azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Ocak 2009 Cumartesi

İRANIN “SƏHƏR” KANALI SABİR RÜSTƏMXANLIDAN ƏL ÇƏKMİR

İRANIN “SƏHƏR” KANALI SABİR RÜSTƏMXANLIDAN ƏL ÇƏKMİR
“Təhlükəsizliyimin təmin olunması ilə bağlı yəqin ki, müvafiq tədbirlər görüləcək”



İranın “Səhər” telekanalı Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, millət vəkili Sabir Rüstəmxanlının əleyhinə verilişlər yaymaqda davam edir. Son bir ildə, xüsusilə də İranın dini lideri Seyid Əli Xameneyiyə açıq məktub yazandan sonra millət vəkilini hədəfə götürən telekanal bu məsələyə daha çox yer ayırmağa başlayıb.
Ölkəmizdə qeyri-qanuni yayımlanan verilişlərdə S.Rüstəmxanlının ünvanına ən müxtəlif ittihamlar yer alır. Qeyd edək ki, Nardarandakı aksiyada xalq şairinə ölüm fitvası çıxarılandan sonra S.Rüstəmxanlı ilə bağlı məsələ gündəmdədir. Onun rəhbərlik etdiyi təşkilatlar müvafiq qurumlara təhlükəsizliklə bağlı müraciət edərkən günahkarların cəzalandırılmasını da tələb edib. Lakin bu günədək nə S.Rüstəmxanlı mühafizə ilə təmin olunmayıb, nə də qaldırılan cinayət işində bir yenilik yoxdur. “Səhər”in əvvəlki kursunu davam etdirməsi isə belə narahatçılıq yaradır ki, Nardarandakı emosional çıxışdan sui-istifadə edən təxribatçı qüvvələr deputata qarşı hansısa aktı həyata keçirməyə cəhd göstərə bilər.
Yeri gəlmişkən, dünən “525-ci qəzet”də Milli Təhlükəsizlik Nazirliyini (MTN) tənqid ruhunda yazı dərc olunub. Orada deyilir ki, MTN milli təhlükəsizliyimizin təmin edilməsində əvəzsiz rol oynamış struktur kimi tanınıb: “Amma təəssüf ki, MTN ötən bu illərdə ancaq “Qara kəmər”in kölgəsində qalıb, bu əməliyyatın gətirdiyi nüfuzu xərcləməklə məşğuldur... Milli təhlükəsizliyimiz üçün zəruri olan daha vacib məsələlərə diqqət ayırmaqdansa az qala hər həftə ictimaiyyətə yalnız MTN-in narkotik qaçaqmaqalçılığı ilə mübarizəsindən bəhs edən informasiyalar çatdırılır”.
Qəzetin yazdığına görə, əslində elə vacib və ciddi məsələlər var ki, burada məhz MTN öz sözünü deməlidir: “Bu günlərdə Nardaranda keçirilən mitinqlərin birində xalq şairinə, millət vəkilinə ölüm fitvası verildi. Azərbaycanın dövlət mənafeyini müdafiə edən fikirlərinə görə digər bir neçə millət vəkilinin ünvanına isə təhqiramiz ifadələr səsləndirildi. Amma MTN belə ciddi məsələyə heç bir münasibət bildirmədi və susdu. Paytaxtın lap göbəyində açıq-aşkar terrora çağıran fikirlər ifadə olunur, Azərbaycana qeyri-səmimi münasibəti şübhə doğurmayan bir dövlətin mənafeyini qorumaq naminə ölkənin nüfuzlu şəxslərinin şəxsiyyəti təhdid edilir, amma bütün bunlar milli təhlükəsizliyimizə birbaşa cavabdehlik daşıyan MTN-in yumşaq desək, gözündən yayınır. Üstəlik, bu məsələdə məhz MTN-in görməli olduğu işi prokurorluq və Daxili İşlər Nazirliyi həyata keçirir”.
S.Rüstəmxanlı qəzetimizə açıqlamasında dedi ki, “Səhər” telekanalının Azərbaycan və onun ziyalıları əleyhinə yalan məlumatlar yaymasına vərdiş edib: “Bu isə 35 milyonluq xalqa qarşı aparılan bir işin tərkib hissəsidir. İran hətta işğalçı Ermənistanı müdafiə edir. O, özünü Fələstin xalqının dostu kimi göstərsə də əslində özü məzlum xalqları İslam pərdəsi altında əzir və buna da min cür don geyindirir. Ona görə də yazmışdım ki, əslində İranda İslam deyilən bir şey yoxdur. Gərək İranın adını dəyişib Fars Cümhuriyyəti qoysunlar. Çünki farslar hər şeyi öz adına çıxır”.
Deputat bildirdi ki, bu mənada “Səhər”in mövqeyi onu təəccübləndirmir: “Məni təəccübləndirən bu kanalla Nardaran kəndinin bəzi sakinlərinin ayrı-ayrı məsələlərdə fikirlərinin üst-üstə düşməsidir. Məncə, o məsələlər də aydınlaşacaq. “Səhər” isə qoy nə istəyir desin”.
Millət vəkili “525-ci qəzet”dəki yazı ilə bağlı da fikrini açıqladı və məsələnin bu cür qoyuluşu ilə razılaşmadı: “Məni narahat edən məsələlərlə bağlı MTN-in çox səmərəli işini görmüşəm. Dünya azərbaycanlıları ilə əlaqə, erməni işğalı, ermənilərin dünyaya yaydığı yalan məlumatlarla bağlı kitabların buraxılmasında bu qurumun fəaliyyətini müsbət qiymətləndirirəm. Son illərdə MTN-in buraxdığı kitabları yan-yana qoysalar, bir kitabxana alınar. Bizim korrupsiyaya ən az bulaşmış qurum MTN-dir. Təhlükəsizliyimin təmin olunması bu qurumun işi deyil. Mən şəxsən müraciət etməsəm də DİN-ə müraciət ediblər. Bu məsələ ilə bağlı yəqin ki, müvafiq tədbirlər görüləcək. Mən heç kimi günahlandırmaq niyyətində deyiləm”.
Cavid TURAN
musavat

Hiç yorum yok: