azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

5 Ocak 2009 Pazartesi

«HƏMAS»ı BÖYÜDƏN SİYASƏT

«HƏMAS»ı BÖYÜDƏN SİYASƏT
2009-01-05 - 14:39:00


Elxan
ŞAHİNOĞLU
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri

elsah@box.az
elxan.azeriblog.com


İsrail tərs dövlətdir. Ona bir qapaz vurmağa çalışan cavabını onqat alır.

Qəzza bölgəsini nəzarətdə saxlayan «Həmas» qruplaşmasıyla İsrail arasında 6 aylıq atəşkəs rejimi vardı. «Həmas» atəşkəsi pozub bir neçə əldəqayırma raketlə İsrail torpaqlarını vurduqdan sonra Tel-Əviv dərhal hərəkətə keçdi. «Həmas» raketlərindən ölən bir neçə israillinin əvəzinə yüzlərlə fələstinli qanına qəltan edildi. Qırğının ardı gəlir.

«Həmas» atəşkəsi pozmaqla İsrailə bəhanə verdi. İsrail rəsmiləri Qəzza bölgəsinə hərbi müdaxiləni atəşkəsin pozulması və «Həmas» qruplaşmasını zərərsizləşdirməklə izah etsələr də, əməliyyata çoxdan hazırlaşırmışlar. İsrail ordusu aylardır Qəzza bölgəsinin maketi üzərində hərbi təlimlər keçir, düyməyə basmaq üçün münasib zaman gözləyirmişlər. Ancaq hələ ki, bombalar altında qətlə yetirilənlərin hər 10 nəfərindən yalnız 1-i «Həmas» üzvü ola, ya olmaya. Ölənlərin sayı 500-ü keçib, çoxu qadın, uşaq və yaşlı insanlardır.

«Həmas»in 6 min üzvü var. Belə çıxır ki, bu qruplaşmanın tam darmadağın olunması üçün hələ on minlərlərlə dinc fələstinli qətlə yetirilməlidir. Görünür, İsrail bununla «Həmas»dan çox bu qruplaşmaya səs verən və hakimiyyətə gətirən Fələstin sakinlərini cəzalandırır.

Qəzzadakı fəlakət dünya birliyi və ərəb dünyasındakı ikitirəliyi də tam çılpaqlığıyla ortaya qoydu. Bəlkə də İsrail hərbi əməliyyata başlayarkən bu ikitirəlikdən yararlanacağını proqnozlaşdırıb.

Birləşmiş Millətlər Təşkilatından başlayaq. Liviyanın təklifiylə BMT-də İsrailin bombardmanını qınayan bir açıqlama səsverməyə qoyulmalıydı. ABŞ qətnamə bir yana, sadə bir açıqlamanın yayınlanmasını əngəllədi. Amerikalı rəsmilər İsrailin özünümüdafiə hüququna hörmətlə yanaşdıqlarını bildirdilər. BMT belə getdi.

Avropa Birliyindən də anlaşılmayan açıqlama gəldi. Avropa Birliyinə sədrliyi Fransadan alan Çexiya faktiki İsraili müdafiə etdi. Çexiyanın xarici işlər naziri İsrailin Qəzzadakı əməliyyatına «müdafiə xarakterli» adını verdi.

Yenə bu, ABŞ və Avropadır, Fələstinə bir köynək yaxın olan ərəb ölkələrinin də çoxu savaşa seyrçi qalıblar. Ərəb dünyasının liderliyinə iddia edən Misir Qəzza ilə sərhədi elə kip bağlayıb ki, aclıqdan və yaralardan sızıldayan bölgəyə ərzaq və tibbi ləvazimatın keçirilməsi belə qeyri-mümkündür.

Görünməmiş haldır, deyəsən, ilk dəfədir ki, İsraillə ərəb dünyasının bir qisminin istəyi üst-üstə düşür. Hədəf «Həmas»dir və İsrail bu qruplaşmanı zərərsizləşdirmədən Qəzzanı tərk etməyəcəyini açıqlayır. Misir və Səudiyyə Ərəbistanı kimi ölkələrin liderlərinin də radikal «Həmas»la araları yoxdur və bu qruplaşmanı İsrail tək bölgə üçün təhlükəli sayırlar. Ona görə «Həmas»ın zəifləməsi və ya tamamilə darmadağın edilməsi onların da xeyrinədir.

Düzünə qalsa, bu, Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbasın da arzusudur.

«Həmas» parlament seçkilərində qələbə qazandıqdan sonra Fələstində hökuməti formalaşdırmış, ardınca Mahmud Abbas tərəfdarlarını siyasi və hərbi arenada sıxışdırmağa başlamışdı. Nəticədə Fələstin vətəndaş müharibəsinə qədəm qoydu, «Həmas» Qəzzaya köçmək və yalnız bu ərazini nəzarət altında saxlamaq məcburiyyətində qaldı. İndi əgər İsrail Qəzzada uğur qazanarsa, çox güman ki, sonradan bu bölgəni Mahmud Abbas qüvvələrinin nəzarətinə verəcək. Belə hədiyyədən kim imtina edər ki? Bəlkə elə buna görə də Qəzzadakı qətliama göz yumulur.

Ən maraqlısı odur ki, bu qətliamı şiddətli qınayan ölkələr arasında Türkiyə ilk sıralarda yer alıb. Rəsmi Ankara və Türkiyə vətəndaşları İsraili qınamalarına görə ərəb dünyasını geridə qoyublar. Ankara, İstanbul, Antalya, Diyarbəkir və digər şəhərlərdə on minlərcə insan «rədd olsun İsrail» şüarlarıyla küçələrə tökülüblər. Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan isə Antalyadakı mitinqdə heç ərəb liderlərin söyləmədiyi «İsrail axan göz yaşlarında boğulacaq» ifadəsini dilə gətirib.

Azərbaycanda isə həmişəki kimi sakitlikdir. «Qəzzada baş verənlərdən bizə nə?» deyəcək çoxumuz. Məmləkətimizdəki olub-keçənlərə necə seyrçiyiksə, ətrafımızda baş verən qanlı olaylara da bir o qədər biganəyik. Fələstindəki hadisələrdən etiraz missiyasını həmişəki kimi Nardaran əhalisinə ötürmüşük.

Nə isə, qayıdaq Qəzzaya və bu acımasız savaşın sonuclarına.

İsrail rəsmiləri bir ağızdan «Həmas»ın dərsini verəcəyik» deyirlər. Eyni dərsi Livana müdaxilə etdikdə «Hizbullah» təşkilatına da verməliydilər. Ancaq İsrail Livandakı müharibədən qazancla çıxmadı. Doğrudur, «Hizbullah»ın itkiləri çox oldu, ancaq qruplaşmanın müqavimət gücü diqqətdən yayınmadı. Təsadüfi deyil ki, müşahidəçilər Livan əməliyyatının İsrailin hərbi tarixində nadir hallarda rast gəlinən məğlubiyyətlərindən biri olduğunu vurğuladılar.

Əlbəttə, «Həmas»ın vəziyyəti daha ağırdır. «Hizbullah» ölkə daxilində müqavimət göstərir və geri çəkilməyə yeri vardı. «Həmas» isə İsrailin mühasirəyə aldığı adacığa sığınıb və itkisi daha çox olacaq. Buna rəğmən İsrailin istəyinə çatacağını söyləmək də çətindir.

Hələ 20-25 il öncə «Həmas» adlı təşkilatın adını çəkən yox idi. Ancaq «Həmas» boş yerdən çıxmadı. İsrailin Fələstinin işğalına son verməməsi, BMT qətnamələrini qulaqardına vurması, fələstinliləri qətlə yetirməsi siyasətinin nəticəsiydi «Həmas». Müharibə və qətllər Fələstində radikallığın artmasına münbit şərait yaratdı və sonda «Həmas» böyüdü və seçkili orqanlarda yer qazandı.

İndi İsrailin «Həmas»ı yox edəcəyini fərz etsək belə, onun yerində bir başqa radikal qruplaşmanın peyda olacağını proqnozlaşdırmar mümkündür. Çünki İsrail «Həmas»ı hədəf seçərkən yüzlərlə uşağı, qadını, yaşlını qətlə yetirməkdə davam edir. Bu isə İsrailə qarşı radikal düşüncənin hələ uzun müddət beyinlərdə hakim olacağını şərtləndirir.

Hiç yorum yok: