azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Mayıs 2009 Perşembe

İRANDA PREZİDENT SEÇKİSİ (Əsas namizədlər)

İyunun 12-də İran İslam Respublikasında prezident seçkisi keçiriləcək. 1979-cu ildə şahın devrilməsi ilə nəticələnən islam inqilabından sonra İranda yaradılan prezident postunu indiyədək altı nəfər tutub: Əbülhəsən Bənisədr (1980-1981), Məhəmmədəli Rəcai (1981), Seyid Əli Xamneyi (1981-1989), Haşimi Rəfsəncani (1989-1997), Məhəmməd Xatəmi (1997-2005) və Mahmud Əhmədinejad (2005-ci ildən prezidentdir).

İranda prezident 4 illiyə seçilir. Bir nəfər dalbadal iki dəfədən çox prezident seçilə bilməz.

İran prezidenti hökumətə başçılıq edir, vitse-prezidentləri, nazirləri təyin edir, onların istefasını qəbul və ya rədd edir, Nazirlər Kabinetinin iclaslarını keçirir, xarici ölkələrə səfirləri təyin edir, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, dövlət büdcəsini, parlamentin qəbul etdiyi qanunları, dövlətlərarası müqavilələri təsdiqləyir, dövlət orden və medallarını verir. Prezidentin ikinci vəzifəsi ola bilməz. O, istefaya getmək istəyəndə dini rəhbərə müraciət etməlidir. Dini rəhbər istefanı qəbul edənədək prezident öz vəzifəsində qalmalıdır. Prezident istefaya gedəndə və ya başqa səbəbdən səlahiyyətlərinin icrasını davam etdirə bilməyəndə dini rəhbərin razılığı ilə onu müvəqqəti olaraq birinci vitse-prezident əvəz edir.

Builki seçki yarışına çox namizəd qatılsa da, rəqabətin əsas beş nəfər arasında gedəcəyi gözlənir.

Bunlardan biri hazırkı prezident Mahmud Əhmədinejaddır.

Mahmud Əhmədinejad

Mahmud Əhmədinejad 1956-cı il oktyabrın 28-də Gərmsar şəhərinin Aradan kəndində anadan olub. Bir il sonra ailəsi ilə birlikdə paytaxt Tehrana köçüb. Tehranın Elm və Sənaye Universitetinin mühəndislik fakültəsini və həmin təhsil müəssisəsinin aspiranturasını bitirib. Tehran Universitetində dərs deyib.

Əhmədinejad siyasətə 1979-cu ildə qoşulub. Kürdüstan vilayətinin qubernatorunun məsləhətçisi işləyib. 1993-cü ildə mədəniyyət və təhsil nazirinin məsləhətçisi vəzifəsinə təyin olunub. Daha sonra həmin il Ərdəbil vilayətinin ostandarı (qubernatoru) vəzifəsində fəaliyyətə başlayıb.

1997-ci ildə prezident seçkisində Məhəmməd Hatəmi qalib gələndən sonra Əhmədinejad ostandar vəzifəsindən istefa verərək Tehran Universitetində müəllimliyini davam etdirib. 2003-cü ildə Tehran meri seçilib. 2005-ci ilin iyununda keçirilən prezident seçkisində mühafizəkarların əsas namizədi olub və seçki yarışını udub.

Dörd illik prezidentliyi dövründə keçmiş vədlərinin bir çoxuna əməl etməsə də, buna görə rəqiblərinin kəskin tənqidlərinə məruz qalsa da, İranın beynəlxalq aləmdən təcrid olunmasının əsas günahkarlarından biri sayılsa da, Əhmədinejadın yenidən seçilmək şansı çoxdur. Çünki ölkənin dini rəhbəri ayətullah Əli Xamneyi başda olmaqla qatı mühafizəkar ruhanilərin əksəriyyətinin, İran İnqilab Keşikçiləri korpusunun (“Sepah”) və hakimiyyət tərəfdarı olan könüllülər dəstəsi “Bəsic”in M.Əhmədinejadı dəstəklədiyi bildirilir. İranda real hakimiyyət, neft pullarına, ölkənin digər sərvətlərinə nəzarət, ordu və nəhayət, ideoloji silah isə bu qüvvələrin ixtiyarındadır.

Ancaq onu da bildirmək lazımdır ki, dini rəhbər və sözügedən başqa qüvvələr Əhmədinejadı dəstəklədiklərini açıq ifadə etməyiblər. Bununla belə, faktiki olaraq ölkənin bütün rəsmi gücü bulki seçkidə Əhmədinejadın yenidən prezident seçilməsinə yönəlib. Dolayısı ilə bu işə dövlət büdcəsindən də pulların xərcləndiyi bildirilir. Aparıcı KİV-lərin, xüsusilə radio və televiziyaların demək olar hamısı Əhmədinejadı təbliğ etməklə məşğuldur.

Seçkinin nəticələrinə müdaxilə olmayacağı təqdirdə Əhmədinejadın seçilmək şansı aşağıdır. Onun belə bir vəziyyətdə hətta ikinci, üçüncü yeri tuta biləcəyinə şübhə etmək mümkündür.

M.Əhmədinejadın əsas rəqibi keçmiş baş nazir Mirhüseyn Musəvidir.

Mirhüseyn Musəvi

Mirhüseyn Musəvi azərbaycanlıdır, Azərbaycan dilini, mükəmməl səviyyədə olmasa da, bilir. 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. İran İslam Respublikasının beşinci, eyni zamanda sonuncu baş naziridir.

1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnən Musəvi islam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub. Nəticədə M.Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir. İngilis və ərəb dillərini mükəmməl bilir.

M.Musəvi mühafizəkarlara yaxınlığı ilə tanınan islahatçı namizəddir. Onun seçki platforması daxili və xarici siyasətdə əsaslı dəyişiklikləri nəzərdə tutur. Musəvi ölkənin mənafeyinə xələl gətirən ifratçılığın əleyhinədir. O, ölkədəki qapalılığı, şəffaflığın olmamasını, məsələn, valyuta fondunda saxlanan vəsaitin həcminin gizlədilməsini, mediaya, internetə qoyulan məhdudiyyətləri, peyk antenlərinin yasaq edilməsini, qəzetlərin bağlanmasını bəyənmir. Məhz bu səbəbdən Musəvinin ziyalılar arasında nüfuzunun olduğu bildirilir.

Prezidentliyə namizədliyini irəli sürməzdən qabaq ayətullah Xamneyi ilə görüşən M.Musəvinin seçkiyə dini rəhbərin xeyir-duası ilə qatıldığı haqda gümanlar var. Dini rəhbərin Musəvi ilə Əhmədinejad arasında rəqabətdə qalib gələcək şəxsi uduzdurmayacağını düşünənlər az deyil.

Maraqlı məqamlardan biri M.Musəvinin Mehdi Kərrubi ilə birgə komitə yaratmasıdır. Məqsəd seçkidə səslərin düzgün sayılmasına nəzarət etməkdir. “Səsləri qorumaq üçün Mehdi Kərrubi və Mirhüseyn Musəvinin seçkiyə rəhbərlik şuralarını əlaqələndirən komitə”si adlanan qurum aprelin 26-dan fəaliyyət göstərir.

Mehdi Kərrubi

Hazırda Milli Etimad Partiyasına rəhbərlik edən Mehdi Kərrubi 1937-ci ildə İranın Loristan əyalətinin Əliqudərz şəhərində anadan olub. Milliyyətcə lordur. Şiədir. İlahiyyat üzrə təhsilini Qum şəhərində alıb, burda universiteti bitirib. 1980-ci ildə Əliqudərz şəhərindən İran parlamentinə birinci dəfə deputat seçilib, sonra isə parlament sədrinin canişini işləyib. Həmin ildə İran lideri ayətullah Xomeyninin göstərişi ilə İslam İnqilabı Şəhid Fondunu təsis edib, İran Konstitusiyasının yenidən işlənməsi üzrə fəaliyyət göstərən şuranın üzvü olub.

Mübariz Ruhanilər Cəmiyyətinin üzvü olan Kərrubi sonradan bu qurumdan ayrılaraq yeni təsis edilən, nisbətən radikal təmayüllü sayılan, iqtisadiyyatın hökumətin nəzarətində olmasını istəyən Mübariz Ruhanilər Birliyinə qoşulub.

1999-cu ildə parlament seçkisinə qatılan Kərrubi İran parlamentinin sədri seçilib (Məhəmməd Xatəminin prezidentliyi dövründə).

2005-ci ildə keçirilən prezident seçkisinə qatılan Kərrubi məğlub olduqdan sonra seçkidə Əhmədinejadın xeyrinə yol verilən geniş saxtakarlıqlara etiraz olaraq tutduğu bütün vəzifələrdən, o cümlədən Mübariz Ruhanilər Birliyinin sədrliyindən istefa verərək Milli Etimad Partiyasını yaradıb.

M.Kərrubi prezident seçiləcəyi təqdirdə ölkənin iqtisadi və daxili siyasət problemlərinin həllinə önəm verəcəyini, o cümlədən vətəndaş azadlıqlarını müdafiə edəcəyini vurğulayır. Kərrubinin seçkiqabağı əsas vədlərindən biri İran İslam Respublikası Konstitusiyasının indiyədək əməl olunmayan, kağız üzərində qalan maddələrini həyata keçirəcəyi barədədir. Bu sırada Kərrubi etnik azlıqların öz ana dillərində təhsil almaq hüququnu da qeyd edir. O, prezident seçiləcəyi halda bəzi nazir postlarına xanımları təyin edəcəyinə də söz verib.

Möhsün Rzayi

M.Əhmədinejad builki seçkidə mühafizəkarların yeganə namizədi olmaq istəsə də, bu, baş vermədi. İkinci mühafizəkar namizəd də ortaya çıxdı: general Möhsün Rzayi.

M.Rzayi “Sepah”ın ilk rəhbəri olub. İslam inqilabından sonra 15 ildən çox bu quruma komandanlıq edib. Sonralar bir müddət Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri işləyib (Sistemin Məsləhətini Müəyyənləşdirən Quruma hazırda keçmiş prezident Haşimi Rəfsəncani rəhbərlik edir).

Rzayinin səsverməyə bir neçə gün qalmış namizədliyini Əhmədinejadın xeyrinə geri götürəcəyi barədə söz-söhbət gəzsə də, “Sepah”ın keçmiş rəhbəri bunu qəti təkzib edir. O, prezident postu uğrunda yarışda axıradək mübarizə aparacağını vurğulayır. Belə olduqda mühafizəkarların səslərinin parçalanacağı şübhəsizdir.

Rzayini ruhani rəhbərliyin müdafiə edib-etmədiyi bilinmir. Bu baxımdan “Sepah” kimi mühüm bir struktura komandanlıq etmiş generalın siyasi liderliyə iddiasının nədən qaynaqlandığı maraq doğurur.

M.Rzayi seçkiqabağı platformasını açıqlayarkən həmişə Əhmədinejadı tənqid edib. Əhmədinejadın prezidentliyi dövründə neftdən ölkəyə 300 milyard dollardan artıq vəsaitin daxil olduğunu bildirən Rzayi bu vəsaitin aidiyyəti üzrə xərclənmədiyini söyləyir və prezident seçilsə, həmin vəsaitin hara xərcləndiyini, itmiş pullara görə məsuliyyət daşıyanların kimliyini müəyyənləşdirib xalqa hesabat verəcəyini deyir.

Onun vədləri sırasında nazir postlarından birinə qadının təyin olunması, hərbi xidmətin 2 ildən 1 ilə endirilməsi kimi məsələlər də yer tutur.

Əkbər Ələmi

12 iyun seçkisində daha bir azərbaycanlı namizəd var: Əkbər Ələmi.

İqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr və hüquq ixtisasları üzrə ali təhsilə malik olan Ə.Ələmi siyasətə 1979-cu il islam inqilabından əvvəl qoşulub. İnqilabdan sonra İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Tehran bölməsində mədəniyyət və siyasət işləri üzrə məsul olub. Tehran aeroportunun mühafizə xidmətinə başçılıq edib. 33 ay hökumət tərəfdarı olan könüllülər dəstəsinin - "Bəsic"in üzvü kimi İran-İraq müharibəsində vuruşub. Cəbhədə bir neçə dəfə yaralanıb. Daxili İşlər Nazirliyinin bir neçə idarəsində rəis müavini işləyib. 8 il jurnalist kimi fəaliyyət göstərib. İki dəfə İran parlamentinin deputatı seçilib.

Seçkiqabağı çıxışlarında islahatlara ən çox çağıran namizəd Ə.Ələmidir. O, ölkədə daha çox dəyişikliyin olmasını vacib sayır. Amma Ə.Ələmini həm də ən çox təklənmiş, ən imkansız namizəd kimi xarakterizə etmək olar. Onun ali ruhani rəhbərliklə bağlılığı prezidentliyə başqa namizədlərlə müqayisədə daha azdır. O, hətta dolayısı ilə olsa da, ruhani rəhbərliyi də tənqid edir. Ələmi ölkədəki korrupsiya hallarını başqa namizədlərdən çox, eyni zamanda daha açıq, daha cəsarətlə tənqid edə bilir. O, azərbaycanlıların milli hüquqları barədə də açıq danışır və hətta hər şeydən əvvəl İranın azərbaycanlı əhalisinə ümid etdiyini vurğulayır. Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində, Əli İbn Əbutalib məscidində öz tərəfdarları qarşısında çıxış edərkən Ələmi bunu birbaşa ifadə edib: “Mənə dəstək verən yeganə siyasi təşkilat Azərbaycandır. Mən Azərbaycanın qeyrətinə göz dikmişəm”.

Azərbaycan türklərinin hüquqlarının tapdanmasına parlamentin üzvü olduğu vaxt da laqeyd qalmadığı üçün Ələminin azərbaycanlılar arasında nüfuzu var. Bir sıra azərbaycanlılar ona doğma namizəd kimi baxır.

İranda milyonlarla Azərbaycan türkü yaşayır. İyunun 12-də ən çox azərbaycanlının yaşadığı bu ölkədə prezident seçkisi keçiriləcək. Başqa heç bir ölkədə, hətta Azərbaycan Respublikasında da azərbaycanlı seçicilərin sayı İranda olduğu qədər deyil…
«Media forum»

Hiç yorum yok: