azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Mayıs 2009 Perşembe

"İşğal aradan qaldırılmasa, qapılar açıla bilməz"

Türkiyə baş naziri Azərbaycan ictimaiyyətini narahat edən məsələlərə aydınlıq gətirdi

Azərbaycanda səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan dünən Bakıda rəsmi görüşlərə başlayıb. Qonağın əvvəlcə prezident İlham Əliyevlə təkbətək görüşü olub. "AzərTAc" xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə hazırkı vəziyyəti və perspektivi, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib. Bundan sonra prezident İlham Əliyevin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə görüşdən sonra prezident İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Prezident İlham Əliyev və baş nazir Rəcəb Tayyib Ərdoğan əvvəlcə bəyanatlarla çıxış ediblər.
Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə geniş fikir mübadiləsi aparıldığını bildirib. "Həm təkbətək görüşdə, həm də ki, nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif sahələri nəzərdən keçirildi, təhlil edildi. Əldə edilmiş nailiyyətlər, uğurlar haqqında danışdıq və şübhəsiz ki, gələcək əməkdaşlıq haqqında da geniş fikir mübadiləsi aparıldı". Prezident bildirib ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr həmişə olduğu kimi çox yüksək səviyyədədir: "Bizim xalqlarımız qardaş xalqlardır və bu birlik, qardaşlıq əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. Biz bu gün həm ikitərəfli məsələləri geniş müzakirə etdik, həm də bölgədə mövcud olan vəziyyət nəzərdən keçirildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli yolları müzakirə olundu və danışıqlar prosesi haqqında baş nazirə öz fikirlərimi bildirdim. Regional vəziyyət, regionda baş verən hadisələr şübhəsiz ki, diqqətimizdən kənarda qalmadı. Eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr, eneryi sektorunda əldə edilmiş nailiyyətlər və perspektivlər haqqında da çox səmimi söhbətimiz oldu". Prezident bildirib ki, Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəlidir, bu əlaqələrin çox böyük tarixi var. Bütün dövrlərdə Azərbaycan və türk xalqları bir yerdə yaşayıb-yaradıb: "Bu gün isə iki müstəqil dövlət kimi biz öz imkanlarımızı ortaya qoyaraq, həm ikitərəfli münasibətlərin inkişafı üçün çalışırıq, həm də ki, bölgədə sülhün təmin olunması üçün birgə səylər göstəririk. Beynəlxalq məsələlərdə Türkiyə ilə Azərbaycan bir çox halda vahid mövqedən çıxış edir. Əlbəttə, bu bölgədə yerləşdiyimizə görə biz istəyirik ki, bölgədə sülh nə qədər mümkünsə tez təmin olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və beləliklə, bölgə geniş mənada əməkdaşlıq çərçivəsində inkişaf etsin. Mən aparılan danışıqlardan və keçirdiyimiz söhbətlərdən razıyam. Hesab edirəm ki, hər zaman olduğu kimi, səmimi söhbətlər bir çox məsələyə aydınlıq gətirdi və ən önəmlisi gələcək birgə fəaliyyət və əməkdaşlıq üçün çox gözəl şərait yaratdı".
APA-nın məlumatına görə, Türkiyənin baş naziri R.T.Ərdoğan da Azərbaycanla münasibətlərdən məmnunluq duyduğunu ifadə edib: "Dəyərli qardaşım İlham Əliyevlə ikitərəfli əlaqələri ən geniş mənada müzakirə etdik. Bu görüş tarixdən bu yana davam edən bərabərliyimizə kölgə salmaq istəyənlərə ən gözəl cavabdır. Münasibətlərimizdə "bir millət-iki dövlət" anlayışı davam edir. Azərbaycanın Dağlıq Qarabağ məsələsində həssaslığı bizim həssaslığımızdır. Bu məsələ ilə bağlı spekulyasiyalar bizim üçün qəbuledilməzdir. Burada səbəb-nəticə əlaqəsindən söhbət gedir. Dağlıq Qarabağın işğalı səbəbdir, Ermənistanla sərhəd qapısının bağlanması isə nəticədir. Azərbaycan torpaqları işğal edildiyi üçün biz qapıları qapatdıq. İşğal aradan qaldırılmasa, qapılar açıla bilməz. Bunu Bakıda çox açıq və konkret şəkildə ifadə edirəm. Digər tərəfdən, Minsk qrupu da müzakirələri sürətləndirməli və yekun nəticə əldə olunmalıdır. Təbii ki, son qərarı dəyərli qardaşım İlham Əliyevlə Ermənistan prezidenti Sery Sarkisyan verəcək. Bu qərardan sonra biz də üzərimizə düşəni edəcəyik".
Sonra Azərbaycan prezidenti və Türkiyənin baş naziri hər iki ölkə yurnalistlərinin suallarını cavablandırıblar. APA-nın xəbərinə görə, türkiyəli media mənsubu İlham Əliyevdən "Brüsseldə verdiyiniz açıqlamada Türkiyə-Ermənistan "yol xəritəsi"ndə Dağlıq Qarabağ məsələsinin yer alıb-almadığına dair bəsit suala bəsit bir cavab istədiyinizi demişdiniz. Sualınıza cavab ala bildinizmi" - deyə soruşub. Azərbaycan prezidentinin cavabı belə olub: "Qardaşımın, hörmətli baş nazirin sözləri bu suala ən yaxşı cavabdır. Bundan açıq cavab ola bilməz. Suala görə də, cavaba görə də minnətdaram. Sirr deyil ki, son zamanlar Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı narahatlıq var idi. Amma ən önəmlisi odur ki, bu gün heç bir şübhəyə, spekulyasiyaya yer qalmadı. Türkiyənin baş naziri, prezidenti dəfələrlə bu məsələyə aydınlıq gətirdilər".
Başqa bir türkiyəli yurnalist Azərbaycanda Türkiyə ilə bağlı şübhəyə əsas verən amilin nə olduğunu öyrənmək istəyib, eyni zamanda, Azərbaycan-Rusiya yaxınlaşması və Azərbaycanın siyasətində dəyişiklik olub-olmadığı barədə sual ünvanlayıb. Prezident İlham Əliyev bu il fevralın əvvəllərindən etibarən Ermənistan mətbuatında Türkiyə ilə sərhədlərin açılacağına dair xəbərlərin yayılmağa başladığını, bu iddiaların bir müddət cavabsız qaldığını söyləyib: "Yəqin Azərbaycandakı şübhələrin birinci səbəbi bu idi. Sonra müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri də Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinə artıq real fakt kimi yanaşdılar və bu da təbii ki, Azərbaycanda müəyyən şübhələrin ortaya çıxmasına səbəb oldu. Ancaq aprelin ortalarında Türkiyə baş nazirinin, prezidentinin birmənalı sözlərindən sonra bu şübhələrə son qoyuldu. Artıq bu bir tarixdir".
Prezident İlham Əliyev Rusiya ilə bağlı suala cavabında isə Azərbaycanın bütün ölkələrlə normal dostluq əlaqələrinə malik olduğunu vurğulayıb: "Rusiya ilə əlaqələrin böyük tarixi var və bu əlaqələr hər iki ölkə üçün önəmlidir. Rusiya prezidenti cənab Medvedyev ilk xarici səfərlərindən birini məhz Azərbaycana edib və bu səfər zamanı dostluq və strateyi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu, böyük siyasi məna daşıyır. Bizim Rusiya ilə münasibətlərimiz onsuz da yaxındır və hansısa əlavə addımlara ehtiyac yoxdur". Dövlət başçısı Azərbaycanın bütün ölkələrlə münasibətlərinin yaxın olmasını istədiyini bildirib.
Mətbuat konfransında Azərbaycanın Türkiyəyə satdığı qazın qiymətinə yenidən baxılması məsələsinə də toxunulub.
Azərbaycan prezidentinə Türkiyəyə verilən təbii qazın qiymətinin artırılıb-artırılmayacağına dair sual verilib. Prezident İlham Əliyev deyib ki, bu məsələni bölgədəki proseslər, yaranan və ya yaranmaqda olan yeni vəziyyətlə əlaqələndirmək doğru deyil: "Qaz məsələsində Türkiyə-Azərbaycan əməkdaşlığının uzun tarixi var. Müqavilələrə uyğun olaraq qiymətlərə vaxtaşırı yenidən baxılır. Qiymətin dəyişməsi dünyada neftin qiymətindən asılıdır".
Azərbaycan yurnalistlərindən biri isə Türkiyənin başqa ölkələrdən təbii qazı yüksək qiymətlərlə aldığını xatırladaraq, Azərbaycan qazının hər min kubmetrinin 120 dollara alınmasının nə dərəcədə ədalətli olduğunu R.T.Ərdoğandan soruşub. Türkiyənin baş naziri bu qiymətin müqavilə imzalanarkən müəyyənləşdirdiyini və indiki şəraitdə ədalətli olmadığını söyləyib: "Tərəflərin bu məsələ ilə bağlı aparacağı danışıqlarda ədalətli rəqəm ortaya çıxacaq".
İlham Əliyev isə Azərbaycanın ən azı 2 trilyon kubmetr qaz potensialına malik olduğunu, yeni quyuların qazılması ilə bu ehtiyatların iki dəfə arta biləcəyini söyləyib: "Biz qaz ixracı məsələsində diversifikasiya siyasəti aparırıq və bu, dost və qardaş ölkələrin də maraqlarına cavab verir".
Qeyəd edək ki, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra tərəflər mətbuat üçün birgə məlumat yayıblar. Məlumatda bildirilir ki, Azərbaycan və Türkiyə tarixən dərin dostluq əlaqələri və strateyi tərəfdaşlıq münasibətlərinin mövcud olduğu iki qardaş ölkədir. Tarixdə nadir hallarda görünən buna oxşar yaxınlıq hər iki ölkəyə etimad və firavanlıq verir, xoş və dar günlərdə davam edən daimi xarakter daşıyır: "Türkiyə və Azərbaycan əlaqələri regionun inkişafı və əməkdaşlığa nail olunması baxımından böyük məna və əhəmiyyət daşıyır. Türkiyə və Azərbaycan regional və qlobal sülh və sabitliyə əhəmiyyətli töhfə verməkdədir. İki ölkə regional sülh və sabitliyi möhkəmləndirmək məqsədilə çoxşaxəli və uzunmüddətli strateyi əməkdaşlığı inkişaf etdirmək qətiyyətlərini ifadə edirlər. Bu əməkdaşlıq bir tərəfdən ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, digər tərəfdən regionun sabitliyi, təhlükəsizliyi və rifahına töhfə vermək imkanlarının inkişafı üçün təməl təşkil edəcək". Məlumatda o da bildirilir ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar edilməsinə əngəl törədən əsas amillərdən biri olan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında təxirəsalınmadan tənzimlənməsi zəruridir. Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi qəbuledilməzdir. "Azərbaycan və Türkiyənin regionla bağlı birgə yanaşması çərçivəsində Cənubi Qafqazda bütün regionu əhatə edən etimad, hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslanan əlaqələrin qurulması və beləliklə, regionda sülhün, sabitliyin və rifahın təmin edilməsi Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan əraziləri işğaldan azad edilmədən və yurd-yuvalarından qovulmuş insanlar həmin ərazilərə geriyə qayıtmadan mümkün olmayacaq. Bütün regiona təsir edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün Azərbaycan və Türkiyə məsləhətləşmələr apararaq fəaliyyət göstərməkdə səylərini artıracaqlar və bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində siyasi yolla nizamlanması üçün səy göstərməyə davam edəcəklər" - deyə məlumatda bildirilir. Daha sonra vurğulanır ki, Azərbaycan və Türkiyənin strateyi tərəfdaşlığı regional sülh və sabitliyin bərqərar edilməsi, region xalqlarının rifahı üçün ikitərəfli və çoxtərəfli səviyyədə iqtisadi əməkdaşlığa töhfə verəcək.


İ.QULİYEV

Hiç yorum yok: