azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

6 Mayıs 2009 Çarşamba

ERMƏNİSTAN VƏ DAĞLIQ QARABAĞDA QORXU VƏ NARAHATLIQ

Türkiyə ilə sərhədin açılma ehtimalı və Qarabağ münaqişəsinin həll perspektivi qarşısında bu duyğu çoxlarını sarmışdır


İsmayıl UMUDLU


Ermənistan və Dağlıq Qarabağda son günlər bir qorxu və narahatlıq hakimdir. Türkiyə ilə sərhədin açılma ehtimalı və Qarabağ münaqişəsinin həll perspektivi qarşısında bu duyğu çoxlarını sarmışdır - Ermənistan siyasi spektrini və Qarabağdakı separatçı güruhu təmsil edən şəxslərin açıqlamalarındakı notlar, onların sətiraltı mənaları bunu aydın göstərir. Bu qorxu və narahatlıq indiyədək izlənmiş siyasətin iflasından (bu, hələ açıq etiraf olunmasa da) qaynaqlandığı da gözdən qaçmır.
Söz deyən hər kəsin baş verənləri anlamağa çalışarkən zora düşdükləri bir açıqdır. Son iyirmi ildə (az müddət deyil) siyasi iqlimi müəyyənləşdirmiş şəxslərin indi qaçılması mümkün olmayan yeni gerçəklik qarşısında zora düşdükləri təbiidir və bunu anlamaq çətin deyil. Az bir zaman içərisində dəyişmək və yeni şəraitə transfer olmaq özlüyündə ağır siyasi-psixoloji məsələdir. Siyasi iqlimi müəyyənləşdirənlərin açıqlamalarında qorxu və narahatlıqla yanaşı, "dəvədən yıxılıb, lök-lökündən qalmır" da var, özünə təskinlik də, yekəxanalıq da, söz oynatma da, ümid və ümidsizlik də, məyusluq da var.

QALDI BİR DƏ GƏLƏN İLƏ

Builki 24 aprel də ermənilərə gözlədiklərini vermədi. Həm Ermənistanın, həm də mütəşəkkil erməni diasporunun siyasətindəki aparıcı bənd - "soyqırım"ın Vaşinqton tərəfindən rəsmən tanınması - açıq bir iflasla üzləşdi. Prezident Barak Obama ermənilərin arzu etdikləri və özünün dəfələrcə söz verdiyi (özü də yazılı!) "soyqırım" kəlməsini işlətmədi. Ermənilər dünyanın gözü qarşısında növbəti dəfə "aldadılmış" duruma düşdülər. Bu vəziyyətə düşəcəklərini ağlı özündə olan hər bir erməni öncədən də bilirdi və belə də oldu. Fəqət neçə illərdən bəri təkrarlanan bu durum onlara dərs olmur. Bu dəfə də olmadı. Məsələn, bu son olaydan sonra erməni toplumuna təlqin olunur ki, eyb etməz, gələn il soyqırımın "dəyirmi" ildönümüdür - 95 illik gəlir və o gün Barak Obama budəfəkindən sərt məzmunlu bir bəyanata imza atacaq, başqa sözlə, məhz "genosid" sözünü işlədəcək.
İş bununla bitmədi. Erməni çevrələrə daha bir dərs Ohayo ştatında verildi və bu dərslərin ardının gələcəyi də tamamilə gözləniləndir. Amerika tarixində ilk dəfə olaraq bir konqresmen - Cin Şmidt (Yean Schmidt) "mənim tarix bilgimə görə, buna "soyqırım" deyilə bilməz, bunlar faciəli olaylardır" dedi və "soyqırım" iddialarını qəbul etmədiyi üzündən barəsində söylədikləri ittihamlara görə erməniləri məhkəməyə verdi.
İndiyədək konqresdə növbənöv "erməni qətnamələri"nə səs verməmiş olan Cin Şmidt dedi ki, Amerikada və dünyada çox sayda tarixçi bunun "soyqırım" olmadığını söyləyir, mövzu mübahisəlidir, odur ki, olayı ABŞ Konqresi deyil, müstəqil bir beynəlxalq komissiya həll etməlidir. İş burasındadır ki, xanım Cin Şmidt Ohayo ştatında 2-ci bölgədən konqres üzvlüyünə namizəddir, seçki noyabrın 4-də keçiriləcək və onun rəqibi David Krikoryan adlı bir ermənidir. Bu erməni öz siyasi rəqibini şantaj edib ki, "Cin Şmidt türklərdən soyqırımı inkar etməsi müqabilində 30 min dollar pul almışdır". Fəqət şantaj təsirsiz qalıb və indi Krikoryan öz siyasi rəqibinə qarşı yolverilməz üsuldan istifadə etdiyinə görə özünü məhkəmə qarşısında müdafiə etməli, öz əsassız iddiasını sübut etməlidir. Bu sayaq şantaj nömrələri Amerikada heç də hər zaman yerimir.

ARAVURMA SİYASƏTİ BOŞA ÇIXDI

İrəvan rəhbərliyinin Türkiyə ilə münasibətləri "ilkin şərtlər olmadan" normallaşdırmaq, "Qarabağ məsələsi"ni bu işə qatmamaq və Azərbaycanı aralı tutmaq xəttinin boşa çıxdığını söyləmək olar. Buna Serj Sarqsyan komandası və diaspor çevrələri çox böyük qüvvə və vəsait sərf etmişdilər.
Türkiyə və Azərbaycan toplumu belə incə gedişlər qarşısında yetkinlik və müstəsna bir həmrəylik nümayiş etdirdi. Hələ ki, Ankaranın Qafqaz siyasəti kontekstində Ermənistanla münasibətlərini normallaşdırma niyyəti Qarabağ probleminin çözümünə bağlı saxlanılır. Onu da söyləyə bilərik ki, bunların bir-birindən ayrılıqda həllinin mümkünlüyünün Türkiyə və Azərbaycanın siyasi mənafeləri üçün nə kimi mənfi, hətta qorxulu nəticələrə gətirib çıxaracağı artıq rəsmi Ankara və rəsmi Bakı tərəfindən mənimsənilmişdir.
Bir nüansı da qeyd etmək istərdik ki, bizə görə, Barak Obamanın "genosid" termininin ermənicə qarşılığını işlətməsi ilə Ankaranı və Türkiyəni o dərəcədə narazı saldı ki, bununla Vaşinqton özünün Ankaraya təsir və təzyiqdə əlini zəiflətmiş oldu.
Hər halda, Türkiyə və Azərbaycan ictimai fikrində geniş yer alan siyasi diskussiyalar iki ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdırdı, hətta bir az da irəli gedərək iki toplum arasında bu məsələlərdə dərin bir anlaşmaya varıldığını da söyləmək olar. Bu isə olduqca önəmlidir və böyük siyasətə birbaşa təsir edən amildir. İşin bu kəskinlikdə əks effekt verməsi, Ankara və İrəvan arasında separat razılaşmanın bir addımlığında işin pozulması İrəvanda böyük bir hüzn doğurmuş kimidir. Bu da açıq hiss olunur.

DAŞNAKLARIN NARAHATLIĞININ SƏBƏBİ

Bu arada "yol xəritəsi"nin ortaya çıxması ilə Daşnaksütyun hakimiyyət koalisiyasından çıxdı. Onlar buna nə kimi don geyindirir-geyindirsinlər, bunun səbəbini anlamaq bizim üçün çətin deyildir. Türkiyə ilə sərhədin açılması və münasibətlərin hansı bir şəkildəsə normallaşması türklüyə nifrət, terror və qan, əsassız "soyqırım" inilti-fəryadları üzərində qurulmuş və varlığını sürdürən bu partiyanın da sonunu gətirəcək. Türklər və ermənilər arasında normal münasibət olan yerdə daşnaklara, sadəcə, yer yoxdur. Onlar hər hansı formada münasibətlər qurulmasından oddan qorxan kimi qorxurlar. Sərhədlərin açılmasına qarşı imzatoplama kampaniyası, çəkindirici bəyanatlar bundan qaynaqlanır.
Onların arqumentləri budur ki, türklər Ermənistan iqtisadiyyatına dərindən nüfuz edəcək, rəsmi İrəvanın siyasi qərarlarına təsir və təzyiq imkanları əldə edəcəklər. Onlar erməni toplumunu qorxudurlar ki, Qarabağ bölgəsinin Azərbaycana qaytarılması erməni xalqına ağır psixoloji təsir göstərəcək, buradan əhali köçünü sürətləndirəcək və bu xalq bu bölgədə varlığına son qoymuş olacaq.

LEVON TER-PETROSYAN DEYİR Kİ...

İlk prezident Levon Ter-Petrosyan müxalifətin dünən İrəvanda keçirdiyi mitinqdə çıxış edərkən deyib ki, erməni-türk münasibətlərinin tezliklə tənzimlənməsinə tərəfdardır və bu məsələdə iqtidarın bütün müsbət addımlarına kömək etməyə hazırdır. Onun yeganə etirazı "soyqırım"ı araşdırma məqsədi ilə erməni və türk tarixçilərindən ibarət komissiyanın yaradılmasına aiddir, çünki bu "ermənilərin soyqırımı"ndan imtina edilməsi anlamına gəlir.
O deyib ki, Türkiyə tərəfi Azərbaycanın toplumunun və öz müxalifətinin təzyiqləri ilə hesablaşmaya bilmir və əzəlki mövqeyinə qayıtmağa məcburdur, yəni nikbin proqnozlara və gözləntilərə rəğmən, iki ölkə arasında qarşılıqlı münasibətlər tənzimlənməyəcək və Ermənistan - Türkiyə sərhədi Qarabağ münaqişəsinin həlli məsələsində mühüm irəliləyiş olmadıqca açılmayacaq.
İlk prezident onu da deyib ki, Ermənistanla münasibətlərin tənziminə ümumi meyllə yanaşı, Türkiyə qarşısına başqa - daha sadə və konkret vəzifə, yəni nəyin bahasına olursa-olsun, Barak Obama və Konqres tərəfindən "soyqırım"ın tanınmasına mane olmağı da qoymuşdu. Türkiyə öz məqsədinə nail oldu, Ermənistan və diasporun isə əli boşda qaldı. Onun sözlərinə görə, odur ki, futbol diplomatiyası ilə başlayan oyunun ilk yarısı 1:0 hesabı ilə Türkiyənin xeyrinə nəticələnib ("Arminfo").

EYFORİYADAN SONRA "SOYUQ AĞIL" DÖNƏMİ

1992-ci ildəki rusların yardımı ilə əldə edilmiş üstünlükdən sonrakı eyforiya gec-tez öz yerini soyuq ağıl dönəminə verməli idi. Fəqət erməni toplumu üçün bu dönəm çox gec - indilərdə başlayıb. Bunun əlamələrinə baxaq. İndiyə qədər erməni toplumuna təlqin olunmuşdu ki, nəzarətə götürdükləri torpaqlar həmişəlik onlarındır, Dağlıq Qarabağ bir də Azərbaycanın nəzarətinə qayıtmayacaq. Onların bütün intellektual qüvvələri buna yönəlmişdi. Onlarda belə düşünürdülər ki, vaxt uzandıqca azərbaycanlılar vəziyyətləri ilə barışacaq və Qarabağdan əllərini üzəcəklər. Bunun belə olmayacağı bu gün erməni toplumuna gün kimi aşkar olmuşdur.
Onlar çox gözəl bilirlər və dəfələrcə dillərinə gətiriblər ki, Dağlıq Qarabağ ətrafında bircə rayonun nəzarətinin Azərbaycana qayıtması erməni çevrələrinin Dağlıq Qarabağ barədə niyyətlərinin puç olması deməkdir. İndi isə bir deyil, ilkin olaraq ən azı beş (!) rayonun qaytarılması danışıqlar masasında müzakirə olunan variantlardan biridir.
Onlar bunun fərqindədirlər ki, Azərbaycanın hədəfləri işğal altındakı torpaqları qaytarmaqla bitmir, onlar, ümumiyyətlə, Ermənistan dövlətini zəiflətmək və zərərsizləşdirmək xətti götürmüşlər. Aydın işdir ki, işğalçı və təcavüzkar bir qonşu ilə başqa rəftar da mümkün deyildir.
Gürcüstan tranziti Ermənistan iqtisadiyyatını gün-gündən zəiflətməkdədir və xaricdən daxil olan maliyyə yardımları yaşanan iqtisadi itkiləri kompensasiya etmək iqtidarında deyil, ölkənin onsuz da zəif olan iqtisadiyyatının nə kimi bir bataqlığa düşdüyü açıq yazılır. Bu vəziyyət uzun zaman davam edə bilməz və Gürcüstan yoluna alternativ ticarət yolları həyati önəm kəsb edir. Fəqət bu niyyətin qarşısında siyasi stereotiplər və Dağlıq Qarabağ problemi dayanır.
Onlar Rusiya və ABŞ-ın niyyətlərində bir vasitədən başqa bir şey olmadıqlarının da fərqindədirlər və bu iki seçim arasında baş sındırırlar. Ermənilərin Rusiyaya bəslədikləri ümidləri sarsılmış kimidir. Rusiya və Azərbaycan, Rusiya və Türkiyə arasında mal dövriyyəsinin fantastik rəqəmlərlə ifadə olunması və yeni iri layihələr ətrafında aparılan danışıqlar, Rusiyanın Ermənistana və Azərbaycana münasibətdə balanslaşdırılmış siyasətə get-gedə daha açıq bir şəkildə üstünlük verməsi İrəvanda üzüntü ilə qarşılanır. Aparılan danışıqlar bir fayda verməyəcəksə, Azərbaycanın Dağlıq Qarabağda təmizləmə əməliyyətlarına başlayacağı təqdirdə onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qarşısında görəcəyi barədə prezident Sarqsyanın bəyanatını və bunun belə olmayacağı barədə Rusiya tərəfinin açıqlamasını xatırlamaq kifayətdir.
İrəvan siyasi çevrələrində Rusiya və ABŞ arasında oriyentasiya seçiminə son günlər Avropa Birliyi də əlavə olunub. Bu məsələ yenidən bütün kəskinliyi ilə qarşıya çıxıb, bunu əsəbi vurnuxma da adlandırmaq olar. Mediada bu üç yönün tərəfdarlarının mülahizələrinə sıx-sıx yer verilir. Hər xəttin tərəfdarlarının öz arqumentləri var, fəqət hamısı praktik deyil, nəzəri tutuma malikdir. Bunlara alternativ olan isə qonşular - ilk öncə Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdır, yalnız bu halda Ermənistan öz gələcək normal yaşamını təmin edə bilər. Fəqət "örkən nə qədər uzun olsa da, gəlib doğanaqdan" - siyasi iddialardan, böhtanlardan imtina edilməsindən, Dağlıq Qarabağ probleminin dincliklə həllinə razılaşmaqdan keçir ki, Ermənistan indiki vəziyyətində belə buna hazır deyildir. Zaman isə öz işindədir.

Hiç yorum yok: