azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

15 Nisan 2009 Çarşamba

Azərbaycan və Türkiyə deputatları birgə bəyanat qəbul etdilər

Bu gün Milli Məclisdə “Türkiyə Azərbaycan: ortaq maraqlar və problemlər” mövzusunda forum keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri - Cümhuriyyət Xalq Partiyasından (CHP) Yılmaz Atəş, Şükrü Ələkdağ, Şahin Mengü, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Atilla Kaya, Turan Çirkin, MHP baş katibinin müavini Bülənt Didinməz və Məhəmməd Azəri
iştirak edir.

Toplantıya tədbirin təşkilatçısı olan Azərbaycanın Ana Vətən, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyalarının rəhbərləri ilə yanaşı, parlamentdə təmsil olunan Yeni Azərbaycan və Müsavat partiyalarından olan və bitərəf deputatlar da qatılıblar.

Tədbirdə çıxış edən millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, forum Azərbaycanla Türkiyə arasında soyuqluq yaradan məsələlərlə bağlı müzakirələr aparmaq məqsədi ilə təşkil edilib. O, əvvəlcə Türkiyənin hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) təmsilçilərinin də tədbirdə iştiraka razılıq verdiyini, sonradan isə onların Bakıya gəlmədiklərini qeyd edib. Buna təəssüflənən F. Ağamalı deyib ki, AKP nümayəndələrinin foruma qatılmamalarının səbəbi onlara məlum deyil.

O qeyd edib ki, işğal altında olan Azərbaycan torpaqları azad olunmadan Türkiyə ilə Ermənistan arasında sərhədlər açılarsa, o zaman Azərbaycan üçün Türkiyənin İran və Rusiyadan fərqi olmaz: “Qarabağ azad olunmayana kimi Cənubi Qafqazda sabitlikdən danışmaq mümkün deyil”.

TBMM-in CXP-dən olan millət vəkili Şükrü Ələkdağ çıxışında Türkiyənin Cənubi Qafqazda sülh, əmin-amanlıq və güvənlik istədiyini bildirib. Türkiyə-Ermənistan sərhədlərinin Qarabağın işğal olunmasına görə 1993-cü ildə bağlandığını xatırladan TBMM üzvü xatırladıb ki, işğal altında olan Azərbaycan torpaqlarının azad olunması ilə bağlı BMT qətnamələr qəbul etsə də, Ermənistan geri çəkilməyib: “İndiki məqamda sərhədlər açılarsa, Qarabağı azad etmək mümkün olmayacaq. Türkiyə bunu edə bilməz. Türkiyə ictimaiyyətinin 95 faizi bunu istəmir”.

Ş. Ələkdağ Ermənistanın təkcə Azərbaycanla deyil, bölgədəki bütün ölkələrlə problemlərinin olduğunu, İrəvanın Gürcüstana da, Türkiyəyə də torpaq iddiası irəli sürdüyünü xatırladıb.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da Qarabağın itirilməsinin Türkiyənin Cənubi Qafqazı itirməsi demək olduğunu söyləyib: “Türkiyə sərhədlərin bağlı qalmasında özü maraqlı olmalıdır”. Millət vəkili bildirib ki, görüşün nəticəsi olaraq bəyanat imzalana bilər və sənəddə forumun məğzi öz əksini tapmalıdır.

TBMM-in MHP-dən olan üzvü Atilla Kaya isə forumda AKP təmsilçilərinin də iştirakını istədiklərini deyib. O, hər iki ölkə ictimaiyyətinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz etdiyini və bunun nəticə verdiyini söyləyib. İki ölkə arasında dostluğun tarixindən danışan A. Kaya qeyd edib ki, türk dünyasının bütün problemlərinə eyni səviyyədə yanaşmaq, onların həlində birgə iştirak etmək lazımdır: “Biz MHP olaraq belə düşünürük”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə Türkiyə və Azərbaycan millət vəkilləri arasında belə görüşlərin davamlı keçirilməsi təklifi ilə çıxış edib: “16 ildir, türk ölkələri parlament assambleyasının yaranmasından söhbət gedir. Düzdü, kağız üzərində olsa da, bu qurum yaranıb, amma heç bir iş görmür. Bu qurum vaxtında yaxşı fəaliyyət göstərsəydi, belə vəziyyət yaranmazdı”.


Türkiyənin Giresun Universitetinin rektor əvəzi, azərbaycanlı professor Aygün Əttar da çıxışında bildirib ki, AKP təmsilçiləri bu toplantıya qatılmalıydılar. A. Əttar Türkiyə ilə Ermənistan arasında danışıqların getdiyi indiki məqamda belə ermənilərin soyqırımı iddialarından əl çəkmədiklərini diqqətə çatdırıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquluyev isə Azərbaycanın Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə yayılan məlumatlardan ciddi narahatlıq keçirdiyini deyib: “Bizə deyirlər ki, 16 ildir, Qarabağ problemi həll olunmur, siyasəti dəyişmək lazımdır. Bu düzgün deyil. Dünyada ən böyük soyqırımını Amerika törədib. Əvvəl öz törətdikləri soyqırımları tanısınlar, sonra Türkiyədən bunu tələb etsinlər”.

Forumun sonunda bəyanat qəbul edilib. Bəyanatı Azərbaycan və Türkiyədən tədbirdə iştirak edən 11 nəfər imzalayıb. Bəyanatda qeyd edilib ki, forumda iştirak edən şəxslər Türkiyə ilə Azərbaycan ictimaiyyətini narahat edən məsələ ətrafında səmərəli müzakirələr aparıblar. Bir daha təsdiq olunub ki, Türkiyə və Azərbaycanı bir-birinə bağlayan tarixi, milli, dini, iqtisadi əlaqələr zamanın sınağından çıxıb, davamlı xarakter daşıyır: “Son zamanlar Türkiyə ilə Ermənistan arasında danışıqların intensiv xarakter alması, diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması mövzusunda spekulyasiyaların genişlənməsinin hər iki ölkə cəmiyyətlərində ciddi narahatlıq yaradıb. Bunun əleyhinə olaraq hər iki ölkə cəmiyyətləri birmənalı mövqe nümayiş etdirib. Forum iştirakçıları bundan sonra da Dağlıq Qarabağ, qondarma “erməni soyqırımı”, PKK terroru, Şimali Kipr kimi məsələlərdə ortaq mövqedən çıxış etməyin məqsədəuyğun olduğunu vacib sayırlar”.

Bəyanatda o da qeyd edilib ki, ortaya çıxan problemlərin həlində hər iki dövlətin səlahiyyətli orqanlarının, siyasi partiyalarının və qeyri-hökumət təşkilatlarının davamlı olaraq məsləhətləşmələr aparması, birgə toplantılar keçirməsi faydalı hesab olunur.

LENT.AZ

Hiç yorum yok: