Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərə dair yeni bəyanat verib. Ərdoğan bildirib ki, əgər Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesi bir nəticə verməsə, Ankaranın İrəvanla yaxınlaşmasından söhbət gedə bilməz. İstanbulda jurnalistlərlə söhbət zamanı Türkiyənin baş naziri deyib ki, Azərbaycanla Ermənistan arasındakı problem öz həllini tapmayana qədər Türkiyə ilə Ermənistan arasındakı prosesi inkişaf etdirmək çətindir.
Baş nazirin sözlərinə görə, hazırda aşağı səviyyədə bəzi texniki danışıqlar aparılırsa, bu danışıqların səbəbi - Azərbaycan və Ermənistan arasındakı prosesi bir qədər qabaqlamaq üçün hazırlıq aparmaqdır.
Ərdoğan münaqişənin indiyə qədər həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun səylərinin nəticə verməməsini təəssüflə qeyd edib.
O, eyni zamanda, Türkiyənin Qafqazda sabitlik naminə bir çox müsbət addım atdığını bildirib. Baş nazir müxalifət partiyalarının məsələyə yanaşma tərzini çirkin yanaşma və böhtan kampaniyası kimi qiymətləndirib: ”Əgər Ermənistan ilə Azərbaycan arasındakı proses nəticə verməsə, heç vaxt Ankaranın İrəvanla yaxınlaşmasından söhbət gedə bilməz”. O, eyni zamanda əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda heç bir addım atmamaq çıxış yolu deyil, Türkiyə dövləti münaqişənin həllinə çalışmalıdır.
Lakin Ərdoğan aprelin 16-da Ermənistanla Türkiyə arasında sərhədin açılıb-açılmaması məsələsinə dair hər hansı konkret fikir söyləməyib. Bu da onun bəyanatının çəkisini azaltmış olur.
Xatırladaq ki, sərhədlərin açılması qərarının aprelin 16-da elan olunacağı haqda həm Qərb mənbələri, həm Avropa və Ankaradakı diplomatik mənbələr xəbər verib. Azərbaycan hakimiyyətinin də Türkiyəyə qarşı bu cür sərt etiraz kampaniyası aparması məlumatın ciddiliyi haqda düşünməyə əsas verir. Məsələ burasındadır ki, Ərdoğanın son bəyanatına baxmayaraq, onun hökumətindəki mənbələr Ermənistanla sərhədlərin açılacağını təkzib etmirlər. “Milliyət” qəzeti yazıb ki, son iki-üç gündə Ankara, İrəvan və Bakı arasında intensiv telefon danışıqları olub. Bildirilir ki, prezident Abdulla Gül Ankarada ABŞ prezidenti Barak Obama ilə danışıqlardan sonra Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Ertəsi gün Obama özü Əliyevlə telefon danışığı aparıb. Bu telefon söhbətindən sonra Əliyev Gülə zəng edib. Ardınca Gül İrəvana telefon açıb və prezident Serj Sərkisyanla danışıb. Məlumatı qəzetə diplomatik çevrələrdən veriblər. Bildirilir ki, Gül İrəvan və Bakıya etdiyi zənglər zamanı tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yönündə səyləri artırmağa çağırıb.
Qəzetin yazdığına görə, Türkiyə prezidentinin administrasiyası sərhədlərin aprelin 16-da açıla biləcəyi haqda xəbərləri təkzib edir. Hazırda Ankara ilə İrəvan arasında danışıqlar davam edir və bildirilir ki, proses hələ sərhədlərin açılmasına imkan yaradacaq səviyyəyə çatmayıb. Çünki problemlər çoxyönlüdür və ortada Dağlıq Qarabağ münaqişəsi də var. “Radikal” qəzeti isə yazıb ki, Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşdığı haqda xəbərlər regionda gərginlik yaradıb. Bildirilir ki, rəsmi Bakı Türkiyəyə qarşı “Nabukko” kartını işə sala bilər. Bu baxımdan ABŞ prezidenti Obama Əliyevlə telefon söhbətində onu “Nabukko”ya dəstəyi artırmağa çağırıb.
Türkiyə XİN-dəki mənbə isə qəzetə bunları deyib: “Azərbaycan Rusiya və İranın təsiri altındadır. Bu iki ölkənin Ermənistanla sərhədləri açıqdır. Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəməyən bu iki ölkə Əliyevə təsir edir. Azərbaycan tərəfi iddia edir ki, Ermənistanla apardığımız danışıqlar haqda onlara məlumat vermirik. Ancaq bu doğru deyil, danışıqlar prosesinin gedişində konkretləşən hər bir məsələ ilə bağlı onları məlumatlandırırıq. Buna baxmayaraq, Əliyev bizə deyil, ruslara inanmaqda davam edərsə, biz də Əliyevin mövqeyinə baxmayıb addım atarıq”.
Dünən məsələ Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasında da müzakirə ollunub. Müzakirələr zamanı millət vəkilləri arasında ciddi mübahisələr olub. Komissiyanın müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan üzvləri sərhədlərin açılmasına etiraz ediblər. CHP-dən olan millət vəkilləri “Ermənistan Azərbaycana təcavüzünü dayandırmadan, işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmadan, qondarma “erməni soyqırımı” iddialarından vaz keçmədən, Türkiyənin ərazi bütövlüyünü tanımadan sərhədlər açılmamalıdır”, - deyə bildiriblər. Deputat Canan Arıtman “AKP tələsik sərhədləri açmaq istəyir, Azərbaycanı küsdürmək olmaz”, - deyib. Müxalifətçi millət vəkilləri bununla bağlı hazırladıqları layihənin komissiyada səsverməyə çıxarılmasını istəyiblər. Komissiyanın sədri Murad Mərcan isə belə bir səlahiyyətinin olmadığını deyib. Onlara MHP millət vəkilləri də dəstək verib. Millət vəkillərinin israrından sonra komissiya sədri əsəbiləşərək iclası tərk edib. İclasda xarici işlər naziri Əli Babacanın komissiyanın gələn iclasına qatılmasına qərar verilib.
Fərhad Məmmədov
9 Nisan 2009 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder