azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Ocak 2009 Cumartesi

Türkiyə hərbi çevriliş ərəfəsində

Türkiyə hərbi çevriliş ərəfəsində


Türk ordusunun komandanlığı generalların həbsinə qarşı çıxdı

İlkər Başbuğun və ordu komandanlarının xanımları həbs olunmuş generalın ailəsini ziyarət etdilər

Türkiyədə istefada olan generallar və hazırda orduda xidmət edən bəzi zabitlərin terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində həbs edilməsi komandanlığın narahatlığına səbəb olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yanvarın 7-də yerli vaxtla saat 17.30-da Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında ordu rəhbərliyinin fövqəladə toplantısı keçirilib. Baş Qərargah rəisi İlkər Başbuğun sədrliyi ilə 6,5 saat davam edən toplantıda Quru Qüvvələrinin komandanı İşıq Koşanər, Hava Qüvvələrinin komandanı Aydoğan Babaoğlu və Jandarma Qüvvələrinin komandanı Atilla İşıq iştirak edib. Dəniz Qüvvələrinin komandanı Mətin Ataç paytaxtda olmadığı üçün görüşə qatılmayıb.
İclasa Baş Qərargahın hüquqşünas zabitləri də çağırılıb. Ordu komandanlığı terror təşkilatı quraraq hökuməti devirmək cəhdində ittiham olunan zabitlərin məsələsini müzakirə edib. Yığıncaqla bağlı rəsmi açıqlama verilməyib. Yığıncağın keçirildiyi saatlarda İ.Başbuğun xanımı Sevil Başbuğun təşəbbüsü ilə ordu komandanlarının xanımları həbs olunmuş Təhlükəsizlik Şurasının keçmiş katibi Tuncər Qılıncın evinə gedərək, onun həyat yoldaşı ilə görüşüblər.

İlkər Başbuğ Ərdoğan və Güllə görüşdü

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlkər Başbuğ dünən gözlənilmədən baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, prezident Abdulla Güllə ənənəvi həftəlik görüşə yollanan İ.Başbuğun avtomobili qəflətən yolunu dəyişərək baş nazirin iqamətgahına doğru yönəlib, daha sonra A.Güllə görüşüb. Eyni vaxtda daxili işlər naziri Bəşir Atalay prezident A.Güllə görüşə çağırılıb. Görüşlərin yanvarın 7-də aparılan hay-küylü həbslərlə bağlı olduğu şübhə doğurmur.

Tuncər Qılıncın vəkili də tutuldu

“Ergenekon”un 10-cu dalğasında həbs olunan Türkiyə Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi, istefada plan general Tuncer Qılıncın vəkili Mustafa Hüseyn Buzoğlu da saxlanılıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Buzoğlunun vəkili Həsən Gürbüz bildirib.

General Vəli Kiçik: “Türkiyənin ən dəyərli insanlarını həbs etdirənlər tarix qarşısında cavab verəcəklər”

“Dünən həyata keçirilən həbslər hamımızı ciddi şəkildə təəssüfləndirib. Bu hadisələr təkcə mənim deyil, burada olan insanların hamısının gözlərini doldurub”. APA-nın məlumatına görə, həbsdə olan türk generalı Vəli Kiçik “Ergenekon” işi ilə bağlı həyata keçirilən son həbslərə münasibətini belə açıqlayıb.
İşçi Partiyasının sədri Doğu Perincək də məhkəmədə çıxışı zamanı dünən həyata keçirilən həbslərə münasibət bildirib: “Türkiyədə iqtidarı qanunsuz olaraq mənimsəyənlər dövlət çevrilişini sona çatdırmaq məqsədilə bir çox hörmətli generalları, professorları, Türkiyənin fəxri baş prokurorunu həbs etmək fikrinə düşüblər. Bu həbslər ABŞ və İsrailin Türkiyə dövləti və ordusuna qarşı həyata keçirdiyi əməliyyatdır. Türkiyə Silahlı Qüvvələri öz generallarını düşmən ordusuna təslim edib”.

Baş Qərargah: “İlkər Başbuğ həbslərlə bağlı mövqeyini prezident və baş nazirə çatdırıb”

Türkiyənin müdafiə naziri Vecdi Könül son həbslərlə bağlı ondan icazə alınmadığını bildirib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı isə qurumun rəisi İlkər Başbuğun prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğanla planlaşdırılmayan görüşünə dair açıqlama yayıb.
Açıqlamada görüşlərin baş qərargah rəisinin tələbi ilə keçirildiyi, danışıqlarda son günlər ölkədə baş verən hadisələr ətrafında fikir mübadiləsi aparıldığı bildirilir: “Baş qərargah rəisi keçirdiyi görüşlərdə xüsusilə dünən baş verən hadisələrlə bağlı fikir və mövqeyini baş nazir və prezidentə çatdırıb”.
1 saat 20 dəqiqə sürən Ərdoğan-Başbuğ görüşünə dair baş nazirin mətbuat xidməti də açıqlama yayıb, amma bir cümləlik: «Baş Qərargah rəisinin tələbi ilə keçirilən görüşdə gündəmdəki son gəlişmələr dəyərləndirilmişdir».

Nə baş verir?

Qeyd edək ki, yanvarın 7-də Türkiyədə Ali Məhkəmə və Baş Prokurorluq funksiyalarını yerinə yetirən, Yarğıtay adlanan məhkəmə instansiyasının fəxri baş prokuroru Sabih Kanadoğlunun, professor və jurnalist Yalçın Kiçiyin evlərində, İstanbulun ən məşhur ali məktəblərindən biri sayılan Yedditəpə Universitetinin rektoru, professor Bədrəddin Dalanın başçılıq etdiyi universitetdə və İstək Vəqfində (qeyri-hökumət təşkilatı) axtarış aparılıb. Həm adı çəkilən bu üç şəxs, həm də həbs olunan generallar və digərləri Ədalət və İnkişaf Partiyası (AKP) hökumətinə qarşı kəskin müxalif mövqeləri ilə tanınırlar. Abdulla Gülün birinci dəfədən Böyük Millət Məclisində prezident seçilməsini məhz sabiq baş prokuror Sabih Kanadoğlu əngəlləmişdi. Onun müraciəti əsasında Konstitusiya Məhkəməsi prezidentin parlamentdə seçilməsi üçün 367 səs gərəkdiyinə dair qərar vermişdi. Yəni son həbslər artıq hüquqi araşdırma müstəvisindən çıxaraq, siyasi hesablaşma təəssüratı doğurur və böyük ehtimalla cəmiyyətdə bir partiyanın hakimiyyətinin möhkəmlənməsinə xidmət edir.
Ekspertlərin fikrincə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının son açıqlama həbslərlə razı olmadığını əyani şəkildə ortaya qoyur. İ.Başbuğun xanımının həbs olunan generalın evinə gedib xanımı ilə görüşməsi də türk ordusunun son həbslərlə razılaşmadığını göstərir. Bu isə onu deməyə əsas verir ki, yaxın vaxtlarda Türkiyədə siyasi böhran dərinləşə bilər. Təbii ki, bu sırada ordunun çevriliş etməsi də istisna olunmur.

Siyasət şöbəsi

Hiç yorum yok: