azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

13 Nisan 2009 Pazartesi

ƏRDOĞAN QƏTİ DANIŞDI, BƏS GÜL?

“Milliyet” qəzeti: “Prezident sərhədlərlə bağlı qəti söz deməyib”
Türkiyə siyasətçilərindən Azərbaycana dəstək bəyanatları davam edir



Türkiyənin Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla sərhədlərini açmayacağı haqda baş nazir Rəcəb Tayyib Ərdoğanın verdiyi son qəti bəyanat belə bu ölkə ictimaiyyətini sakitləşdirməyib. Hazırda Türkiyədə kürd partiyasından başqa bütün siyasi oyunçular Azərbaycanın mövqeyini müdafiə edir və Ermənistanla sərhədlərin açılmasına qarşı qətiyyətli bəyanatlar verirlər. Ana müxalifət partiyası CHP, MHP, Böyük Birlik, Səadət partiyaları bir gün əvvəl növbəti dəfə Azərbaycanı müdafiə edən bəyanatlarla çıxış ediblər.
Bu arada “Milliyet” qəzeti yazıb ki, Ərdoğanın son bəyənatına baxmayaraq, Türkiyənin Ermənistanla sərhədlərini açacağına dair şübhələr dağılmayıb.
Qəzetin diplomatiya müxbiri Fikrət Bila yazır ki, Ermənistanla münasibətlərə dair danışıqlara prezident Abdullah Gülün liderlik etdiyi məlumdur. Müəllif sərhədlərin açılmayacağı haqda verilən vədlərə baxmayaraq Azərbaycan tərəfinin buna qane olmadığı və etiraz səslərinin eşidilməkdə davam etdiyini vurğulayıb. Bildirilir ki, Ərdoğandan fərqli olaraq prezident Gül hələ Qarabağ münaqişəsi həll edilmədən sərhədlərin açılmayacağı haqda birmənalı söz verməyib. Buna görə də ictimaiyyətdə narahatlıqlar qalır. “Ərdoğanın bəyanatı ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfərindən sonra verilmiş ilk qəti bəyanatdır. Baş nazirin bəyanatı Türkiyənin Azərbaycanın işğal edilmiş əraziləri azad edilmədən Ermənistanla sərhədlərin açılmayacağı haqda şərtinin qüvvədə olduğunu göstərir. Lakin prezident Gül hələ bu cür qəti ifadə işlətməyib. Şübhəsiz ki, Ermənistanla danışıqları aparan və məsuliyyəti üzərinə götürən hökumətdir. Ona görə də baş nazir Ərdoğanın sözləri bağlayıcı xarakter daşıyır. Bununla belə, Gülün istifadə etdiyi üslub Ərdoğandan fərqlidir. Bu, siyasət fərqi mənasını verməsə də, hər halda prezidentin ictimaiyyəti rahatlada biləcək açıqlama verməsi doğru olardı. Eyni zamanda baş nazir həmin bəyanatını jurnalistlərin sualına cavab olaraq verib. Ona görə də Ermənistanla münasibətlər məsələsinə dair mətbuat konfransı keçirib hökumətin və dövlətin rəsmi mövqeyini ortaya qoymağa ehtiyac var”.
AKP millət vəkili, parlamentin xarici siyasət komissiyasının sədri Murat Mərcan isə “Zaman” qəzetinə açıqlamasında deyib ki, o, Obamanın səfərindən sonra Çankaya köşkünə gedərək prezident Abdullah Güllə Ermənistan məsələsini müzakirə edib. Mərcan deyib ki, onun qənaətinə görə, Obama Ermənistanla sərhədlərin açılmasına dair Türkiyəyə israrlı tələb qoymayıb. Bununla belə, o deyib ki, ABŞ Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasında maraqlıdır və Ankaranın Qafqaz siyasətini bəyənir. Mərcan Ermənistanla sərhədlərin açılacağı haqda xəbərlərə də etiraz edib. Onun bildirdiyinə görə, AKP hökuməti və iqtidarı bu məsələdə Azərbaycanla razılaşdırmadan addım atmayacaq. “Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa dair uzunmüddətli həll variantı tapılmayınca sərhədlərin açılmasını gözləmək lazım deyil” deyə Mərcan bildirib. O vurğulayıb ki, Türkiyənin Azərbaycana arxa çevirərək Ermənistana güzəşt etməsi mümkün deyil. Mərcan son dərəcə həssas olan bu məsələnin Türkiyədə daxili siyasətə alət edilməsindən də narahat olduqlarını deyib. Onun fikrincə, bu mübahisələr Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə mənfi təsir göstərir: “Türkiyə hökumətinin Ermənistanla problemləri həll etmək üçün səylər göstərdiyi doğrudur, ancaq Azərbaycan amilini nəzərə almaqla”.
“Zaman” qəzeti qeyd edir ki, 3 gün sonra xarici işlər naziri Əli Babacan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına qatılmaq üçün İrəvana səfər edəcək və bu səfər zamanı qarşılıqlı münasibətlərin qurulmasına dair danışıqlar davam etdiriləcək.
Keçmiş baş nazir, bu günlərdə üzərindən siyasət qadağası götürülən Nəcməddin Ərbakan da İrana yola düşərkən jurnalistlərlə söhbətində Türkiyənin xarici qüvvələrin istəyinə boyun əyib Azərbaycanı tək buraxa bilməyəcəyini deyib. “Azərbaycan bizə ən yaxın qardaş ölkədir, əl-ələ verib Azərbaycanın problemlərini həll etmək qardaşlıq vəzifəmizdir”. Ərbakan deyib ki, AKP hökuməti xarici güclərə işləyir və ona görə də Ermənistan məsələsində indiki durumun ortaya çıxması təəccüblü deyil. Onun fikrincə, Türkiyə xarici güclərin təsiri altından çıxıb İslam ölkələri ilə birləşməli və yeni dünya düzəni yaratmalıdır.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri, Azərbaycan ictimaiyyətini məlumatlandırmaq üçün bu günlərdə bir qrup millət vəkili ilə birlikdə Bakıya gələcək AKP Konya millət vəkili Mustafa Kabakçı isə deyib ki, Türkiyənin Azərbaycan siyasətində dəyişiklikdən söhbət gedə bilməz. Onun sözlərinə görə, Türkiyə bölgədə getdikcə güclənən ölkədir: “Bölgədəki problemləri sülhlə, qan tökmədən həll etmək və regional əməkdaşlığı gücləndirmək üçün səylər göstəririk” deyə Kabakçı bildirib. O deyib ki, Türkiyənin Ermənistanla sərhədlərini Qarabağ münaqişəsi həll edilmədən açmayacağı haqda prezident Gülün və baş nazir Ərdoğanın açıqlamaları ortadadır: “Türkiyə hər zaman Azərbaycanın yanında olub və olmaqda davam edəcək. Qaynağı bəlli olmayan xəbərlərlə türk-azəri qardaşlığının zərər görməsi hamımızı məyus edib. Baş nazir istər Londonda, istərsə də İstanbulda verdiyi bəyanatlarda Qarabağ məsələsində mövqeyimizin necə olduğunu bildirib. Bizim üçün bu bəyanatlar əsasdır. Yaxın günlərdə parlament qrupunda müzakirələrdən sonra Azərbaycan ictimaiyyətini düzgün şəkildə məlumatlandırmaq üçün bu ölkəyə gedəcəyik”.
MHP lideri Dövlət Baxçalı isə növbəti dəfə Ermənistanla sərhədlərin açılmasına dair partiyasının mövqeyini ifadə edərək deyib ki, onlar bu məsələ ilə bağlı mövqelərini prezident Gülün futbol matçına baxmaq üçün İrəvana səfəri zamanı ortaya qoyublar. Baxçalı əlavə edib ki, Qarabağ məsələsini bataqlığa sürükləyəcək hər hansı addıma MHP-nin dəstək verməsi mümkün deyil. Bu yaxınlarda liderini vertolyot qəzasında itirən Böyük Birlik Partiyası da bəyanat verərək Qarabağ azad edilməyincə sərhədlərin açılmasının mümkün olmadığını bildirib. Türkiyədə Ermənistanla sərhədlərin açılmasına qarşı olmayan tək siyasi qüvvə var, o da PKK-nın siyasi uzantısı olan kürd partiyası DTP-dir.
Fərhad MƏMMƏDOV

Hiç yorum yok: