azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

23 Ağustos 2008 Cumartesi

Xəzər hövzəsində hərbi hərəkətlilik

Xəzər hövzəsində hərbi hərəkətlilik

Xəzər hövzəsi qlobal geosiyasi proseslərə daha sıx qoşulur

Bölgədə böyük güclərin daha intensiv geosiyasi mübarizəyə başlaması Xəzər hövzəsindəki duruma da ciddi təsir etməyə başlayıb.

KİV-in verdiyi məlumata görə, Xəzəryanı ölkələr silahlı qüvvələrini sürətlə artırmaqdadırlar. Bütün hövzə dövlətləri dəniz donanmalarının hərbi-texniki imkanlarını yüksəldirlər.

İran dənizə əlavə qüvvələr yerləşdirir. Türkmənistan Ukrayna və Polşadan yeni hərbi texnika alıb. Qazaxıstan isə yeni dəniz donanması yaratmaq prosesinə başlayıb. İmkanları çox geniş olan ruslar isə indi raket daşıyan gəmilərini Xəzərə atırlar.

Təbii ki, Azərbaycan da bunlara qarşı hansısa addımlar atmalıdır. Dövlətimizin bununla bağlı konkret mövqeyi hər kəsə məlumdur.

Xəzərdə hərbi durumun daha da aktivləşməsi qaçılmaz olaraq geosiyasi təsirlərə malik olacaq. Əslində Xəzərdə baş verənlər Qafqazlarda olanlarla sıx bağlıdır. Qafqaz hadisələri böyük güclərin geosiyasi maraqlarının toqquşmasının nəticəsi olduğundan bu proses indi də Xəzəri əhatə edir. Həm də ona görə ki, Xəzər əsas enerji ehtiyatlarının toplandığı məkandır. Xəzərin məsələsi avtomatik olaraq qlobal geosiyasi problemlərin məsələsi bağlılığında özünü göstərir. Ona görə də Xəzər hövzəsində geosiyasi durumun dinamikası bütün dünya üçün əhəmiyyət daşımağa başlayıb.

Bu bağlılıqda diqqəti çəkən məqamlardan biri Fars körfəzində hərbi qüvvələrin sayının kəskin artmasıdır. Qərb ora xeyli hərbi güc toplayıb. Paralel olaraq Polşada raketdənmüdafiə sistemləri yerləşdirilib. İndi Xəzərdə də hərbi qüvvələrin imkanları genişləndirilirsə, geniş miqyasda prosesin getdiyi proqnozunu vermək olar. Bu geniş prosesdə Xəzərin ayrıca yer alması həssas məsələdir. Bu o deməkdir ki, Xəzəryanı dövlətlər daha intensiv surətdə böyük geosiyasi proseslərə aid ediləcək. O baxımdan Azərbaycanın da maraqlarına birbaşa aidiyyatı olan bəzi məqamlar üzərində düşünmək lazım gəlir.

Xəzər hövzəsində geosiyasi-hərbi proseslərin intensivləşməsi avtomatik olaraq statusun müəyyənləşməsi məsələsini aktuallaşdırır. Belə ki, Xəzərin statusu müəyyənləşmədikcə vəziyyəti sabitlikdən çıxarmaq ehtimalı yüksək olaraq qalır. Bu işdə maraqlı olan qüvvələr isə hətta bölgə dövlətləri içərisində kifayət qədərdir. Xəzərdə durumu sabitlikdən çıxarmaq üçün istənilən an təxribatlara belə əl ata bilərlər. Əsas hədəfin enerji ehtiyatları yataqlarının olma ehtimalı çoxdur. Bu yataqlara hər hansı təxribat böyük miqyasda enerji layihələrinə zərbə deməkdir. Dərhal bütün istiqamətlərdə enerji daşınması prosesi pozulur. O baxımdan Gürcüstan hadisələri də sübut etdi ki, məhz Xəzərdəki enerji yataqlarının hədəfə alınması absurd məsələ deyil. Bu məsələnin reallaşması ilə dünya üzrə növbəti geosiyasi krizisin əsasını qoya bilərlər. Ehtimal etmək olar ki, bundan sonra Xəzərdə durumun gərginləşməsi üçün bəzi cəhdlər edəcəklər. O cümlədən, proseslərin Orta Asiyaya sıçramasında maraqlı olan qüvvələrin fəallaşması istisna edilmir.

Məsələnin maraqlı tərəflərindən biri budur. Orta Asiyaya geosiyasi təsirlərin artması stratejidə ciddi faktor sayılır. Çünki bu məkandan Uzaq Şərq nəhənglərinə birbaşa çıxış var. Həmin nəhənglərdə Çin və Hindistan Qərbi narahat edir. Onların inkişafına nəzarət məsələsi üzərində Qərb ekspertləri çoxdan işləyirlər. İndi çox şey Orta Şərqdə geosiyasi vəziyyətin durulmasına və İraq probleminin tam həll edilməsinə bağlıdır. Əgər bu məkanda prosesləri nəzarətə ala bilsələr, sonrakı mərhələ üçün bütün güclərini işə salacaqlar.

Deməli, müəyyən mənada Xəzər hövzəsi Uzaq Şərq yolunda aralıq məntəqə rolunu oynamaqdadır. Xəzərin statusuna bu prizmadan baxanda onun daha mürəkkəb bir situasiyaya pərçimləndiyini görmüş oluruq. Məsələ kifayət qədər həssas məzmun kəsb etmiş olur. Bu həssaslığın necə keçiləcəyi isə aydın deyil. Hələlik hövzəyə əlavə hərbi qüvvə cəmləşdirirlərsə, ilk növbədə bölgə dövlətləri üçün problemlər yaratmaq xəttinin gündəmdə olduğunu deyə bilərik. Görünür, burada əsas geosiyasi faktor kimi Qafqazdakı durumun necə dəyişməsini götürmək lazım gələcək.

Ancaq bunun əksini də nəzərdən qaçırmaq olmaz - Xəzər Qafqaza ciddi təsir edəcəkdir. Situasiyanın bu məzmun kəsb etməsi isə bölgənin geosiyasi mənzərəsinin daha çox məchullu tənlikli bir modelə keçməsi ilə müşaiyət olunduğunu ifadə edir.
Şahin Məhəmmədoğlu
butovaz

Hiç yorum yok: