azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

7 Mayıs 2009 Perşembe

PENTAQON AZƏRBAYCANLA ÖZƏL MƏSLƏHƏTLƏŞMƏLƏRƏ BAŞLAYIR

Yaxın vaxtlarda prezident İlham Əliyevin ABŞ-a səfər edəcəyi istisna deyil


Cəsur SÜMƏRİNLİ


Amerika Birləşmiş Ştatları Azərbaycanla hərbi-siyasi sahədə fəal məsləhətləşmələri davam etdirir. Yaxın günlərdə bu istiqamətdə real addımlar davam etdiriləcək. Özəlliklə də Azərbaycan prezidentinin yaxın zamanlarda Amerikaya dəvət ediləcəyi istisna deyil. Bu barədə "Ayna"ya ABŞ-dakı diplomatik mənbədən məlumat verilib. Mənbənin məlumatına görə, bu günlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a səfəri, əslində, prezident İlham Əliyevin səfərinə hazırlıq kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 4-5-də ABŞ-ın Dövlət Departamentinin dəvəti ilə Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olacaq. Bu barədə "Ayna"ya XİN mətbuat xidmətindən məlumat verilib. Səfər zamanı E.Məmmədyarovun ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klinton, Pentaqonun və Milli Təhlükəsizlik Şurasının rəsmiləri ilə görüşləri planlaşdırılıb. Səfər çərçivəsində nazir E.Məmmədyarovun bir qrup yerli ekspertlərlə görüşü də nəzərdə tutulub.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson ABŞ dövlət katibinin Azərbaycan XİN başçısı ilə qarşıdakı görüşünü vacib hadisə adlandırıb. O deyib ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza ötən həftə Azərbaycana səfəri zamanı da dövlət katibi H.Klinton və prezident Barak Obamanın Qarabağ münaqişəsinin həlli ilə bağlı əllərindən gələni etmək fikrində olduqlarını bildirib.
"Azərbaycan XİN nümayəndələri ilə ABŞ-ın yüksəkrütbəli məmurları vaxtaşırı görüşüb bu məsələni müzakirə etməlidirlər. ABŞ Minsk Qrupunun həmsədri olan ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tərəflərin yaxınlaşmasına və tərəflər arasında fikir mübadiləsinin aparılmasına öz töhfəsini verə bilər", - deyə T.Devidson vurğulayıb.
O, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ABŞ-a səfəri barədə məlumatının olmadığını da deyib.
ABŞ-dakı mənbə "Ayna"nın əməkdaşı ilə söhbətində bildirdi ki, E.Məmmədyarovla keçiriləcək görüşdə iki ölkə arasında mövcud olan bir sıra əməkdaşlıq sahələri xüsusi diqqət mərkəzində olacaq. "Bu sahələr çox ciddi şəkildə müzakirə ediləcək, çünki hədəfdə ABŞ-la Azərbaycan arasındakı perspektiv münasibətlərin konkret çərçivəyə salınması durur", - deyə mənbə bildirdi. Onun sözlərinə görə, E.Məmmədyarovun ardınca yaxın vaxtlarda Azərbaycan prezidenti İ.Əliyevin də ABŞ-a səfər edəcəyi istisna deyil.
"Son vaxtlar Cənubi Qafqazda böyük güclərin qarşı-qarşıya gəlməsi, yaranmış vəziyyətin gərginləşməsi bir sıra proseslərin həyata keçirilməsini zəruri edir. Məmmədyarovun, ardınca isə Əliyevin səfərləri çərçivəsində keçiriləcək məhsuldar görüşlər ABŞ və Azərbaycanın qarşılıqlı münasibətlərində təshihlər edilməsi baxımından vacib xarakter daşıyır. Xüsusilə də ABŞ üçün bu səfərlərin əhəmiyyəti ondadır ki, Azərbaycan rəhbərliyi bunu Moskva və Brüsseldə siyasi dairələrlə təmasından sonra həyata keçirir" deyən mənbə bildirdi ki, səfər çərçivəsində bir sıra məsələlər, o cümlədən Azərbaycan və ABŞ-ın terrorizmə qarşı mübarizədə birgə fəaliyyətinin nəticələri müzakirə ediləcək.
Bildirək ki, bu günlərdə ABŞ Dövlət Departamenti 2008-ci il üçün terrorizmlə bağlı açıqladığı hesabatında Azərbaycanın terrorizmlə mübarizəni dəstəkləməsini yüksək qiymətləndirib. Sənəddə bir çox ölkələrin terrorizmlə mübarizəsi yer alıb.
Azərbaycanla bağlı bildirilib ki, bu ölkə 2003-cü ilin avqustundan ABŞ-ın İraqda apardığı sülhməramlı əməliyyatlara dəstək və yardım göstərib. 2002-ci ilin noyabrından Azərbaycan əsgərləri Əfqanıstanda xidmət edir və hazırda ölkə öz kontingentini 90 nəfərə çatdırmaq istəyir.
Hesabatda qeyd olunur ki, Azərbaycan İran tərəfindən ruhlandırılan və idarə olunan terrorçu təşkilatların yolunun üstündə yerləşir. Həmin qruplar Qafqazdan pul, insan qüvvəsi və narkotik maddələr keçirməyə cəhd etsələr də, hökumət fəal olaraq həmin qrupların qarşısını alıb.
Terrorizmlə bağlı açıqlanan hesabatda ötən il avqustun 17-də "Əbu Bəkr" məscidində baş verən hadisəyə də yer ayrılıb. Həmin insident zamanı 3 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı qeyd olunan hesabatda Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə istinadən hadisənin Dağıstanda qətlə yetirilən İlqar Mollaçıyev tərəfindən hazırlandığı bildirilib.
Hesabatda bildirilib ki, Pakistan ərazilərindən sığınacaq kimi istifadə edən "Əl-Qaidə" Qərb üçün ən böyük terror təhlükəsidir, İran isə terrorizmi dəstəkləyən ən fəal ölkə adlandırılıb. Hesabatda billdirilir ki, dünya üzrə terror hadisələrinin sayı azalsa da, Pakistanda bu rəqəm artıb. Əgər 2007-ci ildə bu ölkədə terror hadisələrinin sayı 800 idisə, 2008-ci ildə bu rəqəm iki dəfə artaraq 1800-ə çatıb. Keçən il Pakistanda terror hadisələrində 2300-ə qədər adam ölüb.
Ekspertlərin fikrincə, bu gün ABŞ və Azərbaycanın iqtisadi-hərbi-siyasi dialoqunda müzakirəyə çıxarıla biləcək hərbi-siyasi məsələlər çoxşaxəlidir:
- Regionda vəziyyət, iqtisadi layihələrin gerçəkləşməsi, Türkiyənin Ermənistanla sərhədləri açması prosesi, Qarabağ münaqişəsinin nizamlanması;
- Azərbaycanın ABŞ-ın Avropada Raketəleyhinə Müdafiə sistemi planında yeri və bu çərçivədə Qəbələ RLS-in gələcək taleyi ilə bağlı proses;
- Xəzərin hüquqi statusunun müəyyən edilməsi, bu çərçivədə ABŞ-ın iki Xəzəryanı dövlət - Azərbaycan və Qazaxıstanla birgə gerçəkləşdirdiyi "Xəzərin təhlükəsizliyi" proqramının gedişatı və Rusiyanın Xəzərdə "Kasfor" hərbi qüvvələrini yaratmaq planı;
- Azərbaycanın Əfqanıstanda həyata keçirilən əməliyyatlarda tranzit ölkə rolunda dəstəyi problemləri və s.
Qeyd edək ki, sonuncu məsələ bu gün diqqəti daha çox çəkənlər sırasındadır. Elə bu günlərdə ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbəri general Dunkan MakKabb Azərbaycanda səfərdə olub. O, nəqliyyat naziri Ziya Məmmədovla görüşüb. Görüş zamanı tərəflər Azərbaycanda daşımaların həcminin genişləndirilməsi sahəsində planlar və həyata keçirilməsi nəzərdə tutulan proqramlarla bağlı müzakirələr aparıb. General Dunkan MakKabb Azərbaycanın hərbi qurumlarında da görüşlər keçirib. Görüşlərdə NATO və ABŞ-a məxsus humanitar yüklərin Azərbaycan ərazisindən keçməklə Əfqanıstana nəqli məsələləri müzakirə olunub.
ABŞ və Azərbaycan hərbi əməkdaşlıq perspektivlərini də konkret çərçivəyə salmaq niyyətindədirlər. Məhz bu səbəbdən mayın 6-da Bakıda ABŞ - Azərbaycan ikitərəfli əməkdaşlıq üzrə Planlaşdırma Konfransı keçiriləcək. Müdafiə Nazirliyinin məlumatına görə, konfrans 2 gün davam edəcək və mayın 8-də yekunlaşacaq. Qeyd edək ki, Azərbaycan və ABŞ Silahlı Qüvvələri arasında Hərbi Əməkdaşlıq üzrə İş Planına uyğun olaraq keçirilən ikitərəfli əməkdaşlıq üzrə Planlaşdırma Konfransında hərbi əməkdaşlıq çərçivəsində görülən işlərə dair hesabat müzakirə ediləcək. Tərəflər Azərbaycanla ABŞ arasında 2009-2010-cu illər üçün ikitərəfli Hərbi Əməkdaşlıq üzrə İş Planının detallarını da razılaşdıracaq.

Hiç yorum yok: