azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

5 Mayıs 2009 Salı

SENSASİON ŞAHİD İFADƏLƏRİ ƏLİMİZDƏ!!!

Qanli cinayət yerindən canlı reportaj
«Atışma zamanı ADNA-nın qarşısında qara «plyonka»lı iki «Jeep» dayanmışdı»



Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən hadisədən artıq 5 gün keçir. Bu müddət ərzində ali təhsil müəssisəsində dərslər dayandırılmışdı. Dünəndən ADNA-da dərslər bərpa edilib. Biz də ötən gün akademiyaya baş çəkdik və apardığımız araşdırmalar zamanı sensasion xəbərlər əldə etdik. ADNA-nın hadisə baş verən korpusunun qarşısında xeyli sayda insan vardı. Onların əksəriyyəti akademiyanın tələbələri idi. Korpusun qarşısında diğər ali təhsil müəssisələrinin də tələbələri vardı. Onlar tələbə həmkarlarının dərdini bölüşmək və həmrəylik nümayiş etdirmək üçün bura gəldiklərini bildirdilər.

Tələbələr həmrəylik nümayiş etdirirdilər

Biz orada olduğumuz müddətdə İqtisad Universitetinin, BDU-nun, Pedaqojı Universitetin tələbələrinin əllərində qərənfillər tutaraq faciə zamanı həlak olan şəxslərin xatirəsini yad etməyə gəlmələrinin şahidi olduq.
Qeyd edək ki, korpusun 1-ci mərtəbəsində faciə qurbanları ilə bağlı guşə düzəldilib. Həlak olan insanların şəkillərinin qarşısına tər qərənfillər düzülmüşdü.

Nadir Əliyevin dönərxanası başqa ərazidə olub!


Biz reportaja ilk öncə qanlı hadisəni törədən Fərda Qədirovun həmkəndlisi, cinayətin iştirakçısı kimi həbs olunan Nadir Əliyevin dönərxanasından başlamaq istədik. Düşünürdük ki, artıq oranın qapısı bağlı olar. Amma ADNA-nın 15 metrliyindəki dönərxana açıq idi! Bu bizi təəccübləndirsə də, sonradan hər şey aydınlaşdı. Dönərxananı işlədən oğlan və onun köməkçisi bir qədər əsəbi tonda «qardaş, vallah, billah, burada Nadir adlı adam olmayıb. Buranı neçə illərdir ki, biz işlədirik, özü də nə gürcüstanlıyıq, nə da başqa bir yerdən. Bakıda doğulmuşuq, bakılıyıq» deyə bildirdilər. Bəs Nadir Əliyevin burada dönərxana işlətməsi xəbəri haradan çıxa bilərdi? Bu suala bakılı qaqaşlar da cavab axtardıqlarını dedilər: «Hamı, hətta MTN əməkdaşları da gəlib bizimlə söhbət ediblər. Onlara da bəllidir ki, burada Nadir adlı adam olmayıb». Sonrakı araşdırmalarımız zamanı bəlli oldu ki, Nadir Əliyev doğrudan da dönərxana işlədib, amma ADNA-nın qarşısında deyil, «beşmərtəbə» adlanan ərazidə, Füzuli meydanının yaxınlığında.

Beləliklə, ortaya daha bir neçə sual çıxır. Nadir Əliyev hadisə baş verən gün o ərazidə nə axtarırmış ki, onu da saxlayıb sonradan buraxıblar? Əgər Nadir başqa yerdə işləyibsə və Fərda da onun yanına gedib-gəlirmişsə, bəs onda niyə hadisənin törədilməsi üçün ADNA seçilib? Bütün bunlar hamısı hələlik qaranlıq qalan suallardır.
Füzuli meydanı yaxınlığında, Topçubaşov küçəsi 49 ünvanında yerləşən dönərxanaya da baş çəkdik. Dönərxananın qapısı istintaq tərəfindən möhürlənmişdi. Yaxınlıqdakı mağazalardan öyrəndik ki, istintaqçılar orada axtarış apardıqdan sonra dönərxananı bağlayıblar.

Jurnalistləri ADNA-ya buraxmadılar



Ümid edirdik ki, bir jurnalist kimi təhsil müəssisəsinə daxil olub reportaj hazırlamağımıza, qatilin hərəkət trayektoriyasını müəyyənləşdirməyə bizə maneə yaradılmayacaq. Çünki şəhərdə gəzən sayiələrə son qoymağın ən yaxşı yolu baş verənləri, şahid ifadələrini ictimaiyyətə olduğu kimi təqdim etməkdir. Lakin korpusun giriş qapısında dayanmış gənc mühafizəçilər - onlar heç kimlikləri barədə də informasiya vermədilər - tələbələrdən başqa bir kimsənin içəri daxil olmasına qadağa qoyulduğunu dedilər. Jurnalist olduğumuzu dedikdə, Cavid müəllim adlı komendantı çağırdılar. Cavid müəllim bildirdi ki, içəri yalnız ADNA-nın rektorunun və ya prorektorun icazəsi ilə daxil olmaq mümkündür. Hadisə baş verən korpusdan reportaj hazırlamağımıza icazə almaq üçün rəhbərliyin yerləşdiyi binaya yollandıq. Lakin baş binanın komendantı prorektorlardan biri ilə əlaqə saxladıqdan sonra «artıq qəbul qurtarıb» (?) dedi və ondan başqa bir izahat almaq mümkün olmadı.

Tələbələr həbs olundu!



Baş binanın qarşısında olarkən diqqətimizi bir neçə şüar çəkdi: «Qanı gül bayramı ilə ört-basdır etməyin!» «Gül bayramı olmasın!» O da bəlli oldu ki, bu şüarı yazıb ADNA-nın qarşısına yapışdıran tələbələr polis tərəfindən həbs edilib. Onlar yaxınlıqdakı 22-ci polis bölməsinə aparılıblar. Bir qədər sonra isə onları inzibati qaydada cərimələyib buraxıblar. Biz ərazidə olarkən həmin şüar yazılan kağızı divardan sökürdülər.



Yeri gəlmişkən, bu ərazidə olarkən agrılı bir səhnənin də şahidi olduq. ADNA-nın qarşısında terror qurbanlarının qanı qurumamış, əraziyə tər-qərənfillər düzüldüyü halda, buradan 200-300 metr aralıdakı parkda Bakı Şəhər İcra Hakimiyyəti böyük həvəslə «gül bayramı» hazırlıqları aparırdı.



Bizə danışmamağı tapşırıblar

Baş binada rəhbərliklə görüşə bilmədikdə yenidən ADNA-nın Dilarə Əliyeva küçəsində yerləşən korpusunun qarşısına qayıtdıq və tələbələri, müəllimləri danışdırmağa cəhd etdik. İlk yaxınlaşdığımız tələbə jurnalist olduğumuzu bilincə səmimilik göstərib «bizə danışmağı qadağan ediblər, inciməyin, sonra başımız ağrıyar» deyib aralandı. Digər bir tələbə isə «sizi içəri ona görə buraxmadılar ki, hökumət qəzeti deyilsiniz. İçəri ancaq öz telekanallarını və qəzetlərini buraxırlar, tələbələrə də onlara danışmağa icazə verirlər. Sizdən əvvəl ATV-dən gəlmişdilər, içərini çəkdilər, bəzi tələbələri danışdırıb getdilər» - deyə, söylədi.
«Atəş səsləri gələndə ADNA-nın qarşısında iki qara «plyonka»lı «Jeep» dayanmışdı"
Buna baxmayaraq, korpusun qarşısında dayanıb müşahidələrimizi davam etdiririk. Tələbələrin danışmadığını gördükdə binadan çıxan müəllimlərə yaxınlaşdıq. ADNA-nın müəlliməsi Mahirə Axundova bizə hadisənin şahidi olduğunu və bildiklərini danışmaqdan çəkinmədiyini dedi: «Bu boyda faciə baş verib, niyə danışmamalıyıq? Mən hadisə baş verən gün ikinci mərtəbədə imtahan götürürdüm. İmtahan götürdüyümüz otağın pəncərəsi bu küçəyə baxır. Birdən bayırda atışma səsləri gəldi. Elə bidik ki, kimsə piston partladır. Pəncərədən baxanda gördük ki, yox, insanlar küçədə qaçışır. Akademiya ilə üzbəüz avtobus dayanacağındaki insanlar hamısı korpusa tərəf qaçmağa başladılar. Atəş səsləri içəridən də gəlməyə başladı. Hadisə zamanı gülləyə tuş gələnlərin bəziləri imtahana gecikənlər, 3 nəfər də imtahanı tez verib çıxanlardır. Yəni auditoriyada olanlar salamat qalıblar. Kim ki, koridorda olub, onlar güllələniblər. Birinci bizim tələbəmiz Müstafa Muhamməd akademiyanın qarşısında vurulub. Bir məqamı xüsusi qeyd edim, bu ifadəmin üstündə də dururam, biz ikinci mərtəbədən baxanda gördük ki, korpusun düz qarşısında qara rəngli, bütün şüşələri də plyonkalı iki dənə qara «Jeep» markalı maşın dayanıb. Onlar orada olanda artıq Mustafanı vurmuşdular. O maşınların bir dənə də şüşəsi aşağı endirilmədi, qapıları açılmadı. Nömrələri görə bilmədik, daha doğrusu, qarışıqılq düşdü, diqqət edə bilmədik. Yəni bu adamlar elə-belə, hadisəni görüb dayanmışdılarsa, düşüb yaralı Mustafaya kömək edərdilər, hadisə ilə maraqlanardılar. Heç nə etmədilər. Başqa bir tələbəmiz də qanın içərisində içəridən çölə qaçırdı. Biz hadisəni görüb qışqırmağa, polisə zəng etməyə başladıq. Polis də, təcili yardım da gec gəldi. Onlar gələnə qədər ərazidə olan insanlar Mustafanı taksi ilə hadisə yerindən götürüb xəstəxanaya apardılar. Bu anda mən bir məqamı da gördüm ki, bir hündürboylu oğlan korpusdan çıxdı və binanın qarşısında dayanan «Jeep»-lərdən birinə - qabaqda dayanana mindi. Dərhal da hər iki «Jeep» sürətlə ərazidən getdi. Bundan bir neçə saniyə sonra əraziyə birinci polis maşını gəldi. Otaqda olanda elə hiss etdik ki, atışma yuxarı mərtəbədədir. Bundan sonra biz koridora çıxdıq. Çıxandan bir neçə saniyə sonra düz koridorun başında bir tələbəmizi vurdular. Adını dəqiq bilmirəm, deyəsən Ruslan idi; arıq, balaca, çox gözəl bala idi. Onu yerdən mən qaldırdım. Qucağıma alanda gördüm ki, yıxıldığı yer al qanın içərisindədir. Uşaqlar onu alıb aşağı qaçırdılar. Auditoriya tərəfə gələndə gördüm ki, iş yoldaşımız Faiq Rüstəmbəyovu da vurublar, qapının ağzında yerə yıxılıb. Onda hələ atışma gedirdi, atəş səsləri artıq yuxarı mərtəbədən gəlirdi. Faiq müəllimi aşağı aparanda mən artıq dəhşətdən qışqırmağa başladım. Tələbələrdən kimsə dedi ki, aşağı qaçmayın, girin otaga. Bundan sonra atəş səsləri kəsildi, polislər içəri girdilər, ondan sonra demək olar ki, akademiyada heç kim qalmadı. Yaralıları və meyitləri apardılar, biz də səksəkə içərisində evə getdik. Neçə gündür özümə gələ bilmirəm. Həddən artıq qorxu içindəyik».

Şəfa Məmmədova da gülləyə tuş gəlibmiş

Mahirə müəllimə hadisə zamanı başına tapança dirənən, lakin xoşbəxtlikdən silahın açılmaması səbəbindən sağ qalan Vəfa Mahmudova ilə rəfiqə olduğunu dedi: «İndi onun danışmağa halı yoxdur, çünki bu gün xoşagəlməz bir hadisə baş verib. Universitetdə qətlə yetirilən 18 günün gəlini Şəfa Məmmədovanın qayınanası gəlib onunla mübahisə edib. Vəfa müəlliməyə deyib ki, niyə rəhmətlik Şəfanın özünü pəncərədən ataraq öldürdüyünü deyib. Vəfa müəllimə telekanallara verdiyi müsahibəsində demişdi ki, o da Şəfa Məmmədovanın pəncərədən özünü atdığını eşidibmiş, bunu şəxsən görməyib. Şəfanın qaynanası deyib ki, onun gəlini özünü atmayıb, güllə yarasından ölüb. Bilirsiz, burada hadisə günü elə bir qarışıqlıq yaranmışdı ki, kimin hansı şəraitdə ölməsi bilinmirdi. Söhbət var idi ki, Şəfa Məmmədova özünü qorxudan pəncərədən atıb. Biz də sonradan bilmişik ki, ona da güllə dəyib. Allah ona rəhmət eləsin. Görünür, qayınanası da Vəfa müəlliməni düz başa düşməyib. Vəfa müəllimə də aglayırdı, niyə belə təhqir edilib. İndi onu danışdırmaq məsləhət deyil».
Bu zaman Cavid müəllim Mahirə müəlliməyə yaxınlaşdı və dedi ki, rəhbərlik onun jurnalistlərə açıqlama verməsindən narahatdır. Və o, M.Axundovaya «deyirlər ki, çıxıb getsin, danışmasın» deyərək qolundan tutub onu jurnalistlərdən araladı...
Daha sonra bir-iki tələbəni danışdırmaq cəhdimiz də alınmadı. Cavid müəllim bizə yenidən yaxınlaşıb, içəri girməyimizin günahının onda olmadığını dedi. Ondan hadisə zamanı burada olub olmadığını soruşduqda, «əlbəttə, işdə olmuşam» dedi və daha sonra bir neçə sualımıza cavab verdi.

Komendant danışdı...

Komendant bildirdi ki, hadisədən bir neçə dəqiqə əvvəl əraziyə nəzarət edib və qatıqsatan qadının (mərhum Ayna) qapının ağzında dayandığını görüb: «O həftədə bir-iki dəfə bura gəlib bufetə qatıq verib gedirdi. Ona dedim ki, indi zəng vurulacaq, tələbələr çölə çıxacaqlar, qapının ağzından yükünü götürüb bufetə girsin. Bunu deyib mən binanın arxa tərəfinə - həyətə çıxdım. Qapıda isə yaşlı qapıçı qadın (Cavid müəllim onun adını demədi - müəllif.) dayanmışdı. Mən həyətə çıxandan bir necə dəqiqə sonra atəş səsləri gəldi. Dərhal içəri keçdim, gördüm ki, qatıqsatan qadın yerə yıxılıb. Qapıçıdan soruşdum nə olub, dedi, bir nəfər ata-ata qaçdı yuxarı. Dərhal birinci polisə, sonra təcili yardıma zəng etdim ki, bizi qırırlar. Hadisəni törədən bir nəfər olub. Ata-ata qalxıb yuxarı. Biz onu görmüşük yalnız».

«Elə bildim təkər partladı»

ADNA-nın 10 metrliyindəki qəzet köşkünün satıcısını da danışdırdıq. Satıcı adını deməsə də, gördüklərini danışdı: «Universitetin qarşısında partlayış səsi eşitdim. Əvvəl elə bildim ki, maşın təkəri partladı, bura yolun kənarıdır deyə, belə şeylər olur. Sonra gördüm ki, yox, atəş səsləridir, camaat qaçır, qışqırışır, kimsə başını tutub qaçır, tez köşkü bağlayıb qaçdım. Yaxınlıqda bir rəfiqəm olur, onlara getdim. Qalan hadisələri televizordan eşitdim».

Yaralıların vəziyyəti normallaşır

Ərazini tərk edib yaralılara baş çəkməyə yollandıq. Hadisə zamanı güllə yarası alanların hamısı hazırda 1 sayli klinik xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyəti agır olan və əməliyyat edilməsi nəzərdə tutulan yaralıların hər üçü - Kənan İsayev, Rəhman Axundov və İlkin Şirəliyev dünən əməliyyat olunublar. Cərrahiyə şöbəsinin tibb bacıları yaralıların 7-sinin - Elvin Cəmiyev, İlkin Şirəliyev, Elşən Mustafayev, Mustafa Muhamməd, Faiq Rüstəmbəyli, Kənan İsayev və Zemfira Hüseynlinin vəziyyətinin normal, Rəhman Axundovun isə səhhətinin agır olduğunu dedilər. Yaralı Kənan İsayevin anası Şərqiyyə İsayeva oğlunun vəziyyətinin normallaşdığıni dedi: «Əməliyyatdan sonra onu reanimasiyaya yerləşdiriblər. Hələ görüşməmişik, həkimlər icazə vermirlər. Amma deyirlər ki, səhhəti yaxşıdır».
İlkin Şirəliyevin anası da oğlunun əməliyyatdan sonra özünü normal hiss etdiyini dedi.
Xəstəxananın həyətində sudanlı tələbələri də gördük. Onlar rus dilində danışa bildiklərindən öyrəndik ki, Mustafa Muhammədin dostlarıdır. Neft Akademiyasında təhsil alan və hazırda bu təhsil ocağının mağistri olmaq istəyən Əhməd Bəkir «Mustafanı Allah qoruyub» deyə bildirdi: «Biz özümüz hadisəni görməmişik. Eşitdik ki, Mustafa orada yaralanıb, gəldik xəstəxanaya. Mustafanın özü ilə də görüşə bilməmişik deyə, nə baş verməsindən xəbərimiz yoxdur».

«Atamla baglı belə xəbər gözləmirdik»

Daha sonra hadisə zamanı qətlə yetirilmız ADNA-nın professoru Ramiz Abdullayevin yas məclisinə yollandıq. Mərhumun üçü dünən olub və yas mağarı sökülüb. Bu səbəbdən başsağlığına gələnləri mərhumun evində qəbul edirdilər. Ramiz müəllimin oğlu Elşad Abdullayev dedi ki, hadisə baş verən gün o, Azərbaycanda olmayıb: «Mən Ukraynada idim, qardaşım mənə zəng edib bu faciənin baş verdiyini dedi. Mən atamın dəfninə gəlib çatdım. Atam iki dəfə infarkt keçirmişdi deyə, biz ondan hər zaman narahat olmuşuq. Amma belə bir xəbər eşidəcəyimiz ağlımıza da gəlməzdi. Qisməti beləymiş. Onun atası da İkinci Dünya müharibəsinə gedib, geri qayıtmayıb. Atam institutda hər zaman təlim-tərbiyə işlərinə ciddi idi. Yəqin indi də səs-küy eşidib çölə çıxıb ki, sakitlik yaratsın, ona da güllə dəyib».
Ramiz müəllim ömrünün 45 ilini elmin inkişafına həsr edib. 25 yaşında Neft və Kimya İnstitutunu (indiki ADNA) bitirib və elə orada da müəllim işləməyə başlayıb. Onun bütün həyatı bu akademiya ilə bağlıdır. O, elmlər doktoru olmaqla yanaşı, YUNESKO-nun fəxri doktoru olub. Elşad Abdullayev dedi ki, atasının evdə yarımçıq qalan metodik yazıları var: «Onların üzərində xeyli müddətdir işləyirdi. Onlar akademiya üçün lazımlı materiallardır. Bu əlyazmaları aparıb akademiyaya təhvil verəcəm, gələcək nəsillər onun zəhmətindən bəhrələnsinlər».
Hadisələrin inkişafını başqa yazılarımızdan izləyə bilərsiniz.


«Yeni Musavat»ın reportyor qrupu

Hiç yorum yok: