ABŞ prezidenti: "İrandakı prezident seçkisinin nəticəsini gözləyək"
Tehranda "islahatçı" Mirhüseyn Musəvi və "mühafizəkar" Mahmud Əhmədinejadın tərəfdarları arasında qarşıdurma baş verib Seçiciləri Qərbyönümlü namizədin əleyhinə səs verməyə çağıran ali dini rəhbər Seyid Əli Xamneyi təlaşa düşüb Orta Şərqdəki proseslərin, eləcə də dünyadakı bir sıra münaqişələrin bu və ya digər dərəcədə İsrail-Ərəb, daha doğrusu, Fələstin münaqişəsiylə bağlılığı dönə-dönə təsdiqini tapıb.
Məncə, Qarabağ münaqişəsinin indiyədək həllini tapmaması da bu və ya digər dərəcədə Orta Şərqdəki münaqişəylə bağlıdır. Çünki, Avropanın ortasındakı, hazırda müəyyən qədər həllini tapmış Bosniya-Herseqovina və Kosova münaqişələrindən fərqli olaraq, Qafqazdakı münaqişələr ABŞ və Avropadan xeyli uzaqdadır.
Ona görə də Qərb (Avropanın ortasından fərqli olaraq) bölgədə nəhəng iqtisadi və geosiyasi maraqları olsa belə uzaqbaşı münaqişələrin "dondurulması"na üstünlük verir.
Amma ötən ilin avqustunda Rusiyanın Gürcüstana müdaxiləsi göstərdi ki, bu "dondurulmuş münaqişələr" hərdən çox təhlükəli şəkildə "əriyir". Hər dəfə ABŞ-ın, Avropanın sərhədlərindən bir qədər uzaqdakı münaqişələrin həlli məsələsi gündəmə gələndə İsrail-Fələstin münaqişəsi hər baxımdan digər münaqişələri kölgə altında qoyur, başqa müharibələrə, ziddiyyətlərə diqqəti zəiflədir. Amma onu xüsusi vurğulamağı vacib sayıram ki, İsrail-Ərəb münaqişəsi, bu proses ətrafındakı hadisələr İranın, dolayısı ilə bu ölkədə, öz tarixi torpaqlarında yaşayan 30 milyondan çox Azərbaycan türkünün, 5 milyondan çox digər türk xalqlarının da taleyilə bu və ya digər dərəcədə bağlıdır.
Birləşmiş Ştatların yeni prezidenti Barak Obamanın zamanında da Orta Şərq siyasətinin əsas konturları yenidən İsrail-Fələstin münaqişəsinə uyğun biçimlənir.
Roma papası XIV Benediktin bir neçə gün əvvəl bölgəyə səfəri, Holokost qurbanlarının xatirəsini yad etməklə yanaşı, faktiki olaraq Fələstin dövlətinin yaradılmasını dəstəkləməsi, Qüdsdəki Axirət kilsəsindəki dini mərasimi idarə etməsi və s. bəyanatları yeni reallıqların yaranmasından xəbər verir.
Sanki 2 min ildir ki, yəhudiləri İsa peyğəmbərin çarmıxa çəkilməsində günahlandıran xristianlar müsəlmanların, daha dəqiq desək, fələstinlilərin maraqlarından çıxış edirlər. Elə bil ki, İsa peyğəmbəri Roma canişini Pilata satan (bunu xristianlar iddia edirlər) İudanın hərəkətləri xristianların, xüsusən katolik kilsəsinin yadına indi düşüb.
Roma papası XIV Benediktin bölgəyə səfərindən sonra Vaşinqtona gedən İsrailin baş naziri Benyamin Netanyahu Barak Obamanın təzyiqə bənzər təklifləriylə üzləşib. O, İsrail-Fəələəstin münaqişəsinin "iki xalq üçün iki dövlət" prinsipi əsasında həlli ideyasına sadiq olduğunu bir daha bəyanlayıb və Netanyahuya İranın mövqeyinə baxmayaraq Fələstinlə sülh danışıqlarına başlamağı təklif edib:
"Bunlar bir-birindən ayrı, amma bir-birinə təsir göstərən prosesdir". Danışıqlarda Netanyahu İranın nüvə proqramını gündəmə gətirib. Obama kameralar önündə də aparılmış müzakirələrə xüsusi toxunub: "İran nüvə silahı istehsal etməkdən vaz keçməlidir. İranla yaxınlaşma yolları arayırıq.
Diplomatik əlaqələr üçün konkret təqvimlər müəyyənləşdirməyin anlamı yoxdur. İrandakı prezident seçkisinin nəticəsini gözləyək. Amma önəmli dəyişikliklər görməsək, bu ölkəyə qarşı ilin sonunda daha sərt sanksiyalar tətbiq oluna bilər".
ABŞ prezidenti İsrailin baş nazirinə Qəzza üzərindəki embarqonun yumşaldılmasını, humanitar vəziyyətin düzəldilməsini vacib sayıb, 2003-cü ildə qəbul olunmuş "yol xəritəsi"nə görə Şərqi Şəriədəki yeni yəhudi məskənlərinin tikintisinin dayandırılması öhdəliyini xatırladıb.
Vaşinqtona səfəri zamanı Barak Obamaya tarixi "İncil" hədiyyə edən Benyamin Netanyahu diqqəti İranın nüvə probleminə çəkərək Ağ evin bu problemi həll etməək istiqamətində fəaliyyətini alqışladığını deyib: "Mən İranın nüvə silahı əldə etməməsi üçün Birləşmiş Ştatlar adminstrasiyasının səylərini yüksək qiymətləndirirəm.
İran nüvə silahı əldə edəcəyi təqdirdə bizim hamımız üçün təhlükə yarana bilər". Netanyahu onu da bildirib ki, fələstinlilər öz idarəetmə orqanlarına malik olmalıdırlar. Amma o, mətbuata açııqlamasında müstəqil Fələəstin dövlətinin yaradılması haqqında heç nə deməyib. Netanyahu dəfələrlə təkrarlayıb ki, yeni strategiyasının əsasında sülhə doğru üç (siyasi, iqtisadi və təhlükəsizlik) yaxınlaşma durur.
Mətbuat Birləşmiş Ştatların müdafiə naziri Roberts Geyts və Milli Təhlükəsizlik katibi general Cim Consun qatıldığı Obama-Netayahu görüşündə İsrailin güzəştə yaxın olduğunu vurğulayıb. Fələstin dövlət başçısı Mahmud Abbasın müavinlərindən Hebil Əbu Rdaynah Obamanın açıqlamasından məmnun olduqlarını, amma Netanyahunun isə xəyal qırıqlığı yaratdığını deyib.
Müşahidəçilərin fikrincə, bu yaxınlarda Misirə səfər edən ABŞ prezidenti Barak Obama İslam dünyası ilə dialoqla yanaşı, İsrail-Fələstin münaqişəsi, İranla münasibətlərlə bağlı daha konkret bəyanatlar səsləndirəcək. İranda isə iyunda keçiriləcək prezident seçkiləri öncəsi siyasi vəziyyət gərginləşib.
Artıq növbəti prezident seçkilərində rəsmi qeydiyyata alınmış namizədlərin səlahiyyətləri araşdırılıb və nəticəsi adları qeydə alınmış namizədlərə bildirilib. Nəzarət Şurası şikayətlərə baxaraq, son nəticəni mayın 20-də rəsmi şəkildə bəyanlayacaq.
Prezidentliyə namizədləri Nəzarət Şurası ("Şuraye Negəhban") təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs ali dini rəhbər təsdiqlədikdən sonra status əldə edir.
Ali dini rəhbərdən sonra ikinci səlahiyyətli şəxs olan prezident bütün icra aparatına nəzarət edir, xarici və daxili siyasət kursunu müəyyənləşdirir. İranda indiki prezident Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi, Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq baş naziri Mirhüseyn Musəvi rəsmi qeydiyyatdan keçiblər.
İranın Seçki Komitəsinin məlumatına əsasən, 400 nəfər komitəyə müraciət edərək prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Xatırladaq ki, 2005-ci ildə keçirilən prezident seçkiləri zamanı 1014 nəfər rəsmi qeydiyyatdan keçmiş, İranın Nəzarət Şurası onlardan yalnız 7 nəfərinin səlahiyyətini təsdiqləmişdi.
Bəs, İranın fars-teokratik rejimi ölkədəəki münasibətlərin yumşalmasına imkan verəcəkmi? Barak Obamanın "İrandakı prezident seçkilərinin nəticələrini gözləyək" mesajından nətğicə çıxaracaqmı?
Bu sualların ilkin cavabları tezliklə müəyyənləşəcək. Amma bəri başdan deyək ki, ali dini rəhbər və Xübreqan 1997-ci ildə, demokrat Bill Klintonun prezidentliyi dövründə "islahatçı" Məhəmməd Xatəminin prezident seçilməsinə imkan verdilər. Respublikaçı, sərt xətt tərəfdarı olan Corc Buşun dövründə fars rejimi üçün özünü sərt kimi göstərən Mahmud Əhmədinejadın hakimiyyəti sərf edirdi.
Amma demokrat və İrana əməkdaşlıq əlini uzadan demokrat Barak Obamanın qarşısına yenidən Mahmud Əhmədinejadı və ya onun kimi birini çıxarmaq fars rejiminin quyaya yuvarlanmasını sürətləndirəcək.
Barak Obama dövründə də olmasa da, ondan sonra gələn respublikaçı prezident teokratik rejimlə hərbi yolla danışmaqdan başqa yol görməyəcək. İranın teokratik hakimiyyətinin Barak Obamanın çağırışlarını qəbul edərək "islahatçı" prezident ortaya çıxarması ən azı bu ölkədə Məhəmməd Xatəminin dövründə baş verənlərin təkrarlanmasına gətirib çıxaracaq.
Güney Azərbaycan türklərinin, siyasi təşkilatlarımızın (milli hərəkatımıza, soydaşlarımıza zərbə dəyməməsi şərtilə) yaranan reallıqlardan səmərəli istifadə etməsi vacibdir. Artıq Obamanın sözləri İranda əks- səda verib.
Namizədlərin tərəfdarları arasında münasibətlərin qarşıdurma səviyyəsinə çatması bunun nümunəsidir. Dünən Tehranda, Azad İslam Universitetində "islahatçı" namizəd Mirhüseyn Musəvi və "mühafizəkar" namizəd, indiki prezident Mahmud Əhmədinejadın tərəfdarları arasında qalmaqal, tələbələr arasında qarşıdurma baş verib.
Məlumata əsasən, Musəvinin tərəfdarları Əhmədinejadın tərəfdarlarına hücum çəkərək dava salıblar. Hadisə zamanı Əhmədinejadı dəstəkləyən tələbələrdən bir neçəsi yaralanıb. Yaralananların vəziyyəti qənaətbəxşdir.
Maraqlı ondadır ki, indiyədək siyasi baxımdan mühafizəkarlığı ilə seçilən qurumlar belə bitərəfliklərini bəyanlayırlar. İran Mübariz Ruhanilər Birliyi Mərkəzi Şurasının üzvü Seyid Rza Əkrəmi çərşənbə axşamı bildirib: "Birlik öz əvvəlki mövqeyindədir və prezident seçkilərində bitərəf qalaraq, heç bir namizədi dəstəkləməyəcək.
Namizədlərin ölkədəki mövcud problemlərin həlli üçün yeni həll yolları varsa, əhaliyə bəyanlasın". Seyid Rza Əkrəmi əlavə edib ki, birlik bəyanat yayaraq, əhalini seçkilərdə aktiv olmağa dəvətlə kifayətlənəcək: "Namizədlər öz platformalarını və proqramlarını açıqlamalıdır.
Onlar platformalarını açıqlamaqla əhaliyə səs verməkdə daha düzgün qərar qəbul etməyə kömək edə bilərlər. İnflyasiya, işsizlik, gənclərin ailə qurmalarında qarşıya çıxan problemlər və digər bu kimi məsələlər haqda namizədlər öz proqramlarını açıqlamalıdırlar". Dünən isə İranın ali dini rəhbəri ayətulla Əli Xameneyi seçiciləri Qərbyönümlü namizədə səs verməməyə çağırıb.
Televiziya ilə çıxışında ali dini rəhbər deyib ki, İranın düşmənlərinə təslim olan namizədlər ölkəni rüsvay edirlər və onlar seçilməməlidir. Dini lider bildirib ki, əgər seçicilər beynəlxalq arenada mövqeyinin təmin edilməsi üçün Qərb dövlətlərinə yarınan namizədə səs versələr, bu, ölkə üçün fəlakət gətirəcək. Əli Xamneyi indiki hökuməti "ölkənin problemlərinin həlliylə məşğul olan və xalqa xidmət göstərən hökumət" adlandırıb.
O, İran prezidentinin adını çəkməsə də, dolayı yolla Əhmədinejada dəstək verib: "Elə adama səs verin ki, düşmənlərə və zor deyən dünya fövqəldövlətlərinə boyun əyməsin, onların qarşısında dayanmağı bir dəyər kimi qiymətləndirsin və xalqı biabır etməsin".
Ayətullah Xamneyi prezident seçkisində "islahatçı" namizədlərin qələbəsi təqdirində hökumət qurumlarında vəzifə tutacaq şəxslər barədə xəbərdarlıq edib: "Əgər seçkidən sonra ölkənin müxtəlif siyasi və iqtisadi mərkəzlərində müstəmləkəçi Qərb hökumətlərinə yaltaqlanan şəxslər vəzifəyə gəlsələr, bu, xalq üçün müsibət sayılacaq".
Qeyd edək ki, İranın daxili və xarici siyasətindəki əsas qərarların qəbulunda son sözü ayətullah Xamneyi deyir. İndiyədək onun prezident seçkisində hansı namizədə dəstək verməsi seçkilərin nəticələrində əsas rol oynayıb.
Bu dəfə vəziyyət bir qədər fərqlidir. Seçicilər İranın İraqa çevrilməməsi üçün Xamneyinin sözünə qulaq asmamalıdır. Çünki Obama İrandakı prezident seçkilərinin nəticələrini gözləyir.
Təbriz Quzeyli
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder