azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

20 Ağustos 2008 Çarşamba

“Ergenekon”un Azərbaycan izləri...


“Ergenekon”un Azərbaycan izləri...



Varmı, yoxmu?

Türkiyədə “Ergenekon” əməliyyatı adı altında keçirilən həbslər təkcə bu ölkənin yox, bütün dünyanın, xüsusilə də Azərbaycanın marağına səbəb oldu.


Qeyd edək ki, bu əməliyyatın gedişində istefada olan üç general da daxil olmaqla, xeyli sayda tanınmış şəxslər həbs edilib. Həbs edilənlər arasında Türkiyədə milliyyətçi siyasi kəsimə daxil olan tanınmış simalar, o cümlədən jurnalistlər də var. Bu insanları terror təşkilatı qurmaqda, dövlət çevrilişinə cəhddə və sair cinayətlərdə ittiham edirlər.

Lent.az isə məsələnin Azərbaycanınla bağlı hissəsini araşdırıb. Ölkəmizdə bu məsələyə olan diqqəti təkcə maraqla məhdudlaşdırmaq olmaz. Bu iş üzrə prokurorların hazırladığı təqribən 2455 səhifəlik ittiham aktında Azərbaycanla bağlı xeyli məqamlar qeyd olunub, adlar çəkilib. Həm də Türkiyədən adı çəkilən adamları böyük bir qismi Azərbaycanda da tanınırlar. Yazıda bu böyük prosesin Azərbaycan üzrə mümkün təsirlərini və ehtimal olunan izlərini araşdırmağa çalışdıq.

Ondan başlayaq ki, əməliyyata qoyulan ad çox diqqət çəkir. Ergenekon – türklər üçün müqəddəs anlayışdır. Ergenekon – türk qövmünün ilk yurdu kimi qəbul edilir. Əfsanəyə görə, türklər orada düşməndən yayınıb, bir millət olaraq salamat qalıblar. Qədim türk mifoloji və ədəbi nümunələrində belə deyilir: “Ergenekon - yurdun adı, Börteçine - qurdun adı”. Belə hesab olunur ki, Boz qurd Tanrı tərəfindən yerə endirilib və türk qövmünün sağ qalmış üzvlərinə xilas yolunu göstərib. Əfsanə öz yerində...

Yerli və Türkiyə mətbuatından və şəxsi kanallardan aldığımız məlumatlar onu göstərir ki, söhbət şərti olaraq “Ergenekon” adlandırılan böyük bir şəbəkədən, faktiki olaraq “dövlət içində dövlət” hesab edilən, az qala mifik gücə mailk olduğu iddia edilən bir qurumdan gedir. Bunu heç bir şişirtməyə yol vermədən söyləmək olar. Bu qurum üçün söylənilən qayə də göstərir ki, nəzəri cəhətdən Azərbaycan, hətta Orta Asiyanın türk dövlətləri belə bu qurumun maraq və fəaliyyət dairəsindən kənarda qalmamalıdır. Əgər vəziyyət belədirsə, onda “Ergenekon”un Azərbaycanda hansı izləri ola bilər?

LEQAL İNFORMASİYALAR

Azərbaycan və Türkiyənin kütləvi informasiya vasitələrində bu mövzuya dair ölkəmizin adı bir neçə planda çəkilir. Əsasən Azərbaycanın adı müxtəlif telefon danışıqlarında kimlərinsə adının çəkilməsi və ya telefon danışıqlarının izlənilməsi ilə yadda qalıb. Bura Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan hakimiyyətinə və müxalifətinə mənsub olan konkret şəxslərin, ictimai-siyasi xadimlərin adları aiddir. Konkret adlar arasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Türk Strateji Araşdırmalar Mərkəzinin (TÜSAM) eksperti Cavid Vəliyev, kimliyi hələ də bilinməyən Mərziyyə Binnətova kimi şəxslərin adına rast gəlirik. Vəssalam. Bu şəxslərin Ergenokon adlı qurumla hansı əlaqəsinin olması və konkret nə kimi fəaliyyət göstərməsini isə açıqlamayıblar. Ortada yalnız kiminsə adının kiminsə dilindən səslənməsi və ya telefon danışıqlarının stenoqramı var. Yalnız bununla məhdudlaşan rəsmi informasiyalar "Ergenekon"un Azərbaycanda hansısa izlərinin olduğunu söyləməyə kifayət edirmi?

Ondan başlayaq ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da bu prosesdə təqsirləndirilən şəxsləri dəstəkləyən və ittihamın mövqeyindən çıxış edənlər var. Məsələn, yerli KİV-də Türkiyəyə yaxınlığı ilə tanınan bəzi jurnalistlərin hazırladığı materiallarda və televiziya xəbərlərində əsasən ittiham tərəfinin mövqeyi səslənir. Lakin bəzi yerli qəzetlər, əsasən də “Yeni Müsavat” qəzeti fərqli rakursdan çıxış edir. Bu qəzetin məsələyə yanaşmasında həbs edilən şəxslərə açıq dəstək verilir, onların fəaliyyəti müdafiə olunur. Hətta qəzetin baş redaktoru Rauf Arifoğlunun adı yerli qəzetlərdən birinin manşetində “Ergenekon”la əlaqədə də çəkilmişdi. Baş redaktorun özü isə bu təşkilat və ya əməliyyatla hər hansı əlaqəsinin olması barədə deyilənləri yalanladı: “Ergenekon” dosyesi ortadadır. Onu əvvəldən axıra qədər oxumuşuq. Orada mənim adım yoxdur, lakin qəzetimizin adı var. İttiham aktında adı dəstənin başçısı kimi hallandırılan general Vəli Kiçiyin kompüterində, yazıları arasında bizim qəzetin məqalələrinə rast gəlinib. Ümumiyyətlə, bu dosye yığma publisistik bir arxivdir. Burda hər şeyə rast gəlmək olar. İttiham edilən şəxslərin bir il ərzində kimlərlə nə danışmasını, danışıqlarda kimlərin adının çəkdiyini bu dosyeyə əlavə ediblər. Mənim adım yoxdur, hətta mən bəzi məqamlarda buna təəssüflənirəm. Çünki hamı məni millətçi kimi tanıyır. “Ergenekon”çular arasında da xeyli millətçilər var. Mən Türkiyədə millətçilərin siyasi qanadı ilə təmasdayam. Hərbi qanadı ilə münasibətim çox məhduddur”.

Rauf Arifoğlu şəxsi məlumatlarına əsaslanaraq bildirir ki, ümumiyyətlə, “Ergenekon” bir struktur halında deyil. Onun sözlərinə görə, bu, Türkiyədə bir-birini tanıyan və millətini çox sevən insanların münasibətlər sistemidir. Baş redaktorun fikrincə, bu münasibətlərdə Türkiyə ilə bağlı narahatlıqlar, Cümhuriyyət quruluşunun dəyişdirilməsi təhlükəsi və bu təhlükənin qarşısını almaq üçün hansı addımların atıla bilməsi düşüncələri öz əksini tapıb. Bu baxımdan da həmsöhbətim bu işi qondarma hesab edir. Eyni zamanda, açıq söyləyir ki, bu işlə bağlı tutulan insanlar Azərbaycanın kisəsindən gedib: “Azərbaycanla bağlı müsbət düşüncələri, narahatlıqları olan, ermənilərə qarşı barışmaz xətt yürüdən ordunun əhəmiyyətli fiqurları hazırda içəridədir. Vəli Kiçik Paşa Azərbaycan kökənlidir. Hətta özünün bildirdiyinə görə, eks-prezident Əbülfəz Elçibəyin uzaq qohumudur. Bu baxımdan, mən onun alıb-verdiyi nəfəsə qədər Azərbaycanla bağlı olduğuna əminəm. Şəxsən münasibətim olmayıb, lakin ortaq dostlarımız var. Belə insanların sıxışdırılmasını Azərbaycan üçün ziyanlı hesab edirəm”.

Rauf Arifoğlu hesab edir ki, Türkiyədə “Ergenekon” işində ittiham edilən millətçilər məhkəmədən azadlığa çıxacaqlar: “Onların ermənilərə qarşı əməllərini bəlkə də kimlərsə cinayət hesab edə bilər. Amma onları Ermənistan hökuməti ittiham etmir. Söhbət Türkiyədən gedir”.

Bununla yanaşı, Azərbaycan cəmiyyətinin bu hadisəyə reaksiyası baş redaktoru qane etmir. O, deyir ki, bu hadisələr başlayarkən yalnız Müsavat Partiyasının başqanı İsa Qəmbər və Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlının müdafiə bəyanatlarına rast gəlib. Hansı ki, baş redaktorun iddiasına görə, Vəli Kiçik Paşa Azərbaycanda bir neçə nəşrə maliyyə dəstəyi də verib. Bu istiqamətdəki fəaliyyətində isə ona hazırda Türkiyədə yaşayan Xanım Xəlilovanın bələdçilik etdiyi bildirilir. Hətta bəzi məlumatlara görə, X.Xəlilovanın Vəli Kiçik Paşa ilə ailəvi dostluq münasibətləri də olub. Bundan başqa, baş redaktorla söhbətimizdən bəlli oldu ki, Paşanın ölkəmizdəki bir çox tədbirləri maliyyələşdirməsi, hətta bir neçə siyasi təşkilata seçkilər ərəfəsində ciddi dəstək verməsi haqda bilgilər var.
Rauf Arifoğlu deyir ki, “Yeni Müsavat” qəzeti belə bir yardımlar almayıb. Amma buna baxmayaraq, onları müdafiə edir.

Yuxarıda maliyyə yardımı ilə bağlı səsləndirdiyimiz fikirləri də bu proseslə bağlı yayılan

QEYRİ-LEQAL İNFORMASİYALAR

silsiləsinə aid etmək olar. Bu kateqoriyaya isə şayiələrdən tutmuş, qara piar elementlərinə qədər, hətta əfsanə sayıla biləcək mülahizələr daxildir. Məsələn, AXC dövrünün, Əbülfəz Elçibəy hakimiyyətinin və indiki müxalifətin müxtəlif simalarının bu şəbəkəyə bağlılığı iddia olunur. Bunlar yalnız iddia olduğu üçün konkret ad çəkmək istəmirik. Ancaq başqa tərəfdən, “Ergenekon” işi üzrə suçlu bilinərək həbs edilən adamların bir çoxunun ölkəmizə səfəri, burada keçirdikləri rəsmi və qeyri-rəsmi görüşlər barədə çoxlu məlumatlar var. Hətta bu kateqoriyaya aid olan ən ciddi məlumat general Vəli Kiçik Paşanın Azərbaycana səfərləri, Ə. Elçibəy hakimiyyəti dövründə Qarabağın müdafiəsinə dolayısı yolla da olsa dəstək verməsi ilə bağlıdır. Bəs bu cür qeyri-leqal informasiyalar əsasında hansı fikirləri irəli sürmək olar? Adları ittihamnamədə çəkilən Azərbaycan vətəndaşlarının “Ergenekon” adlanan təşkilatda yer alması mümkündürmü? Onların əməli cinayət hesab olunurmu? Bu suallarla müraciət etdiyimiz bir çox ekspertlər deyirlər ki, əgər Azərbaycan vətəndaşlarının əməllərində hər hansı cinayət əməli hiss olunsaydı, Türkiyə hüquq-mühafizə orqanları ən azı ölkəmizə rəsmi sorğu göndərərdilər. Bundan başqa, Türkiyə və Azərbaycan güc strukturları arasında bağlanan müqaviləyə əsasən, türk istintaqçılarının burada həmin insanları dindirmək, başqa istintaq hərəkətləri keçirmək imkanları var. Belə bir hadisə olubmu?

TÜRKİYƏ RƏSMİ MÜRACİƏT ETMƏYİB

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən (MTN) belə bir müraciətin olmadığını dedilər. MTN-nin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Arif Babayev bildirdi ki, ümumiyyətlə, “Ergenekon” məsələsi Türkiyənin daxili işi olduğu üçün bu məsələyə aid heç bir şərh vermirlər. O ki qaldı Azərbaycan vətəndaşlarının bu məsələdə iştirakına, bu barədə idarədə heç bir məlumat yoxdur.

Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat attaşesi Bülent Uğurla da söhbətimiz oldu. Cənab Uğur qeyd edir ki, Türkiyə hakimiyyəti tərəfindən səfirliyə bu işlə bağlı və konkret adı çəkilən şəxslərə dair hər hansı araşdırma aparmaq, hüquq-mühafizə orqanlarına müraciət etməyə dair heç nə bildirməyiblər.

İndi gələk bu işdə adı çəkilən həmyerlilərimizə. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məzuniyyətdədir. Komitənin şöbə müdiri Elşad Miraləm isə deyir ki, Nazim İbrahimovun həbs edilən insanlarla hər hansı bir əlaqəsindən söhbət gedə bilməz: “Sadəcə, Vəli Kiçik Paşa ilə Nazim İbrahimov eyni tədbirdə müxtəlif istiqamətlərdən aldıqları dəvətlə iştirak ediblər. İttihamnamədə əlaqəyə dair heç nə yoxdur”.

Həqiqətən də ittiham aktında general Vəli Kiçiklə Türkiyənin “mafiya babası” kimi tanınan Sedat Peker arasında telefon danışığının stenoqramı verilir. Həmin telefon danışığı zamanı Vəli Kiçik deyir ki, Dünya Azərbaycanlıları Konqresinin qurultayından təzəcə qayıdıb: “Azərbaycandan, Qazaxıstandan, İrandan istədiyimiz adamların bu qurultaya qatılmasını təmin edə bildik. Çox yaxşı toplantı oldu, ağırlığımı qoyan kimi istədiyimiz nəticə əldə edildi. Azərbaycandan bu işlərə baxan Nazim (Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov – müəl.) də gəlmişdi”. Vəssalam. Nazim İbrahimovla bağlı ad yalnız bir dəfə, bu şəkildə çəkilir.

İttiham aktında adları çəkilən Mərziyyə Binnətova, Cavid Vəliyev adlı şəxslərin kimliyi isə bilinmir. Daxili İşlər Nazirliyinə müraciət etsək də, onlar bu vəziyyətdə belə isimli şəxslərin tapılmasında bizə kömək edə bilməyəcəklərini dedilər. Tamamilə mümkündür ki, bu cür insanlar ümumiyyətlə, olmasın, yaxud adlar şərti olaraq istifadə edilsin. Çünki Vəli Kiçik Paşanın burada tanıdığı bir neçə şəxsə müraciətimizdə bizə bildirdilər ki, bu adda insanlar olsaydı, onlar mütləq tanıyardılar.

“ONLARI MƏHKƏMƏYƏ VERƏCƏYƏM”

Geridə iki xanımın adı qalır. Bunlar Türkiyədə yaşayan Xanım Xəlilova və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdır. Türkiyəyə telefon açıb Xanım Xəlilova ilə də danışdıq. X.Xəlilova mövzunu eşidən kimi bildirdi ki, bu məsələyə qətiyyən qarışmaq istəmir: “Bu, bir dövlət işidir. Mən necə qarışa bilərəm ki?” Ondan Vəli Kiçik Paşa ilə münasibətlərinə dair soruşduqda da bildirdi ki, bu barədə heç nə söyləməyəcək”.

Tənzilə Rüstəmxanlı isə mövzu ilə əlaqədar geniş açıqlama verdi. Əvvəlcə qeyd edək ki, “Ergenekon” ittihamnaməsində xanım Rüstəmxanlının adı bir neçə dəfə çəkilir. İstintaq onun “Ergenekon”çu kimi həbs edilənlərlə telefon danışıqlarını nəzarətdə saxlayıb. Bu telefon danışıqları zamanı cinayət predmeti hesab ediləcək hər hansı bir məqama rast gəlinmir.

Tənzilə xanım söhbətimizə ondan başladı ki, həbs olunanlar arasında illər ərzində tanıdığı, əməkdaşlıq etdiyi insanlar var: “Həbs edilənlərin çoxunun cinayət törətməsinə kəsinliklə inanmıram. Mən bu insanların türk millətinə və dövlətçiliyinə çox sağlam tellərlə bağlı olduqlarını görmüşəm, buna inanmışam. İllərlə biz bu adamlarla birlikdə Azərbaycanın, türk dünyasının müdafiəsinə qalxmışıq. Xeyli sayda konfranslar keçirmişik və ailə dostluqları əmələ gəlib. Nə tədbirlər zamanı, nə də baş-başa qaldığımız, heç kimin bizi dinləmədiyi zamanlarda belə bu adamların dilindən “Ergenekon” adlı bir təşkilatın mövcudluğunu eşitməmişəm. Ona görə də inandığım bir şeyin arxasında bu cür israrla dayanmaqda davam edəcəm. 15 il tanıdığım, hazırda həbsdə olan Sevgi Erenerol necə ola bilər ki, cinayət törətmək istəsin? Onun dilindən yalnız bunları eşitmişəm ki, hansı xarici qüvvələr burada nələr etmək istəyiblər. İlk dəfə olaraq mətbuata açıqlayım ki, Sevgi Erenerol 2003-cü il prezident və 2005-ci il parlament seçkilərində Corc Sorosun ölkəmizdə narıncı inqilab etmək planlarını açıqlamışdı. Sevgi xanım deyirdi ki, hakimiyyəti dəyişmək istəyirsinizsə, buna özünüz nail olun, yoxsa xarici qüvvələr burada gəlib öz maraqlarını dövlətə daşıyacaqlar. Bu qadın kökləri Türkiyə tarixinə bağlıdır. Onun babası Türkiyə tarixində çox önəmli rol oynayıb. O, xarici fondların ölkələrdə hansı əməllərdən çıxması barədə kitab yazdı, sonra onu Azərbaycan türkcəsinə çevirib bura göndərdi ki, qoy millətiniz bunların işlərindən xəbərdar olsun”.

T.Rüstəmxanlının dediyindən belə çıxır ki, ilk dəfə Türkiyədə Taksim meydanında Qarabağla bağlı etiraz aksiyasını Sevgi Erenerol təşkil etdirib. Sevgi Erenerol bir xirstian türküdür. Onun babası Papaeftimin qəbrinin üzərində Mustafa Kamal Atatürkün dilindən yazılıb ki, bu insan Türkiyənin qurtuluş savaşında millətə bir ordu qədər xidmət edib: “Həbsdə olan adamlar arasında Robert Köçəryana Xocalı faciəsi ilə əlaqədar Türkiyə məhkəmələrində cinayət işi açdıran, Türkiyədə Xocalı ili elan edən, Azərbaycanın müdafiəsinə təkcə öz ölkələrində yox, həm də xaricdə qalxan insanlar var. İndi kim uduzdu?”

Konkret Vəli Kiçik Paşaya gəldikdə isə xanım həmsöhbətim bildirir ki, onu Azərbaycanda ən son tanıyan insanlardan biri olublar. Münasibətləri general DAK-a gəldikdən sonra yaranıb. Və bu insanı Azərbaycanı çox sevən bir insan kimi tanıyıb. Xanım Rüstəmxanlı deyir ki, bu adamların həbsindən sonra Türkiyə gündəminə tamam başqa məsələlər gəlir və ermənilərin əli-qolu açılır: “Türkiyədə hakimiyyətdə olan partiyanın millət vəkili Avropa Şurasında çıxış edib bildirir ki, niyə biz Azərbaycana görə Ermənistanla münasibətləri birdəfəlik pozmalıyıq, Qarabağ Azərbaycanın daxili məsələsidir”.

Söhbətimiz zamanı istintaq materialları arasında yer alan telefon danışıqlarına da toxunduq. Tənzilə xanımın sözlərinə görə, bu danışıqların açıqlanması bir daha göstərəcək ki, münasibətlər yalnız Azərbaycanın müdafiəsi zəminində olub: “O qədər eybəcər bir ittiham hazırlayıblar ki, orada 12 yaşlı qızım Aydan Rüstəmxanlı Sevgi Erenerolun Azərbaycandakı nümayəndəsi kimi qeyd olunub. Nədir ki, onlar bir ailə dostumuz olaraq zəng edib danışıblar. İndi məktəbli qızımın adını cinayət ittihamnaməsində çəkənlərə qarşı məhkəmədə iddia qaldıracam. Övladıma psixoloji təzyiq edilib”.

Tənzilə xanım onu da deyir ki, Türkiyədən bu günlərdə qayıdıb. Bu məsələni nə orada, nə də ki, Bakıda heç bir rəsmi orqan onunla araşdırmayıb. O hesab edir ki, onun hər hansı bir suçu olsaydı, ondan ən azı bir izahat alardılar. Eyni zamanda bildirir ki, əgər həbsdə olan şəxslərin Azərbaycanda hansısa qanunsuz əməli olsaydı, bunu mütləq rəsmi şəkildə araşdırardılar. Artıq istintaq bitib. Və bu istintaqın ölkəmizlə bağlı hər hansı araşdırma aparacağı hiss olunmur.

Xüsusi olaraq lent.az üçün hazırladı:
Səbinə Əvəzqızı

Hiç yorum yok: