azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Nisan 2009 Salı

Türkiyə Qarabağ problemi çözülməyənədək Ermənistanla sərhədi açmayacağını vəd edir

ANKARA BU MƏSƏLƏDƏ MƏRHƏLƏLİ VƏ QARABAĞ SÜLH PROSESİNDƏKİ GƏLİŞMƏLƏRƏ BAĞLI OLARAQ ADDIMLAR ATMAQ NİYYƏTİNDƏDİR

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsində sülh əldə olunmayanadək Ermənistanla münasibətlərin qurulmasına dair hər hansı yekun sənəd imzalanmayacağını bəyan edib. Ötən həftəsonu jurnalistlərin Türkiyə-Ermənistan dialoqu ilə bağlı suallarına cavabında Ərdoğan erməni tərəfi ilə danışıqların getdiyini, lakin bunun yekun qərar və ya sərhədin açılması anlamına gəlmədiyini vurğulayıb: "Türkiyə ilə Ermənistan arasında baza prinsipləri ilə bağlı danışıqlar aparıla bilər. Sərhəd məsələsində də müəyyən hazırlıq və texniki ön çalışmalar aparıla bilər. Lakin bu, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşma əldə olunmayana qədər bizim Ermənistanla hər hansı yekun saziş imzalamağımız mümkün deyil".

Ərdoğan Ermənistan prezidenti Serj Sərkisyanın sərhədlərin bu ilin oktyabrına qədər açıla biləcəyi barədə fikrinə də münasibət bildirərək bunun gerçəyi əks etdirmədiyini deyib. Xatırladaq ki, Ermənistan prezidenti ötən həftə (10 aprel) jurnalistlərə açıqlamasında Türkiyə ilə danışıqlarda müəyyən yol qət edildiyini və prosesin sona yaxınlaşdığını deyib.

Bu prosesə 2008-ci ilin sentyabrında Türkiyə prezidentinin Yerevana futbol səfərilə təkan verildiyini vurğulayan Sərkisyan bildirib ki, bu ilin oktyabrında iki ölkənin futbol komandaları arasında cavab oyunana qədər sərhədin açılması gerçəkləşə bilər. Sərkisyan İstanbuldakı futbol matçına Ermənistan-Türkiyə sərhədini keçərək gedəcəyinə ümidvar olduğunu deyib: "Ola bilsin ki, həmin vaxt sərhədlər açılmış olacaq, yaxud biz bunun ərəfəsində olacağıq. Artıq top Türkiyənin meydanındadır və biz onlardan cavab addımı gözləyirik".

Türkiyə baş naziri Ərdoğan isə prezidentin futbol matçına getməsinin sərhədlərin açılması ilə əlaqəsi olmadığını vurğulayıb: "Məgər Türkiyə prezidentinin Ermənistanla futbol oyununa baxmağa getməsi sərhədlərin açılması demək idimi? Belə şey olarmı?".

Beləliklə, Türkiyə Ermənistanla danışıqları mərhələli şəkildə aparmaq, o cümlədən Qarabağ sülh prosesindəki gəlişmələrə bağlı olaraq addımlar atmaq niyyətini açıq ifadə edir. Bu məqam Türkiyə mediasında yer alan çoxsaylı xəbər və şərhlərdə də önə çəkilir.

Qeyd olunur ki, Türkiyə Ermənistanla dialoqu intensivləşdirməklə Qarabağ danışıqlarını da sürətləndirməyə, bu proseslərin paralel aparılmasına səy göstərir. Bu xüsusda Türkiyə-Ermənistan sərhədinin açılmasına paralel olaraq erməni silahlı qüvvələrinin işğal olunmuş bir neçə rayondan geri çəkilməsinin müzakirə mövzusu olduğu vurğulanır. Digər yandan, Azərbaycan da prinsip etibarilə Qarabağ nizamlanmasında praktik irəliləyiş olacağı təqdirdə Türkiyə-Ermənistan münasibətlərinin qurulmasına qarşı deyil. Azərbaycan-Ermənistan və

Türkiyə-Ermənistan sərhədləri

eyni vaxtda açıla bilər



"Türkiyə-Ermənistan sərhədlərin açılması məsələsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin içinə daxil edilməsi mümkündür", - deyə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. Nazir müavini nəzərə çatdırıb ki, Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır və prosesin müəyyən mərhələsində erməni qüvvələrinin bir neçə rayonu azad etməsi müqabilində Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması əvvəllər də müzakirə edilib: "Azərbaycanın son məqsədi ərazi bütövlüyünün bərpası, ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda yaşayan erməni və azərbaycanlı icmalarının birgə, mehriban qonşuluq şəraitində yaşamalarını təmin etməkdir. Buna nail olmaq üçün əlbəttə ki, mərhələ-mərhələ gediləcək. Türkiyənin Ermənistanla sərhədlərin açılması məsələsi müzakirə olunursa, onun bu mərhələnin, prosesin içinə daxil edilməsi mümkündür. Azərbaycan ərazilərinin bir hissəsi boşalır, onun üzərindən keçən yol, həmçinin Ermənistanı Türkiyəyə birləşdirən yollar açılır".

Qeyd edək ki, erməni qüvvələrinin Bakı-Naxçıvan-Yerevan dəmiryolu marşrutu boyunca Füzuli, Cəbrayıl, Zəngilan, habelə Qubadlı rayonlarını tərk etməsi müqabilində bu nəqliyyat xəttinin açılması hələ 1999-cu ildə danışıqların aktiv mövzusu olmuş, sonradan bir neçə dəfə gündəmə gətirilmiş (o cümlədən 2004-cü ildə Avropa Parlamenti tərəfindən), lakin yekun razılıq əldə edilməmişdir. Daha doğrusu, Ermənistan nəqliyyat blokadasının götürülməsi əvəzində torpaq azad etməyə razı olmamışdır.

İndi, görünür, bu məsələ daha geniş kontekstdə - yəni həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan sərhədlərinin açılması kontekstində nəzərdən keçirilir. Hərçənd erməni tərəfin belə razılaşmaya gedəcəyi şübhə doğurur. Məsələnin təktərəfli həlli ilə Azərbaycanın və ümumilikdə regionda sülh və sabitliyin ziyanınadır. Türkiyə də təktərəfli addımdan uzunmüddətli heç nə qazanmayacaq: "Əgər Azərbaycanla Ermənistan arasında bir irəliləyiş olmasa, Türkiyə Ermənistanla sərhədlərin açılmasından çox qazanmış olmayacaq", - deyə A.Əzimov bildirib.



Rusiya da prosesə qoşulur,

və ya 16 apreldən sonra nə olacaq?



Bu arada erməni mediasında və ona istinadən Türkiyə mətbuatında aprelin 16-dan sonra həm Türkiyə-Ermənistan münasibətləri, həm də Qarabağ nizamlanması yönündə əlamətdar gəlişmələrin olacağı vurğulanır. Eyni mülahizələr Azərbaycan KİV-də də yer alıb. Xatırladaq ki, aprelin 16-da Ermənistan XİN başçısı Əli Babacan Qara dəniz İqtisadi Əmədaşlıq Təşkilatının (Ermənistan quruma sədrlik edir) toplantısında iştirak etmək üçün Yerevana gedəcək və bu əsnada iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair niyyət sənədinin imzalanacağı bildirilir. Həmin gün Azərbaycan prezidetinin Moskvaya səfəri də gözlənilir. İlham Əliyev-Dmitri Medvedev danışıqlarında ikitərəfli iqtisadi məsələlər və Qarabağ məsələsinin müzakirə ediləcəyi bildirilir. Eyni gündə Türkiyə baş naziri Ərdoğanın da Moskvaya səfər edəcəyi və regional məsələlər və Qarabağ mövzusunun Rusiya-Azərbaycan-Türkiyə üçlüyündə diqqətə alınacağı da xəbər verilir. Hərçənd sonuncu xəbər heç bir rəsmi dairə tərəfindən təsdiqlənməyib.

Bu arada Türkiyədəki AKP iqtidarına yaxın "Zaman" qəzetinin yazdığına görə, Ankara ilə Yerevan arasında imzalanması gözlənilən anlaşmada Qarabağ münaqişəsinə yer veriləcək. Lakin sənəddə bununla bağlı konkret müddət göstərilməyəcək: "Erməni işğalı altındakı Qarabağ probleminin çözümü ən yaxşı halda 10-15 il sürəcək. Belə olan halda konkret vaxt göstərilməsi Türkiyənin manevr imkanlarını məhdudlaşdırar. Bununla belə, sərhədi açdıqdan sonra Ermənistan Qarabağ məsələsinin həllənə doğru addım atmasa, Türkiyə yenidən bu ölkə ilə əlaqələri məhdudlaşdıra bilər".

Qəzet qeyd edir ki, Türkiyə baş naziri Ərdoğanın bəyanatı Azərbaycan tərəfini nisbətən rahatlatsa da, onun sözlərinin diqqətlə oxunması lazımdır: "Ərdoğan Qarabağda sülh əldə olunmasa, Türkiyənin Ermənistanla yekun anlaşma imzalamayacağını, lakin bu yöndə hazırlıq və ön çalışmaların aparılacağını vurğulayıb. Ankara bu məsələdə mərhələli və Qarabağ sülh prosesindəki gəlişmələrə bağlı olaraq addımlar atacağını bildirir".

"Zaman" qəzetinin yazdığına görə, Türkiyə-Ermənistan sərhədinin ilkin olaraq həftədə bir dəfə açılması danışıqlar mövzusudur. Qəzet nəzərə çatdırır ki, Ermənistanın Türkiyə ilə iqtisadi bağlarının yaranması erməni cəmiyyətində "soyqırımı" fikirlərini tədricən unutduracaq: "Ermənistanın iqtisadi vəziyyətinin gündən-günə pisləşdiyi bir şəraitdə Türkiyə ilə sərhədin açılması bu ölkəyə nəfəs vermiş olacaq. Bəlli bir zamandan sonra erməni tərəf "soyqırımı" unutmasa da, hər halda onu gündəmə gətirməyəcək".

Türkiyənin "Hürriyyət" qəzeti isə Türkiyə-Ermənistan sərhədinin açılmasında Rusiyanın xüsusilə maraqlı olduğunu vurğulayır. Qəzetin mövzuya dair şərhində nəzərə çatdırılır ki, hazırda Ermənistanın nəqliyyat, yanacaq və sənaye sektorunun 70 faizinə Rusiya nəzarət edir: "Ermənistan dəmir yolu şəbəkəsi də Rusiyanın idarəçiliyindədir. Türkiyə Ermənistanla sərhədi açsa, əslində burada Rusiya ilə işbirliyi aparmalı olacaq. Odur ki, Moskva da Ankaraya "Sizin daha çox bizimlə işiniz olacaq" mesajını verir".


Vüqar ORXAN

Hiç yorum yok: