azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Ocak 2009 Pazartesi

Əlirza Əsğərzadənin GüNaZ TV-dəki söhbəti üzərinə - Güntay Gəncalp

Əlirza Əsğərzadənin qələmi ilə təqribən 10 il öncə tanış olmuşdum. Milli məsələyə modern sosiologiya açısından yozum gətirməyə çalışması bir çoxları kimi mənim də diqqətimi çəkmişdi. Hətta xatırlayıram ki, Əlirza bəyin məqalələrindən bir çox notlarda çıxarıb yazılarımda faydalanmağa çalışmışdım. O zamankı məqalələrində sosiologiya elminin geniş imkanlarından yararlanaraq milli məsləyə işıq tutmağa çalışardılar. Nədənsə Əlirza bəyin daha əskidən olan fəal iştirakı birdən azaldı.

Ancaq anlaşılan o imiş ki, Əlirza bəy daha ciddi və önəmli çalışmalarla məşğul imiş. Bu elmi çalışmalarını kitablaşdıraraq dünyada kitab əhlinin mütaliəsinə sunmuşdur. Yanılmıramsa bu günə qədər milli problemlərimizi ingilis dilində kitablaşdıran olmamışdır. Bu kitab dolayısıyla bizim milli istəklərimiz haqqında dünyanın etkili və düşünən insanları bilgi sahibi olacaq və bizim milli mübarizəmizin mahiyəti haqqında sağlıqlı bilgi əldə edə biləcəklər. Bu baxımdan Əlirza Əsğərzadənin çalışmaları milli istəklərimizə evrənsəl (qlobal) boyut qazandırmışdır.

Güney Azərbaycan Milli Hərəkəti özünə uluslar arası ortamda yer tapmalı və tərif qazanmalıdır. Bunun ən uyğun yolu dünyanın yayqın böyük dillərində istəklərimizin kitablaşmasıdır. Dünyanın get-gedə kiçildiyi bir dönəmdə hansısa ulusal bir hərəkət dar mühitə sığınaraq həyatına davam edə bilməz. Zatən modernitə geri qalmış bütün uluslara yüksəliş və oluş imkanlarını tanımaq və bu yolda birikdirdiyi təcrübələri də yüksəlmək və qurtulmaq istəyən ulusların ixtiyarına qoymaq istər.

Modernitənin ilkin məsaji bütün toplumlara millətləşmə fürsətini tanımaqdır. Əlbəttə ki, modernitə, qurtuluş üçün istəkli olan toplumların önlərindəki tixanıqları bərtərəf etmək istər. İç enerjisini itirmiş toplumlar modernitənin çağrıları ilə ayaqlaşa bilməzlər. Ancaq keçən və cərəyan edən əsrlərdə bir çox qövmlər üçün modernitə qurtuluş fürsətini tanımışdır. Əlirza Əsğərzadənin olaylara modernitənin dialektikası açısından baxışı həm çox önəmlidir, həm də bizim ulusal aydınlanmamızda çox etkilidir.

Modernitənin təcrübələrini, verilərini və bilgilərini zehnən və davranış olaraq mənimsəmiş bu kimi şəxsiyətlərə bu günkü tarixi statusumuz etibarilə çox ehtiyacımız var. Nədən? Çünkü bu gün əsasən bilgi planında bu mübarizə yürüməkdədir. Bu günkü hərəkətin dinamikini oluşduran çağdaşlaşma və çağdaş bilgilərdir. Gələcəkdə fars rasizmi ilə köks-köksə duruduğumuz zaman bilgi birikdirməyə zaman qalmayacaq. Bu bilgilər sabahkı son mübarəzəni inanc planına daşımaqda çox etkili olacaqdır. Həm ölkə içində, həm də uluslar arası arenada bu bilgilərin etkili olacağı qaçınılmazdır.

Əlirza Əsğərzadə GüNaZ TV-dəki söhbətləri ilə bir çox sorunlara aydınlıq gətirdi. Proqramda da haqqında sorular sorulan “aydın kimdir” sorusuna da aydınlıq gətirildi. İlk dəfə Kant XVIII əsrdə “Aydınlanma nədir?” başlıqlı bir məqalə yazaraq bu haqda fikir bildirmiş və “aydınlanma” mövzusunu dartışmaya açmışdır. O gündən bu günə bu qonuda bir çox elmi, fəlsəfi kitablar yazılmağa başlamışdır.

Hər bir millətin bulunduğu tarixi və sosial statusuna görə “aydın” və “aydınlanma” qavramlarını tanımlamaq mümkündür. Aydınlanmanın şübhəsiz ki, kollektiv və fərdi yönləri vardır. Aydınlanmayan aydınlada bilməz. Aydınlanmanı fərdi olaraq anlayacaq olsaq, aydınlatma kollektivə açılma olaraq anlaşıla bilər. O zaman bizim tarixi statusumuz açısından “aydın” milli bütövlüyü düşüncə planında sağlayan yaradıcı şəxsdir. Durum bu şəkildə olduğunda aydın, sadəcə bir fərd olmur. Aydının timsalında milli hədəflər, milli kimlik göründüyü üçün, o tarixi və sosial bir kimlik qazanmış olur.

Bunun örnəyinə Əlirza Əsğərzadənin GüNaZ-dakı qonuşmalarında tanıq olduq. Əlirza bəy çox geniş və dərin məzmunlu söhbətlərində toplumsal hərəkətliliyin qavramsallaşdırılması (konseptləşdirilməsi) üzərinə də aydınlıq gətirdi. Çünkü bir ictimai hərəkətdə qavramsallaşdırma çox önəmlidir. Nominalizm və ya olaylara konkret olaraq ad vermə zehni imkanların dərinləşməsinə şərait yarada bilər. Nominalizm dediyimdə mən nəyi nəzərdə tuturam? Məsələn deyirik ki, biz Azərbaycan türkləri olaraq zülm altındayıq. Burada bu “zülm” sözü soyut (mücərrəd) bir qavramdır.

Bu mücərrdliyi dilimizdə yayqın olan sözlərlə bu şəkildə nominə edib konkretləşdirə bilərik: 1. İstehmar (dehumanize, kültürsüzləşdirmə, kimliksizləşdirmə, şəxsiyətsizləşdirmə). O zaman milli kimliyə ehtiyacımız var və mübarizə də bu yöndədir. 2. İstibdad (siyasi, fikri pluralizmin olmamasının yanı sıra milli iradənin siyasi biçimdən (dövlətçilikdən) məhrum buraxılması.) O zaman milli mübarizəmiz demokrası və insan haqları doğrultusundadır. 3. İstismar (yurdumuzadkı iqtisadi imkanların sömürülüb İranın dış siyasıtində qullanılması və farsnişin şəhərlərə bizim torpağımızdan qaynaqlanan zənginliklərin daşınması.)

O zaman bizim mübarizəmizin hədəfi iqtisadi özgürlük və öz torpaqlarımızın imkanlarından özümüzün yararlanmağımızı hədəfləməkdədir və milli mübarizədə bu istiqamətdədir. Örnəyin mənim fikrimə görə milli azadlıq hərəkətinin inkişaf dialektikasında bu şəkildə bir nominalizasionda (adlaşdırmada) bulunmaq mümkündür. Əlirza Əsğərzadənin TV söhbətində “şovinizm” və “rasizm” qavramları (konseptləri) üzərinə aydınlıq gətirildi. Çox doğru təsbitlər idi əslində.

Çünkü uluslar arası ilişkilərdə və uluslar arası hüquq anlayışında da şovinizm bir o qədər də suç sayılmır. Necə ki, hətta ən gəlişmiş ölkələrdə belə, erkək şovinizmi və ya qadın şovinizmi mövcddur və bunlar ulusların törələrinə dönüşmüşlər. Ancaq rasizm isə tarixdə çox cinayətlər törətmiş, siyasi, kültürəl davranış olaraq məhkum edilmişdir. Bugün farsların tətbiq etdikləri şovinizm parametrləri ilə ölçülmür. Gerçəkdən iqtidarı ələ keçirmiş farslar rasist bir tutum sərgiləməkdədirlər. Bunları Əlirza Əsğərzadə öz söhbətlərində sosioloji verilərdən yola çıxaraq aydınlığa qovuşdurdular.

Ancaq Əlirza Əsğərzadənin söhbətlərində diqqəti cəlb edən ana etkən ulusal dayanışma və yardımlaşma üzərində durması idi. Yəni Azərbaycan türklüyü mübarizəyə qalxırsa, onun içində istiqlalçısı, federaslisti olacaqdır. Bunlar doğaldır. Əlirza Əsğərzadənin söhbətlərində yer alan məsaj bu idi ki, bunlar bir-birlərinə qarşı mübarizə edərək mövcudluqlarını ortaya qoymamalıdırlar. Ortaq düşmən fars rasizmidir. Nədən? Çünkü istiqlalçı məğlub edilib sıradan çıxarıldıqdan sonra növbə federalistə, federalist sıradan çıxarıldıqdan sonra sıra muxtariyətçiyə gələcək, daha sonra ana yasada qeyd olan 15-ci və 19-cu maddəni istəyənlərlə hesablaşacaqlar. Daha sonra da Azərbaycan adını bütünüylə tarixdən siləcəklər. Bu sürəc içində millətin əlindən onun dili alındıqdan sonra artıq milli mübarizəyə olan həvəs də sönəcəkdir.

Əslində Əlirza Əsğərzadənin söhbətinin ana teması bu təhlükəni tamaşaçılara anlatmaqdan ibarət idi və bunu da çox açıqca ayrıntılı şəkildə anlada bildi. Əlirza Əsğərzadənin kitabı haqqında da bilgi verildi. Ancaq bu TV proqramı özü-özlüyündə bir kitab idi. Həm də təmiz ana dilimizdə. Televizionun ekranında yaraşıqlı və güclü görünüşü ilə tamaşaçıları aydınladan bu dəyərli aydınımıza başarılar diləyərək, onun yeni əsərlərini gözləyəlim.

Güntay Gəncalp

Hiç yorum yok: