azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

2 Aralık 2008 Salı

Türkiyənin xarici işlər naziri Qafqaz Universitetinin qonağı olub

Türkiyənin xarici işlər naziri Qafqaz Universitetinin qonağı olub

Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Əli Babacan dekabrın 1-də Qafqaz Universitetinin tələbə və müəllim kollektivi ilə görüşüb. Görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, 1993-cü ildən ümummilli lider Heydər Əliyevin xeyir duası ilə fəaliyyətə başlayan universitet 1998-ci ildə ilk məzuniyyətini, 2008-ci ildə isə 10-cu məzuniyyətini keçirib. Onun sözlərinə görə, bugünədək ali təhsil müəssisəsindən 1553-ə yaxın tələbə məzun olub: "Məzunların saylarının bü həddə çatmasına baxmayaraq, tədris müddəti ərzində tələbələrinə hər cəhətdən yüksək qayğı göstərən universitet məzun olduqdan sonra da onlara diqqət və qayğısını əsirgəmir. Məzun verməyə başladığı müddətdən etibarən universitetin nəzdində Daimi İnkişaf və Karyera Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz məzunların karyera qurmaqda yaşadıqları problemləri, sıxıntıları həll etməkdə onlara köməklik göstərir". A.Sanic deyib ki, bu il keçirilən qəbul imtahanlarında universitetə 600-dən yuxarı bal toplayan 118 tələbə qəbul olub. Bu da Qafqaz Universitetinin bir ali təhsil müəssisəsi kimi reytinqinin yüksək olmasından xəbər verir. Ümumilikdə isə universitetdə 2546 tələbə təhsil alır: "Qafqaz Universiteti tələbələrə təhsil verməklə yanaşı onların asudə vaxtlarını səmərəli keçirməsi üçün dərnəklər yaradıb. Hazırda universitetdə 24 tələbə dərnəyi fəaliyyət göstərir ki, tələbələrin 65 faizi bu dərnəklərin üzvüdür".

Tədbirdə çıxış edən Əli Babacan iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün siyasi iradənin nümayiş etdirildiyini deyib. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini vurğulayan nazir münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqların davam etdirilməsini müsbət qiymətləndirib.

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı məsələyə toxunan Əli Babacan ATƏT-in Minsk Qrupu çərçivəsində sülhyaratma cəhdlərinin nəticə verəcəyi təqdirdə ölkəsinin də sözügedən sahədə müsbət addımlar ata biləcəyini istisna etməyib. XİN başçısı bildirib ki, Rusiya ilə Gürcüstan arasında baş verən məlum olaylardan sonra yeni mərhələ yaranıb. O, bölgədə sülhün qorunması üçün Türkiyənin irəli sürdüyü Qafqaz Sabitlik və Əməkdaşlıq Paktı təşəbbüsünün gerçəkləşəcəyinə inandığını deyib. Ə.Babacan hazırda Azərbaycanla Ermənistan, Rusiya ilə Gürcüstan, Türkiyə ilə Ermənistan arasında problemlər olduğunu qeyd edərək deyib ki, regionda normal münasibətlərin qurulması üçün bu problemlər həll olunmalıdır. Münaqişələrin dialoq yolu ilə həllinin vacibliyini vurğulayan Ə.Babacan bildirib ki, problemlərin həllini gələcək nəsillərə saxlamaq olmaz: "Türkiyə bölgədə sülh və sabitlik olmasını istəyir". Türkiyənin xarici işlər naziri "Ermənistanla Türkiyə arasında sərhədlər nə vaxt açılacaq" sualına konkret cavab verməyib. Ə.Babacan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə ilə Ermənistanın münasibətlərinə müsbət təsir göstərəcək.

Tədbirin sonunda Əli Babacana Qafqaz Universitetinin fəxri plaketi təqdim olunub.
Sevinc QARAYEVA

Hiç yorum yok: