Türk toplumlarına qarşı informasiya savaşı
Vətəndaş topluma və dövlətə güvənməlidir
İnformasiya savaşı məsələsinə təkrar qayıtmaq lazım gəlir. Müasir dünyada informasiya təhlükəsizliyi o dərəcədə strateji bir əhəmiyyət kəsb edib ki, bütün cəmiyyəti belə yerindən oynatmaq mümkün olur. Bir informasiya insanları ayağa qaldırır və ya bütöv cəmiyyəti çökdürür. Odur ki, indi çox mükəmməl informasiya təsiri sistemləri hazırlayırlar. Onlardan istifadə nəticəsində dövlət olaraq strateji hədəflərə ulaşa bilirlər. Azərbaycan neçə illərdir ki, informasiya savaşının mərkəzindədir. Son illər bu sahədə daha çox uğurlar əldə edilib. Bununla yanaşı, informasiya təhlükəsizliyi məsələsi türk dünyası bağlılığında məna kəsb edərək, geniş bir məkanda hərəkət etməyi tələb edir. Hadisələr göstərir ki, informasiya savaşı aparanlar da türk dünyasına bütöv baxaraq, savaşı ona uyğun aparırlar.
Son vaxtlar bu tendensiyanın gücləndiyini deyə bilərik. Belə ki, düşmənlərin ortaya atdığı informasiyalar konkret bir ölkəni yox, bütün türk dövlətlərini ayağa qaldırır. O informasiyalar adətən iki məqsəd daşıyır. Birincisi, türk toplumları arasında nifaq salmaq. İkincisi, türk xalqlarını dünyanın gözündən salmaq. Bu iki məqsədi özündə birləşdirən informasiyaları qondarıb, ortaya atırlar. KİV isə onların strateji hədəfinə nəzər salmadan yayırlar. Nəticədə türk xalqları növbəti dəfə informasiya savaşının tələsinə düşürlər. Misallara baxaq.
Türkiyədə ermənilərlə dostluqdan danışanlar tapılandan sonra Qarsın adını daha çox hallandırmağa başladılar. Qarslıların ermənilərlə əlaqə yaratmaq niyyətləri haqqında məlumatlar yaydılar. Rəsmi Ankaranın təkziblərinə baxmayaraq, bu söz-söhbət kəsilmədi. Qarsda bəziləri həmin tələyə düşərək, ermənilərlə dostluq abidəsi ucaltmaq kimi biabırçı fikrə düşdülər.
Sonra, Ermənistanı dost dövlət kimi qələmə vermək istəyənlərin sayı çoxaldı. Onlar müxtəlif bəhanələrlə Türkiyə ilə Azərbaycanın əlaqələrinə ziyan vuran informasiyalar yaydılar. Guya Türkiyə Ermənistanla münasibətlərini Azərbaycanın maraqlarını nəzərə almadan qurur. Nəhayət, son günlər ermənilərdən üzr diləmək kimi qəribə bir kampaniya Türkiyədə başlanılıb. İndi məlum olur ki, onun ssenarisi xaricdə yazılıb və Türkiyədə ona qoşulanların əksəriyyəti ermənilərdir. Bunun üstü açılana qədər vaxt keçdi və bəzi sadəlöhv adamlar onun tələsinə düşdü. Rəsmi Ankara münasibətini bildirəndən sonra həmin sayta qarşı addımlar atmağa başladılar. Bununla da informasiya savaşı yeni bir mərhələyə qədəm qoydu.
Bu informasiyaların hamısı yuxarıda qeyd etdiyimiz iki məqamda birləşirlər. Onlar Türkiyə və Azərbaycanı aşağılamaqla yanaşı, türk dünyası arasına nifaq salmağı da hədəf seçiblər. Türklər arasında bir-birinə inamsızlıq yaratmaq istəyirlər. Ayrıca Türkiyənin son vaxtlar geosiyasi aspektdə uğur qazanmasına qısqanclıqla yanaşırlar. Türkiyənin bölgənin aparıcı dövlətinə çevrilməsi prosesini dayandırmağa cəhdlər edirlər. Paralel olaraq, türk dövlətlərini bir-birindən ayırmaq istəyirlər. Bununla da, düşmənlərin strateji hədəfi aydın olur. Onlar türk dövlətləri içərisində lider yetişməsini əngəlləməklə bütün türk toplumlarını asılı vəziyyətdə (vassal olaraq) saxlamağa çalışırlar. Bununla yanaşı, ayrı-ayrı türk dövlətlərini inkişaf etməyə qoymamağa cəhd edirlər. Bu iki hədəfə çatmaqla onlar strateji olaraq türk toplumlarının inkişafını əngəlləyirlər. Toplumları isə böyük ölçüdə aparıcı dövlətlərdən psixoloji olaraq asılı vəziyyətə salmaq istəyirlər. Bunlara qarşı nələr etmək olar?
Təbii ki, hər şeydən öncə informasiya savaşının mahiyyətini anlamaq gərəkdir. Bunun üçün hər bir situasiyada vətəndaşın öz xalqına və dövlətinə inamı lazımdır. Ortaya atılan informasiyaların əsl mənasına varmaq lazımdır. Düşmənin çıxardığı oyunların arxasında hansı məqsədlərin durduğunu bilmək gərəkdir. Türk toplumlarının birliyi böyük bir ərazidə geosiyasi mənzərəni dəyişə bilir. Tarixən bu belə olmuşdur. Türklərin düşmənləri o birliyin olmaması üçün əllərindən gələni edəcəklər. Bir zamanlar türk hegemonluğu altında sülh içində yaşayan ərazilərdə çaxnaşmaları saxlamaq üçün bu oyunlara gedirlər. Deməli, türk xalqlarına qarşı aparılan informasiya savaşı əslində dünyanın dəngəsini pozmağa yönəlib. KİV də bu həqiqəti göz önünə alıb, düşmənin yaydığı məlumatları kor-korana qəbul etməməlidir. Jurnalistlər düşmən ssenarisi ilə ərsəyə gələn hər bir informasiyaya böyük diqqətlə yanaşmalıdırlar. O baxımdan informasiya savaşınin qaydalarına əməl etmək gərəkdir.
Şahin Məhəmmədoğlu
23 Aralık 2008 Salı
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder