azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

24 Ocak 2009 Cumartesi

OBAMA DÖVRÜ AZƏRBAYCANA NƏ VƏD EDİR?

OBAMA DÖVRÜ AZƏRBAYCANA NƏ VƏD EDİR?
İqbal Ağazadə: “Prinsiplərdə köklü şəkildə dəyişikliyin olmayacağı qənaətindəyəm”
Sərdar Cəlaloğlu: “Azərbaycan əvvəlki kimi yaşayacaqsa, Amerika ilə problemləri yaranacaq”
Etibar Məmmədov: “Obamanın elan etdiyi kursun Azərbaycana birbaşa təsiri ola bilər”



Dünya mediasında Amerikanın yeni prezidenti Barak Obamanın inauqurasiyadakı çıxışı geniş təhlil olunmaqdadır. ABŞ-ın 44-cü prezidentinin müsəlman dünyasına çağırışı, korrupsioner dövlət başçılarına, diktatorlara mesajı daha çox müzakirə mövzusudur.
Obama dönəminin dünyaya hansı yeniliklər vəd etməsi ətrafında diskussiya apararkən ölkəmizlə bağlı perspektiv gözləntilərə xüsusilə diqqət yetirilməsi təbiidir. Bu, bir faktdır ki, eks-prezident Corc Buş dönəmi Azərbaycan ictimaiyyətinin Amerikaya bəslədiyi ümidlərin öləziməsi ilə yadda qaldı. Bu mənada haqlı olaraq Obama administrasiyasının Amerikanı Azərbaycana yenidən qaytara biləcəyi ətrafında suallara cavab axtarılır. Dünən bu məsələlərlə bağlı Müsavat başqanı İsa Qəmbərin fikirləri dərc olunub. Bu dəfə digər siyasilərə müraciət edib onların Obama dönəmindən gözləntilərini soruşduq.
Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, hansı prezidentin dönəmində olmasından asılı olmayaraq, Amerika prinsiplərə, dövlət maraqlarına qiymət verən bir ölkədir: “Ona görə də bu prinsiplərdə köklü dəyişikliyin olmayacağı qənaətindəyəm. Çünki dünyanın daha qlobal, ciddi problemləri var. Digər məsələlər yalnız bu qlobal problemlər həllini tapandan sonra aktual ola bilər. Bu gün dünyanın Yaxın Şərq kimi ağır problemi mövcuddur. Yaxın Şərq problemində təkcə İran və Əfqanıstan deyil, artıq İsrail-Fələstin problemi də aktiv dövrünə qədəm qoyub. Dünyanın iqtisadi böhranı var və bu iqtisadi böhrandan inkişaf etmiş dövlətlər daha çox əziyyət çəkir. Hesab edirəm ki, bu mənada deyilən fikirlər uzaq perspektiv üçün nəzərdə tutulub. Xüsusilə Amerikanın demokratik cəmiyyət quruculuğuna, demokratiyaya dair prinsipi başqa ölkələrlə münasibətdə ikinci mərhələyə keçəcək. Fikrimcə, iqtisadi böhran aradan qalxmayana, ən azından bunun yolu tapılmayana, Yaxın Şərqdəki problemlər müəyyən dərəcədə danışıqlar masası ətrafına keçməyənə, o cümlədən daha qlobal problem kimi Avropa-Rusiya problemi həllini tapmayana qədər Amerika siyasətində heç bir dəyişiklik olmayacaq”. İ.Ağazadə Obamanın çıxışına da münasibət bildirdi: “Bu, hər zaman Amerika prezidentlərinin etdiyi çıxış idi. Mən bunu daha çox vurğunun Amerikanın prioriteti kimi demokratiya üzərinə yönəldilmiş çıxış sayıram”.
ADP sədri Sərdar Cəlaloğlu Obamanın inauqurasiyasının Amerika tarixində ən möhtəşəm andiçmə tədbirlərindən biri olduğunu xatırlatdı: “Amma biz bütövlükdə bu inauqurasiyanın mahiyyətinə baxsaq, görərik ki, tədbirin bu şəkildə keçirilməsi qlobal böhranı müşahidə edən qlobal depressiyanı, yəni amerikanlardakı depressiyanı aradan götürməyə xidmət edirdi. Obamanın çıxışında da əsas məqam bu idi ki, çətinliklər var, ancaq bu çətinliklərdən qorxmaq lazım deyil, onu dəf etməliyik, Amerika yenidən dünyada liderlik iddiasında olacaq. Elə ən çox da bu fikirlər alqışlanırdı. Kapitalist istehsalı ilə tanış olan hər kəs bilir ki, kapitalizmdə belə böhranlar bir qayda olaraq böyük depressiyalarla müşahidə olunur və o depressiyadan nə qədər sürətlə çıxmaq məsələsi xalqın və dövlətin taleyini həll edir. Obamanın birinci uğuru ondan ibarətdir ki, yüksək səviyyəli inauqurasiya keçirərək xalqı ruhlandırmaqla bu depressiyanın yaranmasına, yaxud onun dərinləşməsinə imkan vermədi”. S.Cəlaloğlu Obamanın İslam dünyasına, o cümlədən öz xalqlarını korrupsiya və qeyri-qanuni yollarla itaətdə saxlayan dövlət başçılarına açıq mesajına da diqqət çəkdi: “Obama İslam dünyası ilə yeni bir əməkdaşlıq erasının başlandığını elan etdi. Digər tərfdən, o, açıq şəkildə dedi ki, öz xalqlarının sərvətindən qeyri-qanuni istifadə etməklə və saxta yollarla hakimiyyətdə qalan qüvvələr dəyişilməsələr, Amerika ilə əməkdaşlıq edə bilməyəcəklər. O, İslam ölkələri rəhbərlərinə müraciətlə bildirdi ki, Amerika ilə dostluq, tərəfdaşlıq eləmək olar. Bu şərtlə ki, siz öz ölkənizdə Amerikanın müdafiə etdiyi dəyərləri, yəni insan haqlarını, demokratiyan,ı azadlığı müdafiə edəsiniz. Bu isə Amerikanın xarici siyasətində tamamilə yeni bir məqamdır”. ABŞ-ın Azərbaycan siyasətində dəyişikliyin olub-olmayacağına gəldikdə, ADP sədri bildirdi ki, əgər Obamanın yuxarıda qeyd olunan mesajını siyasi dilə çəvirsək, bu, Azərbaycan kimi ölkələrə yönəlib: “Orda qeyd olunur ki, əgər Amerika ilə dostluq etmək istəyirsinizsə, indiyə qədər yaşadığınız həyat tərzini dəyişməlisiniz. Obama hələ seçkilər ərəfəsində də deyirdi ki, ey dünyanın ucqarlarındakılar, bizi eşidin, biz dəyişilmək istəyirik və dəyişikliyi həyata keçirəcəyik. Yəni əgər kimsə dəyişilməyəcəksə, Azərbaycan əvvəlki kimi yaşamaqda davam edəcəksə, əlbəttə, Amerika ilə problemləri yaranacaq”. ADP sədri onu da dedi ki, indiki durumda Obama gəlişigözəl sözlərlə heç nəyə nail ola bilməz: “Situasiyada ciddi dəyişiklik edilməsə, Amerika öz siyasətinə yenidən fundamental baxmasa, nə özü böhrandan çıxacaq, nə dünyaya liderlik edəcək, nə də dünya böhranı tezliklə aradan qalxacaq. Amerika dünya nizamına yeni dəyərlər, yeni prinsiplər tətbiq edəcəksə, xüsusən demokratikləşməyə lazımi dəstək verəcəksə, dünya tezliklə bu böhrandan çıxacaq və inkişaf edəcək. Yox, əgər əvvəlki iqtidarların dövründəki kimi, ikili standartla, iqtisadi maraqları prioritet saymaqla demokratiyanı dəstəkləməkdən yayınacaqsa, başqa xalqların taleyinə laqeyd qalacaqsa, dünya daha ciddi problemlərlə üzbəüz qalacaq”.
AMİP lideri Etibar Məmmədov isə hələlik nəticə çıxarmağın tez olduğunu bildirdi: “Hələ Obama yenicə işə başlayıb. Danışmaq ayrı şeydir, iş prosesi başqa. Yəni müəyyən müddətdən sonra onun fəaliyyət istiqamətlərinin əvvəlki vədlərinə nə dərəcədə uyğun olub-olmadığı özünü göstərəcək. Əvvəlki dövrlərdə fəaliyyət dövründəki istiqamətlər seçkiqabağı vədlərdən fərqli olub. Ona görə də ciddi dəyişikliklər olacağını bu yaxınlarda müəyyən etmək mümkün olacaq. Ancaq görünür ki, Obamanın elan etdiyi əsas kurs böhran və nüvə silahını əldə etmək istəyən ölkələrlə bağlıdır. Bunun da birbaşa Azərbaycana təsiri ola bilər. Çünki əsas hədəf İrandır”.
Elşad PAŞASOY

Hiç yorum yok: