azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

13 Ocak 2009 Salı

Vəfa Quluzadə: İran bu müharibəyə qoşulmaq istəmir

"İran bu müharibəyə qoşulmaq istəmir"
Vəfa Quluzadə: "Mən ərəb ölkələrinin ordularında olan vəziyyəti bilirəm"
-Yoxsa beş-on ərəb ölkəsinin birləşib İsraili məhv etməsinə nə vardı ki?...

Yaxın Şərqdə başlayan müharibənin alov dairəsinin genişlənmək ehtimalı getdikcə artır. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının tərəflər arasında atəşkəs əldə edilməsi ilə bağlı çıxardığı qətnamənin HƏMAS və İsrail tərəfindən qəbulundan imtina edilməsi bölgədəki vəziyyətin daha da mürəkkəbləşməsi ilə müşayiət olunur.

Dünya ölkələrində Qəzzadakı hərbi əməliyyatların dayandırılması ilə bağlı keçirilən etiraz aksiyalarına baxmayaraq, bölgədə əməliyyatlar davam etdirilir. İsrail hərbiçilərinin Qaza ərazisində keçirdiyi əməliyyatlar zamanı fosforlu bombalardan istifadə etməsi isə münaqişə qurbanlarının sayını durmadan artırır. Başqa sözlə desək, Qəzza qan içində boğulur. Verilən son məlumatlar isə Suriyanın da münaqişəyə qoşulmaq ehtimalını artırıb. Artıq İsrail tərəfi Suriya ərazisindən raket atəşlərinə məruz qaldığını iddia edir. Məlumat üçün deyək ki, Suriya və İranın hərbi münaqişəyə cəlb edilməsinin mümkünlüyünə dair ehtimallar əvvəlcədən irəli sürülməyə başlamışdı. Hətta bəzi ekspertlər münaqişənin başlandığı ilk günlərdən HƏMAS-ın İrandan idarə edildiyini önə çəkərək toqquşmaların İsrail-İran münaqişəsi müstəvisinə keçmək ehtimalının olduğunu da istisna etmirdilər. Bu baxımdan da Suriya ilə bağlı məsələlərin gündəmə gəlməsi İsrail tərəfinin münaqişəni genişləndirmək istəyində olmasına işarə kimi də sayıla bilər. Bəzi ekspertlər isə ABŞ-ın Yaxın Şərqdə başlayan münaqişə ilə bağlı açıq şəkildə İsraili müdafiə etməsini münaqişənin bir müddət də davam edəcəyinə işarə kimi dəyərləndirirlər. Xəzər Araşdırmalar Fondunun prezidenti, politoloq Vəfa Quluzadə isə hesab edir ki, ABŞ-ın İsraili müdafiə edən mövqedən çıxış etməsi təbii qarşılanmalıdı. Birləşmiş Ştatların hər zaman İsraili müdafiə etdiyini bildirən politoloqa görə, Qəzzada aparılan əməliyyatların dayandırılması üçün beynəlxalq birliyin dəstəyi yoxdur. Ərəb dövlətlərinin də baş verənləri sükutla qarşıladığını bildirən Quluzadəyə görə, bu ölkələrin Qəzza ilə bağlı ciddi addımlar atmaması İsrailə HƏMAS-la yanaşı, "Hizbullah"ı da ləğv etməyə imkan yaradır. "Məsələ burasındadır ki, keçmişdə ərəb dövlətlərinin arxasında SSRİ dururdu və ərəb dövlətləri SSRİ tərəfindən silahla təmin edilirdi. Ona görə də regionda bir neçə dəfə müharibə oldu. Amma bu müharibələrin heç birində ərəblər üstünlük əldə edə bilmədilər. Mən ərəb ölkələrinin ordularında olan vəziyyəti bilirəm. Yoxsa beş-on ərəb ölkəsinin birləşib İsraili məhv etməsinə nə vardı ki? Amma bu ölkələrin İsraildə olan qədər hərbi gücü yoxdur. Ona görə də səslərini çıxartmırlar"- deyən politoloq İsrail ərazisinin Suriyadan raket atəşinə tutulması barədə xəbərlərə bir qədər şübhə ilə yanaşıb. Onun sözlərinə görə, indi hadisələr daha çox yayılan xəbərlərlə idarə olunur. "Əslində isə bunlar çox qaranlıq məsələlərdir. İsrail ərazisinə Suriyadan raket atılıb-atılmadığını indi dəqiq demək çox çətindi". Vəfa Quluzadə bildirib ki, Suriyanın İsraillə yaxın ərazilərində "Hizbullah" olduğuna görə bu təşkilat tərəfindən belə bir addımın tapılması mümkün ola bilər. "Ola da bilər ki, İsrail HƏMAS-dan sonra "Hizbullah"ı da məhv etmək niyyətindədir və bəri başdan bu məsələləri ortaya atırlar". Bununla belə, Vəfa Quluzadə İranın bu münaqişəyə qoşulması ehtimalının olmadığını bildirib. Onun fikrincə, İran bu müharibəyə qoşulmaq istəmir. İsrailin İranı təxribata çəkmək cəhdlərinin nəticə verməsi də bir o qədər inandırıcı görünmür. "Neçə illərdir ki, ABŞ İranı terrorçu təşkilatlara silah verməkdə ittiham edir. Ancaq bu ittihamlardan kənara çıxa bilmir. İndi də ola bilər ki, İranı HƏMAS-a yardım etməkdə ittiham etsinlər. Lakin bundan İranı vurmaq üçün istifadə edə bilməzlər". Politoloq onu da bildirib ki, Yaxın Şərqdə başlayan müharibənin dayanması perspektivi yoxdur. "Dünyada elə müharibələr var ki, bir gün üçün başlayır, illərlə davam edir. Elə müharibələr də var ki, tez başa çatır. Müharibənin nə vaxt bitəcəyini heç kim bilmir. Yaxın Şərqdəki münaqişə isə artıb-azalan xətt üzrə davam edəcək. Yəni hərbi toqquşmalar gah səngiyəcək, gah da alovlanacaq. Ancaq bu da problemin həll yolu deyil".
Vüsalə Rafiqqızı

Hiç yorum yok: