azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

20 Ağustos 2008 Çarşamba

NATO Rusiyanı ciddi sanksiyalarla hədələdi

NATO Rusiyanı ciddi sanksiyalarla hədələdi
QƏRBİN ARTAN TƏZYİQLƏRİNİ DİQQƏTƏ ALAN RUSİYA DÜNƏN AXŞAMÜSTÜ GÜRCÜSTAN ƏRAZİSİNDƏKİ QOŞUNLARINI ÇIXARMAĞA BAŞLAYIB

Rusiyanın Gürcüstana qarşı hərbi təcavüzündən sonra yaranan mürəkkəb vəziyyət regionda geniş maraqları olan Qərb dairələrini proseslərə daha aktiv müdaxilə etməyə vadar edir. Birləşmiş Ştatların sərt bəyanatlarından və Avropa Birliyindən gələn tənqidi çıxışlardan sonra Qərbin əsas güc faktoru - NATO Rusiya ilə münasibətləri əsaslı şəkildə təftiş etmək qərarına gəlib. Dünən Brüsseldə (Belçika) bir araya gələn alyans ölkələrinin XİN rəhbərləri Rusiyanın son hərəkətləri ilə bağlı atılacaq addımları gözdən keçiriblər. NATO Xarici İşlər Nazirləri Şurası ABŞ-ın təşəbbüsü ilə toplanıb və əsas müzakirələr də Amerika tərəfin hazırladığı bəyannamə layihəsi ətrafında gedib. Toplantıda Gürcüstanın XİN başçısı Eka Tkeşelaşvili də iştirak edib, Rusiya tərəfdən isə müzakirələrə heç kim dəvət edilməmişdi.

ABŞ dövlət katibi Kondoliza Raysın təqdim etdiyi sənəddə Rusiyanın Gürcüstana qarşı işğalçılıq siyasətinin pislənməsi, Rusiyanın güc tətbiqinin həddən artıq sərt addım kimi qiymətləndirilməsi, Gürcüstanın ərazi bütövlüyü prinsipinin dəstəklənməsi, Rusiyaya qarşı siyasi sanksiyaların tətbiqi kimi məsələlər yer almışdı. Moskvaya qarşı mümkün sanksiyalar arasında NATO-Rusiya Şurasının fəaliyyətinə xitam verilməsi, Rusiya ilə kollektiv təhlükəsizlik sahəsində əməkdaşlığın dayandırılması kimi addımlar var.

"Rusiyanın Gürcüstanda həyata keçirdiyi hərbi aksiya mövcud vəziyyətə qeyri-proporsional olmaqla yanaşı, bu ölkənin regionda oynamaq istədiyi sülhyaratma missiyasına tamamilə ziddir", - deyə toplantının bəyannaməsində vurğulanır. Alyansın Rusiyadan ilk tələbi isə bu ölkənin Gürcüstan ərazisindəki hərbi qüvvələrini qeyd-şərtsiz və təcili çıxarması ilə bağlıdır.

Məlum olduğu kimi, avqustun 8-də Cənubi Osetiyada müharibənin alovlanmasından sonra bölgəyə çoxlu sayda ordu hissələri yeridən Rusiya gürcü qüvvələrini təkcə bu ərazidən deyil, həm də Cənubi Osetiya və separatçı Abxaziya yaxınlığındakı şəhərlərdən vurub çıxararaq ölkənin böyük bir hissəsini faktiki işğal etmişdi.

Fransa prezidenti Nikola Sarkozinin vasitəçiliyi ilə tərəflər arasında avqustun 12-13-də əldə olunmuş atəşkəs razılaşmasına görə, Rusiya qoşunlarının Gürcüstan ərazisini tərk etməsi nəzərdə tutulsa da, Moskva bu razılaşmaya əməl etməyə tələsmir.

ABŞ dövlət katibi Rays NATO toplantısı öncəsi Rusiyanı bir daha Gürcüstana qarşı təcavüzə son qoymağa çağıraraq əks təqdirdə bu ölkənin alyansdan "çox ciddi xəbərdarlıq" alacağını bildirmişdi: "Rusiya çox təhlükəli oyun oynayır və Qərb Rusiyaya Şimali Qafqaz münaqişəsində qarşısına qoyduğu strateji hədəflərə nail olmağa imkan verməyəcək". Rusiyanın Gürcüstana müdaxiləsini demokratiyaya hücum kimi dəyərləndirən Rays bu addımın bütövlükdə region əhalisinin gözünü qorxutmağa hesablandığını vurğulayıb. O nəzərə çatdırmışdı ki, NATO toplantısında Rusiya rəhbərliyini Gürcüstandan qoşunları çıxarmaq barədə öhdəliyə əməl etməyə inandırmaq yolları müzakirə olunacaq.

Alyansın Rusiyaya xəbərdarlıq addımları sırasında Gürcüstanın NATO-ya qəbulu da gözdən keçirilir. Artıq Qərbdə əksər dairələr bu qənaətdədir ki, bu ilin aprelində NATO-nun Buxarest sammitində Gürcüstana (və Ukraynaya) Üzvlük Üçün Hazırlıq Planının verilməməsi Rusiyanın ambisiyalarını şirnikləşdirib və bunun nəticəsi də göz qabağındadır.

Dünənki müzakirələrin yekunu olaraq alyans üzvləri Gürcüstanı öz sıralarına qəbul etmək niyyətlərini bir daha bəyan ediblər. Bununla belə, bunun nə vaxt gerçəkləşməsi məsələsində alyans daxilində müəyyən fikir ayrılığı qalmaqdadır. ABŞ, onun Avropadakı ən yaxın müttəfiqi Britaniya, eləcə də əksər Şərqi Avropa ölkələri (Çexiya və Slovakiyanı çıxmaqla) Gürcüstanın (eləcə də Ukraynanın) ən yaxın vaxtlarda NATO-ya qəbuluna tərəfdar olsalar da, Almaniya, İtaliya və Fransa bu məsələdə tələskənliyin və Rusiyaya qarşı sərt addımların bütövlükdə Avropanın təhlükəsizliyi üçün mənfi nəticə doğuracağından ehtiyatlanırlar. Rusiyadan ciddi şəkildə enerji (neft-qaz) asılılığı olan ölkələr Rusiya ilə münasibətlərin kökündən korlanmasını istəmirlər. Böyük Britaniyanın XİN başçısı Devid Milibend də bildirib ki, onun ölkəsi Rusiyanın təcridinə qarşı çıxır və onunla əməkdaşlığı real variant sayır. Eyni zamanda, o, Gürcüstanın NATO-ya qəbulu məsələsində alyansda prinsipial fikir ayrılığının olmadığını deyib.

Dünənki toplantının yekununda NATO-Gürcüstan komissiyasının yaradılması barədə qərar qəbul olunub. Bu qurum Gürcüstanın alyansa üzvlük prosedurunun sürətlənəcəyinə işarədir. Toplantıda həmçinin NATO-nun Gürcüstanın müdafiə qabiliyyətinin artırılması üçün silah və hərbi texnika göndərməsi məsələsinin də müzakirə edildiyi bildirilir. Lakin ümumilikdə Qərb dairələrində əksər mövqe bundan ibarətdir ki, ABŞ Cənubi Osetiyanı Gürcüstanın tərkibinə qaytarmaq üçün Rusiya ilə açıq mübarizə aparmağa hazır deyil. "The Washington Post" qəzetinin yazdığına görə, Buş administrasiyasının indiki vəziyyətdə gürcülərə göstərəcəyi ən böyük kömək bu ölkənin NATO-ya qəbuluna nail olmaqdır.

NATO-nun Moskva ilə necə davranmaq yollarını müzakirə etdiyi vaxtda Rusiya qoşunlarının, nəhayət, Gürcüstan ərazisini tərk etməyə başladığı barədə xəbərlər yayılıb. "Reuters"in məlumatına görə, dünən axşamüstü Rusiya tankları Qori şəhərini tərk etməyə başlayıblar. Rusiya hərbi komandanlığından qoşun hissələrinin Qori-Sxinvali-Vladiqafqaz (Şimali Osetiya) marşrutu ilə geri çəkiləcəyi bildirib. Lakin bu prosesin nə vaxt yekunlaşacağı bildirilmir. Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedyev bazar günü Fransa prezidenti Nikola Sarkozi ilə telefon danışığı zamanı qoşunların avqustun 18-dən etibarən Gürcüstan ərazilərindən geri çəkiləcəyinə dair növbəti vəd vermişdi. Hələlik Rusiya qüvvələri işğal edilmiş Qori şəhərində, habelə Tbilisinin 35-40 km-dəki Senaki, Zuqdudi, Xaşuri və Potidə qalmaqda davam edir.

Dünən həmçinin Rusiya və Gürcüstan hərbçiləri 8-12 avqustdakı silahlı toqquşmalarda əsir götürülmüş hərbçilərin mübadiləsi baş tutub. Verilən məlumata görə, Tbilisinin 45 km-də, iki ölkənin hərbi qüvvələrinin üz-üzə dayandığı ərazidə gerçəkləşən mübadilə nəticəsində gürcü tərəfi 5 rusiyalı hərbçini, o cümlədən 2 hərbi pilotu, Rusiya tərəfi isə 15 gürcü hərbçini qarşı tərəfə təhvil verib.

Bu arada Rusiyanın Gürcüstan və Azərbaycanla sərhəd-keçidində məhdudiyyətlər tətbiq etdiyi xəbər verilir. Rusiyanın baş naziri Vladimir Putin imzaladığı sərəncama əsasən, avqustun 18-dən etibarən xarici ölkə vətəndaşları (MDB ölkələrinin vətəndaşları istisna olmaqla) Azərbaycan və Gürcüstan ərazisindən Rusiyaya daxil ola bilməzlər.Rusiya tərəfi bunu beynəlxalq terror təşkilatları üzvlərinin ölkəyə daxil olmasının, silah keçirməsinin və təxribat törətməsinin qarşısını almaq məqsədilə edildiyini bildirib.


Vüqar ORXAN
525

Hiç yorum yok: