azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

9 Mayıs 2009 Cumartesi

İranın eks-spikeri və sabiq baş naziri prezident seçkilərində iştirak üçün qeydiyyatdan keçiblər (ƏLAVƏ OLUNUB)

İranın İslahatçılar düşərgəsindən olan, sabiq baş nazir Mirhüseyn Musəvi növbəti prezident seçkilərində iştirak etmək üçün Seçki Komitəsinə müraciət edərək qeydiyyatdan keçib. Bu barədə FARS xəbər agentliyi məlumat verib.

Məlumata əsasən, İranın sabiq baş naziri Musəvi mayın 9-da İslahatçılar düşərgəsindən olan digər namizəd Mehdi Kərrubidən sonra Seçki Komitəsinə müraciət edərək namizədlik üçün sənədlərini təhvil verib və rəsmən növbəti prezident seçkilərində iştirak etməsi bərədə elan edib.

İranda prezident seçkiləri iyunun 12-də keçiriləcək. Musəvinin əsas rəqibləri hakim Mühafizəkarlar koalisiyasının üzvu Möhsün Rezayı, hazırki prezident Mahmud Əhmədinejad , İslahatçılar düşərgəsindən olan Mehdi Kərrubidir.

Mayın 5-də İranın Seçki Komissiyasında prezidentliyə namizədlərin rəsmi qeydiyyata alınması prosesinə start verilib. Namizədlərin qeydiyyata alınması bu gün (mayın 9-da) başa çatacaq.

İranın Seçki Komitəsinin məlumatına əsasən, indiyədək 229 nəfər komitəyə müraciət edərək gələcək prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 213 nəfər kişi, 16 nəfər isə qadındır. İranda 2005-ci ildə keçirilən prezident seçkiləri zamanı 1014 nəfər rəsmi qeydiyyatdan keçmiş, İranın Nəzarət Şurası onlardan yalnız 7 nəfərin səlahiyyətini təsdiq etmişdi.

İranda siyasi xadimlərdən indiyədək İran prezidenti Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi, Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq baş naziri Mirhüseyn Musəvi rəsmi qeydiyyatdan keçiblər

İranda prezident seçkiləri dörd ildən bir keçirilir. Nəzarət Şurası tərəfindən təsdiq edildikdən sonra namizədlər seçki prosesində iştirak edə bilərlər. Prezident seçilən şəxs isə ali dini rəhbər tərəfindən təsdiq edildikdən sonra status ala bilər. Ali dini rəhbərdən sonra ölkənin ikinci adamı olan prezident bütün icra aparatına nəzarət edir, daxili və xarici siyasəti müəyyənləşdirir.

Əhmədinejad daha bir müddətə prezident seçilmək istəyir

Tehran - APA. İranın dövlət başçısı Mahmud Əhmədinejad bu ilin iyun ayının 12-də ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizəd qismində iştirak etmək məqsədi ilə qeydiyyatdan keçib. APA-nın məlumatına görə, M.Əhmədinejad ilk dəfə 2005-ci ildə prezident seçilib və o, növbəti seçkilərdə də qalib gələcəyi təqdirdə daha 4 il ərzində ölkəyə başçılıq edəcək. İran qanunvericiliyinə əsasən, ölkə prezidenti ardıcıl olaraq yalnız iki müddətə seçilə bilər.

Qeyd edək ki, 1997-ci ildən 2005-ci ilədək İrana başcılıq edən Məhəmməd Xatəmi bu ilin martında qarşıdakı seçkilər çərçivəsində namizədliyini geri götürüb. Son seçkilərdə M.Əhmədinejadın rəqibi ölkəyə 1989-1997-ci illərdə rəhbərlik edən Əkbər Xaşimi Rəfsəncani olub.

Ötən ilin noyabr ayında İran parlamenti prezidentliyə namizədlərə qarşı irəli sürülən tələbləri sərtləşdirib. Belə ki, prezident vəzifəsinə 40-75 yaşında olan və magistr və ya ona uyğun olan elmi dərəcəyə malik olan İran vətəndaşları seçilə bilər. Bununla belə, namizədlər İslamın şiə təriqətinə mənsub olmalıdır

Rəcəb Tayyip Ərdoğan: “Azərbaycan torpaqlarını işğaldan azad etsinlər, Ermənistanla sərhəd qapılarını açaq”

Bakı-APA. “Bizim Ermənistanla sərhəd qapılarını bağlamağımıza səbəb Azərbaycan torpaqlarının işğal edilməsidir. Bu səbəbi aradan qaldırsınlar, biz də qapıları açaq”. APA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan TRT-Türk kanalına açıqlamasında deyib.

Baş nazir bildirib ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrdə heç bir problem yoxdur. Baş nazir dezinformasiyaların çoxluğundan narahat olduğunu da söyləyib.

Ərdoğan Ermənistanla əlaqələr məsələdə tarixi iddiaları qəbul etmələrinin mümküsüz olduğunu da deyib: Bu məsələdə bir səbəb və onun doğurduğu nəticə var. Dağlıq Qarabağ ermənilər tərəfindən işğal edilib. Bir milyona qədər azərbaycanlı zorla öz ata-baba yurdundan qovulub. Biz buna görə sərhəd qapılarını bağlamışıq. Səbəb işğal, nəticə isə qapıları bağlamağımızdır. Səbəbi aradan qaldırsınlar, biz də qapıları açaq”.

8 Mayıs 2009 Cuma

ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb

ABŞ dövlət katibi Hillari Klinton Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Dövlət Departamentində görüş keçirib, Qafqaz regionunda vəziyyət və qarşılıqlı münasibətləri müzakirə edib. Dövlət Departamentinin sözçüsü Robert Vud Ermənistanın Türkiyə ilə əlaqələri, habelə Azərbaycanın ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ regionunun durumunun müzakirə mövzusu olduğunu deyib. Sözçü dövlət katibinin Dağlıq Qarabağ məsələsini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da müzakirə etdiyini bildirib.

ƏHMƏDİNEJADIN PREZİDENTLİYİ BİTDİ?!

İranın dini lideri ondan üz döndərib



İranın ali dini rəhbəri ilk dəfə olaraq ictimaiyyət qarşısında prezident Mahmud Əhmədienajdı qınayıb. Buna səbəb Əhmədinejad hökumətinin hər il Məkkə ziyarətini təşkil edən idarənin rəhbərini işdən çıxarması olub. “New York Times” qəzeti yazır ki, ayətullah Əli Xameneyinin Əhmədinejada narazılığını belə açıq şəkildə izhar etməsi onun iyunun 12-də keçiriləcək prezident seçkilərində bu namizəddən dəstəyini geri götürməsinin işarəsi ola bilər.

Dini iyerarxiyanın zirvəsində dayanan şəxs kimi Xameneyi İranda ən səlahiyyətli şəxs hesab edilir. Onun Əhmədinejaddan üz döndərməsi barədə görünüş belə Əhmədinejadın prezidentliyi əldə saxlamaq şanslarına ölümcül zərbə endirə bilər. Əhmədinejadın populyarlığı son aylarda İranın tənəzzüllə üzləşən iqtisadiyyatı və nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətlə qarşıdurması nəticəsində İranın artan təcridi üzündən kəskin enib.

”Amerikanın səsi”nin məlumatına görə, ixtilaf keçən ay İran prezidenti Həcc komitəsini Turizm Nazirliyinin nəzarəti altına keçirəndən sonra başlayıb. Daha sonra Əhmədinejadın vitse-prezidentlərindən biri Həcc təşkilatının rəhbəri Mustafa Xaksar Qahrudini işdən çıxarıb. Qahrudinin vəzifədən azad edilməsi ali dini rəhbərin sərt qınağına tuş gəlib və o, bu addımı qeyri-qanuni adlandırıb. Bunun ardınca Əhmədinejad hökuməti dərhal geri çəkilib.

Hazırda Mahmud Əhmədinejad prezident seçkilərində ciddi namizədlərlə qarşılaşır. Bunların sırasında sabiq baş nazir Mir Hüseyn Musəvi və sabiq parlament spikeri Mehdi Kərrubi var. Mühafizəkar cəbhədən isə Möhsen Rezai öz namizədliyini irəli sürüb. Tehranda siyasi şərhçi olan Səid Leylaz deyir ki, cənab Rezai ayətulla Xameneyi ilə razılaşmadan öz namizədliyini rəli sürməzdi. Bu isə onu göstərir ki, ali dini rəhbər öz seçimini hələ ki, açıq saxlayır. Lakin İranın bulanıq siyasi mənzərəsini nəzərə alanda, Xameneyinin kimi dəstəkləyəcəyi aydın deyil. Belə ki, keçmişdə prezidenti tənqid etmiş ali dini rəhbər sonra prezidentə dəstəyini izhar edib.

Bu arada xarici siyasət səhnəsində situasiya dəyişməz olaraq qalır. “New York Times” in yazdığına görə, İran və Suriya bir araya gəlib və ABŞ-a mesaj olaraq Fələstin müqavimətini dəstəklədiklərini bildiriblər. Dəməşqdə Suriya prezidenti Bəşar Əsədlə görüşən Mahmud Əhmədinejad habelə “Həmas” və başqa radikal Fəslətin qruplaşmalarının liderləri ilə bir araya gəlib. İran prezidentinin Suriyaya son səfəri iki yüksək rütbəli Amerika diplomat, Ceffri Feltman və Daniel Şapironun Suriya ilə danışıqlar apardığı vaxta təsadüf edir. İran və Suriya liderləri Amerikanın regionda apardığı diplomatik səylərə toxunmayıblar. Lakin İran lideri bildirib ki, vaxtilə İran və Suriyanı şər üçbucağına daxil edən xarici qüvvə indi bu ölkələrlə əlaqələri yaxşılaşdırmaq istəyir. O, Suriya-İran ittifaqının regionda dominantlıq etmək istəyən qüvvələr üzərində qələbə çaldığını bəyan edərək hər iki ölkənin Fələstin müqavimətinə dəsətk verəcəyini bildirib. Bu arada Yaxın Şərqə səfər edən ABŞ müdafiə naziri Robert Geyts Amerikanın ərəb müttəfiqlərini əmin edib ki, Amerika İranla heç bir gizli sövdələşməyə getmək fikrində deyil. Habelə nazir əlavə edib ki, Obama admistrasiyasının dialoq təklifinə Tehrandan gələn cavab o qədər də ruhlandırıcı deyil.



Fərhad MƏMMƏDOV

GÜL SƏRKİSYANLA GÖRÜŞDÜ

Türkiyə prezidenti Abdulla Gül, "Avropa Birliyi-Cənub dəhlizi" sammitində iştirak etmək üçün getdiyi Çexiyanin paytaxtı Praqa şəhərində Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Bu barədə CNN Türk məlumat yayıb. Məlumata görə, mayın 8-də Bakı vaxtilə gecə saat 01:20-də keçirilib. Görüş mətbuat üçün qapalı olub.

Görüşdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, həmçinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib.




Ria

OBAMA LAVROVLA AZƏRBAYCANI MÜZAKİRƏ ETDİ

ABŞ prezidenti Rusiya xarici işlər naziri ilə Dağliq Qarabağ məsələsi və Qəbələ RLS barədə danışıqlar aparıb



Mayın 6-da Vaşinqtona səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Ağ Evdə prezident Barak Obama ilə görüşüb. Rusiya KİV-lərinin xəbərlərinə görə, Obama Lavrovu Bakı vaxtı ilə gecə saatlarında qəbul edib. Ağ Ev bu görüşdə hansı məsələlərin müzakirə olunacağı haqda açıqlama verməyib. Lakin Moskvadakı diplomatik mənbələr bildiriblər ki, xarici işlər naziri ABŞ prezidenti ilə ikitərəfli münasibətlərə dair geniş spektrdə məsələləri müzakirə edilib.
Bura ABŞ-la Rusiya arasında strateji hücum silahlarının ixtisarına dair yeni müqavilənin hazırlanması, raketdən müdafiə sistemləri qurulmasında əməkdaşlıq imkanları, Cənubi Qafqazdakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsi daxildir.
Xəbərlərə görə, Rusiya nüvə başlıqlarının sayının 1700-dən 1500-ə qədər endirilməsi təklifinə razıdır, ancaq bildirir ki, nüvə başlıqlarının sayı müəyyən edilərkən təkcə döyüş növbəsində dayanan başlıqlar deyil, anbarladakı başlıqlar da nəzərə alınmalıdır. Hazırda ABŞ-la Rusiyanın cəmi 10 minə yaxın nüvə başlığı var. ABŞ dövlət katibinin silahlara nəzarət üzrə köməkçisi Rouz Gettemüller bildirib ki, tərəflər nüvə başlıqlarının sayının ixtisarında həmfikirdirlər. Eyni zamanda diplomat ABŞ-la Rusiyanın raketdən müdafiə sistemləri qurulmasında da əməkdaşlıq edə biləcəklərini deyib. Onun sözlərinə görə, belə əməkdaşlıq üçün Azərbaycan ərazisindəki Qəbələ RLS-dən birgə istifadə təklifi çox maraqlıdır. Xatırladaq ki, Buş administrasiyası Rusiyanın bu stansiyadan istifadə təklifini qəbul etməmişdi.

“ŞUŞASIZ AĞDAM KİMƏ LAZIMDIR?”

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri

elsah@box.az

elxan.azeriblog.com


Yaxınlarda ağdamlı qohumlardan biri ilə söhbət edirdim. Dağlıq Qarabağ danışıqlarının gedişatını öyrənmək istədi, müşahidələrimlə bölüşdüm, il ərzində bəzi irəliləyişlərin ola biləcəyini dedim.

- İrəliləyiş nəyə deyirsən?

- Ən azı Ağdamı boşalda bilərlər, dədə-baba yurduna qayıtmaq ehtimalın böyükdür.

- Bəs Şuşa?

- Şuşa Dağlıq Qarabağın içindədir. Şuşanın Ağdamdan öncə azad olunması ehtimalı azdır.

- Şuşasız Ağdam nəyimizə lazımdır?

Kəlbəcərli də, laçınlı da eyni cür deyər və bu yalnız hisslərlə bağlı məsələ deyil, yenidən azərbaycanlılarla məskunlaşacaq Kəlbəcər və Laçının gələcək təhlükəsizliyi Şuşayla birbaşa bağlıdır. Dağlıq Qarabağa Azərbaycanın tərkibində hər hansı status veriləcəksə, bölgədə istinad edəcəyimiz nöqtə Şuşa və oranın azərbaycanlı əhalisi olacaq. Bu, keçmişdə də belə olub, gələcəkdə də belə olacaq.

Bəs sülh razılaşmasının detalları üzərində işləyən həmsədrlər Şuşa haqqında nə düşünürlər?

Separatçıların mövqeyi bəllidir, onlardan olsa, Şuşanı geri qaytarmazlar, qaytarsalar da, geri qayıdan azərbaycanlıların erməni silahı altında var olmalarını istəyərlər. Ancaq Azərbaycan bir yana, yeni münaqişəyə yol açacaq bu “planı” beynəlxalq aləm də qəbul etməz. Çünki beynəlxalq vasitəçilər istənilən həll planı üzərində işləyərkən keçmişdəki durumu da nəzərə almaq məcburiyyətindədirlər. Yəni münaqişədən öncə Şuşada azərbaycanlılarla ermənilərin nisbəti necə olubsa, həmin nisbət yenidən bərpa olunmalıdır. Ancaq elə bu amil Şuşanı danışıqların ziddiyətli maddəsi halına gətirir. Təsadüfi deyil ki, həmsədrlərin dilindən Şuşayla bağlı konkret fikir eşitməmişəm. Şuşanı sonraya saxlayırlar.

Ameriaklı həmsədri Metyu Brayza “Azadlıq” radiosuna son müsahibəsində Praqa görüşünü dəyərləndirərəkən razılaşdırılmağa yaxın mövzulardan biri kimi Laçını göstərib. Məsələ burasındadır ki, ermənilər Laçının özündən deyil, dəhlizdən ikiəlli yapşıblar. Azərbaycan dəhlizi ermənilərin istifadəsinə verməyə hazırdır, bunu prezident İlham Əliyev də söyləyib. Şuşayla bağlı durum isə fərqlidir. Şuşanı strateji nöqtə kimi qəbul edən separatçılar bu şəhərin işğalını təhlükəsizliklərinin təminatı kimi dəyərləndirirlər.
Buna baxmayaraq separatçılar 17 illik işğal dövründə Şuşanı məskunlaşdıra bilmədilər, çünki özləri də yaxşı anlayırlar ki, həll planı və ya yol xəritəsi qəbul olunacaqsa, Şuşanı əllərində saxlaya bilməyəcəklər, sadəcə bunun müqabilində bizdən maksimum güzəşt qoparmağa çalışacaqlar.

Bəziləri deyir, nə var ki, camaat Şuşaya geri qayıdacaq və həyat əvvəlki axarında davam edəcək. Bəs anklav şəklində separatçıların içində yaşamalı olacaq şuşalıların təhlükəsizliyini kim qoruyacaq? Axı Laçın və Kəlbəcərdən fərqli olaraq Şuşa qarışıq şəhərdir, orada azərbaycanlılar çoxluq təşkil etsə də, yaxın kəndlərdə ermənilər də yaşayır. Problem bundadır.

Birgə yaşayışın mexanizmi necə müəyyənləşəcək? Şuşada insanların təhlükəsizliyini kim və necə qoruyacaq? Şuşa Dağlıq Qarabağın prezidenti və parlamentinə tabe olacaqmı? Şuşa Dağlıq Qarabağ içində özəl bir statusa malik ola bilərmi? Göründüyü kimi, bunlar Dağlıq Qarabağ probleminin həllindən də mürəkkəb suallardır.

Bakıda “Qana qan!” məzmunlu və cihada çağıran vərəqələr yayılır

Vərəqələrin kim tərəfindən yayıldığı bəlli deyil

Bakının Nərimanov rayonunda divarlara “Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ölənlərin qanı yerdə qalmasın! Qana qan! Səbrə yox!” məzmunlu çağırış vərəqələri yapışdırılıb.

Lent.az-ın əməkdaşı Nərimanov rayonu, Ağa Nemətulla küçəsində binalardan birinin divarında həmin vərəqələrdən birinin şəklini çəkib. Ətrafdakı şahidlərin sözlərinə görə, divardakı vərəqələrin bir çoxu qopardılıb. Şahidlər onların arasında dini məzmun daşıyan və insanları cihada çağıran vərəqlərin də olduğunu deyiblər. Başqa bir mənbədən bəlli olub ki, bu cür vərəqələr tək Nərimanov rayonunda deyil, paytaxtın başqa ərazilərində də yayılır.

Məsələyə aydınlıq gətirmək üçün Nərimanov Rayon Polis İdarəsi ilə əlaqə saxladıq. Polis İdarəsinin rəis müavini Xanlar Qurbanov Lent.az-a açıqlamasında onlarda belə bir məlumat olmadığını deyib.

Lent.az-ın məlumatına görə, hazırda dövlət orqanlarında bu məsələ ilə bağlı araşdırma aparılır.

Şəhriyar Əlizadə

LENT.AZ

Azərbaycan-Ermənistan danışıqları: nə baş verir?

Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri görüşlə bağlı nikbin bəyanatlarla çıxış etdilər. Bunun fonunda diplomatik mənbələr Azərbaycan KİV-in görüşün əslində çətin keçdiyini bildirib.

Fransanın xarici işlər naziri Bernar Kuşnerin isə “Exo Moskvı” radiostansiyasına müsahibəsində “Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar çox gərgin keçib” söyləməsi həmsədrlərin, yumşaq desək düz danışmadığını göstərir. “Necə düşünürsünüz, əslində nə baş verir?” Lent.az bu sualla ölkə politoloqları və siyasi partiyaların liderlərinə müraciət edib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki, problemin həllinin tapılması imitasiyası davam edir: “Son zamanlarda Rusiya tərəfi bu imitasiyanı ələ keçirmişdi. Ötən il noyabrın 2-də Moskvada Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidenti ilə birgə keçirilən görüş, imzalanan açıqlama uğur kimi təqdim edildi. Hazırkı mərhələdə də Rusiya Azərbaycanla Türkiyə arasındakı müvəqqəti gərginlikdən istifadə edərək Azərbaycan-Ermənistan danışıqlarında təşəbbüsü ələ keçirmək üçün növbəti addımlar atdı. Həmin şəraitdə Amerika fəallaşdı və Azərbaycanla Ermənistanın xarici işlər nazirləri Vaşinqtona dəvət olundu. ABŞ dövlət katibinin iştirakilə müxtəlif görüşlər keçirildi. Daha sonra Praqada Avropa Birliyinin tədbirinin keçirilməsindən istifadə edərək İlham Əliyevlə Sərkisyanı bir araya gətirdilər. Ən optimist bəyanatı yenə də Minsk qrupunun ABŞ-lı həmsədri Metyu Brayza verdi. Belə bir şəraitdə – yəni Rusiyanın təşəbbüsü özündə saxlamaq, ABŞ-ın məsələyə təsir etmək cəhdlərinin baş verdiyi durumda danışıqların çətin keçdiyinin məhz Fransa tərəfinin söyləməsi simptomatikdir. Hazırda məsələnin həllinin tapılması istiqamətində real irəliləyişlərdənsə, bu konfliktin həlli ilə məşğul olan qüvvələrin arasında gedən nüfuz mübarizəsinin əlamətləri daha qabarıq şəkildə görünür. Mən əvvəlki fikrimdə qalıram: çox təəssüf ki, indiki şəraitdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış konfliktin ədalətli həlli ilə bağlı hər hansı irəliləyiş real görünmür. Bu baxımdan, Praqada keçirilən görüşü də heç bir ciddi dəyişikliyə gətirməyəcək görüş kimi dəyərləndirirəm”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəloğlu bildirib ki, görüşlərlə məsələni həll etmək mümkün deyil: “Əcəba, onda nə baş verir ki, hər görüşə nə qədər vaxt, enerji, vəsait sərf olunur, hər görüşdən sonra da açıqlamalar olur. Bütün görüşlər, danışıqların hamısı vaxt ötürməkdən ötrüdür. Praqa görüşü növbəti görüşlərdən biridir. Bu, perspektivdə məsələnin həlli istiqamətində heç nəyə təsir etməyəcək görüşlərdən biridir”.


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, bütün görüşlər nəticəsiz deyil: “Ən azından Azərbaycan tərəfi bütün görüşlərdə öz mövqeyini ifadə edir. Azərbaycanın rəsmi mövqeyi prezident İlham Əliyevin bütün çıxışlarında göstərilir. Buna “Azərbaycanın ərazi bütövlüyü, bu bütövlüyün tərkibində Dağlıq Qarabağa yüksək statusun verilməsi, bütün azərbaycanlı məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması” aiddir. Əgər bu prinsip ortada varsa və buna əməl olunursa, onda danışıqlardan çəkinmək lazım deyil. Bütün danışıqlarda bu prinsip ortaya qoyulur, qarşı tərəf də bunu görür, bilir. Beynəlxalq qüvvələr də bir daha Azərbaycanın mövqeyi barədə bir daha fikirləşməyə məcbur olurlar”.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin nikbin bəyanatlarına əsas var: “Belə qənaətə gəlmək olar ki, görüş gərgin, əsəbi şəraitdə keçsə də, müəyyən razılıqlar olub. Amma bəzi məqamlarda razılıqlar olmayıb ki, bu da Sankt-Peterburqdakı görüşə qədər razılaşdırılacaq məqamlardır. Yox əgər ümumiyyətlə heç nə barədə razılaşmasaydılar, Sankt-Peterburq görüşü barədə danışılmayacaqdı, əvəzində yeni mərhələ başlayacaqdı - yəni növbəti görüşlə bağlı razılaşdırılma olması, razılaşdırılandan sonra isə hansısa yeni bir görüşün keçirilməsi. Əgər növbəti görüş barədə razılıq varsa, çətin keçən görüşdə belə, razılaşdırılan xeyli məqamlar var, razılaşdırılmayan məqamları isə tərəflər öz üzərinə götürüb ki, Minsk qrupunun həmsədri olan dövlətlərin iştirakı və xarici işlər nazirlər səviyyəsində razılaşdırılsın, sonrakı mərhələdə isə prezidentlər Sankt-Peterburqda görüşəcək”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun fikrincə, ATƏT-in Minsk qrupu həmsədrlərinin nikbin açıqlamaları özlərinin fəaliyyətinə legitimlik donu geyindirmək niyyəti güdür: “Dağlıq Qarabağ məsələsində prinsipial dönüş o zaman yaranacaq ki, faktiki olaraq dünyada mövcud olan hüquq tətbiq edilməyə başlanılsın. Amma hadisələr, o cümlədən həmsədrlərin zaman-zaman verdiyi bəyanat və açıqlamalar başqa şey göstərir. Onu göstərir ki, birinciisi, həmsədrlər özləri beynəlxalq hüquqa hörmət etmirlər. İkincisi, münaqişənin həllində özlərindən yeni-yeni ideyalar, prinsiplər təklif edirlər, hansı ki, bir çox hallarda bu ideya və fikirlər beynəlxalq hüquqa ziddir. Nə qədər ki, həmsədrlər beynəlxalq hüquqa uyğun təkliflərlə çıxış etmirlər, problemin həllindən danışmaq olmaz. Hazırda nikbinliyə əsas verən heç nə yoxdur”.

S.Cəlaloğlu deyib ki, əslində Praqa görüşünün əsas məqsədi Şərq tərəfdaşlığının, əməkdaşlığının təmin edilməsidir.

Politoloq Vəfa Quluzadə Praqa görüşünü “nəticəsiz görüş” kimi dəyərləndirib: “Həmsədrlər - xüsusən ABŞ tərəfi - planlaşdırırdılar ki, görüşdən sonra heç olmasa quru bir bəyanat veriləydi ki, “biz məsələni sülh yolu ilə, özü də uzatmadan həll edəcəyik”. Ancaq buna da nail olunmadı. Ermənilər köhnə mövqeyindədir: Dağlıq Qarabağ, Kəlbəcər, Laçın Azərbaycana qaytarılmamalıdır. Digər 5 rayona isə rus hərbçiləri gəlməmiş Ermənistan heç nəyə razılıq verməyəcək. Əvvəldən onların bu istəyi, Azərbaycanın buna razılıq verməyəcəyi əvvəldən də bəlli idi. Nə vaxta qədər ki, Ermənistan Rusiyanın “for-post”u, koloniyası, yaxud quberniyası olaraq qalır, bu problem ədalətli həllini tapmayacaq. O ölkənin başında duranlar hamısı cinayətkar, separatisdir. Onlar heç dövlət rəhbərliyi deyil, ona görə də belə adamlarla danışmağa dəyməz. Başqa sözlə, ortada hansısa nəticə olmayacaq“.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib ki, Ermənistanın bütün rəhbərləri kimi, Serj Sərkisyan da ATƏT-in Minsk qrupu stolunun arxasına oturanda fərqli danışırlar: “Sərkisyan çox böyük hörmətsizlik edərək Minsk qrupu ilə razılaşdırılmamış məsələni müzakirəyə çıxarıb. Əslində bu, Sərkisyanın çarəsiz olduğundan, yalnız danışıq imitasiyası yaratmaqdan ötrü heç kəsin ağlına gəlməyən mövzudan danışmasıdır. Əsas məsələ burasındadır ki, Minsk qrupu həmsədrləri Ermənistan prezidentinin bu səviyyəsiz özbaşınalığının qarşısını ala biləcək, yoxsa yox. Əgər qabağını ala bilməsə, yəqin Sankt-Peterburq görüşündən sonra ATƏT-in Minsk qrupunun sonu olacaq”.

Pərvin ABBASOV

LENT.AZ

Neftin qiyməti 14 faiz qalxıb

Neftin qiyməti getdikcə qalxır.

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Nyu-Yorkdakı “NYMEX” birjasında keçirilən alqı-satqı zamanı WTI markalı neftin qiyməti 1,41 dollar artaraq 58 dollar təşkil edib. Qeyd edək ki, son bir həftə ərzində qiymət 7 dollar və ya 14 faiz qalxıb.

LENT.AZ



Xəbərin oxunma sayı: 2

6209 gün Şuşasız

İşğal olunmuş torpaqlarımız ancaq ildönümdən ildönümə yada düşür. Şuşa da istisna deyil. Bu gün bir sıra təşkilatlar əvvəlki illərdə olduğu kimi, yenə Şəhidlər Xiyabanını ziyarət edəcək, tədbirlər keçirəcək, TV-lərimiz Şuşayla bağlı bir-iki veriliş nümayiş etdirəcək, sonra...

Bir il də ötdü Şuşasızlığımızdan. Hər gün Şuşaya qayıdacaqlarını gözləyənlər, bu günü də hesablasaq, düz 6209 gündür ki, Şuşasızdırlar. "Şuşasız bir gün yaşaya bilmərəm" deyənlər 17 ildir ki, Şuşasız qalıblar. Biz burda Şuşasızlığın növbəti ildönümünü qeyd edirik, ermənisə orda Şuşanı işğal etməyinə bayram keçirir. Görəsən, biz nə vaxt qələbə gününü qeyd edəcəyik?!
Bu gün Şuşanın işğalı günüdür. Dağlarının başı dumanlı, "qırmızı koftalı, yaşıl tumanlı" Şuşanın işğalından 17 il keçir. Bir igidin ömrüdür, 17 il. 17 il də vətənsiz, el-obasız qalmaq olar?! Amma olarmış! Bəlkə də Şuşanın bağlı-baxatlı vaxtlarında o yerlərdə yeyib-içib, kef çəkənlərin indi heç yadına Şuşa düşmür. Ymumiyyətlə, "Şuşa nə vaxt işğal olunub" sualıyla sorğu keçirilsə, "1992-ci il, mayın 8-də" cavabını verənləri barmaqla saymaq olar. Necə ki, təxminən 3 ay əvvəl özündən başqa bir ünlü sənətçi tanımayan Ylvi Qılıncdan "Azərbaycan torpaqlarının neçə faizi işğal altındadır" soruşanda, adam qılıncını çəkib "30 faiz" cavabını vermişdi. Elə bilirsiniz, o biri müğənnilərimiiz ondan geri qalırlar?
İşğal altında olan torpaqlarımız ancaq ildönümlər ərəfəsində yada düşür. Şuşa da istisna deyil. Bu gün bir sıra təşkilatlar əvvəlki illərdə olduğu kimi, yenə Şəhidlər Xiyabanını ziyarət edəcək, tədbirlər keçirəcək, TV-lərimiz Şuşayla bağlı bir-iki veriliş nümayiş etdirəcək, sonra... Sonra hər şey unudulacaq. Şuşa bir də gələn il yada düşəcək (Allah qismət eləsin, Şuşasızlığın ildönümləri elə bu illə bitsin). Əmin olun ki, televiziyalarımızın axşam efirini yenə çal-çağır, düşük-düşük verilişlər "bəzəyəcək". Həftə səkkiz, mən doqquz kimlərəsə xoş gəlmək üçün xüsusi buraxılış hazırlayan qəzetlər niyə Şuşayla bağlı buraxılış demirəm, heç olmasa, bircə səhifə ayırmırlar?
Ermənilər işğal etdikləri bütün rayonlar kimi Şuşanı da viran qoyurlar. Şuşada Qalalıq bir şey qoymayıb düşmən. Xarı bülbül də bitmir indi Şuşada. Topxana meşəsindən əsər-qalmayıb; meşənin qoruq zonasında, lap hündür yerində meşə sahəsi qırılaraq geniş düzənlik açılıb və orada tikintilər inşa olunub. Bizim gücümüzsə hələ ki, ildönümləri keçirməyə çatır. Donuz darıdan xoşhaxoşluqla çıxmayan kimi ermənilər də işğal etdikləri torpaqlardan elə-belə çıxana oxşamırlar. Amma səbr kasasının daşması da var. Buna az qalıb, lap az.
Bu gün ən çox səslənən mahnı "Şuşanın dağları" olacaq.
Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı...

Qalib

7 Mayıs 2009 Perşembe

Türkiyədə “Əcnəbi jurnalistlərin gözü ilə kürd məsələsi necə həll edilər?” kitabı nəşr olunub

İstanbul-APA. İstanbuldakı “Güncel yayınlar” nəşriyyatı tərəfindən “Əcnəbi jurnalistlərin gözü ilə kürd məsələsi necə həll edilər?”kitabını çapdan buraxıb. Kitabın tərtibatçısı Serdar Korucunun suallarına cavab verən əcnəbi jurnalistlər arasında APA-nın Türkiyə təmsilçisi, filologiya elmləri namizədi Mais Əlizadə də var. “Əcnəbi jurnalistlərin gözü ilə kürd məsələsi necə həll edilər?” kitabına Türkiyədə akreditasiyadan keçən aşağıdakı jurnalistlərin cavabları daxil edilib: 1)Andrew Finkel (ABŞ); 2) Jan Keetman (Almaniya); 3) Mais Əlizadə (Azərbaycan); 4) Dirk Vermeiren (Belçika); 5) Nihal Özergan (Bolqarıstan); 6) Həsən Tahrawi (Fələstin); 7)Jerome Bastion (Fransa); 8)Hugh Pope (İngiltərə) ; 9)Nicholas Birch (İrlandiya); 10) Andres Mourenza Urbina (İspaniya); 11) Nichole Pope (İsveçrə); 12) Hüsnü Məhəlli (Suriya). Əcnəbi media mənsublarının hər biri onlara verilən suallara təxminən 20 səhifə həcmində cavab veriblər.

PENTAQON AZƏRBAYCANLA ÖZƏL MƏSLƏHƏTLƏŞMƏLƏRƏ BAŞLAYIR

Yaxın vaxtlarda prezident İlham Əliyevin ABŞ-a səfər edəcəyi istisna deyil


Cəsur SÜMƏRİNLİ


Amerika Birləşmiş Ştatları Azərbaycanla hərbi-siyasi sahədə fəal məsləhətləşmələri davam etdirir. Yaxın günlərdə bu istiqamətdə real addımlar davam etdiriləcək. Özəlliklə də Azərbaycan prezidentinin yaxın zamanlarda Amerikaya dəvət ediləcəyi istisna deyil. Bu barədə "Ayna"ya ABŞ-dakı diplomatik mənbədən məlumat verilib. Mənbənin məlumatına görə, bu günlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a səfəri, əslində, prezident İlham Əliyevin səfərinə hazırlıq kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 4-5-də ABŞ-ın Dövlət Departamentinin dəvəti ilə Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olacaq. Bu barədə "Ayna"ya XİN mətbuat xidmətindən məlumat verilib. Səfər zamanı E.Məmmədyarovun ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klinton, Pentaqonun və Milli Təhlükəsizlik Şurasının rəsmiləri ilə görüşləri planlaşdırılıb. Səfər çərçivəsində nazir E.Məmmədyarovun bir qrup yerli ekspertlərlə görüşü də nəzərdə tutulub.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson ABŞ dövlət katibinin Azərbaycan XİN başçısı ilə qarşıdakı görüşünü vacib hadisə adlandırıb. O deyib ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza ötən həftə Azərbaycana səfəri zamanı da dövlət katibi H.Klinton və prezident Barak Obamanın Qarabağ münaqişəsinin həlli ilə bağlı əllərindən gələni etmək fikrində olduqlarını bildirib.
"Azərbaycan XİN nümayəndələri ilə ABŞ-ın yüksəkrütbəli məmurları vaxtaşırı görüşüb bu məsələni müzakirə etməlidirlər. ABŞ Minsk Qrupunun həmsədri olan ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tərəflərin yaxınlaşmasına və tərəflər arasında fikir mübadiləsinin aparılmasına öz töhfəsini verə bilər", - deyə T.Devidson vurğulayıb.
O, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ABŞ-a səfəri barədə məlumatının olmadığını da deyib.
ABŞ-dakı mənbə "Ayna"nın əməkdaşı ilə söhbətində bildirdi ki, E.Məmmədyarovla keçiriləcək görüşdə iki ölkə arasında mövcud olan bir sıra əməkdaşlıq sahələri xüsusi diqqət mərkəzində olacaq. "Bu sahələr çox ciddi şəkildə müzakirə ediləcək, çünki hədəfdə ABŞ-la Azərbaycan arasındakı perspektiv münasibətlərin konkret çərçivəyə salınması durur", - deyə mənbə bildirdi. Onun sözlərinə görə, E.Məmmədyarovun ardınca yaxın vaxtlarda Azərbaycan prezidenti İ.Əliyevin də ABŞ-a səfər edəcəyi istisna deyil.
"Son vaxtlar Cənubi Qafqazda böyük güclərin qarşı-qarşıya gəlməsi, yaranmış vəziyyətin gərginləşməsi bir sıra proseslərin həyata keçirilməsini zəruri edir. Məmmədyarovun, ardınca isə Əliyevin səfərləri çərçivəsində keçiriləcək məhsuldar görüşlər ABŞ və Azərbaycanın qarşılıqlı münasibətlərində təshihlər edilməsi baxımından vacib xarakter daşıyır. Xüsusilə də ABŞ üçün bu səfərlərin əhəmiyyəti ondadır ki, Azərbaycan rəhbərliyi bunu Moskva və Brüsseldə siyasi dairələrlə təmasından sonra həyata keçirir" deyən mənbə bildirdi ki, səfər çərçivəsində bir sıra məsələlər, o cümlədən Azərbaycan və ABŞ-ın terrorizmə qarşı mübarizədə birgə fəaliyyətinin nəticələri müzakirə ediləcək.
Bildirək ki, bu günlərdə ABŞ Dövlət Departamenti 2008-ci il üçün terrorizmlə bağlı açıqladığı hesabatında Azərbaycanın terrorizmlə mübarizəni dəstəkləməsini yüksək qiymətləndirib. Sənəddə bir çox ölkələrin terrorizmlə mübarizəsi yer alıb.
Azərbaycanla bağlı bildirilib ki, bu ölkə 2003-cü ilin avqustundan ABŞ-ın İraqda apardığı sülhməramlı əməliyyatlara dəstək və yardım göstərib. 2002-ci ilin noyabrından Azərbaycan əsgərləri Əfqanıstanda xidmət edir və hazırda ölkə öz kontingentini 90 nəfərə çatdırmaq istəyir.
Hesabatda qeyd olunur ki, Azərbaycan İran tərəfindən ruhlandırılan və idarə olunan terrorçu təşkilatların yolunun üstündə yerləşir. Həmin qruplar Qafqazdan pul, insan qüvvəsi və narkotik maddələr keçirməyə cəhd etsələr də, hökumət fəal olaraq həmin qrupların qarşısını alıb.
Terrorizmlə bağlı açıqlanan hesabatda ötən il avqustun 17-də "Əbu Bəkr" məscidində baş verən hadisəyə də yer ayrılıb. Həmin insident zamanı 3 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı qeyd olunan hesabatda Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə istinadən hadisənin Dağıstanda qətlə yetirilən İlqar Mollaçıyev tərəfindən hazırlandığı bildirilib.
Hesabatda bildirilib ki, Pakistan ərazilərindən sığınacaq kimi istifadə edən "Əl-Qaidə" Qərb üçün ən böyük terror təhlükəsidir, İran isə terrorizmi dəstəkləyən ən fəal ölkə adlandırılıb. Hesabatda billdirilir ki, dünya üzrə terror hadisələrinin sayı azalsa da, Pakistanda bu rəqəm artıb. Əgər 2007-ci ildə bu ölkədə terror hadisələrinin sayı 800 idisə, 2008-ci ildə bu rəqəm iki dəfə artaraq 1800-ə çatıb. Keçən il Pakistanda terror hadisələrində 2300-ə qədər adam ölüb.
Ekspertlərin fikrincə, bu gün ABŞ və Azərbaycanın iqtisadi-hərbi-siyasi dialoqunda müzakirəyə çıxarıla biləcək hərbi-siyasi məsələlər çoxşaxəlidir:
- Regionda vəziyyət, iqtisadi layihələrin gerçəkləşməsi, Türkiyənin Ermənistanla sərhədləri açması prosesi, Qarabağ münaqişəsinin nizamlanması;
- Azərbaycanın ABŞ-ın Avropada Raketəleyhinə Müdafiə sistemi planında yeri və bu çərçivədə Qəbələ RLS-in gələcək taleyi ilə bağlı proses;
- Xəzərin hüquqi statusunun müəyyən edilməsi, bu çərçivədə ABŞ-ın iki Xəzəryanı dövlət - Azərbaycan və Qazaxıstanla birgə gerçəkləşdirdiyi "Xəzərin təhlükəsizliyi" proqramının gedişatı və Rusiyanın Xəzərdə "Kasfor" hərbi qüvvələrini yaratmaq planı;
- Azərbaycanın Əfqanıstanda həyata keçirilən əməliyyatlarda tranzit ölkə rolunda dəstəyi problemləri və s.
Qeyd edək ki, sonuncu məsələ bu gün diqqəti daha çox çəkənlər sırasındadır. Elə bu günlərdə ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbəri general Dunkan MakKabb Azərbaycanda səfərdə olub. O, nəqliyyat naziri Ziya Məmmədovla görüşüb. Görüş zamanı tərəflər Azərbaycanda daşımaların həcminin genişləndirilməsi sahəsində planlar və həyata keçirilməsi nəzərdə tutulan proqramlarla bağlı müzakirələr aparıb. General Dunkan MakKabb Azərbaycanın hərbi qurumlarında da görüşlər keçirib. Görüşlərdə NATO və ABŞ-a məxsus humanitar yüklərin Azərbaycan ərazisindən keçməklə Əfqanıstana nəqli məsələləri müzakirə olunub.
ABŞ və Azərbaycan hərbi əməkdaşlıq perspektivlərini də konkret çərçivəyə salmaq niyyətindədirlər. Məhz bu səbəbdən mayın 6-da Bakıda ABŞ - Azərbaycan ikitərəfli əməkdaşlıq üzrə Planlaşdırma Konfransı keçiriləcək. Müdafiə Nazirliyinin məlumatına görə, konfrans 2 gün davam edəcək və mayın 8-də yekunlaşacaq. Qeyd edək ki, Azərbaycan və ABŞ Silahlı Qüvvələri arasında Hərbi Əməkdaşlıq üzrə İş Planına uyğun olaraq keçirilən ikitərəfli əməkdaşlıq üzrə Planlaşdırma Konfransında hərbi əməkdaşlıq çərçivəsində görülən işlərə dair hesabat müzakirə ediləcək. Tərəflər Azərbaycanla ABŞ arasında 2009-2010-cu illər üçün ikitərəfli Hərbi Əməkdaşlıq üzrə İş Planının detallarını da razılaşdıracaq.

05.2009 [18:15] Fontu böyüt: KEÇMİŞ SƏFİR CASUS ÇIXDI

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) tərəfindən saxlanılan, bu ölkənin NATO-dakı sabiq nümayəndəsi, hazırda isə Politologiya İnstitutunun beynəlxalq münasibətlər fakültəsinin dekanı Vaxtanq Maysaya üçüncü ölkənin maraqları üçün casusluq etdiyini etiraf edib. Bu barədə çərşənbə günü Gürcüstan DİN-dən məlumat verilib. Gürcüstan televiziyası vasitəsilə onun etiraf ifadələri nümayiş olunub.

Dövlət sirlərinə çıxışı olan Maysaya casusluqda ittiham olunaraq, Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən (dovlət sirlərinin açılması) şübhəli şəxs qismində saxlanılıb.

Maysaya xarici xüsusi xidmət orqanları ilə əlaqədə olduğunu və onların göstərişlərinə uyğun olaraq dövlət sirlərini, o cümlədən hərbi, siyasi və iqtisadi mahiyyətli məlumatları, hökumətdə dəyişiklikləri, Gürcüstanın silah almasını özündə əks etdirən şifrələnmiş məktub hazırladığını etiraf edib.

Gürcüstan DİN-in məlumatına görə, ötən ilin avqustunda Gürcüstan-Rusiya müharibəsi dövründə Maysaya Gürcüstan qoşunlarının yerləşdiyi mövqe, hərbi texnikanın sayı, dislokasiya yerləri barədə hər saat qarşı tərəfə məlumat çatdırırmış. Maysayanın dediyinə görə, verilən informasiyaların əvəzində o, hər il yeddi min avro və əlavə bonuslar alırdı. Maysayanın bildiridiyinə əsasən, avqustda göstərdiyi fəallıqdan sonra onun Gürcüstandakı "bank bazisi"nə üç min avro keçirilib.

Maysaya Rusiya kəşfiyyatına Ukraynadan olan tanış professorun vasitəsilə çıxdığını etiraf edib. Bundan sonra o, Rusiya zabitlərindən birinə məktub göndərib.

Maysayanı 12 il müddətinə həbs gözləyir.

İSRAILDƏN ERMƏNILƏR ÜÇÜN ŞOK QƏRAR!

İsrail hökuməti uydurma “erməni soyqırımı”nın tanınmasıyla bağlı qanun layihəsini müzakirə edərkən erməniləri şok edəcək bir qərara imza atıb. “Ölümləri anmaq bizim əxlaqi məsuliyyətimizdir, ancaq bunu müzakirə etməyin yeri parlament və hökümət deyil”,- deyə müvafiq qanun layihəsinin rədd edilməsinə izah verilib.

Layihə hər il olduğu kimi bu il də 24 apreldə Meretzdən Knessetə seçilmiş deputat Haim Oron tərəfındən təqdim edilib. Hökümət adından açıqlama verən ətraf mühit naziri Gilad Erdan isə “bu mövzu açıq bir şəkildə tarixi məxəzlərə istinadən müzakirə edilməlidir, bunu müzakirə etməyin yeri parlament deyil” – deyə məsələyə nöqtə qoyub.

QATİLİN GÜLLƏLƏDİKLƏRİNİ DANIŞDIRDIQ!

Fərda ilə üz-üzə gəlib sağ qalanlar
Tələbələrin etirazı var: «Bizim yoldaşlarımız öldürülüb, bunlar gül bayramı keçirir»



Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən faciədən 7 gün ötdü. Hadisə ilə bağlı saxlanılanlar olsa da hələlik qətliamın səbəbləri və motivi barədə heç bir məlumat yoxdur. İstintaq orqanı təhqiqatlarını davam etdirir, mətbuat isə gələn xəbərləri, apardığı araşdırmaları oxucuların diqqətinə çatdırır. Dəhşətli cinayətlə bağlı ən müxtəlif versiyalar səslənir. Hadisənin necə baş verdiyini görənlər isə ya mətbuatdan qaçır, ya da onlara danışmaq qadağan edilir. Cəmi bir neçə tələbə və müəllimi çıxmaq şərtilə, ADNA-da baş verənlər barədə şahidlərdən ətraflı məlumatlar əldə etmək müşkülə çevrilib.

Təbii ki, hadisəni ən dəqiq xatırlayanlar qatillə üz-üzə gəlib yaralananlardır. Onların 5-i - Mustafa Məhəmməd, İlkin Şirəliyev, Rəhman Axundov, Elşən Mustafayev və Kənan İsayev srağagündən palataya köçürülüb. Faiq Rüstəmbəyov, Zemfira Hüseynli və Elvin Cəmiyev hələ də reanimasiyadadır.

Tələbələr pərişan

Dünən palataya köçürülmüş yaralılarla görüşmək, hadisəni bir də onlardan - qatillə üz-üzə gəlmiş ən mötəbər şahidlərdən dinləmək üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yollandıq. Biz orada olanda saat 14 radələri idi. Yaralıların qohumları qəbul otağında gözləsə də onlara görüş vermirdilər. Səhər saatlarında tələbələrin yalnız valideynlərinə qısamüddətli görüş verilib. Daha sonra isə prokurorluq əməkdaşları onlardan ifadə almağa gəldikləri üçün görüşlər dayandırılıb. Xəstəxananın mühafizəçiləri bildirdilər ki, görüş yalnız saat 17-dən sonra veriləcək. Buna qədər isə ərazidə olan ADNA tələbələri dəstə-dəstə toplaşaraq söhbət edirdilər. Onları da tələbə yoldaşlarının yanına buraxmırdılar.
Tələbələr jurnalistlərlə danışmaqdan çəkinirdilər. Bəziləri isə xəsisliklə də olsa, müəyyən məlumatlar verirdi.
Məsələn, ADNA-nın II kurs tələbəsi Elşən Cəbrayılov hadisədən psixoloji sarsıntı keçirdiyini dedi: «Hadisə zamanı biz ikinci mərtəbədə dərsdə idik. Birdən səs-küy eşidildi, güllə atılırdı. Biz qapını bağlayıb pəncərəni sındırdıq və çölə çıxmaq istədik. Yerə atılmaq istəyəndə gördük ki, yerdə yaralı var, elə bildik ki, burada da atəş açan var. Pəncərənin kənarı ilə dekanlığın pəncərəsinə tərəf yaxınlaşdıq və oradan dekanın otağına girdik. Ora ona görə girdik ki, dekanlığın qapısı dəmir idi, düşündük ki, ora girə bilməzlər. Daha sonra nə baş verdi bilmədik. Bir də qapını polis açdı və bizi çölə çıxardılar. Tələsik aşağı düşdük və bizi ərazidən uzaqlaşdırdılar. İlkin Şirəliyev qrup yoldaşımdır, ona auditoriyanın qapısının ağzında güllə dəyib. Mən həmin hadisədən sonra heç dərsə gedə bilmirəm. İndiyədək akademiyaya getməmişəm».

Qatil qapının ağzında bir yox, beş nəfəri güllələyib!

Daha sonra dəstə şəklində dayanmış Kənan İsayevin qrup yoldaşlarına yaxınlaşdıq. Tələbələrin narahat olduqlarını görüb, jurnalist vəsiqəmizi göstəririk. Bundan sonra onlar bir qədər rahatlaşdılar və səmimi oldular. Bildirdilər ki, onlar 4-cü kursda oxuduqlarından aprelin ortalarında dərsləri qurtarıb: «Biz imtahanlara və diplom müdafiəsinə hazırlaşırdıq. Kənan imtahan başlamamışdan qabaq akademiyanın qarşısında olub. Birdən atəş açılıb və ona güllə dəyib. Həmin vaxt o, Mustafa Muhammədlə söhbət edirmiş. Mustafaya da güllə dəyib, ona da. Kənana güllə gözündən dəyib. Amma şükür Allaha, gözü çıxmayıb, görür. Qapının ağzında 4 nəfər vurulub - Kənan, Mustafa, Rəhman və bir də barmağından yaralalan Sudanlı Əmruh Seyidəhməd».
Bu, yeni xəbər idi. İndiyədək deyirdilər ki, qatil akademiyanın qarşısında cəmi iki nəfəri - Mustafa Muhammədi və qatıqsatan Ayna Muradovanı güllələyib. Amma indi məlum olur ki, qatil ADNA-nın qarşısında 5 nəfəri güllələyib. Onlardan 4-ü sağ qalsa da qatıqsatan qadın həyatını itirib.

Ərəb televiziyası deyib ki

Daha sonra xəstəxananın həyətində sudanlı Mustafa Muhammədin sadiq dostu Əhməd Bəkir ilə rastlaşdıq. Hər dəfə xəstəxanaya gedəndə onu mütləq orada görürük. Əhməd dedi ki, Mustafa ilə bir gün öncə görüşüb: «Vəziyyəti elə də yaxşı deyildi. Çətinliklə danışırdı. Amma həyatına təhlükə yoxdur».
Ə.Bəkir bildirdi ki, Mustafanın valideynlərinə mütəmadi məlumat verir: «Onlar çox narahat idi. İlk gün onları sakitləşdirə bilmirdim. Ərəb televiziyalarından eşitmişdilər ki, Mustafa Muhamməd yaralanıb. Onun sağ olması barədə rəsmi məlumat ala bilmirdim ki, valıdeynlərinə dəqiq söz deyim. Nəhayət, səhəri gün onlara dəqiq xəbər verdim. Bu xəbəri də rəsmi almadıq, televiziyadan eşitdik. Mustafanın valıdeynləri indi də narahatdırlar; amma onların Azərbaycana gəlmək imkanı yoxdur».

Qatilin güllələdiklərinə doğru

Saat 17-dən sonra yaralılarla görüşmək üçün yenidən xəstəxanaya yollanırıq. Məlum oldu ki, yaralı tələbələrin ancaq valideynlərinə görüş verilir. Valideynlərin görüşü başa çatandan sonra mühafizəçi ilə dil tapıb içəri girmək istəyirik. Mühafizəçi bunun mümkün olmadığını deyib qapını bağladı. Təbii ki, jurnalist belə asanlıqla təslim olmur. Gün ərzində 2-ci cəhdimiz idi və mütləq nəticə olmalıydı. Bu böyüklükdə faciə ola, amma qatilin gülləsi ilə yaralanmış bir kimsəyi danışdırmağa imkan verməyələr! Və nəhayət, yolunu-yolağasını tapıb, mühafizəçidən tələbələrin dostu kimi bir neçə dəqiqəlik görüş ala bildik. Amma mühafizəçi bizə bir tövsiyə etdi: «Kənanın, Rəhmanın və Elşənin valideynləri onların yanına adam buraxmağı qadağan edib, özləri də oturublar yanlarında. Onların palatasına girməməyiniz məsləhətdir. İlkinə və Mustafaya baş çəkə bilərsiniz».
Biz də «baş üstə» deyib öncə İlkinin palatasına daxil oluruq.

Bu da onlar!!!

İlkin Şirəliyev səhhətinin yaxşı olduğunu və budundan yaralandığını dedi: «Heç bilmədim nə baş verir. Güllə səsi eşitdik. Mən qapıya tərəf yaxınlaşmaq istəyəndə atəş açıldı. Gördüm pəncərənin o tərəfində adam var, şüşəni sındırıb atəş açmaq istəyəndə yerə uzandım. O, atəş açdı. Budumdan yaralandım, amma özümü itirmədim. Ayağa qalxıb özümü müdafiə etməyə çalışdım. Gördüm daha atəş səsi gəlmir, çölə qaçdım və məni xəstəxanaya gətirdilər. İndi Allaha şükür, babatam».
«Sən qatili gördünmü, onu şəkildən görsən tanıyarsanmı» sualına cavabında İlkin dedi ki, qatilin üzünü görə bilməyib: «Mən qapının ağzına çatanda o, şüşənin arxasında idi, koridorda da atəş səsi eşidilirdi. Mən qapıya çatanda o, şüşəni sındırdı və dərhal ağzı üstə yerə yıxıldım. Ayağa duranda artıq o yox idi».
İlkinə Allahdan şəfa diləyib Mustafa Muhammədin palatasına enirik. Mustafanı doğrudan Allah saxlayıb. Güllə onun boynunun sol tərəfindən girib, sağ tərəfindən çıxıb. Mustafa otağa girən kimi əlləri ilə işarə edib yanındakı dostuna bizə şirinlik kimi şokolad verməsini xahiş etdi. O, hadisəni belə xatırlayır: «Akademiyanın qarşısında dayanmışdım. Birdən atəş səsi gəldi. Əlində tapança bir nəfər üstümüzə gəlirdi. Başında kepka var idi. Birinci dostum Əmruh Seyidəhmədi vurdu, o, yerə yıxıldı. Elə bildi öldü. Silahı mənə tuşlayanda qaçmaq istədim, bu zaman atəş açdı və yıxıldım. Daha sonra nə baş verdiyini bilmirəm. Çünki huşumu itirmişdim».
Mustafaya F. Qədirovun qəzetimizdəki şəklini göstərib atəş açan adamın ona oxşadıb-oxşatmadığını soruşduq. Mustafa başını bulayıb «yox, ona oxşamır» dedi: «Onun başında kepka var idi, həm də dəhşətli anlar idi. Oxşada bilmirəm».
Mustafa bir qədər də şəklə baxdı və əlini Fərdanın şəklinin baş hissəsinə kepka əvəzi tutaraq «indi bir az oxşayır, məncə, elə odur, əclaf» dedi. Elə bu məqamda otağa hadisə zamanı barmağından yaralanmış Əmruh girdi. O da şəklə baxıb atəş açanın məhz Fərda olduğunu dedi.
Mustafa ona yardım edən hər kəsə təşəkkürünü bildirdi və bu gün İordaniya səfiri Adel Mühəmməd Adailenın də ona baş çəkdiyini dedi.
Xəstəxanada olarkən tibb bacılarından onu da öyrəndik ki, yaralı Kənanın səhhəti o qədər də yaxşı deyil, baş ağrıları var. Elşənə isə güllə çənəaltı nahiyəsindən dəydiyindən hələ danışa bilmir. Amma həkimlər onun bir neçə günə danışacağını deyir. Rəhman Axundovun isə vəziyyəti normaldır...

***

Gün ərzində qanlı qətliamla gələn xəbərlər və versiyalar bunlar idi:

Bu gün terror qurbanlarının yeddisidir

ADNA-da həlak olanların bu gün yeddisidir. Tələbələrin verdiyi məlumata görə, dünəndən bu mərasim və mayın 10-da keçiriləcək «Gül bayramı» ilə bağlı ADNA rəhbərliyi onlara xəbərdarlıq edib: «Prorektorlar, dekan Fərhad Abdullayev auditoriyaları gəzərək tələbələrə deyir ki, sizə görə polıs gücləndirilmiş iş rejiminə keçirilib, özünüzü yığışdırın. Digər institutlar da sizə qoşulmaq istəyir, kim narazılığını bildirsə, hesab etsin ki, bizim tələbə deyil».
Tələbələr akademiya rəhbərliyinin mövqeyini başa düşmədiklərini bildirir: «Bizim tələbə yoldaşlarımız öldürülüb, bunlar gül bayramı keçirir».
Dünən məsələ ilə bağlı ADNA rəhbərliyi ilə əlaqə saxlayıb tələbələrə olunan xəbərdarlıqla bağlı əlavə məliumat almaq istədik. Lakin israrlı zənglərimizə cavab verəcək kimsə tapılmadı.

Qatilin istifadə etdiyi telefonun nömrəsinin sahibi hələ də sorğulanır

Qazaxın Daşsalahlı kənd sakini Mədət Qafur oğlu Kazımov hələ də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində sorğulanır. Həbs olunandan sonra isə onun aqibəti məlum deyil. Valideynləri həbsdən sonra onun barəsində hər hansı bir məlumata malik olmadıqlarını söylədilər. M.Kazımovun atası Qafur Kazımov oğlu haqqında ona məlumat vermədiklərini dedi: «Səhər bura gəlib axşam yenə evə qayıdıram. Məni içəri buraxmırlar. Oğlum haqda mənə heç nə demirlər. Vallah, heç bilmirəm hara gedim, kimə deyim. Allah xatirinə bizə kömək edin, oğlumun günahı yoxdur».
Oğlunun vəkillə təmin olunub-olunmaması ilə maraqlandıqda Q.Kazımov belə dedi: «Axı Mədətin günahı yoxdu, ona niyə vəkil tutmalıyıq?»
Qeyd edək ki, rəsmi məlumatlarda qətliam törədən Fərda Qədirovun M.Kazımovun adına sənədləşdirilmiş mobil telefonla hadisədə iştirakda ittiham olunan Nadir Əliyevlə müntəzəm əlaqə yaratdığı bildirilir. M.Kazımovun əmisi Faiq Kazımov qəzetimizə açıqlamasında M.Kazımovun mobil telefon nömrəsinin də olduğu pulqabının Bakıdan Xırdalana gedən 221 nömrəli marşrut avtobusunda ayyarim əvvəl oğurlandığını bildirib.

Həbs olunanların Gürcüstandakı əlaqələri araşdırılır

İstintaq qrupu Fərda Qədirovun və həbs olunan digər iki şəxsin - Nadir Əliyev və Cavidan Əmirovun Gürcüstandakı əlaqələrini araşdırır. Bu barədə Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. F.Qədirov, N.Əliyev və C.Əmirovun Gürcüstan vətəndaşları olduğunu xatırladan prokurorluq rəsmisi bildirib ki, onların həmin ölkədəki əlaqələrinin araşdırılması zəruridir: lİstintaq qrupu onların əlaqələrini tam və hərtərəfli araşdıracaq».
E.Sultanovun sözlərinə görə, sorğular vasitəsilə F.Qədirov, N.Əliyev və C.Əmirovun əvvəllər məhkum olunub-olunmadıqları da öyrənilir.
«Gürcüstan Daxili İşlər Nazirliyi Bakıda baş vermiş faciənin araşdırılmasında azərbaycanlı həmkarlarına kömək etməyə hazırdır». Bunu Gürcüstan DİN-in analitik-informasiya departamentinin rəhbəri Şota Utiaşvili deyib. O, artıq bu məsələyə dair Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiklərini, ancaq istintaqın maraqlarına uyğun olaraq detalları açıqlamadıqlarını bildirib.

ABU-nun qarşısında silahlılar tutulub?

ADNA-dakı qanlı qətliamdan sonra Bakıda bir-birinin ardınca müxtəlif yerlərdə teraktların törədilməsinə dair informasiyalar yayıldı. Bunların heç biri təsdiqini tapmasa da belə xəbərlərin tez bir zamanda hər yerə yayılması şübhələr doğurur. Buna bənzər daha bir informasiya dünən yayılıb. xeberdar.info məlumat verir ki, iki gün öncə iki nəfər naməlum şəxs Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Binəqədi rayonundakı binasının qarşısında polis tərəfindən saxlanılıb. Bu ərazidə olan vətəndaşlar onların silahlı olduqlarını bilib və bu barədə dərhal polisə məlumat verilib. Həmin ünvana gələn polislər isə naməlum şəxsləri saxlayaraq zərərsizləşdirib. Şahidlərin verdiyi məlumata görə, həmin şəxslərin universitetə basqın etməyi planlaşdırdığına dair xəbər yayılıb və insanlar təlaş isində həmin ərazidən uzaqlaşıb. Ancaq o da bildirilir ki, silahlı şəxslər özlərini çox sakit aparırmış və onların üzərində silah olduğu ani bir anda hiss olunub. Saxlanılan şəxslərin məxfi xidmət işçiləri olduğu barədə məlumatlar da dolaşır. Lakin hadisədən sonra ABU-nun mühafizəsi gücləndirilib. Hələlik hadisə ilə bağlı rəsmi məlumat verilmir.

«Fərda Qədirov Pankisi dərəsində təlim keçib»

Sözügedən saytın əməkdaşı hadisədən bir həftə sonra növbəti dəfə ADNA-nın qarşısına gedərək tələbələrlə söhbətləşib. Maraqlıdır ki, qanlı cinayətlə bağlı versiya bolluğunda tələbələr daha bir şok iddia ilə çıxış edib: «Əməkdaşımızla söhbətində tələbələr hadisədə Rusiyadakı kriminal dairələrin əlinin olduğunu deyiblər. Rusiyada yaşayan qohumlarımızla danışmışıq. Onlar bildirir ki, son zamanlar Azərbaycanın müstəqil xarici siyasəti, Rusiyanın təsiri altına düşməməsi bu ölkədəki ermənipərəst kriminal dairələri qəzəbləndirib. Bunu onların Rusiyada bazarlarda işləyən azərbaycanlılara qarşı daha da aqressivləşən münasibətindən də görmək olur. Hadisə baş verməzdən öncə artıq bu barədə Rusiyadakı bəzi həmvətənlərimizə eyham vurublar. Təxminən laz qalıb», «görək hara qədər gedirisiz» kimi ifadələrlə».
Tələbələrin digər bir iddiasına görə isə əgər qatil F.Qədirov bu qədər peşəkar olubsa, heç şübhəsiz ki, o, Pankisi dərəsində təlim keçib: lBiz belə düşünürük ki, Fərdanın Gürcüstanda yaşaması, sonradan Rusiyaya gedib, ordan da gəlib Bakıda cinayət törətməsi təsadüfi ola bilməz».
Sayt bütün yazılanların yalnız tələbələrin iddiası olduğunu xatırladaraq ən doğru yolun əməliyyat-istintaq tədbirlərinin nəticəsini gözləmək olduğunu hesab edir.

30 aprel qurbanlarının xatirəsinə sayt yaradıldı

Qanlı qətliama həsr olunan sayt fəaliyyətə başlayıb. www.30aprel.biz ttp://www.30aprel.biz ünvanında yerləşən sayt gənclər tərəfindən yaradılıb. Məqsəd həlak olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə imzatoplama kampaniyasına start verməkdir. Qısa müddət ərzində artıq yüzlərlə gənc kampaniyaya qoşularaq aksiyanı dəstəklədiyini nümayiş etdirib. Bir neçə gün ərzində onların sayının minlərlə olacağı təxmin edilir. Dünən saytda qeydiyyatdan keçərək imzatoplama kampaniyasına qoşulanların sayı 1500-dən çox olub.

50-dən çox adam psixoloji yardım alıb

Qanlı hadisə ilə əlaqədar iki yerdə psixoloji yardım kabineti yaradılıb. Bunlardan biri ADNA-nın poliklinikasında, digəri 2 saylı ruhi xəstəxanada fəaliyyət göstərir. ADNA-nın poliklinikasında yaradılmış psixoloji yardım kabinetinin psixoloqu Eldin Hüseynbəyli bildirib ki, indiyə qədər 40-dan çox insan onlara müraciət edib: «Onların arasında müəllimlər də, tələbələr də var. Biz burada müvəqqəti olaraq psixoterapiya üsulu ilə insanlara kömək edirik. Lakin hər hansı dərman vasitələrindən istifadə etmirik».
E.Hüseynbəyli deyib ki, vəziyyəti daha gərgin olan insanlar Süleyman Rüstəm, 40 ünvanında yerləşən 2 saylı ruhi xəstəxanaya göndərilir və orada tibbi-psixoloji yardım alır. 2 saylı xəstəxanada yaradılan psixoloji yardım kabinetinin qəbul şöbəsindən bildiriblər ki, bu günə qədər onlara 15 nəfər müraciət edib. Ən sonuncu müraciət mayın 5-də olub.

Elçin Behbudov qətliamla bağlı saxlanılanlara baş çəkəcək

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov qanlı olayla bağlı tutulanların vəziyyətini öyrənmək məqsədilə onların saxlanma yerlərində monitorinq keçirəcək. O, bildirib ki, saxlanılanlardan heç birinin valideyni, yaxud yaxın qohumu ona müraciət etməyib. Hüquq müdafiəçisi vurğulayıb ki, 30 aprel hadisəsinə görə tutulanların harada saxlanılması barədə dəqiq informasiyaya malik deyil: «Onların istintaqını həm də Daxili İşlər Nazirliyi apardığına görə ya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, ya da polis şöbələrinin birinin müvəqqəti saxlanma təcridxanasında ola bilərlər. Onlarla maraqlanacam».
E.Behbudov deyib ki, beynəlxalq normalara görə, saxlanılan, yaxud tutulan vətəndaşla görüşmək lazımdırsa, onda mütləq həmin şəxsin yaxını, valideyni hüquq müdafiəçisinə rəsmi müraciət etməlidir: «Yəni onun oğluna işgəncə olunurmu, onu incidirlərmi və s. Bu müraciət olduqda biz birbaşa həmin şəxslə görüşürük».
«Bəzi media quruluşları 30 aprel qətliamına görə saxlanılanların sayının rəsmi məlumatlarda göstərilənlərdən çox olduğunu bildirir. Bu məlumatlar nə dərəcədə doğrudur» sualını cavablandıran E.Behbudov bu barədə məlumatı olmadığını deyib. O, uzun illər hüquq-mühafizə və xüsusi xidmət orqanlarında işlədiyini, silah-sursatdan yeni zabitlərə dərs dediyini, xüsusi xidmət orqanlarında əlbəyaxa döyüşlərdə təlimatçı olduğunu xatırladıb: «Mən bu işlərin peşəkarıyam. Başa düşürəm ki, hadisəni törədən şəxs xüsusi təlim keçib. »Makarov" tapançasından dəqiq atmaq çox çətindir. Verilən xəbərlərdən də görünür ki, həlak olanların, yaralananların əksəriyyətinin başından, gözündən vurub. Bu, artıq peşəkarlığın göstəricisidir. «Makarov»un maqazini cəmi 8 güllə tutur. Amma rəsmi xəbərlərdə də deyirlər ki, xüsusi sandıqça hazırlanıb və o, 41 güllə tutur. Neft Akademiyası dövlət müəssisəsidir və onu dövlət mühafizə etməli və silahlı mühafizə olmalıdır. Kameralar quraşdırılmalı, girib-çıxanlar nəzarətə götürülməli idi".

Bakıda təhlükəsizlik kameralarının sayı artırılır

«Cinayətkarlığın qarşısını almaq, ictimai asayişi qorumaq məqsədilə Bakıda videokameraların sayı artırılacaq. İlin sonuna qədər Bakının müxtəlif yerlərində təxminən 1200 kamera quraşdırılacaq».
Bunu Trend News-a DİN mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov bildirib. O, deyib ki, hazırda Bakının 228 yerində 625 kamera quraşdırılıb. DİN sözçüsünün məlumatına görə, kameralar əsasən əhalinin sıx yerlərində, yol kəsişmələrində və ictimai əhəmiyyətli binalarda quraşdırılır. O, deyib ki, ilkin mərhələdə Bakının 1000 yerində 4000 kameranın quraşdırılması nəzərdə tutulub.
Kameralar paytaxtda hüquq qaydalarına riayət edilməsinə nəzarətin videomüşahidə vasitəsilə həyata keçirilməsinə, fasiləsiz şəkildə canlı izlənilməsinə, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsinə imkan yaradacaq. «Təhlükəsiz şəhər» layihəsinin icrasına 10 milyon manat vəsait ayrılıb.
Gəlişmələri 24 saat yenilənən www.musavat.com saytından izləyin.
Materialın hazırlanmasında APA və «Mediaforum»un xəbərlərindən istifadə olunub.

OBAMA LAVROVLA AZƏRBAYCANI MÜZAKİRƏ ETDİ

ABŞ prezidenti Rusiya xarici işlər naziri ilə Dağliq Qarabağ məsələsi və Qəbələ RLS barədə danışıqlar aparıb



Mayın 6-da Vaşinqtona səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Ağ Evdə prezident Barak Obama ilə görüşüb. Rusiya KİV-lərinin xəbərlərinə görə, Obama Lavrovu Bakı vaxtı ilə gecə saatlarında qəbul edib. Ağ Ev bu görüşdə hansı məsələlərin müzakirə olunacağı haqda açıqlama verməyib.
Lakin Moskvadakı diplomatik mənbələr bildiriblər ki, xarici işlər naziri ABŞ prezidenti ilə ikitərəfli münasibətlərə dair geniş spektrdə məsələləri müzakirə edilib. Bura ABŞ-la Rusiya arasında strateji hücum silahlarının ixtisarına dair yeni müqavilənin hazırlanması, raketdən müdafiə sistemləri qurulmasında əməkdaşlıq imkanları, Cənubi Qafqazdakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsi daxildir.
Xəbərlərə görə, Rusiya nüvə başlıqlarının sayının 1700-dən 1500-ə qədər endirilməsi təklifinə razıdır, ancaq bildirir ki, nüvə başlıqlarının sayı müəyyən edilərkən təkcə döyüş növbəsində dayanan başlıqlar deyil, anbarladakı başlıqlar da nəzərə alınmalıdır. Hazırda ABŞ-la Rusiyanın cəmi 10 minə yaxın nüvə başlığı var. ABŞ dövlət katibinin silahlara nəzarət üzrə köməkçisi Rouz Gettemüller bildirib ki, tərəflər nüvə başlıqlarının sayının ixtisarında həmfikirdirlər. Eyni zamanda diplomat ABŞ-la Rusiyanın raketdən müdafiə sistemləri qurulmasında da əməkdaşlıq edə biləcəklərini deyib. Onun sözlərinə görə, belə əməkdaşlıq üçün Azərbaycan ərazisindəki Qəbələ RLS-dən birgə istifadə təklifi çox maraqlıdır. Xatırladaq ki, Buş administrasiyası Rusiyanın bu stansiyadan istifadə təklifini qəbul etməmişdi.

Xəbər xidməti

Türkiyədə Naxçıvan dialektinə aid ilk kitab nəşr olunub

Kitabı Azərbaycan və Türkiyə alimləri birgə hazırlayıblar

Bu günlərdə Türk Dil Qurumunda AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Türkiyə alimlərindən Professor Doktor Tuncer Gülensoy və Dosent Doktor Paki Küçükerin birlikdə hazırladıqları 734 səhifədən ibarət “Naxçıvan ağzı” monoqrafiyası elmi ictimaiyyətin müzakirəsinə təqdim edilib. Bu barədə Lent.az-a AMEA Naxçıvan Bölməsinin Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib.

Naxçıvan dialektinə aid ilk kitab Azərbaycanda 1962-ci ildə nəşr olunub. Türkiyədə isə Azərbaycan dialektologiyasından bəhs edən iki cildlik “Azərbaycan dilinin dialektoloji luğəti” adlı kitab Türk Dil Qurumu tərəfindən bir neçə il bundan öncə Ankarada işıq üzü görüb. Bu baxımdan, Türkiyədə ilk dəfə meydana çıxan həmin irihəcmli monoqrafiyanın böyük elmi əhəmiyyəti var.

Müəlliflərin bölgənin şivə xüsusiyyətlərini toplu şəkildə şərti olaraq “Naxçıvan ağzı” adlandırmaları diqqəti həmin problemə yönəltmək, tədqiqatçıları bu problem ətrafında düşünməyə dəvət etmək məqsədi daşıyır.

Üç əsas bölmədən ibarət olan monoqrafiyanın mühüm bölmələrindən birində bölgədən böyük zəhmətlə toplanmış zəngin şivə materialları öz əksini tapıb.

Monoqrafiyada leksik və qrammatik vahidlərin, yəni söz və şəkilçilərin lüğəti, indeksi böyük bir bölməni təşkil edir. Kitabın sonunda Naxçıvan Muxtar Respublikasının xəritəsi və istifadə edilmiş elmi ədəbiyyatın geniş siyahısı verilib.

Elmar HUSEYNOV

LENT.AZ



Xəbərin oxunma sayı: 103

Neftin qiyməti 56 dollara çatdı

Dünya bazarında neftin qiyməti sürətlə artmaqda davam edir.

Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, son alqı-satqı zamanı qiymət 56 dollara kimi yüksəlib.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin bir barreli 2,5 dollar yüksələrək 56,34 dollar olub. London birjasında Brent markalı neftin qiyməti isə 2,03 dollar artaraq 56,15 dollar təşkil edib.

LENT.AZ

Alim Qasımov Beynəlxalq İstanbul Caz Festivalında iştirak edəcək

Tanınmış muğam ustası Alim Qasımov 16-cı Beynəlxalq İstanbul Caz Festivalında iştirak edəcək.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, festival İstanbul Mədəniyyət Sənət Vəqfi tərəfindən düzənlənəcək. 2-15 iyulda keçiriləcək tədbirin ən böyük sürprizi “SMV. Grup”un çıxışı olacaq. Qrup 8 iyulda Cemil Topuzlu Açıkhava Səhnəsində yazın ən diqqət çəkəcək konsertlərindən birinə imza atacaq. “Ustalarla Görüşlər” adlı festival günlüyündə isə üç mötəşəm ad bir araya gələcək. Azərbaycanın dünyaca ünlü səsi Alim Qasimov, Türkiyədən Erkan Oğur və kamança ustadı Dərya Türkan 10 iyulda tamaşaçı qarşısına çıxıcıq.

Qeyd edək ki, konsertlərə “Cəmil Topuzlu”, “The Marmara Esma Sultan”, “Aya İrini” Muzeyi, “Camal Rəşid” Konsert Salonu, “İstanbul Modern” və “Nardis Jazz Club” ev sahibliyi edəcək.

Lalə Yusifqızı

LENT.AZ



Xəbərin oxunma sayı: 70

Alim Qasımov Beynəlxalq İstanbul Caz Festivalında iştirak edəcək

Tanınmış muğam ustası Alim Qasımov 16-cı Beynəlxalq İstanbul Caz Festivalında iştirak edəcək.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, festival İstanbul Mədəniyyət Sənət Vəqfi tərəfindən düzənlənəcək. 2-15 iyulda keçiriləcək tədbirin ən böyük sürprizi “SMV. Grup”un çıxışı olacaq. Qrup 8 iyulda Cemil Topuzlu Açıkhava Səhnəsində yazın ən diqqət çəkəcək konsertlərindən birinə imza atacaq. “Ustalarla Görüşlər” adlı festival günlüyündə isə üç mötəşəm ad bir araya gələcək. Azərbaycanın dünyaca ünlü səsi Alim Qasimov, Türkiyədən Erkan Oğur və kamança ustadı Dərya Türkan 10 iyulda tamaşaçı qarşısına çıxıcıq.

Qeyd edək ki, konsertlərə “Cəmil Topuzlu”, “The Marmara Esma Sultan”, “Aya İrini” Muzeyi, “Camal Rəşid” Konsert Salonu, “İstanbul Modern” və “Nardis Jazz Club” ev sahibliyi edəcək.

Lalə Yusifqızı

LENT.AZ

Abdulla Gül Azərbaycan və Ermənistan prezidentləri ilə təkbətək görüşəcək

Praqada Türkiyə, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü nəzərdə tutulmur.

APA-nın Praqaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Türkiyə prezidenti Abdullah Gül Azərbaycan və Ermənistandan olan həmkarları ilə təkbətək görüş keçirəcək.

Bu gün Bakı vaxtı ilə saat 17-də Praqaya gəlməsi gözlənilən Abdullah Gül Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində ilk olaraq Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Daha sonra isə axşam saatlarında sammitə qatılan dövlət başçılarının şərəfinə veriləcək ziyafətdən sonra Abdullah Gülün Ermənistan prezidenti Serj Sərkisyanla görüşü nəzərdə tutulur. Hər iki görüşdə Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri diqqət mərkəzində olacaq.

LENT.AZ



Xəbərin oxunma sayı: 134

6 Mayıs 2009 Çarşamba

Terrorçular silahı Azərbaycana necə keçirib?

Daha öncə xəbər verdiyimiz kimi, aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror zamanı istifadə edilən silahı Fərda Qədirov Gürcüstandan qanin yolla silah mağazasından alıb.

Onun Gürcüstanda aparılan evində aparılan axtarış zamanı bunu təsdiq edən silahın sənədi tapılıb. Bəs Fərda Qədrov silahı Azərbaycana necə keçirib?

RİA-nın məlumatına görə, bununla bağlı Dövlət Sərhəd Xidməti (DSX) araşdırmalara başlayıb. DSX rəisi Elçin Quliyev bildirib ki, baş vermiş hadisə ilə əlaqədar həm yaşıl sərhəddə, həm də nəzarət buraxılış məntəqələrində müvafiq tədbirlər görülür, Azərbaycan Respublikasının digər hüquq mühafizə orqanları ilə birlikdə zəruri addımlar atılır.

“Qırmızı Körpüdən” istənilən əşyanı keçirmək olar

RİA-nın araşdırmasına görə, “Qırmızı Körpü” Sərhəd Keçid Məntəqəsindən istənilən əşyanı keçirmək mümkündür. Gürcüstanlda əlaqəsi olan hər kəs bunu təsdiq edə bilər ki, “Qırmızı Körpü”dən keçərkən vətəndaşların üzərləri yoxlanılmır. Çox nadir hallarda onların keçirdiyi əl çantalarına baxış keçirilir. Sərhəd Keçid Məntəqəsində metal axtaran qurğu quraşdırılsa da, nadir hallarda ondan istiadə edilir.

RİA-nın Bakı – Tiflis marşrutu ilə işləyən avtobus sürücüləri arasında apardığı sorğunun nəticələrinə görə, bu hadisədən sonra da Sərhəd Keçid Məntəqəsində nəzarət gücləndirilməyib. Vətəndaşların əl çantalarına ötəri baxış keçirilsə də, üzəriləri yoxlanılmır. Hələ də metalaxtaran monitordan istifadə edilmir. Sürücülər bunu, “Qırmızı Körpü”də aparılan təmir bərpa işləri ilə əlaqələndiriblər.

Onların sözlərinə görə, əsas keçid məntəqəsində yenidənqurma işləri aparıldığından vətəndaşlar və qonşu ölkəyə gedib-gələn avtobuslar müvəqqəti keçid məntəqsindən buraxılır. Orada isə sərnişinlərin yoxlanılması üçün heç bir avadanlıq quraşdırılmayıb.

Xatırladaq ki, aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən «Qaz Neft Mədən» və «Neft Mexanikası» fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə «Makarov» tipli tapançadan atəş açması nəticəsində 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.

Cinayətin törədildiyi yer və meyitlər müayinə olunub, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik və digər ekspertizalar təyin edilib.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, «Makarov» tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

İstintaq fevralın 11-də qətlə yetirilmiş Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Rail Rzayevin də məhz bu silahla qətlə yetirldiyini təsdiq edib.

NATO nümayəndəsi: “Gürcüstan Şimali Atlantika alyansında olmalıdır”

Tiflis. Nizami Məmmədzadə - APA. “Gürcüstan gələcəkdə Şimali Atlantika alyansında olmalıdır”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Tiflisdə mətbuat konfransı keçirən NATO Parlament Assambleyasının nümayəndəsi Denis Makşeyn deyib. Gürcüstanda keçirilən NATO təlimlərinə Ermənistanın qatılmamasına münasibət bildirən D. Makşeyn bəyan edib ki, bu, Ermənistanın öz işidir. Onun sözlərinə görə, hazırda Gürcüstan üçün ən vacib məsələ Ermənistanın bu təlimlərdə iştirak etməməsinin səbəblərini araşdırmaq yox, NATO ilə yaxınlaşmaqdır: “Biz Rusiyanı da bu təlimlərdə iştiraka dəvət etmişdik. Ümumiyyətlə, yaxşı olardı ki, Rusiya Gürcüstanın zəbt edilmiş torpaqlarından geri çəkilsin”.

Qeyd edək ki, NATO nümayəndələri müxalifət təmsilçiləri ilə də görüşüblər.

Abdulla Gül və Dəniz Baykal Türkiyənin Azərbaycan və Ermənistanla münasibətlərini müzakirə edib

Ankara – APA. Mayın 5-də axşam Türkiyə prezidenti Abdulla Gül və ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykalı arasında görüş keçirilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, prezidentin Çankaya iqamətgahında 1,5 saat davam edən qapalı görüşdə Konstitusiya dəyişikliyi, terror problemi, Türkiyə-Ermənistan sərhədlərinin açılması və Azərbaycan-Ermənistan münaqişəsi müzakirə edilib. A. Gül Türkiyənin Azərbaycan və Ermənistanla münasibətləri və bu istiqamətdə atılan addımlar haqqında D. Baykala məlumat verib. D. Baykal jurnalistlərə açıqlamasında bu mövzularla bağlı fikirlərini A. Gülə söylədiyini və onun da mövqeyini öyrəndiyini, görüşün faydalı olduğunu deyib.
Bu gün A. Gül Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı ilə görüşəcək.

BMT BAŞ KATİBİNİN "QARABAĞ" HESABATI

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı sənəd münaqişənin beynəlxalq gündəmdə qalmasına xidmət edəcək


BMT-nin baş katibi Pan Gi Mun Azərbaycanın işğal olunmuş əraziləri barədə xüsusi hesabatla çıxış edib. APA-nın ABŞ bürosunun məlumatına görə, 18 vərəqlik hesabatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupu adından həmsədr ABŞ-ın, ATƏT-in hazırkı sədri və daha 12 dövlətin rəyi əks olunub.
ABŞ-ın Minsk Qrupunun bütün üç həmsədr ölkəsi adından BMT baş katibinə təqdim edilən sənəddə deyilir: "14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyasında 62/243 nömrəli qətnamə layihəsi (ölkəmizin BMT-dəki Daimi Nümayəndəliyinin Baş Assambleyasının 62-ci sessiyasında müzakirəyə çıxardığı "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnamə layihəsi nəzərdə tutulur - red.) müzakirə olunarkən biz həmsədrlər səs verməyimizin səbəblərini izah edərkən qeyd etdik ki, 2007-ci ilin noyabr ayında ATƏT-in Madrid toplantısında hər iki münaqişə tərəfinə sülhün əldə olunmasına xidmət edəcək baza prinsiplərini təqdim etmişdik. Bu prinsiplər Helsinki Yekun Aktının və bu aktın silah və zor tərtib etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etmək maddələrinə əsaslanırdı".
Hesabatda bildirilir ki, "Madrid prinsipləri" adı almış bu yanaşma bu gün də müzakirə obyekti olaraq qalmaqdadır. Lakin hesabat müəllifi xüsusi qeyd edir ki, həm müzakirə olunan təkliflər, həm də həmsədr ölkələrin 62/243 saylı qətnamənin əleyhinə səs verməsi Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır: "Biz səsvermənin səbəblərini izah edərkən indi də bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimizi bəyan edirik".
İkinci maraqlı məqam odur ki, həmsədrlər BMT-nin baş katibinə təqdim etdikləri hesabatda xalqların öz müqəddəratını müəyyən etmək hüququna birmənalı dəstək verməyiblər. Belə ki, sənəddə yazılıb ki, "Madriddə tərəflərə təklif olunan prinsiplər hər iki tərəfin qəbul edəcəyi təqdirdə öz müqəddəratını təyin etmək və silah tətbiq etməmək prinsiplərini nəzərdə tutur". Bununla da həmsədrlər öz müqəddəratını müəyyən etmək hüququnun ərazi bütövlüyü hüququndan üstün olmadığını bir daha xüsusi olaraq vurğulayıblar.
Amerika tərəfinin BMT-nin baş katibinə təqdim etdiyi sənəddə daha sonra vurğulanır ki, "Madrid prinsipləri" təşkilatın ultimativ xarakterli təklifi deyil və onun maddələrinin belə qəbul olunması düz deyil.
Ermənistan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" hesabatla bağlı BMT baş katibinə təqdim etdiyi məruzədə 2008-ci ildə 62/243 saylı qətnamə səsverməyə çıxarıldığı zaman ona Baş Assambleyanın əksər ölkələrinin dəstək vermədiyini qeyd edib. Daha sonra bildirilib ki, prezidentlərin 6 iyun 2008-ci il Sankt-Peterburq görüşündə Azərbaycan "Madrid prinsipləri"ni münaqişənin həll olunması üçün əsas sənəd kimi qəbul edib.
Azərbaycan tərəfinin BMT-nin baş katibinə təqdim etdiyi sənəddə isə qeyd olunur ki, Baş Assambleyanın 62-ci sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərdə vəziyyətlə bağlı qəbul etdiyi sənəd Dağlıq Qarabağ münaqişəsinin həllinə öz ciddi müsbət tövsiyəsini verir. Azərbaycan tərəfi Baş Assambleyanın Ermənistandan işğal olunmuş ərazilərdən qanunsuz dəstələrini çıxarmağı, qaçqın və məcburi köçkünlərin qaytarılmasına şərait yaradılmasını tələb etməsini, ermənilərin qanunsuz məskunlaşma siyasətinə "yox" deməsini yüksək qiymətləndirib.
Daha sonra 10 dövlət Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı hesabata münasibət bildirib. Belarus, İndoneziya, Qazaxıstan, Malayziya, Meksika, Pakistan, Slovakiya, Sudan, Türkiyə və Ukrayna Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. İndoneziya isə öz bəyanatında İslam Konfransı təşkilatının adından çıxış edib.
Qeyd edək ki, Pan Gi Munun hesabatı Baş Assambleyanın 63-cü sessiyasında da müzakirə olunmalıdır. Azərbaycanın bu il BMT-yə təqdim etdiyi digər 4 sənədlə yanaşı, bu hesabat uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin BMT-nin gündəmində qalmasına xidmət edəcək.

ERMƏNİSTAN VƏ DAĞLIQ QARABAĞDA QORXU VƏ NARAHATLIQ

Türkiyə ilə sərhədin açılma ehtimalı və Qarabağ münaqişəsinin həll perspektivi qarşısında bu duyğu çoxlarını sarmışdır


İsmayıl UMUDLU


Ermənistan və Dağlıq Qarabağda son günlər bir qorxu və narahatlıq hakimdir. Türkiyə ilə sərhədin açılma ehtimalı və Qarabağ münaqişəsinin həll perspektivi qarşısında bu duyğu çoxlarını sarmışdır - Ermənistan siyasi spektrini və Qarabağdakı separatçı güruhu təmsil edən şəxslərin açıqlamalarındakı notlar, onların sətiraltı mənaları bunu aydın göstərir. Bu qorxu və narahatlıq indiyədək izlənmiş siyasətin iflasından (bu, hələ açıq etiraf olunmasa da) qaynaqlandığı da gözdən qaçmır.
Söz deyən hər kəsin baş verənləri anlamağa çalışarkən zora düşdükləri bir açıqdır. Son iyirmi ildə (az müddət deyil) siyasi iqlimi müəyyənləşdirmiş şəxslərin indi qaçılması mümkün olmayan yeni gerçəklik qarşısında zora düşdükləri təbiidir və bunu anlamaq çətin deyil. Az bir zaman içərisində dəyişmək və yeni şəraitə transfer olmaq özlüyündə ağır siyasi-psixoloji məsələdir. Siyasi iqlimi müəyyənləşdirənlərin açıqlamalarında qorxu və narahatlıqla yanaşı, "dəvədən yıxılıb, lök-lökündən qalmır" da var, özünə təskinlik də, yekəxanalıq da, söz oynatma da, ümid və ümidsizlik də, məyusluq da var.

QALDI BİR DƏ GƏLƏN İLƏ

Builki 24 aprel də ermənilərə gözlədiklərini vermədi. Həm Ermənistanın, həm də mütəşəkkil erməni diasporunun siyasətindəki aparıcı bənd - "soyqırım"ın Vaşinqton tərəfindən rəsmən tanınması - açıq bir iflasla üzləşdi. Prezident Barak Obama ermənilərin arzu etdikləri və özünün dəfələrcə söz verdiyi (özü də yazılı!) "soyqırım" kəlməsini işlətmədi. Ermənilər dünyanın gözü qarşısında növbəti dəfə "aldadılmış" duruma düşdülər. Bu vəziyyətə düşəcəklərini ağlı özündə olan hər bir erməni öncədən də bilirdi və belə də oldu. Fəqət neçə illərdən bəri təkrarlanan bu durum onlara dərs olmur. Bu dəfə də olmadı. Məsələn, bu son olaydan sonra erməni toplumuna təlqin olunur ki, eyb etməz, gələn il soyqırımın "dəyirmi" ildönümüdür - 95 illik gəlir və o gün Barak Obama budəfəkindən sərt məzmunlu bir bəyanata imza atacaq, başqa sözlə, məhz "genosid" sözünü işlədəcək.
İş bununla bitmədi. Erməni çevrələrə daha bir dərs Ohayo ştatında verildi və bu dərslərin ardının gələcəyi də tamamilə gözləniləndir. Amerika tarixində ilk dəfə olaraq bir konqresmen - Cin Şmidt (Yean Schmidt) "mənim tarix bilgimə görə, buna "soyqırım" deyilə bilməz, bunlar faciəli olaylardır" dedi və "soyqırım" iddialarını qəbul etmədiyi üzündən barəsində söylədikləri ittihamlara görə erməniləri məhkəməyə verdi.
İndiyədək konqresdə növbənöv "erməni qətnamələri"nə səs verməmiş olan Cin Şmidt dedi ki, Amerikada və dünyada çox sayda tarixçi bunun "soyqırım" olmadığını söyləyir, mövzu mübahisəlidir, odur ki, olayı ABŞ Konqresi deyil, müstəqil bir beynəlxalq komissiya həll etməlidir. İş burasındadır ki, xanım Cin Şmidt Ohayo ştatında 2-ci bölgədən konqres üzvlüyünə namizəddir, seçki noyabrın 4-də keçiriləcək və onun rəqibi David Krikoryan adlı bir ermənidir. Bu erməni öz siyasi rəqibini şantaj edib ki, "Cin Şmidt türklərdən soyqırımı inkar etməsi müqabilində 30 min dollar pul almışdır". Fəqət şantaj təsirsiz qalıb və indi Krikoryan öz siyasi rəqibinə qarşı yolverilməz üsuldan istifadə etdiyinə görə özünü məhkəmə qarşısında müdafiə etməli, öz əsassız iddiasını sübut etməlidir. Bu sayaq şantaj nömrələri Amerikada heç də hər zaman yerimir.

ARAVURMA SİYASƏTİ BOŞA ÇIXDI

İrəvan rəhbərliyinin Türkiyə ilə münasibətləri "ilkin şərtlər olmadan" normallaşdırmaq, "Qarabağ məsələsi"ni bu işə qatmamaq və Azərbaycanı aralı tutmaq xəttinin boşa çıxdığını söyləmək olar. Buna Serj Sarqsyan komandası və diaspor çevrələri çox böyük qüvvə və vəsait sərf etmişdilər.
Türkiyə və Azərbaycan toplumu belə incə gedişlər qarşısında yetkinlik və müstəsna bir həmrəylik nümayiş etdirdi. Hələ ki, Ankaranın Qafqaz siyasəti kontekstində Ermənistanla münasibətlərini normallaşdırma niyyəti Qarabağ probleminin çözümünə bağlı saxlanılır. Onu da söyləyə bilərik ki, bunların bir-birindən ayrılıqda həllinin mümkünlüyünün Türkiyə və Azərbaycanın siyasi mənafeləri üçün nə kimi mənfi, hətta qorxulu nəticələrə gətirib çıxaracağı artıq rəsmi Ankara və rəsmi Bakı tərəfindən mənimsənilmişdir.
Bir nüansı da qeyd etmək istərdik ki, bizə görə, Barak Obamanın "genosid" termininin ermənicə qarşılığını işlətməsi ilə Ankaranı və Türkiyəni o dərəcədə narazı saldı ki, bununla Vaşinqton özünün Ankaraya təsir və təzyiqdə əlini zəiflətmiş oldu.
Hər halda, Türkiyə və Azərbaycan ictimai fikrində geniş yer alan siyasi diskussiyalar iki ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdırdı, hətta bir az da irəli gedərək iki toplum arasında bu məsələlərdə dərin bir anlaşmaya varıldığını da söyləmək olar. Bu isə olduqca önəmlidir və böyük siyasətə birbaşa təsir edən amildir. İşin bu kəskinlikdə əks effekt verməsi, Ankara və İrəvan arasında separat razılaşmanın bir addımlığında işin pozulması İrəvanda böyük bir hüzn doğurmuş kimidir. Bu da açıq hiss olunur.

DAŞNAKLARIN NARAHATLIĞININ SƏBƏBİ

Bu arada "yol xəritəsi"nin ortaya çıxması ilə Daşnaksütyun hakimiyyət koalisiyasından çıxdı. Onlar buna nə kimi don geyindirir-geyindirsinlər, bunun səbəbini anlamaq bizim üçün çətin deyildir. Türkiyə ilə sərhədin açılması və münasibətlərin hansı bir şəkildəsə normallaşması türklüyə nifrət, terror və qan, əsassız "soyqırım" inilti-fəryadları üzərində qurulmuş və varlığını sürdürən bu partiyanın da sonunu gətirəcək. Türklər və ermənilər arasında normal münasibət olan yerdə daşnaklara, sadəcə, yer yoxdur. Onlar hər hansı formada münasibətlər qurulmasından oddan qorxan kimi qorxurlar. Sərhədlərin açılmasına qarşı imzatoplama kampaniyası, çəkindirici bəyanatlar bundan qaynaqlanır.
Onların arqumentləri budur ki, türklər Ermənistan iqtisadiyyatına dərindən nüfuz edəcək, rəsmi İrəvanın siyasi qərarlarına təsir və təzyiq imkanları əldə edəcəklər. Onlar erməni toplumunu qorxudurlar ki, Qarabağ bölgəsinin Azərbaycana qaytarılması erməni xalqına ağır psixoloji təsir göstərəcək, buradan əhali köçünü sürətləndirəcək və bu xalq bu bölgədə varlığına son qoymuş olacaq.

LEVON TER-PETROSYAN DEYİR Kİ...

İlk prezident Levon Ter-Petrosyan müxalifətin dünən İrəvanda keçirdiyi mitinqdə çıxış edərkən deyib ki, erməni-türk münasibətlərinin tezliklə tənzimlənməsinə tərəfdardır və bu məsələdə iqtidarın bütün müsbət addımlarına kömək etməyə hazırdır. Onun yeganə etirazı "soyqırım"ı araşdırma məqsədi ilə erməni və türk tarixçilərindən ibarət komissiyanın yaradılmasına aiddir, çünki bu "ermənilərin soyqırımı"ndan imtina edilməsi anlamına gəlir.
O deyib ki, Türkiyə tərəfi Azərbaycanın toplumunun və öz müxalifətinin təzyiqləri ilə hesablaşmaya bilmir və əzəlki mövqeyinə qayıtmağa məcburdur, yəni nikbin proqnozlara və gözləntilərə rəğmən, iki ölkə arasında qarşılıqlı münasibətlər tənzimlənməyəcək və Ermənistan - Türkiyə sərhədi Qarabağ münaqişəsinin həlli məsələsində mühüm irəliləyiş olmadıqca açılmayacaq.
İlk prezident onu da deyib ki, Ermənistanla münasibətlərin tənziminə ümumi meyllə yanaşı, Türkiyə qarşısına başqa - daha sadə və konkret vəzifə, yəni nəyin bahasına olursa-olsun, Barak Obama və Konqres tərəfindən "soyqırım"ın tanınmasına mane olmağı da qoymuşdu. Türkiyə öz məqsədinə nail oldu, Ermənistan və diasporun isə əli boşda qaldı. Onun sözlərinə görə, odur ki, futbol diplomatiyası ilə başlayan oyunun ilk yarısı 1:0 hesabı ilə Türkiyənin xeyrinə nəticələnib ("Arminfo").

EYFORİYADAN SONRA "SOYUQ AĞIL" DÖNƏMİ

1992-ci ildəki rusların yardımı ilə əldə edilmiş üstünlükdən sonrakı eyforiya gec-tez öz yerini soyuq ağıl dönəminə verməli idi. Fəqət erməni toplumu üçün bu dönəm çox gec - indilərdə başlayıb. Bunun əlamələrinə baxaq. İndiyə qədər erməni toplumuna təlqin olunmuşdu ki, nəzarətə götürdükləri torpaqlar həmişəlik onlarındır, Dağlıq Qarabağ bir də Azərbaycanın nəzarətinə qayıtmayacaq. Onların bütün intellektual qüvvələri buna yönəlmişdi. Onlarda belə düşünürdülər ki, vaxt uzandıqca azərbaycanlılar vəziyyətləri ilə barışacaq və Qarabağdan əllərini üzəcəklər. Bunun belə olmayacağı bu gün erməni toplumuna gün kimi aşkar olmuşdur.
Onlar çox gözəl bilirlər və dəfələrcə dillərinə gətiriblər ki, Dağlıq Qarabağ ətrafında bircə rayonun nəzarətinin Azərbaycana qayıtması erməni çevrələrinin Dağlıq Qarabağ barədə niyyətlərinin puç olması deməkdir. İndi isə bir deyil, ilkin olaraq ən azı beş (!) rayonun qaytarılması danışıqlar masasında müzakirə olunan variantlardan biridir.
Onlar bunun fərqindədirlər ki, Azərbaycanın hədəfləri işğal altındakı torpaqları qaytarmaqla bitmir, onlar, ümumiyyətlə, Ermənistan dövlətini zəiflətmək və zərərsizləşdirmək xətti götürmüşlər. Aydın işdir ki, işğalçı və təcavüzkar bir qonşu ilə başqa rəftar da mümkün deyildir.
Gürcüstan tranziti Ermənistan iqtisadiyyatını gün-gündən zəiflətməkdədir və xaricdən daxil olan maliyyə yardımları yaşanan iqtisadi itkiləri kompensasiya etmək iqtidarında deyil, ölkənin onsuz da zəif olan iqtisadiyyatının nə kimi bir bataqlığa düşdüyü açıq yazılır. Bu vəziyyət uzun zaman davam edə bilməz və Gürcüstan yoluna alternativ ticarət yolları həyati önəm kəsb edir. Fəqət bu niyyətin qarşısında siyasi stereotiplər və Dağlıq Qarabağ problemi dayanır.
Onlar Rusiya və ABŞ-ın niyyətlərində bir vasitədən başqa bir şey olmadıqlarının da fərqindədirlər və bu iki seçim arasında baş sındırırlar. Ermənilərin Rusiyaya bəslədikləri ümidləri sarsılmış kimidir. Rusiya və Azərbaycan, Rusiya və Türkiyə arasında mal dövriyyəsinin fantastik rəqəmlərlə ifadə olunması və yeni iri layihələr ətrafında aparılan danışıqlar, Rusiyanın Ermənistana və Azərbaycana münasibətdə balanslaşdırılmış siyasətə get-gedə daha açıq bir şəkildə üstünlük verməsi İrəvanda üzüntü ilə qarşılanır. Aparılan danışıqlar bir fayda verməyəcəksə, Azərbaycanın Dağlıq Qarabağda təmizləmə əməliyyətlarına başlayacağı təqdirdə onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qarşısında görəcəyi barədə prezident Sarqsyanın bəyanatını və bunun belə olmayacağı barədə Rusiya tərəfinin açıqlamasını xatırlamaq kifayətdir.
İrəvan siyasi çevrələrində Rusiya və ABŞ arasında oriyentasiya seçiminə son günlər Avropa Birliyi də əlavə olunub. Bu məsələ yenidən bütün kəskinliyi ilə qarşıya çıxıb, bunu əsəbi vurnuxma da adlandırmaq olar. Mediada bu üç yönün tərəfdarlarının mülahizələrinə sıx-sıx yer verilir. Hər xəttin tərəfdarlarının öz arqumentləri var, fəqət hamısı praktik deyil, nəzəri tutuma malikdir. Bunlara alternativ olan isə qonşular - ilk öncə Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdır, yalnız bu halda Ermənistan öz gələcək normal yaşamını təmin edə bilər. Fəqət "örkən nə qədər uzun olsa da, gəlib doğanaqdan" - siyasi iddialardan, böhtanlardan imtina edilməsindən, Dağlıq Qarabağ probleminin dincliklə həllinə razılaşmaqdan keçir ki, Ermənistan indiki vəziyyətində belə buna hazır deyildir. Zaman isə öz işindədir.

5 Mayıs 2009 Salı

TÜRKIYƏDƏ DƏHŞƏTLİ QƏTLİAM

Terrorçular 45 nəfəri güllələyiblər



Türkiyənin Mardin şəhərinin Mazıdağı qəsəbəsinə bağlı Bilgə kəndində dəhşətli cinayət hadisəsi baş verib. Kənddə keçirilən toy mərasiminə silahlı basqında 44 nəfər ölüb, 6 nəfər ağır yaralanıb. Ölənlərin çoxu qadın və uşaqlardır.

Basqın keçmiş kənd icra nümayəndəsi Cəmil Çələbinin qızının toyunda baş verib. Bəzi mənbələr hadisəni iki ailə arasındakı qan davasının nəticəsi kimi təqdim etsələr də, ekspertlər baş verənlərdə qorxulu siyasi elementlər olduğunu bildirirlər.

Türkiyə mediasının xəbərlərində bildirilir ki, jurnalistlər təhlükəsizlik mülahizələri ilə əraziyə buraxılmırlar.

Hadisədən dərhal sonra hakim AKP-nin rəhbərliyinin toplantısında olan baş nazir Ərdoğan daxili işlər naziri Bəşir Atalayı arayaraq, ondan ətraflı məlumat alıb.

Ölənlərin çoxunun qadın və uşaqlar olduğu bildirilir. Şahidlərin bildirdiyinə görə, 4-5 nəfər maskalı şəxs uzun lüləli avtomat silahlarla nikah mərasiminin keçirildiyi iki evi 15 dəqiqə ərzində atəşə tutub. Kənddə olan mühafizəçilər cavab atəşi açsalar da, hücumçular yaxınlıqdakı vadidə gözdən itiblər.

Ölənlərin 12 nəfəri Çələbi soyadını daşıyır.

Mazıdağı qəsəbəsinin icra nümayəndəsi Aytaç Akgül hadisənin terror olmadığını, canilərin axtarışının davam etdiyini açıqlayıb.

Məlumata görə, artıq nişan mərasiminə basqın edın 8 nəfər silahları ilə birlikdə tutulub. Onlar da qətlə yetirilənlərlə eyni soyadı daşıyırlar.

SENSASİON ŞAHİD İFADƏLƏRİ ƏLİMİZDƏ!!!

Qanli cinayət yerindən canlı reportaj
«Atışma zamanı ADNA-nın qarşısında qara «plyonka»lı iki «Jeep» dayanmışdı»



Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən hadisədən artıq 5 gün keçir. Bu müddət ərzində ali təhsil müəssisəsində dərslər dayandırılmışdı. Dünəndən ADNA-da dərslər bərpa edilib. Biz də ötən gün akademiyaya baş çəkdik və apardığımız araşdırmalar zamanı sensasion xəbərlər əldə etdik. ADNA-nın hadisə baş verən korpusunun qarşısında xeyli sayda insan vardı. Onların əksəriyyəti akademiyanın tələbələri idi. Korpusun qarşısında diğər ali təhsil müəssisələrinin də tələbələri vardı. Onlar tələbə həmkarlarının dərdini bölüşmək və həmrəylik nümayiş etdirmək üçün bura gəldiklərini bildirdilər.

Tələbələr həmrəylik nümayiş etdirirdilər

Biz orada olduğumuz müddətdə İqtisad Universitetinin, BDU-nun, Pedaqojı Universitetin tələbələrinin əllərində qərənfillər tutaraq faciə zamanı həlak olan şəxslərin xatirəsini yad etməyə gəlmələrinin şahidi olduq.
Qeyd edək ki, korpusun 1-ci mərtəbəsində faciə qurbanları ilə bağlı guşə düzəldilib. Həlak olan insanların şəkillərinin qarşısına tər qərənfillər düzülmüşdü.

Nadir Əliyevin dönərxanası başqa ərazidə olub!


Biz reportaja ilk öncə qanlı hadisəni törədən Fərda Qədirovun həmkəndlisi, cinayətin iştirakçısı kimi həbs olunan Nadir Əliyevin dönərxanasından başlamaq istədik. Düşünürdük ki, artıq oranın qapısı bağlı olar. Amma ADNA-nın 15 metrliyindəki dönərxana açıq idi! Bu bizi təəccübləndirsə də, sonradan hər şey aydınlaşdı. Dönərxananı işlədən oğlan və onun köməkçisi bir qədər əsəbi tonda «qardaş, vallah, billah, burada Nadir adlı adam olmayıb. Buranı neçə illərdir ki, biz işlədirik, özü də nə gürcüstanlıyıq, nə da başqa bir yerdən. Bakıda doğulmuşuq, bakılıyıq» deyə bildirdilər. Bəs Nadir Əliyevin burada dönərxana işlətməsi xəbəri haradan çıxa bilərdi? Bu suala bakılı qaqaşlar da cavab axtardıqlarını dedilər: «Hamı, hətta MTN əməkdaşları da gəlib bizimlə söhbət ediblər. Onlara da bəllidir ki, burada Nadir adlı adam olmayıb». Sonrakı araşdırmalarımız zamanı bəlli oldu ki, Nadir Əliyev doğrudan da dönərxana işlədib, amma ADNA-nın qarşısında deyil, «beşmərtəbə» adlanan ərazidə, Füzuli meydanının yaxınlığında.

Beləliklə, ortaya daha bir neçə sual çıxır. Nadir Əliyev hadisə baş verən gün o ərazidə nə axtarırmış ki, onu da saxlayıb sonradan buraxıblar? Əgər Nadir başqa yerdə işləyibsə və Fərda da onun yanına gedib-gəlirmişsə, bəs onda niyə hadisənin törədilməsi üçün ADNA seçilib? Bütün bunlar hamısı hələlik qaranlıq qalan suallardır.
Füzuli meydanı yaxınlığında, Topçubaşov küçəsi 49 ünvanında yerləşən dönərxanaya da baş çəkdik. Dönərxananın qapısı istintaq tərəfindən möhürlənmişdi. Yaxınlıqdakı mağazalardan öyrəndik ki, istintaqçılar orada axtarış apardıqdan sonra dönərxananı bağlayıblar.

Jurnalistləri ADNA-ya buraxmadılar



Ümid edirdik ki, bir jurnalist kimi təhsil müəssisəsinə daxil olub reportaj hazırlamağımıza, qatilin hərəkət trayektoriyasını müəyyənləşdirməyə bizə maneə yaradılmayacaq. Çünki şəhərdə gəzən sayiələrə son qoymağın ən yaxşı yolu baş verənləri, şahid ifadələrini ictimaiyyətə olduğu kimi təqdim etməkdir. Lakin korpusun giriş qapısında dayanmış gənc mühafizəçilər - onlar heç kimlikləri barədə də informasiya vermədilər - tələbələrdən başqa bir kimsənin içəri daxil olmasına qadağa qoyulduğunu dedilər. Jurnalist olduğumuzu dedikdə, Cavid müəllim adlı komendantı çağırdılar. Cavid müəllim bildirdi ki, içəri yalnız ADNA-nın rektorunun və ya prorektorun icazəsi ilə daxil olmaq mümkündür. Hadisə baş verən korpusdan reportaj hazırlamağımıza icazə almaq üçün rəhbərliyin yerləşdiyi binaya yollandıq. Lakin baş binanın komendantı prorektorlardan biri ilə əlaqə saxladıqdan sonra «artıq qəbul qurtarıb» (?) dedi və ondan başqa bir izahat almaq mümkün olmadı.

Tələbələr həbs olundu!



Baş binanın qarşısında olarkən diqqətimizi bir neçə şüar çəkdi: «Qanı gül bayramı ilə ört-basdır etməyin!» «Gül bayramı olmasın!» O da bəlli oldu ki, bu şüarı yazıb ADNA-nın qarşısına yapışdıran tələbələr polis tərəfindən həbs edilib. Onlar yaxınlıqdakı 22-ci polis bölməsinə aparılıblar. Bir qədər sonra isə onları inzibati qaydada cərimələyib buraxıblar. Biz ərazidə olarkən həmin şüar yazılan kağızı divardan sökürdülər.



Yeri gəlmişkən, bu ərazidə olarkən agrılı bir səhnənin də şahidi olduq. ADNA-nın qarşısında terror qurbanlarının qanı qurumamış, əraziyə tər-qərənfillər düzüldüyü halda, buradan 200-300 metr aralıdakı parkda Bakı Şəhər İcra Hakimiyyəti böyük həvəslə «gül bayramı» hazırlıqları aparırdı.



Bizə danışmamağı tapşırıblar

Baş binada rəhbərliklə görüşə bilmədikdə yenidən ADNA-nın Dilarə Əliyeva küçəsində yerləşən korpusunun qarşısına qayıtdıq və tələbələri, müəllimləri danışdırmağa cəhd etdik. İlk yaxınlaşdığımız tələbə jurnalist olduğumuzu bilincə səmimilik göstərib «bizə danışmağı qadağan ediblər, inciməyin, sonra başımız ağrıyar» deyib aralandı. Digər bir tələbə isə «sizi içəri ona görə buraxmadılar ki, hökumət qəzeti deyilsiniz. İçəri ancaq öz telekanallarını və qəzetlərini buraxırlar, tələbələrə də onlara danışmağa icazə verirlər. Sizdən əvvəl ATV-dən gəlmişdilər, içərini çəkdilər, bəzi tələbələri danışdırıb getdilər» - deyə, söylədi.
«Atəş səsləri gələndə ADNA-nın qarşısında iki qara «plyonka»lı «Jeep» dayanmışdı"
Buna baxmayaraq, korpusun qarşısında dayanıb müşahidələrimizi davam etdiririk. Tələbələrin danışmadığını gördükdə binadan çıxan müəllimlərə yaxınlaşdıq. ADNA-nın müəlliməsi Mahirə Axundova bizə hadisənin şahidi olduğunu və bildiklərini danışmaqdan çəkinmədiyini dedi: «Bu boyda faciə baş verib, niyə danışmamalıyıq? Mən hadisə baş verən gün ikinci mərtəbədə imtahan götürürdüm. İmtahan götürdüyümüz otağın pəncərəsi bu küçəyə baxır. Birdən bayırda atışma səsləri gəldi. Elə bidik ki, kimsə piston partladır. Pəncərədən baxanda gördük ki, yox, insanlar küçədə qaçışır. Akademiya ilə üzbəüz avtobus dayanacağındaki insanlar hamısı korpusa tərəf qaçmağa başladılar. Atəş səsləri içəridən də gəlməyə başladı. Hadisə zamanı gülləyə tuş gələnlərin bəziləri imtahana gecikənlər, 3 nəfər də imtahanı tez verib çıxanlardır. Yəni auditoriyada olanlar salamat qalıblar. Kim ki, koridorda olub, onlar güllələniblər. Birinci bizim tələbəmiz Müstafa Muhamməd akademiyanın qarşısında vurulub. Bir məqamı xüsusi qeyd edim, bu ifadəmin üstündə də dururam, biz ikinci mərtəbədən baxanda gördük ki, korpusun düz qarşısında qara rəngli, bütün şüşələri də plyonkalı iki dənə qara «Jeep» markalı maşın dayanıb. Onlar orada olanda artıq Mustafanı vurmuşdular. O maşınların bir dənə də şüşəsi aşağı endirilmədi, qapıları açılmadı. Nömrələri görə bilmədik, daha doğrusu, qarışıqılq düşdü, diqqət edə bilmədik. Yəni bu adamlar elə-belə, hadisəni görüb dayanmışdılarsa, düşüb yaralı Mustafaya kömək edərdilər, hadisə ilə maraqlanardılar. Heç nə etmədilər. Başqa bir tələbəmiz də qanın içərisində içəridən çölə qaçırdı. Biz hadisəni görüb qışqırmağa, polisə zəng etməyə başladıq. Polis də, təcili yardım da gec gəldi. Onlar gələnə qədər ərazidə olan insanlar Mustafanı taksi ilə hadisə yerindən götürüb xəstəxanaya apardılar. Bu anda mən bir məqamı da gördüm ki, bir hündürboylu oğlan korpusdan çıxdı və binanın qarşısında dayanan «Jeep»-lərdən birinə - qabaqda dayanana mindi. Dərhal da hər iki «Jeep» sürətlə ərazidən getdi. Bundan bir neçə saniyə sonra əraziyə birinci polis maşını gəldi. Otaqda olanda elə hiss etdik ki, atışma yuxarı mərtəbədədir. Bundan sonra biz koridora çıxdıq. Çıxandan bir neçə saniyə sonra düz koridorun başında bir tələbəmizi vurdular. Adını dəqiq bilmirəm, deyəsən Ruslan idi; arıq, balaca, çox gözəl bala idi. Onu yerdən mən qaldırdım. Qucağıma alanda gördüm ki, yıxıldığı yer al qanın içərisindədir. Uşaqlar onu alıb aşağı qaçırdılar. Auditoriya tərəfə gələndə gördüm ki, iş yoldaşımız Faiq Rüstəmbəyovu da vurublar, qapının ağzında yerə yıxılıb. Onda hələ atışma gedirdi, atəş səsləri artıq yuxarı mərtəbədən gəlirdi. Faiq müəllimi aşağı aparanda mən artıq dəhşətdən qışqırmağa başladım. Tələbələrdən kimsə dedi ki, aşağı qaçmayın, girin otaga. Bundan sonra atəş səsləri kəsildi, polislər içəri girdilər, ondan sonra demək olar ki, akademiyada heç kim qalmadı. Yaralıları və meyitləri apardılar, biz də səksəkə içərisində evə getdik. Neçə gündür özümə gələ bilmirəm. Həddən artıq qorxu içindəyik».

Şəfa Məmmədova da gülləyə tuş gəlibmiş

Mahirə müəllimə hadisə zamanı başına tapança dirənən, lakin xoşbəxtlikdən silahın açılmaması səbəbindən sağ qalan Vəfa Mahmudova ilə rəfiqə olduğunu dedi: «İndi onun danışmağa halı yoxdur, çünki bu gün xoşagəlməz bir hadisə baş verib. Universitetdə qətlə yetirilən 18 günün gəlini Şəfa Məmmədovanın qayınanası gəlib onunla mübahisə edib. Vəfa müəlliməyə deyib ki, niyə rəhmətlik Şəfanın özünü pəncərədən ataraq öldürdüyünü deyib. Vəfa müəllimə telekanallara verdiyi müsahibəsində demişdi ki, o da Şəfa Məmmədovanın pəncərədən özünü atdığını eşidibmiş, bunu şəxsən görməyib. Şəfanın qaynanası deyib ki, onun gəlini özünü atmayıb, güllə yarasından ölüb. Bilirsiz, burada hadisə günü elə bir qarışıqlıq yaranmışdı ki, kimin hansı şəraitdə ölməsi bilinmirdi. Söhbət var idi ki, Şəfa Məmmədova özünü qorxudan pəncərədən atıb. Biz də sonradan bilmişik ki, ona da güllə dəyib. Allah ona rəhmət eləsin. Görünür, qayınanası da Vəfa müəlliməni düz başa düşməyib. Vəfa müəllimə də aglayırdı, niyə belə təhqir edilib. İndi onu danışdırmaq məsləhət deyil».
Bu zaman Cavid müəllim Mahirə müəlliməyə yaxınlaşdı və dedi ki, rəhbərlik onun jurnalistlərə açıqlama verməsindən narahatdır. Və o, M.Axundovaya «deyirlər ki, çıxıb getsin, danışmasın» deyərək qolundan tutub onu jurnalistlərdən araladı...
Daha sonra bir-iki tələbəni danışdırmaq cəhdimiz də alınmadı. Cavid müəllim bizə yenidən yaxınlaşıb, içəri girməyimizin günahının onda olmadığını dedi. Ondan hadisə zamanı burada olub olmadığını soruşduqda, «əlbəttə, işdə olmuşam» dedi və daha sonra bir neçə sualımıza cavab verdi.

Komendant danışdı...

Komendant bildirdi ki, hadisədən bir neçə dəqiqə əvvəl əraziyə nəzarət edib və qatıqsatan qadının (mərhum Ayna) qapının ağzında dayandığını görüb: «O həftədə bir-iki dəfə bura gəlib bufetə qatıq verib gedirdi. Ona dedim ki, indi zəng vurulacaq, tələbələr çölə çıxacaqlar, qapının ağzından yükünü götürüb bufetə girsin. Bunu deyib mən binanın arxa tərəfinə - həyətə çıxdım. Qapıda isə yaşlı qapıçı qadın (Cavid müəllim onun adını demədi - müəllif.) dayanmışdı. Mən həyətə çıxandan bir necə dəqiqə sonra atəş səsləri gəldi. Dərhal içəri keçdim, gördüm ki, qatıqsatan qadın yerə yıxılıb. Qapıçıdan soruşdum nə olub, dedi, bir nəfər ata-ata qaçdı yuxarı. Dərhal birinci polisə, sonra təcili yardıma zəng etdim ki, bizi qırırlar. Hadisəni törədən bir nəfər olub. Ata-ata qalxıb yuxarı. Biz onu görmüşük yalnız».

«Elə bildim təkər partladı»

ADNA-nın 10 metrliyindəki qəzet köşkünün satıcısını da danışdırdıq. Satıcı adını deməsə də, gördüklərini danışdı: «Universitetin qarşısında partlayış səsi eşitdim. Əvvəl elə bildim ki, maşın təkəri partladı, bura yolun kənarıdır deyə, belə şeylər olur. Sonra gördüm ki, yox, atəş səsləridir, camaat qaçır, qışqırışır, kimsə başını tutub qaçır, tez köşkü bağlayıb qaçdım. Yaxınlıqda bir rəfiqəm olur, onlara getdim. Qalan hadisələri televizordan eşitdim».

Yaralıların vəziyyəti normallaşır

Ərazini tərk edib yaralılara baş çəkməyə yollandıq. Hadisə zamanı güllə yarası alanların hamısı hazırda 1 sayli klinik xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyəti agır olan və əməliyyat edilməsi nəzərdə tutulan yaralıların hər üçü - Kənan İsayev, Rəhman Axundov və İlkin Şirəliyev dünən əməliyyat olunublar. Cərrahiyə şöbəsinin tibb bacıları yaralıların 7-sinin - Elvin Cəmiyev, İlkin Şirəliyev, Elşən Mustafayev, Mustafa Muhamməd, Faiq Rüstəmbəyli, Kənan İsayev və Zemfira Hüseynlinin vəziyyətinin normal, Rəhman Axundovun isə səhhətinin agır olduğunu dedilər. Yaralı Kənan İsayevin anası Şərqiyyə İsayeva oğlunun vəziyyətinin normallaşdığıni dedi: «Əməliyyatdan sonra onu reanimasiyaya yerləşdiriblər. Hələ görüşməmişik, həkimlər icazə vermirlər. Amma deyirlər ki, səhhəti yaxşıdır».
İlkin Şirəliyevin anası da oğlunun əməliyyatdan sonra özünü normal hiss etdiyini dedi.
Xəstəxananın həyətində sudanlı tələbələri də gördük. Onlar rus dilində danışa bildiklərindən öyrəndik ki, Mustafa Muhammədin dostlarıdır. Neft Akademiyasında təhsil alan və hazırda bu təhsil ocağının mağistri olmaq istəyən Əhməd Bəkir «Mustafanı Allah qoruyub» deyə bildirdi: «Biz özümüz hadisəni görməmişik. Eşitdik ki, Mustafa orada yaralanıb, gəldik xəstəxanaya. Mustafanın özü ilə də görüşə bilməmişik deyə, nə baş verməsindən xəbərimiz yoxdur».

«Atamla baglı belə xəbər gözləmirdik»

Daha sonra hadisə zamanı qətlə yetirilmız ADNA-nın professoru Ramiz Abdullayevin yas məclisinə yollandıq. Mərhumun üçü dünən olub və yas mağarı sökülüb. Bu səbəbdən başsağlığına gələnləri mərhumun evində qəbul edirdilər. Ramiz müəllimin oğlu Elşad Abdullayev dedi ki, hadisə baş verən gün o, Azərbaycanda olmayıb: «Mən Ukraynada idim, qardaşım mənə zəng edib bu faciənin baş verdiyini dedi. Mən atamın dəfninə gəlib çatdım. Atam iki dəfə infarkt keçirmişdi deyə, biz ondan hər zaman narahat olmuşuq. Amma belə bir xəbər eşidəcəyimiz ağlımıza da gəlməzdi. Qisməti beləymiş. Onun atası da İkinci Dünya müharibəsinə gedib, geri qayıtmayıb. Atam institutda hər zaman təlim-tərbiyə işlərinə ciddi idi. Yəqin indi də səs-küy eşidib çölə çıxıb ki, sakitlik yaratsın, ona da güllə dəyib».
Ramiz müəllim ömrünün 45 ilini elmin inkişafına həsr edib. 25 yaşında Neft və Kimya İnstitutunu (indiki ADNA) bitirib və elə orada da müəllim işləməyə başlayıb. Onun bütün həyatı bu akademiya ilə bağlıdır. O, elmlər doktoru olmaqla yanaşı, YUNESKO-nun fəxri doktoru olub. Elşad Abdullayev dedi ki, atasının evdə yarımçıq qalan metodik yazıları var: «Onların üzərində xeyli müddətdir işləyirdi. Onlar akademiya üçün lazımlı materiallardır. Bu əlyazmaları aparıb akademiyaya təhvil verəcəm, gələcək nəsillər onun zəhmətindən bəhrələnsinlər».
Hadisələrin inkişafını başqa yazılarımızdan izləyə bilərsiniz.


«Yeni Musavat»ın reportyor qrupu

ERMƏNİSTAN RUSİYANIN DAHA BİR TƏZYİQİNƏ BAŞ ƏYDİ

Ermənistan NATO-nun Gürcüstandakı hərbi təlimlərinə qatılmayacaq. Məlumatı “Reqnum” agentliyi Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadla yayıb.

Beləliklə, təlimlərə bir gün qalmış Ermənistan hakimiyyəti Rusiyadan çəkinərək əsgər və zabitlərini qonşu dövlətə göndərməmək qərarına gəlib. Bundan öncə Qazaxıstan, Moldova və Serbiya da NATO-nun Gürcüstandakı hərbi təlimlərinə qatılmaqdan imtina etmişdi.

Ermənistan qəzetlərinin bugünkü sayında Yerevanın Gürcüstandakı təlimlərdən imtinası NATO-nun baş katibi Yaap de Hoop Sxefferin Brüsseldə İlham Əliyevlə görüşü zamanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən fikirlər söyləməsi ilə əlaqələndirilib.

Ancaq “Media forum” saytı xəbər verir ki, bu, bəhanədir, oxşar fikirlər İlham Əliyevin Brüsseldəki görüşündən öncə də səslənirdi. Sxefferin açıqlaması olmasaydı da, Ermənistan Gürcüstandakı təlimlərdən imtina edəcəkdi.

Ermənistan açıq-aşkar Moskvanın qınağından çəkinib. Çünki Rusiya prezidenti Dmitri Medvedyev NATO-nun Gürcüstanda keçirmək istədiyi təlimləri pisləməklə yanaşı, digər dövlətləri də diqqətli olmağa çağırıb. Rusiya Dövlət Dumasındakı çıxışlarda da “Rusiyanın strateji müttəfiqi olan Ermənistan niyə düşmənlərimizin təlimlərinə qatılır” sualı gündəmə gətirilmişdi.

Ermənistan qərarını verdi, sözdə Avropa qurumlarıyla daha sıx əməkdaşlıqdan danışan Yerevan əməldə kimin əmrləri əsasında hərəkət etdiyini bir daha büruzə verdi.




«Media forum»

İRANDA PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN QEYDİYYATA ALINMASINA BAŞLANDI. GÖZLƏNİLMƏZ NAMİZƏDLƏR ORTAYA ÇIXIB



Mayın 5-dən İranda növbəti prezident seçkisində namizədliyini irəli sürmək istəyənlərin rəsmi qeydiyyata alınmasına başlanıb.

“Media forum” saytı xəbər verir ki, qeydiyyata alınmanın elə ilk günündə ölkənin müxtəlif şəhər və kəndlərindən onlarla adam Daxili İşlər Nazirliyinin seçki qərargahına (namizədlər burda qeydiyyata alınır) müraciət edib.

Seçki qərargahına müraciət edənlər sənədlərini təqdim edəndən sonra jurnalistlərə müsahibələr verərək prezident seçiləcəkləri təqdirdə ölkə üçün görəcəkləri işlərdən danışıblar.

Namizədliyinin qeydiyyata alınması üçün müraciət edənlər arasında jurnalistlərin ən çox marağına səbəb olan başına panama qoymuş Şəhram adlı gənc olub. Namizədliyini irəli sürməsinin səbəbini jurnalistlərə təsbeh çevirə-çevirə açıqlayan Şəhram prezident seçiləcəyi təqdirdə bir sıra məsələdə hazırkı prezident Mahmud Əhmədinejadla əməkdaşlıq edəcəyini deyib: “Bura gəlib çatana qədər dörd nəfərlə dalaşmışam. Ayağınızın altının torpağıyam. Namizəd olmaq istəməyimin səbəbi barədə təkcə onu deyə bilərəm ki, heç kəs başqasından üstün deyil, insan təkcə əməli ilə başqasından üstün ola bilər. Kasıb təbəqəyə diqqət artırılmalıdır. Mən çalışacam ki, ölkədə yoxsul olmasın. Fars körfəzi də yalnız farsdillilərə məxsusdur. İnşallah ümid edirəm ki, cənab Əhmədinejadla birlikdə Fars körfəzi ilə bağlı bir sıra tədbirlər görəcəyik”.

İran Daxili İşlər Nazirliyinin seçki qərargahında prezidentliyə namizədlərin qeydiyyata alınması hər gün səhər saat 8-dən günorta saat 4-ə qədər aparılır. Proses mayın 9-na qədər davam edəcək.

İranda prezident seçkisi iyunun 12-də keçiriləcək.

İrandan Azərbaycana narkotik gətirən 3 qrup zərərsizləşdirilib

MTN-in keçirdiyi əməliyyat nəticəsində qrup üzvlərindən 56 kq narkotik götürülüb



Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan üç qrup ifşa olunaraq zərərsizləşdirilib.





MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a bildirilib ki, onlardan 56 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.





Belə ki, Astara rayon sakinləri – Pərviz Əliyev, İlham Səmədov və Asəf Qasımov, Bərdə rayon sakinləri - Asəf Əzimov və Saleh Məmmədov, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.





Məlum olub ki, yuxarıda adları çəkilən şəxslər arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdikləri narkotiki Pərviz Əliyev və İlham Səmədov Xəzər akvatoriyasının Astara rayonu ərazisi istiqamətində onlardan qəbul edib və Asəf Qasımovla birlikdə sahildə gizlədiblər. Pərviz Əliyevin tapşırığı ilə İlham Səmədov və Asəf Qasımov həmin narkotik vasitələri Astara rayonunun Kələdəhnə kəndində Asif Əzimov və Saleh Məmmədova təhvil verib və onlar da narkotikləri gəldikləri “Mercedes” markalı avtomobilə yükləyiblər.



Bundan sonra Asəf Əzimov və Saleh Məmmədov həmin narkotikləri əvvəlcədən Astara rayonunun çıxacağında saxladıqları “BMW-X5” markalı avtomaşında gizlətmişlər. Sonra Asəf Əzimov “BMW-X5”, Saleh Məmmədov isə “Mercedes” markalı avtomobillərdə Bərdə rayonu istiqamətində hərəkət edərkən, Lənkəran şəhərində MTN əməkdaşları tərəfindən saxlanılıblar. Keçirilən baxış zamanı “BMW-X5” markalı avtomaşında gizlədilmiş 40 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb.





MTN tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Astara rayon sakinləri - Ağagül Abbasquliyev, Alim Abbasov və Sumqayıt şəhər sakini Kamal Əliyev saxlanılmış, onlardan 4 kiloqrama yaxın heroin aşkar olunaraq götürülüb.





Müəyyənləşdirilib ki, yuxarıda adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Ağagül Abbasquliyevin tapşırığı ilə Alim Həsənov İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdikləri həmin narkotiki Astara rayonunun Pəlikeş kəndinin ərazisində onlardan qəbul edib meşədə gizlədib. Sonra Ağagül Abbasquliyev Alim Həsənova narkotik vasitəni Sumqayıt şəhərinə aparmağı tapşırıb, bunun müqabilində ona 8 min ABŞ dolları veriləcəyini vəd etmiş və sonuncu bununla razılaşıb.





Bundan sonra Alim Həsənov narkotik vasitələri idman çantasında Bakı şəhərinə gətirib və Kamal Əliyevlə Sumqayıt şəhərinin girəcəyində görüşmək barədə razılaşıblar. Alim Həsənov Kamal Əliyevin təlimatına əsasən taksi maşınında Sumqayıta gəlib və onlar burada görüşən zaman Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı onlardan 4 kiloqrama yaxın narkotik vasitə olan heroin, Kamal Əliyevdən isə Alim Həsənova vəd olunan 8 min ABŞ dolları məbləğində pul aşkarlanaraq götürülüb.





MTN tərəfindən keçirilən daha bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Yardımlı rayon sakinləri - Məlik Bəşirov, onun qardaşı Fəxrəddin Bəşirov, Zəkulla Cəfərov və İslam Əkbərov da saxlanılmış, onlardan 12 kiloqramdan artıq narkotik vasitələr – heroin, həşiş və tiryək aşkar olunaraq götürülüb.





Məlum olub ki, yuxarıda adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.





Hər üç faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işləri başlanılıb.





Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.