Mixail Saakakaşvili: "Biz iki müstəqil dövlətik, lakin Azərbaycanla münasibətlərimiz əslində qardaşcasına konfederativ münasibətlərdir"
Mikayıl Rəhimli: "Azərbaycan, Türkiyə və Gürcüstanın real, konfederativ əsasda münasibətlər qurmaları üçün hər cür imkanlar var"
Mayın 20-də Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıda prezident İlham Əliyevlə görüşüb. Görüşdən sonra hər iki ölkənin rəsmiləri üç sənəd imzalayıblar. Bunlar "Hava əlaqəsi haqda saziş"ə dəyişiklik edilməsi barədə protokol, "Azad ticarət haqqında 1996-cı il tarixli saziş"ə dəyişiklik edilməsinə dair protokol və "Əqli mülkiyyətin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş"dir. Görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Gürcüstan-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir və səfər çərçivəsində aparılan danışıqlar münasibətlərin gələcək inkişafına çox müsbət təkan verəcək.
Ramiz Mikayıloğlu
Dövlət başçısı regional məsələlərə toxunaraq bildirib ki, Gürcüstan və Azərbaycanın birgə icra etdiyi layihələr region üçün çox mühüm əhəmiyyət daşıyır və daha geniş mənada isə beynəlxalq münasibətlərə müsbət təsirini göstərir: "Energetika sahəsində əldə olunmuş uğurlar bir daha təhlil edildi və biz gələcək birgə layihələr haqqında fikir mübadiləsi apardıq. Bu gün Avropanın enerji təhlükəsizliyi məsələləri də müzakirə olundu. Bu yaxınlarda "Cənub dəhlizi" ilə əlaqədar keçirilmiş tədbirdə sizinlə bərabər iştirak etdik və bizim mövqeyimiz də birmənalıdır. Biz həm öz maraqlarımızı müdafiə edirik, həm də bütün tərəfdaşlarımızla energetika sahəsində çox səmərəli əməkdaşlıq edirik. Biz ənənəvi olaraq beynəlxalq təşkilatlarda bir-birimizi müdafiə edirik, bir-birimizi dəstəkləyirik və mən əminəm ki, bu qarşılıqlı dəstək gələcəkdə də davamlı olacaq".
Gürcüstan prezidenti Azərbaycanın demokratik ölkə kimi inkişaf etdiyini bildirib və deyib ki, ölkələr arasında əməkdaşlığın ən vacib istiqamətlərindən biri də iqtisadiyyatdır: "Gürcüstan Azərbaycanla qaz təchizatı haqqında beş illik müqavilə imzalayıb. Bu isə o deməkdir ki, gələn beş il ərzində gürcü xalqı elektrik enerjisini və digər enerji daşıyıcılarını Azərbaycandan alacaq. Biz strateji layihələri həyata keçiririk". Gürcüstan dövlətinin başçısı nəzərə çatdırıb ki, mayın 21-də Bakı-Batumi hava reysinin açılması münasibətilə təyyarə ilə ora gedəcək: "Bu yaxınlarda Batumidə böyük inşaat layihəsinin icrasına da başlanılacaq. Bütün bunlar isə xalqlarımız və ölkələrimiz arasında inkişaf edən əməkdaşlığın nəticəsidir".
Mixail Saakakaşvili Azərbaycan və Gürcüstan münasibətlərini belə qiymətləndirib: "Biz iki müstəqil dövlətik, lakin Azərbaycanla münasibətlərimiz əslində qardaşcasına konfederativ münasibətlərdir". Qeyd edək ki, bir neçə il öncə BAXCP Azərbaycan, Gürcüstan və Türkiyənin Avropa Birliyi modelində birləşməsi təklifini irəli sürüb.
Görüşün yekunlarını müsbət qiymətləndirən BAXCP Ali Məclisinin sədri Mikayıl Rəhimli deyir ki, Gürcüstanın Azərbaycanın, Azərbaycanın da Gürcüstanın müstəqilliyinin möhkəmlənməsində, xarici əlaqələlərin genişlənməsində həyati əhəmiyyəti var. BAXCP də dəfələrlə bunu vurğulayıb. Vaxtaşırı bu əlaqələrin genişləndirilməsi yönündə partiya təkliflər verib. Mikayıl Rəhimli Azərbaycan və Gürcüstanın münasibətlərinin əslində qardaşcasına konfederativ münasibətlər olmasıyla bağlı Mixail Saakaşvlinin söylədiklərini bölüşür: "Bu münasibətləri daha da dərinləşdirmək lazımdır. Nəticədə Azəraycan-Gürcüstan münasibətləri Avropa Birliyi daxilindəki münasibətlər səviyyəsinə qalxmalıdır. Bunun üçün ciddi çalışmalara da ehtiyac yoxdur. Çünki nümunələr, Avropa Birliyi kimi model, münasibətlər sistemi var. Avropa Birliyinin yaranması Avropaya yeni dövlətlərarası münasibətlər gətirib. Biz niyə bunu Cənubi Qafqazda tətbiq etməyək?"
Mikayıl Rəhimli vurğuladı ki, Azərbaycanla Gürcüstanın bölüşə bilməyəcəyi heç nə yoxdur. Azərbaycan və Gürcüstan eyni qnanunlara tabe olan münasibətlər yarada bilərlər. Hər kəsə bəllidir ki, Azərbaycanın Avropa ilə əlaqələri, inteqrasiyası Gürcüstan, Gürcüstanın da Orta Asiyaya, Xəzər dənizinə çıxışı Azərbaycan üzərindən keçir. Bu iki dövlətin yaxın əməkdaşlığı Xəzər və Qara dənizin birləşdirilməsi deməkdir: "Bu da bölgənin inkişafına, əhalinin yaxşı yaşayışına, dövlətlərin möhkəmlənməsinə çox ciddi stimul verə bilər. Bizim Gürcüstanla enerji, avtomobil və dəmiryolu ilə bağlı çox ciddi layihələrimiz, müqavilələrimiz, qarşılıqlı öhdəliklərimiz var. Hər iki dövlət başçısı da mətbuat konfransında vurğuladılar ki, bu günə qədər dövlət olaraq qarşılarına qoyduqları vəzifələri yerinə yetiriblər".
BAXCP Ali Məclisinin sədri xatırlatdı ki, hətta ABŞ və Avropa Birliyi Bakı-Tiflis-Qars dəmiryolunun çəkilişinə qarşı çıxsalar da, Azərbaycan və Gürcüstan dövlət başçılarının iradələri layihənin gerçəkləşdirilməyə başlaması üçün ciddi stimul olub: "Münasibətlərin dərinləşdirilməsindən həm Azərbaycan, həm də Gürcüstan udar. Həm də bu münasibətlərin bu səviyyədə olması qardaş Türkiyə üçün çox önəmlidir. Hesab edirik ki, Azərbaycan, Türkiyə və Gürcüstan münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq üçün bölgədə yetərli potensial var. Real konfederativ əsasda Azərbaycan, Türkiyə və Gürcüstanın münasibətlər qurmaları üçün hər cür imkanlar mövcuddur. Bu, zaman məsələsidir. Bir neçə ildən sonra daha yüksək səviyyəli münasibətlərin formalaşdırılmasının şahidi ola bilərik. Bu günə qədər hər üç dövlətin rəhbərliyinin ortaya qoyduqları iradə davam etdirilməlidir".
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder