azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Ocak 2009 Cumartesi

"Türkiyədə ordunu gözdən salırlar"

"Türkiyədə ordunu gözdən salırlar"

Qabil Hüseynli: "Qüvvələr nisbətində isə kəskin dəyişiklik hələ ki AKP-nin xeyrinədir"

"Ergenekon" işi ilə bağlı növbəti həbslər dalğası Türkiyə Silahlı Qüvvələri və Təhlükəsizlik Şurasının daha bir neçə zabitini yaxaladı. Türkiyə TŞ-nin sabiq katibi, istefada olan ordu generalı Tuncər Kılıc, 2-ci ordunun keçmiş komandanı, istefada olan ordu generalı Kamal Yavuz, Baş Qərargahın sabiq hüquq müşaviri Ərdal Şənəl və hazırda orduda xidmət edən bir qrup zabit də daxil olmaqla ümumilikdə 40-a yaxın şəxs istintaq altına alınıb.



Ordu generalı Tuncər Kılıcın vəkili Hüseyin Bozdağ da həbsə alınıb. Həbslərin ardınca Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlkər Başbuğun əvvəlcə prezident Abdullah Gül, sonrasa qəfildən baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşməsi və Baş Qərargahda 7 saata yaxın ordu rəhbərliyinin fövqəladə toplantısını keçirməsi vəziyyətin kritik həddə çatdığını deməyə əsas verir. Həyata keçirilən həbslər Türkiyədə ordunun toxunulmazlıq statusunun getdikcə əlindən alınması anlamına gəlir.

Politoloq Qabil Hüseynli də bu qənaətdədir ki, Türkiyədə getdikcə Avropa Birliyi standartlarına uyğun, yəni ordunun siyasətə qarışmasının tamamilə qarşısının alınması və bütünlüklə hökumət və prezidentə tabe etdirilməsi prosesi gedir:

- Bu, ordunun açıq-aşkar nüfuzdan salınması kampaniyasıdır. Həyata keçirilən bu həbslər də ordunun Atatürk dövründənqalma daxili muxtariyyətini - ordu daxilində təyinetmələr, yerdəyişmələr və s. prinsiplərini tamamilə pozmaq, ordunu bütünlüklə siyasi hakimiyyətin müti köləsinə çevirmək və beləliklə də onun əvvəlki təsir gücünü sıfra endirmək məqsədi daşıyır. Gəlin gizlətməyək ki, Atatürk dövrünün Ana Yasasına görə orduya xüsusi mövqe ayrılır və həm də ordu Atatürk siyasi sisteminin bir növ qarantı kimi təqdim edilir. Hərbçilər özünü Atatürk inqilabının gözətçiləri adlandırmağı sevirlər. Dünənədək heç kəs "Türkiyə Silahlı Qüvvələri siyasi sistemin qarantıdır" məsələsində mübahisə etməzdi. Amma bu gün AB-nin tələbləri bəhanə gətirilərək orduya bir-birinin ardınca zərbələr vurulur. Baxın, Türkiyədə Təhlükəsizlik Şurası ordu nümayəndələri və mülki siyasilərdən təşkil olunan qurumdur. Əvvəllər TŞ-də ordu mənsublarının sayı artıq idi. Amma indi nisbət dəyişib. Qərarların qəbul edilməsində ordunun gücü qalmayıb. Açığını deyək ki, AKP iqtidarı mərhələ-mərhələ siyasi hakimiyyətin bütün sahələrinə əl ataraq öz nəzarəti altına keçirə bilib. Məsələn, polis hazırda AKP hakimiyyətinin istənilən, hətta qeyri-qanuni əmrlərini də yerinə yetirir. Ədliyyə, məhkəmə orqanlarında buna bənzər situasiya formalaşmaqdadır. Gördük ki, Ana Yasa məhkəməsinin sədri AKP-nin qapadılma məsələsinə baxarkən tam tərəfli mövqe nümayiş etdirdi və partiyanın bağlanması əleyhinə səs verdi. Yəni ölkədə qəribə proseslər baş verir və AKP və onun ətrafında olan dini təmayüllü qüvvələr Atatürkçü mövqedə dayanan qüvvələri sıxışdırıb psixoloji təzyiq altına alır. Nəticə etibarilə ölkədə adi bir yəhudinin şifahi ifadələri əsasında neçə-neçə insan dəlil-sübut olmadan həbsə alınır. Bu da Türkiyə üçün xoş olmayan nəticələr yaradır.

Bəs politoloq prosesin sonunu necə görür? Q.Hüseynli bildirdi ki, burada qüvvələr nisbətini müəyyən etmək lazımdır. Qüvvələr nisbətində isə kəskin dəyişiklik hələ ki AKP-nin xeyrinədir. Atatürkçü qüvvələr isə hazırda müdafiə mövqeyindədir və onların sıraları da o qədər güclü deyil:

- Sabitləşdirici qüvvə kimi təkcə ordu qalır, o da hələ ki Baş Qərargah bəlli bir mövqe ortaya qoymayıb. İlk vaxtlar iki ordu generalı həbs edilərkən onların yanına öz adamını göndərdi. İndi də Təhlükəsizlik Şurasının sabiq katibi həbs edilib. Doğrudur, Başbuğ prezidentlə, baş nazirlə görüşüb, məşvərət eləyib. Amma mən ümumiyyətlə ordu rəhbərliyinin davranışları barədə proqnozlar söyləməkdə çətinlik çəkirəm və həm də bu qardaş ölkənin daxili işlərinə qarışmaq kimi qəbul edilə bilər. Biz də bunu istəməzdik.

"İstintaqa cəlb edilən ordu zabitlərinin "Ergenekon"la bağlılığı, onların terrora dəstək verməsi, sizcə, həqiqətə nə dərəcədə yaxındır" sualına cavabında isə politoloq qeyd etdi ki, bunu ədalət məhkəməsi üzə çıxarmalıdır. İstintaqda subyektiv məqamlar olduğu artıq üzə çıxıb. Çünki ayrı-ayrı şəxslərin adi telefon danışıqlarını fakt kimi qəbul edərək insanları istintaq altına alıblar. Ona görə də bu mərhələdə subyektiv məqamların olduğunu söyləmək mümkündür. Amma "Mən Türkiyədə məhkəmənin müstəqil olduğu qənaətindəyəm və güman edirəm ki, məhkəmədə hər şeyə nöqtə qoyulacaq".

Silahlı Qüvvələrin seyrçi mövqeyində qalacağı, yoxsa proseslərə müdaxilə edəcəyinə gəlincə, politoloq ordunun biganə qalmayacağı fikrində olduğunu qeyd etdi: "Mən ordunun bu məsələlərə biganə qalacağını təxmin etmirəm. Çünki Silahlı Qüvvələr hər zaman böyük Atatürkün vəsiyyətlərinin izi ilə getdiklərini bəyan edirlər və indi də həmin izlə gedərək onun vəsiyyətlərinə sadiq qalacaqlar".


Məlahət Rzayeva
sherg

Hiç yorum yok: