azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Nisan 2009 Cuma

İRƏVANDA SİRLİ SƏRHƏD MÜZAKİRƏLƏRİ

Əli Babacan bağlı qapılar arxasında Sergey Lavrov, Edvard Nalbəndyan və Serj Sərkisyanla nələr danişdi?
Türkiyə-Azərbaycan münasibətlərindəki gərginlik Ermənistan paytaxtında da özünü büruzə verdi



Rəsmi Ankara İrəvanda aprelin 16-da keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı zamanı Türkiyə-Ermənistan münasibətlərinin müzakirə olunmayacağını bəyan etsə də, bunun əksi baş verib. Türkiyə mətbuatının xəbərlərinə görə, toplantıda iştirak etmək üçün İrəvanda olan xarici işlər naziri Əli Babacan Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, prezident Serj Sərkisyan və Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirələr aparıb.

Babacan toplantıda Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə də ikitərəfli görüş keçirib. Ancaq bu görüş zamanı Azərbaycanı narahat edən sərhəd məsələsi deyil, QİƏT-lə bağlı məsələlərin müzakirə olunduğu bildirilir. İrəvanda keçirilən toplantıda Azərbaycanla Türkiyə arasında sərhədlərin açılması məsələsi ilə bağlı yaranan gərginlik də özünü büruzə verib. Məmmədquliyev Babacana bildirib ki, sərhədlərin Qarabağ münaqişəsi həll olunmadan açılması Azərbaycanın maraqlarına zərbə olacaq. Babacan isə sərhədlərin Qarabağ münaqişəsi həll edilmədən açılıb-açılmayacağı haqda konkret mövqe bildirməyib və yalnız “Azərbaycanı küsdürmərik” mesajı verib.

SƏRKİSYANIN QƏBUL OTAĞINDA QAPALI MÜZAKİRƏLƏR

Bildirilir ki, Babacanı əvvəlcə prezident Serj Sərkisyan qəbul edib. Ermənistan prezidenti əvvəlcə onunla təkbətək görüşüb, daha sonra görüş QİƏT toplantısına qatılan nazirlərin iştirakı ilə davam edib. Daha sonra QİƏT nümayəndə heyətinin rəhbərləri Sərkisyanın qəbul otağını tərk ediblər, Türkiyə xarici işlər naziri Əli Babacan, Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan isə içəridə qalıblar. Sərkisyanın üç nazirlə görüşü təqribən 1 saat davam edib. Görüşdə Türkiyə xarici işlər nazirinin müavini Ərtoğrul Apakan da qatılıb. Dördtərəfli görüşün davam etdiyi bir vaxtda Lavrov başqa görüşə tələsdiyi üçün Sərkisyanın yanından ayrılıb, Sərkisyan, Babacan və Nalbəndyan isə daha 20 dəqiqə müzakirələri davam etdiriblər. Bildirilir ki, Babacan çoxtərəfli müzakirələrdən əvvəl Lavrovla ikitərəfli görüş keçirərək problemlərin həllinə nail olmaq üçün Rusiyadan Ermənistana təsir göstərməyi xahiş edib. Türkiyə xarici işlər naziri İrəvanda Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşü ilə bağlı deyib ki, tərəflər QİƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bildirilir ki, bu görüş zamanı Qarabağ məsələsi müzakirə olunmayıb.

ABŞ SƏFİRİ TƏLƏM-TƏLƏSİK BABACANLA GÖRÜŞDÜ

Türkiyə xarici işlər naziri İrəvanda təqribən 6 saat qaldıqdan sonra həmin gün Ankaraya dönüb. Onun dönüşündən dərhal sonra ABŞ-ın Ankaradakı səfiri Ceyms Ceffri Türkiyə XİN-ə gəlib və İrəvanda Babacanı müşaiyət edən nazir müavini Apakanla görüşüb. Bu görüşlə bağlı mətbuata hər hansı açıqlama verilməyib. Babacan isə sərhədlərin açılmasına Azərbaycanın etirazını ifadə etmək üçün Türkiyədə səfərdə olan qadın deputatları qəbul edib. Ardınca Amerika səfiri ilə bir araya gəlib.

“Milliyət” qəzetinin yazdığına görə, Babacan İrəvanda bu mesajları verib: Türkiyə ilə Ermənistan arasında danışıqlar prosesi müsbət istiqamətdə irəliləyir. Lakin tərəflər hələ anlaşma mərhələsinə gəlməyib. Bununla belə, Türkiyə problemlərin “mümkün qədər qısa müddətdə” həllini istəyir. Babacan eyni zamanda ifadə edib ki, bu prosesə təkcə Türkiyə-Ermənistan problemi olaraq baxılmalı deyil, Azərbaycanla Ermənistan arasında problemlər də paralel olaraq dəyərləndirilməlidir. Eyni zamanda Türkiyə bu prosesdə Azərbaycanı küsdürəcək mövqe içərisində olmayacaq. Qəzet qeyd edir ki, Babacanın bu mövqeyi Qarabağ münaqişəsi həll olunmadan Türkiyə ilə Ermənistan arasındakı problemlərin həll edilə bilməyəcəyinə işarə edib. Babacan həmçinin İrəvana çatdırıb ki, iki ölkə arasında danışıqlar diplomatik və siyasi səviyyədə davam edəcək. Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar prosesi dəstəklənəcək. Qəzetin yazdığına görə, Sərkisyanla Əliyevin bu il ərzində 5 dəfə bir araya gəlməsi gözlənilir. Babacan İrəvanı tərk etdikdən sonra Nalbəndyan QİƏT toplantısı ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə ilə danışıqlarda irəliləyişlər var və yaxın zamanlarda problemlərin həlli mümkündür.

AKP AZƏRBAYCANA TƏZYİQ ÜÇÜN ABŞ-I QABAĞA VERİB

İrəvan və Ankarada cərəyan edən bu intensiv və çoxtərəfli diplomatik təmaslar bir daha göstərir ki, Türkiyəni Ermənistanla sərhədləri açmaq planının arxasında ABŞ var, ancaq Rusiya da proseslərdən kənarda deyil və eyni vaxtda həm İrəvan, həm Bakıyla təmaslar aparmaqla onu öz maraqları çərçivəsində idarə edir. Digər məqam isə Türkiyənin sərhəd məsələsində Azərbaycana təzyiq etmək üçün ABŞ-ın köməyindən istifadə etməsidir. İrəvandakı təmaslarla eyni vaxtda ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza Bakıda görüşlər keçirirdi və bu onun Bakıya son ay yarımda dördüncü səfəri idi. Brayzanın Bakıya bu cür tez-tez ezam edilməsinin əsas səbəbi Azərbaycan rəhbərliyini Ermənistanla sərhədlərin açılmasına razı salmaqdır. Xatırladaq ki, bu məqsədlə prezident Barak Obama və dövlət katibi Hillari Klinton da prezident Əliyevlə telefon danışıqları aparıb. Belə məlumatlar var ki, Vaşinqton sərhədlərin açılmasına nail olmaq üçün Bakıya təzyiq göstərir və bildirir ki, belə razılıq olmasa, eyni zamanda Azərbaycan Türkiyə hökumətinə qarşı ictimai təzyiq kampaniyasını dayandırmasa bunun xoşagəlməz nəticələri olacaq.

BAKININ QADIN DİPLOMATİYASI TÜRKİYƏDƏ BÖYÜK REZONANS DOĞURUB

Azərbaycanın apardığı ictimai təzyiq kampaniyası çərçivəsində Türkiyəyə ezam edilən bir qrup qadın deputat isə deyəsən AKP hökuməti üçün əsl başağrısı olub. Xəbər verildiyi kimi, Qənirə Paşayeva və Gülər Əhmədovanın da daxil olduğu heyət Türkiyə siyasətçiləri, hökumət rəhbərləri ilə görüşlər keçirərək Azərbaycanın sərhədlərin açılmasından duyduğu narahatlığı emosional və ictimai rəydə güclü effekt doğuracaq şəkildə çatdırırlar. Məsələn, onlar parlamentin rəhbəri Köksal Toptana içərisində Qarabağdan gətirilmiş torpaq olan gümüş qutu bağışlayaraq onu çaşqın vəziyyətə salıblar. Həmçinin qadın deputatlar Ankarada Atatürkün mavzoleyini ziyarət edərək orada bəyanatla çıxış ediblər. Türkiyə mediası bu jesti “Ataya şikayət” başlıqları ilə manşetlərdən verib. Aprelin 16-da axşam deputatlar prezident Abdullah Güllə də görüşüblər. Bu görüş zamanı Gül deyib ki, Ermənistanla aparılan danışıqlarda hələlik nəticə əldə olunmayıb. Ancaq Türkiyə Dağlıq Qarabağ məsələsinə böyük önəm verir və bundan heç kimin şübhəsi olmamalıdır. Türkiyə prezidenti deyib ki, Ermənistanla danışıqlar prosesi zamanı Azərbaycanın haqqı müdafiə olunur. O, Ermənistanla Türkiyə arasında aparılan danışıqlarda Qarabağ məsələsində Azərbaycanın xeyrinə olacaq bir sıra müzakirələr aparıldığını, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin də məlumatlı olduğunu bildirib. Gülün qadın deputatlarla bu görüşü haqda “Milliyət” qəzeti xəbər yayıb, bildirilir ki, görüş mətbuata qapalı şəkildə 45 dəqiqəyə yaxın davam edib. Deputatlar Türkyənin Ermənistanla sərhədləri açmağa hazırlaşdığına dair xəbərlərin Azərbaycanı ciddi narahat etdiyini ona çatdırıblar. Qadın deputatlar həmçinin bir neçə televiziya kanalına çıxaraq müsahibələr veriblər.

Xatırladaq ki, Türkiyə prezidenti Qarabağ münaqişəsi həll olunmadan sərhədlərin açılıb-açılmayacağı haqda konkret danışmır. Baş nazir Rəcəb Tayyib Ərdoğanın sərhədlərin Qarabağ münaqişəsi həll olunmadan açılmasının mümkün olmadığı haqda son bəyənatının ardınca Gül müəmmalı danışmağa üstünlük verib, üstəlik Azərbaycanı məsələni televiziyalarda müzakirəyə çıxardığı üçün qınayıb. Türkiyə prezidenti ölkəsinin Cənubi Qafqazda problemlərin həlli istiqamətində çalışdığını deyir, ancaq Azərbaycanla münasibətlərdə yaranan problemi aradan qaldırmaq üçün birmənalı bəyanat verməyə də tələsmir. Türkiyə və Qərb mətbuatı isə sərhədlərin açılması planının qüvvədə olduğunu yazaraq anlaşmanın yaxın zamanlarda üçüncü ölkədə, çox güman ki, gizli danışıqların aparıldığı Cenevrədə açıqlanacağını xəbər verir.




Fərhad Məmmədov

Hiç yorum yok: