Dünən İranda prezident seçkisinə qatılacaq namizədlərin adı rəsmən açıqlanıb Dünən İranın Daxili İşlər Nazirliyi rəsmi bəyanat yayaraq iyunun 12-də keçiriləcək prezident seçkisində səlahiyyətləri Konstitusiyaya Nəzarət Şurasında təsdiqlənmiş namizədlərin adlarını açıqlayıb.
Bəyanatda hazırkı prezident Mahmud Əhmədinejad, "Sepah"ın keçmiş komandanı Möhsün Rzayi, İran parlamentinin keçmiş spikeri, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvinin namizədliyinin təsdiqləndiyi bildirilir. Səlahiyyəti təsdiq edilmiş 4 namizədin ciddi rəqibi sayılan İran parlamentinin keçmiş azərbaycanlı deputatı Əkbər Ələminin namizədliyi rədd olunub.
Bəyanatda bildirilir ki, təsdiq edilmiş namizədlər mayın 20-dən rəsmi təbliğatlarını və kampaniyalarını apara bilərlər. Qeyd edək ki, Mahmud Əhmədinejat 2005-ci ilin iyununda keçirilən prezident seçkisində mühafizəkarların əsas namizədi olub və seçki yarışını udub. Mirhüseyn Musəvi azərbaycanlıdır.
1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xamnə şəhərində doğulub. 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnən Musəvi islam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub.
1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. Amma 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub.
Nəticədə Mirhüseyn Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir.
Milli Etimad Partiyasına rəhbərlik edən Mehdi Kərrubi 1937-ci ildə İranın Loristan əyalətinin Əliqudərz şəhərində anadan olub. Milliyyətcə lordur. Şiədir. 1980-ci ildə İran parlamentinə deputat seçilib, sonra isə parlament sədrinin canişini işləyib.
1999-cu ildə İran parlamentinin sədri seçilib. 2005-ci ildə keçirilən prezident seçkisinə qatılan Kərrubi məğlub olduqdan sonra Milli Etimad Partiyasını yaradıb. Möhsün Rzayi "Sepah"ın ilk rəhbəri olub. İslam inqilabından sonra 15 ildən çox bu quruma komandanlıq edib.
Möhsün Rzayinin səsverməyə bir neçə gün qalmış namizədliyini Mahmud Əhmədinejadın xeyrinə geri götürəcəyi barədə söz-söhbət gəzsə də, "Sepah"ın keçmiş rəhbəri bunu qəti təkzib edir. O, prezident postu uğrunda yarışda axıradək mübarizə aparacağını vurğulayır.
İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. İranda prezident 4 illiyə seçilir. Bir nəfər dalbadal iki dəfədən çox prezident seçilə bilməz. İran prezidenti hökumətə başçılıq edir, vitse-prezidentləri, nazirləri təyin edir, onların istefasını qəbul və ya rədd edir, Nazirlər Kabinetinin iclaslarını keçirir, xarici ölkələrə səfirlər göndərir, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, dövlət büdcəsini, parlamentin qəbul etdiyi qanunları, dövlətlərarası müqavilələri təsdiqləyir, dövlət orden və medallarını verir.
Prezidentin ikinci vəzifəsi ola bilməz. O, istefaya getmək istəyəndə dini rəhbərə müraciət ünvanlamalıdır. Dini rəhbər istefanı qəbul edənədək prezident öz vəzifəsində qalmalıdır. Prezident istefaya gedəndə və ya başqa səbəbdən səlahiyyətlərinin icrasını davam etdirə bilməyəndə dini rəhbərin razılığı ilə onu müvəqqəti olaraq birinci vitse-prezident əvəzləyir.
İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. Qeyd edək ki, "isalahatçılar"ın əsas namizədi Mirhüseyn Musəvi, mühafizəkarların əsas namizədi hazırkı prezident Mahmud Əhmədinejaddır.
Onu da deyək ki, ABŞ prezidenti Barak Obamanın son çıxışından sonra İranda seçkilərə marağın artdığını göstərən proseslər müşahidə olunmağa başlayıb. Qeyd edək ki, Barak Obama İranın nüvə fəaliyyətindən əl çəkməsinə ümid bəslədiklərini, bu ölkədəki prezident seçkilərini gözlədiklərini bildirib. Gözləntilər özünü doğrultmasa, Tehrana qarşı sərt sanksiyalar tətbiq olunacaq.
İsrailin baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda görüşən Barak Obama deyib: "İran nüvə silahı istehsal etməkdən vaz keçməlidir. İranla yaxınlaşma yolları arayırıq. Diplomatik əlaqələr üçün konkret təqvimlər müəyyənləşdirməyin anlamı yoxdur.
İrandakı prezident seçkisinin nəticəsini gözləyək. Amma önəmli dəyişikliklər görməsək, bu ölkəyə qarşı ilin sonunda daha sərt sanksiyalar tətbiq oluna bilər". İranda baş verənlər isə göstərir ki, artıq ölkədə əhali arasında yürüdülən daxili və xarici siyasətə münasibətində parçalanma dərinləşir və "islahatçılar"ın mövqeyi güclənir.
Namizədlərin tərəfdarları arasında münasibətlərin qarşıdurma səviyyəsinə çatması da bunun göstəricisi sayılır. Məsələn, ötən gün Tehranda Azad İslam Universitetində "islahatçı" namizəd Mirhzüseyn Musəvi və "mühafizəkar" namizəd Mahmud Əhmədinejadın tərəfdarı olan tələbələr arasında qarşıdurma baş verib.
Digər tərəfdən, indiyə qədər siyasi baxımdan mühafizəkarlığıyla seçilən qurumlar belə bitərəfliklərini qoruyacaqlarını bəyanlayırlar. İran Mübariz Ruhanilər Birliyi Mərkəzi Şurasının üzvü Seyid Rza Əkrəmi bildirib ki, Birlik öz əvvəlki mövqeyindədir və prezident seçkilərində bitərəf qalaraq, heç bir namizədi dəstəkləməyəcək.
Onun sözlərinə görə, namizədlərin ölkədəki mövcud problemlərin həlli üçün yeni yolları varsa, əhaliyə açıqlasınlar. Bəlkə də buna görədir ki, İranın dini lideri ayətullah Əli Xamneyi tələsik bəyanat verib və əhalini qərbyönümlü namizədlərə səs verməməyə çağırıb.
O, prezident Mahmud Əhmədinejadın hökumətini "ölkənin problemlərinin həlli ilə məşğul olan və xalqa xidmət göstərən hökumət" adlandıraraq vətəndaşları seçkilərdə iştiraka səsləyib. Ayətullah Xamneyi İran prezidentinin adını çəkməsə də, dolayı yolla Əhmədinejada dəstək verib:
"Elə adama səs verin ki, düşmənlərə və zor deyən dünya fövqəldövlətlərinə boyun əyməsin, onların qarşısında dayanmağı bir dəyər kimi qiymətləndirsin və xalqı biabır etməsin". Ayətullah Xamneyi prezident seçkisində Qərb təmayüllü namizədlərin qələbəsi təqdirində hökumət qurumlarında vəzifə tuta biləcək şəxslər barədə də xəbərdarlıq edib:
"Əgər seçkidən sonra ölkənin müxtəlif siyasi və iqtisadi mərkəzlərində müstəmləkəçi Qərb hökumətlərinə yaltaqlanan şəxslər vəzifəyə gəlsələr, bu, xalq üçün müsibət sayılacaq". Göründüyü kimi, Barak Obamanın prezident seçkilərinin nəticələrini gözlədiyini açıqlaması, "islahatçılar"ın cəmiyyətdə nüfuzunun artması dini lideri belə təlaşlandırıb.
Ancaq bütün bunlara baxmayaraq, politoloq Qabil Hüseynli düşünür ki, bu mərhələdən, o cümlədən qarşıdan gələn prezident seçkilərinin sonucundan ciddi dəyişiklik gözləmək tezdir. Onun sözlərinə görə, İranda dini rejim hökm sürür və bu rejimə başda ayətulla Xamneyi olmaqla, bir qrup şəxs rəhbərlik edir.
Prezident isə o qədər də böyük səlahiyyətləri olmayan, amma rejimin keşiyində rəsmi olaraq duran bir şəxsdir: "Ona görə də kimin prezident seçilməsindən asılı olmayaraq, İran xarici siyasətinin fundamental prinsiplərini dəyişə bilməz. Bu, nüvə silahı məsələsinə də aiddir. Yəqin ki, Barak Obama da çıxışıyla dünyaya nə isə nümayiş etdirmək istəyib.
Bu, düzgün addımdır və sona qədər gözləmək lazımdır. Amma son nəticə görünəcək ki, prezident seçkiləri də keçəcək, amma İranda heç nə dəyişməyəcək. Barak Obamanın nikbinliyinə o qədər də əsas qazandırmaq mümkün deyil".
Ramiz Mikayıloğlu
21 Mayıs 2009 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder