azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Nisan 2009 Salı

OBAMANIN "KİŞİ" SÖZÜ, "İKİ MİLLƏT-İKİ DÖVLƏT" VƏ YA "MƏNDƏN ÖTSÜN, QARDAŞIMA DƏYSİN" SİYASƏTİ

Ələskər ƏLƏSKƏRLİ, Ankara


Azərbaycan müstəqillik qazandıqdan sonrakı tarixdə Türkiyə - Azərbaycan münasibətləri heç indiki qədər xoşagəlməz şəkil almamışdı. Son günlərdə bu sahədə gərginliyin artması, ictimaiyyətin lazımi dərəcə məlumatlandırılmaması iki ölkə arasındakı münasibətləri bərpası çox çətin ola biləcək zədələnmə təhlükəsi ilə üz-üzə qoyub. Amma nəzərə alaq ki, Ermənistan - Türkiyə sərhədlərinin açılması məsələsi bu gün meydana gəlmiş bir problem deyil. Bu problem ermənilərin Azərbaycan torpaqlarını işğal etməyə başladığı andan bu günədək davam etməkdə olub, Türkiyənin Ermənistanla bağlı yetərsiz və tutarsız siyasəti nəticəsində növbəti dəfə mübahisə mövzusuna çevrilib. 1991-ci ildən bu günədək Türkiyə hökumətinin bu münaqişə ilə bağlı mövqeyini qısaca gözdən keçirmiş olsaq, bu yetərsizlik və tutarsızlığın bariz epizodlarını daha açıq şəkildə görə bilərik. Təəssüf ki, Türkiyədə Ermənistan - Azərbaycan münasibətləri ilə bağlı vahid dövlət siyasəti bu günə qədər formalaşdırılmamışdır.

TARİXİ QƏFLƏT

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ən qızğın vaxtlarında Türkiyədə hökumətə Süleyman Dəmirəl rəhbərlik edirdi. O, 20 noyabr 1991-ci ildən 16 may 1993-cü ilədək bu vəzifəni icra etdi.
1990-cı illərdə Sovet İttifaqı dağılmağa başlayanda Ermənistan öz dövlət quruculuğunu Türkiyəyə və Azərbaycana qarşı düşmənçilik sütunları üzərində inşa etməyə başladı. Ermənistanın 23 avqust 1990-cı ildə qəbul etdiyi Müstəqillik Bəyannaməsinin girişində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair 1 dekabr 1989-cu il tarixli qanuna istinad edilmiş, 11-ci maddədə isə Ermənistan Respublikasının 1915-ci ildə "Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda yaşanmış erməni soyqırımı"nın tanıdılması üçün səy göstərəcəyi yazılmışdır.
Göründüyü kimi, Ermənistan, sadəcə, Qarabağın Azərbaycandan qoparılması siyasətini yürütməklə kifayətlənməmiş, eyni zamanda, Türkiyə torpaqlarından "Qərbi Ermənistan" deyə bəhs edərək bir yandan torpaq iddiası irəli sürmüş, digər tərəfdən də yalançı "soyqırım"ı tanıtmanı özünün dövlət prinsipi şəklinə gətirmişdi. Ermənistan 13 oktyabr 1921-ci ildə Qars müqaviləsi ilə müəyyən edilmiş sərhədləri bu günə qədər tanımamışdır. Belə bir vəziyyətdə Türkiyə hökuməti hətta Amerikadan iki gün əvvəl, yəni 24 dekabr 1991-ci ildə Ermənistanı tanıdı.
Əslində, hökumətin atdığı bu addım bir siyasi qəflət nişanəsi idi. Bu gün də olduğu kimi, o zaman da bəzi populistlərin "xoşməramlı addımlar ataraq Ermənistanı qazanmaq" demoqogiyası tam iflasa uğramışdı. Bu tanımanın müqabilində Ermənistan Türkiyəyə qarşı irəli sürdüyü iddialarda güzəştə getmədi və Türkiyə ilə diplomatik münasibətlər qurulmadı. Buna baxmayaraq Süleyman Dəmirəl hökuməti "səni sevəcəyəm, sən sevməsən də" deyimində olduğu kimi, Ermənistanla mehriban qonşuluq münasibətləri qurmağa çalışdı.
Bu dövrdə Ermənistanın elektrik enerjisi Türkiyənin Moskvadan aldığı təbii qazla təmin edilirdi. Halbuki, ermənilərin Metsamor Atom Elektrik Stansiyası fasilələrlə və çox zəif işləyirdi. Gürcüstandakı gərginlik səbəbi ilə dəmir yolları və nəqliyyat iflic vəziyyətinə düşmüşdü. Belə bir gərgin vaxtda Türkiyə Ermənistana elektrik, həmçinin havayı 100.000 ton buğda verdi. Bütün bunlara baxmayaraq Ermənistanın Qarabağla bağlı mövqeyində və Türkiyəyə qarşı irəli sürdüyü tələblərdə heç bir dəyişiklik baş vermədi.
O zamanlar Azərbaycan tam informasiya blokadasındaykən Avropa ölkələri Ermənistana hər cür yardım göstərirdi. Türkiyə bu "humanitar" yardımların öz quru yollarından və hava sahəsindən keçməsinə izin verdi. Bundan əlavə, Türkiyə 1992-ci ildə Ermənistanı Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatına təsisçi üzv olaraq dəvət etdi.
Xocalı soyqırımından sonra prezident Turqut Özal Azərbaycana dəstək vermək üçün Ermənistanın blokadaya alınması fikrini səsləndirdi. Ancaq Dəmirəl hökuməti "ərzaq və tibbi yardım" daşıyan təyyarələrin uçuşuna izin verdi. Türkiyənin Qarabağ probleminin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası üzvlərinə verdiyi 6 maddəlik sülh planı isə Ermənistan tərəfindən rədd edildi.
1992-ci ilədək ermənilərin Naxçıvana hücumları zamanı müxalifət liderlərindən Bülənt Ecevit "dərhal Naxçıvana müdaxilə etmək" lazım gəldiyini açıqladı. Turqut Özal isə Qarabağ və Naxçıvanda işğal edilmiş ərazilərin geri alınması ilə bağlı Türkiyənin üzərinə öhdəlik düşdüyünü dedi. Dəmirəl hökuməti isə hər hansı bir hərbi əməliyyatın keçirilməsinin mümkün olmadığını ifadə etdi. Türkiyədəki müxalifət partiyaları hökumətin mövqeyini və qətiyyətsizliyini tənqid edir, Dəmirəl hökuməti isə mənasız "sülh təşəbbüsləri"ni davam etdirirdi.
Kəlbəcərin işğalından sonra Turqut Özal və hökumət arasındakı fikir ayrılıqları daha da gücləndi. Turqut Özal bu işğalın artıq Qarabağ məsələsi olmaqdan çıxdığını, "Böyük Ermənistan" planının bir parçası olduğunu, bugünkü dünyada risk etmədən heç bir nəticə əldə oluna bilməyəcəyini açıqladı. Dəmirəl isə yenə əvvəlki mövqeyindən əl çəkmirdi. 17 aprel 1993-cü ildə Turqut Özal qəfildən dünyasını dəyişdi. Bundan sonra Türkiyə hökumətləri problemin "sülh yolu ilə" və "diplomatik manevrlər"lə həllinə üstünlük verdi.

AKP HÖKUMƏTİNİN "ERMƏNİ SİYASƏTİ"

AKP hökuməti dövründə Ermənistan və sərhəd məsələləri Avropa Birliyinin və ABŞ-ın təlqin və təzyiqləri ilə vaxtaşırı gündəmə gəldi. Ancaq hər dəfə ictimaiyyətin də təzyiqi ilə bu məsələdə "Qarabağın işğaldan azad edilməsi" ön şərt kimi irəli sürülərək sərhədlərin açılması istəyi reallaşmadı. Ancaq ermənilər AKP iqtidarı dönəmində Türkiyədən çox şey qopara bildilər. Bir tərəfdən "soyqırım" iddiaları ilə Türkiyə üzərində psixoloji təzyiq qurub digər tərəfdən öz istəklərinin həyata keçirilməsinə nail oldular. Türkiyə - Ermənistan hava yolu açıldı. Van gölündə yerləşən Akdamar adasındakı erməni kilsəsi Türkiyə büdcəsindən ayrılmış böyük məbləğdə pul hesabına təmir edildi. Daha sonra ictimai təşkilatlar və hərəkatlar vasitəsilə münasibətlərin təməli hazırlandı. Əvvəl ermənilərlə birlikdə (deyilənə görə, Azərbaycandan da nümayəndələr varmış) Qarsda pendirtutma yarışması təşkil edildi.
"Pendir" diplomatiyası daha sonra "futbol" diplomatiyası ilə davam etdirildi. Prezident Abdulla Gülün Ermənistana səfəri Yerevanın mövqeyini daha da gücləndirdi. Bunu özləri üçün fürsət bilən ermənilər və ermənipərəstlər mətbuatda böyük həmləyə başladılar. Nə yolla olursa olsun - doğru, yalan, dürüst, yaltaqlıq... Fərqi yoxdur. Yetər ki Ermənistan - Türkiyə münasibətləri inkişaf etsin! Qarabağın harada yerləşdiyini bilməyən, "Azərbaycan" kəlməsini doğru tələffüz edə bilməyən naşı "ekspertlər" televiziya kanalları və mətbuat orqanlarında hökumətin bu yolla qətiyyətlə davam etməsinin lazım olduğunu deyir, Türkiyənin tarixi qonşusu (?) ilə münasibətlərinin bu günə qədər bərpa olunmamasında Azərbaycanı günahlandırmağa çalışırdılar.
Ancaq əsl mərəkə Obamanın gələcəyi ilə qopdu. Türkiyə mətbuatında Obamanın səfərindən əvvəl "xilaskar" mifini yaratmışdılar.

"KİŞİ SÖZÜ" və TÜRKİYƏ MƏTBUATININ BƏSİRƏTSİZLİYİ

Obama əlləri cibində, çox arxayın gəldi Türkiyəyə. "Ciddi mesajlarla gəlir" dedilər. Həqiqətən, ciddi mesajlarla gəlmişdi. Amma nə mənada ciddi? Obamanın yeni dünya üçün çox şey vəd etdiyini deyən türk mətbuatı uzun müddət "Obama xarizmasının şoku"ndan özünə gələ bilmədi. Obamanın dedikləri və istədiklərindən daha çox "maqazin" yönünü çıxardılar qəzet manşetlərinə və televiziya kanallarına. Həm də çox bayağı və gülünc şəkildə:
- "Obama bərəkəti" gəlib. Obama "Yes, you can" deyib. Obama Atatürkün mavzoleyini ziyarət edib. Cümhuriyyətçilər çox seviniblər. Obama "Mənim ailəmdə də müsəlman var. İslama qarşı savaşmaram" deyib. İslamçılar çox seviniblər.
- Obama Amerikanın 44-cü prezidenti, Malatyanın da vilayət avtomobil kodu 44 olduğu üçün malatyalılar özlərini xoşbəxt hiss etmişlər.
- Obama "artıq hamımız dəyişməliyik" deyib. Qəhvəsini bir tikə qəndlə içib. Aya Sofiya muzeyindən çıxarkən bir pişiyi sığallayıb, pişik dərhal xalq tərəfindən sevilməyə başlanıb. Yazıq pişik ömründə görmədiyi günləri görür. Ona peyvənd vurublar. Müayinədən keçiriblər, nəcis və sidik analizini ediblər. Sultan Əhməd məscidindən çıxarkən Obama "gözəldir, çox gözəl" deyib (başqa nə deməliydi ki).
Halbuki Obamanın məhəbbətinin eyforiyasından ayıldıqda məclisdəki nitqinin detalları beyinlərdə sual işarələri meydana gətirdi. Obama "Heybəli adasında xristian məktəbini açın, kürdlərinizə yaxşı baxın" deyib. Deyib ki, "keçmişinizlə barışın, biz barışdıq". Yəni "biz amerikalı aborigenlərin kökünü kəsdik, siz də ermənilərin". "Biz barışdıq, siz də barışın". Mükəmməl müqayisə!
"Sərhədləri açın. Mən söz vermişəm. Sözümün arxasında dururam". Yəni bizim təbirimizlə desək, "kişi sözü" verib. Görəsən, Ermənistan sərhədini açmaq istəyən Türkiyə siyasiləri də Azərbaycana söz verdiklərini xatırladılarmı?! Amerikanın bu zamana qədər Türkiyəyə gəlmiş heç bir prezidenti tərifi yerə, göyə sığmayan yeni prezidenti qədər Türkiyənin suverenlik haqqına qarşı bu qədər nəzakətsiz davranmamışdı. Mesaj deyil, sanki ultimatum oxuyurdu.
Obamanın nitqini, səhv etmirəmsə, 6 dəfə alqışlamışlar.

QAZANAN TƏK ERMƏNİSTAN OLACAQ

Türkiyədə müəyyən dairələrin sərhədlərin açılması zərurəti ilə bağlı söylədikləri dəlillərin heç birinin ciddi əsası yoxdur. Məsələyə beynəlxalq və diplomatik nöqteyi-nəzərdən baxdığımızda belə bir addımın atılmasının Türkiyəyə heç nə qazandırmayacağı bəllidir. Bəzi məntiqsiz şərhlərə görə, guya, Amerikanın sərhədin açılmasındakı marağı Türkiyə vasitəsilə Ermənistanı Rusiyanın əlindən qoparmaqdır. Halbuki, Rusiya tarix boyu da, bu gün də Ermənistanın varlıq səbəbidir. Bu gün Azərbaycanın torpaqlarının işğaldan azad olunması ilə bağlı "fəaliyyət göstərən" ABŞ, Rusiya, Fransa və bir çox Avropa ölkələri Ermənistanı açıq və ya dolayı şəkildə dəstəkləməkdədir. Belə bir vəziyyətdə Türkiyənin sərhədi açması Azərbaycanı tamamən təcrid vəziyyətinə gətirə bilər.
Məsələyə iqtisadi cəhətdən baxdığımız zaman bunu deyə bilərik ki, onsuz da, hazırda Ermənistanla Türkiyə arasında müəyyən mənada münasibətlər var və davam etməkdədir. Türkiyədən Ermənistana üçüncü ölkələr üzərindən mal daşınır, təyyarə reysləri var. Türkiyədə 70 min qanunsuz erməni işçi var. Amma sərhədin açılması həm siyasi-strateji, həm də iqtisadi baxımdan ermənilərə böyük fürsət verəcək.
Bu gün sərhədlərin açılmasının Azərbaycanın mənafeləri baxımından nə qədər təhlükəli olduğunu deməyə ehtiyac yoxdur. Sərhəd açılması ermənilərə dərindən nəfəs aldıracaq, ac-yalavac ermənilər bellərini dikəldəcək və daha da azğınlaşacaqlar. Türkiyə hansı təzyiq forması olursa olsun, sərhəd məsələsində heç bir güzəştə getməməlidir. Bu il ABŞ prezidenti "soyqırım" kəlməsini tələffüz etməyə bilər. Ancaq gələn il də tələffüz etməməsinə kim zəmanət verə bilər? Türkiyə bir dövlət olaraq əbədi stress altında yaşamamalı, fərqli taktika və strategiya işləyib hazırlamalıdır. Unudulmamalıdır ki, ABŞ prezidentinin "soyqırım" kəlməsini ifadə etməsi heç də hər şey demək deyil. ABŞ-ın keçmiş prezidentlərindən Ronald Reyqan 1981-ci ildə bu kəlməni ifadə etmişdi. Bunun davamını gətirmək üçün ABŞ-ın Türkiyədən əlini üzməsi lazımdır.
Türkiyə öz taleyini başqa bir ölkə prezidentinin iki dodağının arasından çıxan kəlməyə məhkum edəcək qədər kiçik dövlət deyil.
Sərhədlərin açılması, eyni zamanda, Türkiyənin etibarının və imicinin ciddi şəkildə zədələnəcəyi deməkdir. Türk birliyi ilə bağlı uzun illər boyu çalışılaraq ərsəyə gətirilmək istənilən layihələri birdəfəlik unutmaq lazım gələcək. Çünki bu proseslərdə ən fəal rol Azərbaycana məxsusdur. Azərbaycana qarşı belə bir mövqe isə Türkiyəyə qarşı "etibarsız müttəfiq" imicinin yaranmasına səbəb olacaq.
Sərhədin açılması ermənilərin tələblərinin bitməsi demək deyil. Növbəti layihə Rusiya qazının Türkiyə üzərindən Ermənistana nəql edilməsi tələbi olacaq. Yaxın tarixdə "Mavi Axın-2" layihəsi üzərində danışıqlar yenidən canlandırıla bilər. Layihəyə görə, Türkiyədən keçəcək bu xətdən İsraillə birlikdə Ermənistana da qaz ötürüləcək. Təsadüfi deyil ki, bu qərar Moskva və Ankara arasında bu yaxınlarda yüksək səviyyədə keçirilən danışıqlardan sonra alınmışdır.
Ən önəmli məqamlardan biri: Rusiyanın "Vesti" kanalına müsahibəsində Ermənistan prezidenti Serj Sarqsyan deyib ki, Türkiyə ilə münasibətlər ilkin şərt olmadan qurulacaq. O ki qaldı "soyqırım"a, Sarqsyan deyib ki, dünyada soyqırımı inkar edəcək bir erməni belə tapmaq mümkün deyil. Yəni sərhədlərin açılıb-açılmamasının "soyqırım"a heç bir dəxli yoxdur, o iddialar davam etdiriləcək: "Biz xoşməram nümayiş etdirdik və mən ümid edirəm ki, türk tərəfi də bizim xoş niyyətimizi anlayacaq".

ƏSL BİRLİK ZAMANI

Azərbaycanın istəkləri və tələbləri diqqətə alınmadığı təqdirdə dəyişən şərtlərə görə mövqeyini dəyişdirməsi təbii hüququdur. Türkiyənin Azərbaycanda çox böyük - həm siyasi, həm də iqtisadi maraqları var. Bu maraqlar çərçivəsində həyata keçirilən və ya keçirilmək istənilən layihələr Türkiyənin regional gücünün artması baxımından böyük əhəmiyyətə malikdir. Bütün bunları da diqqətə alaraq Azərbaycan tərəfinin türk ictimaiyyətini məlumatlandırması istiqamətində fəaliyyətini intensivləşdirməsi lazımdır.
Azərbaycan prezidentinin İstanbuldakı Mədəniyyətlər İttifaqı toplantısına qatılmaması Azərbaycanın narazılığını ifadə etməsi baxımından ən doğru addım olaraq dəyərləndirilə bilər. Bu gün Azərbaycandakı bütün qurumlar, siyasi partiyalar və ictimai təşkilatlar öz etirazlarını müxtəlif şəkillərdə türk ictimaiyyətinə çatdırmalıdır. Son bir həftə içindəki narazılıqlar özünü hiss etdirməyə başlamışdır. Bu sivil təzyiqlər qarşısında Türkiyə hökumətinin sərhədi açması heç də asan olmayacaq. Digər tərəfdən, bu təzyiqlər Türkiyə hökumətinə Avropa və ABŞ qarşısında daha qətiyyətlə davranmağa əsas verə bilər.
Bu gün birlik günüdür. Azərbaycanın son onillərdə, bəlkə, bu qədər birliyə ehtiyacı olmamışdır!

Hiç yorum yok: