azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Ocak 2009 Cuma

"Nardaranda baş verənlər İranın "Səhər" kanalının sifarişi ilədir"

Rüstəmxanlı üzrxahlıq gözləyir
"Nardaranda baş verənlər İranın "Səhər" kanalının sifarişi ilədir"

Bir həftə əvvəl Nardaran kəndində keçirilən aksiyada çıxış edənlərdən biri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı barəsində ölüm fətvası verdiyini elan etdi. Buna səbəb kimi isə onun İranın "Səhər" kanalına İsrail əleyhinə müsahibə verməməsi göstərilib. Artıq məsələyə hüquq-mühafizə orqanları qarışıb və bu fikirləri səsləndirən Nardaran sakinin həbs ediləcəyi gözlənilir. Millət vəkili Sabir Rüstəmxanlı "Ekspress"ə müsahibəsində həm bu məsələ, həm də rəhbərlik etdiyi partiyanın martın 18-də Azərbaycanda keçiriləcək referendumda iştirak məsələsinə aydınlıq gətirib.

- Vətəndaş Həmrəyliyi Partiyası Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumda hansı formada iştirak edəcək?
- Mən bir neçə müddət idi ki, burada yox idim, xaricdəydim. Dijər tərəfdən, başım Dünya Azərbaycanlıları Konqresi ilə bağlı işlərə qarışmışdı. Ona görə də yeni ildən sonra VHP-nin Siyasi Şurası toplaşa bilməmişdi. Amma bir neçə gün əvvəl Siyasi Şura toplandı və bununla bağlı gec olsa da qərarlar qəbul etdik. Gec olduğuna görə də bizim ayrıca bir Təşviqat qrupu yaratmağa imkanımız olmadı. Çünki Təşviqat qrupu yaratmaq həm zaman, həm maliyyə tələb edir. Ona görə də belə qərara gəldik ki, xüsusi Təşviqat qrupu yaratmayaq. Mən bu barədə öz mövqeyimi parlamentdə də açıqlamışam. Azərbaycanda Konstitusiyanın, xüsusilə də bir sıra demokratik təsisatların dəyişilməsinin əleyhinəyəm. Ona görə də prezident seçkilərinə qoyulan məhdudiyyətlərin götürülməsinin əleyhinə çıxış etmişdim. Biz öz mövqeyimizi müdafiə edəcəyik. Baxmayaraq ki, burada Konstitusiyaya edilən dəyişiklik təkliflərinin içərisində xeyli dəyərli olan təkliflər də var. Amma mahiyyət etibarilə bunlar hamısı prezidentin səlahiyyəti ilə bağlı maddəyə əlavə edilib. Yəni məhz həmin dəyişikliyin edilməsi üçün bu referendum keçirilir. Küll halında Konstitusiyada prezidentin səlahiyyətlərinin uzadılması ilə bağlı təkliflərə qarşıyıq və bu mənada ümumi demokratik düşərgənin mövqeyini dəstəkləyirik. Bunun arxasında həmin dəyişikliklər içərisində elə maddələr var ki, sonradan Azərbaycanın həm də Qarabağ məsələsində də problemlər yarada bilər. Ona görə də hesab edirəm ki, bu məsələlərdə Qarabağ amilinin qabardılması doğru yoldur. Demokratik düşərgədə yaradılmış Təşviqat qruplarının mövqeyini dəstəkləyirik və lazım olsa biz özümüz də real kömək göstərəcəyik.
- Müxalifətin yaratdığı Təşviqat qrupları ilə əməkdaşlıq edəcəksiniz?
- Bəli.
- Bu dəyişikliklərdə dəstəklədiyiniz maddələrin xeyrinə təbliğat aparacaqsınızmı?
- Dediyim kimi, əsas məsələ prezidentin səlahiyyəti ilə bağlı məsələdir. Digərləri ilə bağlı məsələlər isə sonrakı mərhələnin işidir. Bu barədə də hələ konkret bir qərarımız yoxdur. Yəqin yaxın günlərdə biz bunların da araşdırılması ilə məşğul olacağıq.
- Digər təşviqat qrupları ilə ilkin müzakirələr olubmu?
- Bu barədə danışıqlar var, ümumi razılaşmalar var, amma sonrakı mərhələdə yəqin ki, müəyyən əlaqələr olacaq.
- Nardaranda barənizdə səsləndirilənlərlə bağlı məhkəməyə müraciət vardı. Hazırda bu iş hansı mərhələdədir?
- Mən özüm məhkəməyə müraciət etməmişəm, bu müraciəti VHP Siyasi Şurası müraciət edib və məsələylə bağlı istintaq işi başlanıb. Sadəcə olaraq son vaxtlar İranın "Səhər" kanalının fəallaşması, mənim şair kimi şairliyimə kölgə salmaq cəhdləri, sonra DAK-ı sionist təşkilatlarla bağlamaq cəhdləri var. Bu da göstərir ki, elə bizim söylədiklərimiz əsassız deyilmiş. Nardaranda "Səhər" kanalı ilə sıx əməkdaşlıq şəraitində işləyirlər və bu kanal da bilirsiniz ki, həmişə antiazərbaycan təbliğatı aparıb, Azərbaycan ziyalılarını gözdən salıb, Azərbaycan mədəniyyətini inkar edib, Azərbaycan ədiblərini farsın adına yazıb. Bunların hamısı sionizmindən danışırlar. Amma mənim düşüncəmə görə, fars şovinizminin sionizmdən heç bir fərqi yoxdur. Fars şovinizmi də indi İranda demokratik düşərgəni, öz müstəqillik və azadlığı uğrunda mübarizə aparan qüvvələri həbsxanalara salır, onlara divan tutur, məhv etməyə çalışır, ölkədən didərgin salıb. Bunun İsrailin fələstinlilərə qarşı apardığı müharibədən nə fərqi var ki?!
- Nardaranlılar bildirib ki, həmin fikir bir nəfərə məxsusdur və bunu emosional şəraitində deyib. Onlar həmin fikirləri səsləndirəni danladıqlarını da deyiblər. Bu məsələdə geri çəkilməyiniz mümkündürmü?
- Mən axı heç bir şey etməmişəm ki, geri çəkilim. Mən heç bir yerə ərizə ilə müraciət etməmişəm, şikayət ünvanlamamışam. Sadəcə, məndən mətbuat bununla bağlı fikir soruşub və mən də yalnız mətbuata danışmışam. Amma camaat qarşısında belə bir söz deyilib və onlar üzr istəməkdənsə, üstəlik üstümüzə gəlirlər. Deyirlər ki, bunu şişirtməsinlər, bu, elə belə hissiyyatla deyilmiş sözdür, nə bilim, bizim də deməyə sözümüz var. Bu nə deməkdir?! Biz nəyi şişirdirik? Sən mənim barədə ölüm hökmü kəsmisən, biz də bunu mətbuatda yazırıq. Bunun hansı şişirtmədir? Ona görə də mitinqləri olacaq, orada rəsmən durub öz səhvlərini etiraf edərlər, ondan sonra danışarıq.
- Sizcə, bu fikirlər məqsədli şəkildə səslənib, yoxsa həqiqətən də təsadüfən söylənib?
- Bu, elə-belə deyil. İranın "Səhər" kanalının sifarişi ilədir. Onlar heç "Səhər"ə qulaq da asmayıblar. Mən o proqrama nə demişəm ki? Müsahibə verməmişəm. Müsahibə verməməyim "Səhər" kanalını təhqir etmək demək deyil. İkincisi bu kanal hər gün məni təhqir edir. Deyək ki, lap cavab da olaraq mən "Səhər"i təhqir edə bilərəm. Bundan nardaranlılara nə var? Nardaran deyəndə də mən bütün kəndi nəzərdə tutmuram. Mənim barəmdə o fitvanı verənləri nəzərdə tuturam. O fitva verənləri nə ağrıdır? Onların "Səhər" kanalı ilə, İranın fitnəkar telekanalı ilə nə işi var? Məncə, burada hər şey göz qabağındadır. Ona görə mənim burada xüsusi bir müraciətimə, bununla bağlı canfəşanlığıma ehtiyac yoxdur. Hüquq-mühafizə orqanları hər şeyi görür, hər şeyi də izləyirlər. Buna uyğun olaraq da addımlar atılacaq. Nardaran ağsaqqallarından da mənə zəng edən olub. Onlara söz vermişəm ki, şəxsən özüm cəhd etməyəcəyəm və əgər onlar səhvlərini boyunlarına alsalar, hansı səviyyədə o çıxış edib mənim haqqımda ölüm fitvası keçiblərsə, o səviyyədə də üzr istəsələr, onda partiyanın Siyasi Şurası verdiyi şikayəti də geri götürər.

Asim SƏFƏROV

Hiç yorum yok: