azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

26 Şubat 2009 Perşembe

İranda radikallar mövqelərini sərtləşdirirlər

İranda radikallar mövqelərini sərtləşdirirlər


İranda prezident seçkiləri ilə bağlı olaraq bir yandan namizədlərin dəqiqləşməsi prosesi gedərkən, digər yandan seçkilərin hər zamankı kimi özünəməxsus məhdudiyyətlərə səhnə olacağının işarələri ortaya çıxır. Məhdudiyyətlərin ilk nümunələrindən biri İranın keçmiş prezidenti Məhəmməd Xatəminin önümüzdəki prezident seçkisində namizədliyini dəstəkləyən “www.yaari.ir” və “www.yaarinews.com” saytlarına İrandan daxilolmanın məhdudlaşdırılması olub. Xatırladaq ki, Xatəmi prezidentliyə namizədliyini 2009-cu il Fevralın 8-də açıqlasa da, bu iki sayt əvvəlcədən Xatəminin namizədliyini irəli sürəcəyi düşüncəsi ilə hələ keçən yay aylarında açılıb. “Yaari” saytı Xatəminin tərəfdarları tərəfindən ünvanlanan müraciətləri, “Yaarinews” isə Xatəminin seçki kampaniyasını əks etdirir. Saytlara məhdudiyyətlər 21 Ferval tarixindən etibaərn tətbiq edilməyə başlayıb. İranda prezident seçkiləri isə 2009-cu il İyunun 12-də keçiriləcək.



İran rəsmiləri saytların bağlanmasına səbəb kimi, onların qanunsuz fəaliyyətini göstərirlər. İRNA agentliyi internet saytlarına nəzarət edən orqanın məlumatına əsasən bildirib ki, bu saytlar “milli birliyi xələl gətirdiyinə, ölkə əhalisində ümidsizlik yaratdığına, iftira və böhtan xarakterli məqalələr dərc etdiyinə” görə məhdudlaşdırılıb”. Bu iki saytın Xatəminin seçki qərargahlarının müdirlərini təqdim etmə mərasimi günündə bağlanması diqqət çəkib. Xatəmi tərəfdarlarının saytların bağlanmasına reaksiyası hələ ki orta sərtlikdədir. Saytlardan birinin redaktoru olan Bəhruz Şojaei qeyd etmişdir ki, “saytlarımızın bağlanması göstərir ki, radikallar Xatəminin Əhmədinejada meydan oxumasına fürsət vermək istəmirlər”. Xatəminin liderlik etdiyi islahatçılarından olan millətvəkili Daryuş Qənbəri isə jurnalistlərə açıqlamasında bildirib ki, internet səhifələrinə qoyulan məhdudiyyət əslində Xatəminin fəaliyyətlərini məhdudlaşdırmaq istəyindən irəli gəlir.

Qeyd edək ki, bu, namizədliyini açıqladıqdan sonra Xatəmiyə qarşı atılan ilk addım deyil. Fevralın 12-də, İranda inqilabın 30-cu ildönümü münasibətiylə keçirilən tədbirlərdə iştirak edərkən bir qrup əli dəyənəkli adam Xatəmiyə hücum etməyə çalışmışdı. Hadisə Tehrandakı Azadi Meydanında baş vermişdi. Əli dəyənəkli qrup “Xatəmiyə ölüm”, “Amerikan oyuncağı hökumət istəmirik” deyərək keçmiş prezident Xatəmiyə hücum etmiş, ancaq əvvəlcə Xatəinin tərəfdarları, sonra isə rəsmi mühafizəçiləri bu qrupun qarşısını alaraq Xatəmini hadisə yerindən uzaqlaşdırmışdı. Ancaq Xatəmi bu hadisədən sonra daha da fəallaşmış, Fevralın 13-də verdiyi açıqlamada bütün reformçuları “zəfərə doğru gedən yolda əmin addımlarla irəliləməyə və maneələrdən çəkinməməyə çağırmışdı”. Bu sözlərinin üstündən çox keçmədən kiçik də olsa növbəti maneə ortaya çıxdı. Görünür, Əhmədinejad hakimiyyəti xalq nəzdində azalan etibarının fərqindədir ki, hakimiyyəti qanuni imkanlarla olmasa belə rəqiblərinin imkanlarını məhdudlaşdırmaq bahasına saxlamağa çalışır.araztm

AKP-ERMƏNİSTAN GİZLİ ANLAŞMASI DƏQİQLƏŞİR

AKP-ERMƏNİSTAN GİZLİ ANLAŞMASI DƏQİQLƏŞİR
Ərdoğan hökumətindən Xocalı yasağı
İqtidar MHP-nin soyqırımı parlamentə çıxarmaq cəhdini İrəvanı qıcıqlandırmamaq naminə əngəllədi



Türkiyə iqtidarının Ermənistanla apardığı gizli danışıqlarda ciddi anlaşmalar əldə etmək üzrə oduğunu təsdiqləyən daha bir hadisə yaşanıb. Qardaş ölkədəki mənbələrdən daxil olan məlumata görə, Milliyyətçi Hərəkat Partiyası Xocalı soyqırımı haqda qətnamə layihəsi hazırlayıb və onu parlamentə təqdim edib. Layihənin bu gün müzakirəyə çıxarılması planlaşdırılıb. Lakin şəxsən parlamentin spikeri Köksal Toptan və xarici işlər naziri MHP rəhbərliyinə müraciət edərək israrla dövlət adına bu qətnaməni geri çəkməyi xahiş ediblər.
Mənbənin bildirdiyinə görə, yaxın günlərdə MHP başqanı Dövlət Baxçalının mətbuat konfransı keçirərək məsələ ilə bağlı açıqlama verəcəyi gözlənilir.
Türkiyə iqtidarının bu davranışı Ankaranın Ermənistanla münasibətlər qurmaq üçün Qarabağ münaqişəsinin nizamlanması şərtindən geri çəkildiyi haqda yayılan xəbərlərin fonunda baş verir. Xatırladaq ki, Azərbaycanda narahatlıq yaradan bu xəbərlər AKP hökuməti tərəfindən təkzib edilmir. Türkiyənin Bakıdakı səfirliyi isə Ermənistanla danışıqların getdiyi bir vaxtda bu xəbərlərlə bağlı şərh verməyin düzgün olmadığını açıqlamışdı.
Qeyd edək ki, MHP əvvəllər də Xocalı soyqırımını Türkiyə Böyük Millət Məclisində qaldırıb, məsələ ilə bağlı çıxışlar və müzakirələr olub. Ancaq görünür, bu dəfə AKP iqtidarının Ermənistanla apardığı danışıqlar o dərəcədə həssas mərhələyə çatıb ki, Xocalı məsələsinin parlamentdə qaldırılmasının danışıqlara zərər vura biləcəyindən ehtiyat edilir. Məhz bu səbəbdən müxalifət partiyasının Xocalı qırğınını parlamentdə qaldırmaq təşəbbüsü dövlət adına əngəllənir.
Belə görünür ki, Türkiyə iqtidarı Ermənistanla anlaşmaq və Qarabağ məsələsi həll olunmadan bu ölkə ilə diplomatik münasibətlər yaradıb sərhədləri açmaq üzrədir. Məlumatlara görə, Ankara bu addımı “erməni soyqırımı”nın ABŞ prezidenti və Konqresi tərəfindən tanınmasının qarşısını almaq üçün yaxın zamanlarda ata bilər. Bəllidir ki, hazırda ABŞ-da erməni lobbisinə yaxın olan prezident və Konqres iş başındadır. Prezident Barak Obamanın aprelin 24-də ermənilərə mesajında “soyqırım” ifadəsini işlətməsi gözlənilir. Həmçinin Konqres erməni qətnaməsini təsdiqləyə bilər. Vaşinqtondan işarə edilir ki, “soyqırım”ın tanınmasını ancaq Türkiyənin Ermənistanla diplomatik münasibətlər qurması əngəlləyə bilər.musavat

İran və Cibuti Respublikası arasında əməkdaşlıq sazişləri imzalanıb

İran və Cibuti Respublikası arasında əməkdaşlıq sazişləri imzalanıb



İran prezidenti Mahmud Əhmədinejadın Cibuti Respublikasına səfəri zamanı, iki ölkənin nümayəndə heyətinin müzakirəsindən sonra 5 əməkdaşlıq sazişi imzalanıb. Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.

İran və Cibuti arasında viza rejiminin ləğvi, Cibutidə texniki-elmi mərkəzin tikilməsi və Cibutinin inkişafına dəstək sahəsində sənədləri İranın xarici işlər naziri Menuçöhr Mottəki və Cibutinin xarici işlər naziri Məhəmməd Əli Yusif imzalayib.

İran və Cibuti arasında İranın bu ölkəyə kredit ayırması sənədini isə İranın Saderat İnkişaf Bankının direktoru Pərviziyan və Cibuti Mərkəzi Bankının rəhbəri Hamahayt imzalayıblar.

İran prezidenti çərşənbə axşamı Cibuti Respublikasına rəsmi səfər edib.

Soyqırımın ildönümü günü Brüsseldə “Xocalı Çadırı” qurulacaq

Soyqırımın ildönümü günü Brüsseldə “Xocalı Çadırı” qurulacaq


Xocalı soyqırımının 17-ci ildönümü günü - fevralın 26-da Belçika Azərbaycan Evi (BAE) Brüsselin mərkəzində yerləşən “Place du Schuman” meydanında “Xocalı Çadırı” quracaq.

Çadırda Xocalı soyqırımını əks etdirən foto sərgi və sənədli film nümayiş etdiriləcək, ingilis, fransız və türk dillərində bu soyqırım barədə məlumatı özündə əks etdirən broşurlar və keçən il BAE-nin Xocali soyqırımı ilə əlaqədar nəşr etdirdiyi fransız dilində olan “Əsir Torpaq Qarabağ” adlı kitab paylanacaqdır, çərşənbə günü Trend News-a Belçika Azərbaycan Evinin mətbuat xidmətindən məlumat verilib.

Çadırın ətrafında fransız dilində “İşğal edilmiş şəhər Xocalı” (La ville occupée - KHODJALY), “Ədalət hardadır?” (Où est la Justice?), “17 ildir ki, qaçqınlar öz yurdlarına qayıtmaq istəyirlər!” (Ça fait 17 ans que les réfugiés veulent rentrer à leurs villages !), “Cinayətkarlar cəzalandırılmalıdırlar!” (Les coupables doivent être punis et jugés !), “Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilmişdir!” (Le Haut - Karabakh est occupé par l’Arménie) kimi şüarlar asılacaq.

Çadırda imza kampaniyası təşkil olunacaq və ziyarətçilərin imzaladığı sənədlərin Brüssel məhkəməsinə çatdırılması üçün artıq vəkil tutulub.

TrendNews-un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirən qrup zəzrərsizləşdirilib

İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirən qrup zəzrərsizləşdirilib


Azərbaycanın cənubunda yerləşən Lerikdə (paytaxt Bakıdan 300 km məsafədə) çərşənbə günü səhər saat 08:00 radələrində rayon polis şöbəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə Azərbaycana tiryək keçirən İran vətəndaşlarını saxlayıblar.

Lerik rayon polis şöbəsinin rəisi Nurəli Nurəliyevin çərşənbə günü Trend News-a verdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonu ərazisindəki N saylı hərbi hissəsinin sərhəd zastavası ərazisində dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Lerik rayonunun Conitülü kəndinə keçmiş İran İslam Respublikasının Ərdəbil vilayətinin sakinləri Qeybullaev Fazil Seyfulla oğlu və Babazadə Nüsrət Həbib oğlu saxlanılıb, onlardan 2 kiloqrama yaxın narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Fakt üzrə polis şöbəsində cinayət işi açılıb, istintaq gedir.

Son bir ayda İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 90 kiloqramdan artıq narkotik maddə keçirən iki dəstə zərərsizləşdirilib.trend

Rusiya və İran “Buşehr” atom stansiyası üzrə kompleks işlərə başlayacaqlar

Rusiya və İran “Buşehr” atom stansiyası üzrə kompleks işlərə başlayacaqlar


İranın Atom Təşkilatının sədri Rza Ağazadə və “Rosatom” Dövlət Korporasiyasının rəhbəri Serqey Kirienko “Buşehr” atom stansiyasına baxış keçiriblər.

İranın “Mehr” agentliyinin verdiyi xəbərə görə, bu gün “Buşehr” atom stansiyasının işə salınması üzrə kompleks işələrə başlanacaq. Reaktor və digər enerjiblok sistemlərinin gələcək sınaqlarının aparılması üçün hidravlik model yaratmaqdan ötrü enerji blokunun reaktor zonasına tərkibində nüvə yanacağı olmayan yanacaq yığımlarının metal imitatorları yüklənəcək.

“Buşehr” atom stansiyasında sınaq işlərinə çərşənbə günü günorta saatlarında başlanacaq.trend

İranın Bəhreynlə münasibətlərində yenə problemlər yaşanır

İranın Bəhreynlə münasibətlərində yenə problemlər yaşanır


İranın Daxili İşlər Naziri Sadiq Məhsuli İran və Bəhreyn arasında yaranmış gərginliyi aradan qaldırmaq məqsədi ilə fevralın 24-də Menameyə səfər edib. Bu görüşdə Məhsuli Bəhreyn Kralı ilə görüş keçirərək İİR Prezidenti Əhmədinejadın məktubunu və İrana dəvətini krala çatdırıb. İSNA agentliyinin verdiyi məlumata əsasən, Məhsuli həmçinin bu ölkənin digər yetkililəri ilə də görüşüb və ikitərəfli münasibətlərin inkişafı və əməkdaşlıqla bağlı müzakirələr aparıb. Məhsuli bu barədə qəzetlərə bildirmişdir ki, “son günlərdə, bir sıra kütləvi informasiya vasitələri qərəzli və yalan məlumatlar yaymaqla iki İslam dövləti arasındakı münasibətləri pozmağa çalışır.”



İran Daxili İşlər Nazirinin Bəhreynə səfərinə səbəb Tehranla Mename arasında yaranmış soyuqluq olub. Xatırladaq ki, İranlı yetkili, parlamentin keçmiş sədri Əli Əkbər Natiqi Nuri İslam inqilabının 30 illiyi münasibəti ilə Məşhəd şəhərində çıxış edərək bildirmişdi ki, “Bəhreyn Pəhləvilər sülaləsi dövründə İrandan ayrılıb. Bundan əvvəl İranın 14-ci əyaləti olub və İran parlamentində millət vəkilləri ilə təmsil olunub.”

Natiqi Nurinin bu çıxışı Bəhreynli yetkililər tərəfindən bu ölkənin müstəqilliyinin və suverenliyinin İran tərəfində tanınmaması kimi dəyərləndirilib. Bahreyn buna etiraz olaraq qaz layihələri ilə bağlı aparılan ikitərəfli müzakirələri dayandırıb və İran gəmilərinin Bəhreyn sularında hərəkətini məhdudlaşdırıb. Bəhreynin üzv olduğu Körfəz Ölkələri Əməkdaşlıq Təşkilatı da öz içlasında İran rəsmilərinin Natiqi Nurinin sözlərinə görə üzr istəməsini tələb edib.

Son günlərdə İran yetkililəri durumu sakitləşdirmək məqsədi ilə Bəhreynin ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını bəyan ediblər. Xarici İşlər Nazirliyi bəyan edib ki, Bəhreynin ərazi bütövlüyünə hörmətlə yanaşır və İran bu ölkənin torpaqlarına göz dikməyib.

İran Parlamentinin spikeri Əli Laricani də Bəhreynin süverenliyinə və müstəqilliyinə hörmətlə yanaşdıqlarını bildirib. Natiqi Nuri isə “Əl-cəzirə” telekanalına müsahibə verərək bildirib ki, onun Bəhreyn haqqında dedikləri düzgün başa düşülməyib. O bildirib ki, yalnız tarixi müqayisə apararaq Bəhreynin İrandan ayrılması faktını “Qacar, Pəhləvi və İslam respublikası arasında müqayisə aparmaq üçün” ifadə edib. O həmçinin qeyd edib ki, “məın təəsuf edirəm ki, tarixi araşdırma bizim Ərəb qonşularımızda narahatçılıq yaradıb. İran Bəhreynin hakimiyyətini tanıyır və bu ölkə ilə bərabər digər Ərəb dövlətlərinin də müstəqilliyinə hörmətlə yanaşır”.

Buunula son bir ilyarımda ikinci dəfədir ki, İran rəsmiləri Bəhreynin süverenliyini və müstəqilliyini şübhə altına aldığından Bəhreyn yetkililərinin könlünü almağa çalışırlar. Keçən il “Keyhan” qəzetində Ali Dini Rəhbərin nümayəndəsi və qəzetin baş redaktoru Hüseyn Şəriətmədari elə adıçəkilən qəzetdə yazmışdı ki, “Bəhreyn İranın torpağı olub və oranın xalqı istəsə ana vətənə birləşə bilərlər.”

Bəreyn Fars körfəzin cənubunda yerləşir. Oarda yaşayan xalq Ərəb dilli və 70 faizi Şiə olsa da hakimiyyət azlıq təşkil edən Sünnilərin əlindədir. Bəhreyn və digər Ərəb ölkələri İranın nüfuzunun güclənməsi və bu ölkələrə təsirindən ciddi ehtiyat edirlər. Bir sıra Ərəb liderləri İranın “Şiə ayparası” yaratmaq siyasətindən də daim narahatlıq keçirirlər. “Şiə ayparası” İran, İraq və Bəhreyni nəzərdə tutan nəzəri bir sistemdir ki, bu gerçəkləşdiyi təqdirdə Fars körfəzinin strateji açarı İranın əlinə keçə bilər. Çünkü bu “ayparanı” tamamlayan ölkələr körfəzin cənubunu, şimalını və qərbini əhatə edir. İran tarixdə bəzi vaxtlarda Bəhreynin hakimiyyətini ələ keçirə bilib. 1971-ci ildə BMT-nin nəzarəti ilə keçirilən referandumda Bəhreynlilər müstəqilliklərini yenidən bərpa edə bilmişdilər. İran bu tarixdən bəri bu ölkəni rəsmi şəkildə müstəqil ölkə kimi tanıyır.araztm

25 Şubat 2009 Çarşamba

Əhərdəki soydaşlarımız iş tapmır

Əhərdəki soydaşlarımız iş tapmır

Güney Azərbaycanın qədim Əhər şəhərinin əhalisi 30 il öncə inşasına başlanan Əhər-Təbriz şəhərlərarası magistralının açılışı ilə bağlı arzularına çata bilməyiblər. Bununla bağlı narazılıqlar artıq İran parlamentinin üzvləri tərəfindən də dilə gətirilir.
Əhərdən olan millət vəkili Qulamhüseyn Məsudi Reyhan Şərqi Azərbaycan əyalətinin Programlaşdırılma Komitəsinin iclasındakı çıxışı zamanı etirazını bildirib.
Onun bildirdiyinə görə, 1979-cü il İslam İnqilabından sonra başlanan bu vacib proyektin icrasından 30 il keçir, amma hələ də bu proyekti başa çatdırmaq mümkün olmayıb.
Onun dediyinə görə, hər il Təbriz-Əhər şəhərlərarası yolda baş verən avtomobil qəzaları nəticəsində çoxsaylı insan həyatını itirir.
Buna baxmayaraq, təqribən 90 kilometrlik layihənin icrası üçün lazım olan büdcənin təmin olunmaması ucbatından tikinti işlərini davam etdirmək mümkün olmur.
Bununla yanaşı, Əhərli millət vəkili həm də təmsil etdiyi seçicilərin ciddi çətinliklərinin olduğunu da dilə gətirib.
Onun dediyinə görə, Əhər işsizlik üzrə 1-ci yerdədir və işsizlik səviyyəsi burada artıq 25 faizi aşıb.
Məsudi onu da vurğulayıb ki, bu bölgədəki işsizlərin 15 min nəfəri ali təhsilli gənclərdən ibarətdir.
Gənclərin çoxsaylı çətinliklərlə üzləşdiyini bildirən millət vəkili, cəmiyyətin ən önəmli qüvvəsi olan gənclərin çoxsaylı problemlərinin həlli ilə bağlı özəl komitə yaradılmasına çağırıb.
O, təmsil etdiyi şəhərdə yetərli idman mərkəzlərinin və ümumiyyətlə hər-hansı ali təhsil müəssisəsinin olmamasını və yeganə ali təhsil ocağı olan Əhər səhiyyə fakultəsinin naməlum səbəblərdən bağlanmasının ciddi narahatlıq doğurduğunu deyib.
Təbrizin 95 kilometr şimal-şərqində yerləşən və Qaradağ mahalının mərkəzi sayılan Əhərdə 150 minə yaxın azərbaycanlı yaşayır.
Humay. EXPRESS

Hillari Klinton İran üzrə müşavirini seçdi

Hillari Klinton İran üzrə müşavirini seçdi



Bu posta ABŞ diplomatiyasının veteranı təyin olunub

ABŞ dövlət katibi Hillari Klinton İran körfəzi ölkələri, o cümlədən İran üzrə müşavirini seçib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu posta Dennis Ross təyin edilib.

Dövlət Departamentinin fevralın 23-də yaydığı açıqlamada bildirilir ki, rəsmi olaraq Rossun vəzifəsi “İran körfəzi və Cənub-Qərbi Asiya ölkələri üzrə xüsusi müşavir” adlanacaq. Departamentin mətbuat xidməti ABŞ-ın həmin regionda ən azı iki müharibədə iştirak etdiyini xatırladıb: “Regionda yeni münaqişələrin meydana çıxması, nüvə silahı və terrorçuluğun yayılması təhlükəsi var”.

Dennis Ross Amerika diplomatiyasının veteranlarından sayılır. O, Bill Klinton və Corc Buş administrasiyalarında Yaxın Şərq münaqişələrinin həll edilməsi məsələlərinə cavabdeh olaraq, bu regionda xüsusi nümayəndə postunu tutub. Qeyd edək ki, onun Barak Obama administrasiyasında dövlət katibi postu tutacağı da güman edilirdi.

Ustad şairimiz Bəxtiyar Vahabzadənin

Gülüstan

Ustad şairimiz Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması Sovet imperiyasının repressiya maşının ən güclü vaxtlarında qələmə alınmış və Azərbaycan türklərinin milli ruhunun, qan yaddaşının oyanmasında, istiqlal və bütövlük ideallarının qorunmasında müstəsna rol oynayan möhtəşəm əsərlərdəndir. 60-70-ci illərdə dillər əzbəri olan "Gülüstan" poeması təəssüf ki, bu günümüzdə yetərincə təbliğ olunmur. Böyük şairimizin əsərini oxucularımızın xahişilə dərc edir və bu əsərin yaxın zamanlarda orta məktəblərimizdə də tədris olunacağına ümid bəsləyirik.

Bəxtiyar Vahabzadə

Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə

I Hissə

İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
Əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.

O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.

Əyləşib kənarda topsaqqal ağa,
Hərdən mütərcimə suallar verir.
Çevrilir gah sola, baxır gah sağa,
Başını yellədib təsbeh çevirir.

Qoyulan sərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə...
Tərəflər kim idi? Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!

Qoy qalxsın ayağa ruhu Tomrisin,
Babəkin qılıncı parlasın yenə.
Onlar bu şərtlərə sözünü desin,
Zənciri kim vurdu şir biləyinə?

Hanı bu ellərin mərd oğulları?
Açın bərələri, açın yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu-
Qılınc Koroğlusu, söz Korolusu?

Babaların şəni, şərəfi, əlbət,
Bizə əmanətdir, böyük əmanət...
Yoxmu qanımızda xalqın qeyrəti?
Belə saxlayarlar bəs əmanəti?

Qoy ildırım çaxsın, titrəsin cahan!
Ürəklər qəzəbdən coşsun, partlasın.
Daim haqq yolunda qılınc qaldıran
İgid babaların goru çatlasın.

Qoy əysin başını vüqarlı dağlar,
Matəmi başlandı böyük bir elin.
Mərsiyə söyləsin axar bulaqlar,
Ağılar çağırsın bu gün qız, gəlin!..

Tərəflər sakitdir, qəzəbli deyil,
Məhv olan qoy olsun, onlara nə var.
İmzalar atılır bir-bir, elə bil,
Sevgi məktubuna qol çəkir onlar.

Atıb imzasını hər kəs varağa,
Gyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla, təsbehli ağa,
Qalxıb əl də verir biri-birinə.

Onların birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?

Bir deyən olmadı, durun ağalar!
Axı, bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız bayaqdan bəri,-
Bəs hanı bu yurdun öz sahibləri?

Bəs hanı həqiqət, bəs hanı qanun?
Qocadır bu yurdun tarixi, yaşı.
Bəs hanı köksünə sərhəd qoyduğun,
Bir vahid ölkənin iki qardaşı?

Görək bu hicrana, bu müsibətə,
Onların sözü nə, qərəzi nədir?
Bu xalq əzəl gündən düşüb zillətə,
Öz doğma yurdunda yoxsa kölədir?

Necə ayırdınız dırnağı ətdən-
Ürəyi bədəndən, canı cəsəddən?
Axı, kim bu haqqı vermişdir Sizə,
Sizi kim çağırmış Vətənimizə?

Neçə vaxt səngərdə hey ulaşdılar,
Gülüstan kəndində sövdalaşdılar.
Bir ölkə ikiyə
Ayrılsın deyə!..

Göy də guruldamış deyirlər o gün,
Çölləri, düzləri buludlar sarmış.
O göy gurultusu ulu Babəkin
Ruhuymuş,
hönkürüb fəryad qoparmış.

Gülüstan kəndinin gül-çiçəkləri
Bir günün içində soldu-saraldı.
"Gülüstan" adlandı...
O gündən bəri,
Bu kəndin alnında bir ləkə qaldı.

Bağrı köz-köz oldu "Yanıq Kərəmin"
Tellər inildədi, yandı, nə yandı.
Aşığın sazında daha bir həzin,
Daha bir yanıqlı pərdə yarandı.

Həmin gün ölkəni apardı sel, su,
Tutuldu çöhrəsi günün, ayın da.
Qoca Nəbatinin eşqi, arzusu,
O gün batmadımı Arpa çayında?

Ağlayıb dağlardan əsən küləklər,
Bu məşum xəbəri aləmə yaydı.
Sanki dilə gəldi güllər, çiçəklər:
"Bu işə qol qoyan qollar sınaydı".

Arazın suları qəzəbli, daşqın,
Sirin nəğmələri ahdır, haraydır.
Vətən quşa bənzər, qanadlarının
Biri bu taydırsa, biri o taydır.

Quş iki qanadla uçar, yüksələr,
Mən necə yüksəlim tək qanadımla?
Ürəklər bu dərddən tüğyana gələr,
Axar gözümüzdən yaş damla-damla.

Cənablar, bir anlıq düşündünüzmü?
Verdiyiniz hökmün ağırlığını?
Bu hökmün dəhşəti əllimi, yüzmü?
Biz necə götürək bu göz dağını?..

Başı kəsiləndə bu məğrur elin
Qəlbin ağrısını hiss etdinizmi -
Qoca Füzulinin, igid Babəkin
Etiraz səsini eşitdinizmi?
Cənablar, bir damcı mürəkkəblə siz
Düsünün, nələrə qol çəkmişsiniz?

Bir damcı mürəkkəb, bir vətəndaşı
Qanına bulayıb ikiyə böldü.
Bir damcı mürəkkəb olub göz yaşı
İllərlə gözlərdən axdı, töküldü.

Min ləkə vurdular şərəfimizə
Verdik, sahibimiz yenə "ver" - dedi.
Lap yaxşı eləyib doğrudan, bizə
Biri "baran" - dedi, biri "xər" - dedi.
Bizi həm yedilər, həm də mindilər,
Amma dalımızca gileyləndilər.

Hökmü gör nə qədər böyükmüş anın
Möhür də basdılar varağa təkrar.
Yox, varağın deyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.

İmzalı, möhürlü ey cansız varaq,
Nə qədər böyükmüş qüvvətin, gücün.
Əsrlər boyunca vuruşduq, ancaq
Sarsıda bilmədik şökmünü bir gün.

Ey kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.

Bir eli ikiyə paraladın sən
Özün kağız ikən paralanmadın.
Köksünə yazılan qəlb atəşindən,
Niyə alışmadın, niyə yanmadın?

Araz sərşəd oldu, əsdi küləklər,
Sular yatağında qalxdı, köpürdü.
Üstü dama-dama taxta dirəklər,
Çayın kənarında səf çəkib durdu.

Sular, sizdən təmiz nə var dünyada?
Ləkədən xalidir axı qəlbiniz.
Bağrınız alışıb niyə yanmadı
Bu çirkin əmələ qol qoyanda siz?

Ey Araz, səpirsən göz yaşı sən də,
Keçdikcə üstündən çölün, çəmənin.
Səni arzulara sədd eyləyəndə,
Niyə qurumadı suların sənin?

Dayanıb Arazın bu tayında mən
"Can qardaş" deyirəm, o da "can" deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim yetən yerə, əlim yetməyir?..

Qarışıb gözümdə, qarışıb aləm
Dərd-dərdi doğrayır, qəm-qəmdən keçir.
Arazın üstündən keçə bilmirəm,
Araz dərdim olub sinəmdən keçir.

Taxta dirəkləri torpağa deyil,
Qoydular Füzuli divanı üstə.
Yarıya bölündü yüz, yüz əlli il
Gəraylı, bayatı, muğam, şikəstə.

Dəmir çəpərləri eşqim, diləyim,
Tarixim, ənənəm üstə qoydular.
Yarıya bölündü canım, ürəyim,
Yarıya bölündü Arazda sular.

Taxta dirəkləri qoydular ax, ax!
Qəlbimin, ruhumun, dilimin üstə.
Biz güldük, ağladıq, yenə də ancaq
Bir sazın, bir telin, bir simin üstə.

Ürəkdən ürəyə körpü? Bir dayan!
Dərdimiz dinirsə, bir sazın üstə...
Şəhriyar yaralı misralarından
Körpü salmadımı Arazın üstə?!

Bu taydan o taya axışdı sel tək
Gözə görünməyən könül telləri.
Bu selin önünü nə çay, nə dirək
Kəsə bilməmişdir yüz ildən bəri.

Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.

Böl, kağız üstündə, böl, gecə-gündüz,
Torpağın üstünə dirəklər də düz,
Gücünü, əzmini tök də meydana,
Qoşundan, silaşdan sədd çək şər yana.
Torpağı ikiyə bölərsən, ancaq
Çətindir bədəni candan ayırmaq!

Ayırmaq kimsəyə gəlməsin asan
Bir xalqın bir olan dərdi-sərini.
O taydan bu taya Mustafa Payan
Oxuyur Vahidin qəzəllərini.

Dolandı zəmanə, döndü qərinə,
Şairlər od tökdü yenə dilindən.
Vurğunun o həsrət nəğmələrinə
Şəhriyar səs verdi Təbriz elindən:

"Heydər baba, göylər qara dumandı,
Günlərimiz bir-birindən yamandı.
Bir-birindən ayrılmayın, amandır,
Yaxşılığı əlimizdən aldılar,
Yaxşı bizi yaman günə saldılar.

Bir uçaydım bu çırpınan yelinən,
Qovuşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən.
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı".

1959

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret aşkar edilib

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret aşkar edilib

Yardımlı rayon Polis İdarəsinin əməkdaşları üzərində aksiz markası olmayan 7 mindən artıq siqaret müsadirə edib

İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə siqaret məhsulları keçirilməsinin qarşısı alınıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Yardımlı rayon Polis İdarəsinin əməkdaşları rayonda əməliyyat axtarış tədbirləri keçiriblər. Nəticədə rayonun Aruz kənd sakini 1980-ci il təvəllüdlü Mirzə Füzuli oğlu Cabirin idarə etdiyi «VAZ 2107» markalı 10 NO 755 dövlət nömrə nişanlı avtomobilin yük yerindən hər birində 50 blok olan 5 qutu xaricdə istehsal edilmiş, üzərində aksiz markası olmayan siqaret aşkar edilərək götürülüb.
1966-cı il təvəllüdlü Yardımlı şəhər sakini Tahir Hüseynağa oğlu Tahirovun idarə etdiyi «Mercedes Benz 200» markalı 90 EH 760 dövlət nömrə nişanlı avtomobildən isə ümumi sayı 5 min olan 10 qutu Cənubi Koreyada istehsal olunan və aksiz markası olmayan siqaretlər aşkarlanıb.

Qeyd edək ki, Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilən siqaretlərin Bakıya aparılması nəzərdə tutulubmuş. Müsadirə edilən siqaretlər Lənkəran ərazi Vergilər İdarəsinə təhvil verilib. Hər iki faktla bağlı araşdırma aparılır. Axtarış tədbirləri davam etdirilir./ANS PRESS/

İyirmi bir il əvvəl 24 fevralda Azərbaycan xalqı Qarabağda ilk şəhidlərini verib

İyirmi bir il əvvəl 24 fevralda Azərbaycan xalqı Qarabağda ilk şəhidlərini verib

24 fevral 1988-ci ildə Bəxtiyar və Əli adlı iki yeniyetmə gənci Əsgəran rayonunda ermənilər qətlə yetirib

Məhz bu gün, amma 21 il öncə Azərbaycan xalqı Qarabağda ilk şəhidlərini verib. 24 fevral 1988-ci ildə Bəxtiyar və Əli adlı iki yeniyetmə gənci Əsgəran rayonunda ermənilər qətlə yetirib. Allah rəhmət eləsin! /ANS TV/

soydaşimiz Elnur Mərərndli holandada acliq aksiyasina dəvam edir

soydaşimiz Elnur Mərərndli holandada acliq aksiyasina dəvam edir


İrana qaytarılmaq təhlükəsinə etiraz edən Əlirza Mərəndli ilə bağlı beynəlxalq təşkilatlara müraciət olundu.2003-cü ildə İran rejiminin təzyiqlərindən qaçaraq mühacirətə üz tutan Güney Azərbaycan milli hərəkat fəalı Əlirza İmani (Elnur Mərəndli) çətin duruma düşüb.
musavat gələn məlumata görə Hollandiya İmmiqrant İdarəsinin rədd cavabından sonra Hollandiya hökumətinin onu yenidən İrana qaytarmaq təhlükəsindən yayınmaq üçün İngiltərəyə gedən Ə.İmani bu ölkədə də problemlərlə üzləşib. 2008-ci ilin avqustunda İngiltərə İmmiqrant İdarəsi Ə.İmaninin yenidən Hollandiyaya deportasiya edilməsi qərarını verib və səbəb kimi onun ilk sığındığı ölkəyə qaytarılmasının zəruriliyini göstərib.

Hollandiyaya deportasiya olunduğu müddətdən bu günədək milli fəal Əlirza İmani zindanda saxlanılıb və hazırda o, Hollandiya İmmiqrant İdarəsi tərəfindən İrana verilmək təhlükəsi qarşısındadır. Bu səbəbdən də Əlirza İmani fevralın 18-dən saxlandığı zindanda aclıq aksiyasına başlayıb.

GAİP acınacaqlı durumda olan milli fəalın İrana deportasiya təhlükəsinin qarşısını almaq və onun hüquqlarının müdafiə edilməsi üçün beynəlxalq təşkilatlara və səfirliklərə müraciət edib.gaip

GÜNEYLİ FƏALI 110 MİN DOLLAR MÜLK GİROVU MÜQABİLİNDƏ AZAD BURAXIBLAR

GÜNEYLİ FƏALI 110 MİN DOLLAR MÜLK GİROVU MÜQABİLİNDƏ AZAD BURAXIBLAR

Abdulla Abbasi Cavan



Tehranın Şəhid Rəcai Universitetinin müəllimi, sulduzlu fəal Abdulla Abbasi Cavan 103 gün Evin həbsxanasında saxlandıqdan sonra 110 min dollar mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıb. Fəalın azad buraxılması anasının ölümündən bir neçə saat sonraya təsadüf edib.

fəalın qardaşı Yədulla Abbasi Cavan güney mənbələrinə açıqlamasında qardaşının dövlət quruluşuna qarşı fəaliyyət və təbliğatda günahlandırıldığını, həbsdə müxtəlif işgəncələrə məruz qaldığını vurğulayıb.

A.Abbasi Cavanı 2008-ci il noyabrın 13-də Rey (Şah Əbdüləzim) şəhərində İran Məşrutə hərəkatının öndəri Səttarxanın məzarı üstündə düzənlənən anım mərasimində tutmuşdular.

Fəal Azərbaycan milli kimliyi uğrunda dinc mübarizəyə görə əvvəllər də həbsxanaya salınıb.

Ərdoğana tarix dərsi


Cavid CABBAROĞLU

Ərdoğana tarix dərsi


Yanlış yapdınız, sayın başbakan!

Ərdoğan türk tarixini zəif bilirmiş. Görünür, Nəcməddin Ərbakan istedadlı tələbəsinə yalnız İslam tarixini yaxşı öyrədib. Belə olmasaydı, adam osmanlıların Çaldıran düzündəki zəfəri ilə qürurlanmazdı. Türkiyənin baş naziri türk tarixini yaxş bilsəydi, Çaldıran müharibəsini bu tarixin ən utancverici olayı kimi dəyərləndirər və adını heç dilinə də gətirməzdi…
Sayın başbakanın qürur duyduğu savaşlara baxın: «Biz tariximizə baxdıqda Mohaçı, Niğbolunu, Çaldıranı, Malazgirti görürük. İstanbulun fəthini, Çanaqqala dastanını, Qurtuluş savaşımızı görürük. Biz bu ruhla yaşadıq, bu ruhla böyüdük, bu ruhda tərbiyə edildik və gələcəyin Türkiyəsini bu ruh üzərində inşa etməyə çalışırıq».
İstanbulun fəthi və Çanaqqala savaşı ilə bağlı məsələlər çoxlarına bəllidi: Osmanlı imperiyası 1453-cü ildə Bizans imperatorluğunun paytaxtını tutmaqla onun mövcudluğuna son qoyub, 1916-cı ildə isə İngiltərə, Fransa və Rusiyadan ibarət müttəfiqləri darmadağın edib. Ərdoğanın qürur duyduğu digər müharibələrə gəlincə, Mohaç müharibəsi 1526-cı ildə Osmanlı imperiyası ilə Macarıstan krallığı, Niğbolu müharibəsi 1396-cı ildə Dunay çayı üzərindəki Niğbolu (Nikopol) qalası yaxınlığında xaç yürüşünə çıxan Avropa krallıqlarının ordusu ilə Osmanlı ordusu arasında, Malazgirt döyüşü 1071-ci ildə böyük Səlcuq hökmdarı Alparslan və Bizans imperatoru IV Romen Diogen arasında olub.
Göründüyü kimi, bu müharibələrin hamısı osmanlılarla onların nə din, nə də dil bağlılığı olan və əsasən də xristian dininə sitayiş edən düşmənləri arasında baş verib. Çaldıran savaşı isə 1514-cü il avqustun 23-də iki türk imperiyası – Səfəvilər və Osmanlılar arasında olub, odlu silahlarla silahlanmış Osmanlı ordusunun qəti qələbəsi ilə başa çatıb. Türkün türkə silah qaldırdığı, türkün türkü öldürdüyü müharibə qardaş qırğını deyil də, nədir?
Çaldıran döyüşünün səbəbləri barədə çox deyilib, çox yazılıb. Bütün bunlar bir köşə yazısına sığası deyil. Qısaca olaraq onu demək olar ki, Səfəvi-Osmanlı qarşıdurmasını şərtləndirən hərbi-strateji və iqtisadi səbəblərlə yanaşı, daxili siyasi amillər də mövcud idi. Bununla belə, Osmanlı sultanı II Bayəzid Səfəvilərə qarşı güc tətbiq etmək fikrində deyildi. Təbiət etibarilə mülayim adam olan sultan qızılbaşlar əleyhinə sərt siyasət yürütməyin tərəfdarı olan yaxın ətrafının və Trabzon valisi olan oğlu Şahzadə Səlimin mövqeyi ilə hesablaşmırdı. Təsadüfi deyil ki, iki imperiya arasında diplomatik münasibətlər qurmaq təşəbbüsü də II Bayəziddən gəlmişdi. O, Səfəvilərlə müharibə etməmək siyasətinə hakimiyyətinin sonunadək sadiq qalmışdı. Hətta Şah İsmayıl Zülqədər bəyliyinə yürüş zamanı Sultan II Bayəzidin icazəsi ilə Osmanlı torpaqlarından keçərkən qızılbaşların qorxusundan yurd-yuvasını tərk edənləri geri dönməyə çağırmış, yerli əhalinin satmaq istədiyi malların alınmasına göstəriş vermişdi. O, şəxsən aldığı malların pulunu ödəmiş, Osmanlı təbəələrindən aldığı əşyaların pulunu verməyən bir qızılbaşı dərhal edam etdirmişdi.
Lakin həm Osmanlı sultanının, həm də Səfəvi şahının cəhdlərinə rəğmən, iki dövlət arasındakı münasibətlər gərginləşməyə doğru gedirdi. Bu gərginlik Trabzon valisi Şahzadə Səlimin atası II Bayəzidi devirib özünü sultan elan etməsindən sonra özünün pik həddinə çatdı. Sultan Səlim atasının Səfəvilərə qarşı siyasətini büsbütün dəyişdi və müharibə yolunu tutdu.
Səfəvi-Osmanlı münaqişəsini şərtləndirən faktorlar sırasında qızışdırıcı amilləri də qeyd etmək lazımdır. Belə ki, Avropa ölkələri iki türk-müsəlman dövləti arasında hərbi toqquşmanın baş verməsinə, bununla da Avropadan Osmanlı təhlükəsini uzaqlaşdırmağa çalışırdılar. Təsadüfi deyil ki, onlar eynən Uzun Həsənə olduğu kimi, Şah İsmayıla da hərbi baxımdan yardım edəcəkləri haqda quru, boş vədlər verirdilər. Digər tərəfdən, Səfəvilərə tabe olan Şərqi Anadoluda məskən salmış sünni kürd əmirləri də Sultan Səlim Yavuza müraciət edərək, onu Azərbaycana yürüşə başlamağa təhrik edirdilər. Bu əmirlərin başında məşhur kürd tarixçisi Şərəfxan Bidlisinin babası Molla İdris Bidlisi dururdu. İstər fərdi, istərsə də mənəvi keyfiyyətlərinə görə Şah İsmayılla müqayisə oluna bilməyəcək Sultan Səlimin təkəbbürlü və xudpəsənd mövqeyi də bu qarşıdurmanı dərinləşdirirdi. Bütün bunların nəticəsində isə türk tarixinin ən şərəfsiz, ən utancverici müharibəsi – Çaldıran savaşı baş verdi.
İndi hörmətli Rəcəb Tayyib Ərdoğan bu döyüşlə fəxr edir. Soruşsan, atasına qarşı qiyam yolu ilə hakimiyyətə gələn Sultan Səlimi övliya adlandırmaqdan da çəkinməz bəlkə. Amma bu qədərinə gərək yox – xristianların və kürdlərin təhriki ilə baş verən qardaş qırğını ilə qürur duyulmaz!
Yanlış yapdınız, sayın başbakan! Lütfən, tarixi bir də oxuyun!bizimyol

TEHRANIN ƏMİR KƏBİR UNİVERSİTETİNDƏ GƏRGİNLİK

TEHRANIN ƏMİR KƏBİR UNİVERSİTETİNDƏ GƏRGİNLİK


İran-İraq müharibəsində (1980-88) həlak olmuş 5 naməlum əsgərin qalıqlarının dini lider ayətullah Əli Xamneyinin göstərişi ilə Tehran Politexnik (Əmir Kəbir) Universitetində basdırılması tələbələrin kəskin etiazına səbəb olub. Tələbələrlə «Bəsic» (hökumət tərəfdarı olan könüllülər dəstəsi) və ETTELAAT əməkdaşları arasında yaranmış qarşıdurmada 70 tələbə tutulub.

700-ə yaxın tələbə «Universiteti qəbiristanlığa çevirməyin» devizi ilə etiraz sərgiləyərək «Cəhənnəm ol, bəsici, gözdən itil, bəsici», «Diktatora ölüm», « İrtica və geriçiliyə qarşı birləşək», «Sən ey zəmanə diktatoru, şəhid sənə bəhanədir», «Ey ləyaqətsiz bəsici, sən Quranı süngüyə keçirdin» şüarları səsləndiriblər.

Tələbə fəallar naməlum əsgərlərin qalıqlarının universitetdə basdırılmasını siyasi motivlərlə bağlayır, bunu müharibədə həlak olanlara qarşı təhqir, tələbələrə təzyiq kimi qiymətləndirir.

Universitetdə fevralın 21-dən yaranmış gərginlik davam edir.