azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Nisan 2009 Cumartesi

İSRAİL İRANI VURMAĞA HAZIRLAŞIR

“The Times” qəzeti: “hökumət əmr versə, əməliyyatlar bir neçə saata başlaya bilər”



Britaniyanın “The Times” qəzetinin yazdığına görə, İsrail ordusu İranın nüvə obyektlərinə qarşı irimiqyaslı hava əməliyyatlarına başlamaq üçün hazırlıq görür.

Bildirilir ki, əgər Benyamin Netanyahunun başçılıq etdiyi yeni hökumət əmr versə, İsrail ordusu bir neçə saat ərzində İrana qarşı hava əməliyyatlarına başlaya bilər.
İsrail ordusundan adının açıqlanmasını istəməyən yüksək səlahiyyətli şəxs deyib ki, əgər silahlı qüvvələrə yaşıl işıq yandırılsa, hava zərbələri bir neçə saat ərzində başlayacaq. Mənbə bu məqsədlə bütün hazırlıqların görüldüyünü bildirib. O, deyib ki, İsrail ordusu bununla İrana zərbə endirilə biləcəyi haqda xəbərdarlıqların boş sözlərdən ibarət olmadığını nümayiş etdirmək istəyir.
Qəzetin yazdığına görə, İsrail ordusu İrana qarşı hərbi əməliyyatlar üçün 3 “Avaks” erkən xəbərdarlıq radar təyyarəsi almağa və mülki əhalini mümkün cavab zərbələrindən qorumaq üçün genişmiqyaslı sığınacaq təlimləri keçirməyə hazırlaşır. İsrail ordusunun hədəfində 10-dan çox obyekt var və onların arasında Natanzdakı nüvə obyekti, Araks ağır su zavodu da yer alır. Lakin İsrail prezidenti Şimon Peres iki gün əvvəl demişdi ki, onun ölkəsinin İrana qarşı hərbi əməliyyatlara başlamaq fikri yoxdur və bu haqda mətbuatda yayılan xəbərlər əsassızdır.

İKİ TÜRK NAZİR İRƏVANDA DALAŞDI

Düşmənin evində rüsvayçı olay
Əli Babacan Mahmud Məmmədquliyevə qarşı kobudluq etdi



Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İrəvanda keçirilən toplantısı zamanı Azərbaycan-Türkiyə münasibətləri tarixində ən rüsvayçı hadisə baş verib. Erməni mənbələrinin dünən yaydıqları xəbərlərə görə, Türkiyə xarici işlər naziri Əli Babacan ona nəyisə izah etməyə çalışan Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevə qarşı kobudluq edib. «Panarama.am» saytının xəbərinə görə, insident haqda Ermənistan XİN-in protokol xidmətindəki mənbə məlumat verib. Bildirilir ki, toplantıdan sonra QİƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini prezident Serj Sərkisyan qəbul edib.
Görüş başa çatdıqdan sonra QİƏT nazirləri Sərkisyanın qəbul otağını tərk ediblər, bu zaman Məmmədquliyev foyedə Türkiyə xarici işlər naziri Əli Babacana yaxınlaşaraq onun qulağına nəsə deməyə başlayıb. Bu vaxt Babacan Sərkisyanla ikitərəfli görüş üçün foyedə gözləyirmiş. Protokol xidmətinin əməkdaşları Babacanla Məmmədquliyevə yaxınlaşaraq onlara ayrılmaq haqda xəbərdarlıq ediblər. Lakin Məmmədquliyev erməni tərəfinin xəbərdarlığına məhəl qoymayıb və Babacanın qulağına nəsə deməkdə davam edib. Bu zaman Babacan Azərbaycan xarici işlər nazirinin müavininə kifayət qədər kobud formada irad bildirib və ona bayıra çıxmaq üçün qapını göstərib. Bu rəftardan çox pərt olan və əsəbiləşən azərbaycanlı nazir müavini isə əsəbi vəziyyətdə ondan aralanıb və bu zaman qapını səhv salıb. Məmmədquliyevin çıxış qapısı əvəzinə tualet otağının qapısını açdığı, bu zaman foyedəkilərin gülüşdüyü bildirilir. Məlumata görə, hətta Babacan da Məmmədquliyevin qapını səhv salmasına gülüb. Ermənistan prezidentinin mühafizə xidmətinin əməkdaşları isə Məmmədquliyevə yaxınlaşaraq ona çıxış qapısını göstəriblər. Əlbəttə ki, bu xəbərləri düşmən ölkənin KİV-i yayıb və o üzdən qərəzli ola bilər.
Qeyd edək ki, Babacanla Məmmədquliyev arasında ikitərəfli görüşün olduğu haqda Türkiyə xarici işlər nazirini müşayiət edən jurnalistlər xəbər veriblər. Bu ayaqüstü söhbət isə çox güman ki, Sərkisyanla ayrıca görüşə hazırlaşan Babacana Azərbaycanın sərhəd məsələsi ilə bağlı narahatlığını çatdırmaq üçün olub. Türkiyə mətbuatında Babacanla Məmmədquliyevin foyedə söhbətləşərkən çəkilmiş fotosu yer alır; lakin sözügedən insident haqda məlumat verilmir. Həmin fotodan azərbaycanlı nazir müavininin əsəbi formada Babacana nəsə izah etmək istədiyi görünür. Bu insidentdə rüsvayçı olan odur ki, Türkiyə xarici işlər naziri ermənilərin qarşısında azərbaycanlı nazir müavininə qarşı bu cür kobudluq edərək ona qapını göstərib. Bu da Türkiyə iqtidarının hansı mövqe içərisində olduğunu bir daha ortaya qoyur.
Hamımıza keçmiş olsun.
P.S. Xəbəri görüşdə iştirak edən türkiyəli jurnalistlərdən biriylə də dəqiqləşdirdik. Xoşagəlməz olayın gerçəkdən də baş verdiyini təsdiqləyən həmkarımız bildirdi ki, onlardan Turkiyə dövləti adindan bu olayı yazmamaq xahiş olunub.
Siyasət şöbəsi

İRƏVANDAKI OLAY TÜRKİYƏ MEDİASINI ŞOKA SALDI

Bu gün qəzetimizdə gedən manşet xəbəri qardaş ölkənin media quruluşlarının diqqətini cəlb edib



“Yeni Müsavat” qəzetinin bügünkü manşeti Türkiyənin siyasi gündəmində rezonans doğurub. Qardaş ölkədə yayın yapan NTV və “Milliyet” kimi nüfuzlu media quruluşları “Azeri basını” deyə qəzetimizə istinad edərək, yaydığımız xəbəri öz manşetlərinə daşıyıblar. Həmin xəbər aprelin 16-da Türkiyənin xarici işlər naziri Əli Babacanın Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevə qarşı kobudluq etməsi və ikincinin, gözləmədiyi bu hərəkətdən pərt olması barədə idi. “Milliyet” qəzeti yazdığımız xəbəri olduğu kimi iqtibas edir və rezümedə yazır: “Azərbaycan mətbuatı bu hadisəni düşmən bir ölkədə qardaş bir ölkənin nazirindən gözlənilməsi mümkün olmayan hərəkət kimi şərh edir”.

Qeyd edək ki, bu olayı internet resurslarındakı erməni mənbələrinə istinadən əməkdaşımız qələmə alıb, daha sonra başqa bir əməkdaşımız görüşdə iştirak edən türkiyəli həmkarlarımızla əlaqə saxlayaraq, insidentin həqiqətən də baş verdiyini dəqiqləşdirib.

Bir qədər əvvəl Türkiyənin ən çox tirajlı qəzetlərindən olan "Vatan" da həmin olay barədə qzetimizdə gedən xəbəri təkrarən, "Babacan azeri bürokrata qapıyı göstərdi! ŞOK! ŞOK! ŞOK!" başlığı ilə dərc edib. İrəvan olayı barədə xəbəri "Doğan" xəbər agentliyi bütün Türkiyəyə və dünyaya tirajlayıb.

Dünən çap etməkdə tərərddüdlü olduğumuz xəbərə bu gün qardaş ölkədə bu qədər geniş yer verilməsi sübut edir ki, Əli Babacanın düşünmədən etdiyi hərəkət belə bir həssas məqamda heç yerinə düşməyib. Buna görə onun başı ağrıyacaq.

17 Nisan 2009 Cuma

Türkiyəli jurnalistlər Dağlıq Qarabağa getməkdən imtina etdilər

Rəsmi İrəvan onlara təklif edib ki, «Dağlıq Qarabağ Respublikası»nın «xarici işlər naziri»nin adına məktub yazsınlar və onlar bununla razılaşmayıblar

Türkiyəli jurnalistlərin Azərbaycanın işğal olunmuş əarzisi olan Dağlıq Qarabağa səfərdən imtina ediblər. ANS PRESS, Ermənistanın «PanARMENIAN.Net» saytına istinadən xəbər verir ki, Dağlıq Qarabağ səfər etmək istəyən jurnalistlər rəsmi İrəvanın təkliflərini qanunsuz hesab ediblər. Belə ki, İrəvanda onlara təklifı olunub ki, Xankəndiyə getmək üçün qondarma Dağlıq Qarabağ Respublikasının «xarici işlər naziri» Georgi Petrosyana məktub yazsınlar və icazə istəsinlər. Lakin türk jurnalistlər hensab ediblər ki, yalnız «cənab Petrosyan» müraciəti kifayətdir. Aparılan danışıqlardan sonra jurnalistlər «hörmətli cənab Georgi Petrosyan» müraciətinə də razılaşıblar və bildiriblər ki, ona «xarici işlər naziri» kimi müraciət etmək niyyətində deyillər. Bundan sonra Ermənistan Xarici İşlər Nazirliyi onların Xankəndiyə getməsinə icazə verməyib. Türkiyəli jurnalistlərin özləri də bildiriblər ki, Dağlıq Qarabağa səfər etmək fikrindən daşınıblar.

Xatırladaq ki, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İrəvanda keçirilən toplantısında iştirak edən bir qrupp türkiyəli jurnalist aprelin 18-də Dağlıq Qarabağa birgünlük səfər etmək niyyətində idi. /ANS PRESS/

“İran-Ermənistan dəmiryolunun istismarını doğrultmaq üçün onunla qızıl daşımaq lazımdır”

Ermənistanlı iqtisadçı Vaaqn Xaçatryan layihənin həyata keçiriləcəyinə şübhə ilə yanaşdığını vurğulayıb

«Ermənistanla İran arasında dəmiryolu çəkilsə belə, onun iqtisadi effektivliyi sıfıra bərabər olacaq». Ermənistanın "Armtoday" saytının məlumatına görə, bunu Ermənistan Milli Konqresinin nümayəndəsi, iqtisadçı Vaaqn Xaçatryan deyib. O, bu layihənin həyata keçiriləcəyinə belə şübhə ilə yanaşdığını vurğulayıb.

Müxalifət nümayəndəsi qeyd edib ki, bu gün Ermənistanın dəmiryoluna nəzarət edən Rusiya şirkəti belə bu layihədə maraqlı deyil. Onun fikrincə, layihənin iqtisadi səmərəsizliyi bir necə faktorla əlaqədardır. İlk olaraq, yolun Ermənistan hissəsində keçəcəyi ərazinin relyefi çox çətindir. Dəmiryolunun kommersiya tərəfinə gəldikdə isə, Xaçatryan belə deyib: «Təsəvvür etmirəm ki, dəmiryolunun istismarını doğrultmaq üçün dəmiryolu ilə nə daşına bilər. Qızıl və ya daha qiymətli bir şey».
Xatırladaq ki, İranda iki ölkənin nazirləri səviyyəsində İran ilə Ermənistan arasında dəmiryolunun inşası barədə memorandum imzalanıb. Dəmiryolunun uzunluğu 470 km olacaq. İlkin qiymətləndirmələrə görə, layihənin inşası isə bir milyard dollardan baha başa gələcək. /ANS PRESS/

İranda «Çənlibel» sözü niyə təhlükəlidir?

Ərdəbilli fəal Abbas Lisaniyə qarşı təzyiqlər davam edir. Bu dəfə onun ailəsinin yeganə dolanışıq mənbəyi olan «Çənlibel» adlı mağazasını bağlamaq istəyirlər.

Abbas Lisaninin dediyinə görə, əslində problem mağazanın adıyla bağlıdır. Ərdəbil Əyalətinin «Təmin Şurası» (qeydiyyat idarəsi) onun qarşısına iki şərt qoyub. Ya mağazanın türkcə adı fars sözüylə əvəz edilməlidir, ya da mağaza bağlanmalıdır.

Abbas Lisani deyir ona məxsus mağazanın üzərində ərəb əlifbasıyla «Çənlibel» sözü 10 ildən çoxdur yazılıb və o bu adı başqa bir adla əvəz eləmək fikrində deyil. Mağaza bağlansa belə:

«Mən başa düşmürəm niyə «Çənlibel» sözünü götürmək istəyirlər. Nə bu sözün anlamında bir xəta var, nə də yazılışında. Hər halda narahatdırlar. Guya şəhərin, bölgənin təhlükəsizliyinə «Çənlibel» dükanı təhlükə törədir. Amma mən o adı götürmək fikrində deyiləm, mağaza bağlansa da».

Abbas Lisani bildirir ki, onun mağazasının adını dəyişsələr, bundan sonra Ərdəbildə türk adıyla bir obyekt də qalmayacaq:

«Bizə hər şeyi hal edirlər, bircə öz dilimizdən başqa».

Abbas Lisani İrandakı azərbaycanlıların milli-mədəni hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətlərinə görə bir neçə dəfə həbs olunub. O, sonuncu həbs cəzasını yenicə başa vurub.

Son zamanlar İran Azərbaycanının müxtəlif şəhərlərində xüsusilə Təbriz, Urmiya, Zəncan və Ərdəbildə Azərbaycanca adlara və reklam yazılarına qarşı ciddi təzyiq dalğası başlayıb. Minlərlə şirkət, müəssisə, dükan və mağaza adları farscaya dəyişdirmək və ya bağlanmaq təhlükəsi ilə üzləşib.

AKP MEDİASI ƏLİYEVƏ QARŞI “QARA PİAR”A BAŞLADI

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin Ermənistanla sərhədlərini açmasına qarşı olduğunu ortaya qoymasından sonra çətin situasiyaya düşən AKP iqtidarı “qara piar”a başlayıb.

Türkiyədən daxil olan məlumatlara görə, AKP hökumətinə və Gülən təriqətinə bağlı qəzetlər, internet saytları və televiziyalarda Azərbaycan hakimiyyətinə, o cümlədən dövlət başçısına qarşı çıxışlar artıb. Bəzən yazılarda hətta təhqirlərə yol verilir və Azərbaycan dövlət başçısı haqqında müxtəlif iddialar ortaya atılır. Bu kampaniyanı aparanlar arasında AKP-yə bağlı medianın köşə yazarları da var. “Zaman”, “Star”, “Yeni Şafak” kimi AKP-yə bağlı çoxtirajlı qəzetlər Azərbaycan iqtıdarını nisbətən yumşaq şəkildə tənqid edir və sərhəd məsələsində Ərdoğan hökumətinin mövqeyi müdafiə olunmağa çalışılır. Ancaq internet saytlarında Azərbaycan iqtıdarı daha sərt formada “vurulur”. AKP yönlü mediada aparılan bu kampaniyada “Ergenekon” məsələsindən də istifadə edilir. Məsələn, belə mənbələrdən birində nə qədər qeyri-ciddi görünsə də, Azərbaycanda sərhədlərin açılmasına qarşı başlayan etiraz dalğası “Ergenekon”un işi hesab olunur.

İddiada deyilir ki, guya Türkiyə hüquq-mühafizə orqanları bu yaxınlarda “Ergenekon”un Azərbaycan ayağını təşkil edən şəxslərin tutulub təhvil verilməsi üçün Bakıya müraciət göndərib. Həmin siyahıda yer alan şəxslərdən bəziləri isə dövlət qurumlarında mühüm vəzifələr tutur. “Nəticədə erməni sərhədlərinin açılmasını bəhanə edən “Ergenekon”çu qruplar Türkiyə əleyhinə kampaniya başladıblar. İddiada deyilir ki, “Ergenekon”a bağlı şəxslər prezident Əliyevin də Türkiyəyə qarşı mövqe tutmasına nail olublar.
Qeyd edək ki, Türkiyədə fətullahçı media ölkədə baş verən və verməyən bütün qaranlıq əməlləri “Ergenekon”a bağlayır və bu zaman məntiqsiz olduğu açıq-aydın görünən və heç bir qaynağa əsaslanmayan məlumatlardan istifadə olunur. Əsas məqsəd AKP-yə qarşı çıxan hər kəsi terrorçu elan etməkdir.
Göründüyü kimi, AKP təbliğatı daha da uzağa gedərək Azərbaycan hakimiyyətini də “Ergenekon”çu elan edib və şantaja keçib. AKP-yə bağlı digər nəşrlərdə isə Azərbaycan hakimiyyəti Rusiyaya sığınmaqda, Kremllə oyuna getməkdə günahlandırır, ölkədə Türkiyənin Ermənistanla sərhədləri açmasına etirazları isə Rusiyaya bağlı qrupların işi hesab edir.




Siyasət şöbəsi

İRƏVANDA SİRLİ SƏRHƏD MÜZAKİRƏLƏRİ

Türkiyədə Fətullah Gülən təriqətinə bağlı mətbuatda Azərbaycan dövlət başçısının barəsində kampaniya aparılır



Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin Ermənistanla sərhədlərini açmasına qarşı olduğunu ortaya qoymasından sonra çətin situasiyaya düşən AKP iqtidarı “qara piar”a başlayıb.

Türkiyədən daxil olan məlumatlara görə, AKP hökumətinə və Gülən təriqətinə bağlı qəzetlər, internet saytları və televiziyalarda Azərbaycan hakimiyyətinə, o cümlədən dövlət başçısına qarşı çıxışlar artıb. Bəzən yazılarda hətta təhqirlərə yol verilir və Azərbaycan dövlət başçısı haqqında müxtəlif iddialar ortaya atılır. Bu kampaniyanı aparanlar arasında AKP-yə bağlı medianın köşə yazarları da var. “Zaman”, “Star”, “Yeni Şafak” kimi AKP-yə bağlı çoxtirajlı qəzetlər Azərbaycan iqtıdarını nisbətən yumşaq şəkildə tənqid edir və sərhəd məsələsində Ərdoğan hökumətinin mövqeyi müdafiə olunmağa çalışılır. Ancaq internet saytlarında Azərbaycan iqtıdarı daha sərt formada “vurulur”. AKP yönlü mediada aparılan bu kampaniyada “Ergenekon” məsələsindən də istifadə edilir. Məsələn, belə mənbələrdən birində nə qədər qeyri-ciddi görünsə də, Azərbaycanda sərhədlərin açılmasına qarşı başlayan etiraz dalğası “Ergenekon”un işi hesab olunur.

İddiada deyilir ki, guya Türkiyə hüquq-mühafizə orqanları bu yaxınlarda “Ergenekon”un Azərbaycan ayağını təşkil edən şəxslərin tutulub təhvil verilməsi üçün Bakıya müraciət göndərib. Həmin siyahıda yer alan şəxslərdən bəziləri isə dövlət qurumlarında mühüm vəzifələr tutur. “Nəticədə erməni sərhədlərinin açılmasını bəhanə edən “Ergenekon”çu qruplar Türkiyə əleyhinə kampaniya başladıblar. İddiada deyilir ki, “Ergenekon”a bağlı şəxslər prezident Əliyevin də Türkiyəyə qarşı mövqe tutmasına nail olublar.
Qeyd edək ki, Türkiyədə fətullahçı media ölkədə baş verən və verməyən bütün qaranlıq əməlləri “Ergenekon”a bağlayır və bu zaman məntiqsiz olduğu açıq-aydın görünən və heç bir qaynağa əsaslanmayan məlumatlardan istifadə olunur. Əsas məqsəd AKP-yə qarşı çıxan hər kəsi terrorçu elan etməkdir.
Göründüyü kimi, AKP təbliğatı daha da uzağa gedərək Azərbaycan hakimiyyətini də “Ergenekon”çu elan edib və şantaja keçib. AKP-yə bağlı digər nəşrlərdə isə Azərbaycan hakimiyyəti Rusiyaya sığınmaqda, Kremllə oyuna getməkdə günahlandırır, ölkədə Türkiyənin Ermənistanla sərhədləri açmasına etirazları isə Rusiyaya bağlı qrupların işi hesab edir.




Siyasət şöbəsi

İRƏVANDA SİRLİ SƏRHƏD MÜZAKİRƏLƏRİ

Əli Babacan bağlı qapılar arxasında Sergey Lavrov, Edvard Nalbəndyan və Serj Sərkisyanla nələr danişdi?
Türkiyə-Azərbaycan münasibətlərindəki gərginlik Ermənistan paytaxtında da özünü büruzə verdi



Rəsmi Ankara İrəvanda aprelin 16-da keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı zamanı Türkiyə-Ermənistan münasibətlərinin müzakirə olunmayacağını bəyan etsə də, bunun əksi baş verib. Türkiyə mətbuatının xəbərlərinə görə, toplantıda iştirak etmək üçün İrəvanda olan xarici işlər naziri Əli Babacan Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, prezident Serj Sərkisyan və Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirələr aparıb.

Babacan toplantıda Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə də ikitərəfli görüş keçirib. Ancaq bu görüş zamanı Azərbaycanı narahat edən sərhəd məsələsi deyil, QİƏT-lə bağlı məsələlərin müzakirə olunduğu bildirilir. İrəvanda keçirilən toplantıda Azərbaycanla Türkiyə arasında sərhədlərin açılması məsələsi ilə bağlı yaranan gərginlik də özünü büruzə verib. Məmmədquliyev Babacana bildirib ki, sərhədlərin Qarabağ münaqişəsi həll olunmadan açılması Azərbaycanın maraqlarına zərbə olacaq. Babacan isə sərhədlərin Qarabağ münaqişəsi həll edilmədən açılıb-açılmayacağı haqda konkret mövqe bildirməyib və yalnız “Azərbaycanı küsdürmərik” mesajı verib.

SƏRKİSYANIN QƏBUL OTAĞINDA QAPALI MÜZAKİRƏLƏR

Bildirilir ki, Babacanı əvvəlcə prezident Serj Sərkisyan qəbul edib. Ermənistan prezidenti əvvəlcə onunla təkbətək görüşüb, daha sonra görüş QİƏT toplantısına qatılan nazirlərin iştirakı ilə davam edib. Daha sonra QİƏT nümayəndə heyətinin rəhbərləri Sərkisyanın qəbul otağını tərk ediblər, Türkiyə xarici işlər naziri Əli Babacan, Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan isə içəridə qalıblar. Sərkisyanın üç nazirlə görüşü təqribən 1 saat davam edib. Görüşdə Türkiyə xarici işlər nazirinin müavini Ərtoğrul Apakan da qatılıb. Dördtərəfli görüşün davam etdiyi bir vaxtda Lavrov başqa görüşə tələsdiyi üçün Sərkisyanın yanından ayrılıb, Sərkisyan, Babacan və Nalbəndyan isə daha 20 dəqiqə müzakirələri davam etdiriblər. Bildirilir ki, Babacan çoxtərəfli müzakirələrdən əvvəl Lavrovla ikitərəfli görüş keçirərək problemlərin həllinə nail olmaq üçün Rusiyadan Ermənistana təsir göstərməyi xahiş edib. Türkiyə xarici işlər naziri İrəvanda Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşü ilə bağlı deyib ki, tərəflər QİƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bildirilir ki, bu görüş zamanı Qarabağ məsələsi müzakirə olunmayıb.

ABŞ SƏFİRİ TƏLƏM-TƏLƏSİK BABACANLA GÖRÜŞDÜ

Türkiyə xarici işlər naziri İrəvanda təqribən 6 saat qaldıqdan sonra həmin gün Ankaraya dönüb. Onun dönüşündən dərhal sonra ABŞ-ın Ankaradakı səfiri Ceyms Ceffri Türkiyə XİN-ə gəlib və İrəvanda Babacanı müşaiyət edən nazir müavini Apakanla görüşüb. Bu görüşlə bağlı mətbuata hər hansı açıqlama verilməyib. Babacan isə sərhədlərin açılmasına Azərbaycanın etirazını ifadə etmək üçün Türkiyədə səfərdə olan qadın deputatları qəbul edib. Ardınca Amerika səfiri ilə bir araya gəlib.

“Milliyət” qəzetinin yazdığına görə, Babacan İrəvanda bu mesajları verib: Türkiyə ilə Ermənistan arasında danışıqlar prosesi müsbət istiqamətdə irəliləyir. Lakin tərəflər hələ anlaşma mərhələsinə gəlməyib. Bununla belə, Türkiyə problemlərin “mümkün qədər qısa müddətdə” həllini istəyir. Babacan eyni zamanda ifadə edib ki, bu prosesə təkcə Türkiyə-Ermənistan problemi olaraq baxılmalı deyil, Azərbaycanla Ermənistan arasında problemlər də paralel olaraq dəyərləndirilməlidir. Eyni zamanda Türkiyə bu prosesdə Azərbaycanı küsdürəcək mövqe içərisində olmayacaq. Qəzet qeyd edir ki, Babacanın bu mövqeyi Qarabağ münaqişəsi həll olunmadan Türkiyə ilə Ermənistan arasındakı problemlərin həll edilə bilməyəcəyinə işarə edib. Babacan həmçinin İrəvana çatdırıb ki, iki ölkə arasında danışıqlar diplomatik və siyasi səviyyədə davam edəcək. Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar prosesi dəstəklənəcək. Qəzetin yazdığına görə, Sərkisyanla Əliyevin bu il ərzində 5 dəfə bir araya gəlməsi gözlənilir. Babacan İrəvanı tərk etdikdən sonra Nalbəndyan QİƏT toplantısı ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə ilə danışıqlarda irəliləyişlər var və yaxın zamanlarda problemlərin həlli mümkündür.

AKP AZƏRBAYCANA TƏZYİQ ÜÇÜN ABŞ-I QABAĞA VERİB

İrəvan və Ankarada cərəyan edən bu intensiv və çoxtərəfli diplomatik təmaslar bir daha göstərir ki, Türkiyəni Ermənistanla sərhədləri açmaq planının arxasında ABŞ var, ancaq Rusiya da proseslərdən kənarda deyil və eyni vaxtda həm İrəvan, həm Bakıyla təmaslar aparmaqla onu öz maraqları çərçivəsində idarə edir. Digər məqam isə Türkiyənin sərhəd məsələsində Azərbaycana təzyiq etmək üçün ABŞ-ın köməyindən istifadə etməsidir. İrəvandakı təmaslarla eyni vaxtda ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza Bakıda görüşlər keçirirdi və bu onun Bakıya son ay yarımda dördüncü səfəri idi. Brayzanın Bakıya bu cür tez-tez ezam edilməsinin əsas səbəbi Azərbaycan rəhbərliyini Ermənistanla sərhədlərin açılmasına razı salmaqdır. Xatırladaq ki, bu məqsədlə prezident Barak Obama və dövlət katibi Hillari Klinton da prezident Əliyevlə telefon danışıqları aparıb. Belə məlumatlar var ki, Vaşinqton sərhədlərin açılmasına nail olmaq üçün Bakıya təzyiq göstərir və bildirir ki, belə razılıq olmasa, eyni zamanda Azərbaycan Türkiyə hökumətinə qarşı ictimai təzyiq kampaniyasını dayandırmasa bunun xoşagəlməz nəticələri olacaq.

BAKININ QADIN DİPLOMATİYASI TÜRKİYƏDƏ BÖYÜK REZONANS DOĞURUB

Azərbaycanın apardığı ictimai təzyiq kampaniyası çərçivəsində Türkiyəyə ezam edilən bir qrup qadın deputat isə deyəsən AKP hökuməti üçün əsl başağrısı olub. Xəbər verildiyi kimi, Qənirə Paşayeva və Gülər Əhmədovanın da daxil olduğu heyət Türkiyə siyasətçiləri, hökumət rəhbərləri ilə görüşlər keçirərək Azərbaycanın sərhədlərin açılmasından duyduğu narahatlığı emosional və ictimai rəydə güclü effekt doğuracaq şəkildə çatdırırlar. Məsələn, onlar parlamentin rəhbəri Köksal Toptana içərisində Qarabağdan gətirilmiş torpaq olan gümüş qutu bağışlayaraq onu çaşqın vəziyyətə salıblar. Həmçinin qadın deputatlar Ankarada Atatürkün mavzoleyini ziyarət edərək orada bəyanatla çıxış ediblər. Türkiyə mediası bu jesti “Ataya şikayət” başlıqları ilə manşetlərdən verib. Aprelin 16-da axşam deputatlar prezident Abdullah Güllə də görüşüblər. Bu görüş zamanı Gül deyib ki, Ermənistanla aparılan danışıqlarda hələlik nəticə əldə olunmayıb. Ancaq Türkiyə Dağlıq Qarabağ məsələsinə böyük önəm verir və bundan heç kimin şübhəsi olmamalıdır. Türkiyə prezidenti deyib ki, Ermənistanla danışıqlar prosesi zamanı Azərbaycanın haqqı müdafiə olunur. O, Ermənistanla Türkiyə arasında aparılan danışıqlarda Qarabağ məsələsində Azərbaycanın xeyrinə olacaq bir sıra müzakirələr aparıldığını, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin də məlumatlı olduğunu bildirib. Gülün qadın deputatlarla bu görüşü haqda “Milliyət” qəzeti xəbər yayıb, bildirilir ki, görüş mətbuata qapalı şəkildə 45 dəqiqəyə yaxın davam edib. Deputatlar Türkyənin Ermənistanla sərhədləri açmağa hazırlaşdığına dair xəbərlərin Azərbaycanı ciddi narahat etdiyini ona çatdırıblar. Qadın deputatlar həmçinin bir neçə televiziya kanalına çıxaraq müsahibələr veriblər.

Xatırladaq ki, Türkiyə prezidenti Qarabağ münaqişəsi həll olunmadan sərhədlərin açılıb-açılmayacağı haqda konkret danışmır. Baş nazir Rəcəb Tayyib Ərdoğanın sərhədlərin Qarabağ münaqişəsi həll olunmadan açılmasının mümkün olmadığı haqda son bəyənatının ardınca Gül müəmmalı danışmağa üstünlük verib, üstəlik Azərbaycanı məsələni televiziyalarda müzakirəyə çıxardığı üçün qınayıb. Türkiyə prezidenti ölkəsinin Cənubi Qafqazda problemlərin həlli istiqamətində çalışdığını deyir, ancaq Azərbaycanla münasibətlərdə yaranan problemi aradan qaldırmaq üçün birmənalı bəyanat verməyə də tələsmir. Türkiyə və Qərb mətbuatı isə sərhədlərin açılması planının qüvvədə olduğunu yazaraq anlaşmanın yaxın zamanlarda üçüncü ölkədə, çox güman ki, gizli danışıqların aparıldığı Cenevrədə açıqlanacağını xəbər verir.




Fərhad Məmmədov

TÜRKİYƏ SƏFİRLİYİ AZƏRBAYCANLI DEPUTATLARIN ÇIXIŞLARI İLƏ BAĞLI AÇIQLAMA YAYIB

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyi Azərbaycan bu gün mətbuatında dərc olunan bir xəbərlə bağlı açıqlama yayıb. Səfirliyin açıqlama yaymasına səbəb həmin xəbərdəki “Türkiyədə azərbaycanlı millət vəkillərinin çıxışları titrlərlə verilir.. Dillərimiz eynidirsə, onlar niyə belə edirlər?” cümləsi olub.

“Media forum” saytının məlumatına görə, səfirliyin mətbuat müşavirliyi bu ölkədə səfərdə olan Azərbaycan deputatlarının çıxışlarını diqqətlə izlədiyini bəyan edib: “Televiziya kanallarının hardasa hamısının hörmətli millət vəkillərinin danışdıqlarını alt yazısız və dublyajsız verdiyi müşahidə edilir. Ölkəmizin televiziya kanallarındakı qaydalara görə, tamaşaçının sözləri daha yaxşı anlaya bilməsi üçün bəzən yuxarı səviyyəli rəsmilərimizin çıxışları da daxil olmaqla, danışılanlar alt yazı ilə verilir. Bir neçə kanalın alt yazı verməsi istisna olmaqla, ölkəmizin televiziyalarının əksəriyyətinin Azərbaycanın hörmətli millət vəkillərinin çıxışlarını olduğu kimi verməsi “bir millət-iki dövlət” sözünün gerçək həyatda tətbiqinin əlamətidir. Türkiyədəki televiziya tamaşaçılarının millət vəkillərinin bütün sözlərini anladığını, “dilimiz birdir” deyənlərin bir daha haqlı çıxdığını söyləməyə isə ehtiyac belə yoxdur”.




«Media forum»

"Sərhəd ümidi" İrəvanda batdı. Nalbandyan Ermənistanla Türkiyə arasında heç bir sənəd imzalanmayacağını söylədi

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasına yollanan Türkiyə Xarici İşlər naziri jurnalistlərə niyyətləri barəsində açıqlama verib. Nazir ilk olaraq ikitərəfli və çoxtərəfli münasibətlərin yaxşılaşması üçün problemlər spektrinə aydınlıq gətirilməsini, hamının tam səmimi olmasını istəyib.
"Yalnız bu şərtlərə əməl olunarsa, normal perspektivlərdən danışmaq mümkündür. Mən Yerevanda heç bir sənədə imza atmayacam. Belə məsələ gündəmdə də durmur", - deyə Əli Babacan vurğulayıb. Sözünün üstündə durub da. Nə iclasdan əvvəl, nə də sonra heç bir, hətta niyyətlər memorandumu statusunda olan, sənəd imzalanıb. Tədbirardı mətbuat konfransında jurnalistləri üçtərəfli məsələlər maraqlandırdığından, suallara Əli Babacanla yanaşı Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və Ermənistan XİN başçısı Edvard Nalbandyan cavab veriblər.
Mahmud Məmmədquliyev bildirib ki, sərhədlərin açılması iki ölkə arasında olan münasibətlərə dair məsələdir. "Bizim mövqeyimiz qanuni milli maraqlarımızdan doğur. Danışıqlar zamanı onların nəzərə alınacağına inanıram".
Nazir müavini bəyan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin bərpası yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirilə bilər. O, iki ölkə arasında münasibətlərin Azərbaycan torpaqlarının işğalı ilə bağlı kəsildiyini xatırladıb.
Edvard Nalbandyan isə Dağlıq Qarabağ probleminin Minsk Qrupu çərçivəsində həll olunacağını və bu məsələlərin bir-birinə aidiyyatı olmadığını söyləyib. Onun sözlərinə görə, Türkiyə ilə ürəkaçan, sonucunun yaxşı bitməsinə inanmaq istədiyi danışıqlar gedir.
Bu yöndə Rusiyanın açıqlaması maraqlıdır. "Rusiya Ermənistan-Türkiyə münasibətlərinin bərpası istiqamətində atılan istənilən addımı alqışlayır". APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. Lavrov bildirib ki, bu məsələ ən əvvəl Ermənistanla Türkiyə arasında ikitərəfli məsələdir: "Biz tərəflər arasında münasibətlərin normallaşmasına yönəlmiş istənilən addımı alqışlayırıq".
Rusiyanın Türkiyədəki səfirliyi isə bəyan edib ki, son zamanlar Rusiyanın Ankara ilə Yerevanın arasında fəal vasitəçi rolunun oynaması haqqında yayılan məlumatlar narahatlıq doğurmaya bilməz. "Bu cür yazılar Rusiyanı tərəfdaş kimi rəsmi Bakının gözündən salmaq məqsədi daşıyır. Sərhədlərin açılması iki ölkənin münasibətləri çərçivəsində həll oluna bilən məsələdir və üçüncü ölkənin bu dialoqa qatılması yolverilməzdir. Rusiyanın məqsədi - bütövlükdə Qafqaz regionunun inkişafıdır".
"Ermənistan-Türkiyə münasibətlərinin bərpası məsələsi yaxın gələcəkdə həllini tapa bilər". Bu sözləri isə Ermənistanın xarici siyasət iarəsinin başçısı Edvard Nalbandyan söyləyib. O, danışıqların davam etdiyini bildirib: "Biz artıq irəliləyiş qeydə almışıq. Yaxın gələcəkdə bu məsələlərin həllinə çox yaxınlaşa bilərik".
Nalbandyan QDİƏT ölkələri xarici işlər nazirlərinin toplantısı çərçivəsində Ermənistanla Türkiyə arasında hər hansı sənədin imzalanmasının planlaşdırılmadığını açıqlayıb. Nazir Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmadığını da söyləyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində və onun həmsədrlərinin köməyi ilə aparılır. Başqa format yoxdur".
Xatırladaq ki, ABŞ-ın "The Wall Street Journal" qəzeti aprelin 16-da Türkiyə ilə Ermənistan arasında sənəd imzalanacağını və sərhədlərin açılacağını yazmışdı.

Aqil CAMAL
Hüquq SALMANOV

«Takvim» qəzeti: «Türkiyə Ermənistan qarşısında dörd şərt irəli sürüb»

Ankara, Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılması və İrəvanın Türkiyəyə qarşı ərazi iddialdarından əl çəkməsi də var

Türkiyə diplomatik münasibətlərin bərpası üçün Ermənistan qarşısında dörd şərt qoyub. ANS PRESS-in məlumatına görə, Türkiyənin «Takvim» qəzetində bu barədə yazı dərc edilib. Yazıda deyilir ki, rəsmi Ankaranın şərtləri bunlardır: erməni soyqırımı iddialarının araşdırılması üçün birgə komissiyanın yaradılması və «Daşnaksütyun»un arxivi də daxil olmaqla bütün arxivlərin açılması, Ermənistanın 1990-cı ildə qəbul edilmiş müstəqillik aktından Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması, Ermənistan qoşunlarının Dağlıq Qarabağı boşaltması və «Qars müqaviləsi»nin nəticələrinin rəsmi İrəvan tərəfindən tanınması.
Qəzet onu da bildirir ki, Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistan rəsmiləri ilə danışıqları sadalanan şərtlər çərçivəsində aparır.

15 Nisan 2009 Çarşamba

TÜRKİYƏNİN KEÇMİŞ XARİCİ İŞLƏR NAZİRİ: İNANIN, MƏN BU SOYUQLUĞUN, GƏRGİNLİYİN MƏNBƏYİNİ TAPA BİLMİRƏM”

Media forum” saytının suallarını Türkiyənin keçmiş xarici işlər naziri, Ədalət və İnkişaf Partiyasından millət vəkili Yaşar Yakış cavablandırır.



- Yaşar bəy, Azərbaycanda və Türkiyədə ayrı-ayrı qruplar hökumətinizi xəyanətdə suçlayırlar. Bu ittihamları necə qarşılayırsınız?

- Üzülərək. Eyni zamanda bunun bir yanlış anlamadan doğan reaksiya olduğuna və keçib gedəcəyinə inanıram. Türkiyə hər səviyyədə öz mövqeyini açıqladıqca azərbaycanlı dostlarımız belə bir ehtimalın bizim ölkənin idarəçilərinin zehnində heç bir zaman olmadığına əmin olacaqlar və tərəddüdləri dağılacaq.

İctimaiyyətdə doğan reaksiyaların dəyişməsi zaman ala bilər, amma uzun perspektivdə Azərbaycan-Türkiyə münasibətləri öz məcrasına düşəcək və davam edəcək.

- Amma bu mərhələdə Azərbaycan-Türkiyə münasibətlərində soyuqluğun yaşandığını qəbul edirsiniz...

- Bəli. Amma inanın, mən bu soyuqluğun, gərginliyin mənbəyini tapa bilmirəm. Bu günə qədər heç bir türk rəsmisinin ağzından “Dağlıq Qarabağ problemi həll olunmadan da sərhədi aça bilərik” mənasına gələn bir cümlə çıxmayıb. Bu iddialar ortaya çıxandan bəri sual verilən heç bir türk yetkilisi belə bir ehtimalı dilə gətirməyib. Belədə azərbaycanlı qardaşlarımızda bu yanlış qənaətin necə yarandığını və gərginliyin niyə yaradıldığını anlamıram.

Bəlkə ermənilərin açıqlamalarına inanıb belə düşünürlər, bilmirəm. Amma hətta Sərkisyan “sərhədlər açılacaq” deyirsə belə, bu onun arzusudur. Və əgər azərbaycanlı dostlarımız Sərkisyanın dediyinə inanıb belə sərt reaksiya verirlərsə, bu yanlışdır. Belə bir narahatçılıq, nigaranlıq olduğu zaman ilk iş hörmətli Azərbaycan prezidentinin Türkiyə prezidentini arayıb danışması olmalıydı. Çünki arada belə bir dostluq, yaxınlıq var. Bu mexanizm işləməliydi..

- Niyə işləmədi, sizcə?

- Mən hələ bunun sirrini tapa bilməmişəm. Bunun arxasında Türkiyə-Azərbaycan münasibətlərinin pozulmasını istəyən dairələrin cəhdi varmı, yoxdurmu - o sualı da öz-özümə verirəm.

- Siz Türkiyədə bir dönəm xarici işlər naziri olmusunuz və diplomatik dairələrlə də əlaqələriniz yəqin hələ qalır. Türkiyənin Ermənistanla danışıqlarında Dağlıq Qarabağ məsələsi şərt kimi qoyulmadan sərhədlərin açılması məsələsi müzakirə olunubmu?

- Əlbəttə, mənə bütün müzakirələr barədə hesabat verilmir, amma bu məsələ ilə məşğul olan dostlarımızdan zaman-zaman bilgi alıram. Bilirsiniz ki, Türkiyə ilə Ermənistan arasında müzakirələr 2007-ci ildə İsveçrədə başlayıb. Məndə olan məlumata görə, heç bir zaman Dağlıq Qarabağ probleminin kənara qoyulması variantı ətrafında müzakirələr aparılmayıb. Türkiyədə istənilən hökumət Dağlıq Qarabağ problemi həll olunmadan sərhədi açarsa, iqtidarda qala bilməz. Heç bir hökumət bunu edə bilməz, etməz.

Əminəm ki, Türkiyənin xarici siyasətini yaxından izləyən, Türkiyə ictimaiyyətini yaxından tanıyan hər bir azərbaycanlı dostumuz bunu bilir. Buna rəğmən belə bir hava necə yaradıldı, niyə yaradıldı, bilmirəm. Mənim təxminim budur ki, Obamanın Türkiyəyə gəlməsi xəbərləri çıxandan sonra gərginlik yarandı və onun gəlişi ilə əlaqədar olaraq narahatlıq artdı. Ondan öncə müzakirələr davam edirdi və heç bir problem yox idi. Müzakirələrlə bağlı azərbaycanlı dostlarımıza ən yüksək səviyyədə bilgi verilirdi.

Türkiyə hər mərhələdə Azərbaycanı Ermənistanla təmasları barədə məlumatlandırıb. Ankara Azərbaycanla təmas içərisində olmadan belə bir mövzunu təkbaşına yürütməz. Bunu heç bir zaman etməyib. Hətta prezidentimiz Ermənistana futbol matçına getməzdən əvvəl Azərbaycana xəbər verdi, döndükdən sonra da Azərbaycana səfər etdi və hörmətli İlham Əliyevi bilgiləndirdi. Ermənistanla danışıqlar paketində Dağlıq Qarabağ məsələsi həmişə olub və olacaq. Hətta o müzakirələrdə Azərbaycan təmsilçiləri olmasa da.

- Türkiyə-Ermənistan müzakirələri nəyi əhatə edirdi o zaman?

- Paketin tətbiqinə başlandığı zaman Dağlıq Qarabağ da daxil olmaqla addımların necə atılacağı, ardıcıllığın necə olacağı müzakirə edilirdi. Müzakirələr “Dağlıq Qarabağı yox sayıb “biz bunu, siz onu edəcəksiniz” şəklində aparılmırdı. Dağlıq Qarabağ məsələsi hər zaman müzakirələrin bir parçası olub və olacaq.

- Baş nazir Ərdoğanın açıqlamasını son söz olaraq qəbul etmək mümkündürmü?

- Rəcəb Teyyub Ərdoğan Türkiyənin baş naziri və parlamentin üçdə ikisini təşkil edən bir partiyanın lideridir. Onun söylədiyi söz Türkiyə hökumətinin və parlamentin böyük əksəriyyətinin mövqeyinin ifadəsidir. Türkiyə müxalifətinin mövqeyi də eynidir. Dağlıq Qarabağ Türkiyədə iqtidarlı müxalifətli hər kəsin məsələsidir. Bu məsələdə fikir ayrılığı ola bilməz. Azərbaycanın məsələsi bizim məsələmizdir və hər zaman olacaq. Arada yaranmış bəzi xoşagəlməzliklər də zamanla aradan qalxacaq. Türkiyə ən yüksək səviyyədə azərbaycanlı qardaşlarımıza bu reaksiyaların yanlış anlamadan irəli gəldiyini anlatmağa çalışır.

- Türkiyənin bu mövqeyi ABŞ-la münasibətlərə necə təsir edə bilər? ABŞ “soyqırım” məsələsində hər hansı addım ata bilərmi?

- Türkiyə-Azərbaycan münasibətlərini bilən amerikalılar baş nazirimizin ifadə etdiyi mövqeyin sürpriz olmadığını da bilirlər. Onlar da bilirlər ki, Türkiyə-Azərbaycan münasibətləri Ermənistanla danışıqlarda bazarlıq mövzusu ola bilməz. Ermənilər keçmişdə Obamanı bilgisiz zamanında yaxalayıb ondan “soyqırım” sözü alsalar belə, mən Obamanın da digər prezidentlər kimi, artıq bu mövqenin yanlış olduğunu, Türkiyə-ABŞ münasibətlərini zədələyə biləcəyini gördüyünə inanıram.

Bu baxımdan Türkiyənin Dağlıq Qarabağ məsələsindəki qərarlılığının ABŞ-Türkiyə münasibətlərinə təsir edəcəyini düşünmürəm. Çünki bu onların bildiyi mövqedir, yenilik deyil. Amerikalılar Türkiyənin Azərbaycanı gözdən çıxarmayacağını, bunu qəti mövqe olduğunu bilirlər.


Könül ŞAMİLQIZI

ƏHMƏDİNEJADIN BAŞ MÜŞAVİRİ İSTEFA VERİB

İran prezidenti Mahmud Əhmədinejadın baş müşaviri Müctəba Haşimi Səmərə istefa verib.

“Media forum” saytının məlumatına görə, istefanın əsl motivi açıqlanmasa da, siyasi təhlilçilər prezident seçkisi ərəfəsinə təsadüf edən bu addımı Əhmədinejadın yenidən seçilmək şansının az olması ilə əlaqələndirirlər.

H.Səmərənin istefa ərizəsində isə onun başqa sahədə xidmət göstərmək istədiyini yazdığı bildirilir.

H.Səmərə M.Əhmədinejadın ən yaxın adamlarından biri kimi tanınırdı. O, islam inqilabından sonra bir sıra vəzifələrdə çalışıb. Prezidentin baş müşaviri olana qədər İranın Qərbi Azərbaycan ostandarının müavini, Kürdüstan ostandarının müavini, Sənəndəc şəhərinin meri, Kürdüstan ostandarının müşaviri, Kürdüstan Azad Universiteti rektorunun canişini, “Atisaz” şirkətinin baş direktoru işləyib.




«Media forum»

Azərbaycan və Türkiyə deputatları birgə bəyanat qəbul etdilər

Bu gün Milli Məclisdə “Türkiyə Azərbaycan: ortaq maraqlar və problemlər” mövzusunda forum keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri - Cümhuriyyət Xalq Partiyasından (CHP) Yılmaz Atəş, Şükrü Ələkdağ, Şahin Mengü, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Atilla Kaya, Turan Çirkin, MHP baş katibinin müavini Bülənt Didinməz və Məhəmməd Azəri
iştirak edir.

Toplantıya tədbirin təşkilatçısı olan Azərbaycanın Ana Vətən, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyalarının rəhbərləri ilə yanaşı, parlamentdə təmsil olunan Yeni Azərbaycan və Müsavat partiyalarından olan və bitərəf deputatlar da qatılıblar.

Tədbirdə çıxış edən millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, forum Azərbaycanla Türkiyə arasında soyuqluq yaradan məsələlərlə bağlı müzakirələr aparmaq məqsədi ilə təşkil edilib. O, əvvəlcə Türkiyənin hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) təmsilçilərinin də tədbirdə iştiraka razılıq verdiyini, sonradan isə onların Bakıya gəlmədiklərini qeyd edib. Buna təəssüflənən F. Ağamalı deyib ki, AKP nümayəndələrinin foruma qatılmamalarının səbəbi onlara məlum deyil.

O qeyd edib ki, işğal altında olan Azərbaycan torpaqları azad olunmadan Türkiyə ilə Ermənistan arasında sərhədlər açılarsa, o zaman Azərbaycan üçün Türkiyənin İran və Rusiyadan fərqi olmaz: “Qarabağ azad olunmayana kimi Cənubi Qafqazda sabitlikdən danışmaq mümkün deyil”.

TBMM-in CXP-dən olan millət vəkili Şükrü Ələkdağ çıxışında Türkiyənin Cənubi Qafqazda sülh, əmin-amanlıq və güvənlik istədiyini bildirib. Türkiyə-Ermənistan sərhədlərinin Qarabağın işğal olunmasına görə 1993-cü ildə bağlandığını xatırladan TBMM üzvü xatırladıb ki, işğal altında olan Azərbaycan torpaqlarının azad olunması ilə bağlı BMT qətnamələr qəbul etsə də, Ermənistan geri çəkilməyib: “İndiki məqamda sərhədlər açılarsa, Qarabağı azad etmək mümkün olmayacaq. Türkiyə bunu edə bilməz. Türkiyə ictimaiyyətinin 95 faizi bunu istəmir”.

Ş. Ələkdağ Ermənistanın təkcə Azərbaycanla deyil, bölgədəki bütün ölkələrlə problemlərinin olduğunu, İrəvanın Gürcüstana da, Türkiyəyə də torpaq iddiası irəli sürdüyünü xatırladıb.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da Qarabağın itirilməsinin Türkiyənin Cənubi Qafqazı itirməsi demək olduğunu söyləyib: “Türkiyə sərhədlərin bağlı qalmasında özü maraqlı olmalıdır”. Millət vəkili bildirib ki, görüşün nəticəsi olaraq bəyanat imzalana bilər və sənəddə forumun məğzi öz əksini tapmalıdır.

TBMM-in MHP-dən olan üzvü Atilla Kaya isə forumda AKP təmsilçilərinin də iştirakını istədiklərini deyib. O, hər iki ölkə ictimaiyyətinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz etdiyini və bunun nəticə verdiyini söyləyib. İki ölkə arasında dostluğun tarixindən danışan A. Kaya qeyd edib ki, türk dünyasının bütün problemlərinə eyni səviyyədə yanaşmaq, onların həlində birgə iştirak etmək lazımdır: “Biz MHP olaraq belə düşünürük”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə Türkiyə və Azərbaycan millət vəkilləri arasında belə görüşlərin davamlı keçirilməsi təklifi ilə çıxış edib: “16 ildir, türk ölkələri parlament assambleyasının yaranmasından söhbət gedir. Düzdü, kağız üzərində olsa da, bu qurum yaranıb, amma heç bir iş görmür. Bu qurum vaxtında yaxşı fəaliyyət göstərsəydi, belə vəziyyət yaranmazdı”.


Türkiyənin Giresun Universitetinin rektor əvəzi, azərbaycanlı professor Aygün Əttar da çıxışında bildirib ki, AKP təmsilçiləri bu toplantıya qatılmalıydılar. A. Əttar Türkiyə ilə Ermənistan arasında danışıqların getdiyi indiki məqamda belə ermənilərin soyqırımı iddialarından əl çəkmədiklərini diqqətə çatdırıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquluyev isə Azərbaycanın Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə yayılan məlumatlardan ciddi narahatlıq keçirdiyini deyib: “Bizə deyirlər ki, 16 ildir, Qarabağ problemi həll olunmur, siyasəti dəyişmək lazımdır. Bu düzgün deyil. Dünyada ən böyük soyqırımını Amerika törədib. Əvvəl öz törətdikləri soyqırımları tanısınlar, sonra Türkiyədən bunu tələb etsinlər”.

Forumun sonunda bəyanat qəbul edilib. Bəyanatı Azərbaycan və Türkiyədən tədbirdə iştirak edən 11 nəfər imzalayıb. Bəyanatda qeyd edilib ki, forumda iştirak edən şəxslər Türkiyə ilə Azərbaycan ictimaiyyətini narahat edən məsələ ətrafında səmərəli müzakirələr aparıblar. Bir daha təsdiq olunub ki, Türkiyə və Azərbaycanı bir-birinə bağlayan tarixi, milli, dini, iqtisadi əlaqələr zamanın sınağından çıxıb, davamlı xarakter daşıyır: “Son zamanlar Türkiyə ilə Ermənistan arasında danışıqların intensiv xarakter alması, diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması mövzusunda spekulyasiyaların genişlənməsinin hər iki ölkə cəmiyyətlərində ciddi narahatlıq yaradıb. Bunun əleyhinə olaraq hər iki ölkə cəmiyyətləri birmənalı mövqe nümayiş etdirib. Forum iştirakçıları bundan sonra da Dağlıq Qarabağ, qondarma “erməni soyqırımı”, PKK terroru, Şimali Kipr kimi məsələlərdə ortaq mövqedən çıxış etməyin məqsədəuyğun olduğunu vacib sayırlar”.

Bəyanatda o da qeyd edilib ki, ortaya çıxan problemlərin həlində hər iki dövlətin səlahiyyətli orqanlarının, siyasi partiyalarının və qeyri-hökumət təşkilatlarının davamlı olaraq məsləhətləşmələr aparması, birgə toplantılar keçirməsi faydalı hesab olunur.

LENT.AZ

“İranın Xəzərin bölünməsi ilə bağlı mövqeyi dəyişməyib”

“Bizim bu və ya digər məsələlərlə bağlı, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı mövqelərimizi necə razılaşdırılmağımızdan asılı olaraq, dövlət başçıları müvafiq qərarlar qəbul edəcəklər. Biz isə bütün məsələlərin razılaşdırılması üçün işçi qrupu və ekspertlər səviyyəsində işimizi davam etdiririk”.

Bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Moskvada keçirdiyi mətbuat konfransında APA-nın müxbirinin “Azərbaycanın nəzərdə tutulan Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması ilə bağlı mövqeyi nədən ibarətdir?” sualını cavablandırarkən deyib. XİN başçısının müavini bildirib ki, sahilyanı dövlətlər Xəzərə aid olan və nizamlanması tələb olunan bütün məsələlər üzrə aktiv dialoq aparırlar: “Biz Xəzəryanı ölkələr üçün maraq kəsb edən iqtisadi, təhlükəsizlik və digər məsələləri aktiv şəkildə müzakirə edirik”.


“Xəzərin bərabər şəkildə bölünməsinə dair İran İslam Respublikasının mövqeyi dəyişməz qalıb”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu fikirləri isə Moskvada Xəzərin hüququ statusuna dair işçi qrupun xüsusi toplantısından sonra keçirilən mətbuat konfransında İran nümayəndəsi Mehdi Səfəri söyləyib.

Onun sözlərinə görə, buna rəğmən İran Azərbaycan və Türkmənistanla bu məsələyə dair çox aktiv və müsbət məsləhətləşmələr aparır: “Təbii ki, hər bir dövlət öz milli maraqlarını qorumalıdır. Buna görə də biz müxtəlif məsələləri müzakirə etməyə və mövqelərimizi yaxınlaşdırmağa hazırıq”.

Dövlət başçılarının Tehran sammitini, həmçinin Həştərxanda keçirilən hökumətlərarası iqtisadi konfransı müsbət qiymətləndirən Mehdi Səfəri bildirib ki, Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasına dair təklifin dəqiq konturlarının Bakıda keçiriləcək görüşlərdə müəyyənləşəcəyinə ümidvardır. Azərbaycan tərəfin Xəzərdə stabilli və təhlükəsizliyin təmin olunmasına dair təqdim etdiyi layihəni müsbət qiymətləndirən iranlı diplomat bu sənədin yaxın günlərdə Bakıda imzalana biləcəyini vurğulayıb.

LENT.AZ

İranda türkdilli jurnallar bağlanır

Rəsmi Tehran milli zəmində həbs və təqibləri davam etdirir

"Mart ayında İranda milli zəmində həbs və təqiblər davam edib". Bu cümlə İran Siyasi Məhbuslarının Hüquqlarını Müdafiə Assosiasiyasının hesabatındandır. Dünya Azərbaycanlıları Konqresindən (DAK) "Turan"a daxil olan hesabatda siyasi motivlərlə bağlı həbslər barədə məlumat verilir.
Xəbərdə deyilir ki, bu ilin fevralında həbs edilən Ramin və Mühəmməd Sadıq qardaşları ETTELAAT-ın Ərdəbil bölməsində saxlanılıb, bu qardaşları İran əleyhinə separatizmdə suçlamaq üçün işgəncə yolu ilə ifadə alınmasına cəhd edilib. Məlumata görə, qardaşları ayaqlarından tavana asıblar, yuxusuz və qidasız saxlayıblar, toka veriblər. Xəbərdə bildirilir ki, məhkəmə prosesində Ramin Sadiq istintaq zamanı verdiyi etirafedici ifadələrdən imtina edib və bu ifadələri işgəncə altında verdiyini söyləyib.
Mənbənin məlumatına görə, digər bir təzyiq vasitəsi tələbələrin təhsilə davam etməsini əngəlləməkdir. Hesabatda Emin İmami, Nahid Babazadə, Səməd Paşayi, Nadir Mehdinin magistr kimi təhsillərini davam etdirməsinə rəsmi Tehranın mane olduğu vurğulanır.
Sənəddə İranda türk əsilli toponimlərə qarşı əsl savaş açıldığı qeyd edilir və Güney Azərbaycan milli-hərəkatının liderlərindən Abbas Lisaniyə "Çənlibel" adı daşıyan mağazasının adını dəyişdirmək üçün təzyiq olunduğu deyilir. Mənbə bununla yanaşı, Sulduz şəhərində türk toponimlərinin kütləvi şəkildə dəyişdirildiyini qeyd edir.
Mətbuata təzyiqlərə toxunan hesabatda deyilir ki, bu ilin üç ayı rəzində rəsmi Tehranda türk dilində nəşr edilən "Ulus", "Nəsimi", "Ölük", "Oyanış", "Səttarxan", "Kimlik", "Yoldaş", "Aydın Gələcək", "Qıpçaq", "Yarpaq", "Çənlibel", "Yaşıl yol", "Yurd", "Səhər", "Açıq söz", "Sayan", "Bulud", "Hələc", "İsəlay" kimi jurnallar hər hansı bir səbəb göstərilmədən bağladılıb.

İran Ermənistanı bağrına basır

İRANLA ERMƏNİSTAN 1,5 MİLYARD DOLLAR DƏYƏRİNDƏ DƏMİR YOLU LAYİHƏSİ HƏYATA KEÇİRMƏK İSTƏYİR

Ermənistan prezidenti Serj Sərkisyanın İrana ikigünlük rəsmi səfərinin (13-14 aprel) əsas müzakirə mövzularından biri iki ölkə arasında dəmir yolunun çəkilməsi ilə bağlı olub. Bu barədə ilkin niyyət memorandumu bir qədər əvvəl, aprelin 3-də Yerevanda iki ölkənin nəqliyyat nazirləri Qurgen Sərkisyan və Həmid Bihbahani tərəfindən imzalanıb. Ermənistan prezidentinin Tehrana səfəri gedişində məsələni konkretləşdirən daha əhatəli sənədin imzalanması gözlənilsə də, tərəflər hələlik onun üzərində iş getdiyini bildiriblər.

Bununla belə, erməni tərəf dəmir yolu layihəsinin real müstəviyə keçdiyini iddia edir. Bu mövzuya keçməzdən öncə Sərkisyanın İran səfərinin digər tərəflərini nəzərə çatdıraq.

Xatırladaq ki, İran prezidenti Mahmud Əhmədinejad erməni həmkarını rəsmi səfərə cəmisi bir ay öncə dəvət etmişdi. Dəvət məktubu martın 12-də İran XİN rəhbəri Mənuçöhr Mottakinin Yerevana səfəri gedişində Ermənistan rəhbərinə təqdim olunmuşdu. Sərkisyan belə tezliklə İran səfərinə çıxması erməni tərəfin cənub qonşusu ilə işbirliyini genişləndirməkdə nə qədər maraqlı olduğunu göstərir. Bəllidir ki, dünyadakı qlobal iqtisadi böhranın ən ağır təsir etdiyi ölkələrdən biri Ermənistandır və ölkə rəhbərliyi vəziyyətdən çıxmaq üçün tələsik manevrlər etmək zorundadır.

Prezident Sərkisyanın iranlı həmkarı Mahmud Əhmədinejadla görüşündə də əsasən iqtisadi məsələlər, o cümlədən iki ölkə arasında energetika və nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub. Sərkisyanı səfərdə Ermənistanın xarici işlər, enerji və təbii sərvətlər, nəqliyyat və informasiya, iqtisadiyyat və diaspor nazirləri, Ermənistan Mərkəzi Bankının sədri və deputatlar müşayiət edib.

Sərkisyan deyib ki, İran Ermənistanın vacib partnyoru olduğunu dəfələrlə sübut edib. Ermənistanın çətin günlərində İranın dəstəyini hiss etdiyini deyən Sərkisyan blokada illərində bu ölkə ərazisindən Ermənistana ilk tələbat malların keçirildiyini xatırladıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi də diqqətə alınıb. Ermənistan prezidentinin iranlı həmkarına Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi barədə məlumat verdiyi bildirilir. Tərəflər Qarabağ probleminin hərbi yolla həllinin mümkünsüzlüyünü qeyd ediblər. Ermənistan prezidenti həmçinin Ermənistan-Türkiyə münasibətlərinin inkişafı barədə iranlı həmkarını məlumatlandırıb.

İki ölkə arasında iqtisadi işbirliyinin genişləndirilməsi prezident Sarkisyanın İranın ali dini rəhbəri Seyid Əli Xamneyi ilə görüşdə də diqqətə alınıb. "Tehran səfərindəki razılaşmaları ciddi şəkildə həyata keçirin", - deyə İranın ali rəhbəri iki ölkə prezidentinə tövsiyə edib.

Xamneyi İran ermənilərinin ölkə tarixinin müxtəlif dövrlərindəki rolunu yüksək qiymətləndirərək 1980-1988-ci illər İran-İraq müharibəsində də erməni əhalinin "iranlı müsəlman qardaşları ilə düşmənə qarşı çiyin-çiyinə vuruşduğunu", İran İslam Respublikasını müdafiə etdiklərini deyib.Ermənistan prezidentinin İranın parlamentinin sədri Əli Laricani, Milli Təhlükəsizlik Şurasının katibi Səyid Cəlili ilə görüşləri də olub. Sarkisyan İrandakı erməni icması ilə də görüşüb. Səfər gedişində Ermənistanın energetika naziri Armen Movsisyan İranın iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyni ilə iki ölkə arasında həyata keçirilən enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib.

Bu arada Ermənistanın nəqliyyat naziri Qurgen Sərkisyan iki ölkə arasında dəmir yolu layihəsi barədə iddialı açıqlamalar verib. Xatırladaq ki, hazırda Ermənistanın yalnız Gürcüstanla dəmir yolu əlaqəsi var. Lakin Abxaziya münaqişəsi üzündən Tbilisi-Suxumi dəmir yolunun 1992-ci ildən bağlı olması Ermənistanın bu yolla Rusiya ilə əlaqəsini (Yerevan-Tbilisi-Suxumi-Soçi) mümkünsüz edib.

Ermənistanın Azərbaycanla dəmir yolunun 1991-ci ildən, Türkiyə ilə sərhədin isə 1993-cü ildən bağlı olduğu nəzərə alınarsa, İranla müştərək dəmir yolu layihəsinin erməni tərəfi üçün nə qədər böyük önəm daşıdığını təsəvvür etmək olar.

Layihəyə görə, 470 km-lik İran-Ermənistan dəmiryolu xəttinin 60 km-i İran, qalanı isə Ermənistan ərazisini əhatə edəcək. Ermənistan naziri İran tərəfdə xəttin inşası üçün problem olmadığını deyib. Sözügedən xətt Ermənistan-İran sərhədindən İran Culfasınadək çəkiləcək və orada İranın ümumi dəmir yolu şəbəkəsinə qoşulacaq.

Ermənistan payına düşən xəttin inşası isə həm maliyyəti, həm də texniki tərəfləri ilə açıq qalmaqdadır. Erməni nazir dəmir yolunun Mehri-Qafan-Gorus-Cermuk-Martuni-Kamo-Qaqarin marşrutu üzrə, Sevan (Göyçə) gölünün cənubundan keçməklə çəkiləcəyini deyib.

Onun sözlərinə görə, ilkin layihədə dəmir yolu xəttinin Sevan gölünün şimalından keçməklə Vardenis rayonu ərazisi ilə çəkilməsi müzakirə olunub: "Lakin bu halda dəmir yolu xətti Ermənistan sərhədindən kənara çıxır". Qeyd edək ki, bu halda dəmir yolu Azərbaycanın erməni işğalı altında olan ərazisindən (Qazax rayonunun işğal olunmuş kəndləri) keçməlidir. Sərkisyanın sözlərinə görə, erməni tərəf "beynəlxalq problem yaratmamaq üçün bu variantdan imtina edib".

Erməni naziri deyib ki, layihə texniki baxımdan çox mürəkkəbdir və Rusiya tərəfi onun reallaşmasında iştirak etməyə hazır olduğunu bildirib. Qeyd edək ki, Ermənistanın dəmir yolu şəbəkəsi Rusiyanın idarəçiliyindədir. Sarkisyanın sözlərinə görə, İran tərəfi ilə yekun memorundumun imzalanmasından sonra 3 ay müddətinə işçi qrup təşkil olunmalı və təxminən bir ilə layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanmalıdır.

Layihənin maliyyəti isə ilkin olaraq 1,5 mlrd. dollar nəzərdə tutulur, lakin bu rəqəmin artacağı istisna deyil. Qeyd edək ki, hazırda Ermənistanın ümumi dövlət büdcəsi 3 mlrd. dollar həcmindədir. Layihənin 5 ilə həyata keçirilməsi nəzərdə tutulur. Lakin layihə üçün maliyyənin haradan tapılacağı sual altındadır. Hələlik yalnız Asiya Bankı bu barədə ilkin vəd verib.

Erməni nazirin sözlərinə görə, Ermənistan-Türkiyə sərhədi açılsa belə, İranla dəmir yolu öz aktuallığını itirməyəcək: "Çünki Türkiyənin özünün şərq bölgələrində dəmir yolu xətti yoxdur və gələcəkdə Türkiyə Ermənistan vasitəsilə İranla da dəmir yolu əlaqəsi qura bilər".

Qeyd etmək lazımdır ki, səslənən bu iddialı bəyanatlar fonunda Ermənistan-İran dəmir yolu layihəsinin yaxın gələcəkdə praktik müstəviyə keçəcəyi az ehtimallıdır. Bir qədər əvvəl erməni tərəf İrandan Ermənistana neft kəmərinin çəkilməsi üzərindən iş getdiyini də xəbər vermişdi. Məlumata görə, həmin kəmərlə Təbrizdəki neftayırma zavodundan Ermənistana yanacaq nəql olunacaq. Amma indi bu layihədən söz edilmir.

Ermənistanın digər bir iddiası İrandan çəkilən qaz kəmərinin regional tranzit xəttinə çevirmək barədə idi. Halbuki 2007-ci ildə istifadəyə verilən İran-Ermənistan qaz kəməri praktik olaraq fəaliyyət göstərmir. Buna səbəb boru xəttinin Ermənistan hissəsinin (Mehri-Qacaran) ölkənin əsas qaz xətləri şəbəkəsinə qoşulmamasıdır. Bunun üçün təxminən 100 km-lik Qacaran-Yerevan kəməri inşa olunmalıdır və buna isə erməni tərəfin pulu yoxdur. Hələlik İran qazını yalnız Ermənistanın cənub rayonları ala bilər. Bu cür kiçik həcmdə təchizat üçün isə boru xəttini işlətmək, sadəcə, rentabelli deyil.

Qeyd edək ki, iki ölkə arasındakı qaz anlaşmasına görə, İran Ermənistana ildə 2 mlrd. kubmetrədək qaz verməli, erməni tərəf isə bunun əvəzini elektrik enerjisi ilə ödəməlidir. Təbrizdən başlanan qaz kəmərinin İran hissəsi 100 km, Ermənistan hissəsi isə 30 km-dir. Onu da qeyd edək ki, 200 mln. dollaradək maliyyəti olan qaz kəməri niyyət anlaşması imzalanandan (1992) 15 il sonra istifadəyə verildi.


Vüqar ORXAN

14 Nisan 2009 Salı

ERMƏNİSTAN PREZİDENTİ İRANDA


Xəbər verdiyimiz kimi, aprelin 13-də Ermənistan prezidenti Serj Sərkisyan İran İslam Respublikasına rəsmi səfər edib. Ermənistan prezidentinin Tehranda qarşılanmasından şəkilləri təqdim edirik.

MAHMUD ƏHMƏDİNEJAD: “ERMƏNİSTANIN ÇİÇƏKLƏNMƏSİ BÜTÜN REGİONUN XEYRİNƏDİR”

Dünəndən İran səfərində olan Ermənistan prezidenti Serj Sərkisyan həmkarı Mahmud Əhmədinejadla 1 saat qapalı danışıqlar aparıb. Prezidentlər İranla Ermənistan əlaqələrinin dərinliyinə toxunaraq qarşılıqlı münasibətlərin bütün sahələrdə daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıblar.


S.Sərkisyanı rəsmi səfərində Ermənistanın xarici işlər, enerji və təbii sərvətlər, nəqliyyat və informasiya, iqtisadiyyat və diaspor nazirləri, Ermənistan Mərkəzi Bankının sədri və deputatlar müşayiət edir.

“Media forum” saytının məlumatına görə, Əhmədinejad və Sərkisyan İranla Ermənistanın istər bölgə, istər dünya miqyasında müştərək görüşə malik olduqlarını bildiriblər. Onların fikrincə, bölgədə və dünyadakı dəyişikliklər baxımından İranla Ermənistanın əməkdaşlığı zəruridir, bölgədə sülh, dostluq və qardaşlıq bütün ölkələrin birgə əməkdaşlığı ilə hakim olmalıdır.

Sərkisyanın İrana səfərinin əhəmiyyətinə toxunan Əhmədinejad Ermənistanın inkişafının bütün bölgə üçün xeyirli olacağını vurğulayıb: “Ermənistanın çiçəklənməsi, inkişafı və sabitliyi bütün regionun xeyrinədir. Bizim qarşılıqlı əlaqələrimiz müxtəlif sahələrdə, o cümlədən enerji, ticarət, nəqliyyat və digər regional, beynəlxalq sahələrdə genişləndirilməlidir”.

Ermənistan lideri ölkəsinin inkişafı üçün göstərdiyi yardım və qayğıya görə İran İslam Respublikasına öz təşəkkürünü bildirib: “Yerevanla Tehranın münasibətləri genişləndirilməli və qarşılıqlı əməkdaşlıq səviyyəsi yüksəldilməlidir”.

AZƏRBAYCAN TÜRKÜ MİRHÜSEYN MUSƏVİ: “PREZİDENT SEÇİLSƏM, XALQA YALAN DANIŞMAYACAĞAM”

Azərbaycan türkü, prezidentliyə namizəd Mirhüseyn Musəvi aprelin 14-də İranın cənubunda yerləşən İlam şəhərində universitet tələbələri ilə görüşüb.

“Media forum” saytının məlumatına görə, hökumətin tələbələrə qarşı mövqeyini tənqid edən Musəvi deyib: “Mütəfəkkir insanlarsız inkişafa nail olmaq mümkün deyil. Məgər tələbə nə istəyir biz ondan qorxuruq? Tələbələr nəyi tənqid etsələr də, ürək ağrısı və xoş niyyətlə edirlər. Biz tələbələrə qarşı baxışımızı dəyişməliyik. Onların bizə inam və etimadı zəifləməyə və məhvə doğru gedir. Biz məhv olmaqda olan bu etimadı bərpa etməliyik”.

Musəvi prezident seçiləcəyi təqdirdə vətəndaşlara qarşı necə münasibət bəsləyəcəyi barədə sualın cavabında deyib: “Mən prezident seçilsəm, xalqa yalan danışmayacaq, onu hökumətin məhrəmi edəcəyəm. Xalqdan heç nə gizlətməyəcəyəm”.

İki gün qabaq Tehranda yaşayan bir qrup azərbaycanlı ilə görüşən

Mirhüseyn Musəvi çıxışının sonunda Azərbaycan dilinə keçərək prezident seçiləcəyi təqdirdə Azərbaycan şəhərlərində yerli əhali ilə Azərbaycan türkcəsində danışacağını deyib: “Dostlardan biri məndən xahiş edib ki, bir az da türk dilində danışım. Mən türkcə danışmağı bacarıram. 12 yaşındaykən Təbrizdən Tehrana gəlmişəm. Əlbəttə, bir az məşq eləməliyəm ki, Azərbaycana gedəndə əhali ilə bu dildə rahat danışa bilim”.

Mərhum Şəhriyarın “Heydərbabaya salam” poemasının gözəlliyinə toxunan Musəvi türk dilini sevdiyini də vurğulayıb: “Hər bir dil özü-özlüyündə canlı bir fenomendir. Bu fenomeni kənardan təzyiq göstərməklə ortadan götürmək və məhv etmək olmaz. Bu dil böyük keçmişə, ədəbiyyata və mədəniyyətə malikdir. Onun hər bir sözü keçmişdəki miflərə işarə edir. Bunu digər dillərdə tapmaq çətin məsələdir. Misal üçün, Şəhriyarın “Heydərbaba” şeirini oxuyanda insan bu dilin incəliyindən agah olur. Elə buna görə də mən bu dilə maraq göstərir, onu sevirəm”.

1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulan M.Musəvi 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirib. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub.

Hazırda Tehran İncəsənət Akademiyasının rəhbəridir. İngilis və ərəb dillərini mükəmməl bilir.




«Media forum

İranda amerikalı jurnalist üzərində məhkəmə başlayıb

31 yaşlı Roksana Sabiri casusluq etdiyini “boynuna alıb”

İranda casusluqda ittiham edilən amerikalı jurnalist üzərində məhkəmə prosesi başlayıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, ilk iclas aprelin 13-də keçirilib. İranlı məmurlar hazırda Evin həbsxanasında saxlanılan 31 yaşlı Roksana Sabiri barəsində tezliklə hökm çıxarılacağını bildiriblər.

Qeyd edək ki, ilkin olaraq Sabiriyə bir şüşə çaxır almaqla bağlı ittiham irəli sürülüb. Sonra onu müvafiq akkreditasiyası olmadan jurnalistika ilə məşğul olmaqda ittiham ediblər. İndi isə ona qarşı ABŞ-ın xeyrinə casusluq etmək ittihamı irəli sürülüb. “İSNA” agentliyi İran baş prokuroruna istinadən bildirib ki, jurnalist qadın casusluq etdiyini boynuna alıb.

LENT.AZ

Şimal bölgəsində axtarışda olan 10 nəfər tutulub

Daxili İşlər Nazirliyi sərhəd-sipər əməliyyatını başa çatdırdı

Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər Nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən 2009-cu il aprelin 7-dən 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Azərbaycanın daxili işlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.

Respublikanın Qax, Balakən, Zaqatala, Şəki, Qusar, Oğuz, Xaçmaz və Qəbələ rayonlarını əhatə edən tədbirlər nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 10 nəfər tutulub, Rusiya Federasiyası daxili işlər orqanları tərəfindən axtarışa elan edilmiş 4 nəfər, şübhəli qismində 8 nəfər saxlanılıb. Qanunsuz saxlanılan 10 avtomat silah, 4 tapança, 39 ədəd yivli və ov tüfəngi, 32 qumbara, 27 adda hərbi ləvazimat, 5322 ədəd müxtəlif çaplı patron götürülüb.

Tədbirlər zamanı 452 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib.

Cinayətlərin qarşısının alınması və açılmasında böyük əhəmiyyət kəsb etməsi baxımından analoji əməliyyatların gələcəkdə də keçirilməsi planlaşdırılır.

LENT.AZ

AKP-çi deputatlar "xəcalət çəkirlər"?!

Türkiyənin hakim partiyası Milli Məclisdəki müzakirələrə qatılmayacaq

Türkiyə-Ermənistan sərhədinin açılacağı haqda yayılan xəbərlərin yaratdığı ajiotaj səngisə də, məsələ hələ də gündəmdədir. Sabah Milli Məclisdə keçiriləcək beynəlxalq konfransın da mövzusu sərhəd məsələsidir.
Qeyd edək ki, sözügedən konfransın keçirilməsi təşəbbüsü ilə parlamentdə təmsil olunan Ana Vətən, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyalarının rəhbərləri çıxış ediblər. Onlar Ermənistanla Türkiyə arasında yaxınlaşmadan narahat olduqlarını, bu məsələlərə aydınlıq gətirilməsini istədiklərini bildiriblər.
Konfransın təşkilatçılarından biri Fəzail Ağamalı APA-ya bildirib ki, Milli Məclis binasında keçiriləcək konfransa Türkiyənin hakim partiyasının nümayəndələri qatılmayacaqlar. Belə ki, Ədalət və İnkişaf Partiyasının (AKP) konfransda iştirakı nəzərdə tutulan üzvləri toplantıya qatılmaqdan imtina ediblər. F.Ağamalı bu halı təəssüflə qarşıladıqlarını deyib. Türkiyədən gələcək nümayəndə heyətinin üzvləri aşağıdakılardır: Cümhuriyyət Xalq Partiyasından (CHP) Yılmaz Atəş, Şükrü Ələkdağ, Şahin Mengü, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Atilla Kaya və Turan Çirkin.
Konfransa Azərbaycan parlamentdə təmsil olunan digər partiyaların, o cümlədən Yeni Azərbaycan və Müsavat partiyalarının təmsilçiləri də dəvət olunub. Konfransda iştirak edəcək türkiyəli deputatların MM-in sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşləri də planlaşdırılır.
Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə yayılan məlumatlarla əlaqədar dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) da tədbir keçirilib. AHİK-nın sədri Səttar Mehbalıyevin sözlərinə görə, yalnız Qarabağ torpaqları azad edildikdən sonra sərhədin açılmasından danışıla bilər: "Biz Türkiyənin müxtəlif həmkarlar təşkilatlarına müraciət edirik ki, onlar öz hökumətlərinə təsir göstərsinlər və sərhədlərin asılmasına imkan verməsinlər. Biz müəyyən təşkilatlarla danışıqlar da aparmışıq və onlar lazım gəlsə mitinqlər keçirəcəklərini də deyiblər".
S.Mehbalıyev hesab edir ki, bəzi iri dövlətlər - xüsusilə ABŞ və Fransa Türkiyəyə sərhədlərin açılması ilə bağlı təsir göstərir: "Amma Ermənistan təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı da torpaq iddiası ilə çıxış edir, qondarma soyqırım iddiasından əl çəkmir. Ona görə də bu sərhədin açılması separatçı erməni rejiminin güclənməsinə xidmət edəcək".
Sonda həmkarlar ittifaqları Türkiyə həmkarlar ittifaqlarına müraciət ediblər.
Bu arada QAT, KXCP, Müsavat, Ymid, AXCP, AİP, BAXCP, VHP, AVP və BAP-ın Bərdədə fəaliyyət göstərən təşkilatlarının imzaladığı bəyanatda Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz bildirilib. Bəyanatda Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaradılması ehtimalına qarşı etiraz ifadə olunub.
BAXCP İdarə Heyətinin ötəngünkü toplantısında da Türkiyə-Ermənistan sərhədlərinin açılması haqda xəbərlər müzakirə olunub. BAXCP İdarə Heyəti belə bir addımın atılacağı təqdirdə Azərbaycan və Türkiyə xalqlarının qardaşlıq münasibətlərinə, Türk birliyinə ciddi ziyan dəyə biləcəyini bəyan edib.
Türkiyədə səfərdə olan deputat, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Azəri-Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı və Milli QHT Forumunun prezidenti Rauf Zeyni Cümhuriyyət Xalq Partiyasının başqanı Dəniz Baykalla görüşüblər. Daha sonra müxtəlif nüfuzlu media quruluşları və QHT-lərlə bir araya gələn nümayəndə heyəti "Flash TV"-də canlı yayında son günlər iki ölkə arasında yaşanan olaylarla bağlı proqramda iştirak ediblər.

A.CAMAL

Azərbaycan güzəşt etməyəcək

Ölkə vətəndaşlarının 35,8%-i hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaxın vaxtlarda irəliləyişlər ola bilər. "Plus-R" sosioloji sorğu xidmətinin keçirdiyi sorğunun nəticələri belədir. Respondentlərin 11,5%-i əmindir ki, münaqişə zonasında hərbi əməliyyatlar başlayacaq, 51,7%-i isə "nə hərb, nə sülh" vəziyyətinin bundan sonra da davam edəcəyini düşünür.
Rəyi soruşulanların 70%-nin fikrincə, münaqişənin nizamlanmasında ermənilərlə kompromis variantı əldə etmək mümkün deyil.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində güzəştlər məsələsinə gəldikdə, respondentlərin 6,8%-i qarabağlı ermənilərə mədəni muxtariyyət və yerli özünüidarə səlahiyyətlərinin verilməsini mümkün sayıblar. Sorğu iştirakçılarının 6,2%-i Azərbaycanın tərkibində Dağlıq Qarabağa Naxçıvan Muxtar Respublikasına analoji statusun verilməsini, 0,9%-i isə dünyada ən yüksək muxtariyyətin verilməsini məqbul bilib. Respondentlərin 12,7%-i azərbaycanlı köçkünlərin Dağlıq Qarabağa qayıtmalarından sonra orada statusla bağlı referendumun keçirilməsini gərəkli hesab edirsə, cəmi 0,1% qarabağlı ermənilərə müstəqillik verilə biləcəyini mümkün sayırlar.
Sorğu iştirakçılarının 70%-i Dağlıq Qarabağ məsələsində ermənilərə hər hansı güzəştlər və kompromislərin mümkünsüz olduğuna əmindir.
Nəticələrdən də göründüyü kimi, respondentlərin əksəriyyəti danışıqlarda kompromis və güzəştlər üçün imkan görmürlər. Belə çıxır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişə tərəflərinini azərbaycanlılarla erməniləri qarşılıqlı kompromislərə hazırlaşdırmağa çağırmaqda haqlı imişlər.
Azərbaycana dost ölkələrə gəldikdə isə, Türkiyəni respondentlərin 87%-i dost bilirsə, Rusiya ilə bağlı həmin göstərici 15,1% , ABŞ - 4,2%, Gürcüstan - 12,2% Ukrayna - 8,1%, İran isə 5,3%-dir.
Rəyi soruşulanların 94,7%-i Ermənistanı Azərbaycana düşmən ölkə hesab edirsə, 10% İranın, 14,6% - Fransanın, 3,8% isə ABŞ-ın adlarını çəkib.
"Azərbaycanı tərk etmək məcburiyyətində qalsaydınız yaşamaq və işləmək üçün hansı ölkəni seçədiniz?" sualına respondentlərin 9,6%-i "Rusiya" cavabını veribsə, 6,7% Türkiyəni, 5,8% - Almaniyanı, 1,5% - ABŞ-ı, 1,2% - Böyük Britaniyanı, 0,8% - Hollandiyanı, 0,8% da Kanadanı seçib.
Sorğu iştirakçılarının 38,2%-i Avropa Birliyi ilə inteqrasiyaya müsbət münasibət bəsləyirsə, 12,9% - MDB, 7,2% isə İslam Dövlətləri Konfransı Təşkilatı çərçivəsində qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə tərəfdardır.

Humay

Tehran Mübarəkin başına pul qoydu

İrandakı "İslam İnqilabı Keşikçiləri Korpusu" Misir prezidenti Hüsni Mübarəyi aradan götürməyi planlaşdırır. Bu barədə İsrailin "Ediot Axaranot" qəzeti Misir Təhlükəsizlik Nazirliyindəki mənbələrə istinadən yazıb. "İslam İnqilabı Keşikçiləri Korpusu"nun rəhbərlərindən biri Tehranda Mübarəyi öldürənə milyon dollar mükafat verəcəyini bildirib.
Misir Təhlükəsizlik Nazirliyinin məlumatına görə, pul prezidenti öldürəcək şəxsləri cəlb etmək və onlara təlim keçmək üçün bir qrup iranlıya verilib. Qrup üzvləri onlarla könüllü arasında seçim aparıb. Bir neçə gənc isə təlim keçmək üçün "İslam İnqilabı Keşikçiləri Korpusu"nun düşərgəsinə göndəriliblər.
Kursdan əvvəl İslam Respublikasının banisi Ayətulla Xomeyninin qəbri önündə terrorçu qrupa xüsusi təntənəli mərasim keçirilib. Amma İran bu barədə Misir kəşfiyyatına məlum olduqdan sonra bu ideyadan əl çəkməli olub. Misir təhlükəsizlik qüvvələri iranlıları xəbərdar ediblər ki, sui-qəsd aşkara çıxıb və qatilləri Misirə aparan yol bağlı olacaq.
Eyni zamanda "Hizbullah"ın Misir ərazisində gizli şəbəkəsinin ifşa edilməsi ilə bağlı yaranmış qalmaqal güclənməkdə davam edir. İran "Hizbullah"ın Misir ərazisindəki fəaliyyətində iştirakdan rəsmi olaraq boyun qaçırır. "Hizbullah"ın özü isə sübut etməyə çalışır ki, onun məqsədi yalnız "Həmas"ın Qəzzada silahlanması olub və o, Misirə qarşı heç bir fəaliyyət planlaşdırmırmış.
Misir hakimiyyəti isə bu bəyanatlara inanmır. Misir İnterpoldan "Hizbullah" lideri şeyx Nəsrullanın Livan ərazisini tərk edəcəyi halda onun həbsi üçün beynəlxalq order tələb edib. Misirlilər həmçinin bildiriblər ki, Livan hakimiyyətindən Nəsrulla üzərində məhkəmə və yaxud da Nəsrullanın onlara verilməsini tələb edəcəklər.

Neftin qiyməti ucuzlaşdı

Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşıb.



Lent.az-ın “RBK” agentliyinə istinadən verdiyi məlumata görə, Londondakı “InterContinental Exchange Futures” birjasında Brent markalı neftin qiyməti 1,92 dollar düşərək 52,14 dollar təşkil edib. Nyu-Yorkdakı “New York Mercantile Exchange” birjasında isə WTA markalı neftin qiyməti 2,19 dollar ucuzlaşaraq 50,05 dollar olub.

AKP-çi deputat Azərbaycana gəlməmələrinin səbəblərini açıqlayıb

“Baş nazirimiz və prezidentimiz lazımi açıqlamaları veriblər”



“Təəssüf ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndələri Azərbaycan və Türkiyə millət vəkillərinin iştirakı ilə Bakıda keçiriləcək, iki ölkə arasında münasibətlərin vəziyyətinə həsr olunmuş beynəlxalq konfransda iştirak etməyəcək”. APA-nın xəbərinə görə, bunu Mili Məclisin bugünkü iclasında çıxışında millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib. Deputat qeyd edib ki, Türkiyənin hakim partiyasının nümayəndələri əvvəlcə toplantıya qatılmağa razılıqlarını bildirsələr də, sonradan Bakıya gəlməyəcəklərini deyiblər.



F. Ağamalı sabah Bakıda keçiriləcək tədbirin MM-də təmsil olunan beş partiyanın təşəbbüsü ilə baş tutacağını söyləyib.



Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri, AKP Konya millət vəkili Mustafa Kabakçı isə APA-nın Türkiyə bürosuna açıqlamasında dəvəti qəbul etməmələrinin səbəblərini açıqlayıb: “Mən həmişə Bakıya böyük məmnuniyyətlə getmişəm. Ora vətənimin bir parçasıdır. Ancaq Bakıda keçirilən toplantıya getməyim üçün Azərbaycan parlamentindəki Dostluq Qrupunun sədrindən dəvət almağım lazımdır. Digər tərəfdən, mənsub olduğum AKP-nin səlahiyyətli orqanları mənim Bakıya getməyim üçün qərar qəbul etməlidir. Baş nazirimiz və prezidentimiz lazımi açıqlamaları veriblər. Mən də Məclisdəki çıxışımda Türkiyənin Azərbaycanla bağlı siyasətində heç bir dəyişiklik olmadığını vurğuladım. Türkiyənin Ermənistanla apardığı danışıqların bütün təfərrüatları barədə Azərbaycana məlumat verilib”.



Qeyd edək ki, Türkiyədən Bakıya gələcək nümayəndə heyətinin tərkibi artıq açıqlanıb. Bunlar Cümhuriyyət Xalq Partiyasından (CHP) Yılmaz Atəş, Şükrü Ələkdağ, Şahin Mengü, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Atilla Kaya və Turan Çirkindir. Toplantıya tədbirin təşkilatçısı olan beş partiya ilə yanaşı, parlamentdə təmsil olunan Yeni Azərbaycan və Müsavat partiyalarının da dəvət olunduğu bildirilib.



Konfransın keçirilməsi təşəbbüsü ilə parlamentdə təmsil olunan Ana Vətən, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyalarının rəhbərləri çıxış edib.

OBAMANIN "KİŞİ" SÖZÜ, "İKİ MİLLƏT-İKİ DÖVLƏT" VƏ YA "MƏNDƏN ÖTSÜN, QARDAŞIMA DƏYSİN" SİYASƏTİ

Ələskər ƏLƏSKƏRLİ, Ankara


Azərbaycan müstəqillik qazandıqdan sonrakı tarixdə Türkiyə - Azərbaycan münasibətləri heç indiki qədər xoşagəlməz şəkil almamışdı. Son günlərdə bu sahədə gərginliyin artması, ictimaiyyətin lazımi dərəcə məlumatlandırılmaması iki ölkə arasındakı münasibətləri bərpası çox çətin ola biləcək zədələnmə təhlükəsi ilə üz-üzə qoyub. Amma nəzərə alaq ki, Ermənistan - Türkiyə sərhədlərinin açılması məsələsi bu gün meydana gəlmiş bir problem deyil. Bu problem ermənilərin Azərbaycan torpaqlarını işğal etməyə başladığı andan bu günədək davam etməkdə olub, Türkiyənin Ermənistanla bağlı yetərsiz və tutarsız siyasəti nəticəsində növbəti dəfə mübahisə mövzusuna çevrilib. 1991-ci ildən bu günədək Türkiyə hökumətinin bu münaqişə ilə bağlı mövqeyini qısaca gözdən keçirmiş olsaq, bu yetərsizlik və tutarsızlığın bariz epizodlarını daha açıq şəkildə görə bilərik. Təəssüf ki, Türkiyədə Ermənistan - Azərbaycan münasibətləri ilə bağlı vahid dövlət siyasəti bu günə qədər formalaşdırılmamışdır.

TARİXİ QƏFLƏT

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ən qızğın vaxtlarında Türkiyədə hökumətə Süleyman Dəmirəl rəhbərlik edirdi. O, 20 noyabr 1991-ci ildən 16 may 1993-cü ilədək bu vəzifəni icra etdi.
1990-cı illərdə Sovet İttifaqı dağılmağa başlayanda Ermənistan öz dövlət quruculuğunu Türkiyəyə və Azərbaycana qarşı düşmənçilik sütunları üzərində inşa etməyə başladı. Ermənistanın 23 avqust 1990-cı ildə qəbul etdiyi Müstəqillik Bəyannaməsinin girişində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair 1 dekabr 1989-cu il tarixli qanuna istinad edilmiş, 11-ci maddədə isə Ermənistan Respublikasının 1915-ci ildə "Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda yaşanmış erməni soyqırımı"nın tanıdılması üçün səy göstərəcəyi yazılmışdır.
Göründüyü kimi, Ermənistan, sadəcə, Qarabağın Azərbaycandan qoparılması siyasətini yürütməklə kifayətlənməmiş, eyni zamanda, Türkiyə torpaqlarından "Qərbi Ermənistan" deyə bəhs edərək bir yandan torpaq iddiası irəli sürmüş, digər tərəfdən də yalançı "soyqırım"ı tanıtmanı özünün dövlət prinsipi şəklinə gətirmişdi. Ermənistan 13 oktyabr 1921-ci ildə Qars müqaviləsi ilə müəyyən edilmiş sərhədləri bu günə qədər tanımamışdır. Belə bir vəziyyətdə Türkiyə hökuməti hətta Amerikadan iki gün əvvəl, yəni 24 dekabr 1991-ci ildə Ermənistanı tanıdı.
Əslində, hökumətin atdığı bu addım bir siyasi qəflət nişanəsi idi. Bu gün də olduğu kimi, o zaman da bəzi populistlərin "xoşməramlı addımlar ataraq Ermənistanı qazanmaq" demoqogiyası tam iflasa uğramışdı. Bu tanımanın müqabilində Ermənistan Türkiyəyə qarşı irəli sürdüyü iddialarda güzəştə getmədi və Türkiyə ilə diplomatik münasibətlər qurulmadı. Buna baxmayaraq Süleyman Dəmirəl hökuməti "səni sevəcəyəm, sən sevməsən də" deyimində olduğu kimi, Ermənistanla mehriban qonşuluq münasibətləri qurmağa çalışdı.
Bu dövrdə Ermənistanın elektrik enerjisi Türkiyənin Moskvadan aldığı təbii qazla təmin edilirdi. Halbuki, ermənilərin Metsamor Atom Elektrik Stansiyası fasilələrlə və çox zəif işləyirdi. Gürcüstandakı gərginlik səbəbi ilə dəmir yolları və nəqliyyat iflic vəziyyətinə düşmüşdü. Belə bir gərgin vaxtda Türkiyə Ermənistana elektrik, həmçinin havayı 100.000 ton buğda verdi. Bütün bunlara baxmayaraq Ermənistanın Qarabağla bağlı mövqeyində və Türkiyəyə qarşı irəli sürdüyü tələblərdə heç bir dəyişiklik baş vermədi.
O zamanlar Azərbaycan tam informasiya blokadasındaykən Avropa ölkələri Ermənistana hər cür yardım göstərirdi. Türkiyə bu "humanitar" yardımların öz quru yollarından və hava sahəsindən keçməsinə izin verdi. Bundan əlavə, Türkiyə 1992-ci ildə Ermənistanı Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatına təsisçi üzv olaraq dəvət etdi.
Xocalı soyqırımından sonra prezident Turqut Özal Azərbaycana dəstək vermək üçün Ermənistanın blokadaya alınması fikrini səsləndirdi. Ancaq Dəmirəl hökuməti "ərzaq və tibbi yardım" daşıyan təyyarələrin uçuşuna izin verdi. Türkiyənin Qarabağ probleminin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası üzvlərinə verdiyi 6 maddəlik sülh planı isə Ermənistan tərəfindən rədd edildi.
1992-ci ilədək ermənilərin Naxçıvana hücumları zamanı müxalifət liderlərindən Bülənt Ecevit "dərhal Naxçıvana müdaxilə etmək" lazım gəldiyini açıqladı. Turqut Özal isə Qarabağ və Naxçıvanda işğal edilmiş ərazilərin geri alınması ilə bağlı Türkiyənin üzərinə öhdəlik düşdüyünü dedi. Dəmirəl hökuməti isə hər hansı bir hərbi əməliyyatın keçirilməsinin mümkün olmadığını ifadə etdi. Türkiyədəki müxalifət partiyaları hökumətin mövqeyini və qətiyyətsizliyini tənqid edir, Dəmirəl hökuməti isə mənasız "sülh təşəbbüsləri"ni davam etdirirdi.
Kəlbəcərin işğalından sonra Turqut Özal və hökumət arasındakı fikir ayrılıqları daha da gücləndi. Turqut Özal bu işğalın artıq Qarabağ məsələsi olmaqdan çıxdığını, "Böyük Ermənistan" planının bir parçası olduğunu, bugünkü dünyada risk etmədən heç bir nəticə əldə oluna bilməyəcəyini açıqladı. Dəmirəl isə yenə əvvəlki mövqeyindən əl çəkmirdi. 17 aprel 1993-cü ildə Turqut Özal qəfildən dünyasını dəyişdi. Bundan sonra Türkiyə hökumətləri problemin "sülh yolu ilə" və "diplomatik manevrlər"lə həllinə üstünlük verdi.

AKP HÖKUMƏTİNİN "ERMƏNİ SİYASƏTİ"

AKP hökuməti dövründə Ermənistan və sərhəd məsələləri Avropa Birliyinin və ABŞ-ın təlqin və təzyiqləri ilə vaxtaşırı gündəmə gəldi. Ancaq hər dəfə ictimaiyyətin də təzyiqi ilə bu məsələdə "Qarabağın işğaldan azad edilməsi" ön şərt kimi irəli sürülərək sərhədlərin açılması istəyi reallaşmadı. Ancaq ermənilər AKP iqtidarı dönəmində Türkiyədən çox şey qopara bildilər. Bir tərəfdən "soyqırım" iddiaları ilə Türkiyə üzərində psixoloji təzyiq qurub digər tərəfdən öz istəklərinin həyata keçirilməsinə nail oldular. Türkiyə - Ermənistan hava yolu açıldı. Van gölündə yerləşən Akdamar adasındakı erməni kilsəsi Türkiyə büdcəsindən ayrılmış böyük məbləğdə pul hesabına təmir edildi. Daha sonra ictimai təşkilatlar və hərəkatlar vasitəsilə münasibətlərin təməli hazırlandı. Əvvəl ermənilərlə birlikdə (deyilənə görə, Azərbaycandan da nümayəndələr varmış) Qarsda pendirtutma yarışması təşkil edildi.
"Pendir" diplomatiyası daha sonra "futbol" diplomatiyası ilə davam etdirildi. Prezident Abdulla Gülün Ermənistana səfəri Yerevanın mövqeyini daha da gücləndirdi. Bunu özləri üçün fürsət bilən ermənilər və ermənipərəstlər mətbuatda böyük həmləyə başladılar. Nə yolla olursa olsun - doğru, yalan, dürüst, yaltaqlıq... Fərqi yoxdur. Yetər ki Ermənistan - Türkiyə münasibətləri inkişaf etsin! Qarabağın harada yerləşdiyini bilməyən, "Azərbaycan" kəlməsini doğru tələffüz edə bilməyən naşı "ekspertlər" televiziya kanalları və mətbuat orqanlarında hökumətin bu yolla qətiyyətlə davam etməsinin lazım olduğunu deyir, Türkiyənin tarixi qonşusu (?) ilə münasibətlərinin bu günə qədər bərpa olunmamasında Azərbaycanı günahlandırmağa çalışırdılar.
Ancaq əsl mərəkə Obamanın gələcəyi ilə qopdu. Türkiyə mətbuatında Obamanın səfərindən əvvəl "xilaskar" mifini yaratmışdılar.

"KİŞİ SÖZÜ" və TÜRKİYƏ MƏTBUATININ BƏSİRƏTSİZLİYİ

Obama əlləri cibində, çox arxayın gəldi Türkiyəyə. "Ciddi mesajlarla gəlir" dedilər. Həqiqətən, ciddi mesajlarla gəlmişdi. Amma nə mənada ciddi? Obamanın yeni dünya üçün çox şey vəd etdiyini deyən türk mətbuatı uzun müddət "Obama xarizmasının şoku"ndan özünə gələ bilmədi. Obamanın dedikləri və istədiklərindən daha çox "maqazin" yönünü çıxardılar qəzet manşetlərinə və televiziya kanallarına. Həm də çox bayağı və gülünc şəkildə:
- "Obama bərəkəti" gəlib. Obama "Yes, you can" deyib. Obama Atatürkün mavzoleyini ziyarət edib. Cümhuriyyətçilər çox seviniblər. Obama "Mənim ailəmdə də müsəlman var. İslama qarşı savaşmaram" deyib. İslamçılar çox seviniblər.
- Obama Amerikanın 44-cü prezidenti, Malatyanın da vilayət avtomobil kodu 44 olduğu üçün malatyalılar özlərini xoşbəxt hiss etmişlər.
- Obama "artıq hamımız dəyişməliyik" deyib. Qəhvəsini bir tikə qəndlə içib. Aya Sofiya muzeyindən çıxarkən bir pişiyi sığallayıb, pişik dərhal xalq tərəfindən sevilməyə başlanıb. Yazıq pişik ömründə görmədiyi günləri görür. Ona peyvənd vurublar. Müayinədən keçiriblər, nəcis və sidik analizini ediblər. Sultan Əhməd məscidindən çıxarkən Obama "gözəldir, çox gözəl" deyib (başqa nə deməliydi ki).
Halbuki Obamanın məhəbbətinin eyforiyasından ayıldıqda məclisdəki nitqinin detalları beyinlərdə sual işarələri meydana gətirdi. Obama "Heybəli adasında xristian məktəbini açın, kürdlərinizə yaxşı baxın" deyib. Deyib ki, "keçmişinizlə barışın, biz barışdıq". Yəni "biz amerikalı aborigenlərin kökünü kəsdik, siz də ermənilərin". "Biz barışdıq, siz də barışın". Mükəmməl müqayisə!
"Sərhədləri açın. Mən söz vermişəm. Sözümün arxasında dururam". Yəni bizim təbirimizlə desək, "kişi sözü" verib. Görəsən, Ermənistan sərhədini açmaq istəyən Türkiyə siyasiləri də Azərbaycana söz verdiklərini xatırladılarmı?! Amerikanın bu zamana qədər Türkiyəyə gəlmiş heç bir prezidenti tərifi yerə, göyə sığmayan yeni prezidenti qədər Türkiyənin suverenlik haqqına qarşı bu qədər nəzakətsiz davranmamışdı. Mesaj deyil, sanki ultimatum oxuyurdu.
Obamanın nitqini, səhv etmirəmsə, 6 dəfə alqışlamışlar.

QAZANAN TƏK ERMƏNİSTAN OLACAQ

Türkiyədə müəyyən dairələrin sərhədlərin açılması zərurəti ilə bağlı söylədikləri dəlillərin heç birinin ciddi əsası yoxdur. Məsələyə beynəlxalq və diplomatik nöqteyi-nəzərdən baxdığımızda belə bir addımın atılmasının Türkiyəyə heç nə qazandırmayacağı bəllidir. Bəzi məntiqsiz şərhlərə görə, guya, Amerikanın sərhədin açılmasındakı marağı Türkiyə vasitəsilə Ermənistanı Rusiyanın əlindən qoparmaqdır. Halbuki, Rusiya tarix boyu da, bu gün də Ermənistanın varlıq səbəbidir. Bu gün Azərbaycanın torpaqlarının işğaldan azad olunması ilə bağlı "fəaliyyət göstərən" ABŞ, Rusiya, Fransa və bir çox Avropa ölkələri Ermənistanı açıq və ya dolayı şəkildə dəstəkləməkdədir. Belə bir vəziyyətdə Türkiyənin sərhədi açması Azərbaycanı tamamən təcrid vəziyyətinə gətirə bilər.
Məsələyə iqtisadi cəhətdən baxdığımız zaman bunu deyə bilərik ki, onsuz da, hazırda Ermənistanla Türkiyə arasında müəyyən mənada münasibətlər var və davam etməkdədir. Türkiyədən Ermənistana üçüncü ölkələr üzərindən mal daşınır, təyyarə reysləri var. Türkiyədə 70 min qanunsuz erməni işçi var. Amma sərhədin açılması həm siyasi-strateji, həm də iqtisadi baxımdan ermənilərə böyük fürsət verəcək.
Bu gün sərhədlərin açılmasının Azərbaycanın mənafeləri baxımından nə qədər təhlükəli olduğunu deməyə ehtiyac yoxdur. Sərhəd açılması ermənilərə dərindən nəfəs aldıracaq, ac-yalavac ermənilər bellərini dikəldəcək və daha da azğınlaşacaqlar. Türkiyə hansı təzyiq forması olursa olsun, sərhəd məsələsində heç bir güzəştə getməməlidir. Bu il ABŞ prezidenti "soyqırım" kəlməsini tələffüz etməyə bilər. Ancaq gələn il də tələffüz etməməsinə kim zəmanət verə bilər? Türkiyə bir dövlət olaraq əbədi stress altında yaşamamalı, fərqli taktika və strategiya işləyib hazırlamalıdır. Unudulmamalıdır ki, ABŞ prezidentinin "soyqırım" kəlməsini ifadə etməsi heç də hər şey demək deyil. ABŞ-ın keçmiş prezidentlərindən Ronald Reyqan 1981-ci ildə bu kəlməni ifadə etmişdi. Bunun davamını gətirmək üçün ABŞ-ın Türkiyədən əlini üzməsi lazımdır.
Türkiyə öz taleyini başqa bir ölkə prezidentinin iki dodağının arasından çıxan kəlməyə məhkum edəcək qədər kiçik dövlət deyil.
Sərhədlərin açılması, eyni zamanda, Türkiyənin etibarının və imicinin ciddi şəkildə zədələnəcəyi deməkdir. Türk birliyi ilə bağlı uzun illər boyu çalışılaraq ərsəyə gətirilmək istənilən layihələri birdəfəlik unutmaq lazım gələcək. Çünki bu proseslərdə ən fəal rol Azərbaycana məxsusdur. Azərbaycana qarşı belə bir mövqe isə Türkiyəyə qarşı "etibarsız müttəfiq" imicinin yaranmasına səbəb olacaq.
Sərhədin açılması ermənilərin tələblərinin bitməsi demək deyil. Növbəti layihə Rusiya qazının Türkiyə üzərindən Ermənistana nəql edilməsi tələbi olacaq. Yaxın tarixdə "Mavi Axın-2" layihəsi üzərində danışıqlar yenidən canlandırıla bilər. Layihəyə görə, Türkiyədən keçəcək bu xətdən İsraillə birlikdə Ermənistana da qaz ötürüləcək. Təsadüfi deyil ki, bu qərar Moskva və Ankara arasında bu yaxınlarda yüksək səviyyədə keçirilən danışıqlardan sonra alınmışdır.
Ən önəmli məqamlardan biri: Rusiyanın "Vesti" kanalına müsahibəsində Ermənistan prezidenti Serj Sarqsyan deyib ki, Türkiyə ilə münasibətlər ilkin şərt olmadan qurulacaq. O ki qaldı "soyqırım"a, Sarqsyan deyib ki, dünyada soyqırımı inkar edəcək bir erməni belə tapmaq mümkün deyil. Yəni sərhədlərin açılıb-açılmamasının "soyqırım"a heç bir dəxli yoxdur, o iddialar davam etdiriləcək: "Biz xoşməram nümayiş etdirdik və mən ümid edirəm ki, türk tərəfi də bizim xoş niyyətimizi anlayacaq".

ƏSL BİRLİK ZAMANI

Azərbaycanın istəkləri və tələbləri diqqətə alınmadığı təqdirdə dəyişən şərtlərə görə mövqeyini dəyişdirməsi təbii hüququdur. Türkiyənin Azərbaycanda çox böyük - həm siyasi, həm də iqtisadi maraqları var. Bu maraqlar çərçivəsində həyata keçirilən və ya keçirilmək istənilən layihələr Türkiyənin regional gücünün artması baxımından böyük əhəmiyyətə malikdir. Bütün bunları da diqqətə alaraq Azərbaycan tərəfinin türk ictimaiyyətini məlumatlandırması istiqamətində fəaliyyətini intensivləşdirməsi lazımdır.
Azərbaycan prezidentinin İstanbuldakı Mədəniyyətlər İttifaqı toplantısına qatılmaması Azərbaycanın narazılığını ifadə etməsi baxımından ən doğru addım olaraq dəyərləndirilə bilər. Bu gün Azərbaycandakı bütün qurumlar, siyasi partiyalar və ictimai təşkilatlar öz etirazlarını müxtəlif şəkillərdə türk ictimaiyyətinə çatdırmalıdır. Son bir həftə içindəki narazılıqlar özünü hiss etdirməyə başlamışdır. Bu sivil təzyiqlər qarşısında Türkiyə hökumətinin sərhədi açması heç də asan olmayacaq. Digər tərəfdən, bu təzyiqlər Türkiyə hökumətinə Avropa və ABŞ qarşısında daha qətiyyətlə davranmağa əsas verə bilər.
Bu gün birlik günüdür. Azərbaycanın son onillərdə, bəlkə, bu qədər birliyə ehtiyacı olmamışdır!

Türkiyə Qarabağ problemi çözülməyənədək Ermənistanla sərhədi açmayacağını vəd edir

ANKARA BU MƏSƏLƏDƏ MƏRHƏLƏLİ VƏ QARABAĞ SÜLH PROSESİNDƏKİ GƏLİŞMƏLƏRƏ BAĞLI OLARAQ ADDIMLAR ATMAQ NİYYƏTİNDƏDİR

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsində sülh əldə olunmayanadək Ermənistanla münasibətlərin qurulmasına dair hər hansı yekun sənəd imzalanmayacağını bəyan edib. Ötən həftəsonu jurnalistlərin Türkiyə-Ermənistan dialoqu ilə bağlı suallarına cavabında Ərdoğan erməni tərəfi ilə danışıqların getdiyini, lakin bunun yekun qərar və ya sərhədin açılması anlamına gəlmədiyini vurğulayıb: "Türkiyə ilə Ermənistan arasında baza prinsipləri ilə bağlı danışıqlar aparıla bilər. Sərhəd məsələsində də müəyyən hazırlıq və texniki ön çalışmalar aparıla bilər. Lakin bu, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşma əldə olunmayana qədər bizim Ermənistanla hər hansı yekun saziş imzalamağımız mümkün deyil".

Ərdoğan Ermənistan prezidenti Serj Sərkisyanın sərhədlərin bu ilin oktyabrına qədər açıla biləcəyi barədə fikrinə də münasibət bildirərək bunun gerçəyi əks etdirmədiyini deyib. Xatırladaq ki, Ermənistan prezidenti ötən həftə (10 aprel) jurnalistlərə açıqlamasında Türkiyə ilə danışıqlarda müəyyən yol qət edildiyini və prosesin sona yaxınlaşdığını deyib.

Bu prosesə 2008-ci ilin sentyabrında Türkiyə prezidentinin Yerevana futbol səfərilə təkan verildiyini vurğulayan Sərkisyan bildirib ki, bu ilin oktyabrında iki ölkənin futbol komandaları arasında cavab oyunana qədər sərhədin açılması gerçəkləşə bilər. Sərkisyan İstanbuldakı futbol matçına Ermənistan-Türkiyə sərhədini keçərək gedəcəyinə ümidvar olduğunu deyib: "Ola bilsin ki, həmin vaxt sərhədlər açılmış olacaq, yaxud biz bunun ərəfəsində olacağıq. Artıq top Türkiyənin meydanındadır və biz onlardan cavab addımı gözləyirik".

Türkiyə baş naziri Ərdoğan isə prezidentin futbol matçına getməsinin sərhədlərin açılması ilə əlaqəsi olmadığını vurğulayıb: "Məgər Türkiyə prezidentinin Ermənistanla futbol oyununa baxmağa getməsi sərhədlərin açılması demək idimi? Belə şey olarmı?".

Beləliklə, Türkiyə Ermənistanla danışıqları mərhələli şəkildə aparmaq, o cümlədən Qarabağ sülh prosesindəki gəlişmələrə bağlı olaraq addımlar atmaq niyyətini açıq ifadə edir. Bu məqam Türkiyə mediasında yer alan çoxsaylı xəbər və şərhlərdə də önə çəkilir.

Qeyd olunur ki, Türkiyə Ermənistanla dialoqu intensivləşdirməklə Qarabağ danışıqlarını da sürətləndirməyə, bu proseslərin paralel aparılmasına səy göstərir. Bu xüsusda Türkiyə-Ermənistan sərhədinin açılmasına paralel olaraq erməni silahlı qüvvələrinin işğal olunmuş bir neçə rayondan geri çəkilməsinin müzakirə mövzusu olduğu vurğulanır. Digər yandan, Azərbaycan da prinsip etibarilə Qarabağ nizamlanmasında praktik irəliləyiş olacağı təqdirdə Türkiyə-Ermənistan münasibətlərinin qurulmasına qarşı deyil. Azərbaycan-Ermənistan və

Türkiyə-Ermənistan sərhədləri

eyni vaxtda açıla bilər



"Türkiyə-Ermənistan sərhədlərin açılması məsələsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin içinə daxil edilməsi mümkündür", - deyə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. Nazir müavini nəzərə çatdırıb ki, Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır və prosesin müəyyən mərhələsində erməni qüvvələrinin bir neçə rayonu azad etməsi müqabilində Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması əvvəllər də müzakirə edilib: "Azərbaycanın son məqsədi ərazi bütövlüyünün bərpası, ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda yaşayan erməni və azərbaycanlı icmalarının birgə, mehriban qonşuluq şəraitində yaşamalarını təmin etməkdir. Buna nail olmaq üçün əlbəttə ki, mərhələ-mərhələ gediləcək. Türkiyənin Ermənistanla sərhədlərin açılması məsələsi müzakirə olunursa, onun bu mərhələnin, prosesin içinə daxil edilməsi mümkündür. Azərbaycan ərazilərinin bir hissəsi boşalır, onun üzərindən keçən yol, həmçinin Ermənistanı Türkiyəyə birləşdirən yollar açılır".

Qeyd edək ki, erməni qüvvələrinin Bakı-Naxçıvan-Yerevan dəmiryolu marşrutu boyunca Füzuli, Cəbrayıl, Zəngilan, habelə Qubadlı rayonlarını tərk etməsi müqabilində bu nəqliyyat xəttinin açılması hələ 1999-cu ildə danışıqların aktiv mövzusu olmuş, sonradan bir neçə dəfə gündəmə gətirilmiş (o cümlədən 2004-cü ildə Avropa Parlamenti tərəfindən), lakin yekun razılıq əldə edilməmişdir. Daha doğrusu, Ermənistan nəqliyyat blokadasının götürülməsi əvəzində torpaq azad etməyə razı olmamışdır.

İndi, görünür, bu məsələ daha geniş kontekstdə - yəni həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan sərhədlərinin açılması kontekstində nəzərdən keçirilir. Hərçənd erməni tərəfin belə razılaşmaya gedəcəyi şübhə doğurur. Məsələnin təktərəfli həlli ilə Azərbaycanın və ümumilikdə regionda sülh və sabitliyin ziyanınadır. Türkiyə də təktərəfli addımdan uzunmüddətli heç nə qazanmayacaq: "Əgər Azərbaycanla Ermənistan arasında bir irəliləyiş olmasa, Türkiyə Ermənistanla sərhədlərin açılmasından çox qazanmış olmayacaq", - deyə A.Əzimov bildirib.



Rusiya da prosesə qoşulur,

və ya 16 apreldən sonra nə olacaq?



Bu arada erməni mediasında və ona istinadən Türkiyə mətbuatında aprelin 16-dan sonra həm Türkiyə-Ermənistan münasibətləri, həm də Qarabağ nizamlanması yönündə əlamətdar gəlişmələrin olacağı vurğulanır. Eyni mülahizələr Azərbaycan KİV-də də yer alıb. Xatırladaq ki, aprelin 16-da Ermənistan XİN başçısı Əli Babacan Qara dəniz İqtisadi Əmədaşlıq Təşkilatının (Ermənistan quruma sədrlik edir) toplantısında iştirak etmək üçün Yerevana gedəcək və bu əsnada iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair niyyət sənədinin imzalanacağı bildirilir. Həmin gün Azərbaycan prezidetinin Moskvaya səfəri də gözlənilir. İlham Əliyev-Dmitri Medvedev danışıqlarında ikitərəfli iqtisadi məsələlər və Qarabağ məsələsinin müzakirə ediləcəyi bildirilir. Eyni gündə Türkiyə baş naziri Ərdoğanın da Moskvaya səfər edəcəyi və regional məsələlər və Qarabağ mövzusunun Rusiya-Azərbaycan-Türkiyə üçlüyündə diqqətə alınacağı da xəbər verilir. Hərçənd sonuncu xəbər heç bir rəsmi dairə tərəfindən təsdiqlənməyib.

Bu arada Türkiyədəki AKP iqtidarına yaxın "Zaman" qəzetinin yazdığına görə, Ankara ilə Yerevan arasında imzalanması gözlənilən anlaşmada Qarabağ münaqişəsinə yer veriləcək. Lakin sənəddə bununla bağlı konkret müddət göstərilməyəcək: "Erməni işğalı altındakı Qarabağ probleminin çözümü ən yaxşı halda 10-15 il sürəcək. Belə olan halda konkret vaxt göstərilməsi Türkiyənin manevr imkanlarını məhdudlaşdırar. Bununla belə, sərhədi açdıqdan sonra Ermənistan Qarabağ məsələsinin həllənə doğru addım atmasa, Türkiyə yenidən bu ölkə ilə əlaqələri məhdudlaşdıra bilər".

Qəzet qeyd edir ki, Türkiyə baş naziri Ərdoğanın bəyanatı Azərbaycan tərəfini nisbətən rahatlatsa da, onun sözlərinin diqqətlə oxunması lazımdır: "Ərdoğan Qarabağda sülh əldə olunmasa, Türkiyənin Ermənistanla yekun anlaşma imzalamayacağını, lakin bu yöndə hazırlıq və ön çalışmaların aparılacağını vurğulayıb. Ankara bu məsələdə mərhələli və Qarabağ sülh prosesindəki gəlişmələrə bağlı olaraq addımlar atacağını bildirir".

"Zaman" qəzetinin yazdığına görə, Türkiyə-Ermənistan sərhədinin ilkin olaraq həftədə bir dəfə açılması danışıqlar mövzusudur. Qəzet nəzərə çatdırır ki, Ermənistanın Türkiyə ilə iqtisadi bağlarının yaranması erməni cəmiyyətində "soyqırımı" fikirlərini tədricən unutduracaq: "Ermənistanın iqtisadi vəziyyətinin gündən-günə pisləşdiyi bir şəraitdə Türkiyə ilə sərhədin açılması bu ölkəyə nəfəs vermiş olacaq. Bəlli bir zamandan sonra erməni tərəf "soyqırımı" unutmasa da, hər halda onu gündəmə gətirməyəcək".

Türkiyənin "Hürriyyət" qəzeti isə Türkiyə-Ermənistan sərhədinin açılmasında Rusiyanın xüsusilə maraqlı olduğunu vurğulayır. Qəzetin mövzuya dair şərhində nəzərə çatdırılır ki, hazırda Ermənistanın nəqliyyat, yanacaq və sənaye sektorunun 70 faizinə Rusiya nəzarət edir: "Ermənistan dəmir yolu şəbəkəsi də Rusiyanın idarəçiliyindədir. Türkiyə Ermənistanla sərhədi açsa, əslində burada Rusiya ilə işbirliyi aparmalı olacaq. Odur ki, Moskva da Ankaraya "Sizin daha çox bizimlə işiniz olacaq" mesajını verir".


Vüqar ORXAN

13 Nisan 2009 Pazartesi

Qubaya 30 kürd ailəsi köçürülüb

Onların Gimil-Qazma və Cici kəndləri ərazisində yerləşdirildiyi bildirilir

Gəlmələrin problemləri iləsə nazir-oliqarxların birinin Ilham adlı yaxın qohumu məşğul olur

PKK-nın Azərbaycanda möhkəm dayaqları olması heç kimə sirr deyil. PKK terror təşkilatının lideri Abdulla Öcalan bunu məhkəmə zamanı verdiyi ifadəsində də bildirib. Təşkilatın himayədarları ora maliyyə cəhətdən yardım etməklə kifayətlənmirlər, onlar eyni zamanda xaricdə yaşayan qatı PKK-çıların ölkədə kompakt şəkildə məskunlaşmasına da şərait yaradırlar.
Bir qədər əvvəl kürdlərin Azərbaycanın qərb bölgəsində kütləvi şəkildə məskunlaşdırılması barədə mətbuatda xəbərlər dolaşırdı. Yazılanlara görə, onlar əsasən Qazax, Tovuz, Şəmkir, Gəncə və Xanlar zonasında yerləşdirilirdi. Elə bu da səbəbsiz deyil. Çünki adıçəkilən ərazidə yerli əhalinin əksəriyyətini türklər təşkil edir. Burada kürdlərin sayını süni şəkildə artırmaqla yerli türklərə onlar vasitəsilə təsir etmək niyyəti güdülür.
Azərbaycanda kürdlərin sayının artırılması PKK-nın fəaliyyət planına daxildir. Hakimiyyətdə təmsil olunan kürdəsillilər soydaşlarını tarixən türklərə məxsus ərazilərdə yerləşdirməklə həm də öz maraqlarını təmin etmiş olurlar. Məqsəd isə regionda kürdlərin sayını artırmaqla etnik problem yaratmaq, yerli əhalini sıxışdıraraq onları ərazilərdən didərgin salmaq və bu torpaqlara sahib çıxmaqdır. Vaxtilə ermənilərin türklərin başına gətirdiyi təcrübəni indi də PKK simpatizanları və onların dəstəkçiləri həyata keçirmək niyyətindədir.
Bir müddət kürd köçü intensiv xarakter alsa da, bir neçə ay idi ki, köçə aram verilmişdi. Amma deyəsən, belə deyil. Dünən çox etibarlı mənbədən aldığımız məlumata görə, bir qədər əvvəl Qubanın bir neçə kəndinə 30-a yaxın kürd ailəsi köçürülüb. Mənbənin məlumatına görə, əsasən Türkiyədən gələn kürd ailələrin bir qismi Qubanın Gimil-Qazma kəndində yerləşdirilib. Təxminən 10-a yaxın ailə isə Cici kəndinin yaxınlığında “qazmalar” deyilən ərazidə məskunlaşdırılıb. “Qazmalar” adlanan ərazidə isə hələ sovetlər dönəmində yerli sovetliyin mal fermaları olub. Indinin özündə də həmin yerdə bəzi tikililər mövcuddur.
Mənbənin məlumatına görə, köçürülən kürd ailələri, necə deyərlər, taleyin ümidinə buraxılmayıb. Onların problemləri ilə Ilham adlı şəxs məşğul olur. Həmin Ilham isə azərbaycanlı nazir-oliqarxların birinin yaxın qohumudur. Əslində biz həmin nazirin adını bilirik. Sadəcə sözügedən məsələylə bağlı bəzi dəqiqləşdirməyə də ehtiyac var.
Mövzuya qayıdacağıq.
Ervin Mirzə

Türkiyə prezidentinə və baş nazirinə ünvanlanan müraciəti imzalayanların sayı 11 min nəfəri keçdi

Türkiyə prezidentinə və baş nazirinə ünvanlanan müraciəti imzalayanların sayı 11 min nəfəri keçdi


C.MƏMMƏDOV


"Türkiyə Ermənistanla yaxınlaşmaq üçün atdığı addım qarşılığında gerçək addım görmür. Futbol diplomatiyası ilə təktərəfli yaxınlaşma belə, erməni yetkililərinin əvvəllər dediklərindən vaz keçməyəcəklərinə dair fikirləri ilə müşayiət olunur. Ermənistan hələ də Türkiyənin torpaq bütövlüyünü tanımır və Ağrıdağdan rəsmən milli rəmz kimi istifadə etməkdədir". Bu barədə Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Asif Qurbanovun Türkiyə prezidenti, baş naziri və digər dövlət vəzifəlilərinə Türkiyə - Ermənistan sərhədinin açılması mövzusunda ünvanladığı məktubda bildirilir.
Məktub www.turkiye-ermenistan-karilar-acilmasin.org səhifəsində yerləşdirilib və onu imzalayanların sayı 11 min nəfəri keçib. Kampaniyaya aprelin 4-dən başlanılıb.
"Türkiyə - Ermənistan yaxınlaşması Dağlıq Qarabağ məsələsi səbəbindən Türkiyə - Azərbaycan əlaqələrinə böyük zərər verə bilər. Türkiyə xarici siyasətinin 17 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll edilməsini şərt qoyması sadəcə olaraq Azərbaycanın təbii ehtiyatları və Azərbaycan ilə artan ticarət həcmindən asılı deyil. Bir millət - iki dövlət olan Türkiyə və Azərbaycan tarix boyu bir-birlərinə dəstək verib. Əgər qardaşlığı bir tərəfə qoysaq, Türkiyə məlum olan məsələlərdən dolayı bunu edirsə, o zaman Azərbaycandan əldə edilən üstünlüklər daha böyükdür. Enerji ehtiyatlarına malik və Orta Asiyaya açılan qapı olan Azərbaycan Türkiyə üçün daha önəmlidir. Ermənistanın isə Türkiyəyə fayda gətirəcəyi bir amil yoxdur", - deyə məktubda deyilir.
Müraciətdə daha sonra qeyd edilir: "Çanaqqala savaşında Türkiyəyə edilən qızıl, pul və əsgəri yardım Azərbaycanın dəstəyinin göstəriciləridir. Təbii ki, bunun yanında günümüzə qədər Türkiyənin Azərbaycana verdiyi dəstəkləri də bilirik və unutmuruq. Bu günə qədər Türkiyə beynəlxalq platformalarda hər zaman Azərbaycanın yanında yer alıb. Sərhədlərin qondarma "erməni soyqırımı" ABŞ Konqresindən keçməsin deyə açıla biləcəyi deyilir, yazılır, söylənilir. Bu il Azərbaycanı itirən Türkiyə gələn il "qondarma soyqırım"ın tanınmayacağına necə təminat verəcək?!".
Məktubda bildirilir ki, biz Türkiyənin Azərbaycanı Dağlıq Qarabağ məsələsində və digər məsələlərdə yalqız buraxacağına inanmırıq və Türkiyə - Ermənistan sərhədlərini Ermənistanın Dağlıq Qarabağdakı işğalı sona çatana qədər açmamasını istəyirik.

TÜRKİYƏ “NABUKKO” ÜÇÜN HƏRƏKƏTƏ KEÇİB

Enerji naziri Hilmi Gülər: “Azərbaycanla bu layihə ilə bağlIı problem yoxdur”



Türkiyənin enerji naziri Hilmi Gülər jurnalistlərə bildirib ki, “Nabukko” qaz kəməri layihəsinə dair bu ilin iyun ayında hökumətlərarası razılaşma imzalana bilər. O, Türkiyə hökumətinin müvafiq razılaşma imzalanması üçün artıq Avropa Birlyi üzvü olan ölkələrə və “Nabukko” iştirakçılarına məktublar göndərdiyini bildirib.

Nazir deyib ki, bu məktublara aprelin sonlarında cavablar alınması gözlənilir. Gülər əlavə edib ki, Türkiyə Qafqaz və orta Asiya qazını Avropa bazarlarına çıxaracaq bu layihədə təşəbbüskar ölkə kimi çıxış edir. Onun sözlərinə görə, məktubda vurğulanıb ki, “Nabukko” layihəsi Avropa İttifaqının maraqlarına uyğundur. Hilmi Gülər Türkiyənin “Nabukko” layihəsi ilə bağlı mövqeyinin dəyişmədiyini də deyib. O qeyd edib ki, Türkiyə əvvəlki kimi kəmərlə nəql olunacaq qazın 15 faizini özünə götürmək istyir: “Biz bu qazı satmaq yox, daxili tələbata yönəltmək istəyirik”, - deyə o bildirib.

Xatırladaq ki, Türkiyənin “Nabukko”dan nəql olunacaq qazın 15 faizini aşağı qiymətlə özünə götürmək istəyi layihənin reallaşması yönündə əsas maneələrdən biridir. Kəmərin əsas təchizatçısı kimi görülən Azərbaycan öz qazını aşağı qiymətlə Türkiyəyə vermək istəmir, eyni zamanda Avropa İttifaqı bu şərti qəbul etmir. Türkiyə həmçinin çalışır ki, “Nabukko” üzərində nəzarəti ələ almaqla təkcə tranzit ölkəsi deyil, həm də Avropa üçün alternativ qaz təminatçısına çevrilsin, eyni zamanda AKP hökuməti kəmərlə bağlı sərfəli olmayan tranzit şərtləri də irəli sürür. “Nabukko” layihəsi qarşısında dayanan çoxsaylı bu kimi əngəllər, üstəlik, AKP hökumətinin Ermənistanla sərhədləri açmağa hazırlaşdığı haqda xəbərlər Azərbaycanın qaz nəqli strategiyasına yenidən baxmasına səbəb olub. Əvvəlcə ARDNŞ Azərbaycan qazını almaq üçün çox sərfəli təklif irəli sürən Rusiyanın “Qazprom” şirkəti ilə anlaşma imzalayıb, daha sonra Qara dənizin dibindən keçməklə Ukraynaya, oradan isə Avropaya çıxmalı olan “Ağ axın” kəməri layihəsinə maraq göstərməyə başlayıb. Lakin Hilmi Gülər hesab edir ki, Azərbaycanla enerji əməkdaşlığında problemlər yarandığı haqda xəbərlər doğru deyil. “Bizim Azərbaycanla münasibətlərimiz yüksək səviyyədə olaraq qalır. Bu yaxınlarda Azərbaycan, İtaliya və Yunanıstandan olan həmkarlarımızla Xəzər qazının Avropa bazarlarına nəqli ilə bağlı diskussiyalar aparmışıq”.