azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

8 Mayıs 2009 Cuma

Azərbaycan-Ermənistan danışıqları: nə baş verir?

Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri görüşlə bağlı nikbin bəyanatlarla çıxış etdilər. Bunun fonunda diplomatik mənbələr Azərbaycan KİV-in görüşün əslində çətin keçdiyini bildirib.

Fransanın xarici işlər naziri Bernar Kuşnerin isə “Exo Moskvı” radiostansiyasına müsahibəsində “Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar çox gərgin keçib” söyləməsi həmsədrlərin, yumşaq desək düz danışmadığını göstərir. “Necə düşünürsünüz, əslində nə baş verir?” Lent.az bu sualla ölkə politoloqları və siyasi partiyaların liderlərinə müraciət edib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki, problemin həllinin tapılması imitasiyası davam edir: “Son zamanlarda Rusiya tərəfi bu imitasiyanı ələ keçirmişdi. Ötən il noyabrın 2-də Moskvada Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidenti ilə birgə keçirilən görüş, imzalanan açıqlama uğur kimi təqdim edildi. Hazırkı mərhələdə də Rusiya Azərbaycanla Türkiyə arasındakı müvəqqəti gərginlikdən istifadə edərək Azərbaycan-Ermənistan danışıqlarında təşəbbüsü ələ keçirmək üçün növbəti addımlar atdı. Həmin şəraitdə Amerika fəallaşdı və Azərbaycanla Ermənistanın xarici işlər nazirləri Vaşinqtona dəvət olundu. ABŞ dövlət katibinin iştirakilə müxtəlif görüşlər keçirildi. Daha sonra Praqada Avropa Birliyinin tədbirinin keçirilməsindən istifadə edərək İlham Əliyevlə Sərkisyanı bir araya gətirdilər. Ən optimist bəyanatı yenə də Minsk qrupunun ABŞ-lı həmsədri Metyu Brayza verdi. Belə bir şəraitdə – yəni Rusiyanın təşəbbüsü özündə saxlamaq, ABŞ-ın məsələyə təsir etmək cəhdlərinin baş verdiyi durumda danışıqların çətin keçdiyinin məhz Fransa tərəfinin söyləməsi simptomatikdir. Hazırda məsələnin həllinin tapılması istiqamətində real irəliləyişlərdənsə, bu konfliktin həlli ilə məşğul olan qüvvələrin arasında gedən nüfuz mübarizəsinin əlamətləri daha qabarıq şəkildə görünür. Mən əvvəlki fikrimdə qalıram: çox təəssüf ki, indiki şəraitdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış konfliktin ədalətli həlli ilə bağlı hər hansı irəliləyiş real görünmür. Bu baxımdan, Praqada keçirilən görüşü də heç bir ciddi dəyişikliyə gətirməyəcək görüş kimi dəyərləndirirəm”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəloğlu bildirib ki, görüşlərlə məsələni həll etmək mümkün deyil: “Əcəba, onda nə baş verir ki, hər görüşə nə qədər vaxt, enerji, vəsait sərf olunur, hər görüşdən sonra da açıqlamalar olur. Bütün görüşlər, danışıqların hamısı vaxt ötürməkdən ötrüdür. Praqa görüşü növbəti görüşlərdən biridir. Bu, perspektivdə məsələnin həlli istiqamətində heç nəyə təsir etməyəcək görüşlərdən biridir”.


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, bütün görüşlər nəticəsiz deyil: “Ən azından Azərbaycan tərəfi bütün görüşlərdə öz mövqeyini ifadə edir. Azərbaycanın rəsmi mövqeyi prezident İlham Əliyevin bütün çıxışlarında göstərilir. Buna “Azərbaycanın ərazi bütövlüyü, bu bütövlüyün tərkibində Dağlıq Qarabağa yüksək statusun verilməsi, bütün azərbaycanlı məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması” aiddir. Əgər bu prinsip ortada varsa və buna əməl olunursa, onda danışıqlardan çəkinmək lazım deyil. Bütün danışıqlarda bu prinsip ortaya qoyulur, qarşı tərəf də bunu görür, bilir. Beynəlxalq qüvvələr də bir daha Azərbaycanın mövqeyi barədə bir daha fikirləşməyə məcbur olurlar”.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin nikbin bəyanatlarına əsas var: “Belə qənaətə gəlmək olar ki, görüş gərgin, əsəbi şəraitdə keçsə də, müəyyən razılıqlar olub. Amma bəzi məqamlarda razılıqlar olmayıb ki, bu da Sankt-Peterburqdakı görüşə qədər razılaşdırılacaq məqamlardır. Yox əgər ümumiyyətlə heç nə barədə razılaşmasaydılar, Sankt-Peterburq görüşü barədə danışılmayacaqdı, əvəzində yeni mərhələ başlayacaqdı - yəni növbəti görüşlə bağlı razılaşdırılma olması, razılaşdırılandan sonra isə hansısa yeni bir görüşün keçirilməsi. Əgər növbəti görüş barədə razılıq varsa, çətin keçən görüşdə belə, razılaşdırılan xeyli məqamlar var, razılaşdırılmayan məqamları isə tərəflər öz üzərinə götürüb ki, Minsk qrupunun həmsədri olan dövlətlərin iştirakı və xarici işlər nazirlər səviyyəsində razılaşdırılsın, sonrakı mərhələdə isə prezidentlər Sankt-Peterburqda görüşəcək”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun fikrincə, ATƏT-in Minsk qrupu həmsədrlərinin nikbin açıqlamaları özlərinin fəaliyyətinə legitimlik donu geyindirmək niyyəti güdür: “Dağlıq Qarabağ məsələsində prinsipial dönüş o zaman yaranacaq ki, faktiki olaraq dünyada mövcud olan hüquq tətbiq edilməyə başlanılsın. Amma hadisələr, o cümlədən həmsədrlərin zaman-zaman verdiyi bəyanat və açıqlamalar başqa şey göstərir. Onu göstərir ki, birinciisi, həmsədrlər özləri beynəlxalq hüquqa hörmət etmirlər. İkincisi, münaqişənin həllində özlərindən yeni-yeni ideyalar, prinsiplər təklif edirlər, hansı ki, bir çox hallarda bu ideya və fikirlər beynəlxalq hüquqa ziddir. Nə qədər ki, həmsədrlər beynəlxalq hüquqa uyğun təkliflərlə çıxış etmirlər, problemin həllindən danışmaq olmaz. Hazırda nikbinliyə əsas verən heç nə yoxdur”.

S.Cəlaloğlu deyib ki, əslində Praqa görüşünün əsas məqsədi Şərq tərəfdaşlığının, əməkdaşlığının təmin edilməsidir.

Politoloq Vəfa Quluzadə Praqa görüşünü “nəticəsiz görüş” kimi dəyərləndirib: “Həmsədrlər - xüsusən ABŞ tərəfi - planlaşdırırdılar ki, görüşdən sonra heç olmasa quru bir bəyanat veriləydi ki, “biz məsələni sülh yolu ilə, özü də uzatmadan həll edəcəyik”. Ancaq buna da nail olunmadı. Ermənilər köhnə mövqeyindədir: Dağlıq Qarabağ, Kəlbəcər, Laçın Azərbaycana qaytarılmamalıdır. Digər 5 rayona isə rus hərbçiləri gəlməmiş Ermənistan heç nəyə razılıq verməyəcək. Əvvəldən onların bu istəyi, Azərbaycanın buna razılıq verməyəcəyi əvvəldən də bəlli idi. Nə vaxta qədər ki, Ermənistan Rusiyanın “for-post”u, koloniyası, yaxud quberniyası olaraq qalır, bu problem ədalətli həllini tapmayacaq. O ölkənin başında duranlar hamısı cinayətkar, separatisdir. Onlar heç dövlət rəhbərliyi deyil, ona görə də belə adamlarla danışmağa dəyməz. Başqa sözlə, ortada hansısa nəticə olmayacaq“.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib ki, Ermənistanın bütün rəhbərləri kimi, Serj Sərkisyan da ATƏT-in Minsk qrupu stolunun arxasına oturanda fərqli danışırlar: “Sərkisyan çox böyük hörmətsizlik edərək Minsk qrupu ilə razılaşdırılmamış məsələni müzakirəyə çıxarıb. Əslində bu, Sərkisyanın çarəsiz olduğundan, yalnız danışıq imitasiyası yaratmaqdan ötrü heç kəsin ağlına gəlməyən mövzudan danışmasıdır. Əsas məsələ burasındadır ki, Minsk qrupu həmsədrləri Ermənistan prezidentinin bu səviyyəsiz özbaşınalığının qarşısını ala biləcək, yoxsa yox. Əgər qabağını ala bilməsə, yəqin Sankt-Peterburq görüşündən sonra ATƏT-in Minsk qrupunun sonu olacaq”.

Pərvin ABBASOV

LENT.AZ

Hiç yorum yok: