azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Nisan 2009 Cuma

Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz olaraq ABŞ rəsmilərinə müraciət olunub

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri və Azərbaycan Türkiyə Amerika Fondunun (ATAF US) sədri Ahmet Erentok son zamanlar gündəmdə olan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz olaraq ABŞ-ın rəsmi şəxslərinə müraciət edib. Bu barədə APA-ya ATİB-in mətbuat xidmətindən məlumat verilib.

ABŞ prezidenti Barak Obama, ABŞ-ın dövlət katibi Hillari Klinton, ABŞ Nümayəndələr Palatasının (Konqresinin) sədri Nensi Pelosi, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Con Kerriyə ünvanlanan müraciətlərdə Azərbaycanın mövqeyini nəzərə almadan Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılmasının gözlənilən effekti gətirməyəcəyi bildirilib: “Bu baş verdiyi halda, Azərbaycanın Türkiyə ilə, o cümlədən ABŞ ilə əlaqələri gərginləşəcək. Sərhədlərin açılması regiondakı vəziyyətin daha da mürəkkəbləşməsi, bölgədəki sabitliyin pozulması ilə nəticələnə bilər”.

Müraciətdə yuxarıda göstərilən səbəblər nəzərə alınaraq, ABŞ-ın bu məsələyə daha həssas yanaşması xahiş olunur.

ATİB-dən bildirilib ki, bu gün İstanbulda işə başlamış Dünya Türk İş Adamları Qurultayında ATİB-i təmsil edən İdarə Heyəti sədrinin müavini Cemal Yanğın Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi barədə təşkilatın mövqeyi ilə qurultay iştirakçılarını tanış edib. ATİB-in sərhədlərin açılmasına etiraz ifadə edən bəyanatı qurultay iştirakçılarına paylanıb.

Dəniz Baykal: “Ermənistanla danışıqların Azərbaycanı rəncidə edəcəyini demişdik”

Ankara – APA. “Ermənistanla danışıqların Azərbaycanı rəncidə edəcəyini söyləmişdik. Baş verən olaylar bizim haqlılığımızı ortaya qoydu”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal Mersin şəhərində keçirdiyi mətbuat konfransında deyib. D. Baykal bölgədə vəziyyətin normallaşması üçün atılacaq addımları dəstəkləyəcəklərini də vurğulayıb.

İranlı politoloq: “Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Qafqazda sülhə nə qədər xidmət edəcəyini söyləmək çətindir” -

Moskva. Roman Ağayev-APA. “Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə nə dərəcədə kömək edəcəyini söyləmək çətindir”. Bu eksklüziv açıqlamanı APA-nın Moskva müxbirinə iranlı politoloq, İran İslam Azadi Universitetinin professoru Şuayib Bəhmən verib. Moskvada keçirilən “Xəzər hövzəsində Rusiya-İran əməkdaşlığı: qarşılıqlı əməkdaşlığın regional və qlobal səviyyələri” beynəlxalq konfransında iştirak edən politoloq bildirib ki, İran Qafqazda sülhün bərqərar olmasında maraqlıdır. “Buna görə də Qafqaz xalqlarının öz sülhə və təhlükəsizliyini təmin eləmək üçün atdıqları addımlar ilk növbədə onların daxili işidir”. Sərhədlər məsələsinə gəldikdə isə iranlı politoloq qeyd edib ki, bu məsələdə təkcə Türkiyə və Ermənistanın deyil, Rusiyanın da nə düşündüyü və arzuladığı çox vacibdir. “Təəssüf edirəm ki, İran bu müzakirələrdən kənarda qalıb. Bu isə qeyd olunan məsələ ilə əlaqədar dəqiq cavab verməyə və mövqe müəyyənləşdirməyə çətinlik yaradır. İran Türkiyə ilə münasibətlərə böyük dəyər verir və səmimi olaraq regionda sülh və sabitliyin bərqərar olmasını istəyir”.

Dəniz Baykal Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı geniş açıqlama verəcək

Ankara – APA. Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi haqqında geniş açıqlama ilə çıxış edəcək. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Mersin şəhərində jurnalistlərin bu mövzuda sualını cavablandıran D. Baykal Azərbaycanın incidilməsinin Türkiyənin, hətta Avropa Birliyini maraqlarına zidd olduğunu daha əvvəl söylədiyini, bu gün Azərbaycanın artıq öz narahatlığını gizlətmədiyini xatırladıb. O, sabah Ankarada bu məsələyə dair xüsusi açıqlama verəcəyini söyləyib.

Qarabağ mövzusunda çəkilən “İtirilmiş həqiqət” bədii filminin təqdimatı keçirilib

Bakı. Kəmalə Quliyeva - APA. Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında Qarabağ mövzusunda çəkilən “İtirilmiş həqiqət” iki hissəli bədii filmin təqdimatı keçirilib. APA-nın məlumatına görə, gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsinə yönələn filmin yaradıcıları tanınmış idmançılardır. Filmin prodüseri, ssenari müəllifi və rejissoru Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo Federasiyasının prezidenti Tarverdi Allahverdiyevdir. T. Allahverdiyev bildirib ki, filmin çəkilişləri Bakıda və İsmayıllı rayonunda aparılıb. Filmin birinci hissəsi 1 saat 20, ikinci hissəsi isə 1 saat 5 dəqiqədir.

Çəkilişlərə İdman və Gənclər, Mədəniyyət və Turizm, Müdafiə nazirlikləri yaxından dəstək verib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, filmdə yalnız idmançılar iştirak edib: “Onlar indiyə kimi dəfələrlə Azərbaycandan kənarda ölkəmizi yüksək səviyyə də təbliğ edib, Azərbaycanın bayrağını yüksəklərə qaldırıblar”.

Naxçıvandakı türk iş adamları Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz olaraq bəyanatla çıxış ediblər

Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət göstərən türk iş adamları Türkiyə-Ermənistan arasında sərhədlərin açılması barədə yayılan xəbərlərlə bağlı bəyanatla çıxış ediblər. APA-nın yerli bürosunun məlumatına görə, bəyanatda Ermənistanın əvvəlcədən müəyyənləşdirilmiş şərtləri yerinə yetirməyəcəyi, ermənilərin qondarma soyqırımı ittihamından, Türkiyəyə qarşı torpaq və təzminat iddialarından əl çəkməyəcəyi təqdirdə, sərhədlərin açılması Ermənistan və onun havadarlarının maraqlarına uyğun addım kimi dəyərləndirilib.
Bəyanatda həmçinin türk iş adamlarının Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qəti etirazı, Türkiyə hökumətinin hazırkı şəraitdə heç bir halda sərhədlərin açılmasına razılıq verilməyəcəyinə əminlik ifadə olunub.

Türkiyə-Ermənistan sərhədindəki Əlican kəndinin sakinləri və yerli bələdiyyə sərhədin açılmasına qarşı çıxıb

İğdır – APA. Bu gün Türkiyənin “Doğan” xəbər agentliyinin əməkdaşları Ermənistanla sərhəddə yerləşən Əlican keçid-buraxılış məntəqəsindəki vəziyyəti öyrənmək üçün İğdır bölgəsinə gediblər.

APA-nın xəbərinə görə, jurnalistlər İğdır şəhər mərkəzindən 16 km şərqdə yerləşən Əlican keçid-buraxılış məntəqəsinin hərbi zona olduğunu və kənar şəxslərin ora buraxılmadığını yazıblar. Ərazini qoruyan türk hərbçiləri jurnalistlərin suallarını cavablandırmayıblar. Media mənsublarının həmin ərazidə gözləməsinə də icazə verilməyib. Məntəqənin yaxınlığındakı Əlican kəndinin sakinləri isə sərhədin açılmasına qarşı olduqlarını bildiriblər: “Biz azəri qardaşlarımızı bir kənara itələyərək sərhəd qapısının açılmasını istəmirik. Azəri qardaşlarımızın küsdürülməsinin əleyhinəyik. Azərbaycanın və Türkiyənin istəkləri yerinə yetirildikdən sonra sərhəd qapısı açıla bilər”.

İğdırın sərhədə yaxın Qaraqoyunlu qəsəbəsinin bələdiyyə sədri, hakim Ədalət və İnkişaf Partiyasından olan Ziyad Əli Dəlikdaş da yerli əhalinin böyük əksəriyyətinin sərhədin açılmasına qarşı olduğunu açıqlayıb: “Biz bir millət, iki dövlətik. Ermənilər zorla Qarabağı işğal edib. Azərbaycandan aldıqları torpaqları geri versinlər, soyqırım iddialarından vaz keçsinlər. Düzdür, sərhədin açılması iqtisadi baxımdan müəyyən gəlir gətirəcək. Ancaq bu, çox da önəmli deyil”.

DAHA 11 MƏHBUS AZADLIĞA BURAXILIB

Ümumilikdə 14 saylı cəzaçəkmə müəssisəsindən 150 məhbusun azadlığa çıxacağı gözlənilir


TURAL


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 540 məhbusdan 150 nəfərinə Amnistiya Aktı şamil ediləcək. SİA-nın məlumatına görə, bu barədə 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ərşad Həsənov açıqlama verib.
Dünən sözügedən cəzaçəkmə müəssisəsindən 11 məhbusun azadlığa buraxılması ilə bağlı təşkil edilmiş mərasimdə çıxış edən rəisin sözlərinə görə, bu günədək həmin həbsxanadan 38 məhbus azadlığa buraxılıb. Azadlığa buraxılan məhbuslardan ikisinin xarici vətəndaş olduğunu deyən polkovnik-leytenant bildirib ki, Amnistiya Aktı şamil olunan məhbusların əksəriyyəti cəzalarının sonuna 6 aydan az qalanlardır.
Yeri gəlmişkən, azadlığa çıxan məhkumlar müxtəlif cinayətlərə görə həbs olunan insanlardır. Məsələn, mərasimdə çıxış edən azadlığa buraxılan məhbuslardan biri - İsrail Məmmədov narkotik satışı ilə bağlı məhbəsə düşdüyünü və əməlindən peşman olduğunu bildirib.

XALQDAN AKP İQTİDARINA XƏBƏRDARLIQ

Üfüqdə yeni bir hökuməti müəyyən etmək üçün erkən seçkilər ehtimalı görünür


DAŞQIN


Martın 29-da keçirilən seçkilərin nəticələri bəlli olduqdan sonra Türkiyə üçün yeni bir mərhələnin, yeni bir dönəmin başlanğıcı barədə mübahisələr qızışır. Qardaş ölkə bu seçkilərin nəticələrinin Türkiyənin gələcəyi baxımından hansı məna daşıdığını müzakirə edir. Bu müzakirələr, ölkənin gələcək siyasi perspektivi barədə irəlidə ətraflı təhlillər aparılacaq. İndi isə yenicə başa çatan bu seçkilərin bir növ xronikasını təqdim edirik.
Öncə onu qeyd edək ki, Türkiyədəki bələdiyyə sistemi bizdəkindən tamam fərqli mahiyyət daşıyır. Türkiyə siyasi sistemində dünya təcrübəsində olduğu kimi, daha məqbul və daha səmərəli, müstəqil ictimai institut fəaliyyət göstərir. Bu sistemdə bələdiyyə sədri seçildiyi ərazinin bütün idarəetməsini həyata keçirir. Yəni, məsələn, əyalət mərkəzinin bələdiyyə sədri bir növ bizim icra hakimi səlahiyyətlərinə sahib olur. Amma o, təyinatla deyil, seçki yolu ilə iş başına gəlir. Bu şəxs hansısa partiyanı təmsil edirsə, onun fəaliyyəti və reytinqi həm seçildiyi ərazidə, həm də ölkə miqyasında mənsub olduğu partiyanın reytinqinə təsir edən çox mühüm amildir. Partiyanın nüfuz və reytinqi ilə birbaşa bağlı olan bir amilə isə kifayət qədər həssas və ciddi yanaşılacağı qaçılmazdır.
Bu seçkilərdə eyni zamanda bir növ əyalətin öz parlamenti olan əyalət məclisi üzvlərinin də seçilməsi təmin olunur.
Həmçinin bütün bələdiyyələrin (il, ilçə, bəldə (müvafiq olaraq, əyalət, bölgə, məhəllə) bələdiyyə məclisi heyəti təyin olunur ki, bu da, məsələn, mərkəzi əyalət anlamında bizim icra hakimiyyəti aparatı heyəti deməkdir.
Partiyalar spektrində mühüm əhəmiyyətə malik olan bu seçkilərin ölkənin ümumi mənzərəsində böyük əhəmiyyət kəsb etməsi, bütün ölkənin idarəçiliyini həyata keçirən hökuməti təyin etməsindəki rolu şübhəsizdir. Türkiyə siyasi həyatında bələdiyyə seçkilərini (yerəl seçim) qazanan partiyaların sonrakı parlament seçkilərini (gənəl seçim) də qazanıb iqtidar olduqları, seçkilərdə məğlub olanların sonrakı ümumi seçkilərdə məğlub olduqları faktları var.
Bu seçkilərdə 19 partiya iştirak edirdi. Seçkilərin vektorunu isə hakim Ədalət və Kalkınma Partiyası (AKP), ana müxalifət - Cümhuriyyət Xalq Partiyası (CXP), həmçinin Milliyyətçi Hərəkat Partiyası (MHP), qismən də etnik kürd milliyyətçilərin qurduqları Demokratik Toplum Partiyası (DTP) və Ərbakanın fəxri lideri olduğu "Səadət" partiyası təşkil edirdi. Amma əsas etibarilə mübarizə AKP, CXP və MHP arasında gedirdi. Böyük şəhərlərdə çox ciddi bir yarış var idi.
İstanbul - Ərdoğanın alınmaz qalası
Ölkənin döyünən ürəyi, ən əsas strateji mərkəzi - İstanbuldakı mübarizə təbii olaraq xüsusi əhəmiyyət kəsb edir. Burdakı mübarizə ölkənin iki əsas partiyası - AKP və CXP arasında gedirdi. Öncə onu deyək ki, bu şəhərdə hakim partiyanın namizədinin rəqibi təkcə bu namizədlə deyil, həm də 1989-94-cü illərdə İstanbulun bələdiyyə sədri olaraq həm şəhərdə, həm də bütün ölkə miqyasında populyarlaşan Rəcəb Tayyib Ərdoğanla da mübarizə aparmağa məhkumdur. Yəni İstanbulda AKP-nin gücü birbaşa Ərdoğanın gücüdür və onun gücünü üstələmək də hazırkı dövrdə müşkül məsələdir.
İstanbulda hakim partiya qarşısına iddialı çıxa bilən yeganə namizəd son zamanlar hökumətin müəyyən korrupsiya və maxinasiyalarını aşkara çıxarmaqla və xalqa xitab edən üslubuyla böyük bir fiqura çevrilən Kamal Kılıcdaroğlundan başqası ola bilməzdi. Başqa sözlə, əslində CXP İstanbulda hakim partiya qarşısına ölkə siyasətçiləri arasında qalib gəlmə imkanı ən güclü olan bir namizəd çıxardı. Təkcə onu demək kifayətdir ki, müşahidələr göstərir ki, hakim partiyadan alınması olduqca müşkül olan İstanbula hazırkı müxalifət liderlərinin özləri belə namizəd kimi çıxsaydılar, yəqin ki, onlar belə hazırda Kılıcdaroğlunun toplaya bildiyi elektorat və reytinqi toplaya bilməzdilər. Kılıcdaroğlu bu seçkidə 37 faiz səs topladı və partiyası CXP-nin ölkə üzrə səs faizinin artmasına çox ciddi təkan verdi (İstanbuldakı seçici ölkə seçicilərinin 22-23 faizini təşkil edir).
Önəmli olan odur ki, artıq bundan sonra Türkiyə siyasət meydanına ikinci Ecevit yürüşü başlayır. Bu, politoloq və şərhçilərin fikirlərinin birləşdiyi bir nöqtədir. Çünki Kılıcdaroğlunun xalqa xitab edən, sadə, dürüst, əyriliyə, saxtakarlığa qarşı amansız düşmən obrazı artıq türk xalqının şüuraltına həkk olunub.
Ankarada "üçbaşlı" mübarizə
Paytaxt Ankarada üç əsas partiyanın - AKP, CXR və MHP-nin namizədləri arasında kritik bir "savaş" var idi. Ölkənin bütün solunun birləşdiyi bir mübarizə mərkəzi olan Ankarada solun vahid namizədi, vaxtilə baş nazir müavini və xarici işlər naziri də işləmiş Murad Karayalçın hakim partiyadan olan və indiyə qədər üçüncü bələdiyyə başqanlığını yaşayan Məlih Gökçəyə qarşı ciddi bir mübarizə aparırdı. Əvvəllər (1989-94-cü illər) Ankara bələdiyyəsinin sədri olmuş Karayalçın son iki seçkidə namizədliyini vermiş (1999, 2004), lakin hər dəfə çeşidli amillərin təsiri ilə Gökçək qalib çıxmışdı.
Ancaq bu dəfə durum fərqli idi. Belə ki, əvvəlki seçkilərdə Karayalçın əsas etibarilə sol qüvvələrin parçalanması və rəqibinin bütün sağ-mühafizəkar elektoratı öz arxasına almasıyla məğlub olmuşdu. Bu dəfə isə əksinə, sol qüüvələr seçkiyə vahid şəkildə, sağ qüvvələr isə Gökçəkdən başqa digər bir güclü namizədlə (MHP-dən olan Mansur Yavaşla) seçkiyə gedirdilər. M.Yavaş da əyalətdə iki dəfə ilçə (əyalətin özü də bölgələrə ayrılır ki, bunun da adı ilçədir) başqanlığı dönəminin nəticəsi olaraq çox ciddi bir bələdiyyəçi kimi tanınır və əyalətdə böyük nüfuza malikdir. O bu amilin köməyi, həmçinin Gökçəyin reytinqinin düşməsi ilə namizədliyi elan olunandan etibarən başqanlıq yarışının vektoruna girə bilmişdi və Ankaradakı seçkilərin, belə desək, açar namizədi hesab olunurdu. Belə bir ciddi əyaləti itirməmək üçün mümkün olan və olmayan hər şeyi edən hakim partiya Ankara üçün çox "tər tökdü". M.Gökçək, belə desək, min oyundan çıxması ilə, rəqiblərinə qarşı ən müxtəlif "qara piar" oyunlarıyla və inzibati resurslarla nəticəni öz xeyrinə başa çatdırdı.
İzmirin dünyəviliyi
Əhalisinin sayına görə Türkiyənin üçüncü, urbanizasiya səviyyəsi baxımından isə İstanbuldan sonra ikinci şəhəri İzmirdə ölkənin ümumi mənzərəsindən tamam fərqli bir vəziyyət var. Bir sıra bəlli amillərin təsirilə hazırda dünyəvilik zehniyyəti və təfəkkürünün möhkəm hopduğu, Türkiyədə dünyəviliyin əsas mərkəzi hesab olunan və Egey dənizinin sahilində yerləşən bu şəhərdə CXP-nin böyük tərəfdar ordusu var. Yəni CXP-də kim sədr olursa-olsun, hətta bu partiya marginal bir təşkilata çevrilsə belə, İzmir dünyəvilik ünsürlərinin ən qatı daşıyıcısı olan bu partiyanı, belə desək, hər zaman dəstəkləməyə "təminatdır". CXP-nin yenidən namizəd göstərdiyi hazırkı İzmir bələdiyyəsinin sədri Əziz Qocaoğlunun qarşısına AKP ciddi namizəd çıxarmağa heç meyil etmədi və yalnız əvvəlki seçkilərdəki namizədini təkrar çıxarmaqla kifayətləndi.
Amma seçkidən bir neçə ay əvvəl Ərdoğan AKP yetkililərinin qarşısına İzmirdə qalib gəlmək tapşırığını qoymuşdu. 2007-ci il parlament seçkilərində məhz İzmir seçicilərinin hesabına CXP səslərinin sayını artırmış, AKP ilə səs nisbətini azaltmağa nail olmuşdu. Bu fakt, təbii ki, AKP-yə İzmirdə siyasi vəziyyəti öz xeyrinə dəyişməyi diqtə edirdi. Amma Ərdoğanın "İzmiri alacağam" ifadəsi əks-reaksiya verdi və bir sıra digər amillərin təsirilə AKP bu şəhərdəki seçkiyə nəinki iddialı girə bilmədi, əksinə, getdikcə CXP ilə aradakı fərq böyüdü və nəticədə də CXP İzmirdə indiyə qədər olmayan bir nisbətlə - 25 faiz fərqlə qalib gəldi.
Ölkənin böyük şəhərlərindən olan, ölkə sənayesinin lokomotivlərindən sayılan Bursada hakim partiyadan bələdiyyə başqanının yerinə başqa bir namizəd göstərildi. Bu şəhərdə CXP-nin namizədi uğurlu olsa da, ümumi potensialın böyük olmaması, şəhərin güclü sağ təmayülü və digər sağ partiyaların zəifliyi və sağ elektoratın AKP-yə meyli hakim partiyanın qələbəsini şəksiz etdi. Çox güclü olduğu bu əyalətdə hakim partiya yenidən mərkəzi bələdiyyəni böyük fərqlə qazandı.
Türkiyənin digər böyük sənaye mərkəzi Kocaelidə də eyni vəziyyət vardı. Sağ təmayülün gücü və vahid mərkəzdə toplanması AKP-nin qələbəsini təmin etdi.
Ölkənin cənubundakı Aralıq dənizi sahilində yerləşən və cənub paytaxtı hesab olunan Adanada isə vəziyyət çox fərqli idi. 2004-cü ildə AKP-dən seçilən (4-cü sədrliyini yaşayan və hər dəfə başqa partiyaya keçən) mövcud bələdiyyə başqanı Aytac Durakı hakim partiya artıq bu işdə "qocalması" səbəbiylə (və bəlkə başqa səbəblərlə) təkrar namizəd göstərmədi və o da dərhal digər partiyaya - MHP-yə keçərək bu partiyadan seçkiyə girdi. MHP-nin bu şəhərdəki müəyyən elektoratı ilə onun şəxsi reytinqi üst-üstə gəldikdə əsas rəqib olan AKP-nin gücünü üstələyən bir güc ortaya çıxdı. Burada CXP-nin namizədinin də yarışa ortaq olması durumu mürəkkəbləşdirirdi. Lakin MHP namizədi qələbəyə daha yaxın görünürdü və sonda da qalib gəldi.
Başqa bir Aralıq dənizi şəhəri, CXP sədri Dəniz Baykalın doğulduğu Antalyada AKP keçən seçkilərdə qalib gəlmiş və heç də uğursuz qəbul edilməyən mövcud bələdiyyə sədrini yenidən namizəd göstərmişdi. AKP-nin qarşısına bölgədəki Akdəniz universitetinin keçmiş rektorunu (iqtidarla, daha doğrusu, prezident Abdulla Güllə bir hesablaşması olan şəxsi) namizəd kimi çıxaran CXP-nin keçən seçkilərdə itirdiyi bu şəhəri geri almaq potensialı var idi. Mövcud potensial zəminində effektiv təbliğat kampaniyası və bu seçkilərdə ana elementlərdən olan narazı elektoratın iqtidar əleyhinə vahid mərkəzdə birləşməsi ilə CHP namizədi qalib gəldi.
Ərdoğanın "almaq" istədiyi ikinci şəhər - Diyarbəkirdə də AKP uduzdu. Ölkənin cənub-şərqinin bir növ mərkəzi hesab olunan, əsas etibarilə kürdlərin yaşadığı bu şəhərdə Demokratik Toplum Partiyasına (DTP) qarşı yalnız AKP "bir şey etməyə" çalışırdı. Ərdoğan bu şəhərdəki yerli idarəçiliyi qazanmaqla bəlli məsələlərin balansının dəyişməsi ehtimalını nəzərə alaraq bir neçə ay öncə qələbə üçün əllərindən gələni etməyə çalışacaqlarını bəyan etmişdi. Amma sonralar cərəyan edən olayların meydana gətirdiyi konyunktur fərqli idi. Kürdlərin mütləq əksəriyyəti təşkil etdiyi bu şəhərdə etnik kürd milliyyətçilərinin qalib gəlməsini önləmək olduqca müşkül görünürdü və təxminən 35 faiz fərqlə DTP namizədi yenidən seçildi.
Ümumi olaraq onu demək olar ki, keçən bələdiyyə seçkilərində 81 əyalətdən 58-ni, o cümlədən 16 böyük şəhərdən 12-ni, əyalətlərin özündəki ayrı-ayrı bələdiyyələrin böyük bir hissəsini qazanmaqla və ölkə ümumunda 42 faiz civarında bir dəstək alaraq 2002-ci ildəki səslərini 8 faiz artırmaqla ciddi bir qələbəyə imza atan hakim AKP-nin bu seçkilərdə aldığı səs təxminən 39 faiz oldu. Bu dəfə AKP-nin qazandığı əyalət sayı 45, böyük şəhər sayı 10 oldu. Ana müxalifət CXP isə nəzarətindəki 8 əyaləti 13-ə, böyük şəhər sayını 2-dən 3-ə artırdı. MHP isə 4 əyalət bələdiyyəsini 10-a çıxardı və 1 böyük şəhər bələdiyyəsinə də sahib oldu. DTP nəzarətində olan 5 bələdiyyəni 8-ə çıxardı.
Səs faizlərinə gəldikdə isə, AKP, yuxarıda da qeyd olunduğu kimi, təxminən 39, ana müxalifət CXP 23, MHP 16, DTP 6, Ərbakanın fəxri lideri olduğu "Səadət" partiyası 5 faiz topladı. Hakim partiyanın bir neçə əyaləti, xüsusilə Antalya kimi strateji böyük şəhər mərkəzini itirməsi çox ciddi bir itki sayılır. Həmçinin Adana, Balıkəsir, Manisa, Vanın itirilməsi AKP üçün məqbul sayılmır. Bütün bu nəticələr mövcud iqtidarın beynəlxalq maliyyə böhranı qarşısında ciddi duruş gətirə bilməməsi, hökumətin bir sıra korrupsiya və maxinasiya faktlarının aşkarlanması, həmçinin media ilə "müharibə" şəraitində olması nəticəsində meydana çıxan mənzərədir. Baş nazir Ərdoğan da nəticələr bəlli olduqdan sonra etdiyi çıxışında bu nəticəni gözləmədiklərini, xalqdan verilən mesajı yaxşı dəyərləndirəcəklərini ifadə etdi.
Qeyd edək ki, son parlament seçkilərinə nisbətdə AKP-nin təxminən 8 faizlik səs itkisi, təsirini bu ölkədə getdikcə daha çox hiss etdirən beynəlxalq maliyyə böhranının gətirə biləcəyi bəlli nəticələr Türkiyə siyasi həyatında ciddi dəyişiklik dalğasını qaçılmaz edir. İrəlidə yeni bir hökuməti müəyyən etmək üçün erkən seçkilər ehtimalı üfüqdə görünür.
Əlbəttə, bu bir bələdiyyə seçkiləri idi, lakin siyasi proseslərin məcrası ona gətirib çıxarmışdı ki, bu seçki əyalət, yerli idarəçiliyi müəyyən etmək təmayülündən çıxmış, parlament seçkiləri, hətta bir referendum havasına, iqtidara güvən səsverməsi mahiyyətinə bürünmüşdü.

9 Nisan 2009 Perşembe

ƏRDOĞANDAN QƏTİ BƏYANAT

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərə dair yeni bəyanat verib. Ərdoğan bildirib ki, əgər Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesi bir nəticə verməsə, Ankaranın İrəvanla yaxınlaşmasından söhbət gedə bilməz. İstanbulda jurnalistlərlə söhbət zamanı Türkiyənin baş naziri deyib ki, Azərbaycanla Ermənistan arasındakı problem öz həllini tapmayana qədər Türkiyə ilə Ermənistan arasındakı prosesi inkişaf etdirmək çətindir.

Baş nazirin sözlərinə görə, hazırda aşağı səviyyədə bəzi texniki danışıqlar aparılırsa, bu danışıqların səbəbi - Azərbaycan və Ermənistan arasındakı prosesi bir qədər qabaqlamaq üçün hazırlıq aparmaqdır.
Ərdoğan münaqişənin indiyə qədər həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun səylərinin nəticə verməməsini təəssüflə qeyd edib.
O, eyni zamanda, Türkiyənin Qafqazda sabitlik naminə bir çox müsbət addım atdığını bildirib. Baş nazir müxalifət partiyalarının məsələyə yanaşma tərzini çirkin yanaşma və böhtan kampaniyası kimi qiymətləndirib: ”Əgər Ermənistan ilə Azərbaycan arasındakı proses nəticə verməsə, heç vaxt Ankaranın İrəvanla yaxınlaşmasından söhbət gedə bilməz”. O, eyni zamanda əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda heç bir addım atmamaq çıxış yolu deyil, Türkiyə dövləti münaqişənin həllinə çalışmalıdır.
Lakin Ərdoğan aprelin 16-da Ermənistanla Türkiyə arasında sərhədin açılıb-açılmaması məsələsinə dair hər hansı konkret fikir söyləməyib. Bu da onun bəyanatının çəkisini azaltmış olur.

Xatırladaq ki, sərhədlərin açılması qərarının aprelin 16-da elan olunacağı haqda həm Qərb mənbələri, həm Avropa və Ankaradakı diplomatik mənbələr xəbər verib. Azərbaycan hakimiyyətinin də Türkiyəyə qarşı bu cür sərt etiraz kampaniyası aparması məlumatın ciddiliyi haqda düşünməyə əsas verir. Məsələ burasındadır ki, Ərdoğanın son bəyanatına baxmayaraq, onun hökumətindəki mənbələr Ermənistanla sərhədlərin açılacağını təkzib etmirlər. “Milliyət” qəzeti yazıb ki, son iki-üç gündə Ankara, İrəvan və Bakı arasında intensiv telefon danışıqları olub. Bildirilir ki, prezident Abdulla Gül Ankarada ABŞ prezidenti Barak Obama ilə danışıqlardan sonra Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Ertəsi gün Obama özü Əliyevlə telefon danışığı aparıb. Bu telefon söhbətindən sonra Əliyev Gülə zəng edib. Ardınca Gül İrəvana telefon açıb və prezident Serj Sərkisyanla danışıb. Məlumatı qəzetə diplomatik çevrələrdən veriblər. Bildirilir ki, Gül İrəvan və Bakıya etdiyi zənglər zamanı tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yönündə səyləri artırmağa çağırıb.

Qəzetin yazdığına görə, Türkiyə prezidentinin administrasiyası sərhədlərin aprelin 16-da açıla biləcəyi haqda xəbərləri təkzib edir. Hazırda Ankara ilə İrəvan arasında danışıqlar davam edir və bildirilir ki, proses hələ sərhədlərin açılmasına imkan yaradacaq səviyyəyə çatmayıb. Çünki problemlər çoxyönlüdür və ortada Dağlıq Qarabağ münaqişəsi də var. “Radikal” qəzeti isə yazıb ki, Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşdığı haqda xəbərlər regionda gərginlik yaradıb. Bildirilir ki, rəsmi Bakı Türkiyəyə qarşı “Nabukko” kartını işə sala bilər. Bu baxımdan ABŞ prezidenti Obama Əliyevlə telefon söhbətində onu “Nabukko”ya dəstəyi artırmağa çağırıb.

Türkiyə XİN-dəki mənbə isə qəzetə bunları deyib: “Azərbaycan Rusiya və İranın təsiri altındadır. Bu iki ölkənin Ermənistanla sərhədləri açıqdır. Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəməyən bu iki ölkə Əliyevə təsir edir. Azərbaycan tərəfi iddia edir ki, Ermənistanla apardığımız danışıqlar haqda onlara məlumat vermirik. Ancaq bu doğru deyil, danışıqlar prosesinin gedişində konkretləşən hər bir məsələ ilə bağlı onları məlumatlandırırıq. Buna baxmayaraq, Əliyev bizə deyil, ruslara inanmaqda davam edərsə, biz də Əliyevin mövqeyinə baxmayıb addım atarıq”.

Dünən məsələ Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasında da müzakirə ollunub. Müzakirələr zamanı millət vəkilləri arasında ciddi mübahisələr olub. Komissiyanın müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan üzvləri sərhədlərin açılmasına etiraz ediblər. CHP-dən olan millət vəkilləri “Ermənistan Azərbaycana təcavüzünü dayandırmadan, işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmadan, qondarma “erməni soyqırımı” iddialarından vaz keçmədən, Türkiyənin ərazi bütövlüyünü tanımadan sərhədlər açılmamalıdır”, - deyə bildiriblər. Deputat Canan Arıtman “AKP tələsik sərhədləri açmaq istəyir, Azərbaycanı küsdürmək olmaz”, - deyib. Müxalifətçi millət vəkilləri bununla bağlı hazırladıqları layihənin komissiyada səsverməyə çıxarılmasını istəyiblər. Komissiyanın sədri Murad Mərcan isə belə bir səlahiyyətinin olmadığını deyib. Onlara MHP millət vəkilləri də dəstək verib. Millət vəkillərinin israrından sonra komissiya sədri əsəbiləşərək iclası tərk edib. İclasda xarici işlər naziri Əli Babacanın komissiyanın gələn iclasına qatılmasına qərar verilib.



Fərhad Məmmədov

ABŞ-ın TEHRANDAKI KEÇMİŞ SƏFİRLİYİ QARŞISINDA AKSİYA KEÇİRİLİB

Aprelin 9-da İranda hökumət tərəfdarı könüllülər dəstəsinə – “Bəsic”ə üzv olan tələbələr ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin binası qarşısında ABŞ prezidenti Barak Obamaya qarşı etiraz aksiyası keçiriblər.

“Media forum” saytının məlumatına görə, özünü İslam Dünyası Tələbələri Hərəkatının fəalları sayan tələbələr B.Obamaya qarşı müxtəlif şüarlar, o cümlədən “Obamaya ölüm” şüarı səsləndirərək İranla ABŞ arasında hər hansı danışıqlar aparılması əleyhinə olduqlarını bildiriblər.

Aksiyaçılar həmçinin beş ABŞ prezidentinin birlikdə çəkdirdiyi və üzərində “Beş vəhşi qanqster” yazılan şəkli ayaqqabı atəşinə tutub, sonra yandırıblar.

Bəzi şərhçilərin fikrincə, B.Obamanın İranla birbaşa danışıqlar siyasətini nəzərdən keçirməsi İran hakimiyyətində radikal qanadı narahat edib.

بو گون تورکییه بؤیوک میللت مج‌لی‌سی‌نین (تبمم) خاریجی علاقه‌لر کومیسسیاسیندا ائرمنیستانلا سرحدلرین آچیلماسی مسئله‌سی ایله باغ‌لی موزاکیره‌لر آپاریلیب.

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komissiyasında Ermənistanla sərhədlərin açılması məsələsi ilə bağlı müzakirələr aparılıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müzakirələr zamanı millət vəkilləri arasında ciddi mübahisələr olub. Komissiyanın müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan üzvləri sərhədlərin açılmasına etiraz ediblər.

CHP-dən olan millət vəkilləri “Ermənistan Azərbaycana təcavüzünü dayandırmadan, işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmadan, qondarma “soyqırımı” iddialarından vaz keçmədən, Türkiyənin ərazi bütövlüyünü tanımadan sərhədlər açılmamalıdır”, - deyə bildiriblər.

Deputat Canan Arıtman “AKP tələsik sərhədləri açmaq istəyir, Azərbaycanı küsdürmək olmaz”, - deyib.

Onlar bununla bağlı hazırladıqları layihənin komissiyada səsverməyə çıxarılmasını istəyiblər. Komissiyanın sədri Murad Mərcan isə belə bir səlahiyyətinin olmadığını deyib. Onlara MHP millət vəkilləri də dəstək verib. Millət vəkilləri israrından sonra komissiya sədri əsəbiləşərək iclası tərk edib.


İclasda xarici işlər naziri Əli Babacanın komissiyanın gələn iclasına qatılmasına qərar verilib.

LENT.AZ

One munite, Türkiyə!

Vüsalə Mahirqızı

Məslək həyatımın yəqin ki, ən ağır dönəmlərindən birini yaşayıram. Türkiyə ilə aradakı soyuq havanın adamı üşütməməsi mümkün deyil. Ermənistana açılmağa hazırlanan Əlican sərhəd-keçid qapısının hər boyanan teli Azərbaycanla Türkiyə arasındakı qırılması mümkün olmayan bağları gərir.

Şairliyə, poetika-romantikaya daha yer qalmayıb. Hər keçən gün bu soyuqluq küskünlüyə çevrilməkdədi. Artıq gizlətmək, hər şeyi görməzlikdən gəlmək mümkünsüzləşir.

“Türkiyə üçün dövlət maraqları hər şeydən üstündü” deyirlər . Razıyam! Zatən belə olmasaydı, nə orası qosqoca Türkiyə Cümhuriyyəti olardı, nə biz o böyük ölkəyə strateji müttəfiqimiz deyə bilərdik. Bir dövlət üçün hər şeydən öndə heç şübhəsiz ki, onun ÖZ maraqlarıdır.

Amma Türkiyənin Ermənistanla sərhədləri açmasının qardaş dövlətə nə vəd etdiyini 24 saat düşünürəm, bir nəticə hasil olmur ki, olmur.

Əgər bu təlaş ABŞ Konqresinin qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsini qəbul etməsi ilə bağlıdırsa, məncə, heç dəyməz. Yanılmıramsa, dünyanın 18 ölkəsinin qanunverici orqanı bu qətnaməni qəbul edib. Onların arasında Türkiyənin daxil olmaq istədiyi Avropa Birliyinin bel sütunu sayılan Fransa, Belçika, Yunanıstan kimi ölkələrin, senatları, parlamentləri var. Guya nə dəyişib ki? ABŞ Konqresi də olsun 19-cu. O tanıyanların hamısı zatən bu qətnaməni hansı prinsiplərlə qəbul etdiklərini bilmirlərmi? Həm də axı Türkiyə hökuməti bilir ki, ABŞ-a tarixin hansısa küncündə qalmış və heç bir sübutu, faktı olmayan uydurma soyqırımı tanımaqdansa, onu Domokl qılıncına çevirib Türkiyənin başının üstündən asmaq daha sərfəlidir. Türkiyə rəhbərliyi guya bilmirmi ki, bu “soyqırım” ABŞ üçün bitməyən əfsanədir? Hələ PKK var, Əfqanıstan, İraqda əsgər məsələsi həll edilməyib. Türkiyənin qulağının dibində ABŞ-ın həll edilməmiş İran davası dayanır. İsraildə ərəblərə inad daha böyük yəhudi dövləti qurmaq iddiası, Qafqazları nüfuz alanına almaq arzusu var... Hələ bu “erməni soyqırımı” nağılı ABŞ-a çox lazım olacaq... Ya da erməni soyqırımı bitəndə, başqa bir qondarma soyqırım əfsanəsi işə düşəcək. Onda nə olacaq?

Bir də... Ermənilər Türkiyəyə qarşı ərazi və soyqırım iddialarından, Azərbaycanla bağlı işğalçılıq siyasətlərindən vaz keçmədikləri halda bu sərhədləri açmaq elə Türkiyənin ermənilərə “bağışlayın, biz səhv etmişik, üzr istəyirik, buyurun gəlin” deməsi anlamını vermirmi? Ya ABŞ Konqresi və dünyanın digər parlamentləri bu soyqırım uydurmasını bir kağıza çevirib arxivlərinə atdılar, ya da Türkiyə sərhəd qapılarını açıb erməniləri qucaqladı. Nə fərqi var? Hansı daha faciəvidi? Bu “24 aprel” bulmacaları ilə hara qədər gediləcək? 24 aprelin 25 aprelə açılan bir sabahı da olacaq axı. Onda nə deyəcəklər bizə?

Türkiyənin “dövlət maraqları” dedikləri zərurət əgər Ermənistanı Rusiyanın əlindən almaqdısa, bu da çifayda, boşuna çaba xərcləməkdir. Sayın Türkiyə rəsmiləri, Rusiya Ermənistanda hərbi baza saxlayır. Necə ki, ABŞ Türkiyədə öz əsgəri qüvvəsini yerləşdirib. Güc olan yerdə əməkdaşlıq, qapı, tekstil, futbol kimi məsələlər çox adi görünür. Son olanlardan sonra hətta qardaşlıq məsələsini də bu siyahıya əlavə eləmək mümkündür.

Türkiyə Ermənistanı qazana bilməyib Azərbaycanla münasibətləri sərinlətdiyi üçün, Gürcüstanın da hələ kimin müttəfiqi olduğu müəyyənləşmədiyindən demək ki, Qafqaz liderliyi, platforma və s bu tipli məsələlər də tarixin arxivinə gedir. Bu da Türkiyənin növbəti “qazancı”.

Bir də əgər Türkiyə Ermənistanla sərhədləri açsa, bütün erməniləri yedirib doyursa belə, erməni diasporunun türklərə münasibəti dəyişəcəkmi? Həyatda mümkün deyil! Ermənistanı erməni diasporu idarə eləyir, Serj Sarkisyan yox, sayın AKP-lilər!

Və məsələnin ən qaba formasını düşünürəm. Qardaşlıq, strateji müttəfiqlik, ortaq siyasət, sadalaya biləcəyim onlarla mənəvi, siyasi məsələni kənara qoyuram. İndi Türkiyə hökumətinin ölkəsinin bəzi yerlərində əl atdığı və bir təbliğat silahına çevirdiyi “Ermənistan bazarı” adlı səfsəfəyə nəzər salıram. Allah eşqinə, Ermənistan bazarı Azərbaycan iqtisadi bazarı ilə müqayisəyə gəlirmi? O bazarı qazanmağa görə bunca qurbana dəyərmi? Ermənistanda bazar adında, iqtisadiyyat adında nəsə varmı? Kimə söylənilir bu nağıllar?

Bütün suallar, “qapıların açılması Türkiyəyə heç nə vermir” sonucuna gətirib çıxarır. Elə isə nəyə görə atılır bu addım? Niyə verilir bu qədər qurbanlar, bu çatlar niyə yaradılır? Bizi razı salacaq, sakitləşdirəcək hansı açıqlama var? Bunca itirilmiş illər, aparılan mübarizə, sıxıntıların ardından indi Ermənistanın tam da küncə sıxışdırıldığı, faktiki boşaldığı vəziyyətdə uzadılan əlin heç bir məntiqi izahı yoxdur. Kıprıs elə, Kərkük belə, Qarabağa münasibət bu durumda. Bu qurbanlar verildikcə, həm də Türkiyənin dövlət maraqları əldən getmirmi? Bunlardan sonra Türkiyə Qazaxıstanı, Özbəkistanı, Türkmənistanı necə qazanacaq? Necə?

***
Azərbaycanda çox müdhiş birlik yaşanır. Neçə illərdir ki, cinahından, cəbhəsindən asılı olmadan bütün siyasilərin, medianın, QHT-nin bu qədər bir arada olduğunun nümayişini görməmişdim. Amma içimiz yanır. Bu birlik Türkiyənin bir fərdinə qarşı belə olmamalıydı. Bu təpkini biz istisnasız bir yerdə göstərməliydik. Dünyaya əl-ələ görünməliydik, Turan düşmənlərinə birgə sinə gərməliydik.

Çox yaxşı ki, türk xalqı bizimlədi. Türk mediası, siyasiləri, iş adamları hər gün onlarla etiraz bəyanatları, AKP hökumətinə təpki dolu çağırışlar səsləndirirlər. Türkiyə bizimlədi, amma onun bir parçası olan AKP hökuməti haqqında bunu deyə bilmirəm, çox təəssüf!

P.S. Sayın Ərdoğanın məşhur “One munite” ifadəsi Türkiyədə ən dəbdə olan sloqana çevrildi. Doğrudan, “One munite!” Hara gedirsiniz, sayın AKP-lilər? Bizim Türkiyəni hara aparırsınız?

P.P.S. “One munite” necə olur? Ərdoğandan, Güldən, hətta xanım Klitondan da soruşmaq olar...

LENT.AZ

Türkiyəli tələbə: “Sərhədlər açılsa, Türkiyəyə qayıtmacağam!”

Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində aparılan danışıqlar Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb.

Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətləri də bu məsələ ilə bağlı öz etirazını bildirir. Lent.az Bakıda təhsil alan türkiyəli tələbələrin bu məsələ ilə bağlı münasibətini öyrənib.

Murat Bayrak:

- Məncə, Türkiyə Ermənistanla sərhədləri açmalı deyil. Çünki bu Türkiyədə yaşayan azərbaycanlılar üçün və Azərbaycanda yaşayan türk vətəndaşları üçün çətinlik törədə bilər. Mən Türkiyyənin vətəndaşı olaraq sərhədlərin açılmasına “yox” deyirəm.

Özgül Yıldız:

- Türkiyə və Ermənistan arasında sərhədlər qətiyyən açılmalı deyil. Keçmişə baxıldığı zaman sərhədlərin açılması yalnış olar. Əgər sərhədlərin açılması fikrini dəstəkləyən türk varsa, mənim fikrimcə, onu türk adlandırmaq olmaz.

Eyyüb Kadar:

- Sərhədlər açılsa, məncə, bu həm Türkiyə həmdə Azərbaycan üçün bir təhlükə yarada bilər, həm də Türkiyə və Azərbaycanın münasibətlərinə son qoyula bilər. Sərhədlərin açılması heç bir halda düzgün olmazdı.

Anonim:

- Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına Azərbaycan xalqı etirazını bildirir. Türkiyə Azərbaycanın xalqının bu etirazını nəzərə alaraq sərhədlərin açılmasına razılıq verməməlidir.

Anonim:

- Türkiyə ilə Azərbaycan bir millət iki dövlətdir. Əgər sərhədlər açılsa, bu Türkiyənin Azərbaycana qarşı hörmətsizliyi olar. Sərhədlərin açılmasına qərar verilsə, şəxsən mən Türkiyəyə bir daha geri qayıtmayacam.

LENT.AZ

Ermənistanla sərhəd qapıları: Allahın altı, Arazın üstü, Ağrının ətəyi...

O sərhədlər, o sərhəd qapıları barədə nə bilirik?

Qondarma “erməni soyqırımı”nın növbəti ildönümü günündən – aprelin 24-dən əvvəl Türkiyə-Ermənistan sərhədlərinin açılacağı proqnozlaşdırılır. Bəzi mənbələr iki ölkə arasındakı sazişlə sərhədlərin həftədə bir dəfə simvolik açılacağı bildirilir. Ancaq istənilən halda, söhbət Türkiyə-Ermənistan sərhədlərinin açılmasından gedir. İndi hamı bu sərhəd qapılarının açılacağından danışır. Bəs o sərhədlər, o sərhəd qapıları barədə nə bilirik? Lent.az bu barədə apardığı qısa araşdırmanı təqdim edir.
Türkiyə tərəfdə 4 saylı sərhəd daşından başlayıb 148 saylı daşda bitən Türkiyə-Ermənistan sərhədinin ümumi uzunluğu 325 kilometrdir. Türkiyə-Ermənistan sərhədində hazırda qapalı olan iki sərhəd qapısı var: “Əlican Avtomobil yolu sərhəd qapısı“ və “Akyaka Dəmiryolu sərhəd qapısı”.
“Əlican Avtomobil yolu sərhəd qapısı“ əvvəllər Qars şəhərinin bir vilayəti olan İqdırın Əlican kəndindədir. “Akyaka Dəmiryolu sərhəd qapısı” isə Qarsın Akyaka vilayətində yerləşir.

Akyakanın köhnə adı Kızılçakçakdır. Bu səbəbdən də “Akyaka Dəmiryolu sərhəd qapısı”nın əvvəlki adı “Kızılçakçak qapısı” olub. Qarsdan 66 kilometr aralıda olan bu qapı xalq arasında daha çox “Şərq Qapısı” adı ilə tanınır. Ermənilər isə bu qapıya “Ahuryan qapısı” adını veriblər. Yeri gəlmişkən, qapıda dəmiryolundan başqa adi bir kənd yolu da keçir.

Adının gizli saxlanması şərtilə Lent.az-a açıqlama verən İqdır sakini bir sıra maraqlı məlumatlar verib. Onun dediyinə görə, Əlican kəndi təxminən 150-200 evdən ibarətdir: “Əlican, Türet, Qoçqıran və başqa sərhəd kəndlərinin hərəsində bir sərhəd məntəqəsi var. Arazboyu bu kəndlərin əhalisinin təxminən 80%-i şəkər çuğunduru əkməklə məşğul olur. Orada qadağa zonası da var. Ancaq icazə almaqla gündüzlər heyvan otarmağa, yaxud qadağa zonasına gedən heyvanı oradan gətirməyə getmək olar. Bir daha deyim ki, bunun üçün sərhəd məntəqəsindən icazə almaq lazımdır”.

Hər iki tərəfdə postlarla yanaşı, əraziyə nəzarət etmək üçün qüllələr də ucaldılıb. Həmsöhbətimiz sərhəddə məftil olmadığını, yalnız Türkiyə ilə Ermənistan arasındakı Araz çayında suyun az olduğu yerlərdə tələlər qurulduğunu bildirib. Bu tələ donuzlar üçün nəzərdə tutulub. Ətrafdakı donuzlar “sərhədi pozarsa” həmin tələyə düşürlər. Türkiyə tərəfi tələyə düşən vəhşi donuzun ətindən istifadə etmir. Donuzlar üçün nəzərdə tutulan tələyə insanlar da düşə bilər.

Ümumiyyətlə, Türkiyə tərəfində Araz boyunca ov etmək qadağandır. Bu qadağa həm yerli sakinlərə, həm də qadağanın pozulmamasına nəzarət edən Türkiyə sərhədçilərinə aiddir. Lakin Arazın erməni tərəfində hərbçilər də, sakinlər də ov edir.

Əgər bir tərəfdəki əhaliyə məxsus ev heyvanı qarşı tərəfə keçirsə, hər iki komandanlığın iştirakı ilə heyvanlar geri qaytarılır.

Daha bir maraqlı fakt: ərazidə yaşayanların hamısı əslən azərbaycanlı olan türklərdir.

Həmsöhbətimiz Ermənistana, yaxud Türkiyəyə keçmək istəyən sərhəd pozucuları ilə rastlaşmadıqlarını bildirib: “Məlumatım var idi ki, sərhəd pozucuları yalnız 1991-92-ci illərdə olub. Bu da əsasən dizel yanacağının qaçaq yolla daşınmasından ibarət olub”.

Əlican tərəflərdə bir qədər yuxarıya qalxmaqla İrəvanı da görmək mümkündür – yetər ki, hava günəşli olsun. Metsamor Atom Elektrik Stansiyasını (AES) da görmək mümkündür, özü də sözün hər mənasında. Belə ki, Türkiyənin Ermənistanla sərhəd kəndlərinin əhalisi AES-in zərərli şüalarından əziyyət çəkir. Ən çox əziyyət isə Qoçqıran kəndində yaşayanların üzərinə düşür. Belə ki, bu kəndin sakinlərinin əksəriyyəti xərçəng xəstəliyindən dünyasını dəyişir. “Metsamor”un niyə məh Qoçqırana daha çox təsir etməsinə gəlincə, həmsöhbətimiz bunu AES-in həmin kəndlə üzbəüz yerləşməsilə izah edib.

Əraziyə gələn turistlər sərhədçilərdən icazə almaqla sərhəd qapısının önündə şəkil çəkdirirlər. Sərhəd qapısının eni 10 metrdən çoxdur. Hazırda qapı qıfıllıdır...

Türkiyə ilə Ermənistan arasında Araz çayı axır. Çayın üzərində uzunluğu 18 metr olan körpü var. Bu körpünün düz 10 metrlik hissəsi qırmızı rənglə boyanıb, Türkiyəyə aid olduğunu göstərir. Qalan ağ rəngə boyanmış 8 metri isə ermənilərindir. Körpünün hər iki tərəfində müvafiq olaraq Türkiyə və Ermənistanın polis bölmələri var
Türkiyə Ermənistanla sərhəd qapılarını 1993-cü ildə erməni hərbi qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsinə etiraz olaraq qapadıb.
Amerika Erməni Beynəlxalq Komitəsinin (ANCA) açıqlamasına görə, embarqo Ermənistan iqtisadiyyatına ildə 570-720 milyon dollara ziyan vurur. Sərhəd qapıları açılacağı təqdirdə Ermənistanın nəqliyyat xərcləri 30-50% azalacağı, ixracatın ikiqat artacağı, Ümumi Daxili Məhsulun isə 35% artacağı proqnozlaşdırılır.
Dünya Bankı rəsmilərinin açıqlamasına görə isə sərhəd qapılarının açılacağı təqdirdə Ermənistana ümumilikdə 320,3-395,8 milyon dollar fayda verəcək.
Ekspertlərin bildirdiyinə görə, Ermənistanla sərhədin açılmasından Türkiyə iqtisadidən daha çox siyasi sahədə fayda gözləyir. Belə ki, sərhədin açılmasında ən böyük fayda Türkiyə üzərində artan ABŞ və Avropa birliyi təzyiqlərinin azalması olar; “soyqırım” problemi həll olunmasa belə, Türkiyənin Qafqazda sərhəd qonşularından biri ilə “qapalı sərhədlə yaşayır” imici üzərindən götürülər. Türkiyənin tam hüquqlu üzv olması üçün “bütün qonşularla yaxşı münasibətlər qurma”nı şərt kimi irəli sürən Avropa Birliyinə qatılmaq yolunda önəmli bir addım atmış olur. Sərhəd qapılarının başqa bir faydasının isə Ermənistanın Rusiyaya olan bağlılığının və Qərb siyasi düşərgəsinə Türkiyə üzərindən yaxınlaşmasının ola biləcəyi deyilir. Böyük Türkiyə iqtisadiyyatı kiçik Ermənistan iqtisadiyyatını özünə “inteqrasiya” edərək rəsmi İrəvanın Rusiyadan asılılığını aradan qaldıra bilər.

Türkiyənin Ermənistan üzərindəki iqtisadi təsiri rəsmi İrəvanın Azərbaycanla problemlərinin həlli baxımından “təzyiq maşını” olaraq istifadə edə bilər.

Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov mətbuata açıqlamasında Ermənistanın Türkiyə ilə sərhəddəki Əlican sərhəd-keçid məntəqəsində təmir-yenidənqurma işlərinə başladığını bildirib. O deyib ki, hazırda Ermənistan ərazisindəki gömrük-keçid məntəqəsində təmir-tikinti işləri həyata keçirilir, Türkiyə ərazisində isə Əlicana gedən yollar asfaltlanıb.

Pərvin ABBASOV

LENT.AZ

Şeyxülislam Türkiyənin ali dini qurumuna müraciət etdi

Allahşükür Paşazadə: “Biz öz qətiyyətli, birmənalı mövqeyimizi ortaya qoymaq məcburiyyətindəyik”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin rəsmi din qurumu olan “Diyanət işləri başkanlığı”nın sədri Əli Bardakoğluna Türkiyə - Ermənistan sərhədlərinin açılması ilə bağlı müraciət edib. Lent.az-ın “anspress”ə istinadən verdiyi məlumata görə, bütün Qafqazın şeyxi müraciətində, sərhədlərin açılması və iki ölkə arasında diplomatik əlaqələrin bərpa olunacağı barədə söz-söhbətlərin yayılmasının Azərbaycan müsəlmanlarını hədsiz narahat etdiyini deyib.
Allahşükür Paşazadə söhbətin hər bir azərbaycanlı müsəlman üçün həyati əhəmiyyət kəsb edən Qarabağ münaqişəsinin həllinə əsaslı təsir edə biləcək məsələdən getdiyini xatırladıb: “Biz öz qətiyyətli, birmənalı mövqeyimizi ortaya qoymaq məcburiyyətindəyik”.
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının heç vaxt yalnız diplomatik münasibət səciyyəsi daşımadığı, soy, kök, din, dil birliyi kimi mühüm təməllər üzərində bərqərar olunduğunu xatırladan Allahşükür Paşazadə bildirib ki, Azərbaycan xalqı müsəlman aləminin öndər məmləkəti, İslam dininin və onun müqəddəs dəyərlərinin tarixən müdafiəçisi olmuş Türkiyəni belə bir addım atmamağa çağırır, türk-islam dünyasının fəxri olmaq missiyasını bundan sonra da layiqincə davam etdirməsini diləyir.

LENT.AZ

Sərhəd əvvəlcə həftədə bir dəfə açılacaq... Türkiyə-Ermənistan danışıqlarının bəzi detalları üzə çıxıb

Türkiyə ilə Ermənistanın münasibətlərin normallaşması istiqamətində ilkin anlaşmanın imzalamağa yaxınlaşdıqlarına dair yeni bir məlumat yayılıb.
"Hürriyet" qəzeti xəbər verir ki, yaxın zamanlarda imzalanması ehtimal olunan anlaşma mətni Türkiyə ilə Ermənistan arasındakı sərhədin simvolik olaraq həftədə bir dəfə açılmasını nəzərdə tutur. Sərhədlərin tamamən açılması isə danışıqlar başa çatdıqdan sonra mümkün olacaq. Razılaşmada diplomatik əlaqələrin ortaq variantının da əksini tapdığı xəbər verilir. Həmin varianta görə, Türkiyə və Ermənistan diplomatik əlaqələrini Tiflis üzərindən həyata keçirəcək - Ermənistanın Gürcüstandakı səfiri Ankarada, Türkiyənin səfiri isə İrəvanda akkreditə olunacaq.
Türkiyə ilə Ermənistan arasındakı danışıqlarda Azərbaycanın işğal olunmuş 5 rayonunun boşaldılması, enerji sahəsi başda olmaqla 3-4 məsələdə əməkdaşlıq edilməsi ilə bağlı niyyət bəyanatları da müzakirə mövzusudur (Media forum).
Bu arada Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov ANS-ə müsahibəsində bildirib ki, İqdırda və Ermənistanın Türkiyə ilə həmsərhəd keçid məntəqələrində binalar təmir olunur və yollar abadlaşdırılır. Baş konsuluun sözlərinə görə, Qars və İğdır əhalisi sərhədlərin açılma səbəbini anlamır və bundan ciddi narahatlıq duyurlar:"Əhali sərhədlərin açılmasının əleyhinədir".
Türk Tarix Qurumunun keçmiş rəhbəri, professor Yusuf Halaçoğlu isə hesab edir ki, Türkiyə-Ermənistan sərhədini açmağa heç bir hökumətin gücü çatmaz. "Ermənistanla sərhədlərin açılması sadəcə Türkiyənin məsələsi olmadığına görə, burada Azərbaycanın bir kənarda tutulmasından söhbət gedə bilməz. Diplomatik həmlələrin çox normal şəkildə qəbul edilməsi lazımdır",-deyə professor APA-ya açıqlamasında bildirib.
O, problemin müzakirələr yolu ilə həll edilməsinin son dərəcə vacib olduğunu bildirib: "Təbii ki, Azərbaycan torpaqları işğal altında qaldığı müddətdə heç kim Türkiyənin sərhədləri açacağını gözləməməlidir. Bu, Türkiyədə ictimaiyyətin çox sərt reaksiyasına səbəb olar. Hökumətin də bu işi görə biləcəyini zənn etmirəm. Ona görə də narahatlığa əsas yoxdur. Azərbaycanın bu məsələlərlə bağlı Türkiyə ilə ciddi müzakirələr aparmasında fayda var. Bu, Azərbaycan və Türkiyədən başqa ABŞ-ı da yaxından maraqlandıran bir məsələdir. ABŞ Qafqazda sabitliyə nail olunması baxımından indiyə qədər əldə edilmiş razılaşmalara Ermənistanın da daxil edilməsini istəyir və Türkiyədən bəzi şeylər tələb edir. Burada ən önəmli məsələ budur - işğal altında olan Azərbaycan torpaqları tamamilə azad edilib Dağlıq Qarabağ əvvəlki statusuna qaytarılmadan heç bir saziş imzalamaq mümkün olmayacaq".
Yusuf Halacoğlu bir neçə gün əvvəl Qars bölgəsində söylədiyi sözləri bir daha təkrarlayıb: "Mən orada sərhədlərimizin bizim namusumuz olduğunu təkrarladım. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadıqca bölgədə sülh olmayacaq. Çünki o vaxt hər kəs başqa ölkənin torpağını işğal edər və iş bitib gedər. Bu məntiqlə yanaşsaq, Türkiyə də gedib Ermənistanı işğal edər. Ona görə də sərhədlərə hamı hörmət etməlidir. Biz qondarma "soyqırım"ı qəbul etməyəndən sonra Ermənistan istədiyi qədər bizə böhtan ata bilər. Bizim sərhəddimzi də qəbul etməyə bilər. Çünki Ermənistanın bizim sərhədlərimizi dəyişdirməyə gücü yoxdur. Bütün dünya bizim sərhədlərimizi qəbul edərkən, Ermənistan qəbul etməsin, guya nə olacaq ki? Ona görə də Ermənistan xoşluqla işğal etdiyi torpaqlardan çəkilməlidir. Ondan sonrakı müzakirələr daha asandır".
Bu arada, ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri ilə bağlı dəyərləndirmələr davam edir. Politoloq Zərdüşt Əlizadənin fikrincə, Ankaranın Vaşinqtonla əlaqələrinin gücləndirilməsi Azərbaycanın xeyrinədir. "Sadəcə bu xeyri dərk eləmək və bundan düzgün istifadə olunmaldır",-deyə politoloq "Ekspress"ə açıqlamasında bildirib. Obamanın Azərbaycan prezidentinə zəng etdiyni xatırladan Əlizadə bəzi siyasi dairələrin vəziyyəti düzgün qiymətləndirmədiyi fikrindədir: "Əslində biz Obamannı Türkiyəyə uğurulu səfərindən sevinməliyik. Amerika prezidentinin sözlərinə görə, Türkiyə Amerikanın İslam dünyasında ən yaxın müttəfiqinə çevrilib. Bu müsbət hadisədir".
Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırmasına gəlincə isə, Əlizadə deyir:"Hər bir dövlət çalışır ki, qonşuları ilə münasibətləri normallaşdırsın. Münaqişə həll olunduqdan sonra Azərbaycanla Ermənistanın münasibətləri də normallaşacaq. Bu qaçılmazdır. Heç bir dövlət başqa bir dövlətlə əbədi düşmən ola bilməz".
Millət vəkili Fəzail Ağamalı da Türkiyənin regionda mövqeyinin güclənməsinin Azərbaycanın milli maraqlarına uyğun olduğunu deyir. Lakin "Amerikanın siyasəti Türkiyə-Ermənistan sərhədlərinin açılmasına hesablanıbsa, bu səfər barəsində nikbin deyiləm".
Ağamalı Türkiyəyə qarşı kampaniyanın əleyhinə olduğunu bildirib:"Türk cəmiyyəti, Türkiyə dövləti başqadır, bu gün hakimiyyətdə olan iqtidar başqadır. Bunları eyniləşdirmək lazım deyil".
X.Rüstəm
B.Nərimanoğlu

Türkiyə parlamentində sərhəd məsələsinə görə dava düşdü

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komissiyasında Ermənistanla sərhədlərin açılması məsələsi ilə bağlı müzakirələr aparılıb.



Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müzakirələr zamanı millət vəkilləri arasında ciddi mübahisələr olub. Komissiyanın müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan üzvləri sərhədlərin açılmasına etiraz ediblər.



CHP-dən olan millət vəkilləri “Ermənistan Azərbaycana təcavüzünü dayandırmadan, işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmadan, qondarma “soyqırımı” iddialarından vaz keçmədən, Türkiyənin ərazi bütövlüyünü tanımadan sərhədlər açılmamalıdır”, - deyə bildiriblər.



Deputat Canan Arıtman “AKP tələsik sərhədləri açmaq istəyir, Azərbaycanı küsdürmək olmaz”, - deyib.



Onlar bununla bağlı hazırladıqları layihənin komissiyada səsverməyə çıxarılmasını istəyiblər. Komissiyanın sədri Murad Mərcan isə belə bir səlahiyyətinin olmadığını deyib. Onlara MHP millət vəkilləri də dəstək verib. Millət vəkilləri israrından sonra komissiya sədri əsəbiləşərək iclası tərk edib.





İclasda xarici işlər naziri Əli Babacanın komissiyanın gələn iclasına qatılmasına qərar verilib.

6 Nisan 2009 Pazartesi

Obama: “Ermənistan məsələsində Türkiyənin mövqeyi önəmlidir”

“ABŞ-ın bu məsələni başqa yerə yönəltməsini istəmirəm”

ABŞ prezidenti Barak Hüseyn Obama Ankarada görüşlərə başlayıb. Lent.az-ın məlumatına görə, ABŞ prezidenti Anıtqəbri ziyarət edəndən sonra türkiyəli həmkarı Abdulla Güllə görüşüb. Görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər. Jurnalistlərin qondarma “erməni soyqırımı” ilə bağlı sualını cavablandıran Obama “mənim bu barədə fikirlərim məlumdur, qərarım dəyişməyib”, - deyib.

“Amma məni ən çox həyəcanlandıran odur ki, Abdulla Gülün liderliyi ilə Ermənistanla müzakirələr aparılır. Mən də bu müzakirələri izləyirəm, bunlar qısa müddətdə bəhrəsini verəcək” – Obama əlavə edib.

ABŞ prezidenti bundan sonra öz fikirlərinə yox, Türkiyənin mövqeyinə əhəmiyyət vermək istədiyini deyib: “Bütün diqqətimi Türkiyənin mövqeyinə yönəltmək istəyirəm. Bu məsələdə irəliyə gedən yolun qısa müddətli olmasına çalışıram. ABŞ-ın nə edəcəyi barədə heç nə demək istəmirəm. İstəyirəm ki, prezident Gülə indiyədək uğurla davam edən müzakirələrdə yardım edim. ABŞ-ın bu məsələni başqa yerə yönəltməsini istəmirəm”.

Obama terrorla mübarizəyə dair sualları “PKK bizim də terrorçu siyahımızdadır, biz Türkiyə ilə dost olmaqdan heç vaxt vaz keçməmişik, istəyirəm bu əlaqələri daha da inkişaf etdirək. Türkiyəyə terrorla mübarizədə lazım olan dəstəyi verəcəyik, terrorçuluq heç bir şəkildə qəbul edilməz”, - şəklində cavablandırıb.

LENT.AZ

Gürcüstan və Ermənistan strateji münasibətlər barədə müqavilə imzalayacaqlar.

Gürcüstan və Ermənistan strateji münasibətlər barədə müqavilə imzalayacaqlar.

Lent.az-ın “Qruziya online” saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan xarici işlər naziri Qriqoll Vaşadze bildirib.

O, müqavilənin yaxın vaxtlarda imzalanacağını vurğulayıb: “Ermənistanla strateji münasibətlər bizim yeni xarici siyasət strategiyamızın tərkib hissəsi olacaq”.

Hazırda ekspertlər 2009-2010-cu illər üçün nəzərdə tutulan yeni sənəd hazırlayırlar. Qeyd edək ki, Gürcüstan bundan əvvəl ABŞ, Türkiyə, Ukrayna və Azərbaycanla analoji müqavilələr imzalayıb.

LENT.AZ

Türkiyədə səfərdə olan ABŞ prezidenti Barak Obama Böyük Millət Məclisində çıxış edib.

APA-nın xəbərinə görə, B. Obama ABŞ prezidenti qismində ilk dəfədir bir ölkəyə rəsmi səfər etdiyini vurğulayaraq iki dövlət arasında dostluq və müttəfiqliyi möhkəmləndirmək istədiyini deyib:

“Türkiyə Amerikanın önəmli müttəfiqi, Avropanın önəmli bir parçasıdır. Mən bu səhər Türkiyə Respublikasının qurucusu olan Atatürkün məzarını ziyarət etdim və o mavzoleydən çox təsirləndim. Çünki Atatürk tarixi dəyişdirən liderdir. Amma daşdan və mərmərdən inşa edilmiş heç bir abidə onun mirası ola bilməz. Atatürkün ən böyük mirası Türkiyənin dünyəvi və canlı demokratiyasıdır. Bu günlərə asanlıqla gəlinməyib. Birinci Dünya Müharibəsinin sonunda Türkiyə asanlıqla təslim ola, yaxud imperiyanı davam etdirə bilərdi. Amma Türkiyə fərqli bir yol seçdi. Xaricilərin nəzarətindən çıxaraq respublika qurdu, Amerikada və Avropada hörmət qazandı. Demokratiya sizin öz uğurunuzdur və kənardan gətirilməyib. Türkiyə keçmişinin uğurlarından və yeni nəslin fəaliyyətindən güc alıb. Bir basketbol azarkeşi olaraq Amerikada oynayan Hidayət Türkoğlu və Mehmet Okurun uğurlarını da qeyd etmək istərdim”.

B. Obama ABŞ-da vaxtilə quldarlıq quruluşunun mövcud olduğunu xatırladaraq bildirib ki, hər ölkə öz keçmişi ilə barışmalıdır: “Tarix faciəvi gerçəklərlə doludur. Amma keçmişdəki məsələlər həll edilməsə, yük kimi daim çiyinlərimizdə qalacaq. 1915-ci ildə baş vermiş hadisələr mənim yox, ermənilərlə türklərin birgə həll edəcəyi məsələdir. Bu istiqamətdə atılan cəsur addımları görürük. Sərhədlərin açılması türk və erməni xalqlarının sülh, rifah içində yaşamasına gətirib çıxarar və hər iki ölkənin mənafeyinə uyğun olar. Qarabağda uzun müddətdir davam edən problemin həlli istiqamətində də addımlar atılmalıdır”.

B. Obama İranı nüvə silahı yaratmaq cəhdindən vaz keçməyə çağıraraq bu ölkənin seçim qarşısında olduğunu söyləyib: “İran seçim etməlidir: ya sülh və təhlükəsizlik, ya da silahlar”. Onun sözlərinə görə, heç bir ölkəyə qarşı terrora bəhanə tapmaq, haqq qazandırmaq mümkün deyil: “PKK-nı və digər terror təşkilatlarını dəstəkləmirik”. Müsəlman dünyası ilə əlaqələri genişləndirmək istədiklərini vurğulayan B. Obama bəyan edib ki, ABŞ islamla savaşda deyil, olmayıb və olmayacaq.

LENT.AZ

Azərbaycan ziyalıları Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə məlumatlarla bağlı Türkiyə aydınlarına müraciət qəbul edi

Azərbaycan ziyalıları Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə məlumatlarla bağlı Türkiyə aydınlarına müraciət qəbul ediblər.

APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Azərbaycan ziyalıları Türkiyə Cümhuriyyətinin Orta Şərq və Qafqaz regionunda sülhün, mehriban qonşuluğun və əmin-amanlığın bərpasına yönəlmiş böyük diplomatik-siyasi səylərini diqqətlə izləyirlər: “Qafqazda sabitliyin təmin olunması məqsədilə rəsmi Ankaranın xüsusi təkliflər raketi hazırlaması bu cəhətdən ümidlərimizi xeyli artırıb. Lakin reallıq bundan ibarətdir ki, Ermənistan ümumbəşəri dəyərlərin, eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsiplərinin, beynəlxalq hüquq normalarının tam ziddinə olaraq Azərbaycan ərazisinin 20 faizini işğal altına alıb, həmin ərazilərdə etnik təmizləmə aparıb, tarixi və mədəni abidələri məhv etməklə regionun mədəni simasını dəyişib, Qarabağda qeyri-qanuni məskunlaşdırma prosesini həyata keçirib, ərazinin təbii sərvətlərini istismar etmiş və beynəlxalq nəzarətdən kənarda qalan regionda transmilli cinayətkarlıqlar üçün şərait yaradıblar”.

Müraciətdə bildirilir ki, Ermənistanın hakimiyyəti Türkiyə rəhbərliyinə zahirdə xoş məram ifadə edən vədlər versə də, mahiyyət etibarilə bütün Türk dünyasına qarşı özünün şər-böhtan kampaniyasını davam etdirir: “Bununla bağlı Türkiyənin hakim dairələrində kifayət qədər məlumatın olduğuna əsla şübhə etmirik. Neçə illərdir ki, Türkiyə məhz bu səbəblərdən Ermənistanla diplomatik əlaqələr yaratmayıb və sərhədlərin açılmasına hər hansı şəkildə razılıq verməyib. Azərbaycan dövləti və cəmiyyəti isə qardaş Türkiyə ilə əl-ələ verərək Qafqazda tarixi ədalətin bərpa olunacağına ciddi surətdə inandığı üçün onun bu etibarı ilə indiyədək fəxr edib. Bütün bunlarla yanaşı, son vaxtlar Türkiyə hökumətinin Ermənistanla sərhədləri açacağı ilə bağlı kütləvi informasiya vasitələrində aramsız olaraq məlumatların yayılması biz Azərbaycan ziyalılarında haqlı narahatlıq doğurur. Belə bir ehtimalın gerçəkləşə bilməsini türk xalqının milli maraqlarına və ümumən Türk dünyasının mənafeyinə büsbütün zidd bir hal kimi dəyərləndiririk. Biz Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının yolverilməz olduğunu bildirir və hesab edirik ki, yarandığı dövrdən bəri davamlı şəkildə qonşu dövlətlərin ərazilərinə qarşı iddialar irəli sürən, uzun müddətdir Azərbaycanın torpaqlarını işğal altında saxlayan və oranı tərk etmək fikrindən də uzaq olan, siyasi spekulyasiyalara əl ataraq hətta türk xalqına qarşı qondarma “soyqırım” iddiaları irəli sürən, PKK terror təşkilatına canlı qüvvə və silahla hər cür yardım göstərərək Türkiyə Cümhuriyyətini daxildən parçalamaq kimi məkrli niyyət güdən Ermənistanla Türkiyə arasında əlaqələrin qurulması, ən nəhayət, on minlərcə türkün qanını axıtması ilə öyünən erməni rejiminə münasibətdə birtərəfli qaydada güzəştli davranış türk millətinin tarixi ənənələrinə və mənəvi dəyərlərinə hörmətsizlik olardı. Qətiyyətlə söyləmək olar ki, bu güzəşt Ermənistanın Türkiyəyə qarşı iddialardan geri çəkilməsinə heç bir təsir göstərməyəcək. Eyni zamanda Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası tərəfindən bu cür addımın atılması “bir millət – iki dövlət” prinsipi ilə ifadə edilən doğma münasibətlərə mənfi təsir göstərə bilər”.

Azərbaycan ziyalıları müraciətdə ərazi ekspansiyasını dövlət siyasətinin tərkib hissəsinə çevirmiş Ermənistanla sərhədlərin açılmasına və münasibətlərin yaradılmasına qəti etiraz etdiklərini bildiriblər: “Bu cəhdləri türk xalqının iradəsinin ziddinə atılmış addım və Türkiyə ilə tarixi qardaşlıq münasibətlərinə ciddi zərbə kimi qiymətləndiririk. Biz dil, din və mədəni dəyərlər baxımından son dərəcə yaxınlığı ilə seçilən, tarixən olduğu tək bu gün də Azərbaycanla eyni mövqedə dayanan Türkiyəni Ermənistanın işğalçılıq siyasətinə münasibətdə indiyə qədər nümayiş etdirdiyi obyektivliyi və prinsipiallığı bundan sonra da qoruyub saxlamağa çağırırıq! Ümidvarıq ki, Türkiyə hökuməti məsələyə həssas və diqqətli davranacaq, Türk dünyasının ümumi mənafeyinə və maraqlarına uyğun addım atacaq”. Müraciəti Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları və Azərbaycan Yazıçılar Birliyinin üzvləri imzalayıb.

LENT.AZ

Türkiyədə Ermənistanla sərhədlərin açılmasına qarşı internet-kampaniya başlayıb

Türkiyədə Ermənistanla sərhədlərin açılmasına qarşı internet-kampaniya başlayıb


Türkiyədə Ermənistanla sərhədlərin açılmasına qarşı çıxanlar internet-kampaniyaya başlayıblar. APA-nın məlumatına görə, http://www.turkiye-ermenistan-kapilar-acilmasin.org/index.htm elektron ünvanında keçirilən kampaniyaya artıq minə yaxın insan qoşulub.

Kampaniyaya qoşulan insanlar Türkiyə prezidenti Abdullah Gül, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan və digər ölkə rəsmilərinə müraciət qəbul ediblər.

Müraciətdə bildirilir: “Son günlər Ermənistan ilə sərhədlərin açılması ehtimalı media və bəzi qeyri-hökumət təşkilatları tərəfindən gündəmə gətirilməkdədir. Aşağıdakı həqiqətləri nəzərə alaraq bu ehtimalı bir daha dəyərləndirməyi düşünürük. Türkiyə Ermənistan ilə münasibətləri yaxşılaşdırmaq üçün addım atarkən qarşı tərəfdən heç zaman analoji reaksiya verilməyib. Futbol diplomatiyası ilə qeydə alınan birtərəfli yaxınlaşma belə erməni rəsmilərinin öz siyasətlərindən imtina etməyəcəkləri barədə bəyanatları ilə nəticələnib. Ermənistan hələ də Türkiyənin ərazi bütövlüyünü tanımayıb və Ağrı dağını rəsmi sənədləşmələrdə milli simvol kimi istifadə etməkdədir.
Türkiyə-Ermənistan yaxınlaşması Dağlıq Qarabağ münaqişəsi səbəbilə Türkiyə-Azərbaycan münasibətlərinə böyük zərər vura bilər. Türkiyənin xarici siyasəti 17 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın lehinə nizamlanmasını şərt olaraq irəli sürməsi sadəcə Azərbaycanın təbii ehtiyatları və bu ölkə ilə ticarət həcminin artmasından irəli gəlmir. Bu, “bir millət, iki dövlət olan” Türkiyə və Azərbaycanın tarix boyunca bir-birilərinə dəstək verməsindən irəli gəlir. Əgər qardaşlığı bir kənara qoysaq, Türkiyə bu addımı müəyyən qazanc naminə edirsə, o zaman Azərbaycanla münasibətlərdən əldə edilən üstünlüklər daha çoxdur. Çoxlu neft və qaz ehtiyatları olan, Mərkəzi Asiyaya qapı rolunu oynayan Azərbaycan Türkiyə üçün daha önəmlidir. Ermənistanın isə Türkiyəyə verə biləcəyi pozitiv heç nə yoxdur.
Çanaqqala savaşında Azərbaycanın Türkiyəyə qızıl, pul və hərbi yardım göstərdiyini hamımız bilirik. Təbii müasir dövrümüzdə Türkiyənin Azərbaycana verdiyi dəstəkləri də bilir və unutmuruq. Bu günə qədər Türkiyə beynəlxalq platformalarda həmişə Azərbaycanı dəstəkləyib. Mediada “sərhədlər qondarma “erməni soyqırımı” ABŞ Konqresində qəbul olmasın deyə açıla bilər” kimi fikirlər yer almaqdadır. Bu il Azərbaycanı itirən Türkiyə gələn il “erməni soyqırımı” tanınmasın deyə nəyi və nələri qurban verəcək.
Biz Türkiyənin Azərbaycanın Dağlıq Qarabağ məsələsində tənha buraxacağına inanmırıq və Türkiyə-Ermənistan sərhədlərinin Ermənistanın Dağlıq Qarabağda işğalı aradan qaldırılana qədər açılmayacağını düşünərək bu müraciətə imza atırıq”.

LENT.AZ