azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Mayıs 2009 Pazartesi

Neft Akademiyasındakı cinayətə görə bir nəfər saxlanıldı

GÜRCÜSTANIN MARNEULİ RAYONUNUN SAKİNİ NADİR ŞİRXAN OĞLU ƏLİYEV HADİSƏNİ TÖRƏDƏN FƏRDA QƏDİROVLA BİR MƏNZİLDƏ YAŞAYIRMIŞ

Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən cinayət hadisəsinin Gürcüstan Respublikasının vətəndaşı Fərda Əsəd oğlu Qədirov tərəfindən törədilməsi tam sübuta yetirilib. Tanınma zamanı qatilin üzərindən tapılan sənədin həqiqətən də ona aid olduğu təsdiqlənib. Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib: "İstintaq yolu ilə cinayət hadisəsinin həmin şəxs tərəfindən törədilməsi tam sübuta yetirilib".

Aprelin 30-da baş vermiş terror hadisəsinə görə bir nəfər saxlanılıb. Saxlanılan şəxs Gürcüstan vətəndaşı, Marneuli rayonu Daştəpə kənd sakini Nadir Şirxan oğlu Əliyevdir. Bu barədə APA-nın Gürcüstan bürosuna Nadir Əliyevin qardaşı Namiq Əliyev məlumat verib. Nadirin ADNA yaxınlığında dönər satdığını deyən N.Əliyev qardaşının terror hadisəsini törətməkdə təqsirləndirilən Fərda Qədirovla əlaqəsi olmadığını söyləyib: "Nadirlə Fərda bir-birini yalnız Daştəpəli kimi tanıyıblar. Qardaşım Fərdadan beş yaş kiçikdir. Fərda Rusiyada olanda qardaşım Ukraynada idi. Nadir 2008-ci ilin sentyabrında Tiflisə gəldi. Bu il martın 18-dən isə Bakıya gedib".

N.Əliyev deyib ki, qardaşı əvvəlcə Bakıdakı şadlıq saraylarından birində çalışıb, sonra isə ADNA yanında dönər satıcılığı ilə məşğul olub: "Ailəmizin məsələdən xəbəri var. Bu gün ata-anam Bakıya yola düşüblər. Nadirin tutulması barədə bibim və xalam uşaqları zəng edib xəbər verdilər".

N.Əliyev onu da deyib ki, Nadir ADNA-da baş verən hadisədən sonra saxlanılıb, izahatı alınandan sonra isə sərbəst buraxılıb: "Amma sonra onu yenidən həbs ediblər. Bu dəfə bibim və xalam uşaqları onu özləri polisə aparıblar ki, günahsız olduğunu sübuta yetirsinlər. Fərdanı Bakıya qardaşım çağırmayıb. Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları xalamgilə də gəlib, bəzi məsələlərlə bağlı onları sorğu-sual ediblər".

N.Əliyev ailədə iki qardaş olduqlarını söyləyib. O, Nadirin subay və dindar olduğunu, namaz qıldığını da açıqlayıb.

Qeyd edək ki, srağagün baş verən silahlı hücumdan sonra ilkin olaraq hadisənin məhz Nadir Şirxan oğlu tərəfindən törədildiyi barədə məlumat yayılmışdı.

Azərbaycan Dövlət Neft Akademiyasında aprelin 30-da baş vermiş hadisə ilə əlaqədar bir nəfərin saxlandığı təsdiqlənib.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, dünən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev Nadir Şirxan oğlu saxlanılıb. E.Sultanov N.Əliyevin şübhəli şəxs qismində saxlandığını deyib.

Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, hazırda həmin şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dünən Nadir Əliyev istintaqda dindirilib.

Bakı Şəhər Prokurorluğundakı mənbədən ANS PRESS-ə verilən məlumata görə, saxlanılan şəxs ifadəsində Fərda Qədirovla bir evdə kirayə yaşadığını və onunla həmyerli olduğunu deyib. N.Əliyevin sözlərinə görə, F.Qədirov hadisəni törətməmişdən əvvəl bir-iki günə bütün dünyanın ondan danışacağını söyləyib. F. Qədirovda silah gördüyünü deyən N.Əliyev qeyd edib ki, o, həmin silahla Gürcüstandakı həmyerlisi Hacıəhmədi öldürəcəyini söyləyib.

Faktla bağlı akademiyada yaradılan qərargahda Bakı şəhər və rayon prokurorluqlarının müstəntiqləri tərəfindən tələbə və Akademiyanın əməkdaşları da dindirilir.

Bu arada məlum olub ki, Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları Neft Akademiyasında terror törətmiş Fərda Qədirovun atası Əsəd Qədirovu Moskvadan Bakıya gətiriblər. Bu barədə Ə.Qədirov özü məlumat verib: "İstintaqa ifadə vermək və təhqiqat işinə yardım göstərmək üçün bu gün (dünən - red.) Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsinin müşayiəti ilə Bakıya uçacağam". Oğlunun son zamanlar dini ekstremist ədəbiyyata maraq göstərib-göstərmədiyi barədə sualı cavablandıran Əsəd Qədirov bildirib ki, bu barədə ümumiyyətlə, heç bir məlumata malik deyil: "Əgər bu mənada nəsə olubsa, bu, apreldə onun Bakıya getməsindən sonra baş verə bilər. Oğlumun Bakıya kimin yanına getdiyini dəqiq bilmirəm. Əslində heç nəyi təsdiqləyə bilmirəm, çünki məndə heç bir məlumat yoxdur. Yalnız onu deyə bilərəm ki, ədəbiyyatla maraqlanmayıb, ümumiyyətlə, çox az mütaliə edirdi. Amma televizora həddən artıq çox baxırdı". Əsəd Qədirov Bakıda nə qədər qalacağını bilmədiyini deyib: "Təhqiqat işi ilə bağlı istintaqla nə qədər lazımdırsa, əməkdaşlıq etməyə hazıram". Qeyd edək ki, 1949-cu il aprelin 1-də anadan olmuş Əsəd Qədirov Rusiya vətəndaşıdır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, ADNA-dakı hadisəni araşdıran istintaq qrupu istintaq hərəkətlərini davam etdirir: "İntensiv istintaq hərəkətləri Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəhbərliyinin ciddi nəzarəti altında Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və digər zəruri araşdırmaların aparılması istiqamətində müəyyən olunmuş istintaq fərziyyələri ətrafında aparılır".

Məlumatda o da bildirilir ki, cinayət nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış 13 nəfərdən 3-ü ötən gün ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, qalan 10 nəfərin vəziyyəti isə stabil ağır olaraq qalır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

"Trend"in məlumatına görə, Neft Akademiyasına silahlı hücum edən Fərda Qədirovun Bakıda yaşadığı evində axtarış keçirilib.Bakı Şəhər Baş Polis İdarəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Qədirovun Nizami rayonu Çobanzadə küçəsi 65 saylı binada məskunlaşdığı mənzilində cümə axşamı gecə saatlarında axtarış keçirilib. Bu barədə Nizami Rayon Polis İdarəsindəki mənbələr məlumat verib.

Mənbə bildirib ki, axtarış zamanı Qədirovun mənzilindən istintaq üçün xüsusi əhəmiyyətli sübutlar götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif "Trend"ə bildirib ki, mətbuat xidmətində bu barədə məlumat yoxdur.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov istintaq sirri olduğundan, aparılmış istintaq-əməliyyat tədbirlərinin təfərrüatları ilə bağlı mətbuata məlumat verilmədiyini söyləyib.

APA-nın yaydığı xəbərdə isə bildirilir ki, Fərda Qədirovun Bakıda kirayədə qaldığı mənzilin sahibi də Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndindəndir. Bu barədə Nizami rayon Polis İdarəsindən bildirilib. 26-27 yaşlı Arif Kabulovun hazırda Daştəpə kəndində olduğu, Azərbaycanla Gürcüstan arasında işləyən avtobusda sürücü köməkçisi işlədiyi bildirilib.

F.Qədirovun vaxtilə kirayədə yaşadığı Çobanzadə küçəsi, ev 65, 35 saylı mənzilin qapısı hazırda plomblanıb. F.Qədirov 1 ay əvvəl həmin evə köçüb, son bir həftədə isə evə gəlməyib. Qonşular APA-nın əməkdaşına F.Qədirovun sakit adam olduğunu deyiblər. Polisdən o da bildirilib ki, hazırda hüquq-mühafizə orqanları A.Kabulovu axtarır.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror nəticəsində yaralanan 10 nəfərin vəziyyəti ağır və orta-ağır kimi qiymətləndirilir. Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, srağagün xəstəxanaya yerləşdirilən Kənan İsayev, Mustafa Məhəmməd, Faiq Rüstəmbəyov, İlkin Şirəliyev, Elşən Mustafayev, Rəhman Axundov və Elvin Cəmiyev hazırda reanimasiya şöbəsindədirlər. Xəstələrin vəziyyəti orta-ağırdır.

4 saylı Şəhər Klinik Xəstəxanasından isə bildirilib ki, xəstə Hüseynli Zemfira və Dass Muavviyyənin vəziyyəti ağırdır.

Dəmiryol Xəstəxanasında müalicə olunan Seyid Əhməd Əmrunun vəziyyətinin isə yaxşı olduğu bildirilib.

Dünən Səhiyyə Nazirliyi atışma nəticəsində yaralananların vəziyyəti ilə bağlı məlumat yayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində yaralanan 10 nəfər hazırda stasionar müalicə alır. Onlardan 8-i Kliniki Tibbi Mərkəzə, 1-i 4 saylı Şəhər Klinik Xəstəxanasına, 1-i isə 1 saylı Dəmiryol Xəstəxanasına yerləşdirilib. Yaralılardan 5-nin vəziyyəti ağır, 4-nün vəziyyəti orta-ağır, 1-nin vəziyyəti isə kafidir. Yaralıların 6-da güllə yarası baş və sifət nahiyəsində, 2-də sinədə, 1-də biləkdə, 1-də isə bud nahiyəsindədir. Bütün xəstələrdə birincili cərrahiyyə işlənməsi aparılıb, 5-də təcili əməliyyat keçirilib, 3-ü isə əməliyyat olunacaq.

Nazirlikdən o da bildirilib ki, hadisədən zərər çəkmiş tələbə, müəllim və onların yaxınlarına psixoloji yardım göstərmək məqsədilə Bakı şəhəri 2 saylı Kliniki Psixiatriya Xəstəxanası, Bakı şəhər Ruhi Əsəb Dispanseri və Uşaq Ruhi Əsəb Dispanserində lazımi şərait yaradılıb.

Dünən axşam yayılan məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi nəticəsində yaralanaraq 1 saylı Dəmiryol Xəstəxanasına yerləşdirilən Seyidəhməd Əmru dünən evə buraxılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, S.Əmrunun hadisə zamanı barmağından güllə keçib. Barmağında aparılan əməliyyatdan sonra xəstə özünü yaxşı hiss edib.

Qeyd edək ki, akademiyanın tələbəsi olan S.Əmru Suriya vətəndaşıdır.

Dünən Müsavat Partiyası Məclisinin katibi Tofiq Yaqublu Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terrorla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. müsavat.com saytının məlumatına görə, buna səbəb onun hadisə günü şübhəli şəxs qismində saxlanılan Nadir Şirxan oğlu Əliyevin qohumu Kamil ilə "Mediaforum" saytı arasında əlaqə yaratmasıdır. Qeyd edək ki, Nadir Əliyev dünən tutulub-buraxılsa da, onu mayın 1-də yenidən saxlayıblar.

T.Yaqublu Lent.az-a açıqlamasında faktı təsdiqləyib: "Dünən (srağagün - red.) hadisə baş verərkən, "Mediaforum" saytının əməkdaşları mənim də Gürcüstanlı olduğumu bilib zəng etdilər ki, belə xəbər var. Mən də çox yaxın dostum olan Kamil Qədim oğlu Mürsələ zəng etdim. O mənə bildirdi ki, Nadir Əliyev qohumudur. Kamil mənə dedi ki, Nadir ilə əlaqə saxlayıb, o belə şey törətməyib".

T.Yaqublu bildirib ki, həmin informasiya istintaqa maraqlı olduğundan onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar: "Çağırıb aydınlıq gətirdilər. Mənimlə yanaşı Kamil Mürsəl də idarə çağırılıb dindirildi və sərbəst buraxıldı".

"Mediaforum" saytının baş redaktoru Azər Qaraçənli isə Lent.az-a əməkdaşlarından heç kimin dindirilmədiyini söyləyib.


Şəhriyar Əlizadə

Hiç yorum yok: