azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

24 Nisan 2009 Cuma

Azərbaycan tarixə 2003-2008-ci illərdə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil ediləcəkdir

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
– Nazirlər Kabinetinin bugünkü iclasında biz 2009-cu ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarını müzakirə edəcəyik. 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün yeni inkişaf dövrünün başlanması ilidir. Son beş il ərzində Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf etmişdir və Azərbaycan tarixə 2003–2008-ci illərdə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil ediləcəkdir. Bu, böyük nailiyyətdir. Ölkəmiz son beş il ərzində böyük yol keçə, böyük uğurlar əldə edə bilmişdir. İqtisadiyyat 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 3–4 dəfə aşağı düşmüş, büdcə xərcləri 10 dəfədən çox artmışdır. Ölkədə böyük sosial proqramlar icra edilməyə başlanmışdır. Bir sözlə, son beş il ərzində Azərbaycan çox böyük addım atmışdır və bu möhkəm zəmin əsasında biz gələcəyə ümidlərlə baxırıq.
2009-cu il xüsusi il olacaqdır. Bütün dünyanı bürümüş böhran artıq hər bir ölkəyə öz təsirini göstərir. Hər bir ölkə bu və ya digər formada bu böhrandan əziyyət çəkir. Bütövlükdə əgər dünya xəritəsinə baxsaq görərik ki, əksər ölkələrdə iqtisadi inkişaf dayanıb, yaxud da iqtisadiyyat tənəzzülə uğrayır, sənaye istehsalı aşağı düşür, tikinti dayanır. Ölkələrin milli valyutasının qiymətdən düşməsi nəticəsində kütləvi şəkildə müflisləşmə prosesi gedir, kütləvi şəkildə işsizlik yaranır. Yəni bütün bu xoşagəlməz amillər, demək olar ki, bütün dünyada özünü büruzə verir. Azərbaycanın iqtisadi inkişafı isə 2009-cu ilin birinci rübündə uğurlu olmuşdur.
Bütün çətinliklərə baxmayaraq, böhrana baxmayaraq, birinci üç ayda Azərbaycanda ümumi daxili məhsul 4,1 faiz artmışdır. Hesab edirəm ki, böhranlı il üçün bu, çox böyük nəticədir. Ən sevindirici hal ondan ibarətdir ki, bu üç ayda qeyri-neft sektorunda inkişaf təxminən 14 faiz olmuşdur. Bu da son beş il ərzində aparılan islahatların nəticəsidir. Onun nəticəsidir ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində əməli-praktik addımlar ata bilmişdik və bunların nəticələrini artıq görürük. Keçən dövr ərzində əsas istiqamətlərimiz iqtisadiyyatımızın neft amilindən asılılığının aradan götürülməsi idi və biz buna nail ola bilmişik. Əgər bu olmasaydı, qeyri-neft sektoru təxminən 14 faiz artmazdı.
Xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bölgələrdə dayanıqlı inkişaf üçün çox gözəl şərait yaradılmışdır. Yüz minlərlə yeni iş yerləri açılmışdır, minlərlə yeni müəssisə açılmışdır. Demək olar ki, ərzaq məhsulları sahəsində daxili tələbatı yerli istehsalla təmin etmək siyasətimiz çox gözəl nəticələr vermişdir. Yəni bunlar əsas amillərdir ki, 2009-cu ildə də bizə iqtisadi inkişafı təmin etməyə imkan verir.
Bizim nailiyyətlərimiz ancaq ümumi daxili məhsulun rəqəmləri ilə ölçülmür. Birinci üç ayda bizim ixracımız 20 faizdən çox artmışdır. Azərbaycana qoyulan investisiyaların həcmi 15 faiz artmışdır. Əhalinin pul gəlirləri 20 faizdən çox artmışdır. Orta əmək haqqı 20 faizdən çox artmışdır. Yəni bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı möhkəm iqtisadiyyatdır. Azərbaycan iqtisadi inkişaf baxımından istənilən məsələni həll edə bilər. Bizim əsas uğurlarımızın səbəbləri neft-qaz deyil, bizim əsas uğurlarımızın səbəbləri güclü iqtisadi siyasətdir, iqtisadi və siyasi islahatlardır. Bu islahatlar dünya birliyi tərəfindən də görünür və qəbul edilir. Əgər belə olmasaydı, dünyanın ən böyük maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ildə bir nömrəli islahatçı ölkə kimi tanımazdı. Əgər belə olmasaydı, Azərbaycan şəffaflıq sahəsində əldə edilmiş uğurlara görə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təltif edilməzdi. Yəni bu, bir daha onu göstərir ki, bizim uğurlarımızı ancaq neft və qaz amili ilə bağlamaq istəyən dairələrin bütün təbliğatı heç bir səmərə vermədi, heç bir nəticə vermədi.
Bir daha demək istəyirəm ki, bizim əsas uğurlarımızın səbəbi iqtisadi islahatlar, siyasi islahatlar, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, ölkə daxilində yaranmış vətəndaş birliyi, xalqla iqtidar arasında olan birlik və xarici investorların Azərbaycana çox etibarlı ölkə kimi baxmalarıdır. Bunun növbəti əlamətini biz bu yaxınlarda Bakıda 300 milyon avrodan çox dəyərində yeni sement zavodunun təməlqoyma mərasimində gördük. İndiki durumda bütün sənaye müəssisələri dayanır, ixrac dayanır, investisiyalar dayanır, banklar kreditlər vermir, banklarda likvidlik, demək olar ki, çox aşağı səviyyədədir. Azərbaycanda isə xarici investorların, beynəlxalq maliyyə qurumlarının və Azərbaycanın İnvestisiya Şirkətinin birgə iştirakı ilə nəhəng, bölgə üçün çox böyük sənaye müəssisəsi yaradılır. Biz düşünülmüş siyasətlə, investisiyaların cəlb edilməsi və lazımi səviyyədə qorunması nəticəsində Azərbaycanda çox gözəl investisiya mühiti yarada bilmişik.
Eyni zamanda, yerli sahibkarlığın inkişafı üçün də əməli-praktik işlər görürük. Biz bu il Sahibkarlığa Kömək Milli Fondundan veriləcək kreditlərin məbləğini artırdıq. Azərbaycanın gəlirlərinin müəyyən hissəsini biz neftin ixracı ilə təmin edirik və bildiyiniz kimi, son vaxtlar dünyada neftin qiyməti 3–4 dəfə aşağı düşmüşdür. Buna baxmayaraq, büdcədən sahibkarlara kömək məqsədi ilə ayrılan vəsaitin həcmi böyük dərəcədə artır. Artıq bu kreditlər verilməyə başlanmışdır və əminəm ki, onların hesabına yerli sahibkarlar yeni müəssisələr yaradacaq, yeni imkanlar əldə edəcək və ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verəcəklər.
Biz növbəti illərdə də bu siyasətə sadiq qalacağıq. Azərbaycanda özəl sektorun inkişafı üçün lazımi tədbirlər bundan sonra da görüləcəkdir. Bu yaxınlarda qəbul olunmuş və növbəti beş ili əhatə edən inkişaf proqramı təsdiq edilibdir. Bu proqram çox ciddi sənəddir. Orada inkişafın əsas istiqamətləri müəyyən olunub, lazımi tədbirlərin görülməsi təmin edilibdir. Proqramda hər şey açıq-aydın göstərilibdir – kim, nə vaxt, necə, hansı işi görməlidir. Beləliklə, mən şübhə etmirəm ki, növbəti beşillik proqramın icrası nəticəsində Azərbaycanın qarşısında duran əsas, ciddi sosial və iqtisadi problemlər tamamilə öz həllini tapacaqdır.
Biz iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, əlbəttə ki, sosial məsələlərin həlli ilə də ciddi məşğuluq. Bu, bizim siyasətimizin əsas istiqamətlərindən biri olmuşdur. Bir daha bunu demək istəyirəm ki, biz xalq üçün yaşayırıq, xalq üçün işləyirik və elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Bunu etmək üçün, əlbəttə ki, keçən beş il ərzində dəfələrlə maaşlar artırılmışdır, minimum əmək haqqı, minimum pensiyanın səviyyəsi dəfələrlə artırılmışdır. Bunu biz növbəti illərdə də edəcəyik.
Sosial infrastrukturun inkişafına böyük vəsaitlər qoyuldu, 2 minə yaxın yeni məktəb, yüzlərlə yeni xəstəxana, tibb, mədəniyyət ocaqları tikildi. Yəni bu sahə heç vaxt diqqətdən kənarda qalmamalıdır. Bizim bugünkü müzakirəmizin, demək olar ki, əsas mövzusu iqtisadi məsələlərlə bərabər, sosial məsələlər olacaqdır. Xüsusilə böhranlı vəziyyətdə bunun əhəmiyyəti artır. Çünki böhranlı vəziyyətdə bəziləri daha çox iqtisadi imkanlar barədə düşünürlər, bəziləri daha çox maliyyə resurslarının qıtlığı haqqında düşünürlər. Əlbəttə ki, bu, bizi də düşündürür və bu istiqamətdə bütün lazımi tədbirləri görürük. Ancaq bu, ona gətirib çıxarmamalıdır ki, sosial məsələlər yaddan çıxsın. Ona görə bu il və növbəti illərdə bu istiqamətdə bütün qəbul edilmiş proqramlar, layihələr icra olunmalıdır və beləliklə, biz Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcəyik.
Bizim uğurlu siyasətimiz artıq özünü göstərdi, özünü sübut etdi. Həm bölgədə yaşanan siyasi qarşıdurmalar, həm bu gün yaşanan iqtisadi-maliyyə böhranı Azərbaycana ən az səviyyədə təsir edə bilmişdir. Bunun da səbəbləri aydındır. Bu barədə mən öz fikirlərimi söylədim. Əminəm ki, bizim düşünülmüş və milli maraqlar əsasında qurulmuş siyasətimiz Azərbaycanı növbəti illərdə də böyük uğurlara gətirib çıxaracaq, Azərbaycanın bölgədəki mövqelərini daha da möhkəmləndirəcək, bizim təsir imkanlarımız daha da artacaqdır.
Bu barədə keçən beş il ərzində mən müxtəlif tədbirlərdə öz fikirlərimi söyləmişdim. Bu gün də bunu vurğulamaq istəyirəm, xüsusilə ona görə ki, həyat bizim sözlərimizi təsdiq etdi. Azərbaycan müstəqil siyasət aparır. Azərbaycanın bölgədəki təsir imkanları artır. Bunu biz özümüz, öz siyasətimizlə, öz cəsarətli addımlarımızla təmin etmişik. Ölkədə yaşanan vətəndaş həmrəyliyi müstəqil siyasətin aparılmasına ən böyük güc verən amildir.
Bu gün bölgədə gedən proseslər, əlbəttə ki, Azərbaycanın önəmini daha da artırır. Biz nəinki bu proseslərin iştirakçısıyıq, həm də bəzi təşəbbüslərin müəllifiyik. Həm iqtisadi, həm nəqliyyat, energetika sahəsində, həm də siyasi məsələlərin həllində Azərbaycanın mövqeyi mütləq nəzərə alınmalıdır və alınır. Azərbaycanın iştirakı olmadan bölgədə nə iqtisadi, nə siyasi addımlar atıla bilməz, Azərbaycanın milli maraqları təmin olunmadan bölgədə geniş mənada əməkdaşlıq mümkün deyildir. Bu, reallıqdır və bu reallıqları biz özümüz yaratmışıq.
Bu gün Azərbaycan o ölkədir ki, bizim sözümüzlə, bizim maraqlarımızla hesablaşırlar və o ölkədir ki, bölgədə sabitləşdirici rolunu oynayır və bu rol getdikcə artmaqdadır. Əgər kiməsə bu, aydın deyildisə, hesab edirəm ki, indi bölgənin imkanları ilə tanış olan hər bir kəsə bu, açıq-aydın bəllidir. Əlbəttə ki, bizim həm siyasi çəkimiz, həm iqtisadi gücümüz, həm də mühüm ölkə kimi önəmimiz artdıqca, təsir imkanlarımız da genişlənəcəkdir. Bizim xarici ölkələrlə çox səmərəli əməkdaşlığımız var və dünyada Azərbaycanın dostları artır. Biz bunu beynəlxalq tədbirlərdə, beynəlxalq təşkilatlarda əməkdaşlıqda görürük. Regional əməkdaşlıq məsələlərində Azərbaycan həmişə çox konstruktiv rol oynamışdır. Həmişə çalışmışdır ki, bütün ölkələrlə yaxşı münasibətlərdə olsun və öz milli maraqlarını maksimum dərəcədə təmin edə bilsin.
Bir sözlə, bu ilin üç ayı bir daha göstərdi ki, bizim siyasətimiz düzgün siyasətdir. Bu siyasət Azərbaycanı qoruyur, Azərbaycan xalqına xeyir gətirir, bu siyasət Azərbaycan dövlətini, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir.
Bu gün biz bu məsələlər ətrafında məruzələr eşidəcəyik və ilk növbədə, söz verilir iqtisadi inkişaf naziri Şahin Mustafayevə.

İqtisadi inkişaf naziri Şahin Mustafayevin çıxışı
– Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya 2003-cü ildən respublikaya inamla rəhbərlik edən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu strategiyanın yeni dövrün tələblərinə uyğun əhəmiyyətli dərəcədə zənginləşdirilməsi milli iqtisadiyyatın regional və qlobal sınaqlara dayanıqlığını artırmış, sosial-iqtisadi islahatlarla müəyyən edilmiş məqsədlərə nail olunmasını, o cümlədən həmin siyasətin əsasını təşkil edən əhalinin sosial vəziyyətinin yaxşılaşmasını təmin etmişdir.
Qlobal iqtisadi böhran əksər ölkələrdə əsas makroiqtisadi göstəricilərin pisləşməsi ilə, o cümlədən ümumi daxili məhsulun və xarici ticarət dövriyyəsinin azalması, işsizliyin kütləvi xarakter alması, ciddi likvidlik çatışmazlığı kimi problemlərlə müşahidə olunur. Lakin uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkəmizdə əhəmiyyətli strateji valyuta ehtiyatlarının yaradılması, konservativ xarici borclanma, xarici maliyyə bazarlarından asılılığın minimuma endirilməsi, manatın sabitliyinin təmin edilməsi sayəsində qlobal iqtisadi böhran digər ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir.
Təsadüfi deyildir ki, həm beynəlxalq maliyyə təşkilatları, həm də tanınmış reytinq agentlikləri və ekspertlər Azərbaycan iqtisadiyyatının dünya maliyyə-iqtisadi böhranına dayanıqlığını birmənalı ifadə etmişlər. Belə ki, Dünya Bankı mart ayında tərtib etdiyi İqtisadi Memorandumda Azərbaycanın başqa ölkələrlə müqayisədə qlobal böhranı daha güclü mövqe ilə qarşıladığını, böyük təsirlərə məruz qalmayacağını və maliyyə sektorunun böhrandan qaça bildiyini göstərmişdir. “Fitch Ratings” agentliyi Avropanın 21 ölkəsindən 19-da ümumi daxili məhsulun azalacağını, birində dəyişməyəcəyini və yalnız Azərbaycanda iqtisadi artım olacağını bildirmiş, Asiya İnkişaf Bankı isə bu artımı 8 faiz proqnozlaşdırmışdır.
Möhtərəm cənab Prezident!
Nazirlər Kabinetinin bu il yanvarın 16-da keçirilmiş geniş iclasında iqtisadiyyata yönəldilən resursların səmərəli istifadəsi, investisiya layihələrinin prioritetliyinin müəyyən edilməsi, sahibkarlığa dövlət dəstəyinin, istehlak bazarına nəzarətin və antiinhisar tədbirlərinin gücləndirilməsi, dövlət vəsaitlərindən istifadə üzərində nəzarətin təkmilləşdirilməsi Sizin tərəfinizdən qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana təsirinin azaldılması istiqamətində əsas tədbirlər kimi müəyyən edilmişdir. Bu tədbirlərin həyata keçirilməsi, eləcə də əvvəlki illərdə aparılmış uğurlu siyasət nəticəsində cari ilin birinci rübündə də ölkə iqtisadiyyatının dinamik inkişafı davam etmiş, hətta qlobal iqtisadi böhran şəraitində Azərbaycanda ümumi daxili məhsul 4,1 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 13,7 faiz artmışdır.
Neft hasilatında texniki səbəblərlə əlaqədar sənaye məhsulu istehsalının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz azalsa da, qeyri-neft sənayesində 1,4 faiz artım olmuşdur.
Həyata keçirilmiş tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı 4,3 faiz, ümumi yük daşımalarının həcmi 1,1 faiz, qeyri-neft yük daşımalarının həcmi 5 faiz, pərakəndə əmtəə dövriyyəsi 10 faiz, pullu xidmətlərin həcmi 20,5 faiz artmışdır.
İqtisadiyyata inflyasiya təzyiqləri azalaraq, keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz təşkil etmiş, ilin əvvəlindən isə istehlak qiymətləri indeksi 2,1 faiz azalmışdır.
Yanvar–fevral aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz artaraq, 2 milyard 418 milyon dollar təşkil etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu dövrdə ixracın həcmi 1 milyard 492 milyon dollar olmaqla 24,6 faiz artmış, idxalın həcmi isə 1 faiz azalmışdır.
Xarici ticarət dövriyyəsində 566 milyon dollarlıq müsbət saldo yaranmışdır ki, bu da ölkənin valyuta ehtiyatlarının və manatın sabitliyinin təmin edilməsində mühüm rol oynayır.
Cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 2 milyard 522 milyon manat və ya 92 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 537,6 milyon manat və ya 27,1 faiz çox olmuşdur.
Dövlət büdcəsinin xərcləri 2 milyard 345 milyon manat və ya 97,9 faiz icra edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 972 milyon manat və ya 70,8 faiz çoxdur.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilmiş və bu məqsədlə dövlət büdcəsinin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 42,6 faiz və ya 245 milyon manat artırılaraq 820 milyon manat təşkil etmişdir. Bu isə ümumi büdcə xərclərinin 35 faizinə bərabərdir.
Məqsədyönlü sosial siyasət nəticəsində əhalinin gəlirləri 25 faiz, onun adambaşına düşən həcmi 19,6 faiz, orta aylıq əmək haqqı 26,5 faiz artmışdır. Son aylar ərzində qiymətlərin aşağı düşməsi də əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin artmasına müsbət təsir göstərmişdir.
Əsas kapitala yönəldilmiş investisiyalar 15,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 72,3 faiz artmışdır. Dövlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmi daha da artaraq, rüb ərzində 1 milyard 79 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə və ya 521 milyon manat çoxdur.
Hazırkı qlobal iqtisadi böhran şəraitində investisiya qoyuluşları, eləcə də onun sahəvi və regional strukturunun düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.
Böhran şəraitində dünya ölkələri arasında məhdud investisiya resursları uğrunda rəqabətin daha da gücləndiyi bir vaxtda Azərbaycanda mövcud olan siyasi və iqtisadi sabitlik investorların ölkəmizə marağını əhəmiyyətli dərəcədə artırmışdır. Rüb ərzində 6 ölkənin iş adamlarının iştirakı ilə təşkil edilmiş biznes forumlar, eləcə də işçi qaydada keçirilmiş görüşlər bunu təsdiq edir.
70 faizini xarici mənbələrdən cəlb edilmiş vəsaitlər hesabına həyata keçirilən və ümumi dəyəri 350 milyon avroya yaxın olan “Qaradağsement” Səhmdar Cəmiyyətinin müasir texnologiyalar əsasında yenidən qurulmasının, cənab Prezident, bu günlərdə Sizin iştirakınızla təməlinin qoyulması buna sübutdur. Bu layihə çərçivəsində 30-dək yerli şirkətin cəlb edilməsi, 1100-dək iş yerinin açılması və ekoloji vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması gözlənilir.
Bununla yanaşı, regionlarda sənaye, tikinti, məişət, yeyinti və kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində 60-a yaxın müəssisənin tikintisi aparılır ki, bu müəssisələrdə də 15 mindən çox yeni iş yerləri açılacaqdır. İnvestisiyaların cəlb edilməsi sahəsində dövlət tərəfindən aparılan məqsədyönlü tədbirlər çərçivəsində Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti genişləndirilmiş, Küveyt Maliyyə Evi ilə “Küveyt–Azərbaycan İnvestisiya Şirkəti” Səhmdar Cəmiyyəti yaradılmışdır.
Sahibkarlığa dövlət dəstəyinin artırılması və şəffaflığın təmin edilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti yeni tələblərə uyğun təkmilləşdirilir, iş adamlarının güzəştli kredit almaq şərtləri sadələşdirilir, süni maneələr aradan qaldırılır və beynəlxalq auditin keçirilməsi planlaşdırılır. Bunun nəticəsində rüb ərzində istehsal və emal sahələri üzrə 99,5 faizi regionlarda olmaqla, 200 sahibkarlıq subyektinin 9,7 milyon manat məbləğində investisiya layihəsi maliyyələşdirilmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən verilmiş kreditlərin məbləği 2 dəfə, investisiya layihələrinin sayı isə 3,6 dəfə artmışdır.
Sahibkarların maarifləndirilməsi işinin təşkili üçün regionlarda Bakı Biznes Tədris Mərkəzinin filialları yaradılmış və investisiya layihələrinin tərtib edilməsi və fondun vəsaitlərindən istifadə qaydalarına dair Lənkəran, Şəki, Sumqayıt, Horadiz və Göyçayda seminarlar keçirilmişdir. Bu tədbirlərin bütün regionlarda mütəmadi olaraq həyata keçirilməsi biznes fəaliyyətinin ölkənin inkişaf prioritetlərinə uyğunlaşdırılmasına, layihələrin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək və ikinci rübdə verilən güzəştli kreditlərin həcminin 50 milyon manata çatdırılmasına imkan verəcəkdir. Eyni zamanda, sahibkarların güzəştli kreditlərə artan tələbatının ödənilməsi məqsədi ilə Dünya Bankı və OPEK Fondu ilə danışıqlar aparılır.
Biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və ixracyönümlü müəssisələrin dəstəklənməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində 60-a yaxın iri qeyri-neft ixracatçıları ilə görüş keçirilmiş, eyni zamanda, işçilərinin sayı 100 nəfərdən çox olan 200-dən artıq iri müəssisənin mövcud vəziyyəti haqqında toplanmış məlumatlar təhlil edilir. İlkin təhlillər göstərir ki, son 6 ayda əmək haqqı bu müəssisələrin 47 faizində artmış, 51 faizində dəyişməmiş, 2 faizində isə azalmışdır. Müəssisələrin 57 faizi cari ildə investisiya qoyuluşunu planlaşdırır.
Sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması məqsədi ilə aparılan bütün yoxlamaların və icazələrin elektron qeydiyyat sisteminin, eləcə də sorğuların cavablandırılması üzrə telefon-məlumat mərkəzinin yaradılması istiqamətində işlərin həyata keçirilməsinə başlanılmışdır.
Sahibkarlıq fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi davam etdirilmiş, “Rəqabət Məcəlləsi”nin layihəsi üçüncü oxunuşda müzakirə üçün hazırlanmış və “Xüsusi iqtisadi zonalar haqqında” Qanun Milli Məclisdə qəbul edilmişdir. Xüsusi iqtisadi zonaların yaradılması sahibkarlığın inkişafına müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyata əlavə investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, məşğulluğun və əhalinin gəlirlərinin artmasına imkan yaradacaqdır.
Bununla yanaşı, nəqliyyat infrastrukturunun modernləşdirilməsi sahəsində aparılmış ardıcıl işlər, o cümlədən cənub, şimal və qərb istiqamətlərində tikilmiş beynəlxalq standartlara cavab verən yollar və iri infrastruktur obyektləri, eləcə də yeni terminallar və loqistik mərkəzləri yaratmaqla bu sahədəki potensialdan səmərəli istifadə Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaqdır.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və əhalinin məşğulluğu baxımından kənd təsərrüfatının xüsusi əhəmiyyətini nəzərə alaraq, aqrar sektora dövlət dəstəyi davam etdirilmiş, bu sahəyə tətbiq edilən vergi güzəştlərinin müddəti növbəti dəfə uzadılmışdır. Bundan əlavə, subsidiyaların verilməsi mexanizminin və “Aqrolizinq” ASC-nin fəaliyyətinin təkmilləşdirilməsi, tədarük sisteminin, xarici investorların iştirakı ilə aqroservis və aqrofermaların yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. İnhisarçılığın və haqsız rəqabətin qarşısının alınması məqsədi ilə əmtəə bazarlarına giriş maneələrinin və ayrı-seçkilik hallarının, təbii inhisar subyektlərinin inhisarçılıq hərəkətlərinin qarşısı alınmış, sənaye mülkiyyəti hüquqlarının pozulması yolu ilə buraxılan malların istehsalının və satışının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
İstehlakçıların hüquqlarının müdafiəsi, istehlak bazarının saxta, keyfiyyətsiz, təhlükəli mallardan qorunması və süni qiymət şişirtmələrinin qarşısının alınması məqsədi ilə mütəmadi monitorinqlər keçirilir, nəticələri təhlil olunaraq müvafiq tədbirlər görülür.
Möhtərəm cənab Prezident!
Bütün sahələrdə əldə olunmuş nailiyyətlər zamanın sınağından uğurla çıxmış və xalqımızın layiqli həyat səviyyəsinin təmin edilməsində alternativsiz siyasətinizin tərkib hissəsi olan yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaqla etibarlı təminatı və ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş kompleks tədbirlərin sistemli və vaxtında yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur.
Sizin bir neçə gün öncə təsdiq etdiyiniz “Azərbaycan Respublikası regionlarının 2009– 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası, ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsini, iqtisadiyyatın şaxələndirilməsini, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafı və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını təmin edəcəkdir.
Diqqətinizə görə minnətdaram.

Hiç yorum yok: