azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

7 Mayıs 2009 Perşembe

QATİLİN GÜLLƏLƏDİKLƏRİNİ DANIŞDIRDIQ!

Fərda ilə üz-üzə gəlib sağ qalanlar
Tələbələrin etirazı var: «Bizim yoldaşlarımız öldürülüb, bunlar gül bayramı keçirir»



Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən faciədən 7 gün ötdü. Hadisə ilə bağlı saxlanılanlar olsa da hələlik qətliamın səbəbləri və motivi barədə heç bir məlumat yoxdur. İstintaq orqanı təhqiqatlarını davam etdirir, mətbuat isə gələn xəbərləri, apardığı araşdırmaları oxucuların diqqətinə çatdırır. Dəhşətli cinayətlə bağlı ən müxtəlif versiyalar səslənir. Hadisənin necə baş verdiyini görənlər isə ya mətbuatdan qaçır, ya da onlara danışmaq qadağan edilir. Cəmi bir neçə tələbə və müəllimi çıxmaq şərtilə, ADNA-da baş verənlər barədə şahidlərdən ətraflı məlumatlar əldə etmək müşkülə çevrilib.

Təbii ki, hadisəni ən dəqiq xatırlayanlar qatillə üz-üzə gəlib yaralananlardır. Onların 5-i - Mustafa Məhəmməd, İlkin Şirəliyev, Rəhman Axundov, Elşən Mustafayev və Kənan İsayev srağagündən palataya köçürülüb. Faiq Rüstəmbəyov, Zemfira Hüseynli və Elvin Cəmiyev hələ də reanimasiyadadır.

Tələbələr pərişan

Dünən palataya köçürülmüş yaralılarla görüşmək, hadisəni bir də onlardan - qatillə üz-üzə gəlmiş ən mötəbər şahidlərdən dinləmək üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yollandıq. Biz orada olanda saat 14 radələri idi. Yaralıların qohumları qəbul otağında gözləsə də onlara görüş vermirdilər. Səhər saatlarında tələbələrin yalnız valideynlərinə qısamüddətli görüş verilib. Daha sonra isə prokurorluq əməkdaşları onlardan ifadə almağa gəldikləri üçün görüşlər dayandırılıb. Xəstəxananın mühafizəçiləri bildirdilər ki, görüş yalnız saat 17-dən sonra veriləcək. Buna qədər isə ərazidə olan ADNA tələbələri dəstə-dəstə toplaşaraq söhbət edirdilər. Onları da tələbə yoldaşlarının yanına buraxmırdılar.
Tələbələr jurnalistlərlə danışmaqdan çəkinirdilər. Bəziləri isə xəsisliklə də olsa, müəyyən məlumatlar verirdi.
Məsələn, ADNA-nın II kurs tələbəsi Elşən Cəbrayılov hadisədən psixoloji sarsıntı keçirdiyini dedi: «Hadisə zamanı biz ikinci mərtəbədə dərsdə idik. Birdən səs-küy eşidildi, güllə atılırdı. Biz qapını bağlayıb pəncərəni sındırdıq və çölə çıxmaq istədik. Yerə atılmaq istəyəndə gördük ki, yerdə yaralı var, elə bildik ki, burada da atəş açan var. Pəncərənin kənarı ilə dekanlığın pəncərəsinə tərəf yaxınlaşdıq və oradan dekanın otağına girdik. Ora ona görə girdik ki, dekanlığın qapısı dəmir idi, düşündük ki, ora girə bilməzlər. Daha sonra nə baş verdi bilmədik. Bir də qapını polis açdı və bizi çölə çıxardılar. Tələsik aşağı düşdük və bizi ərazidən uzaqlaşdırdılar. İlkin Şirəliyev qrup yoldaşımdır, ona auditoriyanın qapısının ağzında güllə dəyib. Mən həmin hadisədən sonra heç dərsə gedə bilmirəm. İndiyədək akademiyaya getməmişəm».

Qatil qapının ağzında bir yox, beş nəfəri güllələyib!

Daha sonra dəstə şəklində dayanmış Kənan İsayevin qrup yoldaşlarına yaxınlaşdıq. Tələbələrin narahat olduqlarını görüb, jurnalist vəsiqəmizi göstəririk. Bundan sonra onlar bir qədər rahatlaşdılar və səmimi oldular. Bildirdilər ki, onlar 4-cü kursda oxuduqlarından aprelin ortalarında dərsləri qurtarıb: «Biz imtahanlara və diplom müdafiəsinə hazırlaşırdıq. Kənan imtahan başlamamışdan qabaq akademiyanın qarşısında olub. Birdən atəş açılıb və ona güllə dəyib. Həmin vaxt o, Mustafa Muhammədlə söhbət edirmiş. Mustafaya da güllə dəyib, ona da. Kənana güllə gözündən dəyib. Amma şükür Allaha, gözü çıxmayıb, görür. Qapının ağzında 4 nəfər vurulub - Kənan, Mustafa, Rəhman və bir də barmağından yaralalan Sudanlı Əmruh Seyidəhməd».
Bu, yeni xəbər idi. İndiyədək deyirdilər ki, qatil akademiyanın qarşısında cəmi iki nəfəri - Mustafa Muhammədi və qatıqsatan Ayna Muradovanı güllələyib. Amma indi məlum olur ki, qatil ADNA-nın qarşısında 5 nəfəri güllələyib. Onlardan 4-ü sağ qalsa da qatıqsatan qadın həyatını itirib.

Ərəb televiziyası deyib ki

Daha sonra xəstəxananın həyətində sudanlı Mustafa Muhammədin sadiq dostu Əhməd Bəkir ilə rastlaşdıq. Hər dəfə xəstəxanaya gedəndə onu mütləq orada görürük. Əhməd dedi ki, Mustafa ilə bir gün öncə görüşüb: «Vəziyyəti elə də yaxşı deyildi. Çətinliklə danışırdı. Amma həyatına təhlükə yoxdur».
Ə.Bəkir bildirdi ki, Mustafanın valideynlərinə mütəmadi məlumat verir: «Onlar çox narahat idi. İlk gün onları sakitləşdirə bilmirdim. Ərəb televiziyalarından eşitmişdilər ki, Mustafa Muhamməd yaralanıb. Onun sağ olması barədə rəsmi məlumat ala bilmirdim ki, valıdeynlərinə dəqiq söz deyim. Nəhayət, səhəri gün onlara dəqiq xəbər verdim. Bu xəbəri də rəsmi almadıq, televiziyadan eşitdik. Mustafanın valıdeynləri indi də narahatdırlar; amma onların Azərbaycana gəlmək imkanı yoxdur».

Qatilin güllələdiklərinə doğru

Saat 17-dən sonra yaralılarla görüşmək üçün yenidən xəstəxanaya yollanırıq. Məlum oldu ki, yaralı tələbələrin ancaq valideynlərinə görüş verilir. Valideynlərin görüşü başa çatandan sonra mühafizəçi ilə dil tapıb içəri girmək istəyirik. Mühafizəçi bunun mümkün olmadığını deyib qapını bağladı. Təbii ki, jurnalist belə asanlıqla təslim olmur. Gün ərzində 2-ci cəhdimiz idi və mütləq nəticə olmalıydı. Bu böyüklükdə faciə ola, amma qatilin gülləsi ilə yaralanmış bir kimsəyi danışdırmağa imkan verməyələr! Və nəhayət, yolunu-yolağasını tapıb, mühafizəçidən tələbələrin dostu kimi bir neçə dəqiqəlik görüş ala bildik. Amma mühafizəçi bizə bir tövsiyə etdi: «Kənanın, Rəhmanın və Elşənin valideynləri onların yanına adam buraxmağı qadağan edib, özləri də oturublar yanlarında. Onların palatasına girməməyiniz məsləhətdir. İlkinə və Mustafaya baş çəkə bilərsiniz».
Biz də «baş üstə» deyib öncə İlkinin palatasına daxil oluruq.

Bu da onlar!!!

İlkin Şirəliyev səhhətinin yaxşı olduğunu və budundan yaralandığını dedi: «Heç bilmədim nə baş verir. Güllə səsi eşitdik. Mən qapıya tərəf yaxınlaşmaq istəyəndə atəş açıldı. Gördüm pəncərənin o tərəfində adam var, şüşəni sındırıb atəş açmaq istəyəndə yerə uzandım. O, atəş açdı. Budumdan yaralandım, amma özümü itirmədim. Ayağa qalxıb özümü müdafiə etməyə çalışdım. Gördüm daha atəş səsi gəlmir, çölə qaçdım və məni xəstəxanaya gətirdilər. İndi Allaha şükür, babatam».
«Sən qatili gördünmü, onu şəkildən görsən tanıyarsanmı» sualına cavabında İlkin dedi ki, qatilin üzünü görə bilməyib: «Mən qapının ağzına çatanda o, şüşənin arxasında idi, koridorda da atəş səsi eşidilirdi. Mən qapıya çatanda o, şüşəni sındırdı və dərhal ağzı üstə yerə yıxıldım. Ayağa duranda artıq o yox idi».
İlkinə Allahdan şəfa diləyib Mustafa Muhammədin palatasına enirik. Mustafanı doğrudan Allah saxlayıb. Güllə onun boynunun sol tərəfindən girib, sağ tərəfindən çıxıb. Mustafa otağa girən kimi əlləri ilə işarə edib yanındakı dostuna bizə şirinlik kimi şokolad verməsini xahiş etdi. O, hadisəni belə xatırlayır: «Akademiyanın qarşısında dayanmışdım. Birdən atəş səsi gəldi. Əlində tapança bir nəfər üstümüzə gəlirdi. Başında kepka var idi. Birinci dostum Əmruh Seyidəhmədi vurdu, o, yerə yıxıldı. Elə bildi öldü. Silahı mənə tuşlayanda qaçmaq istədim, bu zaman atəş açdı və yıxıldım. Daha sonra nə baş verdiyini bilmirəm. Çünki huşumu itirmişdim».
Mustafaya F. Qədirovun qəzetimizdəki şəklini göstərib atəş açan adamın ona oxşadıb-oxşatmadığını soruşduq. Mustafa başını bulayıb «yox, ona oxşamır» dedi: «Onun başında kepka var idi, həm də dəhşətli anlar idi. Oxşada bilmirəm».
Mustafa bir qədər də şəklə baxdı və əlini Fərdanın şəklinin baş hissəsinə kepka əvəzi tutaraq «indi bir az oxşayır, məncə, elə odur, əclaf» dedi. Elə bu məqamda otağa hadisə zamanı barmağından yaralanmış Əmruh girdi. O da şəklə baxıb atəş açanın məhz Fərda olduğunu dedi.
Mustafa ona yardım edən hər kəsə təşəkkürünü bildirdi və bu gün İordaniya səfiri Adel Mühəmməd Adailenın də ona baş çəkdiyini dedi.
Xəstəxanada olarkən tibb bacılarından onu da öyrəndik ki, yaralı Kənanın səhhəti o qədər də yaxşı deyil, baş ağrıları var. Elşənə isə güllə çənəaltı nahiyəsindən dəydiyindən hələ danışa bilmir. Amma həkimlər onun bir neçə günə danışacağını deyir. Rəhman Axundovun isə vəziyyəti normaldır...

***

Gün ərzində qanlı qətliamla gələn xəbərlər və versiyalar bunlar idi:

Bu gün terror qurbanlarının yeddisidir

ADNA-da həlak olanların bu gün yeddisidir. Tələbələrin verdiyi məlumata görə, dünəndən bu mərasim və mayın 10-da keçiriləcək «Gül bayramı» ilə bağlı ADNA rəhbərliyi onlara xəbərdarlıq edib: «Prorektorlar, dekan Fərhad Abdullayev auditoriyaları gəzərək tələbələrə deyir ki, sizə görə polıs gücləndirilmiş iş rejiminə keçirilib, özünüzü yığışdırın. Digər institutlar da sizə qoşulmaq istəyir, kim narazılığını bildirsə, hesab etsin ki, bizim tələbə deyil».
Tələbələr akademiya rəhbərliyinin mövqeyini başa düşmədiklərini bildirir: «Bizim tələbə yoldaşlarımız öldürülüb, bunlar gül bayramı keçirir».
Dünən məsələ ilə bağlı ADNA rəhbərliyi ilə əlaqə saxlayıb tələbələrə olunan xəbərdarlıqla bağlı əlavə məliumat almaq istədik. Lakin israrlı zənglərimizə cavab verəcək kimsə tapılmadı.

Qatilin istifadə etdiyi telefonun nömrəsinin sahibi hələ də sorğulanır

Qazaxın Daşsalahlı kənd sakini Mədət Qafur oğlu Kazımov hələ də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində sorğulanır. Həbs olunandan sonra isə onun aqibəti məlum deyil. Valideynləri həbsdən sonra onun barəsində hər hansı bir məlumata malik olmadıqlarını söylədilər. M.Kazımovun atası Qafur Kazımov oğlu haqqında ona məlumat vermədiklərini dedi: «Səhər bura gəlib axşam yenə evə qayıdıram. Məni içəri buraxmırlar. Oğlum haqda mənə heç nə demirlər. Vallah, heç bilmirəm hara gedim, kimə deyim. Allah xatirinə bizə kömək edin, oğlumun günahı yoxdur».
Oğlunun vəkillə təmin olunub-olunmaması ilə maraqlandıqda Q.Kazımov belə dedi: «Axı Mədətin günahı yoxdu, ona niyə vəkil tutmalıyıq?»
Qeyd edək ki, rəsmi məlumatlarda qətliam törədən Fərda Qədirovun M.Kazımovun adına sənədləşdirilmiş mobil telefonla hadisədə iştirakda ittiham olunan Nadir Əliyevlə müntəzəm əlaqə yaratdığı bildirilir. M.Kazımovun əmisi Faiq Kazımov qəzetimizə açıqlamasında M.Kazımovun mobil telefon nömrəsinin də olduğu pulqabının Bakıdan Xırdalana gedən 221 nömrəli marşrut avtobusunda ayyarim əvvəl oğurlandığını bildirib.

Həbs olunanların Gürcüstandakı əlaqələri araşdırılır

İstintaq qrupu Fərda Qədirovun və həbs olunan digər iki şəxsin - Nadir Əliyev və Cavidan Əmirovun Gürcüstandakı əlaqələrini araşdırır. Bu barədə Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. F.Qədirov, N.Əliyev və C.Əmirovun Gürcüstan vətəndaşları olduğunu xatırladan prokurorluq rəsmisi bildirib ki, onların həmin ölkədəki əlaqələrinin araşdırılması zəruridir: lİstintaq qrupu onların əlaqələrini tam və hərtərəfli araşdıracaq».
E.Sultanovun sözlərinə görə, sorğular vasitəsilə F.Qədirov, N.Əliyev və C.Əmirovun əvvəllər məhkum olunub-olunmadıqları da öyrənilir.
«Gürcüstan Daxili İşlər Nazirliyi Bakıda baş vermiş faciənin araşdırılmasında azərbaycanlı həmkarlarına kömək etməyə hazırdır». Bunu Gürcüstan DİN-in analitik-informasiya departamentinin rəhbəri Şota Utiaşvili deyib. O, artıq bu məsələyə dair Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiklərini, ancaq istintaqın maraqlarına uyğun olaraq detalları açıqlamadıqlarını bildirib.

ABU-nun qarşısında silahlılar tutulub?

ADNA-dakı qanlı qətliamdan sonra Bakıda bir-birinin ardınca müxtəlif yerlərdə teraktların törədilməsinə dair informasiyalar yayıldı. Bunların heç biri təsdiqini tapmasa da belə xəbərlərin tez bir zamanda hər yerə yayılması şübhələr doğurur. Buna bənzər daha bir informasiya dünən yayılıb. xeberdar.info məlumat verir ki, iki gün öncə iki nəfər naməlum şəxs Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Binəqədi rayonundakı binasının qarşısında polis tərəfindən saxlanılıb. Bu ərazidə olan vətəndaşlar onların silahlı olduqlarını bilib və bu barədə dərhal polisə məlumat verilib. Həmin ünvana gələn polislər isə naməlum şəxsləri saxlayaraq zərərsizləşdirib. Şahidlərin verdiyi məlumata görə, həmin şəxslərin universitetə basqın etməyi planlaşdırdığına dair xəbər yayılıb və insanlar təlaş isində həmin ərazidən uzaqlaşıb. Ancaq o da bildirilir ki, silahlı şəxslər özlərini çox sakit aparırmış və onların üzərində silah olduğu ani bir anda hiss olunub. Saxlanılan şəxslərin məxfi xidmət işçiləri olduğu barədə məlumatlar da dolaşır. Lakin hadisədən sonra ABU-nun mühafizəsi gücləndirilib. Hələlik hadisə ilə bağlı rəsmi məlumat verilmir.

«Fərda Qədirov Pankisi dərəsində təlim keçib»

Sözügedən saytın əməkdaşı hadisədən bir həftə sonra növbəti dəfə ADNA-nın qarşısına gedərək tələbələrlə söhbətləşib. Maraqlıdır ki, qanlı cinayətlə bağlı versiya bolluğunda tələbələr daha bir şok iddia ilə çıxış edib: «Əməkdaşımızla söhbətində tələbələr hadisədə Rusiyadakı kriminal dairələrin əlinin olduğunu deyiblər. Rusiyada yaşayan qohumlarımızla danışmışıq. Onlar bildirir ki, son zamanlar Azərbaycanın müstəqil xarici siyasəti, Rusiyanın təsiri altına düşməməsi bu ölkədəki ermənipərəst kriminal dairələri qəzəbləndirib. Bunu onların Rusiyada bazarlarda işləyən azərbaycanlılara qarşı daha da aqressivləşən münasibətindən də görmək olur. Hadisə baş verməzdən öncə artıq bu barədə Rusiyadakı bəzi həmvətənlərimizə eyham vurublar. Təxminən laz qalıb», «görək hara qədər gedirisiz» kimi ifadələrlə».
Tələbələrin digər bir iddiasına görə isə əgər qatil F.Qədirov bu qədər peşəkar olubsa, heç şübhəsiz ki, o, Pankisi dərəsində təlim keçib: lBiz belə düşünürük ki, Fərdanın Gürcüstanda yaşaması, sonradan Rusiyaya gedib, ordan da gəlib Bakıda cinayət törətməsi təsadüfi ola bilməz».
Sayt bütün yazılanların yalnız tələbələrin iddiası olduğunu xatırladaraq ən doğru yolun əməliyyat-istintaq tədbirlərinin nəticəsini gözləmək olduğunu hesab edir.

30 aprel qurbanlarının xatirəsinə sayt yaradıldı

Qanlı qətliama həsr olunan sayt fəaliyyətə başlayıb. www.30aprel.biz ttp://www.30aprel.biz ünvanında yerləşən sayt gənclər tərəfindən yaradılıb. Məqsəd həlak olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə imzatoplama kampaniyasına start verməkdir. Qısa müddət ərzində artıq yüzlərlə gənc kampaniyaya qoşularaq aksiyanı dəstəklədiyini nümayiş etdirib. Bir neçə gün ərzində onların sayının minlərlə olacağı təxmin edilir. Dünən saytda qeydiyyatdan keçərək imzatoplama kampaniyasına qoşulanların sayı 1500-dən çox olub.

50-dən çox adam psixoloji yardım alıb

Qanlı hadisə ilə əlaqədar iki yerdə psixoloji yardım kabineti yaradılıb. Bunlardan biri ADNA-nın poliklinikasında, digəri 2 saylı ruhi xəstəxanada fəaliyyət göstərir. ADNA-nın poliklinikasında yaradılmış psixoloji yardım kabinetinin psixoloqu Eldin Hüseynbəyli bildirib ki, indiyə qədər 40-dan çox insan onlara müraciət edib: «Onların arasında müəllimlər də, tələbələr də var. Biz burada müvəqqəti olaraq psixoterapiya üsulu ilə insanlara kömək edirik. Lakin hər hansı dərman vasitələrindən istifadə etmirik».
E.Hüseynbəyli deyib ki, vəziyyəti daha gərgin olan insanlar Süleyman Rüstəm, 40 ünvanında yerləşən 2 saylı ruhi xəstəxanaya göndərilir və orada tibbi-psixoloji yardım alır. 2 saylı xəstəxanada yaradılan psixoloji yardım kabinetinin qəbul şöbəsindən bildiriblər ki, bu günə qədər onlara 15 nəfər müraciət edib. Ən sonuncu müraciət mayın 5-də olub.

Elçin Behbudov qətliamla bağlı saxlanılanlara baş çəkəcək

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov qanlı olayla bağlı tutulanların vəziyyətini öyrənmək məqsədilə onların saxlanma yerlərində monitorinq keçirəcək. O, bildirib ki, saxlanılanlardan heç birinin valideyni, yaxud yaxın qohumu ona müraciət etməyib. Hüquq müdafiəçisi vurğulayıb ki, 30 aprel hadisəsinə görə tutulanların harada saxlanılması barədə dəqiq informasiyaya malik deyil: «Onların istintaqını həm də Daxili İşlər Nazirliyi apardığına görə ya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, ya da polis şöbələrinin birinin müvəqqəti saxlanma təcridxanasında ola bilərlər. Onlarla maraqlanacam».
E.Behbudov deyib ki, beynəlxalq normalara görə, saxlanılan, yaxud tutulan vətəndaşla görüşmək lazımdırsa, onda mütləq həmin şəxsin yaxını, valideyni hüquq müdafiəçisinə rəsmi müraciət etməlidir: «Yəni onun oğluna işgəncə olunurmu, onu incidirlərmi və s. Bu müraciət olduqda biz birbaşa həmin şəxslə görüşürük».
«Bəzi media quruluşları 30 aprel qətliamına görə saxlanılanların sayının rəsmi məlumatlarda göstərilənlərdən çox olduğunu bildirir. Bu məlumatlar nə dərəcədə doğrudur» sualını cavablandıran E.Behbudov bu barədə məlumatı olmadığını deyib. O, uzun illər hüquq-mühafizə və xüsusi xidmət orqanlarında işlədiyini, silah-sursatdan yeni zabitlərə dərs dediyini, xüsusi xidmət orqanlarında əlbəyaxa döyüşlərdə təlimatçı olduğunu xatırladıb: «Mən bu işlərin peşəkarıyam. Başa düşürəm ki, hadisəni törədən şəxs xüsusi təlim keçib. »Makarov" tapançasından dəqiq atmaq çox çətindir. Verilən xəbərlərdən də görünür ki, həlak olanların, yaralananların əksəriyyətinin başından, gözündən vurub. Bu, artıq peşəkarlığın göstəricisidir. «Makarov»un maqazini cəmi 8 güllə tutur. Amma rəsmi xəbərlərdə də deyirlər ki, xüsusi sandıqça hazırlanıb və o, 41 güllə tutur. Neft Akademiyası dövlət müəssisəsidir və onu dövlət mühafizə etməli və silahlı mühafizə olmalıdır. Kameralar quraşdırılmalı, girib-çıxanlar nəzarətə götürülməli idi".

Bakıda təhlükəsizlik kameralarının sayı artırılır

«Cinayətkarlığın qarşısını almaq, ictimai asayişi qorumaq məqsədilə Bakıda videokameraların sayı artırılacaq. İlin sonuna qədər Bakının müxtəlif yerlərində təxminən 1200 kamera quraşdırılacaq».
Bunu Trend News-a DİN mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov bildirib. O, deyib ki, hazırda Bakının 228 yerində 625 kamera quraşdırılıb. DİN sözçüsünün məlumatına görə, kameralar əsasən əhalinin sıx yerlərində, yol kəsişmələrində və ictimai əhəmiyyətli binalarda quraşdırılır. O, deyib ki, ilkin mərhələdə Bakının 1000 yerində 4000 kameranın quraşdırılması nəzərdə tutulub.
Kameralar paytaxtda hüquq qaydalarına riayət edilməsinə nəzarətin videomüşahidə vasitəsilə həyata keçirilməsinə, fasiləsiz şəkildə canlı izlənilməsinə, qanunazidd hallara, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsinə imkan yaradacaq. «Təhlükəsiz şəhər» layihəsinin icrasına 10 milyon manat vəsait ayrılıb.
Gəlişmələri 24 saat yenilənən www.musavat.com saytından izləyin.
Materialın hazırlanmasında APA və «Mediaforum»un xəbərlərindən istifadə olunub.

Hiç yorum yok: