azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

25 Şubat 2009 Çarşamba

Ərdoğana tarix dərsi


Cavid CABBAROĞLU

Ərdoğana tarix dərsi


Yanlış yapdınız, sayın başbakan!

Ərdoğan türk tarixini zəif bilirmiş. Görünür, Nəcməddin Ərbakan istedadlı tələbəsinə yalnız İslam tarixini yaxşı öyrədib. Belə olmasaydı, adam osmanlıların Çaldıran düzündəki zəfəri ilə qürurlanmazdı. Türkiyənin baş naziri türk tarixini yaxş bilsəydi, Çaldıran müharibəsini bu tarixin ən utancverici olayı kimi dəyərləndirər və adını heç dilinə də gətirməzdi…
Sayın başbakanın qürur duyduğu savaşlara baxın: «Biz tariximizə baxdıqda Mohaçı, Niğbolunu, Çaldıranı, Malazgirti görürük. İstanbulun fəthini, Çanaqqala dastanını, Qurtuluş savaşımızı görürük. Biz bu ruhla yaşadıq, bu ruhla böyüdük, bu ruhda tərbiyə edildik və gələcəyin Türkiyəsini bu ruh üzərində inşa etməyə çalışırıq».
İstanbulun fəthi və Çanaqqala savaşı ilə bağlı məsələlər çoxlarına bəllidi: Osmanlı imperiyası 1453-cü ildə Bizans imperatorluğunun paytaxtını tutmaqla onun mövcudluğuna son qoyub, 1916-cı ildə isə İngiltərə, Fransa və Rusiyadan ibarət müttəfiqləri darmadağın edib. Ərdoğanın qürur duyduğu digər müharibələrə gəlincə, Mohaç müharibəsi 1526-cı ildə Osmanlı imperiyası ilə Macarıstan krallığı, Niğbolu müharibəsi 1396-cı ildə Dunay çayı üzərindəki Niğbolu (Nikopol) qalası yaxınlığında xaç yürüşünə çıxan Avropa krallıqlarının ordusu ilə Osmanlı ordusu arasında, Malazgirt döyüşü 1071-ci ildə böyük Səlcuq hökmdarı Alparslan və Bizans imperatoru IV Romen Diogen arasında olub.
Göründüyü kimi, bu müharibələrin hamısı osmanlılarla onların nə din, nə də dil bağlılığı olan və əsasən də xristian dininə sitayiş edən düşmənləri arasında baş verib. Çaldıran savaşı isə 1514-cü il avqustun 23-də iki türk imperiyası – Səfəvilər və Osmanlılar arasında olub, odlu silahlarla silahlanmış Osmanlı ordusunun qəti qələbəsi ilə başa çatıb. Türkün türkə silah qaldırdığı, türkün türkü öldürdüyü müharibə qardaş qırğını deyil də, nədir?
Çaldıran döyüşünün səbəbləri barədə çox deyilib, çox yazılıb. Bütün bunlar bir köşə yazısına sığası deyil. Qısaca olaraq onu demək olar ki, Səfəvi-Osmanlı qarşıdurmasını şərtləndirən hərbi-strateji və iqtisadi səbəblərlə yanaşı, daxili siyasi amillər də mövcud idi. Bununla belə, Osmanlı sultanı II Bayəzid Səfəvilərə qarşı güc tətbiq etmək fikrində deyildi. Təbiət etibarilə mülayim adam olan sultan qızılbaşlar əleyhinə sərt siyasət yürütməyin tərəfdarı olan yaxın ətrafının və Trabzon valisi olan oğlu Şahzadə Səlimin mövqeyi ilə hesablaşmırdı. Təsadüfi deyil ki, iki imperiya arasında diplomatik münasibətlər qurmaq təşəbbüsü də II Bayəziddən gəlmişdi. O, Səfəvilərlə müharibə etməmək siyasətinə hakimiyyətinin sonunadək sadiq qalmışdı. Hətta Şah İsmayıl Zülqədər bəyliyinə yürüş zamanı Sultan II Bayəzidin icazəsi ilə Osmanlı torpaqlarından keçərkən qızılbaşların qorxusundan yurd-yuvasını tərk edənləri geri dönməyə çağırmış, yerli əhalinin satmaq istədiyi malların alınmasına göstəriş vermişdi. O, şəxsən aldığı malların pulunu ödəmiş, Osmanlı təbəələrindən aldığı əşyaların pulunu verməyən bir qızılbaşı dərhal edam etdirmişdi.
Lakin həm Osmanlı sultanının, həm də Səfəvi şahının cəhdlərinə rəğmən, iki dövlət arasındakı münasibətlər gərginləşməyə doğru gedirdi. Bu gərginlik Trabzon valisi Şahzadə Səlimin atası II Bayəzidi devirib özünü sultan elan etməsindən sonra özünün pik həddinə çatdı. Sultan Səlim atasının Səfəvilərə qarşı siyasətini büsbütün dəyişdi və müharibə yolunu tutdu.
Səfəvi-Osmanlı münaqişəsini şərtləndirən faktorlar sırasında qızışdırıcı amilləri də qeyd etmək lazımdır. Belə ki, Avropa ölkələri iki türk-müsəlman dövləti arasında hərbi toqquşmanın baş verməsinə, bununla da Avropadan Osmanlı təhlükəsini uzaqlaşdırmağa çalışırdılar. Təsadüfi deyil ki, onlar eynən Uzun Həsənə olduğu kimi, Şah İsmayıla da hərbi baxımdan yardım edəcəkləri haqda quru, boş vədlər verirdilər. Digər tərəfdən, Səfəvilərə tabe olan Şərqi Anadoluda məskən salmış sünni kürd əmirləri də Sultan Səlim Yavuza müraciət edərək, onu Azərbaycana yürüşə başlamağa təhrik edirdilər. Bu əmirlərin başında məşhur kürd tarixçisi Şərəfxan Bidlisinin babası Molla İdris Bidlisi dururdu. İstər fərdi, istərsə də mənəvi keyfiyyətlərinə görə Şah İsmayılla müqayisə oluna bilməyəcək Sultan Səlimin təkəbbürlü və xudpəsənd mövqeyi də bu qarşıdurmanı dərinləşdirirdi. Bütün bunların nəticəsində isə türk tarixinin ən şərəfsiz, ən utancverici müharibəsi – Çaldıran savaşı baş verdi.
İndi hörmətli Rəcəb Tayyib Ərdoğan bu döyüşlə fəxr edir. Soruşsan, atasına qarşı qiyam yolu ilə hakimiyyətə gələn Sultan Səlimi övliya adlandırmaqdan da çəkinməz bəlkə. Amma bu qədərinə gərək yox – xristianların və kürdlərin təhriki ilə baş verən qardaş qırğını ilə qürur duyulmaz!
Yanlış yapdınız, sayın başbakan! Lütfən, tarixi bir də oxuyun!bizimyol

Hiç yorum yok: