azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Şubat 2009 Cumartesi

İranın büdcə kəsiri 44 milyard dollara çatacaq

İranın büdcə kəsiri 44 milyard dollara çatacaq

Hökumət ölkənin xərclərinin 103 milyard, gəlirlərinin isə cəmi 59 milyard dollar olacağını proqnozlaşdırıb
Beynəlxalq agentliklər İran parlamentinin analitik mərkəzinin hazırladığı hesabata əsaslanaraq mart ayındapn başlayacaq təqvim ilində bu ölkənin büdcə kəsirlərinin 44 milyard dollara çatacağını açıqlayıblar. Mərkəzin hesabatına görə, hökumət ölkənin xərclərini 103 milyard dollar həcmində proqnozlaşdırıb. Belədə isə gəlirlər cəmi 59 milyard dollar olacaq. Buna görə də ehtimal olunur ki, büdcə defisiti dövlət kampaniyalarının gəlirlərindən əlavə vergilər hesabına doldurulacaq.

Bundan başqa 11 milyard dollar yerli stabilləşdirmə fondundan götürüləcək. Analitiklər hesab edirlər ki, bu qədər kəsiri olan büdcə parlamentdə ciddi müqavimətlə üzləşəcək. İran iqtisadçıları Mahmud Əhmədinejadın iqtisadi siyasətini tənqid edirlər, çünki bu siyasət inflyasiya proseslərinin sürətlənməsinə, stabilləşmə fondunun pullarının xərclənməsinə gətirib çıxarır. Ötən ilin sentyabrında qiymətlərin artması 29 faizə çatıb, hazırda isə inflyasiya 24 faizdir.
İranda büdcənin profisiti hesabına əldə olunan vəsaitlər stabilləşmə fonduna yönəldilir. Bu fond dünya bazarlarında neftin qiymətinin qalxıb-düşməsini tənzimləmək üçün fəaliyyət göstərir. İran hökuməti 2009-cu ilin büdcə layihəsində neftin bir barelinin qiymətini 37,5 dollardan götürüb. Dünənki məlumatlara görə isə London birjasında neftin qiyməti 35 dollara düşüb. Qlobal böhran nəticəsində təkcə İran deyil, Səudiyyə Ərəbistanı (17 milyard dollar), Oman (2 milfard dollar), BƏƏ (1,1 milyard dollar) büdcə kəsiri ilə üzləşib.
Göründüyü kimi, ən kəskin büdcə kəsiri İrandadır. Ötən il neftin bir barelinin qiyməti 147 dollara çatdığı zaman rəsmi Tehran daha ürəkli danışırdı. Xatırladaq ki, 2006-cı ilin payızında İsrailin Livanda "Hizbullah"la döyüşləri zamanı İran terror təşkilatına faktiki dəstək verə bilirdi. Amma ötən ilin sonundan başlayaraq İsrailin Qəzza bölgəsində "Həmas"a qarşı əməliyyatlara İran müdaxilə edə bilmədi. İsrailin "Həmas"ın axırına çıxmaq cəhdlərinə rəsmi Tehran ölkədaxili şoularla cavab verdi. Əslində Qəzzaya hücum İranda hakimiyyət uğrunda mübarizə aparan dairələr üçün mitinqlər, aksiyalar keçirməsinə bəhanə yaratdı. Həmin aksiyalarda ABŞ-ı, İsraili söydülər, qarğış tökdülər, amma uzun illər dəstək verdikləri terror qruplaşmasına heç bir yardım göstərmədilər. Bu bir tərəfdən, hakimiyyətdaxili mübarizə ilə bağlı idisə, digər tərəfdən İranın üzləşdiyi iqtisadi böhranla əlaqədardır. Bəlkə də məhz İrandan ciddi dəstək ala bilmədiyinə görə, "Həmas" İsraillə 1,5 illiyə atəşkəs haqqında saziş imzalamağa razılıq verib.
İranda isə get-gedə miqyası artan iqtisadi böhran fonunda siyasi ziddiyyətlər kəskinləşir. Siyasi dairələr ABŞ-da demokrat prezidentin seçilməsinin İranda da öz əksini tapacağını proqnozlaşdırırlar. Xatırladaq ki, demokrat Bill Klintonun dövründə Xübreqan, ali dini rəhbər "islahatçı" Məhəmməd Xatəmini ortaya çıxarmışdı.
Elə indi də Məhəmməd Xatəmi prezidentliyə namizəd olacağını bəyanlayıb. Bir-iki gün əvvəl inqilabın 30 illiyi ilə əlaqədar keçirilən mərasimdə Xatəmiyə hücum cəhdini isə İranda kəskinləşən siyasi ziddiyyətlərin göstəricisi saymaq mümkündür. "Xatəmiyə ölüm" şüarı səsləndirən dəyənəklərlə silahlanmış qrupu ortaya salan dairələr sanki əsəblərini saxlaya bilmirlər, hakimiyyətin əldən çıxacağından bərk təlaşa düşüblər. Bu ərəfədə ali dini rəhbər Ruhullah Xomeyninin canişini olmuş ayətullah Hüseynəli Müntəziri Qətərin "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib: "İnqilabın 30 yaşında ölkədə mənzərə belədir: hakimiyyət dairələrində nüfuz sahibi olan azlıqdan, bir qrup insandan başqa İran vətəndaşları bahalıq və infilyasiya problemilə üz-üzə qalıb, əzab-əziyyətlə dolanır. Ümid edirəm ki, ölkə rəsmiləri vaxt itirmədən vətəndaşlarla hakimiyyət arasında uçuruma, yoxsul əhalinin necə məhrumiyyət və əzabda yaşamasına fikir verəcək. Onlar bir çarə qılmalı, bataqlığa yuvarlanmaqda olan ölkəni süqutdan qurtarmalıdır". Ayətullah prezident Mahmud Əhmədinejad hökumətinin xarici siyasətinin uğursuz olduğunu, ölkənin imicinə xələl gətirdiyini vurğulayıb: "Biz demək olar bütün ölkələri özümüzə düşmən etmişik. Yanlış xarici siyasət nəticəsində bu gün bizə təhlükəli düşmən gözü ilə baxır, İranla iqtisadi əməkdaşlıqdan imtina edirlər". Bu sözlərə geniş şərh vermək lazım deyil. Yəqin ki, ayətullah Müntəziri bir çox faktlarla yanaşı, İran büdcəsində 44 milyard dollarlıq kəsir yarandığını da bilir...
Təbriz Quzeyli

Hiç yorum yok: