22 Mayıs 2009 Cuma
22 may hadisələrindən 3 il ötür . Güneydəki soydaşlarımız bir neçə günlük təpkisi ilə İran adlanan yeri silkələdi
2006-cı ilin 22 mayında Güney Azərbaycanda baş verən hadisələrdən 3 il ötür. Xatırladaq ki, Tehranda çıxan "İran" adlı qəzetdə təhqir xarakterli karikaturaya (türklər "tarakan"a bənzədilmişdi) etiraz olaraq milyonlarla soydaşımız küçələrə çıxıb. Və hadisə ilə Güney Azərbaycan milli hərəkatında yeni dönüş nöqtəsi başlayıb. Aksiyaların kütləviləşdiyini və Güney Azərbaycan sərhədlərini aşaraq bütövlükdə İranı əhatə etdiyini görən Tehran hakimiyyəti aksiyaları xüsusi qəddarlıqla yatırdıb. Nəticədə onlarla gənc və yaşlı həlak olub, yüzlərlə soydaşımız yaralanıb və minlərlə nümayişçi həbs olunub. 22 may hadisələrinin 3-cü ildönümü münasibətilə dünən Dünya Azərbaycanlıları Konqresi (DAK) Daimi Şurasının təşkilatçılığı ilə "22 May hərəkatının mahiyyəti, Güney Azərbaycanın istiqlala aparan yol və son durum" adlı toplantı keçirildi. DAK Daimi Şurasının sədri Əjdər Tağızadə qeyd etdi ki, Güneydəki soydaşlarımız bir neçə günlük təpkisi ilə İranı silkələdi: "Bu ölkənin əsas etnosu olan bir xalqın heysiyyatı ilə oynamağın nə ilə nəticələnə biləcəyini fars rejiminə göstərdi. Əslində bu aksiyalar hansısa qəzet yazısındakı təhqirə cavab deyildi. Onsuz da, fars rejiminin istibdadı altında olan hər günümüz bizə təhqirdir. 22 may üsyanı ilə xalqımız özünün azadlıq istəyini və bu istəyə çatmaq üçün böyük iradəyə sahib olduğunu ortaya qoydu". Ə.Tağızadənin sözlərinə görə, o zaman İran hakimiyyəti məlum hadisələri ABŞ-ın sifarişi kimi təqdim etməyə çalışsa da, onun bu niyyəti alınmayıb: "Sən məni təhqir elə, tarakana bənzət, mən də etiraz edəndə, denən ki, bunun arxasında Amerika durur. Buna kim inanar?". DAK həmsədri, Milli Məclisin üzvü Sabir Rüstəmxanlı 22 may olaylarının ildönümünün Azərbaycanda layiqincə qeyd edilməməsindən, cəmiyyətin belə hadisələrə laqeyd yanaşmasından şikayətləndi. Onun fikrincə, bu gün Azərbaycan cəmiyyəti enerjisi tükənmiş, yorğun insan təsiri bağışlayır. Güneyli Əli Nicat Azərbaycanda o taydan gələnlərin addımbaşı problemlərlə qarşılaşdığını dedi: "Sənədlərimiz yerində deyil, hər an deportasiya olunmaq təhlükəsi var. Bu gün Azərbaycan Respublikasında güneylilərin əfqan qaçqınları qədər hüquqları yoxdur". AMİP lideri Etibar Məmmədov Güney Azərbaycanda gedən proseslərin, aparılan repressiyaların dünyaya çatdırılmasına müasir vasitələrdən istifadəyə ehtiyac olduğunu söylədi: "Artıq qalın tarix kitablarının, uzun-uzadı nitqlərin, serial filmlərin zamanı deyil. Təbliğat üçün ən effektli vasitə yığcam video-süjetlər və kiçik çap məhsullarıdır". "Bizim üzərimizə düşən vəzifə güneyli soydaşlarımıza mənəvi -siyasi dəstək verməkdir", - deyən deputat Fəzail Ağamalı bu işə medianın, QHT-lərin lazımi səviyyədə diqqət ayırmadığını bildirdi. Digər deputat Qüdrət Həsənquliyevsə İsrail prezidentinin Azərbaycana dəvət olunmasına İran rəsmilərinin verdiyi reaksiyaya toxundu: "Deyirlər ki, müsəlman qanını tökən ölkənin prezidentini niyə dəvət etmisiniz? Amma bir-iki həftə əvvəl özləri donuz iyi verən Sarkisyanı qucaqlayıb bağırlarına basırdılar". Q.Həsənquliyev Azərbaycan xalqının iftixarı olan Babəkin abidəsinin "Azadlıq" meydanında ucaldılması təklifini də verdi. Sabiq millət vəkili Hacıbaba Əzimovsa İranın "Səhər-2" telekanalında Azərbaycan dövlətinə qarşı davamlı təxribat işi apardığına diqqət çəkdi: "Bu televiziya iddia edir ki, Azərbaycanda azsaylı xalqlar əzilir, məhv edilir. Bu çıxışı edənlərsə Moskvaya və Tehrana işləyən adamlardır". Tədbirdə 22 may hadisələrini əks etdirən qısa film nümayiş etdirildi. Aqil CAMAL
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder