azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

24 Ocak 2009 Cumartesi

TEHRANIN 17 MİN "DÜŞMƏN"i

TEHRANIN 17 MİN "DÜŞMƏN"i


İran hakimiyyəti dükan adlarının türkcə adlandırılmasını belə "milli təhlükəsizliyə qarşı addım" sayır


S.SƏDRƏDDİN


Azərbaycan türkləri milli haqlarının təmin olunması uğrunda Güney Azərbaycanda mübarizəni davam etdirməkdədir. Bu hərəkat Azərbaycan türkcəsinin orta məktəb və universitetlərdə tədrisi, milli mədəniyyətin qorunması və inkişafı, iqtisadiyyata diqqət ayrılması və s. məsələlərin gerçəkləşməsini tələb etməkdədir.
Tehran hakimiyyəti isə hərəkatın istəyinə müsbət cavab verib öz ömrünü uzatmaqdansa, onları təzyiqlə qarşılayır, bunun qarşısını çeşidli vasitələrlə almağa çalışır.
"Baybak"ın yaydığı məlumata əsasən, bir ay öncə İranın təhlükəsizlik qüvvələrinin məmurları tərəfindən yaşadığı evin önündə həbs olunan Vahid Şeyxbəylinin zindanda durumu ağırdır. Ona mənəvi və fiziki təzyiqlər edilir. Xəbərə görə, o, sorğu-sual edilmək üçün aparılsa da, bu müddət ərzində ailəsinə V.Şeyxbəyli barədə məlumat verilməyib.
Yanvarın 21-də Təbrizdəki Azad Universitetin tələbələri V.Şeyxbəylinin azadlığa buraxılması tələbi ilə oturaq etiraz aksiyası keçiriblər.
Xatırladaq ki, "Arman" tələbə təşkilatının keçmiş üzvü Vahid Şeyxbəyli 2006-ci ilin məlum may etiraz aksiyalarında iştirak etdiyinə görə 90 günlük həbs edilmişdi. Bu dəfə, 2008-ci il dekabrın 24-də tutulandan sonrakı müddət ərzində o, ailəsi ilə yalnız bir dəfə telefonla danışıb. Onun həbsinin səbəbini indiyədək hələ də açıqlamayıblar. Bu günlərdə yayılan xəbərlərdə ailə üzvləri onun taleyindən xəbərsiz olduqlarını bildiriblər.
Tehran hakimiyyəti fars olmayanların milli mədəniyyətini də inkar etməkdədir. O, dünyaya çatdırmaq istəyir ki, bu ölkədə bir mədəniyyət var - "İran mədəniyyəti" və onun da başında fars etnik kültürü durur.
Ötən gün İslam Respublikası "Musiqi evi"nin müdiri Məhəmməd Sərir bildirib ki, yaxın zamanlarda UNESCO-da İran musiqisi günü qeydə alınacaq. Onun sözlərinə görə, bu, beynəlxalq çərçivədə İran musiqisi ilə bağlı atılmış ilk addımdır.
Tehran hakimiyyəti bu sayaq saxta davranışı ilə ölkədə milli-mədəni problemin olmadığını dünyaya çatdırmaq istəyir. Əslində, "İran mədəniyyəti" adı altında daha çox fars musiqisinin təqdim və təbliğ olunduğu sirr deyil. Hələ bir müddət öncə İslam Respublikası "Novruz" bayramını da UNESCO-da İranın "milli bayram"ı kimi təsdiq etdirməyə cəhd göstərmişdi. Amma Tehranın bu arzusu gözündə qaldı. İndi isə Tehran BMT-nin bu bölməsində Güney Azərbaycan mədəniyyətini İran, daha doğrusu, "fars mədəniyyəti" adı altında təqdim etmək istiqamətində fəaliyyətə başlayıb. Başqa sözlə, Qaradağ, Urmiya aşıqları "İran aşığı" kimi dünyaya təqdim ediləcəklər.
İqtisadi baxımdan da vəziyyət ürəkaçan deyil. Beynəlxalq maliyyə böhranı isə onsuz da ağır olan durumu daha da ağırlaşdırıb. "Azadtribun"un məlumatına görə, Güney Azərbaycanın Marağa şəhərindəki kağız fabrikinin əlaqələr üzrə məsulu Müzəffər Ağayi İranın "Fars" xəbər agentliyinə müsahibəsində deyib ki, müəssisənin elektrik enerjisi kəsilib. O bunun səbəbini işıq pulunun ödənilməsi üçün maliyyə vəsaitinin olmaması ilə əlaqələndirib. Müəssisədə 300 nəfər çalışır. Elektrik enerjisi kəsiləndən sonra fabrik bağlanıb. İşçilər haqqı ödənilmədən məzuniyyətə göndəriliblər. Məlumata əsasən, müəssisənin işığının kəsilməsindən Marağa icra hakimiyyəti xəbərdardır. Hakimiyyət fabrikin maliyyə böhranından çıxması istiqamətində heç bir addım atmayıb.
Onsuz da, Güney Azərbaycan bölgələrində sənaye müəssisələri azdır. Tehran az sayda olan bu kimi zavod və fabriklərin işləməsinə belə, indiki şəraitdə yardım etmir.
İran İslam Respublikası rəhbərliyi türkcə adlardan da vahimələnir. Milli hərəkat türk dilində adların qoyulmasını da tələb etməkdədir. DAK informasiya mərkəzinin məlumatına görə, dükanlarına türkcə adlar qoyan Ərdəbil əyalətinin Germi rayonundakı sahibkarlar yerli inqilab məhkəməsinə çağırılıb. "Çənlibel" adlı mağazanın yiyəsi Şəhruz Əsədiyə məhkəmədən deyiblər ki, bu adı qoymaqla o, "İran dövlətçiliyinə qarşı fəaliyyət göstərir" və dükanın adını dəyişməlidir. ETTELAAT əməkdaşları onun dükanının qarşısındakı türkcə reklam lövhələrini sökərək özünü qurumun təcridxanasında saxlayıb sorğu-suala tutublar.
Xəbərdə bildirilib ki, "Ana", "İlqar", "Sarı tel", "Ayatay", "Türk" kimi adlar qoyulmuş ticarət obyektləri və müəssisələrin adları artıq dəyişdirilib.
Azərbaycanlı iş adamları şirkət və dükanlarına türkcə ad qoyduqları üçün ötən il də məhkəməyə cəlb olunublar. Ötən 10 ay ərzində bununla bağlı 600 "cinayət işi" açılıb.
"Baybak"ın məlumatına görə, türk adı seçən iş yerlərinə məktubla xəbərdarlıq edilir, buna əməl etməyənlərə məhkəmənin qərarını göndərirlər. Həmin məktublarda dükan və şirkət yiyələrindən adların türk dilindən farscaya tərcümə edilməsi tələb olunur. Sahibkarların çoxu bu qərarı icra etsə də, 50 mağaza yiyəsi hakimiyyətin tələbinə boyun əyməyib. Buna görə həmin şəxslərin dükanları və şirkətləri qapadılıb.
Oxşar "oyun" İrandakı türkmənlərin də başına açılır. Türkmənsəhra Azadlıq Təşkilatının yaydığı məlumata əsasən, İranın Mədəniyyət və İslam İrşad Nazirliyi Türkmənsəhradakı 590 dükanın yiyəsinə xəbərdarlıq məktubu göndərərək mağazalarının türk adlarının fars dilinə çevrilməsini tələb edib. Uzun sürən çək-çevirdən sonra 530 dükanın sahibi türk adlarını dəyişməyə məcbur olub.
Azərbaycanlı tələbə-gənclərin Azərbaycan türklərinin tarixi, dili və ədəbiyyatından yazan "Ulus", "Nəsim", "Araz", "Özlük", "Oyanış", "Səttarxan", "Kimlik", "Yoldaş", "Yağış", "Qıpçaq", "Günəş", "Yarpaq", "Telenger", "Çənlibel", "Yaşıl yol", "Ana yurdu", "Səhər", "Açıq söz" və "Sayan" adlı tələbə dərgiləri qapadılan türkdilli mətbu orqanlarındandır.
Bu ilin əvvəllərində isə Yəzd Universitetindəki azərbaycanlı, o cümlədən xələc, avşar, qaşqay türk tələbələrinin birgə buraxdıqları "Xələc" adlı tələbə dərgisinin nəşrini universitet rəhbərliyinin mədəniyyət idarəsi yasaqlayıb. Ali təhsil ocağının rəhbərliyi bunu jurnalın "pantürkçülüyü və bölücülüyü təbliğ etməsi" ilə əsaslandırıb. İki sayı işıq üzü görmüş "Xələc"in sonuncu sayında Güney Azərbaycan türklərinin dil, mədəniyyət və tarixi haqda yazılarla yanaşı, "Məşrutə hərəkatı", "İrqçilik və ariçilik", "Hindistanda qurulmuş Xələc-Babur imperiyası" və doktor Cavad Heyətin "21 Azər - Azərbaycana qarşı mədəni soyqırım günü" adlı məqalələr çap olunubmuş.
Yayılan xəbərlərə görə, bir müddət öncə naməlum şəxslər dərginin baş redaktorunu "bölücü" ittihamları ilə hədələmiş, onun nəzarət etdiyi sayt isə bağlanmışdı. Yəzd Universitetindəki mədəni məsələlər üzrə komitənin məsulları "Xələc"in nümayəndələri ilə görüşdə deyiblər: "Əgər türk tələbələr universitetdə pozucu fəaliyyət göstərməsələr, sizinlə heç bir problemimiz olmayacaq". Onu da xatırlatmaq lazımdır ki, bu ali təhsil ocağında yayılan "Ana yurdu"nun 11, "İşılay"ın isə 4 sayı işıq üzü gördükdən sonra qapadılıb.
İslam Respublikası rəhbərliyinin bu kimi qanunsuz davranışına etiraz edən Azərbaycan Milli Hərəkatının təəssübkeşləri hər gün təzyiqə məruz qalırlar.
Dünya Azərbaycanlıları Konqresi informasiya mərkəzi Güney Azərbaycandakı mənbələrə istinadən bildirib ki, son iki ildə təkcə Təbrizdə Milli Hərəkatın 17 min nəfər təəssübkeşi İranın ETTELAAT, polis və məhkəmə orqanları tərəfindən istintaqa cəlb edilib. Həmin şəxslərin çoxu ölkə Təhlükəsizlik Nazirliyi və İnqilab Keşikçiləri Qvardiyasının gizli həbsxanalarında, polis idarələrində fiziki və mənəvi işgəncəyə məruz qalıb, qısa və uzun müddətə həbs olunub.
Güney Azərbaycan türklərinin milli-mədəni və qanuni haqqını tələb edən həmin insanların bir çoxu həbsdədir, bəziləri isə girov qarşılığında zaminə buraxılıb.
Məlumatda vurğulanıb ki, 2006-2008-ci illərdə Təbrizdə 43 nəfər hərəkat təəssübkeşi təhlükəsizlik məmurları tərəfindən naməlum yerlərdə ağır işgəncələrə məruz qoyularaq qətlə yetirilmiş, cəsədləri isə şəhərin Elgölü, Acıçay, Mehranrud, "Parke-İrəm", Pərvaz, Babadağı, Anaxatun, Çilləxana kimi yerlərindən, habelə gözdən iraq ətraf kəndlərdən tapılıb. Onların 21-nin cəsədi ekspert həkim tərəfindən yarılaraq işgəncə ilə öldürüldüyü təsdiqlənsə də, 22 nəfər gizli şəkildə dəfn edilib.
Sonuncu dəfə qətlə yetirilən təbrizli hərəkat təəssübkeşinin Mehdi adlı 23 yaşlı gənc olduğu bildirilir. Onun cəsədi Təbriz yaxınlığındakı Çilixana kəndindəki sahibsiz bağlardan birində 25 metr dərinliyi olan bir quyudan tapılıb. Mənbənin məlumatına əsasən, Mehdi bir müddət əvvəl yoxa çıxıb, bu günlərdə isə bir nəfər onun ailəsinə anonim zəng edərək oğlunun öldüyünü valideynlərinə söyləyib. Onu da qeyd etmək lazımdır ki, bütün bu sayaq qətllərin araşdırılması işinin qarşısı naməlum qüvvələr tərəfindən alınır. Hakimiyyət təmsilçiləri isə bu kimi qanlı olaylara soyuqqanlı münasibət göstərirlər.
Yerli müşahidəçilərin və mütəxəssislərin qənaətincə, bu cinayətlərin başında ETTELAAT, qvardiya, "bəsici"lər, polis və onların himayə etdiyi cinayətkar, terrorçu qruplar durur.
Məlumata görə, bu açıqlamada qətlə yetirilən, istintaqa cəlb edilən soydaşlarımızın adları çəkilməyib. Buna səbəb isə onların ailələrinin hakimiyyət tərəfindən yenidən təzyiqlərə məruz qalmaq istəməməsidir. Çünki bu sayaq məsələlərdə Tehran nümayəndələri həmin ailə və şəxslər barədə yenidən cinayət işi açır, bir çox hallarda isə "casus", "milli təhlükəsizliyə zərbə" kimi ittihamlarla həbs edir. Onu da yada salaq ki, həmin insanların bir çoxunun adı ötən iki il ərzində çeşidli beynəlxalq qurumların bəyanatlarında çəkilib.

Hiç yorum yok: