azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

12 Şubat 2009 Perşembe

Şəhriyarlar görüş xatirələri

Güntay Gəncalp

Şəhriyarlar görüş xatirələri

Şəhriyarın oğlu Hadi zəng etdi və saat dörddə ustadın yanında olacağımızı söylədi. Qızlar da hazırlaşdılar. Hadi öz arabası ilə gəlmişdi.

Küçənin başında Hadi arabanı saxladı. Evin açarı Hadidə var idi. Qapını açıb içəri keçdik. Evin hər tərəfindən şeiriyət yağırdı sanki. Bir otağın qapısını Hadi yavaşça döyüb: “baba, qonaqlarımız gəldi”- dedi

İçəridən Şəhriyarın səsini duyduq: “Buyursunlar, gəlsinlər!”- söylədi.

İçəri keçdik. Şəhriyar bir döşəkçənin üstündə bağdaşını qurub oturmuşdu. Otağın hər tərəfində də kitablar və dəftərlər düzənsiz şəkildə dağılmışdı. Bir-bir ustadla görüşdük. Ən son mən görüşdüm. Əyilib əlini mənə uzatmış Ustad Şəhriyarın əlindən öpdüm. “Heydər babaya salam” əsərini bu barmaqlar yazmışdır. Şəhriyar əziyət dolu səsi ilə “Çox sağ ol bala, bir yer tap otur.”- dedi.

Şəhriyarın ətrafını sarmışdıq. Mənim muğanlı olduğumu bildiyində “Orada Heydər babaya salam” əsərini tanıyan varmı”- sordu.

Mən: “Bəli Ustad, Muğanda bu əsər çox tanınır.”

Şəhriyar: “Həə, Muğan da elə Xoşgünab kimidir. Eyni adət-ənənədir.”

Mən: “Haqlısınız Ustad, ancaq “Heydər babaya salam” əsərinin təsirini mən öz həyatımda incələmək istədim bir zaman. Xatırlaya bilmədim ki, ilk dəfə nə zaman bu əsərlə tanış olmuşam. Mənə elə gəlir ki, bu əsərlə tanışlığım anadan doğulduğum günə təsadüf edir.”

Şəhriyar: “Bilirsənmi niyə? Çünkü sən bu əsərdə haqqında söhbət edilən kültürün içində doğulmusan ona görə. Kənd həyatı, əmək həyatının içində dünyaya gələn insanların hamısına bu əsər bu şəkildə təsir buraxar. Mən özüm də heç bilmirəm bu əsəri nə zaman yazmışam. “Heydər baba”nın yazıldığı tarix var, ancaq o tarix, bu məzmunun şeirə dönüşdüyü tarixdir. Mənim ruhumda o kültür hər zaman olmuş, yaşamış, sonra da şeirə dönüşmək üçün öz biçimini tapmışdır. Bəzən əski xatirələrim, çocuqluq xatirələrim yadıma düşən də “Heydər baba”nı oxuma ehtiyacı duyuram. Bir oxucu kimi öz yazdığımı oxumaq istəyirəm. Hər dəfə də mənə təsəlli verir.”

Son sözləri deyərkən gözləri doldu, yanındakı bir dəsmalla gözlərinin yaşını sildi. Ustad yanındakı dəsmalı əlinə aldığında Hadi qalxıb başqa yeni bir dəsmal gətirib ustadın masasının üstünə qoydu. Bəlli idi ki, Şəhriyar tez-tez ağlayır. Ona görə də dəsmalını Hadi tez-tez dəyişdirmək zorunda qalırmış.

Şəhriyar göz yaşlarını silərkən mənim də gözlərim dolmuşdu. Nədənsə bu an “Heydər baba”dan bir neçə bənd əzbər söyləyəsim gəldi. Bu üzdən də kədərli bir səs tonu ilə söyləməyə başladım:

“Heydər baba, kəkliklərin uçanda

Kol dibindən dovşan qalxıb qaçanda

Bağçaların çiçəklənib açanda

Bizdən də bir mümkün olsa, yaad elə

Açılmayan ürəkləri şaad elə



Bayram yeli çardaqları yıxanda

Novruz gülü, qar çiçəyi açanda

Ağ buludlar köynəklərin sıxanda

Bizdən də bir yaad eləyən sağ olsun

Dərdlərimiz qoy diklənib, dağ olsun.



Heydər baba, yolum səndən kəc oldu

Ömür keçdi, gələmmədim gec oldu

Heç bilmədim gözəllərin nec oldu

Bilməz idim döngələr var, dönüm var

İtkinlik var, ayrılıq var, ölüm var.



Heydər baba, mirəjdər səslənəndə

Kənd içinə səsdən, küydən düşündə

Aşıq Rüstəm sazın dilləndirəndə

Yadındadır nə həvəslək qaçardım?

Quşlar təkin qanad açıb uçardım.



Daşlı bulaq daş qum ilə dolmasın

Bağçaları saralmasın, solmasın

Ordan keçən atlı susuz olmasın

Deynə: bulaq, xeyrin olsun axarsan

Üfüqlərə xumar-xumar baxarsan.



Heydər baba, sulu yerin düzündə

Bulaq qaynar çay çəmənin gözündə

Bulaqotu üzər suyun üzndə

Gözəl quşlar ordan gəlib keçərlər

Xəlvətləyib, bulaqdan su içərlər.”

Şəhriyar və ordakı bütün dostlar məni dinləyirdilər. Şəhriyar dirsəyini bağdaş qurmuş dizinə söykəmiş, alnını əlinin içinə almış xəyala dalmışdı. Ancaq göz yaşları durmadan axırdı. Şəhriyarın bu durumuna hamının gözlərindən yaş axırdı. Şəhriyarla bir yerdə onun xəyal dünyasına dalmışdıq sanki. Şəhriyarın çocuqluq dünyası olan Xoşgünaba getmişdik. Mən susmuşdum. Ancaq Şəhriyar daldığı ruh halından hələ geri dönməmişdi. Başdan ayağa sevgi və eşq olan Şəhriyarı izləyirdik. Şəhriyar, min illərin yoğurduğu eşq heykəli. Onu görmək, yanında olmaq, nəfəs çəkməsinə tanıq olmaq, ona toxunmaq səadətini əldə etmişdik. Bəyaz saqqalı-saçları, qırışmış əlləri gözlərimizin önündə idi. Səsində o qədər kədər və kövrəklik var idi ki, dinləyənin qəlbini sevgi ilə doldururdu. Gəncliyində bir qızı dəlicəsinə sevib, ona qovuşa bilmədiyinin macərasını ayrıntıları ilə bilirdik. Sonra da sənət yolunda çəkdiyi əziyətlər və “Heydər babaya salam” əsərini yazdıqdan sonra Pəhləvi rejimi tərəfindən “pantürkist” olaraq tanınması, islam rejimi tərəfindən türkcə yazdığı üçün sayılmamasını bilirdik. Ancaq Şəhriyar bizim idi, bizim. Azərbaycanın və türk dünyasının. Azərbaycan həm quzeydə, həm güneydə onu sevmiş, hər bir kəs Şəhriyarı özəl həyatının bir parçası etmişdi. Səssizcə oturmuşduq, Şəhriyarın dalğınlığına baxırdıq. Nə qədər də ağır bir dalığınlıq. Şəhriyar öz rühünün dərinliklərinə elə dalmışdı ki, sanki orada çocuqluq xatirələrini yenidən yaşayırdı. Mən “Heydər babadan” bəzi bəndləri oxuduğumda Şəhriyarın sifətində çocuq gülücükləri peyda olurdu. Şəhriyarın doğulduğu Xoşgünabda unudulub qalmış çocuqluğundakı gülücüklər idi bu. Yenidən gəlib Şəhriyarın sifətinə qonurdu. Ustad kimsənin duya bilmədiyi bir şeylər pıçıldayırdı. Bəlkə anası ilə, çocuqluq dostlarının birisi ilə danışırdı öz içində. Nazlı ilə Yağmur Şəhriyara yaxınlaşıb hərəsi bir əlindən tutub öpüb bağırlarına basdılar. Şəhriyarın göz yaşlarını sildilər.

Nazlı: “Ustad siz bizim millətimizin bütün zərrələrində varsınız. Sizin sevginiz, eşqiniz daima Azərbaycan üçün qaynaq olacaq. Yolumuza işıq saçacaqdır, sizin müqəddəs ruhunuzun məhsulu olan əsərləriniz.”

Yağmur: “milyonlarca insan bütün türk dünyasında öz milli kimliyini düşünərkən, sizinlə qürur duyurlar. Türkiyədə hər bir türkün bağrında sizin hörmətiniz yer etmişdir. Hər yerdə sizin sevginiz yolumuza işıq tutur.”

Şəhriyar qızların alnından öpdü. Hadi əlindəki podnisin içində çaylarla içəri girdi. Hər kəsin önünə çayları qoyub oturdu. Şəhriyar bir az özünə gəlmişdi. Üzünü Yüksələ və mənə tutub dedi: “Siz əsgərsiniz eşitdim.”

Yüksəl: “Bəli Ustad, əsgərlikdəyik.”

Şəhriyar: “Bu savaşı nə haq çıxardılar. Cavanlarımız boşuna ölüb gedirlər.”

Yüksəl: “Haqlısınız Ustad. Heç bir nəticəsi olmayan savaşdır.”

Şəhriyar: “Bunlar deyirlər ki, Kərbəlanı alıb ordan da İsrailə hücum edəcəklər. Belə bir iş edə bilərlərmi?”

Yüksəl: “Xeyir Ustad, belə bir iş mümkün deyil. Kərbəlanı ala biləcək gücləri yoxdur. Alsalar da bir gündən artıq saxlaya bilməzlər. Ayrıca, dünya şərtləri də buna izn verməz. Bu şüarlarla sadəcə millətin dini duyğularını sömürürlər.”

Şəhriyar: “Haqlısan. Millətdə İmam Hüseynə böyük ehtiram olduğu üçün, bu ehtiramdan suiistifadə edə bilərlər.”

Yüksəl: “Tamamıyla doğrudur Ustad, Sizin söylədiyiniz kimidir.”

Şəhriyar: “Belə olsa bu savaş gec bitər.”

Yüksəl: “Bilirsiniz Ustad İraq tərəfi Birləşmiş Millətlərə barışdan yana olduğunu duyurmuşdur. Ancaq İran tərəfi barış istəmir. İran tərəfinin bir iç hesablaşması var. Bu hesablaşma bitdikdən sonra böyük ehtimalla barışı qəbul edəcək, ancaq o zamana qədər çox haqsız qanlar axıdacaq bu rejim.”

Şəhriyar: “Deyirlər bu rejimin arxada İsraillə ilişkiləri varmış, bu mümkünmü?”

Yüksəl: “Mümkündür Ustad. Biz qumbaraatan sahədə xidmətdəyik. Bizim qumbaraatanlarımız daha öncə Quzey Korə məhsulu idi. Bunlar yalnız 180 dərəcə ön tərəfi vura bilirdi. Ancaq daha sonra ordunu İsrail məhsulu olan qumbaraatanlarla təchiz etdilər. İsrail məhsulu olan təzə silahlar Korə məhsulundan daha əlverişli və yüngüldür. Ayrıca 360 dərəcəni vura bilir. Bunların hamısı İsraildən gəlir.”

Şəhriyar: “Deməli bunlar üzdə İsrail düşmənliyi edir, arxada da alverlə məşğuldurlar.”

Yüksəl: “Bəli Ustad, elədir. İranın israil düşmənliyi həm bu rejimə sərf edir, həm də yəhudi silah tacirlərinə. Yəhudi silah tücarları ilə islam rejiminin əlbir olduqları bəllidir. Bütün silahlar israildən idxal edilir. Bunların hamısını Xumeyni özü də bilir.”

Şəhriyar: “Xumeyni özü də bilirsə, niyə bunun qarşısını almır?”

Yüksəl: “Ustad, bu savaş Xumeyniyə lazım idi. Xumeyni bəzi hədəflərinə çatmaq üçün bir xarici ölkə ilə savaşmaq istəyirdi. İlk öncə Türkiyəyə saldırmaq istədilər. Oraya inqilabı idxal etmək istəyirdilər. Ancaq Türk ordusunun gücünü bildikləri üçün, ayrıca, Türkiyə NATOnun üzvü olduğu üçün, Türkiyədən vaz keçib başqa bir ölkə seçdilər. İraqda da Səddam kimi bir ağılsızın olması Xumeyninin savaş çıxarmasına bəhanə oldu.”

Şəhriyar: “Yaxşı təhlil edirsən. Yaxşı bu savaşın sonu necə olacaq?”

Yüksəl: “Bu savaşda İran və İraq xalqları zərər çəkəcəklər. İki dəlinin cəzasını millətlər çəkəcək. Məncə savaşın axırı belə olacaq ki, bunlar yəhudi silah tacirlərindən o qədər silah alacaqlar ki, hər iki ölkənin iqtisadiyatı tam çöküş halına gələcək. Artıq silah alacaq maddi imkan qalmadığında Xumeyni məcburən barışı qəbul edəcək. Çünkü o zaman barışı qəbul etməzsə iqtisadi böhran daxildə islam rejiminə qarşı yeni bir inqilab gerçəkləşdirmiş olar. Hər halda duruma baxılırsa savaş iki ildən artıq davam edə bilməz.”

Şəhriyar: “Dünyadakı barış yanlısı təşkilatlar bunlara basqı göstərmirlərmi?”

Yüksəl: “barış yanlısı dövlətlər və təşkilatlar əllərindən gələni edirlər. Ancaq dünyanın iki böyük dövləti Amerika və Sovetlər Birliyi hələlik barışdan yana deyillər. Sovetlər Birliyi də bu fürsətdən istifadə edib köhnə silahlarını İrağa satır. İrana da satır, İrağa da.”

Şəhriyar: “Bu savaş milləti çox pərişan etmiş.”

Yüksəl: “Haqlısınız Ustad. Yuz minlərcə cavan bu günə qədər boşuna öldürüldülər bu savaşda.”

Şəhriyar: “Bunlar islama böyük zərbə vuracaqlar. Belə getsə, bu rejim islam dinini riya, böhtan, yalan, kin və nifrətlə dolduracaq. Dini siyasətə qatmamalıydılar.”

Yüksəl: “Doğrudur Ustad, nə zaman ki, din siyasətə müdaxilə etmiş, insanlar daha çətin və qaranlıq istibdadla qarşı-qarşıya gəlmişlər. Dini istibdad dinin qutsal dəyələrinə də böyük zərbələr vurmuşdur. Din bir vicdan məsələsi olmalıdır. Hətta dini pluralizm olmayan yerdə dinin özü də öz içində burxulub qalır. Hər kəs öz səviyəsinə və ehtiyacına görə bir din anlayışı ortaya qoyar.”

Şəhriyar: “Haqlisan Yüksəl, Təsəvvüfdə də bu var.”

Yüksəl: “Ustad diqqət etsəniz Türkiyədə din siyasətdən ayrı olduğu üçün islam dünyasında ən yaşanılır ölkə türkiyədir. Islamın da ən doğru şəkildə tətbiq edildiyi ölkə yenə də türkiyədir. Dövlət fərdlərin din duyğusuna, inancına müdaxilə etmir.”

Şəhriyar: “O zaman Atatürk sadəcə düşmənlərə qarşı savaşmadı. Dini siyasətdən ayırmasıyla çox böyük bir inqilab elədi. İranda Atatürkü kafir kimi, dindən dönmüş kimi göstərirlər. Əslində Atatürk islamı siyasətin əlindən qurtamış, islamı dörd- beş sözdə dindarın inhisarından qurtarıb, onu fərdlərin vicdanına buraxmışdır. Bu üzdən də islamiyət Atatürkə çox şeylər borcludur. İslamı peyqəmbərin dediyi kimi yaşamaq üçün Atatürkün qurduğu düzən bütün islam dünyasında hakim olmalıdır. Yoxsa islama böyük zərər verəcəklər.”

Yüksəl: “Haqlısınız Ustad. Zatən bu yanlış siyasət üzndən İranda insanların islamdan uzaqlaşmasına şahid oluruq. Əgər belə getsə iranda geniş xristianlaşma meydana çıxa bilər. Gələcək tarixdə bu rejim də tarixə gömüldüyündə missionerlər bu boşluqdan yararlanıb xristianlıq təbliğatını güclləndirə bilərlər. Mollalar islama böyük zərbə vurdular.”

Şəhriyar: “Əslində islamda mollalıq deyə bir qurum yoxdur. Bunu sonradan çıxardılar. Islam hər kəsə təməl haq və özgürlük tanıyır. Nə Quranda mollalıq deyə bir qurum var, nə hədislərdə. Hətta peyqəmbərdən sonra da belə bir şey yox idi. Bu mollalıq qurumunu Səfəvilər başımıza dərd elədilər. Çünkü tanrı hər kəsə onu arayacaq bir imkan vermişdir. Ikinci bir qurum və ya molla fərdlə Tanrı arasında vasitəçi ola bilməz. İslamda təqlid də yoxdur. Bu təqlid də yenə Səfəvilərdən sonra yayqınlaşmışdır. İslami dövlət artıq heç bir zaman ola bilməz, olmamalıdır. Çünkü islamı tam olaraq tətbiq etmək üçün gərək peyqəmbər olasan, yəni Hz. Məhəmmədin özü yalnız bu təlimləri olduğu kimi tətbiq edə bilərdi. O da ən son peyqəbər olduğu üçün islam siyasətdən ayrılmalıdır. O zaman Ərəbistanda dövlət olmadığı üçün peyqəmbər onlara dövlət qurmaq zərurətini də hiss etdi. Ona görə də islamın o zamankı siyasi tərəfi Ərəbistandakı dövlətsizlik üzndən idi. 1400 ildən sonra mərkəz tabeli din anlayışı ilə heç bir yerə varmaq olmaz. Toplumda dini pluralizmə imkan yaratmaq lazımdır. Dini doğruca yaşamanın yolu dini pluralizmdən keçər. Yoxsa bütün toplumu bir mollanın din anlayışına tabe etmək doğru deyil. Doğru olmadığını görürük. Təsəvvüf də bu üzdən yarandı. İslamı siyasətə alət etdilər, buna təpki olaraq bəzi təmiz müsəlmanlar təsəvvüfü şəkilləndirdilər. Siyasətin dışında bir din anlayışını meydana çıxardılar. Dinin metafizik tərəfləri də var, ancaq toplumun ehtiyacları metafizik deyil. İslami iqtisadla toplumu idarə etmək olmaz. Çünkü Quran bir iqtisadiyat kitabı deyil, bir inanc kitabıdır. İqtisadiyat daima gəlişməkdə olan insan ağlının məhsuludur. Tanrı iqtisadiyatın gəlişmə hökmlərini Quranda yazmamış, insan ağlında yazmış. Ağıla meydan verilməlidir. Ağıl sadəcə hakim çevrələrin din anlayışını təfsir etməməlidir. Bu gün problem toplum ağlının saxta din anlayışı içində həbs edilməsidir. İslamı cihad dini olaraq, savaş dini olaraq təfsir edirlər, bir tərəfdən də savaş silahlarını İsraildən alırlar. Belə din anlayışımı olur? Müsəlmanlar çox pis gündədirlər. Islamı savaş dini olaraq təfsir edənlər silah tacirlərinə xidmət edirlər. Çünkü islamın bu şəkildə təfsiri nəticəsində böyük silah şirkətlərinin silahları satılır və o silahlarla müsəlmanlar bir-birini öldürürlər. Bəlkə də islamı bir cihad və savaş dini olaraq təfsir edən bu ruhanilərə silah şirkətləri özləri para ödəyirlər. İslamın siyasətə müdaxiləsini imperialistlər də istəyə bilər. Müsəlmanlar bir-biri ilə savaşmasalar onların silahlarını kim alar? Çünkü müsəlmanların diqqət etsəniz cihad fəlsəfəsi müsəlman olmayanlara qarşı deyil ki, bir-birlərinə qarşıdır. İraq İranı, İran İrağı kafir sayır. Ortalıqda silah şirkətləri sahiblərinin cebləri dolur. Yurdumuz dini istismar edənlərin əlində viran olur. Mən özüm də mətəl qalmışam, bilmirəm nə edim. Millət gəlib məndən nələr olacağını soruşur, hər kəs pərişan durumdadır. Mən siyasəti bilmərəm. Ancaq millətin bu əhvalına ürəyim yanır. Millətin cavanları ölür. Hamı narahatdır. Allah bu savaşa tezliklə son versin.”

Hadi bəy çaya işarə edərək: “Çaylarınız soymasın.”- dedi. Onun bu işarəsi ilə söhbətə bir az ara verildi və Şəhriyarda “çayınızı için!”- dedi. Sonra da üzünü qızlara tutub “Siz nə iş görürsünüz?”- söylədi.

Nazlı: “Ustad biz də İstanbulda təhsil alırıq. Mən diş həkimliyi oxyuram, Yağmur da sosioloji oxuyur.”

Şəhriyar: “Çox yaxşı, Türkiyədə oxumağınız yaxşıdır. Ana dilmizdə yazıb oxumağı da öyrənərsiniz. Bizim cavanlar nə qədər türkiyədə çox oxusalar xeyirimizədir. Mənim “Türkiyəyə xəyali səfər” adında şeirim var, oxumusunuzmu onu?”

Yağmur: “Bəli Ustad, oxumuşuq.”

Şəhriyar: “Türkiyə gözəl ölkədir. Mən Türkiyədə olmadım, ancaq gedib gələnlər tərif edirlər. Əlifbamız fərqli olduğu üçün artıq türkiyə ilə mənəvi irtibatımız kəsilmişdir.”

Yağmur: “Haqlısınız Ustad, Türkiyədə böyük ədəbi gəlişmələr var, özəlliklə modern ədəbiyat orada çox gəlişmişdir. Batı ədəbiyatı yaxşı tərcümə edilmişdir. Hətta Sizin də əsərləriniz Türkiyədə bir neçə kərə basılıb yayılmışdır. Ancaq Sizin də söylədiyiniz kimi, nə yazıq ki, Türkiyə ilə mədəni və fikri irtibata keçə bilmirik. Yalnız mənə elə gəlir ki, gələcəkdə bu ilişkilər öz-özünə gəlişəcəkdir.”

Şəhriyar: “İnşalla ki, sən deyən olar. Onlar da türkdür. Onlar birdən-birə Anadoluya girmədilər. Yüz illər boyunca Azərbaycanda yaşadılar, sonra Anadoluya getdilər. Onların əsil kökləri bu torpaqlardadır. Ona görə də onların ləhcəsi ilə bizim ləhcəmiz bir-birnə çox yaxındır.”

Yağmur: “Ustad çox maraqlı sözlər söyləyirsiniz. Sizi həm keçmiş rejim həm də indiki rejim bir şəkildə türk və türkiyə düşməni kimi tanıtmış.”

Şəhriyar: “Əllərində imkan var tanıdırlar. Hər zaman belə olub, məşhur adamlardan dövlətlər öz hədəfləri üçün faydalanmışlar. Onlar deyirlər, mən də susuram. Mənim adımdan çox şeylər deyirlər. Ancaq mən də sizlərə danışıram, sizlər gəncsiniz. Mən artıq çox yaşlanmışam, sayılı günlərim qalır həyatda. Sizlər yazın. Qələminizi işə salın. Mən öləndən sonra mənimlə olan xatirələrinizi yazın. Bu xatirələri yazsanız, millət və tarix gerçkləri bilmiş olur.”

Bu zaman ustaddan bir soru sormaq ağlıma gəldi: “ustad, irfan haqqında bizə bir az bilgi verə bilərsinizmi?

Şəhriyar: “ İrfan qəlbin iç şüur axışıdır. İç müşahidənin doğurduğu təcrübələrdir. İrfanda “vardır” demək doğru olmaz, “olmaqdadır” demək doğrudur. “vardır” demək hardasa varlığı sınırlandırmaqdır. Bir yerə qoymaqdır. “olmaq” isə kəsintisiz bir sürədir. Sürə də bəlli bir yerdə deyildir, bitməyən “oluş”dur. İrfanın ən önəmli başarısı bu sürəni qavramasıdır. Sürəkli “oluş”u anlama gücünü iç dünyada oyatmaq irfan təlimlərinin əsas məqsəddir. Bunun da ortaya çıxması asan deyildir. Bu, insanın öz iç dünyasına dönməyi, təməl “mən”inin varlıq sahəsinə girməyi gərəkdirir. Bu təlaş da təbii təmayüllərin axışına qarşı olan bir təşəbbüsdür. Bu təşəbbüs isə çox güclü içə dönüş fəaliyətidir. Bu sürəc içində “iç təşxis” (iç sezgi) olayı ortaya çıxır. Iç sezgidə varlığı bir yerə qoyub tanımaq, tanımlamaq olmaz. Varlıq, bir axışdır. Axış, sonu və başlanğıcı olmayan bir uzamadır. Digər tərəfdən sürə, bölünməyən, ölçülə bilməyən bir oluşdur. Sürəklilik yaradıcı fəaliyətlərin həyata keçməsi üçün başlıca şərtdir. Yaradıcı fəaliyət, dəyişmənin faydalı bir vəziyət qazanmasına , bəlli bir yetişkinliyə varmasına bağlıdır. Dəyişmənin başqa bir xüsusiyəti də bir “fəaliyət”in olmasıdır.İrfanda dəyişmə bir durumdan başqa duruma keçmək deyil, yeni bir növ, bir tür ortaya qoymaqdır. Yeni bir tür ortaya qoymaq üçün yaradıcı bir irəliləmədə bulunmaqdır. Bu irəliləyiş daxili bir hərəkətlilikdir. İrfanın Tanrı anlayışı da burdan ortaya çıxır. Bu günkü islamçıların anlatdığı kimi Tanrı evrənin dışında durub savaşlara əmr verən, cihad hökmü çıxaran bir varlıq deyildir. Cihad hökmü islamda bitmişdir. Peyqəmbərlə gəlmiş və getmişdir. Yalnız Tanrısal iradə ilə bir şəkildə irtibatda olan peyqəmbərin “cihad” hökmü vermə haqqı var. Peyqəmbərlik də bitdiyi üçün, cihadın dönəmi sona çatmışdır. Fəqihlərin (din xadimlərinin) söylədiyi kimi Tanrı bir dini hüquq anlayışının yaradıcısı deyildir. Quran da bir hüquq kitabı deyildir. Dini hüquq deyə irfanda bir anlayış yoxdur. Ağıl var və ağlın düzənləmə yetkisi var. Yəni Tanrı konkret olaraq bir hüquq sistemini peyqəmbərlərə verməmişdir. Tanrı insana ağıl vermişdir. Verdiyi bu ağla da tükənməz səlahiyət vermişdir. Ayrıca, Tanrı evrənin dışında deyil, evrənə eşitdir. Evrən də sürəkli bir oluş içində olduğu üçün Tanrı da bir oluşumdur. Tanrı kəndisini evrəndə, insanın ağlında və duyğularında sürəkli oluşdurmaqdadır. Bu üzdən də irfanda Tanrını anlama, Tanrını bilmə, öyrənmə evrəni bilməyə, öyrənməyə özənməklə eşitdir. Çünkü Tanrı evrənin bütün zərrələrində vardır. Tanrı sadəcə bizə şah damarımızdan yaxın deyildir. Həm içimizdən, yəni iç evrəndən, həm dış evrəndən bizi çevrələmişdir. Evrəni öyrənən hər bir insan Tanrıya yaxınlaşmaqdadır, tanrılaşmaqdadır. Dini kitablarda keçən mələklər, cin bunlar irfanda yoxdur. Dinin özündə də bunlar yoxdur. Cəbrail peyqəmbəranə zəkanın adıdır, onun varlığı yoxdur. İlahi şüur axışı bir fərdin, yəni peyqəmbərin varlığında elə mərkəzləşmiş ki, onun adına cəbrail deyilir. Dini kitablarda anladılan mələklər, cin, iblis bunların hamısı rəmzdir. Olayı adi insanların anlaya bilmələri üçün istifadə edilən mifik üslubdur. Çünkü insanların olayları mif şəklində anlaya bilmələri üçün uzun tarixi təcrübələri var. İrfanda isə bunlar yoxdur. Şəmsi Təbriz deyəndəki “Hətta Hz. Məhəmməd də mənə ehtiyatla yanaşmalıdır” bəlkə adi insanlar üçün, fəqihlər üçün anlaşılmır. Həllacı da bu üzdən öldürdülər. Çünkü Tanrısal iç şüur axışı Həllacda da mərkəzləşmişdi. Şəmsi Təbrizdə də. Bu mərkəzləşmənin iki nədəni var. Birincisi axışın özünün bəlli bir iç məkan seçməsidir, yəni tanrısal axış bir fərdin içini genişlədib orada özünə yer edir. İkincisi də o fərdin bu axışa uyğunlaşma çabasıdır. Bunlar ikisi bir yerdə olanda Şəmsi Təbriz kimi ərdəmlilər meydana çıxır. İrfandakı zaman fəlsəfəsi də fərqlidir. İrfan eyitimində zaman insan şüurunun oluşması və yaradıcı səviyəyə çatmasıdır. İndiki toplumsal statusumuzu siyasi islam elə bərbad etmiş ki, irfanın barış və mutluluq çağrıları eşidilmir. Bütün təbliğatlar, kitablar, televizion və radio irfana qarşı təbliğat aparır. Xəyal dünyası çox geniş olan zavallı gəncləri cənnət umidi ilə aldadıb savaş meydanlarında ölümə göndərirlər. İrfanda isə cənnət-cəhənnəm deyə bir şey yoxdur. Cənnət insanların içindəki ümidin və cəhənnəm isə insanların içindəki qorxu instinktinin yaratdığı psixoloji bir olqudur. Bu günkü rejimin quruluş fəlsəfəsi də bu yalanlar üzərində qurulubdur. İnsanlar nə yazıq ki, öz ağıllarını tam olaraq qullana bilmirlər. İnsanları kütlə şəklində aldatmaq çox rahatdır. Ona görə də bunlar fərdiliyə və fərdiyətçiliyə qarşıdırlar. Ancaq irfan hər bir fərdə təməl haq və özgürlükləri tanımaqdadır. Nədən? Çünkü müstəqil bir insanı kütlələşdirmək, sürüləşdirmək olmaz. Ancaq öz əqli istiqlalını əldə etməmiş fərdlər kütlələşmək zorunda qalırlar. Kütləni də yalançı din anlayışı ilə, cihad hökmləri ilə aldatmaq çox asandır. Bir sözlə irfan hər bir fərdə tanınan düşünmə azadlığıdır. Azadlıq isə çox böyük bir məsuliyət duyğusudur. İrfanda qətiyən təqlid yoxdur. Çünkü tanrı hər bir fərddə var. Hər bir fərdin içind olan tanrı zərrələri ona düşünmə səlahiyəti də tanımaqdadır. Şiə külütüründə mövcud olan təqlid müstəqil fərdləri kütlələşdirmək, onların fərdi heysiyətini və ləyaqətini məhv etməkdən başqa bir şey deyildir. Bunun islamla da heç bir əlaqəsi yoxdur. Quranda ərəb kültürünə xas olan bir sürü olaylar var. İrfan bunların hamısını ərəzi (kölgə kimi varlığı özündən asılı olmayan) olaraq qəbul edər. Yəni onlar irfan əhli olan insanı bağlamaz. Onların vaxtı keçmişdir. İrfanın Quranda önəm verdiyi qonu onun ərəblərə xitab etmədiyi, bütün insana xitab etdiyi bölümlərdir. Çünkü irfan bir millətə, bir kültürə xitab etməz. İrfanda kafir anlayışı yoxdur. İnsan var. Dinindən, inancından asılı olmayan insan var. Insan onuru, insan ləyaqəti irfanın başlıca qayəsidir. İrfan təlimində Xumeyni və Səddam eyni adamdırlar. Ikisi də savaş yanlısı olan qatillərdir. Xumeyninin irfan haqqında bilgisi var. Ancaq o bilgilər onun həyatında, davranışlarında yer etməmişdir. Bilgi az şeydir, onu tətbiq etmək önəmlidir. İnsan nəfsində iqtidar hərisliyi var. İqtidar insan nəfsini canavarlaşıdra bilir. Bu üzdən də həm Xumeyni, həm Səddam eyni tip adamlardılar.”

Ustad başqa bir sualım da var: “çağdaş Azərbaycan ədəbiyatında sizin bu görüşlərinizin yansımaları varmı?”

Şəhriyar: “Bir tək adam olmuş. O da Hüseyn caviddir. Hüseyn Cavidin həm irfan eyitimi olmuş, həm də bu mövzular üzərinə geniş təcrübələri olmuş. Yəni yazdıqlarından belə anlaşılır. Örnəyin “İblis” dram əsərində isbat edir ki, iblisin varlığı yoxdur. İblis insan nəfsindəki birləşmiş mənfi ehtiyacların, mərkəzləşmiş kötü duyğuların adıdır. İrfan da bunu deyir. Ya da “Şeyx Sən´an” əsərində Sən´an quranı boynundan açıb atır atəşin içinə. Nədən? Çünkü müqəddəs olan insan həyatıdır. Yazılı kitablar deyil. Kitablar da insana heysiyət qazandırmaq üçündür. İnsanı heysiyətsizləşdirmək üçün deyildir. Ona görə də Hüseyn Cavidi yaxşı oxuyun. Çünkü o gerçək bir sənət adamıdır həm də. İrfan öz məzmununu sənət dili ilə yaxşı anlada bilir. Hüseyn cavid bunu çox yaxşı başarmışdır. Ayrıca, Hüseyn Cavidin yaradıcılığında milli kimlik irfanla vəhdət halında meydana çıxdığı üçün çox cazibəlidir. Barış çağrışdırır.”

Nazlı: “Ustad nədən Sizin ana dilimizdə yazdığınız əsərlərin geniş miqyaslı təbliği üçün imkan yaratmırlar?”

Şəhriyar: “Qızım, siz bu farsları yaxşı tanımırsınız. Mən bunların bütün sinifləri ilə olmuşam, bütün aydınlarını tanıyıram. Onlar türk sözünü eşidəndə sinirlənirlər. Deyirlər İranda türk yoxdur. Bütün gücləri ilə türkləri bu ölkədən silib, söküb atmaq istəyirlər. Hələ aydınları belə düşünürsə, indi gör siyasiləri necə düşünər. Bu gün iqtisadi, siyasi, hərbi güc də onların əlindədir. Əllərinə fürsət düşüb və bizi əzirlər. Yəqin ki, bu zülmə qarşı gec-tez Azərbaycanda dirəniş hərəkəti başlayacaq. Azərbaycan əhalisi çox qeyrətlidir. Bu ədalətsizliyə dözməz. Sizin dördünüzdə danışdığınızda mənim diqqətimi bir şey çəkdi. Türkçəmizi çox gözəl danışırsınız. Danışdığınız kimi yazsanız da bizim nəsr ədəbiyatımızda gəlişər.”

Yağmur: “Bəli Ustad, bəzi mövzularda yazırıq.”

Şəhriyar: “Mən nəsr yaza bilmirəm. Yazmaq istəyirdim, qoymadılar.”

Şəhriyar bu sözləri deyərkən yenə də kövrəldi və:

“Anamdan, nənəmdən, ağsaqqallardan eşitdiyim nağıllar əsasında roman yazmaq istəyirdim. Dilimizdə nəsr yazmaq fürsətini bizə tanımadılar. O qədər ədəbi yaradıcılıq içimdə dəfn oldu ki. Siz çox gəncsiniz və bir də tanınmırsınız. Tanınmış olsanız sizləri də əziyət edərlər. Qoymazlar ana dilinizdə yazasınız. “Heydər babaya salam” əsərinə görə məni çox incitdilər. Kimsə bilmir bunları. Həm incitdilər, həm də sosial imkanlardan məhrum etdilər. Ancaq mənim milli vicdanım o əsərləri yazmağa əmr çıxarməşdı öz içimdə. Mən əlimdən gələn xidməti dilimizə etdim. Bu qədərini başardım. Bəlkə ana dilmizdə az yazdım, bunun uzun səbəbləri var. Ancaq elə bir mərhələ gəlmiş ki, dilmiz nəsrdə də təcrübə qazanmalıdır. Bu nəsr və şeir haqqında sizə bəzi şeylər söyləyəcəm. Bəzi millətlər nəsrə çox gec keçirlər. Hətta bu gün də elə millətlər var ki, onların dili mənsur ədəbiyatda hələ təcrübə qazanmamışdır. Ancaq şeirdə demək olar ki, bütün dünya dillərinin təcrübəsi var. Bizim də dilimizin ən azından İran mühitində nəsr sahəsində təcrübəsi yoxdur. Çünkü şeirsiz yaşamaq olmaz. Nədən bilirsinizmi? Çünkü musiqisiz və rəqssiz yaşamaq olmaz. Bunu ən gözəl Şəmsi Təbriz anlatmışdır. Şəmsi Təbrizin eşq təsəvvüfü digərlərindən fərqlənir. Şəms elə böyük bir şəxsiyətdir ki, məsciddə yalnız moizə ilə məşğul olan Cəlaləddini Mövlana etdi. Şəms deyir ki, eşq təsəvvüfünün üç əsası var: Şeir, musiqi, rəqs. Bunlar üçü bir yerdə bir bütün təşkil edər. Şeirin içindəki vəzn və ritm rəqsdən gəlir. Sözcüklər şeirdə rəqs edirlər. Sözcüklər kimi insan da rəqs etməyi başarmalıdır. Rəqs ruhi təmizlənmənin ən kəsə və düzgün yoludur. Ancaq hansı rəqs? Orda-burda oynayıb başqalarını əyləndirmək üçün olan rəqsləri demirəm. O da yaxşıdır. Ancaq yenə də Şəms deyir ki, insan öz yalnızlığında rəqs edərkən tanrıya qovuşmağa can atır sanki. Bu rəqsin bir görücüsü var yalnız, o da tanrıdır. Çünkü insan yalnız qaldığında kötü duyğular onun içini sarar. Bu duyğular insanın içinə dolduğu zaman adam ora-burasını əlləşdirməyə başlar, ya da ora-burasını qaşımağa başlar. Ona görə uzun zaman tək yaşamış adamlar bəzən özlərini qaşıma xəstəliyinə tutulurlar. Alışarlar bu xəstəliyə özləri bilmədən. Şəms deyir ki, tənhalığı rəqs hərəkətləri ilə ortadan qaldırmaq olar. O üzdən şərqi və şeir söyləyib rəqs etmək kamilləşmə, insanın öz içində bütünləşmə yollarından biridir. Şəms bu üzdən bu gün daha çox Konyada görüntülənən “Səma´ zənlik”i sistematizə etdi. Mən uzun zaman irfanla məşğul oldum. Bu səbəbdən də öz yalnızlığımda çox rəqs etmişəm. Əgər o rəqslər olmasaydı mənim ruhum təmizlənib “Heydər baba” kimi əsərlər yaza bilməzdi. Ancaq artıq çox yaşlanmışam. Çox rəqs edə bilmirəm öz tənhalığımda. Tar çalıb muğam oxuyuram. Mərhum Əbulhəsənxan İqbal Azər yaxşı oxuyardı. Mən də ondan muğam öyrənmişdim. Ancaq İqbal Azər kimi oxuyan olmaz. Eşitmişəm Yüksəl, sən də yaxşı muğam oxuyursan.”

Ustad oğlu Hadiyə “Hadi, o setarı gətir mənə”- dedi. Setarı alıb köklədi və “Yüksəl, mən bir bayatı şiraz çalacam. Bir yerdə oxuyaq”- söylədi. Ustad setarda bayatı şiraz çalıb və öz qəzəlini oxumağa başladı:

“Çoxlar incikdi ki, sən onlara naaz eyləmisən

Mən də incik ki, mənim nazımı aaz eyləmisən.

Etmisən naazı bu viraanə könüldə sultan

Evin abaad ola, dərvişə niyaaz eyləmisən.

Hər baxışda çalıban kipriyi mizraab kimi

Bir qulaq ver, bu sınıq qəlbi nə saaz eyləmisən.

Başdan aç yaylığı, əfşan elə susən, sünbül

Sən bizim bayramımızsan, qışı yaaz eyləmisən.

Sən gün ol, qoy qəmimiz dağda qar olsun ərisin,

Mənim ancaq işimi suzogüdaaz eyləmisən.

Mən bu mə´nada qəzəl yazmağa halım yox idi.

Sən çocuq tək qocanı fırfıra baaz eyləmisən.

Kəkili başda durub bağlamısan taac kimi,

O qızıl saçdan ona güllü qotaaz eyləmisən.

Sinə bir dəşti muğandı, quzu yan-yana yatıb,

Mənim ağlar gözümü orda araaz eyləmisən.

Bu gözəllik ki, cahanda sənə vermiş Tanrı,

Hər qədər naaz eləsən eylə ki, aaz eyləmisən.

Məni bir suzilə atdın, aralandın bilirəm,

Aranı bir para namərdilə saaz eyləmisən.

Dəstəmaz eylədiyin çeşmə məsiha qanıdır,

Bilmirəm hansı klisadə namaaz eyləmisən.

Mən “əşiran” oxusam, pəncə “iraq” üstə gəzər,

Gözəlim türk olalı, tərki hicaaz eyləmisən.

Təzə şair, bu dəniz hər nə baxırsan dibi yox,

Çox uzatsan boğazı, ördəyi qaaz eyləmisən.

Bəs ki, zülfu xətu xalın qopalığın götürüb,

Zülfəlinin başını az qala daaz eyləmisən.

Gəl, mənim istədiyim kə´bə yıxılmaz, ucalar,

Başda da kəc gedəsən, dibdə taraaz eyləmisən.

Xətu xalından alıb məşqimi Quran yazaram,

Bu həqiqətlə məni əhli məcaaz eyləmisən.

Məni dan ulduzu, sən yaxşı tanırsan ki, səhər,

Üfüqü xəlvət edib razu niyaaz eyləmisən.

Şəhriyarın dağılıb, dağda daşda daldalanıb,

Özün insaaf elə Məhmudu Əyaaz eyləmisən.”

Ustad bu qəzəli “mayə-i bayatı şiraz”da oxuyub və Yüksələ “sən cavansan “bayatı isfahan” və “hüzzal” şöbələrini də sən oxu!”- dedi. Yüksəl də Ustadın setarla müşayiəti ilə yenə də Ustadın bir başqa qəzəlini bu şöbələrdə oxumağa başladı:

“Ulduz sayaraq gözləmişəm hər gecə yaarı,

Gec gəlmədədir yar, yenə olmuş gecə yaarı

Gözlər asılı yox nə qaraltı, nə də bir səs,

Batmış qulağım gör nə düşürməkdədi daarı.

Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən,

Məndən aşağı kimsə yox, ondansa yuxaarı.

Qorxum budu yar gəlməyə birdən açıla sübh

Bağrım yarılar, sübhüm açılma səni taarı.

Don ulduzu istər çıxa, göz yalvarı çıxma!

O çıxmasa da ulduzumun yoxdu çıxaarı.

Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,

Qaş böylə ağardıqca, daha qaş da ağaarı.

Eşqin ki, qərarında vəfa olmayacaqmış,

Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?

Sanki xoruzun son banı xəncərdi soxuldu,

Sinəmdə ürək varsa, kəsib qırdı damaarı.

Rişxəndilə qırcandı səhər, söylədi: durma!

Can qorxusu var eşqin, uduzdun bu qumarı.

Oldum qara gün ayrılalı, ol sarı teldən,

Bunca qara günlərdir edən rəngimi saarı.

Göz yaşları hər yerdən axarsa, məni tuşlar,

Dəryaya tərəf bəllidi çayların axaarı.

Əz bəs məni yarpaq kimi, hicrində saraldıb,

Baxsan üzünə, sanki qızıl güldü qızaarı.

Mehrabi şəfəqdə özümü səcdədə gördüm,

Qan içrə qəmim yox, üzüm olsun sənə saarı.

Eşqi var idi Şəhriyarın güllü çiçəkli,

Əfsuus qəza vurdu, xəzan oldu bahaarı.”

Ustadın və Yüksəlin səsini dərin bir ruh halı ilə dinlədik. Ustad özünü setara elə daldırmışdı ki, ruhundakı dəyişimlər sifət mimikalarında görünürdü. Yüksəl Muğamı bitirdikdən sonra Şəhriyar: “Yüksəl, sən Üzeyir Hacıbəyli məktəbini çox yaxşı mənimsəmisən. Üzeyir Hacıbəyli çox böyük iş görmüşdür musiqimizdə. Muğamata həyat duyğuları yükləmişdir. Qərb tekniklərini də çox ustaca musiqimizə gətirmişdir. Üzeyir bəy musiqi ilə bizim ruhumuza və mənəviyatımıza bir yol açmışdır. Mən Azərbaycan muğamlarını dinlərəm, ən çox da tarı, kamanı dinlərəm. Nədənsə Bakılı muğam oxuyanlar qəzəli düz oxuya bilmirlər. Qəzəli yanlış oxuduqlarında çox əsəbləşirəm. Sənin sənətin budursa, sənətini niyə yaxşı öyrənmirsən? Qəzəlin vəznini pozurlar. Füzulidən qəzəl oxuyurlar, ancaq vəzni yerində deyil. Vəzn pozuqluğunu saxta boğaz hərəkətləri ilə doldururlar. Görünür ki, orada musiqi ilə şeir arasındakı duyğu və düşüncə bağları son zamanlar qopmuşdur. Şeiri doğru oxumaq üçün mütləqa əruzu bilmək lazım deyil. Şeirin musiqisini kəşf etmək lazımdır. Yüksəl, sən də əruzu bilmirsən, ancaq şeiri doğru oxuyursan.”

Ustad çox yorğun görünürdü. Üzünü qızlara tutub “qocalmışam artıq. Bir az çox danışanda yoruluram”- dedi.

Gerçəkdən də Ustad bir az çox danışanda nəfəsi çətin gedib gəlirdi. Dördümüz də bir-birimizə baxdıq. Artıq Ustadı çox yormayalım deyə, gözlərimizlə anlaşdıq.

Nazlı: “Ustad Sizin vaxtınızı daha çox almayaq, siz də istirahət edin. Bizə izn versəniz, gedərdik.”

Şəhriyar: “Yox, xoşdur. Sizin kimi cavanlarla söhbət edəndə əhvalım yaxşılaşır. Mən ömrüm boyu belə söhbətlərə həsr etmişəm həyatımı. Sizlər yaxşı gənclərsiniz. Tanrı sizin kimi cavanları bu millətə çox görməsin. Çalışın yaxşı yerlərə yüksəlin, dilimizi, kimliyimizi unutmayın. İnsan öz millətinə xeyir verdiyi dərəcədə vicdanı rahatlayır, təmiz bir həyat sürür. Kiçik işlərlə məşğul olub tərəqqi yolunuzu tixamayın. Böyük hədəflər arxasınca gedin.”

Dördümüzdə ayağa dorduq. Şəhriyar bizi yola salmaq üçün ayağa qalxmaq istədi. Əlimizi çiyninə qoyub: “Ustad lütfən, siz qalxmayın biz gedərik. Hadi bəy bizi yola salacaq.”- dedik.

Şəhriyarla, o mənəviyat heykəli ilə görüşüb ayrıldıq. Bilməzdik Ustadla bu bizim son görüşümüz olacaqmış.

Hiç yorum yok: