azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Ocak 2009 Çarşamba

Prof. Dr. Ziya Sədrin GÜNAZ TV-dəki söhbətləri üzərinə . Güntay Gəncalp

Prof. Dr. Ziya Sədrin GÜNAZ TV-dəki söhbətləri üzərinə
Güntay Gəncalp


XX əsrdə bir neçə böyük şəxsiyət yetişdirdik. örnəyin Dr. Nütqi, Dr. Cavad Heyət və digərlərinin adlarını saymaq olar. Ancaq içimizdə böyük bilim adamları da var imiş ki, bizim onların haqqında geniş bilgimiz yox idi. GüNAZ TV-nin fəaliyətə başladığı gündən etibarən, millət öz içində var olan bir çox dəyərli şəxsiyətləri və bilim adamlarını tanıdı, onların illər boyu zəhmətlə birikdirdikləri bilgilərindən yararlandı. Bu yolda xüsusən Obalı bəyin fədakarlıqlarını unutmamalıyıq. Obalı bəyin fəaliyətləri sadəcə, televizionçuluqla sınırlı qalmadı, eyni zamanda tanınmamış, ya da sadəcə kitab oxumaqla məşğul olan çox az adamlar tərəfindən bilinən böyük şəxsiyətlərimizin də tanınmasında Obalı bəyin böyük rolu oldu. Gözümüzün önündə milli tariximiz böyük bir fədakarlıqla yaranır. GüNaZ TV vasitəsi ilə millətin və şəxsən mənim özümün daha dərindən tanıdığım böyüklərimizdən birisi də Prof. Dr. Ziya Sədr oldu. Ziya Sədr bəy GüNaZ TV-də canlı yayınlara qatılıb bilgilərini bizlərlə paylaşdı. Tamaşaçıların bilgilənməsində, aydınlanmasında çox təsirli oldu. Dr. Ziya Sədrin televiziondakı söhbətləri üzərinə mülahizələrimi açıqlamaq istərdim.

İlk dəfə olaraq Dr. Ziya Sədrin yazıları ilə İsvəçdə yaşayan Əlirza Ərdəbillinin yayınladığı “Tribun” dərgisində tanış oldum. Daha sonra bir çox sitələrdə doktor bəyin yazıları yayınlandı. Ancaq Doktor bəyin toplumumuzu aydınlatmaq fəaliyətləri GüNaZ TV ekranlarında doruğa (zirvəyə) yüksəldi.

Hələ əski Yunan fəlsəfəsində “bilgi ərdəmdir (fəzilətdir)” deyilmişdir. çünkü bilgi öz işığına bürünən ağlın məhsuludur. Aydınlanmanın inanc yolu ilə deyil, bilgi yolu ilə mümkün olduğunu ilə dəfə XVIII əsrdə Kant yazdığı “Aydınlanma nədir?” məqaləsi ilə anlatmağa çalşıdı. “Bilirəm”lə “inanıram” arasında bir fərq var. Bu fərqi ağlı qullanaraq dərk etmək mümkündür. Günümüz açısından baxdığımızda aydınlanma “inanıram”dan “bilirəm”ə doğru bir yönəlişdir. çünkü bilgi artışı ilə inancın da sağlıqlı təməllərə dayanacağı mümkün olacaqdır. Xürafatdan arınmanın yolu bilgilənərək aydınlanma ilə mümkündür. Bunu Qərb fəlsəfi həyatında görməkdəyik. Bir din var, bir də din tarixi. Tarixdə din siyasətə alət edildiyi üçün öz zatından ayrılmış və xürafatla iç-içə girmişdir. İnsanlıq tarixi bizlərə belə bir dərs verir ki, inancsız fərdlər və dövlətlər ola bilər, ancaq inancsız, dinsiz millət ola bilməz. O zaman dinsiz millət ola bilməzsə, din tarixi ilə dinin özünü ayırd etməmiz gərəkəcək. Aydınlanmanın əsas görəvlərindən biri də bundan ibarətdir. Yəni tənqid edilən şey dinin müqəddəs dəyərləri deyil, dini qurum və quruluşlardır, dini institutlardır. Aydınlanma sürəci içində “bil və inan!”la “inan!” arasındakı fərqlər açıqca meydana çıxır. “Bil və inan!” önərməsinin təməlində fərdin axtarışları, bilgilənməsi durur, ancaq “inan!” önərməsində fərd din xadimləri tərəfindən yönləndirilir. Bu açıqlamarı nədən söyləyirəm? Ona görə ki, Dr. Sədr bəyin GüNaZ TV-dəki söhbətləri sadəcə, tarix planında aydınlanmanı ehtiva etmirdi, həm də din və din tarixi planında da aydınlanmanı ehtiva edirdi. Bunları bir az daha açıqlamaq istərdim. Hər düşünən adam üçün bəllidir ki, tarix İranda fars şovinizmin ideolojisi və bir şəkildə şovinizmin məzhəbi halına gəlmişdir. Şovinizm bir sürü tarix teoriləri üzərinə sərmayə yatırmış, onu bir inanc halına gətirmiş və sonra ölkənin imkanlarından yararlanaraq təbliğ etməyə başlamışdır. Dr. Sədr bəy TV-dəki açıqlamaları ilə möhkəm bilgilərə və qaynaqlara dayanaraq şovinizmin tarix ideolojisini ifşa etməyi başarmışdır. Əminəm ki, Dr. Sədr bəyin söhbətlərini ciddi şəkildə dinləyən yurddaşlarımız geniş miqyasda aydınlandılar. Bu bilgilənmə və aydınlanma olmadıqca düşüncə planında şovinizmə qarşı savaşmaq mümkün olmayacaq. Şovinizmin yaratdığı qaranlıq bu bilgilərin işiğında aydınlanır. Ayrıca Dr. Sədr bəyin ortaya qoyduğu bu bilgilər işığında şovinizmin yaratdığı aşağılıq kompleksi də ortadan qalxır. Nədir bu aşağılıq kompleksi? Şovinizin əsas hədəflərindən biri də əzdiyi və yox etmək istədiyi toplumlarda aşağılıq duyğusu yaratmaqdır. Aşağılıq duyğusu necə yaranır? Asimilə edilən ulusun keçmişini aşağılayaraq, onu çirkin göstərərək, soysuzlaşdıraraq, dilini və başqa kimlik ünsürlərini təhqir edərək aşağılıq kompleksi yaradırlar. Dr. Sədr bəyin söhbətləri şovinizmin oluşdurduğu bu aşağılıq kompleksini ortadan qaldırmaqda çox təsirli oldu və olacaq.

Ədəbiyat, fəlsəfə, sosiologiya verilərindən yola çıxaraq tarixi anladan Dr. Sədr bəy, tarix elminin nə qədər də maraqlı olduğunu göstərmiş oldu. Nəqli, elmi və fəlsəfi tarixi bir bütün olaraq izah edən Dr. Sədr bəy kollektiv şüurumuzda tarix metodologiyası oluşdurma açısından da çox müvəffəq olmuşdur.

Dr. Sədr bəyin açıqlamalarında din bir töz (zaat) olaraq anladılırdı. Bir haldakı şovinizmin əlində alətə dönüşmüş din günümüzdə “ilenek” (ərəz) olaraq meydana çıxmışdır. Yəni dinin zaatı ilə əlaqəsi olmayan bir sürü öyrətilər cəmiyətə təlqin edilir. Şovizmin əlindən bu silahı almanın yolu düşüncədə və duyğuda sekularlaşmadan keçər. Fars şovinizmin iki paradiqması var: 1. Ari irqçiliyi. 2. Fars milliyətçiliyi mərkəzli islam anlayışı. Bu iki fars şovinizmi paradıqmları bir-birini yaşadan rəqiblər kimi ortaya çıxmışdır. Necə ki, Pəhləvi rejiminin irqçiliyə dayanan tarix anlayışı xumeynizm tərəfindən davam etməkdədir. Bu paradiqmaların çöküşünü yalnız geniş bilgi işığında mümkün etmək olar. Dr. Sədr bəyin ortaya qoyduğu sekular dünyagörüşü bu paradiqmaların ortadan və beyinlərdən qalxması üçün təkan vermişdir.

Dr. Sədr bəyə böyük hörmətlərlə.

Hiç yorum yok: