azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Ocak 2009 Pazartesi

“TÜRKİYƏ ERMƏNİSTANLA MÜNASİBƏTLƏR QURMAQDA İSRARLIDIR”

“TÜRKİYƏ ERMƏNİSTANLA MÜNASİBƏTLƏR QURMAQDA İSRARLIDIR”
Lakin ekspertə görə, yaxınlaşma prosesində Ankara Azərbaycanı yaddan çıxarmayıb



Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistanla münasibətlər qurmağa heç vaxt bu qədər yaxın olmadıqlarını deyib. Xarici işlər naziri son aylarda Ermənistanla Türkiyə arasında gedən danışıqları xatırladaraq, prosesin indi də davam etdiyini deyib: “Problemin həllinə heç vaxt indiki kimi yaxın olmamışdıq”. Onun sözlərinə görə, son həmlə üçün hər iki tərəfin qətiyyət göstərməsi gərəkdir.
Ə.Babacan deyib ki, Ermənistan prezidentinin açıqlamalarını bütün ehtiyatlı yanaşmalarla birlikdə konstruktiv qiymətləndirmək mümkündür: “Bu gün Ermənistanla Azərbaycan arasında danışıqlar da konstruktiv məcrada davam edir. ABŞ, Rusiya və Fransa iki ölkəyə çağırış edərək münaqişənin həlli üçün münasib şərait yarandığını, bu fürsətdən istifadə etmək lazım olduğunu bildirir. Biz bu gəlişmələri ABŞ-la ikitərəfli münasibətlərimiz kontekstində dəyərləndirsək, Türkiyə ilə ABŞ-ın məsələyə yanaşması fərqli deyil. Bu cür müzakirə prosesinin davam etdiyi bir vaxtda ABŞ ”erməni soyqırımı"nı tanısa, hər şeyi korlaya bilər. Ona görə də hesab edirəm ki, Obama administrasiyası bu addımı atmayacaq. Ermənistana xaricdən dəstək verən diasporun mövqeyi də önəmlidir. Biz münasibətlərimizi bütün bu amilləri nəzərə alaraq davam etdirməliyik. Ermənistan qapalı ölkədir və qonşuları ilə münasibətləri yoxdur. Ancaq bu qapalı ölkədə hökumətin siyasətini də, təəssüf ki, diaspor idarə edir" .
Belə görünür ki, Türkiyə Ermənistanla rəsmi münasibətlər qurmaqda israrlıdır. Hələ bir müddət öncə - Türkiyədə bir qrup şəxs “ermənilərdən üzr istəyirik” kampaniyasına başlayanda belə məlumatlar var idi ki, 2009-cu ilin may-iyun aylarında Türkiyə-Ermənistan sərhədlərinin açılmasına hazırlıq gedir və məlum kampaniya da onun alt yapısıdır. Ermənistanla münasibətlərin qurulması kontekstində Ə.Babacanın Azərbaycan məsələsini vurğulaması onu deməyə əsas verir ki, Türkiyə bu məsələni şərtlər siyahısından çıxarmayıb. Amma hər bir halda, görünən budur ki, Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa konkret addımlar atılmadığı bir vaxtda Türkiyə Ermənistanla münasibətlər qurmağa hazırlaşır. Əli Babacanın söylədikləri Türkiyənin rəsmi mövqeyidirmi? Əgər bu deyilənlər öz təsdiqini taparsa, Azərbaycan üçün nə vəd edir?
Mövzu ətrafında söhbət etdiyimiz politoloq Elxan Mehdiyev Türkiyənin Ermənistanla münasibətlərini bərpa etmək niyyətində israrlı olduğunu bildirdi: “Prezident Abdullah Gülün Ermənistana ötən ilin sentyabrında etdiyi səfəri, sadəcə, futbol matçını seyr etmək məqsədi daşımırdı. Bu, bilavasitə buzu sındırıb yeni bir dövr açmaq niyyətindən irəli gəlirdi. Gülün İrəvana səfərindən sonra Türkiyənin xarici işlər naziri erməni həmkarı ilə xeyli görüşlər keçirib. Müqayisə etsək, görərik ki, onun Ermənistanın xarici işlər naziri ilə keçirdiyi görüşlərin sayı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərindən xeyli çoxdur. Təbii ki, bunlar təsadüfi deyil və münasibətlərin tənzimlənməsinə yönəlib”.
E.Mehdiyev söylədi ki, Türkiyə bu danışıqlar prosesində Azərbaycanı yaddan çıxarmayıb: “Türkiyə hökuməti bildirir ki, Ermənistan rəsmiləri ilə keçirilən bütün görüşlərdə Qarabağın işğaldan azad edilməsi məsələsi qoyulur. Yəni bildirilir ki, Ermənistanla münasibətlərin qurulması işğal olunmuş torpaqların boşaldılmasından keçir. Bunu həm Abdulla Gül, həm də digər rəsmilər dəfələrlə ifadə ediblər”.
Bəzi ekspertlər isə hesab edir ki, Ə.Babacanın Rusiyanın Ermənistana təxminən 1 milyard dollarlıq silah ötürməsindən sonra belə bir bəyanatla cavab verməsi təsadüfi sayıla bilməz. Söhbət ondan gedir ki, Rusiyanın bu hərəkətinin həm də Ermənistanın Türkiyənin təsiri altına düşməsi qorxusundan irəli gəldiyi bildirilirdi. Bu baxımdan Ə.Babacanın açıqlaması Kremlə cavab kimi qiymətləndirilə bilərmi?
E.Mehdiyev söylədi ki, Türkiyə həç zaman Rusiyanın Ermənistanla münasibətlərinə reaksiya verməyib: “Çünki rəsmi Ankara buna təbii baxır. Digər tərəfdən hər zaman Türkiyə ilə Ermənistan arasında münasibətlər qurulmasında maraqlı olmayan Rusiya son bir ildə, xüsusi ilə Gürcüstan hadisələrindən sonra bu siyasətində dəyişiklik etmişdi. Amma mən yenə də düşünmürəm ki, Rusiya Türkiyə-Ermənistan münasibətlərinin daha geniş əməkdaşlıq və interqrasiya formasına keçməsində maraqlıdır. Çünki belə olarsa, proseslərin təbii axarında Ermənistanın Rusiyaya ehtiyacı qalmaz. Odur ki, Rusiya həmişə ”Türkiyə faktoru"nu qaldıraraq, Ermənistanda hərbi varlığını dərinləşdirməyə çalışır. Rusiyanın hərbi xarakterli mövcudluğu Ermənistanın özünə də sərf edir. Bütün bunları toplayaraq deyə bilərəm ki, Ermənistan barəsində çox danışılan sülh prosesinə yox, silahlanma və güc yolu ilə işğal etdiyi torpaqları əldə saxlamaq siyasətinə davam edir. Elə bir dəyişiklik yoxdur".
Orxan QARAÇAYLI

Hiç yorum yok: