azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Nisan 2009 Cuma

XALQDAN AKP İQTİDARINA XƏBƏRDARLIQ

Üfüqdə yeni bir hökuməti müəyyən etmək üçün erkən seçkilər ehtimalı görünür


DAŞQIN


Martın 29-da keçirilən seçkilərin nəticələri bəlli olduqdan sonra Türkiyə üçün yeni bir mərhələnin, yeni bir dönəmin başlanğıcı barədə mübahisələr qızışır. Qardaş ölkə bu seçkilərin nəticələrinin Türkiyənin gələcəyi baxımından hansı məna daşıdığını müzakirə edir. Bu müzakirələr, ölkənin gələcək siyasi perspektivi barədə irəlidə ətraflı təhlillər aparılacaq. İndi isə yenicə başa çatan bu seçkilərin bir növ xronikasını təqdim edirik.
Öncə onu qeyd edək ki, Türkiyədəki bələdiyyə sistemi bizdəkindən tamam fərqli mahiyyət daşıyır. Türkiyə siyasi sistemində dünya təcrübəsində olduğu kimi, daha məqbul və daha səmərəli, müstəqil ictimai institut fəaliyyət göstərir. Bu sistemdə bələdiyyə sədri seçildiyi ərazinin bütün idarəetməsini həyata keçirir. Yəni, məsələn, əyalət mərkəzinin bələdiyyə sədri bir növ bizim icra hakimi səlahiyyətlərinə sahib olur. Amma o, təyinatla deyil, seçki yolu ilə iş başına gəlir. Bu şəxs hansısa partiyanı təmsil edirsə, onun fəaliyyəti və reytinqi həm seçildiyi ərazidə, həm də ölkə miqyasında mənsub olduğu partiyanın reytinqinə təsir edən çox mühüm amildir. Partiyanın nüfuz və reytinqi ilə birbaşa bağlı olan bir amilə isə kifayət qədər həssas və ciddi yanaşılacağı qaçılmazdır.
Bu seçkilərdə eyni zamanda bir növ əyalətin öz parlamenti olan əyalət məclisi üzvlərinin də seçilməsi təmin olunur.
Həmçinin bütün bələdiyyələrin (il, ilçə, bəldə (müvafiq olaraq, əyalət, bölgə, məhəllə) bələdiyyə məclisi heyəti təyin olunur ki, bu da, məsələn, mərkəzi əyalət anlamında bizim icra hakimiyyəti aparatı heyəti deməkdir.
Partiyalar spektrində mühüm əhəmiyyətə malik olan bu seçkilərin ölkənin ümumi mənzərəsində böyük əhəmiyyət kəsb etməsi, bütün ölkənin idarəçiliyini həyata keçirən hökuməti təyin etməsindəki rolu şübhəsizdir. Türkiyə siyasi həyatında bələdiyyə seçkilərini (yerəl seçim) qazanan partiyaların sonrakı parlament seçkilərini (gənəl seçim) də qazanıb iqtidar olduqları, seçkilərdə məğlub olanların sonrakı ümumi seçkilərdə məğlub olduqları faktları var.
Bu seçkilərdə 19 partiya iştirak edirdi. Seçkilərin vektorunu isə hakim Ədalət və Kalkınma Partiyası (AKP), ana müxalifət - Cümhuriyyət Xalq Partiyası (CXP), həmçinin Milliyyətçi Hərəkat Partiyası (MHP), qismən də etnik kürd milliyyətçilərin qurduqları Demokratik Toplum Partiyası (DTP) və Ərbakanın fəxri lideri olduğu "Səadət" partiyası təşkil edirdi. Amma əsas etibarilə mübarizə AKP, CXP və MHP arasında gedirdi. Böyük şəhərlərdə çox ciddi bir yarış var idi.
İstanbul - Ərdoğanın alınmaz qalası
Ölkənin döyünən ürəyi, ən əsas strateji mərkəzi - İstanbuldakı mübarizə təbii olaraq xüsusi əhəmiyyət kəsb edir. Burdakı mübarizə ölkənin iki əsas partiyası - AKP və CXP arasında gedirdi. Öncə onu deyək ki, bu şəhərdə hakim partiyanın namizədinin rəqibi təkcə bu namizədlə deyil, həm də 1989-94-cü illərdə İstanbulun bələdiyyə sədri olaraq həm şəhərdə, həm də bütün ölkə miqyasında populyarlaşan Rəcəb Tayyib Ərdoğanla da mübarizə aparmağa məhkumdur. Yəni İstanbulda AKP-nin gücü birbaşa Ərdoğanın gücüdür və onun gücünü üstələmək də hazırkı dövrdə müşkül məsələdir.
İstanbulda hakim partiya qarşısına iddialı çıxa bilən yeganə namizəd son zamanlar hökumətin müəyyən korrupsiya və maxinasiyalarını aşkara çıxarmaqla və xalqa xitab edən üslubuyla böyük bir fiqura çevrilən Kamal Kılıcdaroğlundan başqası ola bilməzdi. Başqa sözlə, əslində CXP İstanbulda hakim partiya qarşısına ölkə siyasətçiləri arasında qalib gəlmə imkanı ən güclü olan bir namizəd çıxardı. Təkcə onu demək kifayətdir ki, müşahidələr göstərir ki, hakim partiyadan alınması olduqca müşkül olan İstanbula hazırkı müxalifət liderlərinin özləri belə namizəd kimi çıxsaydılar, yəqin ki, onlar belə hazırda Kılıcdaroğlunun toplaya bildiyi elektorat və reytinqi toplaya bilməzdilər. Kılıcdaroğlu bu seçkidə 37 faiz səs topladı və partiyası CXP-nin ölkə üzrə səs faizinin artmasına çox ciddi təkan verdi (İstanbuldakı seçici ölkə seçicilərinin 22-23 faizini təşkil edir).
Önəmli olan odur ki, artıq bundan sonra Türkiyə siyasət meydanına ikinci Ecevit yürüşü başlayır. Bu, politoloq və şərhçilərin fikirlərinin birləşdiyi bir nöqtədir. Çünki Kılıcdaroğlunun xalqa xitab edən, sadə, dürüst, əyriliyə, saxtakarlığa qarşı amansız düşmən obrazı artıq türk xalqının şüuraltına həkk olunub.
Ankarada "üçbaşlı" mübarizə
Paytaxt Ankarada üç əsas partiyanın - AKP, CXR və MHP-nin namizədləri arasında kritik bir "savaş" var idi. Ölkənin bütün solunun birləşdiyi bir mübarizə mərkəzi olan Ankarada solun vahid namizədi, vaxtilə baş nazir müavini və xarici işlər naziri də işləmiş Murad Karayalçın hakim partiyadan olan və indiyə qədər üçüncü bələdiyyə başqanlığını yaşayan Məlih Gökçəyə qarşı ciddi bir mübarizə aparırdı. Əvvəllər (1989-94-cü illər) Ankara bələdiyyəsinin sədri olmuş Karayalçın son iki seçkidə namizədliyini vermiş (1999, 2004), lakin hər dəfə çeşidli amillərin təsiri ilə Gökçək qalib çıxmışdı.
Ancaq bu dəfə durum fərqli idi. Belə ki, əvvəlki seçkilərdə Karayalçın əsas etibarilə sol qüvvələrin parçalanması və rəqibinin bütün sağ-mühafizəkar elektoratı öz arxasına almasıyla məğlub olmuşdu. Bu dəfə isə əksinə, sol qüüvələr seçkiyə vahid şəkildə, sağ qüvvələr isə Gökçəkdən başqa digər bir güclü namizədlə (MHP-dən olan Mansur Yavaşla) seçkiyə gedirdilər. M.Yavaş da əyalətdə iki dəfə ilçə (əyalətin özü də bölgələrə ayrılır ki, bunun da adı ilçədir) başqanlığı dönəminin nəticəsi olaraq çox ciddi bir bələdiyyəçi kimi tanınır və əyalətdə böyük nüfuza malikdir. O bu amilin köməyi, həmçinin Gökçəyin reytinqinin düşməsi ilə namizədliyi elan olunandan etibarən başqanlıq yarışının vektoruna girə bilmişdi və Ankaradakı seçkilərin, belə desək, açar namizədi hesab olunurdu. Belə bir ciddi əyaləti itirməmək üçün mümkün olan və olmayan hər şeyi edən hakim partiya Ankara üçün çox "tər tökdü". M.Gökçək, belə desək, min oyundan çıxması ilə, rəqiblərinə qarşı ən müxtəlif "qara piar" oyunlarıyla və inzibati resurslarla nəticəni öz xeyrinə başa çatdırdı.
İzmirin dünyəviliyi
Əhalisinin sayına görə Türkiyənin üçüncü, urbanizasiya səviyyəsi baxımından isə İstanbuldan sonra ikinci şəhəri İzmirdə ölkənin ümumi mənzərəsindən tamam fərqli bir vəziyyət var. Bir sıra bəlli amillərin təsirilə hazırda dünyəvilik zehniyyəti və təfəkkürünün möhkəm hopduğu, Türkiyədə dünyəviliyin əsas mərkəzi hesab olunan və Egey dənizinin sahilində yerləşən bu şəhərdə CXP-nin böyük tərəfdar ordusu var. Yəni CXP-də kim sədr olursa-olsun, hətta bu partiya marginal bir təşkilata çevrilsə belə, İzmir dünyəvilik ünsürlərinin ən qatı daşıyıcısı olan bu partiyanı, belə desək, hər zaman dəstəkləməyə "təminatdır". CXP-nin yenidən namizəd göstərdiyi hazırkı İzmir bələdiyyəsinin sədri Əziz Qocaoğlunun qarşısına AKP ciddi namizəd çıxarmağa heç meyil etmədi və yalnız əvvəlki seçkilərdəki namizədini təkrar çıxarmaqla kifayətləndi.
Amma seçkidən bir neçə ay əvvəl Ərdoğan AKP yetkililərinin qarşısına İzmirdə qalib gəlmək tapşırığını qoymuşdu. 2007-ci il parlament seçkilərində məhz İzmir seçicilərinin hesabına CXP səslərinin sayını artırmış, AKP ilə səs nisbətini azaltmağa nail olmuşdu. Bu fakt, təbii ki, AKP-yə İzmirdə siyasi vəziyyəti öz xeyrinə dəyişməyi diqtə edirdi. Amma Ərdoğanın "İzmiri alacağam" ifadəsi əks-reaksiya verdi və bir sıra digər amillərin təsirilə AKP bu şəhərdəki seçkiyə nəinki iddialı girə bilmədi, əksinə, getdikcə CXP ilə aradakı fərq böyüdü və nəticədə də CXP İzmirdə indiyə qədər olmayan bir nisbətlə - 25 faiz fərqlə qalib gəldi.
Ölkənin böyük şəhərlərindən olan, ölkə sənayesinin lokomotivlərindən sayılan Bursada hakim partiyadan bələdiyyə başqanının yerinə başqa bir namizəd göstərildi. Bu şəhərdə CXP-nin namizədi uğurlu olsa da, ümumi potensialın böyük olmaması, şəhərin güclü sağ təmayülü və digər sağ partiyaların zəifliyi və sağ elektoratın AKP-yə meyli hakim partiyanın qələbəsini şəksiz etdi. Çox güclü olduğu bu əyalətdə hakim partiya yenidən mərkəzi bələdiyyəni böyük fərqlə qazandı.
Türkiyənin digər böyük sənaye mərkəzi Kocaelidə də eyni vəziyyət vardı. Sağ təmayülün gücü və vahid mərkəzdə toplanması AKP-nin qələbəsini təmin etdi.
Ölkənin cənubundakı Aralıq dənizi sahilində yerləşən və cənub paytaxtı hesab olunan Adanada isə vəziyyət çox fərqli idi. 2004-cü ildə AKP-dən seçilən (4-cü sədrliyini yaşayan və hər dəfə başqa partiyaya keçən) mövcud bələdiyyə başqanı Aytac Durakı hakim partiya artıq bu işdə "qocalması" səbəbiylə (və bəlkə başqa səbəblərlə) təkrar namizəd göstərmədi və o da dərhal digər partiyaya - MHP-yə keçərək bu partiyadan seçkiyə girdi. MHP-nin bu şəhərdəki müəyyən elektoratı ilə onun şəxsi reytinqi üst-üstə gəldikdə əsas rəqib olan AKP-nin gücünü üstələyən bir güc ortaya çıxdı. Burada CXP-nin namizədinin də yarışa ortaq olması durumu mürəkkəbləşdirirdi. Lakin MHP namizədi qələbəyə daha yaxın görünürdü və sonda da qalib gəldi.
Başqa bir Aralıq dənizi şəhəri, CXP sədri Dəniz Baykalın doğulduğu Antalyada AKP keçən seçkilərdə qalib gəlmiş və heç də uğursuz qəbul edilməyən mövcud bələdiyyə sədrini yenidən namizəd göstərmişdi. AKP-nin qarşısına bölgədəki Akdəniz universitetinin keçmiş rektorunu (iqtidarla, daha doğrusu, prezident Abdulla Güllə bir hesablaşması olan şəxsi) namizəd kimi çıxaran CXP-nin keçən seçkilərdə itirdiyi bu şəhəri geri almaq potensialı var idi. Mövcud potensial zəminində effektiv təbliğat kampaniyası və bu seçkilərdə ana elementlərdən olan narazı elektoratın iqtidar əleyhinə vahid mərkəzdə birləşməsi ilə CHP namizədi qalib gəldi.
Ərdoğanın "almaq" istədiyi ikinci şəhər - Diyarbəkirdə də AKP uduzdu. Ölkənin cənub-şərqinin bir növ mərkəzi hesab olunan, əsas etibarilə kürdlərin yaşadığı bu şəhərdə Demokratik Toplum Partiyasına (DTP) qarşı yalnız AKP "bir şey etməyə" çalışırdı. Ərdoğan bu şəhərdəki yerli idarəçiliyi qazanmaqla bəlli məsələlərin balansının dəyişməsi ehtimalını nəzərə alaraq bir neçə ay öncə qələbə üçün əllərindən gələni etməyə çalışacaqlarını bəyan etmişdi. Amma sonralar cərəyan edən olayların meydana gətirdiyi konyunktur fərqli idi. Kürdlərin mütləq əksəriyyəti təşkil etdiyi bu şəhərdə etnik kürd milliyyətçilərinin qalib gəlməsini önləmək olduqca müşkül görünürdü və təxminən 35 faiz fərqlə DTP namizədi yenidən seçildi.
Ümumi olaraq onu demək olar ki, keçən bələdiyyə seçkilərində 81 əyalətdən 58-ni, o cümlədən 16 böyük şəhərdən 12-ni, əyalətlərin özündəki ayrı-ayrı bələdiyyələrin böyük bir hissəsini qazanmaqla və ölkə ümumunda 42 faiz civarında bir dəstək alaraq 2002-ci ildəki səslərini 8 faiz artırmaqla ciddi bir qələbəyə imza atan hakim AKP-nin bu seçkilərdə aldığı səs təxminən 39 faiz oldu. Bu dəfə AKP-nin qazandığı əyalət sayı 45, böyük şəhər sayı 10 oldu. Ana müxalifət CXP isə nəzarətindəki 8 əyaləti 13-ə, böyük şəhər sayını 2-dən 3-ə artırdı. MHP isə 4 əyalət bələdiyyəsini 10-a çıxardı və 1 böyük şəhər bələdiyyəsinə də sahib oldu. DTP nəzarətində olan 5 bələdiyyəni 8-ə çıxardı.
Səs faizlərinə gəldikdə isə, AKP, yuxarıda da qeyd olunduğu kimi, təxminən 39, ana müxalifət CXP 23, MHP 16, DTP 6, Ərbakanın fəxri lideri olduğu "Səadət" partiyası 5 faiz topladı. Hakim partiyanın bir neçə əyaləti, xüsusilə Antalya kimi strateji böyük şəhər mərkəzini itirməsi çox ciddi bir itki sayılır. Həmçinin Adana, Balıkəsir, Manisa, Vanın itirilməsi AKP üçün məqbul sayılmır. Bütün bu nəticələr mövcud iqtidarın beynəlxalq maliyyə böhranı qarşısında ciddi duruş gətirə bilməməsi, hökumətin bir sıra korrupsiya və maxinasiya faktlarının aşkarlanması, həmçinin media ilə "müharibə" şəraitində olması nəticəsində meydana çıxan mənzərədir. Baş nazir Ərdoğan da nəticələr bəlli olduqdan sonra etdiyi çıxışında bu nəticəni gözləmədiklərini, xalqdan verilən mesajı yaxşı dəyərləndirəcəklərini ifadə etdi.
Qeyd edək ki, son parlament seçkilərinə nisbətdə AKP-nin təxminən 8 faizlik səs itkisi, təsirini bu ölkədə getdikcə daha çox hiss etdirən beynəlxalq maliyyə böhranının gətirə biləcəyi bəlli nəticələr Türkiyə siyasi həyatında ciddi dəyişiklik dalğasını qaçılmaz edir. İrəlidə yeni bir hökuməti müəyyən etmək üçün erkən seçkilər ehtimalı üfüqdə görünür.
Əlbəttə, bu bir bələdiyyə seçkiləri idi, lakin siyasi proseslərin məcrası ona gətirib çıxarmışdı ki, bu seçki əyalət, yerli idarəçiliyi müəyyən etmək təmayülündən çıxmış, parlament seçkiləri, hətta bir referendum havasına, iqtidara güvən səsverməsi mahiyyətinə bürünmüşdü.

Hiç yorum yok: