azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

5 Mayıs 2009 Salı

Türkiyənin yeni XİN rəhbəri Ermənistanla dialoq prosesini davam etdirəcək

XARİCİ SİYASƏTDƏ "QONŞULARLA SIFIR PROBLEM" STRATEGİYASININ MÜƏLLİFİ OLAN ƏHMƏD DAVUDOĞLUNUN İLK QONAĞI İSƏ AZƏRBAYCAN XİN BAŞÇISININ MÜAVİNİ OLUB

Türkiyə hökumətində ötən həftəsonu baş vermiş dəyişikliklər sırasında Azərbaycan üçün ən çox maraq doğuranı, heç şübhəsiz ki, bu ölkənin xarici işlər nazirinin yenisi ilə əvəz olunmasıdır. Çünki son dönəmdə Azərbaycan-Türkiyə münasibətlərində boy göstərən məlum proseslər məhz xarici siyasət sahəsini əhatə edir. Türkiyə ilə Ermənistan arasındakı dialoq sürəcinin son bir neçə ayda gəldiyi nöqtənin (22 apreldə bəyan edilən "yol xəritəsi") Azərbaycanda yaratdığı rezonans da ümumən hər kəsə bəllidir. Bu baxımdan qardaş ölkənin xarici siyasət idarəsinin rəhbərliyinə məhz bu dialoq sürəcin müəllifi sayılan şəxsin gətirilməsi diqqətəlayiq hadisədir.

Qeyd etmək lazımdır ki, son illərdə Türkiyədən daha çox onun xaricində, beynəlxalq siyasi dairələrdə tanınan, baş nazir Rəcəb Tayyib Ərdoğanın xarici siyasət üzrə baş müşaviri olan Əhməd Davudoğlunun XİN rəhbəri postuna gətiriləcəyi xeyli vaxtdır gündəmdə idi. Odur ki, baş nazir Ərdoğanın mayın 1-də axşam elan etdiyi yenilənmiş hökumət kabineti siyahısında Davudoğunun yer alması heç kim üçün sürpriz olmadı.

Çünki, bir çoxlarının qeyd etdiyi kimi, onsuz da son illərdə Türkiyənin (AKP hökumətinin) xarici siyasəti əsas etibarilə məhz professor Davudoğlunun müəllifi olduğu xətlər üzərində həyata keçirilməkdə idi.



Bu baxımdan, yenə bir çoxlarına görə, XİN başçısı postunda keçici sayılan Əli Babacanın yerini Davudoğluna verəcəyi yəqin idi.

Yeri gəlmişkən, iki ilə yaxın (2007-ci ilin avqustunda XİN rəhbəri Abdullah Gül prezident seçildikdən sonra) xarici işlər naziri postunu tutmuş, ondan öncə isə hökumətdə Avropa Birliyi ilə əlaqələr üzrə dövlət naziri olmuş Babacan yenilənmiş kabinetdə daha yüksək vəzifəyə - iqtisadiyyat üzrə dövlət naziri və baş nazirin müavini vəzifəsinə layiq görülüb. Xatırladaq ki, Babacanın hökumətdə ilk vəzifəsi də elə iqtisadiyyat üzrə dövlət naziri postu olmuşdu. İndi isə o, baş nazirin müavini kimi bütövlükdə iqtisadi sektoru kurasiya edəcək.

Yeni XİN rəhbəri Davudoğluna gəldikdə isə, o, şənbə günü (2 may) nazirlikdə keçirilən təhvil-təslim mərasimində etdiyi qısa nitqində bəzi məqamları önə çəkib. Davudoğlu Türkiyənin son dönəmdə həm regional, həm də beynəlxalq miqyasda yeritdiyi aktiv xarici siyasətin daha geniş biçimdə davam edəcəyini, o cümlədən "qonşularla sıfır problem" strategiyasının daha da dərinləşdiriləcəyini nəzərə çatdırıb.

Yeni nazir vurğulayıb ki, Türkiyənin bütün qonşuları ilə sülh içində olması, regional sülh və sabitliyin təmin olunmasında daha aktiv rol alması onun dünyadakı gücünə də əlavə zəmin yaratmış olur. Onun sözlərinə görə, Atatürkün bəyan etdiyi "Yurdda sülh, cahanda sülh" ideyası da mahiyyət etibarilə bunu nəzərdə tutur.

Qeyd edək ki, Davudoğlu Türkiyə diplomatiyasında axır vaxtlar tez-tez hallandırılan "qonşularla sıfır problem" strategiyasının müəllifi sayılır. Son dönəmdə Türkiyənin Ermənistanla başlatdığı dialoq sürəci də bu strategiyanın mühüm tərkib hissəsidir. Sözügedən strategiyaya görə, Türkiyənin beynəlxalq miqyasda güclü oyunçu rolunu alması üçün, ilk növbədə, qonşuları ilə mövcud problemləri çözməsi, özünü regional güc və nüfuz sahibi kimi təsdiqləməsi zəruri şərtdir.

Davudoğlunun xarici siyasətə dair bu təməl baxışları onun hələ 1992-ci ildə yazdığı "Strateji dərinlik" kitabında əksini tapıb. Davudoğluna görə, Türkiyənin xarici siyasəti dörd əsas xətt, təməl prinsip üzərində qurulmalıdır: 1) Türkiyənin geosiyasi oxların arasında tərəf deyil, mərkəz ölkə olması; 2) Qonşu ölkələrlə "sıfır problem" siyasətinin yeridilməsi; 3) Çoxölçülü xarici siyasət; 4) Siyasi çəkişmələrdə iqtisadi praqmatizmin, iqtisadi gerçəklərin prioritet sayılması.

Bu baxımdan Türkiyənin son illərdə ərəb dünyası ilə münasibətlərini gücləndirməsi, o cümlədən Suriya ilə kifayət qədər dərin olan problemlərin çözülməsi, Ankaranın Suriya ilə İsrail arasında danışıqlarda vasitəçilik etməsi, habelə Türkiyənin Fələstin probleminə diqqətini artırması, PKK faktoru ilə ciddi böhran keçirən Türkiyə-İraq qismən münasibətlərinin sahmanlanması, türk xarici siyasətinin Afrikaya açılması və s. sözügedən strategiyanın əsas vektorlarını təşkil edir.

Təsadüfi deyil ki, Davudoğlunun Türkiyə XİN başçısı təyin edilməsi beynəlxalq dairələrdə, özəlliklə ərəb dünyasında geniş rezonans yaradıb. Əksər ərəb media vasitələri bunu Türkiyənin regional və beynəlxalq aləmdə daha aktiv rol alacağının göstəricisi kimi nəzərdən keçirirlər. "Əl-Cəzirə" televiziyası son dönəmdə Türkiyənin Suriya, İranla münasibətlərində yeni açılımları, Qafqaz siyasətində yeni konturlar və özəlliklə Ermənistanla münasibətlərin yoluna qoyulması siyasətinin altında "Davudoğlunun imzasının olduğunu" qeyd edir.

Bir sözlə, son illərdə adı Türkiyə xarici siyasətinin "patronu", "beyin mərkəzi" kimi adı hey hallandırılan Davudoğlu artıq diplomatik kulislərdən bilavasitə idarəçilik arenasına çıxıb və onun nazirliyi dövründə Türkiyə diplomatiyasının nə əldə edib-etməyəcəyini bərabər görəcəyik. Eyni zamanda, o da bir gerçəkdir ki, nəzəriyyədə, akademik çevrələrdə, kitab səhifələrində bəyan edilən fikir və ideyalar heç də həmişə praktik müstəvidə, o sıradan diplomatiyada real olaraq əksini tapmır.

Bu sıraya Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq yolunda başladığı fəal diplomatiya sürəcini də aid etmək gərəkdir. Çünki diplomatiya bütün hallarda ən azı ikitərəfli yoldur. Yəni Türkiyənin nümayiş etdirdiyi xoşgörü siyasətinə Ermənistan tərəfdən adekvat qarşılıq olmasa, bu sürəcin irəliləməsi, sadəcə, mümkün deyil. Üstəlik Türkiyə diplomatiyası bu prosesdə digər önəmli bir məqamı, Azərbaycanla münasibətləri heç vəchlə gözardı edə bilməz və etməz.

Odur ki, nəticə etibarilə Ankaranın Yerevanla dialoq sürəci əslində Bakının da içində yer aldığı bir prosesdir. Hər nə qədər biz (Azərbaycan) rəsmi olaraq bəyan etsək də ki, Türkiyənin siyasətinə müdaxilə etmək niyyətində deyilik, biz faktiki olaraq bu prosesdə varıq. Və bunu Türkiyə də gözəl başa düşür, elə Türkiyə ilə dialoqda Azərbaycan faktorunu hər vəchlə çıxdaş etməyə çalışan erməni tərəfi də dərk edir. Odur ki, zahirən münasibətlərdə bir sərinlik havası sezilsə belə, həm Azərbaycanın, həm də Türkiyənin atacağı kritik addımlar öncəsi bir-birilə məsləhətləşməsi qaçılmazdır.

Təsadüfi deyil ki, Türkiyənin yeni xarici işlər naziri Davudoğlunun bu vəzifədə qəbul etdiyi ilk qonaq da Azərbaycandan oldu. Dünən Ankaraya səfər edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin yeni XİN rəhbəri ilə görüşüb. Görüş barədə KİV-ə rəsmi açıqlama verilməsə də, onun müzakirə predmeti ümumən bəllidir.

Qeyd edək ki, qarşıdakı günlərdə həm Azərbaycan, həm də Türkiyə üçün xarici siyasət trafiki çox sıx olacaq. Mayın 7-də Praqada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq. Ertəsi gün isə Praqadakı enerji sammitində Azərbaycan və Türkiyə rəhbərlərininin, habelə tamamilə mümkündür ki, Türkiyə və Ermənistan rəhbərlərinin də görüşü keçirilsin. Bunun ardınca Türkiyə baş nazirinin Bakıya, sonra isə Rusiyaya (16 may) işgüzar səfərləri olacaq.
Vüqar ORXAN

Hiç yorum yok: