsinkidə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunu təmsil edən ölkə rəsmilərinin iştirakı ilə keçirilən görüşü «ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin Xarici İşlər nazirlikləri rəhbərlərinin bəyanatı»nın imzalanması ilə nəticələnib.

«Turan»ın Helsinkidəki xüsusi müxbirinin verdiyi xəbərə görə, bəyanatda Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə «Madrid təklifləri əsasında» danışıqlar prosesini davam etdirməyə çağırılır.

Görüşdə Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrovla Bernar Kuşner və ABŞ dövlət katibinin müavini Daniel Frid iştirak ediblər.

Molla rejimi əzələ göstərir

Molla rejimi əzələ göstərir
İran 60 hərbi gəminin cəlb olunduğu genişmiqyaslı hərbi-dəniz təlimlərinə başlayıb. "Birlik 87" (İrandakı hicri təqvimlə indi 1387-ci ildir) adlandırılan təlimlər bazar günü başa çatacaq.
"Təlimlərin əsas məqsədi Hörmüz boğazı və Oman Körfəzində mümkün hücumun qarşısının alınmasıdır", - İran Müdafiə Nazirliyinin açıqlamasında bildirilir. Potensial düşmən qismində isə İran ABŞ və İsraili görür, çünki məhz bu ölkələr İrandakı nüvə obyektləri və digər hədəflərə zərbələr endirə biləcəkləri istisna etmirlər.
Kontr-admiral Həbibulla Səyyarinin dediyinə görə, dörd mərhələdən ibarət təlimlərdə hərbi-dəniz qüvvələrinin mina gəmiləri, raket katerləri, sualtı qayıqlar, vertolyotlar, qırıcılar və pilotsuz təyyarələrdən istifadə ediləcək.
O, ötən həftə İran HDQ-nin "Qalat" ("Qala") və "Dərafş" ("Bayraq") raket kreyserləri, habelə "Qədir" sualtı qayığını aldığını vurğulayıb.
Hərbi ekspertlər isə bildirirlər ki, ABŞ İrana hücum edərsə, iranlıları hərbi-dəniz qüvvələri uzun müddət amerikalılara müqavimət göstərə bilməyəcəklər.
İran hərbi-hava qüvvələrinin komandanı Həssan Şah Səfi isə milli radio ilə çıxışında bildirib ki, ölkədə gözəgörünməz təyyarənin ilk işçi prototopinin hazırlanmasına başlanıb.
"Bu təyyarə İranın aviasiya sənayesinin "Stealth" texnologiyası ilə hazırlayacağtı ilk təyyarə olacaq. Qırıcı təyyarənin səthi bütünlüklə məxfi absorb materialla örtüləcək. Bu material potensial düşmənin radarlarının radiodalğalarını udacaq", - briqada generalı Səfi deyib.

Mahmud Əhmədinejad Təbriz şəhərinə gəlib

Mahmud Əhmədinejad Təbriz şəhərinə gəlib
Dekabrın 3-də İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Təbriz şəhərinə gəlib. İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhərinə səfərdə dövlət başçısını bir sıra yüksək çinli rəsmilər müşayiət edib.

«Media forum» saytının məlumatına görə, Təbriz aeroportunda Əhmədinejad Şərqi Azərbaycanın ostandarı, vilayətin başqa rəsmiləri və vilayətdən ölkə parlamentinə seçilmiş deputatlarla görüşüb. Aeroportdan Təxti adına şəhər stadionuna qədər uzanan yolda onu İran-İraq müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri, yerli ruhanilər, orta məktəb şagirdləri və «Bəsic» (hökumət tərəfdarı olan könüllülər dəstəsi) üzvləri salamlayıblar. Bu zaman əlində İran bayrağını tutuan bəzi adamlar «Azərbaycan oyaqdır, inqilaba dayaqdır» kimi şüarlar səsləndiriblər.

Təxti stadionunda İran prezidenti Azərbaycanı vəsf edən bir neçə beyt şeir oxuyub. M.Əhmədinejad islam hökumətinin əsas siyasətinin milli və islami birliyi qorumaq, xalq içindəki qardaşlığı, vəhdəti, sevgini möhkəmləndirmək olduğunu bəyan edib.

Bu gəmi kimindir?

Bu gəmi kimindir?
Dekabrın 2-də Dardanel boğazında iki gəmi toqquşub.
Onların Azərbaycana məxsus olaraq Panama bayrağı altında üzən "Emerald 1" quru yük gəmisi və Ukraynanın "Danapris 2" yük gəmisi olduğu bildirilir.
Azərbaycan gəmisi Rusiyanın Krasnodar diyarındakı Yeysk limanına, Ukraynanın "Danapris"i isə İtaliyanın Ravenna şəhərinə üzürmüş.
"Danapris 2" quru yük gəmisinin sahibi olan "Capital Shipping Co. Ltd" şirkətindən verilən məlumatda toqquşma faktı təsdiqlənib.
"Toqquşma nəticəsində "Danapris 2" vaterxəttdən bir qədər yuxarıda göyərtəsindən zədələnib. Gəmi üzür, dənizə neft məhsulları axıntısı yoxdur. Gəminin 12 nəfərlik heyəti özünü normal hiss edir və onların aarsında xəsarət alanlar yoxdur", - şirkətin baş meneceri Viktor Niçoporçuk bildirdi.
Panama bayrağı altında üzən gəminin sahibi olan "SİO Shipping" şirkəti isə hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Türkiyənin sahil mühafizəsi katerləri hadisə yerinə yollanıblar və az sonra gəmilərin ikisi də boğazdan təhlükəsiz keçid üçün əlverişli olan bölgəyə buksirlə aparılıb.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Xəzər Dövlət Dəniz Gəmiçiliyindən əməkdaşımıza verilən məlumatda isə bildirilir ki, "Emerald 1" gəmisi Azərbaycana məxsus deyil.
"Bizim belə gəmimiz yoxdur. Toqquşan gəminin kimə məxsus olduğunu isə bilmirik", - gəmiçilik mənsubları dedilər.
1991-ci ildə inşa edilən, dedveyti 3430 ton olan "Emerald 1" gəmisi rəsmi qeydiyyat yeri qismində Bakının göstərildiyi "SİO Shipping"in balansındadır.
"Ekspress"in dünən əldə etdiyi məlumatlara görə isə, "SİO Shipping"in "Emerald 1" gəmisinə verdiyi yük və müşaiyət sənədlərində şirkətin Azərbaycana məxsus olduğu bildirməsinə rəğmən, bu qurum Türkiyədə yerləşir.
Ofisi İstanbulun Kadıköy səmtində, Fənəryolu küçəsində yerləşən şirkətin meneceri Çətin Şaşmazər "Emerald 1"ın nə üçün Azərbaycan gəmisi kimi qələmə verildiyi barədə suallarımızı cavablamaqdan qətiyyətlə boyun qaçırdı.
"Heç nə söyləyə bilmərəm. Şirkətimizin rəhbərliyi indi burada yoxdur. Hadisə ilə bağlı bütün bilgilər əldə ediləndən sonra sizinlə danışa bilərəm", - Ç.Şaşmazər söylədi.
Türkiyə sahilləri yaxınlığında, Egey dənizində baş vermiş olayla bağlı o da bəlli oldu ki, günəbaxan tumu daşıyan "Danapris"in də sənədləri qaydasında deyil.
Hazırda Egey dənizindəki Bozcaada (Türkiyə) adası yaxınlığında lövbər atmış gəmilərdə heyət üzvlərinin ifadələri alınır.
Bizdə olan bilgilərə görə, "Emerald 1"in 8 nəfərlik heyətinin 3 üzvü azərbaycanlıdır.
Dünən həmin şəxslərlə telefon əlaqəsi yaratmağa çalışsaq da, "Emerald 1" susdu.

Həsən AĞACAN

3 Aralık 2008 Çarşamba

دوغوم گونون قوتلو اولسون، موتلو اول سنه لر جه- دومان میرمحمدزاده

زینداندا دوغوم گونون یاشایان عبدا…. جاوانا

ایللر اونجه اوغلونون دوغوم گونون قوتلایان اوزان احمد کایا بئله جه آنمیشدی اوگونو، هله بیرده ”سنه منجیکدان قوش یاپدیردیم قوناجاق پنجرنه” ده دئمیشدی. یا بیری لرینین گؤزلریندن باشلامیشدی دوغوم گونلری، بیرلری ایسه برلی بزکلی کیک لره یاندیردیغی شاملاردا قوتلایر بو گونون، سن دئمه ائوین دوستاغیندا دا آنانلار وارمیش بوگونو، اوسته لیک آردیجیل…


همی ۱۳۸۶جی ایلده همی ده ۸۷ جی ایلده دوغوم گونون زیندان آغیرلایان دوستوموز عبدا.. جوان ایندی نه بیلرسن بلکه دوغولدوغو گونون حئسابین اؤدییر، یا دوغولدوغو یئرین حئسابین، یا ندن دوغولدوغونون، یا ندن سه تورک دوغولدوغونون…. یا نه لرین سه حئسابین اؤده ییر….


هله ۴ آیدان آرتیق داراجیق سلوللاردا چکدیی ایشکنجه لرین آغریسی جایندان چیمازکن یئنی دن دوغوم گونون ائوین ده آغیرلایان مهندس عبدا… جوان بلکه سویوق و قارانلیق اوتاقدا رویالاری ایله پایلاشیر دوغوم گونون سئوینجینی، و آذربایجانی نین آزادلیغی گونونه پای وئریر بو زیندان دا آغیرلانان دوغوم گونلرین


قورخویا بیگانه اولان و ایناملا دولو موباریز دوستوموز لاپ ائله یاخینلاردا بیر باشقا دوستون دوغوم گونون ده شمع یاندیریب شعر اوخویارکن دوستاقداکی دوسلارین غمی نی یاشامیشکن، بیرلیک ده آنمیشدیق، هله مهدی نعیمی، اووچو، عباس، سعید بَی گیل چیخسینلار دئیه اونلارین شرفینه اؤزونه دوغوم گونو دوتاجاق دئییه دوشونوردو، نه ایسه بو دفعه دوسلار آزادلیقدالارسا، دوغوم گونلو دوستاق دا ……


آما بودور بیزیم طالع

بیزیم کی اوموروموزدا بیله دئییل. بیز سین اولماساندا سنیین دوغوم گونونون سئوینجی نی پایلاشاجاییق بو آخشام، همی ده بوتون سن ایسته دییین دوسلارلا.. سن سه اؤزون بیلرسن زیندان دا یئرین بیر آز گئنیشله شرسه باجی اوغلون یاندا، مارش دا اوخایا بیلرسیز، شعرله شه بیلرسیزده، نه اولسون شمع یوخونوزدورسا اوریینیز ایشیغینا ییغیشابیلرسیزکی، ….

بیرده ناظیم حیکمت یادیما دوشدو دئمیشکی:

….

…..

معلوم دور، اولدوغوم یئرده

نه صدف ساپلی بیر پیچاق وار،

نه باشی بولودلاردا بیر چینار.

بلکه حیاط دا بیر آغاج تاپیلار آما،

گؤی اوزونو باشیمین اوستونده گؤرمه ک،

منه یاساق…..

بورا مندن باشقا نه قدر اینسانین ائوی دیر؟

بیلمیرم.

من بیر باشیما اونلاردان اوزاقام.

تام بیرلیکده اونلار مندن اوزاق.

منه اؤزومدن باشقاسیلا دانیشماق

یاساق……

…….

………

…….

دوغوم گونون قوتلو اولسون دوستوم

هله نه وار کی گلن ایل یولدا…

Naxçıvansız Azərbaycan xəritəsi...

Naxçıvansız Azərbaycan xəritəsi... -

12:20 03-12-2008





Dünya Hava Yollarının ümumi xəritəsində Azərbaycan Naxçıvansız göstərilib

Bəzi beynəlxalq agentliklərdə, internet saytlarında, çap məhsullarında Azərbaycan xəritəsinin kobud təhrif edilməsi halları davam edir. Adətən belə xəritələrdə Azərbaycan Dağlıq Qarabağ və işğal olunmuş ərazilər olmadan göstərilir. Bu dəfə isə Azərbaycan ərazisi Naxçıvansız göstərilib.

Lent.az-ın məlumatına görə, «www.mapsofworld.com» saytında novbəti ciddi yanlışlığa yol verilib. Saytın Azərbaycana aid bölümündə (“http://www.mapsofworld.com/referrals/airlines/international-airlines/azerbaijan-airlines.html”) çox kobud şəkildə verilən xəritədə Naxçıvan ümumiyyətlə qeyd edilməyib.

Azərbaycan Hava Yolları Dövlət Konserninin (“AZAL”) mətbuat xidmətindən Lent.az-a bildirilib ki, qurum həmin təşkilatı tanımır: “AZAL” Beynəlcalq Mülki Aviasiya Təşkilatının üzvüdür və digər beynəlxalq təşkilatları da tanıyırıq. Amma Dünya Hava Yolları adlı təşkilat tanımırıq”.

Azərbaycan Xarici İşlər Nazirliyindən isə məsələ ilə bağlı günün ikinci yarısında açıqlama veriləcəyi bildirilib.

Pərvin ABBASOV

LENT.AZ

Avropa Şurası mədəniyyət nazirlərinin konfransı başa çatdı

Avropa Şurası mədəniyyət nazirlərinin konfransı başa çatdı

14:02 03-12-2008





Konfransın sonunda “Bakı bəyannaməsi” qəbul olunub

Bakıda keçirilən Avropa Şurasının “Mədəniyyətlərarası dialoq - Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır” mövzusunda konfrans bu gün nazirlər səviyyəsində işini başa vurub.


Konfransın sonunda “Bakı bəyannaməsi” qəbul olunub. Lent.az-ın məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev tədbirin yekununa həsr olunmuş mətbuat konfransı keçirib. Nazir bildirib ki, konfrans ümumilikdə 48 ölkənin nümayəndəsini bir araya gətirib: “Konfransda 36 ölkə nazir, nazir müavinləri səviyyəsində təmsil olunub. İslam Konfransı Təşkilatına üzv 10 ölkənin və 12 beynəlxalq təşkilatın nümayəndəsi də tədbirə qatılıb. Bundan başqa, xarici ölkələrin səfirləri də tədbirdə təmsil olunublar. Qonaqların arasında tanınmış yazıçılar, rejissorlar da var idi”.


Ə.Qarayevin sözlərinə görə, konfransın yekunu kimi imzalanan “Bakı Bəyannamə”si dünyanın mədəniyyət ocaqlarına yeni müraciət olacaq. Ən əsas nəticə odur ki, bəyannamədəki fikirlər kağız üzərində qalmayacaq və onun icrasına önəm veriləcək.


Sonra çıxış edən Avropa Şurasının Mədəniyyətlərarası koordinatoru Qabriella Battaini Dragoni isə konfrans çərçivəsində burada mədəniyyətlərarası qonaqpərvərliyin, dinamikliyin və ən əsası Azərbaycanın iradəsinin şahidi olduqlarını qeyd edib: “Azərbaycanın mədəniyyət naziri beynəlxalq münasibətlərdə mədəniyyətdən çox gözəl yararlanır. Biz Bakını vacib bəyanatla tərk edəcəyik. Dünəndən başlayan “Bakı prosesi” gələcək görüşlərin əsasını qoydu”.


Qeyd edək ki, mədəniyyətlərarası dialoqda “Bakı prosesi”nin əsasını qoyan konfrans çərçivəsində 4-5 dekabrda Bakıda Avropa Şurasının bir sıra rəsmi iclasları keçiriləcək. “Avropada Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu” layihəsinin 10 illik yubileyinə həsr olunan Avropa Şurasına üzv-dövlətlərin milli müəlliflərinin, Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramının Milli Koordinatorlarının, Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin Bürosunun görüşləri keçiriləcək.


Nigar Məmmədli

Prezident Obama yeni komandasını formalaşdırıb

Prezident Obama yeni komandasını formalaşdırıb
Amerikanın seçilmiş prezidenti Barak Obama elan edib ki, seçki kampaniyası zamanı məğlub olan demokratlardan rəqibi Hilari Klinton (Hillary Clinton) Amerikanın xarici siyasətinə başçılıq edərək dövlət katibi vəzifəsinə təyin edilib.
Eyni zamanda cənab Obama Çikaqoda yeni milli təhlükəsizlik komandasını təyin edib. O, prezident Buşun hakimiyyəti ərzində müdafiə naziri olan Robert Gatesi öz vəzifəsində saxlayıb.

Hilari Klintonun bu vəzifəyə təyin ediləcəyi barədə şayiələr bir neçə həftə idi ki, mövcud idi. Praymerizlər zamanı bunu təxmin etmək qeyri-mümkün idi.

Həmin vaxt Obamanın komandası, xanım Klintonun, özünün 1-ci ledi olduğu 8 il ərzində xarici siyasət sahəsində təcrübə qazanması barədə dediklərini lağa qoyurdu.
İndi cənab Obama, xanım Klintona, "əziz dost" deyərək müraciət edir.

O güclü şəxsiyyətlərə və güclü baxışlara inandığını deyib.

Robert Geytsin müdafiə naziri vəzifəsində qalması da maraqlı məqamdır.

Corc Buşun hakimiyyəti dövründə Pentaqona rəhbərlik edən şəxsin, vəzifəsində qalması, praqmatiklikdən xəbər verir.

Belə görünür ki, Barak Obama, 2 cəbhədə müharibə aparan bir ölkədə hakimiyyətdə olmağın çətinliklərindən agahdır.

Avropa Bakıya gəlir

Avropa Bakıya gəlir
Bu gün Avropa Birliyinin şərq siyasəti ilə bağlı mühüm strateji sənədi açıqlanacaq. Avropa Komissiyasının hazırladığı bəyanatda Avropa Birliyinin Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistana göstərdiyi yardımların üç dəfə artırılması nəzərdə tutulub.
Gələn il isə Brüsseldə adı çəkilən altı ölkənin Avropa Birliyi ilə sammitinin keçirilməsi nəzərdə tutulub. Rusiya bu toplantıya dəvət olunmayıb. Ekspertlərin dediklərinə görə, Avropa Birliyinin "Şərq əməkdaşlığı" planı həyata keçirilərsə, Moskvanın postsovet məknı ölkələri ilə vahid iqtisadi əməkdaşlıq zonası yaratmaq planlarını indidən utopiya saymaq olar.
Avropa Birliyinə üzv olan 27 ölkənin hamısı ilə razılaşdırılmış "Şərq əməkdaşlığı" planında Azərbaycana xüsusi yer ayrılıb.
Belə ki, AB 2020-ci ilədək Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan, Belarus və Uuraynaya 1,5 milyard ayırmağı nəzərdə tutub. Avropa Komissiyası hesab edir ki, bu ölkələr artıq gələn ildə AB-yə inteqrasiya meyllərini sürətləndirə bilərlər.
"Şərq əməkdaşlığı" yetərincə yeni təşəbbüsdür. Polşa və İsveçin təşəbbüsü ilə gündəmə gətirilmiş bu ideyanın həyata keçirilməsini tezləşdirən amillər avqust ayında Rusiyanın Gürcüstana qoşun yeritməsi, Cənubi Osetiya və Abxaziyanı işğal etməsi, sonra da Suxumi ilə Sxinvalidəki separatçı rejimləri "müstəqil dövlət" qismində tanıması; daha sonra isə Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması barədə Rusiyanın təşəbbüsü ilə Moskvada Ermənistanla Azərbaycanın birgə bəyannamə imzalamalarıdır.
Bundan başqa, Avropa Birliyində sədrliyin Çexiyaya keçidi də öz rolunu oynayıb. 2009-cu ilin iyulunda sədrliyi Praqadan Stokholm təhvil alacaq. Çexiya və İsveçlə isə Rusiyanın münasibətləri olduqca sərindir. Rəsmi Stokholm faktiki olaraq Polşanın Moskva ilə bağlı yürütdüyü siyasəti dəstəkləyir.
Bu ilin payında Polşa və İsveçin xarici işlər nazirlərinin birgə bəyannaməsi ilə gündəmə gətirilən "Şərq əməkdaşlığı" planı Azərbaycanın təbii ehtiyatlarının, xüsusilə də xam neft və təbii qazının Rusiyadan yan keçməklə Avropa və dünya bazarlarına çıxarılmasını da nəzərdə tutur.
İsveçin xarici işlər naziri Karl Bildtin mətbuat katibi İrena Busiçin dediyinə görə, Stokholmla Varşava Avropa Birliyinə postsovet ölkələri, xüsusilə də Belarus, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ilə bağlı daha fəal, intensiv siyasət yürütməyi təklif edib.
"Azərbaycan, Moldova, Gürcüstan və Ukrayna GUAM ölkələridir. GUAM postsovet məkanında Rusiyanın hegemoniyasının güclənməsinə yol verməyən, MDB çərçivəsində Moskvanın qonşu ölkələrə təsir və təzyiq vasitələrini gücləndirməyə yönəlmiş addımlarını zəiflədən bir strukturdur. Avropa Birliyi GUAM ölkələrinə diqqətini maksimum dərəcədə artırmalı, bu dövlətlərin AB-yə inteqrasiyasını sürətləndirməlidir. Belarus gəldikdə isə, Minskin bəhs etdiyim proqramda tammiqyaslı iştirakı yalnız həmin ölkədə müvafiq şəraitin yaranmasından sonra mümkündür", - İrena Busiç söylədi.
Onun dediyinə görə, AB ilə Azərbaycan arasında təmasların və əlaqələrin intensivləşməsi tərəflərin hər ikisinin maraqlarına xidmət edir.
"Şərq əməkdaşlığı" proqramı çərçivəsində ilkin olaraq miqrasiya və azad ticarət sahələrində əməkdaşlıq gücləndiriləcək, Azərbaycanda struktur islahatların aparılmasına təkan veriləcək.
Avropa Komissiyasının Şərq siyasəti komitəsindən "Ekspress"ə verilən məlumata görə, sözügedən plan çərçivəsində rəsmi Bakının "qətiyyətli səylər nümayiş etdirəcəyi təqdirdə" Avropa Birliyi Azərbaycana daha "dərin inteqrasiya" təklif edəcək.
Bununla belə, Avropa Komissiyası mənsubları Azərbaycanın Avropa Birliyinə üzvlüyü ilə bağlı perspektivlərdən danışmaq istəmədilər. Onların dediklərinə görə, "bu məsələni müzakirə etmək hələ tezdir".
Rusiyanın Avropa Birliyinin planına münasibəti isə həddən ziyadə sərtdir.
Almaniyanın Xarici Siyasət Şurasının Rusiya və MDB ölkələri üzrə proqram direktoru Aleksandr Rar "Nezavisimaya Qazeta"ya verdiyi açıqlamasında bildirib ki, "Şərq əməkdaşlığı" planı Avropa Birliyinin indiyədək postsovet ölkələri ilə bağlı hazırladığı ən ciddi sənəddir.
"Avropa Birliyinin postsovet məkanında, xüsusilə də Cənubi Qafqazda yürütdüyü siyasəti yönləndirib idarə etməyə çalışan Almaniya ilə Fransa həmişə Rusiya ilə əməkdaşlığa meylli olublar. İndi isə biz Rusiyaya sərt təzyiqlər göstəriləcəyi, Moskvanı postsovet məkanında təcrid etmək üçün səylərin nümayiş etdiriləcəyi mərhələyə qədəm qoyuruq. Rusiyanın Gürcüstanın ərazisinin bir hissəsini işğal etməsi Avropa Birliyini əməlli-başlı qorxudub, - A.Rar söylədi. - Abxaziya və Cənubi Osetiyanın "dövlət müstəqilliyi"nin Rusiya tərəfindən rəsmən tanınmasını Avropa Moskvanın Gürcüstan ərazilərini işğal etməsi kimi qəbul edir. Eyni zamanda Avropa Birliyi maraq dairəsinə Azərbaycanı da daxil edir. Yəni burada məqsəd postsovet məkanındakı demokratik dövlətlərlə daha da yaxınlaşmaq yox, Rusiyanın qarşısını almaq və bu regionda maraq zonasını mümkün qədər genişləndirməkdir".
Müşahidəçilər isə hesab edirlər ki, Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsini Moskva sakitcə, laqeydliklə müşahidə edən deyil.
Azərbaycanda demokratik institutlar və vətəndaş cəmiyyətinin güclənməsinə ildə 53 milyon avroya yaxın vəsait ayıracaq. Ən başlıcası isə budur ki, 2009-cu ildən etibarən Azərbaycanla Avropa Birliyi arasında azad iqtisadi zonanın yaradılması məqsədilə 12 proqramın həyata keçirilməsinə başlanacaq.
Beləliklə, Rusiyanın postsovet ərazilərdə vahid iqtisadi məkan yaratmaq arzusu puç olasıdır.
Eyni zamanda, Avropa Birliyi, Azərbaycan, Belarus, Moldova, Ukrayna və Avropa Birliyi arasında vizasız rejimin tətbiq edilməsinə də başlanacaq. Dağlıq Qarabağ münaqişəsi hələ həll olunmadığından və Ermənistan da işğal etdiyi Azərbaycan ərazilərini azad etmədiyindən, Ermənistanla Azərbaycan arasında vizasız rejim olmayacaq. Fəqət, Avropa Komissiyasından verilən məlumata görə, münaqişə həll olunandan sonra iki ölkə arasında belə rejimin həyata keçirilməsi ilə bağlı işlərə start veriləcək.
Rusiyanın MDB məkanında yürütdüyü neoimper siyasətdən dərin əndişə duyan Avropa Birliyi eyni zamanda Azərbaycanın enerjidaşıyıcılarının dünya və Avropa bazarlarına çıxarılması məsələsini də tam nəzarətdə saxlamaq niyyətindədir.
AB Xəzər və Azərbaycan nefti ilə təbii qazının Rusiyadan yan keçmək şərtilə Avropa bazarlarına çıxarılması üçün mövcud marşrutların təhlükəsizliyinin təminatına nail olmaqla yanaşı, yeni və alternativ marşrutların həyata keçirilməsini sürətləndirəcək.
Həmin çərçivədə görüləcək işlər arasında Azərbaycanla yanaşı, Türkmənistanın təbii qazını da Avropaya nəql edəcək "Nabucco" kəməri, habelə "Paseydon" marşrutunun mümkün qədər tez istifadəyə verilməsi də var.
Avropa Birliyinin postsovet məkanı, o cümlədən Azərbaycanla bağlı "Şərq əməkdaşlığı" planının reallaşmasına gələn ay başlanacaq. 2009-cu ilin ilk günlərindən etibarən həyata keçiriləcək plan çərçivəsində Bakının nə qədər yardım alacağı fevral ayından etibarən, müzakirə ediləcək. Fevralın ortalarında Avropa Birliyinin yüksək səviyyəli nümayəndə heyəti Bakıda səfərdə olacaq və Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Həmin danışıqlar zamanı "Şərq əməkdaşlığı" planı çərçivəsində Bakı ilə bağlı atılacaq ilk addımlar müəyyənləşdiriləcək.
Fevral ayının sonlarında - martın əvvəllərində isə Azərbaycan və Türkmənistan, habelə Qazaxıstanın təbii qazının "Nabucco" kəməri ilə Avropaya nəqli, regionun karbohidrogen ehtiyatlarının Rusiyadan yan keçmək şərtilə dünya bazarlarına çıxarılması ilə bağlı marşrutların diversifikasiyası müzakirə mövzusu olacaq.
Həsən AĞACAN

Güney Azərbaycanda "21 Azər" qeyd olunur (Fotolar)

Güney Azərbaycanda "21 Azər" qeyd olunur (Fotolar)


Mərasimlə bağlı tədbirlərdə breloklar paylanılıb

QayNar: Təbriz, Tehran, Xoy və Ərdəbildə "21 Azər" hərəkatı ilə bağlı olaraq üzərində Seyid Cəfər Pişəvərinin şəkilləri olan breloklar paylanılıb. Bu barədə Güney Azərbaycanda fəaliyyət göstərən "Milli Party" təşkilatından QayNar.info-ya bildiriblər. Başqa bir mənbədən aldığımız məlumata görə isə "21 Azər" Hərəkatı ilə bağlı olaraq ETTELAAT qüvvələri milli fəalları nəzarətdə saxlayır. Mənbə bildirir ki, bütün polis qüvvələrini səfərbər edən İran rejimi "21 Azər" hərəkatı ilə keçirilən tədbirləri əngəlləməyə çalışır. Bu məqsədlə fəal milli hərəkatçılar izlənir, onlara hədə-qorxu gəlinir. // Natiq Kamal, QayNar

2 Aralık 2008 Salı

Türkiyənin xarici işlər naziri Qafqaz Universitetinin qonağı olub

Türkiyənin xarici işlər naziri Qafqaz Universitetinin qonağı olub

Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Əli Babacan dekabrın 1-də Qafqaz Universitetinin tələbə və müəllim kollektivi ilə görüşüb. Görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, 1993-cü ildən ümummilli lider Heydər Əliyevin xeyir duası ilə fəaliyyətə başlayan universitet 1998-ci ildə ilk məzuniyyətini, 2008-ci ildə isə 10-cu məzuniyyətini keçirib. Onun sözlərinə görə, bugünədək ali təhsil müəssisəsindən 1553-ə yaxın tələbə məzun olub: "Məzunların saylarının bü həddə çatmasına baxmayaraq, tədris müddəti ərzində tələbələrinə hər cəhətdən yüksək qayğı göstərən universitet məzun olduqdan sonra da onlara diqqət və qayğısını əsirgəmir. Məzun verməyə başladığı müddətdən etibarən universitetin nəzdində Daimi İnkişaf və Karyera Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz məzunların karyera qurmaqda yaşadıqları problemləri, sıxıntıları həll etməkdə onlara köməklik göstərir". A.Sanic deyib ki, bu il keçirilən qəbul imtahanlarında universitetə 600-dən yuxarı bal toplayan 118 tələbə qəbul olub. Bu da Qafqaz Universitetinin bir ali təhsil müəssisəsi kimi reytinqinin yüksək olmasından xəbər verir. Ümumilikdə isə universitetdə 2546 tələbə təhsil alır: "Qafqaz Universiteti tələbələrə təhsil verməklə yanaşı onların asudə vaxtlarını səmərəli keçirməsi üçün dərnəklər yaradıb. Hazırda universitetdə 24 tələbə dərnəyi fəaliyyət göstərir ki, tələbələrin 65 faizi bu dərnəklərin üzvüdür".

Tədbirdə çıxış edən Əli Babacan iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün siyasi iradənin nümayiş etdirildiyini deyib. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini vurğulayan nazir münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqların davam etdirilməsini müsbət qiymətləndirib.

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı məsələyə toxunan Əli Babacan ATƏT-in Minsk Qrupu çərçivəsində sülhyaratma cəhdlərinin nəticə verəcəyi təqdirdə ölkəsinin də sözügedən sahədə müsbət addımlar ata biləcəyini istisna etməyib. XİN başçısı bildirib ki, Rusiya ilə Gürcüstan arasında baş verən məlum olaylardan sonra yeni mərhələ yaranıb. O, bölgədə sülhün qorunması üçün Türkiyənin irəli sürdüyü Qafqaz Sabitlik və Əməkdaşlıq Paktı təşəbbüsünün gerçəkləşəcəyinə inandığını deyib. Ə.Babacan hazırda Azərbaycanla Ermənistan, Rusiya ilə Gürcüstan, Türkiyə ilə Ermənistan arasında problemlər olduğunu qeyd edərək deyib ki, regionda normal münasibətlərin qurulması üçün bu problemlər həll olunmalıdır. Münaqişələrin dialoq yolu ilə həllinin vacibliyini vurğulayan Ə.Babacan bildirib ki, problemlərin həllini gələcək nəsillərə saxlamaq olmaz: "Türkiyə bölgədə sülh və sabitlik olmasını istəyir". Türkiyənin xarici işlər naziri "Ermənistanla Türkiyə arasında sərhədlər nə vaxt açılacaq" sualına konkret cavab verməyib. Ə.Babacan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə ilə Ermənistanın münasibətlərinə müsbət təsir göstərəcək.

Tədbirin sonunda Əli Babacana Qafqaz Universitetinin fəxri plaketi təqdim olunub.
Sevinc QARAYEVA

Bakıda Türk dünyasının 8-ci İqtisadiyyat, İnformatika və Mədəniyyət Forumu keçiriləcək

Bakıda Türk dünyasının 8-ci İqtisadiyyat, İnformatika və Mədəniyyət Forumu keçiriləcək

Dekabrın 4-5-də Bakıda Türk dünyasının 8-ci İqtisadiyyat, İnformatika və Mədəniyyət Forumu keçiriləcək. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Türkiyə Nazirlər Kabinetinin xarici ticarət idarəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkil etdikləri forumun açılışında Türkiyənin dövlət naziri Kürşad Tüzmən də iştirak edəcək. Tədbirin keçirilməsində məqsəd qloballaşma prosesində dünyada yaranan qlobal və regional birliklərin beynəlxalq iqtisadi, sosial, mədəni və ticari əlaqələrin inkişafına təsirləri nəzərə alınmaqla türk dünyası üçün müvafiq addımlar atmaq, türk respublikaları arasında iqtisadi, mədəni və ticarət əlaqələrinin inkişafına dəstək verməkdir.

Qeyd edək ki, indiyədək keçirilən 7 forumdan üçü Türkiyədə, digərləri isə Azərbaycan, Türkmənistan, Qırğızıstan və Şimali Kiprdə keçirilib.

İran "Qaz OPEK"inin yaradılması layihəsini Moskvada təqdim edəcək

İran "Qaz OPEK"inin yaradılması layihəsini Moskvada təqdim edəcək

İran Qaz İxracatçıları Təşkilatının yaradılması layihəsini hazırlayır. APA-nın məlumatına görə, İranın OPEK-də nümayəndəsi Məhəmməd Əli Hatibinin sözlərinə görə, layihə dekabrın 23-də Moskvada qaz ixracatçıları ölkələrinin nazirlər səviyyəsində keçirilən görüşündə təqdim ediləcək: "Ümidvaram ki, layihə təsdiq olunacaq, konkret struktura və baş qərargaha malik beynəlxalq təşkilat ən qısa zamanda yaranacaq". Hatibi hesab edir ki, enerji daşıyıcılarının qiymətlərin enib-qalxması, onlara ehtiyacın balanslaşdırılmaması belə təşkilatın yaranmasını zəruri edir. Bu təşkilat qaz ixracatçılarına bir-biri ilə sıx əməkdaşlıq etməyə və əlaqələndirilmiş qərar qəbul etməyə imkan verəcək.