azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Eylül 2008 Salı

Qarabağın Ağrı dağı

Qarabağın Ağrı dağıC. SADİQ
Sentyabrın ilk günləri İstanbuldaydım. Sanki Bakıya gəlmişdim. Bu qədim və möhtəşəm şəhərə ilk dəfə gəldiyim 1991-ci ildə də, bu gün də yaxınlığımızın, doğmalığımızın miqyası məni ovsunlamışdı. Amma onda da, indi də gördüyüm, sezdiyim bəzi şeylər beynimin içini oyum-oyum oyurdu. İlk səfərimdə əvvəlcə Moskvada qabiliyyətimin imkan verdiyi qədər layiqli qarşıladığım dostumun adını tutub "cavab səfərinə" getmişdim. İllər keçdikdən sonra "Həm ziyarət, həm ticarət" filminə baxanda bir anlıq elə bildim ki, müəllif bizim səfəri izləyib. Dostum gəlişimizin yalnız ikinci günü axşam biz tərəfə gəlib çıxmış, bizi (səyahətə istedadlı loğman dostum Sabir Həbibovla getmişdim) mehmanxanadan alıb şəhəri gəzməyə çıxarmışdı. Bizim iki gündə hansı macəralar yaşadığımızı bilmədiyindən çox normal suallar verdi: İstanbul, istanbullular necədir, xoşunuza gəldimi? Sizi necə qarşıladı İstanbul? Cavabında dedim ki, nə yaxşı azərbaycanlıların hamısının buraya gəlmək imkanı yoxdur. Duruxdu. Dil fərqinə görə fikrimi yanlış izah elədiyimi düşündü.
- Yox, - dedim, - yanlış anlamayın, fikrimin canı var. Onilliklərdən bəri dəmir qapılar arxasında qalan xalqlarımız bir-birini mənən, ruhən, necə deyərlər, qiyabi sevib. Və hər bir azəri övladı ürəyində, xəyallarında bir səltənət qurub. Türkiyə səltənəti. Onların qənaətincə həm bütöv Türkiyə, həm də ayrılıqda hər bir türk Azərbaycanın ən ucqarda yaşayan ən yoxsul sakininin arxası, havadarı, yardımçısı, ümid, güvən yeridir. Və hər biri o qədər zəngindir ki, (maddi və mənəvi) bir azəri övladını görmələri kifayətdir ki, onu ipəyə qumaşa bürüsünlər. Halbuki çörəyini daşdan çıxaran türklərin əksəriyyəti öz problemlərinin yükü altında elə əyilib ki, başını qaldırıb nəinki azəriyə, heç bir küçə o tərəfdə yaşayan qardaşına baş çəkə bilmir. Ona görə ən yaxşısı o xəyallarla yaşamaqdı.
Məncə, fikrim həmsöhbətimi yaman tutdu. O saat iki gündə beş kilometrlik məsafəni niyə qət eləmədiyinin səbəblərindən danışmağa başladı, üzrxahlıq elədi. Mənim niyyətim heç onu incitmək deyildi. Həqiqətən də türklərin çox gözəl ifadə elədiyi xəyal qırıqlığı ciddi problemlərin izahıdır. Biz bütün problemlərin həllində kimdənsə, birinci növbədə, əlbəttə, türklərdən yardım gözləyirik. Bəzən bu ümidlərlə gerçəkləşməsi real olmayan istəklərimizi də onlara yönəldirik. Nəticəsi də bizi incidir, ağrıdır.
Budəfəki səfərimdə ən çox diqqət çəkən məsələ bütün qəzetlərin palaz-palaz sual-sərlövhələri idi. Abdullah Gül matça gedəcəkmi? Açığını deyim, Ermənistana getmək qərarının elan edildiyi dəqiqəyə qədər bu məsələyə bir siyasi reklam oyunu kimi baxırdım. Bir tərəfdə müxalif partiyalar, o cümlədən müxalifət liderlərindən biri Dəniz Baykal "Mən Bakıya gedərdim" deyir, o biri tərəfdən, "Qarabağı işğal edən dövlətlə bizim nə ilişkimiz ola bilər" deyilir, bu yandan da canımız Türkiyənin prezidenti hər kəsi intizarda saxlamaqdan zövq alırdı. Söhbətlərimizin birində (əlbəttə, rəsmi yükü olmayan və fərdi fikir və mülahizədən başqa heç bir siyasi çəki daşımayan masaarxası söhbətdə) mən də arkadaşlara fikrimi bildirdim. "Məncə,- dedim, -səhnəarxası məqsədləri nə olursa olsun, yetmiş milyonluq bir dövlətin və türk dünyası liderinin türklərə olmazın xəyanət edib, kürəyinə xəncərlər saplayan, bir əsr boyu soyqırım iddiası ilə rüsvay edən, səfirlərini, paşalarını xaincəsinə qətlə yetirən, bu gün də Türkiyənin içərisində qara qüvvələri körükləməyə çalışan, üstəlik türklərin qan qardaşı Azərbaycan torpaqlarının beşdə birini işğal altda saxlayan üç milyonluq bir dövlətə futbol matçına getməsi ciddi sayıla bilməz. Əgər səfər fövqəladə təbii fəlakətlə, təcili yardım tələb edən vəziyyətlə bağlı olsa bunu başa düşmək, qəbul etmək mümkündür. Amma mübarək ramazan ayında, futbol üçün, ümumiyyətlə siyasi səhnəyə gəlişləri qanunsuzluqlarla dolu olan (təkcə onu demək kifayətdir ki, Köçəryan da, Sərkisyan da Ermənistan isteblişmentinə daxil olanda əslində Azərbaycan vətəndaşları idilər), Xocalı torpaqlarını şəhid qanına bələyən üzdəniraq dövlət başçılarının ayağına getmək ən azından diplomatiya dəryasında üzə bilməyən biz naşıların gözündə şərəf artıran addım deyil. Bu addıma nə minlərlə şəhidin ruhu, nə milyonlarla qaçqın, nə işğal altındakı torpaqlar, nə dağılıb talan olan yurdlar xeyir-dua verməz. Bu o deməkdirmi ki, Abdullah Gül Azərbaycanın əleyhinə hərəkət edir. Əsla. Onun və əsabələrinin öz məntiqi var. Çünki bu böyük şahmat oyununda kəsilən başların saçları üçün ağlamırlar. Hər kəs bir qalibiyyət dalınca qaçır. Birisi üçün qalibiyyət futbol sahəsində topun qapıdan keçməsində, digəri üçün o sahədə məhz onun istehsal etdiyi topun oynamasında, üçüncüsü üçün oyun bəhanəsilə dəvət olunan qonaqların gəlişindədir. Yerevanda futbol matçını Türkiyə qazandı. Əvəzində diplomatik matçın qapısını qorumadı. Ən azından bu mərhələdə. Çünki türk dünyasının Qarabağ kimi bir dərdi var, ağrısı var, dağı var. Türkiyədə Ağrı dağı var. Bu gün də ermənilər ona Ararat deyirlər. Halbuki o əzəmətli dağ çox namərdliklərin şahidi olub ki, el arasında Ağrı dağı kimi qalıb. Azərbaycanda isə Qarabağ boyda ağrı dağı var. Nə qədər ki bu ağrını azaltmamışıq, bu yaranı sağaltmamışıq, düşmən qapısına əyləncəyə gedən bizim qəlbimizə toxunacaq. Gözümüzün işığı olsa da.
12 sentyabr 2008-ci il,
Moskva Cəfər SADİQ 525

Hiç yorum yok: