azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

23 Ağustos 2008 Cumartesi

Ermənilər müharibəyə hazırlaşır


Azərbaycanın Dağlıq Qarabağdakı separatçı rejimi hakimiyyətdən kənarlaşdırmaq və işğal altında olan torpaqlarını azad etmək uğrunda hərbi əməliyyatlara başlamaq ehtimalının qarşısını almaq üçün İrəvan müdafiə qabiliyyətini sürətlə artırır. MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Sipər-2008" hərbi təlimlərinin Ermənistanda keçirilən dördüncü mərhələsi də məhz bu məqsədə xidmət edir.
Marşal Baqramyan adına poliqondakı təlimlərdə Rusiya, Tacikistan və Ermənistanın 2167 hərbçisi iştirak edib. Təlimlərə zirehli texnika, artilleriya, zenit-raket qurğuları, hava hücumundan müdafiə sistemləri, "MiQ-29" və "Su-25" qırıcıları, "Mi-24" və "Mi-8" hərbi təyyarələri cəlb olunub.
Təlimləri Ermənistan prezidenti Serj Sərkisyan, xarici işlər naziri Edvard Nalbandyan, KTMT-nin baş katibi Nikolay Bordyuja, habelə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistanın müdafiə nazirləri izləyiblər.
KTMT baş katibliyinin mətbuat xidmətindən "Ekspress"ə verilən məlumata görə, "Sipər-2008" birgə komanda-qərargah təlimləri dörd mərhələdən ibarətdir və təşkilatın tarixində ilk dəfə olaraq üç səviyyədə keçirilir.
"Bu strateji, operativ və taktiki səviyyələr olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bütün regionları əhatə edir. İyulun 22-də Ermənistanda başlanan təlimlərin ikinci mərhələsi iyulun 30-31-də Moskvada keçirilib. Ermənistanda təşkil edilən üçüncü mərhələ zamanı bu ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasının birgə təşkili ilə bağlı məsələlər nəzərdən keçirilib. Dördüncü, "fəal faza"da isə potensial aqressora qarşı bilavasitə hərbi əməliyyatlar zamanı qoşunların idarəolunması ilə bağlı məsələlər həll olunub", - KTMT-nin mətbuat xidmətindən əməkdaşımıza bildirdilər.
Moskvanın təşəbbüsü ilə 1992-ci ilin mayında yaradılmış KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.
Dünən Ermənistandakı "Sipər-2008"-lə bağlı əldə etdiyimiz məlumatlara görə, "birgə komanda-qərargah manevrləri" kimi gurultulu ada malik bu təlimlərdə erməni ordusunun II və IV korpuslarının birləşmələri, Gümrüdəki 102-ci hərbi bazadakı rus hərbçiləri və Tacikistandan gətirilmiş desant manqası iştirak ediblər.
Rusiyanın tanınmış hərbi ekspertlərindən biri, Rusiya Müharibə və Müdafiə Problemləri İnstitutunun analitiki Aleksandr Qoltsun dediyinə görə, Ermənistan "Sipər-2008" təlimləri vasitəsilə Azərbaycanla mümkün müharibəyə hazırlaşır.
"Gürcüstandakı hadisələrdən sonra Ermənistanda qəribə əminlik yaranıb ki, Dağlıq Qarabağ problemini həll etmək üçün Azərbaycan hərbi əməliyyatlara başlamayacaq. Lakin bununla belə, ermənilər müdafiə imkanlarını artırmaq, ən başlıcası isə Azərbaycanla hərbi əməliyyatların başlayacağı təqdirdə döyüşlərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək niyyətindədir. Bir qədər də konkret desək, Ermənistan ən pis halda Rusiyanın hərbi yardımına və qoşunlarımızın Azərbaycana qarşı vuruşacağına ümid edir. Rusiya üçünsə vəziyyət çox çətin, mürəkkəbdir. Belə ki, Azərbaycan KTMT üzvü olmasa da, MDB-yə daxildir və Rusiya ilə də çox yaxşı münasibətlərdədir. Azərbaycanın Dağlıq Qarabağdakı rejimə qarşı müharibəyə başlayacağı təqdirdə, əməliyyatlara mütləq şəkildə Ermənistan da cəlb olunacaq. Ermənistan rəhbərliyi nə qədər inkar etsə də, bütün dünya bilir ki, Azərbaycanın işğal olunmuş torpaqlarına qarabağlı ermənilər yox, onların "böyük qardaş"ları, yəni Ermənistan nəzarət edir. Ona görə də Azərbaycanla Ermənistan arasında müharibə olarsa Rusiya və KTMT-nin digər üzvlərinin nə edəcəklərini bilmirəm", - A.Qolts söyləyib.
Onun dediyinə görə, hərbi əməliyyatların başlayacağı zamanı KTMT üzvlərinin yekdilliklə Ermənistanın müdafiə qalxması çox şübhəli məsələdir.
Rəsmi İrəvanın dərin narahatlıq içində olmasına Ermənistan prezidenti Serj Sərkisyanın dünənki bəyanatı da dəlalət edir.
KTMT ölkələrinin müdafiə nazirləri ilə görüşündə o, deyib: "Cənubi Osetiyadakı faciəli hadisələr göstərdi ki, Cənubi Qafqazda xalqların öz müqəddaratlarını təyin etmələri uğrunda səylərinin silah yolu ilə alınması cəhdləri çox ciddi hərbi və geosiyasi nəticələr verə bilər. Düşünürük ki, bütün region dövlətləri bunu artıq anlayır. Dağlıq Qarabağa gəldikdə isə, orada yenidən hərbi əməliyyatların başlayacağına inanmaq istəməzdim. Amma Ermənistan hadisələrin istənilən inkişaf variantına hazır olmalıdır".
"Arminfo" agentliyinin dünən yaydığı xəbərdə bildirilir ki, Ermənistanın Azərbaycan ilə sərhədində müdafiə tədbirləri gücləndirilməyə başlayıb. Bununla yanaşı, Ermənistan "potensial düşmənin hava və raket hücumlarını dəf etmək üçün" hava hücumundan müdafiə sistemini inkişaf etdirmək məqsədilə Rusiya ilə Belarusdan yaxın vaxtlarda iki radiolokasiya modulu, 16 zenit-raket qurğusu və "yer-hava" tipli qısa uçuş məsafəli 82 raket almaq niyyətindədir.
Bununla bağlı olaraq Moskva və Minsklə danışıqların gələn həftənin ortalarında başlanması gözlənilir.
Dağlıq Qarabağdakı separatçı rejim də "mümkün hücumun dəf olunması" məqsədilə döyüş hazırlığı və təminatını artırmaqdadır. Sentyabrın ilk ongünlüyündə Ağdam, Fizuli və Ağdərə rayonlarında "Müdafiə Qalxanı" adlı operativ-taktiki təlimlərin təlimlərin başlanması nəzərdə tutulub. Təlimlərdə Dağlıq Qarabağdakı separatçı rejim ilk dəfə olaraq mərkəzləşdirilmiş hava hücumundan müdafiə sistemini sınaqdan çıxaracaq.

Həsən AĞACAN

Hiç yorum yok: