Vüsalə Mahirqızı
Məslək həyatımın yəqin ki, ən ağır dönəmlərindən birini yaşayıram. Türkiyə ilə aradakı soyuq havanın adamı üşütməməsi mümkün deyil. Ermənistana açılmağa hazırlanan Əlican sərhəd-keçid qapısının hər boyanan teli Azərbaycanla Türkiyə arasındakı qırılması mümkün olmayan bağları gərir.
Şairliyə, poetika-romantikaya daha yer qalmayıb. Hər keçən gün bu soyuqluq küskünlüyə çevrilməkdədi. Artıq gizlətmək, hər şeyi görməzlikdən gəlmək mümkünsüzləşir.
“Türkiyə üçün dövlət maraqları hər şeydən üstündü” deyirlər . Razıyam! Zatən belə olmasaydı, nə orası qosqoca Türkiyə Cümhuriyyəti olardı, nə biz o böyük ölkəyə strateji müttəfiqimiz deyə bilərdik. Bir dövlət üçün hər şeydən öndə heç şübhəsiz ki, onun ÖZ maraqlarıdır.
Amma Türkiyənin Ermənistanla sərhədləri açmasının qardaş dövlətə nə vəd etdiyini 24 saat düşünürəm, bir nəticə hasil olmur ki, olmur.
Əgər bu təlaş ABŞ Konqresinin qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsini qəbul etməsi ilə bağlıdırsa, məncə, heç dəyməz. Yanılmıramsa, dünyanın 18 ölkəsinin qanunverici orqanı bu qətnaməni qəbul edib. Onların arasında Türkiyənin daxil olmaq istədiyi Avropa Birliyinin bel sütunu sayılan Fransa, Belçika, Yunanıstan kimi ölkələrin, senatları, parlamentləri var. Guya nə dəyişib ki? ABŞ Konqresi də olsun 19-cu. O tanıyanların hamısı zatən bu qətnaməni hansı prinsiplərlə qəbul etdiklərini bilmirlərmi? Həm də axı Türkiyə hökuməti bilir ki, ABŞ-a tarixin hansısa küncündə qalmış və heç bir sübutu, faktı olmayan uydurma soyqırımı tanımaqdansa, onu Domokl qılıncına çevirib Türkiyənin başının üstündən asmaq daha sərfəlidir. Türkiyə rəhbərliyi guya bilmirmi ki, bu “soyqırım” ABŞ üçün bitməyən əfsanədir? Hələ PKK var, Əfqanıstan, İraqda əsgər məsələsi həll edilməyib. Türkiyənin qulağının dibində ABŞ-ın həll edilməmiş İran davası dayanır. İsraildə ərəblərə inad daha böyük yəhudi dövləti qurmaq iddiası, Qafqazları nüfuz alanına almaq arzusu var... Hələ bu “erməni soyqırımı” nağılı ABŞ-a çox lazım olacaq... Ya da erməni soyqırımı bitəndə, başqa bir qondarma soyqırım əfsanəsi işə düşəcək. Onda nə olacaq?
Bir də... Ermənilər Türkiyəyə qarşı ərazi və soyqırım iddialarından, Azərbaycanla bağlı işğalçılıq siyasətlərindən vaz keçmədikləri halda bu sərhədləri açmaq elə Türkiyənin ermənilərə “bağışlayın, biz səhv etmişik, üzr istəyirik, buyurun gəlin” deməsi anlamını vermirmi? Ya ABŞ Konqresi və dünyanın digər parlamentləri bu soyqırım uydurmasını bir kağıza çevirib arxivlərinə atdılar, ya da Türkiyə sərhəd qapılarını açıb erməniləri qucaqladı. Nə fərqi var? Hansı daha faciəvidi? Bu “24 aprel” bulmacaları ilə hara qədər gediləcək? 24 aprelin 25 aprelə açılan bir sabahı da olacaq axı. Onda nə deyəcəklər bizə?
Türkiyənin “dövlət maraqları” dedikləri zərurət əgər Ermənistanı Rusiyanın əlindən almaqdısa, bu da çifayda, boşuna çaba xərcləməkdir. Sayın Türkiyə rəsmiləri, Rusiya Ermənistanda hərbi baza saxlayır. Necə ki, ABŞ Türkiyədə öz əsgəri qüvvəsini yerləşdirib. Güc olan yerdə əməkdaşlıq, qapı, tekstil, futbol kimi məsələlər çox adi görünür. Son olanlardan sonra hətta qardaşlıq məsələsini də bu siyahıya əlavə eləmək mümkündür.
Türkiyə Ermənistanı qazana bilməyib Azərbaycanla münasibətləri sərinlətdiyi üçün, Gürcüstanın da hələ kimin müttəfiqi olduğu müəyyənləşmədiyindən demək ki, Qafqaz liderliyi, platforma və s bu tipli məsələlər də tarixin arxivinə gedir. Bu da Türkiyənin növbəti “qazancı”.
Bir də əgər Türkiyə Ermənistanla sərhədləri açsa, bütün erməniləri yedirib doyursa belə, erməni diasporunun türklərə münasibəti dəyişəcəkmi? Həyatda mümkün deyil! Ermənistanı erməni diasporu idarə eləyir, Serj Sarkisyan yox, sayın AKP-lilər!
Və məsələnin ən qaba formasını düşünürəm. Qardaşlıq, strateji müttəfiqlik, ortaq siyasət, sadalaya biləcəyim onlarla mənəvi, siyasi məsələni kənara qoyuram. İndi Türkiyə hökumətinin ölkəsinin bəzi yerlərində əl atdığı və bir təbliğat silahına çevirdiyi “Ermənistan bazarı” adlı səfsəfəyə nəzər salıram. Allah eşqinə, Ermənistan bazarı Azərbaycan iqtisadi bazarı ilə müqayisəyə gəlirmi? O bazarı qazanmağa görə bunca qurbana dəyərmi? Ermənistanda bazar adında, iqtisadiyyat adında nəsə varmı? Kimə söylənilir bu nağıllar?
Bütün suallar, “qapıların açılması Türkiyəyə heç nə vermir” sonucuna gətirib çıxarır. Elə isə nəyə görə atılır bu addım? Niyə verilir bu qədər qurbanlar, bu çatlar niyə yaradılır? Bizi razı salacaq, sakitləşdirəcək hansı açıqlama var? Bunca itirilmiş illər, aparılan mübarizə, sıxıntıların ardından indi Ermənistanın tam da küncə sıxışdırıldığı, faktiki boşaldığı vəziyyətdə uzadılan əlin heç bir məntiqi izahı yoxdur. Kıprıs elə, Kərkük belə, Qarabağa münasibət bu durumda. Bu qurbanlar verildikcə, həm də Türkiyənin dövlət maraqları əldən getmirmi? Bunlardan sonra Türkiyə Qazaxıstanı, Özbəkistanı, Türkmənistanı necə qazanacaq? Necə?
***
Azərbaycanda çox müdhiş birlik yaşanır. Neçə illərdir ki, cinahından, cəbhəsindən asılı olmadan bütün siyasilərin, medianın, QHT-nin bu qədər bir arada olduğunun nümayişini görməmişdim. Amma içimiz yanır. Bu birlik Türkiyənin bir fərdinə qarşı belə olmamalıydı. Bu təpkini biz istisnasız bir yerdə göstərməliydik. Dünyaya əl-ələ görünməliydik, Turan düşmənlərinə birgə sinə gərməliydik.
Çox yaxşı ki, türk xalqı bizimlədi. Türk mediası, siyasiləri, iş adamları hər gün onlarla etiraz bəyanatları, AKP hökumətinə təpki dolu çağırışlar səsləndirirlər. Türkiyə bizimlədi, amma onun bir parçası olan AKP hökuməti haqqında bunu deyə bilmirəm, çox təəssüf!
P.S. Sayın Ərdoğanın məşhur “One munite” ifadəsi Türkiyədə ən dəbdə olan sloqana çevrildi. Doğrudan, “One munite!” Hara gedirsiniz, sayın AKP-lilər? Bizim Türkiyəni hara aparırsınız?
P.P.S. “One munite” necə olur? Ərdoğandan, Güldən, hətta xanım Klitondan da soruşmaq olar...
LENT.AZ
9 Nisan 2009 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder